Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə22/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

ABDAL QASIMIN LƏTİFƏLƏRİ
346. İTMİŞ EŞŞƏK
Gediv erməninin eşşəyin oğurruyuf gətirif, meşədən odun da­şı­yır. Eşşəyin də əyağına krasqa vuruf. Krasqa vıranda bilimmir, eş­şəh tanınmır.

Erməni deyiv:

– Ara, Qasım, bəs eşşəyimi itirmişəm.

Deyiv:


– Ə, sənin eşşəyini kim aparır?

Eşşəh də bının eşşəyidi e, yühlü gəlif.

Deyiv:

– Ə, sənin eşşəyin nətəər eşşəyidi?



– Vallah, deyir, bının əyağındakı o şey olmasaydı, deyərdim, mə­nim eşşəyimdi.

Deyiv:


– Ə, sənin başın xarav oluf, nədi? Bir aydı bı eşşəyə minirəm.

Bu da eşşəyin itirdiyi om beş gündü. Deyiv:

– Canın üçün, get, eşşəyını tafsam əgər, görsəm, yüz fayiz sa­na qaytarajam.

Eşşəyi üç ay işdədənnən sora çağırıf bını, uje əyağının rəngi ge­dif. Deyiv:

– Ə, eşşəyıı tapmışam, nə verirsən, eşşəyi verim saa?

Əlavə də ermənidən eşşəyin pulun alıf, onnan sora eşşəyi ve­rif.


347. AĞZI BELƏ YER DEYİL?
Bir dəfə də kəndə çuma xəsdəliyi düşüf, vəba. Gündə nə qə­dər adam qırılırmış. Deellər ki, Abdal Qasım, sən ağıllı adamsan, get qəbirsannığa. Qəbirsannıxda dayangınan. Biz gəlif deyəjiyih ki, ay adam, hey (güya səni tanımırıx da), ay adam, hey, ay adam, hey. Sən də onda hay verginən. Biz saa deyəjiyih ki, orda yer var? Meyit gə­tiririh onu basdırmağa. Sən də denən ki, yox. Allahın bizə yazığı gə­ləjəh, bu ölümün qarşısını alajax. Deer:

– Yaxşı.


Bu gedir biraz veyillənir, hərrənir, görür kü, meyit gətirillər. Bu­lar əyaxların saxlıyıllar:

– Ay adam, hey, ay adam, hey, kimsən?

Deer:

– Nədi, nə isdiyirsən?



Deer:

– Meyit gətiririh. Orda yer olajax bu meyidi basdırax?

Deer:

– Ə, korsan, ağızı belə yer döyül? Nə qədər desən, boş yer var.


348. CİNƏ DÖNMÜŞ EŞŞƏK
Gənə bir dosdu olupbuş. Erməni dosdu olufdu. O bunun öyü­nə, bu onun öyünə gəlif gedillərmiş. İndi buna hörmət eliyif yola sa­lır. Bu duruf ayınnan-oyunnan qoyuf eşşəyin yedəyində çəkir. Da dos­dular dana. Meşənin içiynən bir cığır var, oroynan gedəjəh. Bu tə­rəf­dən hərrənif gedif ağacın divində gizdənir. Görör kü, budey, dos­du gəlir. Daldan eşşəyin noxtasını alıf öz başına keçirif, eşşəh yüh­lü, nəyi var, hamsı otduya-otduya qalıf orda. Bu da geri baxmer. Elə görör kü, noxta bərhdi, elə bilir, eşşəhdi. Meşənin içiynən ge­dən­nən sora bu yuxarıya gedejəh, Avdal Qasımın da yolu bu ya­na­dı. Əyağın diriyir yerə, getmir, dirənir bu.

– Çu, çu.

Baxır görör, ə, çu nəəzer? Bu, bir adam şəklində bir şeydi. Eş­şəh yoxdu. Bu nə hak-hesafdı? Nətəər qorxursa, əlindəki noxdanı da tulluyur, elə o meşeynən qaçır.

Bir müddətdən sora gəlir Qasımgilə. Gəlif baxır ki, bunun eş­şə­yi bunun qapısındadı. Belə baxır. Deer:

– Aşna, ə, Vallah, elə bu eşşəh mənim o cin olan eşşəyimə ox­şuyur.

Deer:


– Ə, nə danışırsan?

Başdıyır bu əhvalatı söyləməyə ki, bəs belə, meşədə ge­dir­dim, gördüm eşşəh cinə dönüf.

