Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə14/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

Ключевые слова: Мовлуд, имам эйсаны, меджлис, Юнус Эмре, Сулейман Челеби
Mövlud mərasimi. Azərbaycanın sünnü əhalisi yaşayan ərazilərdə Mövlud mə­rasimi olduqca geniş yayılmışdır. Biz bu yazımızda ancaq Şəki-Zaqatala böl­gə­sin­də keçirilən Mövluddan bəhs edəcəyik. Şəki-Zaqatala bölgəsi Şəki, Qax, Za­qa­ta­la və Ba­lakən rayonlarından ibarətdir. Şəki rayonu bölgənin ən iri rayonudur. Əha­lisinin 96%-ni Azərbaycan türkləri təşkil edir. Adlarını çəkdiyimiz digər ra­yon­larda da əha­linin böyük əksəriyyəti türklərdir. Ancaq digər üç rayonda türklərlə yanaşı, gürcü, inqiloy, avar, saxur, rus, ukrain, qaraçı xalqlarının da nümayəndələri ya­şayırlar. Bu­ra­da yaşayan bütün müsəlman əhali Mövludu keçirir. Bölgənin sün­nü əhalisi sün­nülüyün hənəfi və şafi qollarına aiddirlər. Burada verilmiş ma­te­ri­al­la­rın əksəriyyətini bölgənin türk əhalisindən toplamışıq. Bununla yanaşı, bir neçə avar­la da söhbət­ləşərək avar Mövludu haqqında məlumat almağa çalışdıq. Həm­çi­nin Zaqatala rayo­nunun Əliabad qəsəbəsinə gedərək bu kəndin Mövludu haqqında materiallar top­ladıq. Əliabad qəsəbəsinin əhalisi inqiloylardır. Bu kənddə həm in­qi­loyların Möv­lu­du necə keçirməsi ilə bağlı şifahi məlumatlar qeydə aldıq, həm də ge­dişimizlə eyni vaxtda düşmüş Mövludda iştirak edərək mərasimi müşahidə etdik, oxu­nuşunu diktafona yazdıq, şəkillər çəkdik və s1. Həmçinin Balakən rayonunun Tü­lü kəndində də Mövlud mərasimində iştirak edərək mərasimi diktofona yazdıq, şə­killər çəkdik. Bölgəyə səfərimiz Orucluq ayına təsadüf etdiyindən Mövludların ke­çirilməsində bir səngimə hiss olunurdu. Söyləyicilərin verdikləri məlumatlara gö­rə, bu bölgədə yalnız Orucluq ayında Mövludlar az keçirilir. İlin qalan bütün vaxt­larında Mövlud verən insanların sayı çox olur. Odur ki, getdiyimiz digər ya­şa­yış məntəqələrində sadəcə şifahi məlumat almaqla kifayətlənməli olduq.

Bu bölgədə keçirilən mərasimi niyyət baxımından iki yerə ayırmaq olar:



  1. Peygəmbərimizin (a.s.) doğumu münasibətilə keçirilən Mövlud. Bu mərasi­mi adə­tən, rəbiül-əvvəl ayında keçirirlər. Bu Mövludu adətən, hərə öz evində verə bi­lər. Söy­ləyicilərin verdikləri məlumatlara görə, bəzən bütün kəndin əhalisi də birlik­də Möv­lud təşkil edə bilər. Bu zaman ümumi pul yığılır, həmin pula heyvan alınır və ye­mək-içmək təşkil olunur. Bölgə əhalisinin arasında yayılan inama görə, hər bir mü­səl­man ailəsi ildə bir dəfə Mövlud oxut­ma­ğa borcludur. Şəki rayonu Cumakənd sa­kini Məmmədov Nəcməddin Sirac oğlunun dediyinə görə, Peyğəmbərimiz (a.s.) dün­yaya rəb­iül-əv­vəl ayının on ikin­ci gecəsi gəldiyi üçün Mövludu da imkan da­xi­lin­də həmin günə salmaq lazımdır. Ev sahibinin həmin gün Mövlud vermək imkanı yox­dursa, rəbiül-əvvəl ayının hər hansı bir günü də verə bilər. Əgər o zaman da im­kan yoxsa, ilin hər hansı bir günü Mövlud verə bilər. Bölgə əhalisinin inancına görə, hər bir müsəlman ailəsi Mövludu heç olmasa, ildə bir dəfə oxut­ma­lı­dır.

  2. Müxtəlif niyyətlərə görə keçirilən Mövlud. Buraya təzə evə köçmək, kör­pənin do­ğulması, əsgərə getmək, əsgərdən dönmək, övladın ali məktəbə qəbul olun­ma­sı, xəstənin sağalması və s. kimi niyyətlərlə keçirilən Mövludları aid etmək olar.