İndi erməni adam oluf.
349. ABDAL QASIMIN GƏBƏNİ APARMASI
Deməh, Abdal Qasım bir erməni tanışının evinə gedir. Onun evin­də bir kilimə, gəviyə gözü düşür. Deer, ə, mən bunu nətəər eli­yim? Mən nə cür eliyim munu aparım? Nətəər olsun, oğurrayajam onu. Həə. Özü də erməniyə deer. Deer:

– Erməni, gəvədən xoşum gəliv, onu ver maa.

Deer:

– Ə, yox, onu filankəs verif.



Deer:

– Sən öl, aparajam.

Nə qəddər eliyir, deer:

– Ya bu axşam, ya səhər bunu aparajam. Bax vaxdını da de­yi­rəm. Aparsam, mənimdi.

Deer:

– Hə, yaxşı.



Nəysə, bu gedir. Erməni də deer:

– Əşi, da bu getdi.

Munun da iki dənə yaxşı iti varmış, erməninin. Bu, iti açıx qo­yur. Bu Avdal Qasım gəlif baxır ki, ə, bu kopoolunun ermənisi iti açıx qoyuf. Bə mən içəri nətəər girəjəm? Ayna, bayna. Gəlir. De­məh, səvət gedif gətirir, iki dənə səvət. Səvətin içinə ət qoyur. Qəl­bidən salleer. İt gəlir, səvətə girəndə dartıf iti bağlıyır yuxarıda. İtin ikisini də bağlıyır ağaşda. Arxayın girir evə. Girir o evə baxır, bu evə baxır. Görür ki, ə, arvadnan kişi ikisi də gəvənin üsdə ya­tıf­lar. Bunu çəkəjəh, bular biləjəh də. Çox fikirrəşir. Ayna-bayna. Bu da paltarnı soyunur. Girir ikisinin arasına. Həə. Nəysə, bu kişi elə bi­lir arvatdı. Arvad elə bilir kişidi. Qavax kişini palazın üsdünnən aşı­rır. Bu elə bilir ki, arvad eliyir. Sora da arvadı palazın üsdünnən aşı­rır. Bu da elə bilir, kişidi dana. Buların birin sağa, birin sola aşır­dır. Gə­vəni götürür, aradan çıxır. Tezdən durullar ki, bunun hərəsi bir tə­rə­fində yatıf. Gəvə də yoxdu. Başa düşür ki, Avdal Qasım gə­liv aparıf.
350. KURTKA DA MƏNİMDİ
Avdal Qasım fermada qonşusunnan heyvan alıf. Bir neçə hey­van alıf ha. Üsdən xeyli vax keçir. Qonşu görür kü, bı nə hey­va­nı qaytarmır, nə də pulu vermir. Bınnan tələb eliyir ki, bı heyvanı qay­tar. Bı da deyif kin, qaytarmıram da, vermirəm. O da deyif kin, mən səni atın qabağında aparajam hökümətə. Bərk də yağış ya­ğır­mış. Bu, atın üsdə gedirmiş, bunu da salıf qabağına da. Yağış yağa-ya­ğa bılar yol gedillər. Avdal Qasım deyir ki, Allah öyünü yıxsın, sən atın üsdəsən, mən də çılpax. Heç olmasa, o kurtqanı ver, əy­ni­mə geyinim. Bı da yazığı gəlir, kurtqanı çıxardıf verir. Əyninə gey­di­rif, aparıf hökümətin qabağına bunu. Bu sayıf ki, bir dəfə əlli qo­yu­numu aldı, bir dəfə yüzün gəldi aldı, bir dəfə om beşin aldı... Be­lə danışıf. Həqqətən də, alıpbış ha bınnan. Deyif kin, ay hökümət, in­di bax bu sahat deyəjəh ki, bu əynimdəki qurtqa da mənimdi. De­yif kin, ə, mənimdi dana, bəyax verdim. Deyif ki, ə, yalan da­nı­şır­san. Daa bırda elə vəzyət yaranır ki, qonşuya inanan olmur. Avdal Qa­sım bu dəfə də bu fırıllaxnan canını qurtarır.
ŞAHPƏLƏNGİN LƏTİFƏLƏRİ
351. MƏN KORA HEYVAN SATMIRAM
Camahat dağa gedəndə bu Qala yoluynan gediflər (Şuşuya Qa­la deerdilər). Laçınnan keçif gedirdilər. Şahpələh də bir-iki er­kəh götürüf, aparıf bazara satmağa. Bu Qala dəllalları da gəlillər, bu kişinin yanınnan keçiflər ayna-bayna. Deer:

– Ağsakqal, bu toğluları neçiyə verirsən?