Həm Peygəmbərimizin (a.s.) doğumu münasibətilə keçirilən, həm də müx­tə­lif niyyətlərə görə keçirilən Mövludların keçirilmə qaydası və orada oxunan ila­hi­lər eynidir. Fərq yalnız Mövludun keçirilmə vaxtındadır. Yəni Peyğəmbərimizin (a.s.) doğumu münasibətilə rəbiül-əvvəl ayında Mövlud verilirsə, niyyət məqsədilə ve­rilən Mövludlar ilin bütün günlərində keçirilə bilər.

Ev sahibi Mövluda bir həftə əvvəldən hazırlaşmağa başlayır. Ev-eşik, həyət-ba­ca sahmana salınır, bazarlıq edilir, şirniyyatlar bişirilir, çörək yapılır və s. Mövlud veriləcək evin həyət qapısı taybatay açılır. Evin sahibi və xanımı qa­pı­da dayanıb gələnləri qarşılayırlar. Dəvətlilər çay, şəkər, makaron kimi ye­yə­cək­lər gətirir, pul verirlər. Qeyd edək ki, Mövluda gətirilən payların növü Möv­lu­dun han­sı münasibətlə keçirilməsindən çox asılıdır. Məsələn, uşağın dünyaya gəlişi ilə bağ­lı Mövlud keçirilirsə, gələnlər uşaq paltarı, təzə evə köçmək münasibətilə ve­ri­lən Mövluda daha çox məişət əşyaları pay gətirirlər. Mövlud veriləcək gün ev sa­hi­bi­nin yaxın qohumları və qonşuları süfrəni hazırlamaq üçün əvvəlcədən gəlirlər.

Mövluda çağırılan adam sayı müxtəlif olur. Yəni orada yüz adam da iştirak edə bilər, dörd-beş adam da iştirak edə bilər. Mövlud təmənnasız məclisdir. Söy­lə­yi­­cilərin dediklərinə görə, Mövludu keçirən imkanına baxıb ada­­m ça­ğırmalıdır. Hət­­ta imkanı çox aşağıdırsa, yalnız öz ailəsi üçün də oxutdura bilər. Bir stəkan çay da ehsan sa­­­yılır. Kimin gücü nəyə çatırsa, onunla da süfrə aça bilər. Yəni kimdəsə bə­hanə yeri qalmır ki, mənim gü­­cüm çatmır, bu il Mövlud verə bilmirəm. Məclisin dəb­dəbəli olması o qədər vacib sayılmır. Bəzən belə adamlar elə Mövluddaca niy­yət edirlər ki, gələn il imkanları yaxşı olsun, bundan daha yaxşı bir məclis ke­çi­rə­cə­yəm. Əhalinin inamına görə, Mövludda nə qədər çox adam iştirak etsə, sa­­vabı da bir o qədər çox olar.

Mövluda adətən, günorta namazından sonra başlayırlar. Mərasimin vaxtı bə­zən də ikindi namazından sonra seçilir. Vaxtın təyini ev sahibindən asılıdır. Bəzən Möv­ludu oxuyacaq molla axşamüstü başqa Mövluda gedəcəyini deyirsə, o zaman Möv­lud günortaya təyin olunur. Mövludu ən azı iki nəfər bir yerdə oxuyur. Söy­lə­yi­cilərin dediyinə görə, Mövludu nə qədər çox adam oxusa, o qədər yaxşı alınır. Ona görə bir neçə adam birgə oxuyur ki, müxtəlif səbəblərdən (boğazın quruması, ud­qunma və s.) Mövludu oxuyanlardan biri dayanarsa, onun dayanması hiss olun­ma­sın. Şabanov Ramiz Feyzulla oğlunun dediyinə görə, 1960-cı illərədək Əliabad Mövludlarını səkkiz-on iki nəfər molla eyni zamanda xorla oxuyarmışlar.

Qadınlar Mövludu ancaq öz ailələri üçün, həmçinin kişilərin iştirak et­mə­dik­lə­ri məclislərdə oxuya bilərlər. Qadınlar bu məclislərdə, adətən, kişilərlə birgə otur­mur­lar. Ev sahibi məclis üçün elə otaqlar seçir ki, bir otaqdan di­gə­rinə qapı açılmış ol­sun. Mövlud kişilər oturan otaqda oxunur, ara qapı isə açıq olur. Digər otaqda otu­ran qadınlar Mövluda bu aradan qulaq asırlar. Bu mümkün ol­madıqda isə Möv­lud oxunan otaq pərdə ilə ikiyə bölünür.