Deer:

– Ə, mən kora heyvan satmıram.



Deer:

– Niyə bizə kor dedin?

Deer:

– Sən korsan ki, erkəyi toğlu görürsən.



352. ÇİST, ÜSTÜNDƏN LAP BİR DƏ ÇİST
Şəpələy kişi gedif bazara. Çəhməçi rus varmış, çəhmə ma­z­dı­yır­mış.

– Çist, ay çist.

Ruçça deer də, yəni gəlin təmizdiyim əyakqavınızı. Şəpələy ki­şi də “çist” sözünü eşitməhdən əsəfləşir. Gətirif bir onnux qızıl qo­yur bunun qavağına, deer ki, mən bu bazardan çıxana qədər o “çist” sözünü demə. Deer, çəhməçi bu onnuğu götürür, qoyur ci­bi­nə. Deer:

– Ə, bura bax. Sən büyün gəlmisən, maa bir onnux qızıl ve­rir­sən. Mən camahatımı çağırıram. Bu mənim işimdi. Çist, üsdünnən lap bir də çist.


353. BAŞINDAKI PAPAĞA BAX ...
Bir dəfə də gedif Ağdamda papax almağa. Görüf bir yaxşı pa­pax­dı. Götürüf baxır ayna-bayna.

– Yaxşı papaxdı. Neçiyədi?

– Altı yüz manata. (O vax da köhnə pulnan oluf də yəqin).

Deer:


– Ə, bu, nə papaxdı bu qiymətə verirsən?

Papağı atır ayna. Sən demə, Şahpələh kişi də dağdan gəlif, ba­şın­da papağı. Papağın da tükü gedif, dərisi qalıf. Deer:

– Ə, bir başındakı papağına bax, sora mənim papağmı bə­yən­mə­ginən.

İNGİLİS KİŞİNİN LƏTİFƏLƏRİ
354. KİRKİRƏ
Bizdə də baməzə insannar olufdu. Bizdə İngilis kişi olufdu. İb­rahimov İngilis Abbas oğlu. Çox baməzə insan oluf. Bınnan qa­bax kirkirə deyərdilər. Duz üyüdən. Erməni gedirmiş, İngilis bının qa­bağın saxlıyıf. Həmməşə o da gətirif kirkirə-zad satırmış Azər­bay­can kətdərində. Deyif:

– Dədəm deyif ki, bir dənəsin onun gətisin bizə.

Dədəsinin də məlumatı olmuyufdu. Erməni də gedif uzaxdı da­na. Zulumnan gətirif çıxartdırıf. Deyif:

– Abbas, Abbas!

Abbas çıxıf. Deyif:

– Bəs sənin oğlun demişdi, kirkirə gəti. Mən də gətimişəm.

Deyif:

– Əşi, mən axı heylə söz deməmişəm.



İngilisdən soruşuf. Deyif:

– Əşi, demişəm, elə allatmışdım onu.

Abbasın əlacı kəsiliv alıfdı bını.
355. GEYİŞMƏ DƏRMANI
Bir dəfə də bizdə xəsdəxanada yatıf İngilis. Kənt təsərfatı şö­bə­sinin böyüyü varıydı bizdə. Erməniymiş bu da. Onun atasıynan bir xəsdəxanada yatırmış. Bının əyax barmaxlarına geyişmə düşüf. İn­gilis kişi bı erməniyə deyif:

– Əşi, bı dava-dərman sana köməy eləmiyəjəh, nəyə yat­mı­san, ağsakqal kişisən?

Deyif:

– Bə, İngilis, neyniyim?



Deyif:

– Get yanmamış əhənk taf, əyağını qoy əhəngin içinə, suyu da tök içinə. O, sənin əyağını sağaldajaxdı.

Yanmamış əhənk də adamın əyağın məyf eliyir e. Bişirir e o sa­hat. O da oğluna deyir ki, İngilis deyir ki, yaxşıdı əhənk. Maa be­lə məsləhət görüf, bala, mən gediv onu eləməliyəm.
ERMƏNİLƏRLƏ BAĞLI YARANAN LƏTİFƏLƏR
356-358. ÖLƏN SİZDƏN OLSUN ...
Ermənidə yas düşəndə bizim camahat həmməşə gediv olların ya­sında işdirak eliyirdilər. Suqra addı arvat varıdı. Yaxşı ağı de­yə­niy­di. Erməni yasdarında deyirdi kin:

Ölən sizdən olsun,

Yeyən bizdən olsun.

Bel-kürəh bizdən olsun.

Arabalar qoşulsun,

Meyitdər daşınsın.

Ollar da deyirdi:

– Mad­dax, de, başına dönüm, de, yaxşı deyirsən.

Ama biz deməmişih ha, o qoja arvatdarımız deyif. Rəhmət­dih Göhər arvat deyif, Səhər arvat deyif. Zalım qızdarı aşığıydılar elə bil.

357.

Əhbər kişi varıydı, Allah rəhmət eləsin, ölüfdü. Muğamat oxu­yanıdı. Bu erməninin yas məclisdərində də gərəh muzıka, xa­nən­də ola. Əhbər kişi oxuyurdu, deyirdi:

Qırılan sizdən olsun,

Yeyən-içən bizdən olsun.

Bını muğamatnan deyərdi Əhbər.

Biz­də beş-altı adamıydı, ollarda ölü düşəndə kef eliyirdilər. Hə­mən bizim o adamlar, məsələn, İngilis dediyim, Paşayev de­di­yim, ollarda ölü düşəndə bıllarda toyuydu.

– Əşi, nədi?

– Yeyiv-işməhdi.

Olların da yeməy-işməyi yaxşı olur axı. İçgi-zad olur. Bütün gü­nü gediv orda yeyiv-içirdilər. Əhbər çox olların toyların aparırdı, öz də çox yaxşı aparırdı. Özü də həm toyların aparırdı, həm də vay­la­rın. O yerə kimi onun oxumağın sevirmişdər ki, deyirmişdər, bi­zim ən əzizimiz öləndə Əhbər gəlsin, onun üsdündə oxusun. Yanı bı oxuyanda daha da ollara təsir eliyirmiş. Deyirdim:

– Əhbər dayı, nətəər oxuyursan?

Deyirdi:

– Məllim, gedirəm oxuyuram. Deyirəm ey:

Ölən sizdən olsun,

Basdıran bizdən olsun.

Yeyən-içən bizdən olsun.
358.

Yas yerinə gediflər. Deer ki, indi Ziveyda addı bir arvat varıdı Qa­radağlıda. Allah rəhmət eləsin, öldü. Yaman ağlağanıdı. Bir yerə ge­dəndə həməşə onu aparırdılar. Ziveydə gəlif yuxarı başa addadı. Bu ermənilər də başa düşmür dana. Erməni ölüsünün yerinə gedif. (On­da Allah uzax eləsin, bizimkilər ölürdü. Olar bizimkilərin ye­ri­nə gəlirdi, biz olarınkının yerinə gedirdih. Heyləydih e. Ayrı-seş­ki­lih yoxudu). Olarınkının biri traxtır aşıf, altında qalmışdı. Deer ki:

Lalələr dizdən olsun,

Biçilsin, dizdən olsun.

Ay Naxış kirvə, ölənnər sizdən olsun,

Ağlıyan bizdən olsun.

– Başına dönüm, Zibeydə, de, başına dönüm. Birin də de.

Da bilmir axı nə deer bu. Aralığa qatır, qarışdırır bular. Başa düşən yox­du axı buların hamsı. Görüf bular elə yaxşı da desə, deer başına dö­nüm, de, pis də desə. Heş nə başa düşmüllər axı.


359. ELƏ SƏN DƏ ÖLSƏYDİN LAP YAXŞI OLARDI
Ermənilər də bizim addardan qoyurdular. Rəsul adında biri oluf­du. Temirnən gediflər Yerevana. (Rəsul ermənidi, Temir azər­bay­cannı). Maşını dal-qavax sürüllər. Dal-qavax gedəndə Temirin sə­nədinə baxıflar. Deef:

– Hə, azərbaycannıyam.

Nəsə, sənədinə baxıllar. Deeflər:

– Keç.


Bu erməniyə deeflər:

– Sənin sənədin?

Baxıflar ki, adı Rəsuldu. Deef:

– Ə, sən ermənisən?

Deef:

– Erməniyəm.



Deef:

– Bə niyə adın Rəsuldu?