Söyləyicilərin dediklərinə görə, əvvəllər Mövludlar uzun keçirilərmiş, məclis iş­tirakçılarının da sayı indikinə nisbətən çox olarmış. El arasında Mövluda getmək sa­vab sayılarmış. Əvvəllər Mövluda bütün oba, bütün kənd çağırılarmış, cöngə kə­si­lərmiş. Müasir dövrdə isə kənd mollaları kəndin böyüdüyünü nəzərə alaraq ca­ma­at arasında təbliğat aparmaqla dəvətlilərin sayını azaltmağa nail olublar. Həmçinin Möv­ludun oxunma vaxtı da yavaş-yavaş azalmağa başladı. Beş-altı il əvvələdək Möv­ludun oxunma vaxtı saat yarıma düşmüşdü, indi isə yarım saata oxuyub qur­ta­rır­lar. Məmmədov Nəcməddin Sirac oğlunun dediyinə görə, əgər məclis iştirakçıları mol­lanın danışığına həvəslə qulaq asırlarsa, dini söhbətlərlə məclisi xeyli uzatmaq da olar. Qulaq asmağa çox həvəs göstərmirlərsə, o zaman məclis yığcam oxunmalıdır.

Mövlud dini məclis olsa da, el arasında həm də şənlik məclisi sayılır, cünki peyğəmbərimizin (a.s.) dünyaya gəlişi əsas mövzudur. Bununla yanaşı, bölgədə Mövlud oxunan zaman dünyəvi söhbətlər etmək doğru sayılmır.

Göylərov Mehman Abdulrəzzaq oğlunun dediyinə görə, Balakən rayonunda əv­vəllər məclis iştirakçıları namazı bir yerdə qılıb sonra Mövluda baş­la­yar­mış­lar. Məclisi aparan molla əvvəlcə gələnlərə ev sahibinin hansı niyyətlə Mövlud oxut­dur­duğunu xatır­la­dır. Sonra ev sahibinin gəirdiyi bir bardaq süd şəkər qatılaraq, dua­la­na­raq bir kənara qoyulur (Süd yoxdursa, su gətirilir). Mövludun əvvəlində və sonunda sa­lavat çəkilməsi vacib sayılır. İnama görə, iki salavat arasındakı duanı Allah daha tez qə­bul edər. Sala­vatdan sonra şəhadət gətirilir, Qurandan müxtəlif surələr oxunur, is­lam haqqında söh­bət­lər aparılır, dini ibadətlərin vacibliyi vurğulanır. Bu zaman ortaya çı­xan suallar ca­vab­landırılır. Bu hissə Balakən rayonunda vaz vermək adlandırılır. Burada həm­çi­nin Allahı, peyğəmbəri (a.s.) vəsf edən qəsidələr oxunur. Zaqatala rayonun Kəpənəkçi kəndində oxu­nan və Hacı Zənnət adlı bir şəxs1 tərəfindən yazılan qəsidələrdən biri belədir:

Qürrələnmə, insan oğlu,

Ölməməyə çarəmi var?

Xəzan olmuş bir gül kimi

Solmamağa çarəmi var? ...


... Daim yürü haqq izində,

Haqqı söylə sözündə,

Dörd kişinin omuzunda

Getməməyə çarəmi var? ...

Şəkinin Cumakəndində verilən Mövludda isə Süleyman Çələbinin2 yazdığı belə bir qəsidənin oxunduğunun şahidi olduq:

Əzim Allahi əzim, ya rəhim rəhman Allah.

Sənin eşqin qəmu-dərdə dəvadı, ya RəsulAllah.

Dəvadı, ya RəsulAllah,

Sənin yanında hacətlər rəvadı, ya RəsulAllah.

Rəvadı, ya RəsulAllah,

Səninlə şəndir könüllər, yüzündən şad olur qullar,

Tərinnən açılan güllər şəfadı, ya RəsulAllah.

Şəfadı, ya RəsulAllah,

Cümlə məxlux səni izdər, verdiyin vədini gözdər,

Səninlə gecə-gündüzdər ziyadı, ya RəsulAllah.

Ziyadı, ya RəsulAllah,

Həsəd etdi sənə iblis, həm asi oldu, həm müflis.

Səni sevən gecə-gündüz əladı, ya RəsulAllah.

Əladı, ya RəsulAllah.

Kim sənə salavat verməz, dini yox, Cənnətə gir­məz.

Orucu, qıldığı namaz səzadı, ya RəsulAllah.

Səzadı, ya RəsulAllah.

Bundan sonra Peyğəmbər əfəndimizin (a.s.) dünyaya gəlişindən söhbət açılır. Mövzuya uyğun qəsidələr oxunur. Bu qəsidələr, adətən, Aminə ananın dilindən deyilir:

... Həmən şərvət qardan ağ idi, həm soyux idi,

Ləzzəti də şəkərdə yox idi.

İşdim onu, canım oldu nura qərq.

Edəmədim özümü o nurdan fərq.

Gəldi bir ağ quş, qanadı ilə rəvan.