Qayıdıf ki, bəs mənim neçə qardaşım oluf, ölüfdü. Sora da mə­ni müsəlmanın qucağna qoyuflar. Kopoolunun ermənisi qayıdıf ki, elə sən də ölsəydin lap yaxşı olardı.
360. ÖZ MALIN KİMİ YE
Bir Eldar vardı. Deməh, Kinkor addı bir erməni də vardı. O, bir yaxşı heyvan saxlıyır, bir qoç saxlıyır qapısında. Kinkor da bağ­da işdiyir. Eldar da oğruydu. Baxır, bu qoçdan xoşu gəlir. Erməni ko­poolu da deməh, tənəyi kəsdihcən (tənəh kəsilən vaxdı), böy­rün­də kəndir, əlində aparırmış. Uzaxbaşı bir-iki dənə, üş dənə stolba ge­dənnən sora gəlif hörüyü dəyişirmiş. Yanınca aparır. Bu Eldar onu güdür. Hərriyir ayna-bayna. Belə bekara ayna gedəndə ipi açır, qo­çu aparır. Gətirir, bəridə kəsillər. Fermada. Kavavı-zadı dö­şü­yül­lər. Bir də görür kü, Kinkor qarğ oluf. Yüyürür ayna-bayna.

– Ə, erməni, nədi, noluf?

Deer:

– Ə, bə bir qoç gətimişdim.



Deer:

– Hə, görmüşəm.

– İndi yoxdu.

Deer:


– Ə, erməni, ona evdə yem-zad verirsən?

Deer:


– Hə.

Deer:


– Ə, canınçün, onda qoç odey, evdədi. Ə, getginən, evdədi.

Bu qayçısını-zadı atır, qaçır evə. Gedir, görür evdə qoç nə gə­zir? Bir də kor-peşman gəlif. Bu gənə oturuf burda. Kavaf ye­el­lər. Nəysə, gəlif.

– Ə, Kinkor, noldu?

– Ayə, yox, ay Eldar, getdim, orda olmadı.

Deer:

– Ə, canınçün onda yolda ələ keşdi o. Ə, gə bəri.



– Nədi, ə?

– Gə bir tikə çörəh yeginən.

Gəlif oturanda belə baxır, baxır, ə, elə orda biraz zəhər var, qoy gedim onu da gətirim, arax var. Gətirif öz arağıynan başdıyıflar iş­məyə. Deer, arada Eldar qayıdır ki, ə, narahat olma, öz malın kimi ye­ginən.
361. BİZİM ONDA NİŞANAMIZ VAR
Hadisələr vaxdı direkdor iclasına çağırıflar bizi Martunidə. Mən də məytəf direktoru işdiyirdim. Getdim gör­düm ki, direk­dur­ra­rın hamısının yaxasında Andranikin şəkli. Ha­di­sə­lər təzə qızışır. Oturanda dedim:

– Nədi ə, bu? Hamınız Andranikin şəklin vuruf gəlmisız?

Qayıtdı ermənicən dedi ki, Həsrət məllim o sahat Andraniki ta­nıdı.

Dedim:


– Niyə tanımıram, ə? Bizim onda nişanamız var. Türklər onun qu­lağın kəsif də.

Elə bil, ojağın üsdünə su səpdin. Direxdur iclasında, deməh otuz dokquz kəndidi. Onun dördü azarbaycannı kəndiydi, qalanına er­məniləri yerrəşdirif erməni kəndi eləmişdilər. Otuz beşi er­mə­niy­di. Qaradağlıydı, Kurapatkinidi, Muğannıydı, Əmralılarıydı, Xo­ca­vən­­didi – beş azarbaycannı kəndi qalmışdı orda. Qalanı erməniydi. Elə bil, üsdərinə su səpdilər. Sora maarif şöbə müdürü varıydı, ça­ğır­dı məni ki, Həsrət məllim, o nə söz-söypətiydi, elədin? Dedim:

– Ə, nə söypətdi? Sizin xoşunuza gələr biz heylə Soltan bəyin şə­kilin yaxamıza taxax, gələy oturax direxdur iclasında? Siz də An­dra­nikin şəklin niyə yaxanıza taxırsız?

Mənə dedi ki, qızışdırırsan aranı, belə eliyirsən, elə eliyirsən. De­dim:

– Da indi söypətidi, ollar dedi, mən də dedim.

Sora mən də çalışdım ki, Soltan bəyin şəklin tapım. Soltan bə­yin şəklin mən də böyütdürüm, aparım verim kopya eləsinnər, bi­zim adamlar da Soltan bəyin şəklin yaxalarına sancıf otursunnar. On­nan ötürü getdim o vaxdı Laçına. O vaxdı Laçına getməh müm­kün də dəyildi. Laçına getdim, hər yeri axdardım, Soltan bəyin şək­lin tapbadım. Deməy, ollar heylə saxlıyır, bizdə də tarixi bax belə sax­lıyırdılar.


MÜXTƏLİF MÖVZULU LƏTİFƏLƏR
362. TEYMURLƏNG VƏ DƏLLƏK
Deyir, Teymurləngin üzündəki ziyillərin balacası fındıx boy­dey­di. Bunun özünün dəlləyi varmış. O dəlləy ölür. Dəlləy ölənnən son­ra bu car çəkir ki, hansı dəlləh mənim üzümü qırxsa, kəsməsə, ona özü ağırrıxda qızıl verəjəm. İndi bir kasıf varmış, çox əldən düş­müş kasıfmış. Deyir:

– Ay arvat, mən gedirəm Teymurləngin hüzuruna. Ya onun üzün qırxajam, ya onu öldürəjəm. Bu camahatın canın onnan qu­ta­ra­jam.

Deyir:

– Əşi, sən üz qırxansan? Qoyginan orda otusun.



Deyir:

– Yox, dimmə.

Bir dəryaz aparıf dəmirçiyə verir ki, bu dəryazı balaja ülgüc ki­mi qayır, yaxşı itilə. Bunu elə itilə, yaylığı göydə atıv altına ve­rən­də yaylığı iki bölsün. Həylə itilə bunu. Bu dəmirçi bunu itiliyir, dü­zəldir, verir buna. Buna verənnən sora bu götürür bir də bir kən­dir aşırır belinə, gəlir Teymurləngin hüzuruna. Xidmətçilərdən biri gi­rir Teymurləngin yanına deyir ki, şah sağ olsun, bəs bir kəççi gə­lif, Vallah, əlində kələntərdi, çiynində də kəndir gətirir, deyir ki, mən Teymurləngin çağrışına gəlmişəm, üzün qırxmağa. İndi onu bu­raxım? Deyir:

– Burax gəlsin.

Buraxır, görür, əə, sən öl, çiynində bir topa kəndir, bu, heş dəl­ləyə oxşamır. Deyir:

– Əşi, mənim əmrimi eşitmisən?

Deyir:

– Həə.


Deyir:

– Nətəərdi mənim əmrim?

Deyir:

– Sənin üzünü qırxsam, özüm ağırrıxda qızıl alajam. Qırx­ma­sam, üzünü kəssəm, boynumu vureyssən.



Deyir:

– Onu bilirsəmmi?

Deyir:

– Həə.


Deyir:

– Başda.

Deyir:

– Usdolu gətir, otur.



Stolda oturur. Bunu kəndirnən başdıyır sarımağa stola. Deyir ki, bu nədi, bunu niyə sarıyırsan? Deyir:

– Mənim usdam örgədif ki, tərpəmməsin. Müşdərini stola sa­rı­yın ki, tərpəmməsin. Kəsərsən üzün. Ona görə sarıyıram ki, üzünu kəs­miyim.

Bunu bərk sarıyır, qayıdıf başdıyır. Çörəh verən, – deyir –, Al­lahdı. Bu bir yol kələntəri bir yol burdan uzadır, bir yol da bur­dan. Bunun üzün təmiz qırxır, kəsmir. Kəndiri başdıyır açır, bunu bu­raxır. Buraxanda bu Teymurləng buna deyir ki, get bir qurvan kəs. Deyir:

– Ona görə ki, üzümü kəsmədin. Kəssən, boynunu vu­ra­jey­dim.

Deyir:

– Get, birini də sən kəs.



Deyir:

– Mən niyə?

Deyir:

– Ona görə ki, səni kəndirnən sarımışdım, üzünü kəssəm, o sa­hat boynunu da kəsəjeydim.


363. MƏN HƏLƏ QARĞAMAMIŞAM
Deyir, Məhəmmət Peyqəmbər başında əmmaməsi yolnan ge­dir­miş. Bir dələduzun biri deyir ki, deyillər, bı peyqəmbərrər qar­ğı­yan­da qarğışı o sahat tutur. Sən öl, gedirəm, onun əmmaməsin vırıp sa­la­jam, görüm o maa neynijeyəh? Daldan çatır, bının əmmaməsin be­lə vırır, əmmaməsi belə yumalanır düşür yerə. Bir yeddi-səkgiz qə­dəm getmiş, getməmiş yıxılır, ağzı partdıyır.