Arxamı sığadı1 qüvvətlə həman.

Doğdu o saət də o sultani-din,

Nura qərq oldu səmavət-zəmin...

Bu ilahidən sonra başda Mövludu oxuyan mollalar da olmaqla bütün məclis iş­ti­rakçıları ayağa qalxaraq əllərini göbəyinin üstündə çarpazlayır (namazda sinənin üs­tün­də çarpazlayan kimi) və “Mərhəba” oxuyurlar. Bundan sonra camaat əyləşir və əv­vəlcədən hazır qo­yul­muş süd, yaxud su iştirakçılara paylanır. Şəki ra­yonunda ke­çi­ri­­lən Mövlud məslislərində bu zaman dünyanın nura qərq olunmasının sim­volu kimi şam da yandırırlar. Bölgənin digər rayonlarında isə şam yandırmaq adəti ilə rast­laş­ma­dıq. Şəki Mövludlarında bir sıra inanclara rast gəlirik ki, bunlarla da yu­xarıda adı çə­kilən üç rayonunun Mövludunda qarşılaşmadıq.

Şəki Mövludlarının sonunda Mövlud süfrəsini uşağı olmayan qadının və ya­xud ərə getməyən qızın başına silkələyirlər ki, qadının övladı olsun, qız ərə getsin. Bu zaman süfrə başına silkələnən şəxsin heç nədən xəbəri olmamalıdır. Bu ayini ic­ra edən şəxs onu qəfil etməlidir. Süfrəni silkələyən qadın həmin şəxsin, adətən, öz ya­xınlarından biri olur. Orada niyyət edirlər ki, qadının uşağı olsun və yaxud qız ərə getsin, onlar da öz evlərində Mövlud keçirəcəklər.

Süfrədə qalan düyüdən yeddi ədəd seçib ərə getməyən qıza, yaxud uşağı ol­ma­yan qıza yedirirlər ki, onların da niyyəti hasil olsun.

Mövludda yandırılmış şamlardan üçünü uşağı olmayan qadına yedirirlər ki, onun da uşağı olsun. Mövludda şam yandırılanda oraya yığışanlar düşünürlər ki, ki­min şamı gec qurtarsa, onun diləyi hasil olacaq. Digər bir inama görə də, şamı tez sönənin ömrü qısa olar. Şam yandıran qadınlar qalan qalığı ciblərinə qoyub evə apa­rırlar və niyyət edirlər ki, mənim də filan diləyim hasil olsun, Mövlud oxudum.

“Mərhəba”dan sonra “Bəqərə” surəsindən “Əmənə rəsuli” ayələri oxunur, yüz də­fə “Lailahəiləllah” deyə zikr edilir2, beş-altı dəfə salavat çəkilir. Sonra camaatla bir­gə dualar edilir. Məmmədov Nəcməddin Sirac oğlunun dediyinə görə, hər Mövludun so­nunda Süleyman Çələbinin ruhuna “Fatihə” surəsi də oxunmalıdır. Cünki bunu Sü­ley­man Çələbi özü vəsiyyət edib.

Mövludun oxunma hissəsi bitdikdən sonra camaat yeməyə dəvət olunur. Demək olar ki, bütün bölgələrimizdə Mövludda aş bişirilir. Söyləyicilərin dediklərinə görə, aşın hansı növünün bişirilməsi ev sahibinin zövqünə görə seçilir. Yəni aşın bütün növ­lə­ri bişirilə bilər. Əliabadlıların isə dediklərinə görə, əvvəllər qablamalı aş1 bi­şi­rər­miş­lər. Hətta Mövluda gedən adamlar zarafatla “Qablamalı aş yeməyə gedirəm” de­yir­miş­lər. İndi isə qablamalı aş sıradan çıxıb. Hal-hazırda kənddə qablamalı aşı bişirə bi­lən qadınlar da tək-tük sayda qalıb. Şəkinin Göynük kəndlərində lobyalı aşı daha çox bişirərmişlər. Bayramova Tahirə İsmayıl qızının dediyinə görə, Balakən Möv­lud­la­rında xəngəl bişirilərmiş. Tahirə xanım həm də qeyd etdi ki, yalnız Möv­ludda deyil, Ba­­lakəndə yaslarının yeddinci günü də xəngəl bişirilir. Balakən Mövludlarında hal­va­nın da olması vacib sayılır. Bu rayonda Mövlud şərbətinə gül suyu və mixək qatılır.

Əvvəllər Mövludun sonunda molla üçün məclis yeməklərindən boxça ha­zır­la­yar­­dılar. Mollanın boxçasını evinə qədər onu müşayət edən şəxs aparmalı idi. Mol­la­nı evdən gətirmək və məclisdən sonra evinə aparmaq ev sahibinin boynunun borcu imiş. Hazırda mol­lanı evinə heç kəs müşayət etmir. Yenə də mollalar Mövludu Allah rizası üçün oxu­yurlar, yəni heç bir təmənna ummurlar. Amma indi bölgədə bə­zən mollaya müx­tə­lif əşyalar (corab, dəsmal və s.), pul (beş, on manat) verilməsi ki­mi hallara da təsadüf olun­maqdadır.

Balakəndə Mövluda gələ bilməyənlərə, yataqda olan xəstələrə də pay gön­də­rir­lər. İbrahimov Rövşən İbrahim oğlunun dediyinə görə, hal-hazırda Balakən toyları da bəzən Movlud oxumaqla keçirilir.

Sonuc. Mövlud bu bölgədə islamın yasaq olunduğu dövrlərdə insanların dinə olan tələbatını ödəmiş, onların dinə bağlı qalmalarında önəmli rol oynamışdır. İn­gi­loyların simasında isə ərazidə xristianlaşmanın da qarşısını almışdır.
QAYNAQ ŞƏXSLƏR
1. İsmayılova Ziba Məmmədəli qızı. 1953-cü ildə Şəki rayonunun Göynük kəndində doğulub. Ali təhsilli. Sinif müəllimi. Milliyyəti türk

2. Süleymanova Məhsəti Vaqif qızı. 1982-ci ildə Şəki rayonun Cumakəndində doğulub. Ali təhsilli. Dil-ədəbiyyat müəllimi. Milliyyəti türk

3. Məmmədov Nəcməddin Sirac oğlu. 1953-cü ildə Şəki rayonunun Cumakənd kəndində doğulub. Orta təhsilli. Milliyyəti türk

5. Dadaşova Sənubər Ağabəy qızı. 1955-ci ildə Şəki rayonunun Cumakənd kəndində doğulub. Orta təhsilli. Milliyyəti türk

6. Kərimov Camal Rizvan oğlu. 1933-cü ildə Zaqatala rayonunun Kəpənəkçi kəndində anadan olub. 7 sinif oxuyub. Kəndin imamıdır. Milliyyəti türk

7. Kərimov Əfzələddin Rizvan oğlu. 1953-cü ildə Zaqatala rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta təhsilli. Milliyyəti türk

8. GöylərovMehman Abdulrəzzaq oğlu. 1966-cı ildə Balakən rayonunun Qullar kəndində doğulub. Orta təhsilli. Milliyyəti türk

9. Axundov Rauf Qasım oğlu. 1986-cı ildə Balakən şəhərində doğulub. Ali təhsilli. Milliyyəti türk

10. Mirəliyev Xəlifə Musa oğlu. 1948-ci ildə Balakən rayonunun Qazma kəndində doğulub. Ali təhsilli. Tarix-diyarşünaslıq muzeyinin direktoru. Milliyyəti türk

11. İbrahimov Rövşən İbrahim oğlu. 1982-ci ildə Balakən şəhərində doğulub. Ali təhsilli. Dini ayinlərin içracısı. Milliyyəti türk

12. Məmmədov Yusif Zakir oğlu. 1984-cü ildə Balakən şəhərində doğulub. Ali təhsilli. Otel işçisi. Milliyyəti türk

13. Bayramova Tahirə İsmayıl qızı (Tahirə Sultan). 1962-ci ildə Balakən rayonunun Tülü kəndində doğulub. Ali təhsilli. Milliyyəti türk

14. Xasayev Səfər Cəmaləddin oğlu. 1964-cü ildə Zaqatala rayonunun Danaçı kəndində doğulub. İlahiyyat təhsili alıb. Milliyyəti avar

15. İsmayılov Məmməd Yusif oğlu. 1974-cü ildə Zaqatala rayonunun Danaçı kəndində doğulub. İlahiyyat təhsili alıb. Milliyyəti avar

16. Axtayev Seyfuzaman İsrafil oğlu. 1957-ci ildə Balakən rayonunun Mahamalar kəndində doğulub. Orta təhsilli. Sürücü. Milliyyəti avar

17. Axtayev Şamil Seyfuzaman oğlu. 1988-ci ildə Balakən rayonunun Mahamalar kəndində doğulub. Orta təhsilli. Gözətçi. Milliyyəti avar

18. Şabanov Ramiz Feyzulla oğlu. 1953-cü ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulub. Ali təhsilli. Tarix müəllimi. Milliyyəti ingiloy

19. Vahabov Abdurahman Əmrulla oğlu. 1954-cü ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulub. Orta təhsillidir. Tikintidə çalışır. Milliyyəti ingiloy

20. Orucov Oruc Əli oğlu. 1948-ci ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulub. Orta təhsilli. Milliyyəti ingiloy

21. Orucova Məryəm Gülməmməd qızı. 1951-ci ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulub. Orta təhsilli. Milliyyəti ingiloy

22. Gülməmmədov Gülməmməd Şirinbəy oğlu. 1970-ci ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulub. Orta təhsilli. Milliyyəti ingiloy

23. Abdurahmanov Mürsəl Abdurahman oğlu. 1971-ci ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulub. Orta təhsilli. Milliyyəti ingiloy



Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Füzuli Bayat

Yadulla ƏLƏKBƏROV

Bakı Avrasiya Universitetinin doktorantı

e-mail: yadullaelekberov2@gmail.com

AZƏRBAYCAN NAĞILLARINDA MİFOLOJİ PERSONAJLAR” PROBLEMİNİN NƏZƏRİ ƏSASLARI


Xülasə

Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqi folklorşünaslığın aktual elmi problemlərindəndir. Mövzunun gərəkliyinin iki əsas cəhəti var:

Birincisi, nağıllar istər Azərbaycan folklorşünaslığında, istərsə də dünyada daim alimlərin diq­qət mərkəzində qalmaqda davam edir. Bu cəhət nağıl janrının təbiəti ilə bağlıdır. Belə ki, nağıllar bə­şər mədəniyyətinin zəngin məzmun və forma xüsusiyyətlərinə malik janrı kimi özündə folklor dün­ya­gö­rüşünün çox dərin sirlərini qorumaqdadır. Nağıllar haqqında nə qədər tədqiqat aparılırsa-apa­rıl­sın, bu janrın poetik zənginlikləri tükənmək bilmir. Hər yeni nəzəriyyənin, yeni tədqiqat meto­du­nun or­taya çıx­ması nağılların tədqiqi sahəsində yeni perspektivlər açır. Bu cəhət eyni şəkildə Azər­baycan nağıl­la­rına da aiddir. Nağıllarımızla bağlı bir çox sanballı tədqiqatlar aparılsa da, yeni təd­qi­qatlara, nağılların yeni mövzular baxımından öyrənilməsinə ehtiyac vardır. Belə məsələlərdən biri də Azərbaycan nağıl­larında mifik personajlar problemidir.

İkincisi, nağıl personajlarının mifik xüsusiyyətlərindən mövcud tədqiqatlarda bəhs olunsa da, Azərbaycan nağıllarının mifik personajları bütöv bir sistem halında tədqiqata cəlb olunmamışdır. Bu­ra­da məsələnin əsas mahiyyəti nağıl personajlarının məhz mifik kontekstdə tədqiqidir. Nağıllar ob­razlar baxımından zəngindir. Bu obrazların hər biri müəyyən funksiya daşıyır. Bu funksiya-obrazların bir hissəsi birbaşa mif mənşəlidir. Onların ayrıca tədqiq olunmasına böyük ehtiyac vardır.

Tədqiqatın aparılmasında əsas məqsəd “Azərbaycan nağıllarında mifoloji personajlar” proble­mi­nin nəzəri əsaslarının araşdırılmasıdır.

Açar sözlər: folklor, nağıl, mif, obraz, div, pəri, əfsun, Azərbaycan nağılları.
THEORETICAL BASIS OF THE MUTHICALPERSONAGES

PROBLEM IN AZERBAIJAN TALES
Summary

The research of the problem of mythical personage is on actual scientific of folklore studies in Azerbaijani tales. Importance of the subject has two features: Firstly, tales are being either at the center of attention of Azerbaijani folklore studies or other scientists in all round of the world. Secondly although it have been talked about muthical characteristics of tale personages in the existing researches? Muthical personages of Azerbaijan tales have not been involed in research as an entire system. Here the main aspect is the research of tale personages as muthical context. Tales are rich as view of images. Each these images moves certain functions. A part of these fuction-images is directly muthicalorigin. It needs to be researched separately.



Key words: folclore, tale, myth, image, ogre, fairy, magic, Azerbaijani, tales
ТЕОРЕТИЧЕСКИЕ ОСНОВЫ ПРОБЛЕМЫ

«МИФИЧЕСКИЕ ПЕРСОНАЖИ В АЗЕРБАЙДЖАНСКИХ СКАЗКАХ»
Резюме

Одним из научных проблем в исследовании фольклористики является проблема мифических персонажей в Aзербайджанских сказках. Необходимостью данной темы является 2 основных факта:

1) Сказки всегда вплоть до нынешнего в центре внимания будь это в азербайджанской фольклористики;

2) О характеристике сказочных мифических персонажей уже рассказывалось в имеющих исследованиях, но как один единый систем не было исследовано в Aзербайджанских мифи­чес­ких сказках;

Здесь основной задачей является исследование мифических персонажей именно в кон­тексте. Сказки очень богаты образами. Каждый образ имеет свою функцию. Некоторые из этих образов имеют мифическое происхождение. Существует необходимость рассматривать их отдельно.

Ключевые слова: фольклор, сказка, миф, образ, персонаж, див, пери, заклинание, Азербайджанские сказки.
Azərbaycan nağıllarında mifoloji personajlar probleminin geniş mətn bazası əsasında tədqiq edilməsindən ötrü Azərbaycan folkloru zəngin material verir. Azər­bay­can nağılları hələ XIX əsrin sonlarından çap olunmağa başlamış, XX əsrdə çoxlu nağıl mətnləri nəşr olunmuşdur. Bu cəhətdən Azərbaycan nağıllarındakı mifoloji personajlar mövzusunu tədqiq etmək üçün zəngin mətn bazası vardır. Bu baxımdan, hətta təkcə iki nəşri – nağılların 1960-1964-cü illərdə çap olunmuş 5 cildliyini və 2006-2008-ci illərdə çap olunmuş 10 cildliyini qeyd etmək kifayətdir (bax: 1; 2; 3; 4; 5; 6).

Qeyd edək ki, Azərbaycan nağılları hələ keçən əsrin 20-30-cu illərindən tədqi­qata cəlb olunmağa başlamışdır. Onların toplanması və tədqiqi sahəsində Hümmət Əlizadə, Hənəfi Zeynallı, Yusuf Vəzir Çəmənzəminli, Məmmədhüseyn Təhmasib, Nurəddin Seyidov, Əhliman Axundov, Paşa Əfəndiyev, Azad Nəbiyev, Rza Xəlilov, Muxtar Kazımoğlu, Ramazan Qafarlı, Ramil Əliyev, Oruc Əliyev, Məhəmməd Hatəmi Tantəkin, Füzuli Bayat, Əfzələddin Əsgər, İlkin Rüstəmzadə və başqa tədqiqatçıların zəngin fəaliyyəti vardır (bax: 7; 25; 8; 24; 23; 2; 3; 5; 9; 20; 21; 14; 15; 16; 17; 18; 19; 11; 10; 13; 26; 12; 22 və s.).

Aparılmış araşdırmalarda Azərbaycan nağılları mövzu qrupları baxımından təs­nif olunmuş, onların forma və məzmun, o cümlədən struktur-semantik xüsusiyyət­lə­ri öyrənilmiş, nağıl süjetlərinin kataloqu tərtib olunmuş, nağıl obrazlarının poeti­kası tədqiq olunmuşdur. Bu tədqiqatlarda Azərbaycan nağıllarının məşhur mifik per­so­najları olan div, pəri, əjdaha, simurq quşu və s. kimi obrazlardan da bəhs olun­muşdur. Lakin Azərbaycan nağıllarında mifik personajlar bütöv sistem halında ilk dəfə bu dissertasiyada tədqiqata cəlb olunur.

Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqinin həyata keçiril­məsi aşağıdakı üç əsas vəzifənin yerinə yetirilməsini qarşıya qoyur:

Birincisi, nağıllarda mifik personaj probleminin nəzəri-estetik, metodoloji-poetik kontekstdə tədqiqi;

İkincisi, Azərbaycan nağllarında mifik obrazların tədqiqi;

Üçüncüsü, Azərbaycan nağllarında mifik predmetlərin tədqiqi.

Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqi üçün zəngin nəzəri-metodoloji baza vardır. Bu baza iki əsas qaynaqdan ibarətdir:

Birincisi, nağıllarla bağlı dünyada aparılan tədqiqatlar;

İkincisi, nağıllarla bağlı Azərbaycan alimlərinin tədqiqatları.

Birinci qaynağa gəlincə, nağıllar dünya folklorşünaslığının əsas tədqiqat ob­yekt­lərindən sayılır. Bu cəhətdən dünyada nağılşünaslıq sahəsində məşhur olan, əsas sayılan imzalar və tədqiqatlar vardır. Həmin tədqiqatlar nağılların öyrənilməsi sahə­sində ümumi nəzəri təcrübə verdiyi kimi, bilavasitə mövzumuzla bağlı da mate­rial ve­rir. Çünki div, pəri, əjdaha və s. kimi obrazlar, o cümlədən mifik predmetlər haq­qında xarici ölkə alimləri qiymətli fikirlər demişlər. Dissertasiyada mövzunun ələ alınmasında bu tədqiqatlarda istifadə etmədən keçinmək mümkünsüzdür.

İkinci qaynağa gəlincə, Azərbaycan nağıllarının tədqiq sahəsindəki əsas nəzəri-metodoloji təcrübəni bilavasitə milli folklorşünaslarımız yaratmışlar. Bu cəhətdən mövzunun ələ alınmasında bu tədqiqatların xüsusi rolu vardır.

Qeyd edək ki, Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqi məsələyə ilk növbədə nəzəri-estetik, metodoloji-poetik kontekstdə götürməyi tələb edir. Belə ki, nağıl və mif mürəkkəb münasibətlər kompleksinə malikdir. Bu müna­sibətlərin spesifik nəzəri modeli vardır. Onu öyrənmədən Azərbaycan nağıllarında mifik personajlar problemini geniş elmi əsaslarla tədqiq etmək mümkün deyildir. Nağıllarda mifik personajlar probleminin nəzəri-metodoloji əsasları nə qədər mü­rəkkəb mövzu olsa da, biz onu ilk növbədə nağıl və mif probleminin mifoloji poeti­ka­sı baxımından öyrənməyi məqsədəuyğun hesab edirik. Buraya nağıl mətnində mi­fik dünyagörüşü, yəni mifin nağıllara tranformasiyası, nağıl və mif probleminin janrlararası əlaqə kontekstində götürülməsi daxildir.

Nağıllarda mifik personajlar probleminin nəzəri-metodoloji əsasları digər tərəf­dən nağıl obrazlarının mifoloji-poetik strukturunun nəzəri kontekstdə öyrənil­mə­sini tə­ləb edir. Buraya, əsasən, nağıllarda real və mifik obrazların təsnifi və onlar ara­sın­dakı münasibətlərin xüsusiyyətləri məsələləri daxildir.

Nağıl və mif problemi mürəkkəb münasibətləri əhatə edir. Bu münasibətlərin iki əsas tərəfi vardır:

Birincisi, nağıllarda mifik dünyagörüşü, yəni mifik təsəvvürlər sistemi;

İkincisi, nağıl janrı ilə mif janrı arasında əlaqə məsələləri.

Dissertasiyada nağıl və mif probleminə hər iki kontekstdə baxılır.

Elmi ədəbiyyatşünaslıqda “mif” termininin iki mənası vardır:

1. Mif-paradiqma;

2. Mif-sintaqm (27, 75).

Mif paradiqma, yaxud başqa cür deyilişlə, paradiqmatik mif şüurda mövcud olan təsəvvürlər sistemidir. Bu təsəvvürlər sistemi sözlü mətn şəklində nəql olunduqda (danışıldıqda) mif-sintaqma, başqa deyilişlə, sintaqmatik mifə çevrilir.

Nağıl mətni və mifik dünyagörüşü məsələsi nağıllarda mif-paradiqmanın, yəni pa­radiqmatik mifin öyrənilməsidir. Bu məsələ problemə tarixi-mədəni kontekstdə ya­naş­ma­ğı tələb edir. Yəni mifoloji şüurun parçalanması ilə ondan tarixi şüur törəyir. Bu kon­tekstdə mifik dünyagörüşü bir çox janrlarla yanaşı nağıllara transformasiya olunur. Bu cəhətdən nağıllardakı mifik personajlar bilavasitə mifik dünyagörüşünü özündə daşıyır.

Nağıl və mif probleminin janrlararası əlaqə kontekstində tədqiqi məsələsi nağıllarda mif-sintaqmın, yəni sintaqmatik mifin öyrənilməsidir. Burada əsas diqqət janr probleminə verilir. Belə ki, folkorda nağıl janrı olduğu kimi, ayrıca mif janrı da vardır. Mif janrı bilavasitə mifik dünyagörüşün sözlə qəliblərindən biridir. Nağıllarda sintaqmatik mifin öyrənilməsi mif janrının nağıl janrına necə daxil olması, yaxud ona necə transformasiya olunmasını öyrənməyi tələb edir. Bu da nağıllardakı mifik personajların mifdən nağıla keçərkən hansı dəyişikliklərə uğramasını, onların nağıl mətnində hansı yeni semantik cəhətlər qazanmasını aşkarlamağa imkan verir.

Nağıllar zəngin obrazlar sisteminə malikdir. Bu obrazların hamısı mifik mənşəli deyildir. Burada iki tip personajlar müşahidə olunur: real və mifik obrazlar. Lakin məsələnin əsas tərəfi ondan ibarətdir ki, mifik olub-olmamasından asılı olmayaraq, bütün nağıl obrazları epik-mifoloji məntiqə tabedir.

Nağıllardakı mifik obrazlar iki qrupa ayrıla bilir. Bunlardan birinci nağıllardakı mifik-fantastik obrazlar qrupudur. Bu obrazların yer üzündə analoqu yoxdur. Məsə­lən div, pəri, əjdaha və s. Digər qrupa isə yer üzündə analoqu olan mifik obrazlar aiddir. Məsələn sehrli quşlar və atlar.

Mifik uydurma obrazlar kimi divlər, əjdahalar, pərilər, fəriştələr, kəlləgöz-təpə­göz kimi