– Allah, öldüm, Allah, öldüm. Ya Məhəmmət Peyqəmbər, bı­ra gəl, öldüm. Ya Məhəmmət Peyqəmbər, bıra gəl, başına dönüm, əyax­larınnan öpüm.

Deyir:

– Bala, Vallah, mən hələ qarğamamışam. Yeddi il bınnan qa­bax bir yazığ arvadın pəyəsinə girmisən. Təh, bircə inəyi varıdı, o inə­yi götürmüsən pəyədən, oğurramısan. Bir ləyən götürüp gedib inə­­yi sağmağa, gedip görüp kü, nə inəh var, nə balası. Deyif, buy, Al­lah-taala, mənim inəyimi aparanın beli yeddi yerdən qırılsın. Onun qarğışı tutuf səni. Hələ mən qarğamamışam.



364. AT SUYU GÖRÜR, SU DA ATI
Qonax gedif bir evə. Çox deeflər ki, çörəh ye, çörəh ye. Qo­nax toxumuş yəqin. Yemiyif, ya utanıf yemiyif. Deef ki, mana nə çox üz vurursunuz ey, at suyu görür, su da atı görür. Fışdırıx nə la­zım­dı? Yanı ki, mən çörəyi görürəm, çörəh də məni görür. Da maa təh­lif nə lazımdı?
365. ARADA TULLANMAQ DA LAZIMDI
Tülkü dağın başında yatır ki, quşdar gələndə tutsun. Quşdar da dağın başında gedəndə xeylax aşağıdan uçullar. Ağzın da açıx qo­yur ku, ağzımı açıx qoyajam, quşun biri gəlif düşəjəh də ağzıma. Bir gün, iki gün. Görür, aj qaldı. Bir də quş gələndə tullanıf birin tu­tur. Qayıdır ki, yox, arada bir tullanmax da lazımdı.
366. MƏN ƏR GÖRDÜM?
Uşağ anasınnan xəvər alır ki, ay nənə, necə ərə getmisən? De­yir:

– Ədə, ər gördüm? Mən yazıx nə gün gördüm?

Deyir:

– Ə, sən dayımın canı, bir düzün de görüm, neçəsinə get­mi­sən?



Deyir ki, yaxşı, qoy deyim sana, gör neçəsinə getmişəm.

Deyir:


– Hə, de.

Deyir:


Əhmədalıynan Piralı,

On ikisinə getmişdim onnan irəli.

Alma satan, qoz satan,

İrəhmətdih sənin atan,

Bir də bı cəhrənin divində dombalıf yatan.

On səkgizinə gedif, hələ deyir, mən ər gördüm, nə gün gör­düm ki?


367. ALMAĞA ÖYRƏNİB
Deer ki, bir seyidi su aparırmış. Sel aparıfmış. Tökülüflər. De­eflər:

– Ə, əlini maa ver, çıxardım.

Vermiyif. Biri yaxınnaşıf deef:

– Ə, olar almağa örgənif e, verməyə yox.

Qayıdır ki, buna:

– A seyit, əlimi al, səni çıxardım.

Seyit tez əlini uzadıf.
368. BİR MANAT VER, BİRİNİ DƏ DEYİM
Dədə Ələsgər bir məclisdə çox bağlamalar deef, açıf, ayna-bay­na. Bir uşax deef:

– Bir sual verə bilərəm?

Deef:

– Deginən.



Qayıdıf ki, aşıx, o nədi, həm bilirih, həm bilmirih? Həə. Nəy­sə, bu, saz qoltuğunda sağa gedir, sola gedir, cavabını tapa bilmir. Fa­silə olunur. Bu, uşağı çağırır. Deer:

– A bala, bəyax nəydi o? Nə sualıdı dedin? Ala bu bir manatı, onu maa deginən.

Pulu verir muna, bir manatı. Deer:

– Aşıx, burda nə var ki? Billih öləjiyih, ama bilmirih nə vax ölə­jiyih.

Məclis başdıyanda bu aşıx bir də sazı götürür. Başdıyır:

– O uşax necə oldu, o uşax necə oldu?

Deeflər:

– Burdadı.

– A bala, bəyax sən maa bir sual vermişdin, indi onun cavavın ve­rim.

Cavavın verir. Qutaranda deer:

– Aşıx, bir manat ver, birin də deem.

Uje burda açılır ki, buna pul verif bunun cavavın alıf də.



369. KƏSİB SONRA SAYIRLAR
Dooşan ağlıya-ağlıya gəlir ayının yanına ki, bəs təzə meşiyə mü­fətdiş qoyublar. Deer:

– Nədi?


Deer:

– Kimin dört dənə qulağı var, kəsillər.

Başına bir şillə vurur, deer:

– Sən niyə ağlıyırsan? Sənin iki qulağın var, sən niyə ağ­lı­yı­r­san?

Deer:

– Heylə döy e, kəsillər, sora sayıllar.


370. HƏŞDATDANDI
Deyir, biri gedib həkimə. Deyif ki, həkim, buram ağrıyır. De­yif:

– Həşdatdandı.

Deyif:

– Qolum ağrıyır.



Deyif:

– Həşdatdandı.

Deyif:

– Qıçım ağrıyır.



Deyif:

– Həşdatdandı.

Bu dedihcə, bu deyib həşdatdandı. Bu bir dənə qayıdıb deyib:

– Bəbəbəbə.

Deyib:

– A kişi, o da həşdatdandı.



İndi bizimki həşdatdandı, qızım. Beynimizə gələndə, ya­dı­mı­za düşəndə deyirih. Yadımıza düşmüyəndə, qutardı getdi.
371. MİNMİŞDİM Kİ, DÜŞƏM?
Muxdar kişi kəntdən xeyli aralı mal otarırmış. Kətdə də ma­şı­nın az-az olan vaxdarı (Allah hamısına rəhmət eləsin) Şükür adın­da bir yüh maşını sürən kişi varıdı. Şükür gəlir, kabinada oturan adam var bunun yanında. Muxdar da kəndə gəlirmiş. Bunun ya­nın­da saxlıyır ki, Muxdar minsin maşına. Kabinada oturan var, bı artıx ay­dın məsələdi ki, yüh yerinə qalxmalıdı. Saxlıyır ki, Muxdar min­sin. Muxdar da özünnən əvvəl dəyənəyini atır maşına – çomağını. Ço­mağın takqıltısınnan Şükür kişi elə bilir ki, Muxdar hopbandı düş­dü kuzuya da, yüh yerinə, maşını tərpədir. Maşını tərpədir, Mux­dar da bir az orta yaşın keşmiş kişidi, bir azca da ağır adamıdı. Bu da tutuf maşının bortunnan, yük yerinin arxasınnan sallaşır. Dört-beş klometir torpax yol, özü də yayın günü, bütün toz-torpax da vurur geriyə. İndi gəlir bu, Muxdar kişinin evinin arxasında sax­lı­yır Şükür. Şükür kişi saxlıyır:

– Muxdar, düş.

Muxdar kişi düşür, tozun-torpağın içində gəlir, deyir:

– Allah evıı yıxsın, mimmişdim, düşəm?

Deyir:

– Ə, nətəəri?



Deyir ki, bəs belə. İndi bizim kətdə kimin yanında desən, “mim­mişdim ki, düşəm?”, o dəyqə bilir ki, həmin hadisədi.
372. PİYAN OLDUM
Bayandur dayı deerdilər. İndi də durur. Onun başına çox işdər gə­lif. Bir dəfə gəldi bizə, qardaşım əsgərriyə gedirdi. Hələ yanı mü­har­bə dövrü döydü. Gəldi bizə. Bu da axı içgi-zad içən döyüldü, iç­giy­nən arası yoxdu. İndi Koka-kola, Fanta-zad da yoxudu onda. Bir də­nə limanat varıydı. Bizdə də rəhmətdih Qabil otur­muş­du. (O da ye­­­yiv-içən oğlanıydı. Şəhit oldu). Rəhmətdih Qabilə dedi kin, ə, sə­nin yanında oturmuram. Dedi:

– Yox e, Bayandur dayı, saa limanat süzəjəm.

Bayandur dayı bi­rin işdi, ikisin işdi limanatın. Çölə çıxanda bu­na belə elədi (söyləyici atasına işarə edir – top.):

– Ə, Ya­şar, limanatdan nə qədər işdimsə, piyan oldum e.

Limanata arağ qatışdırıf uşaxlar.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə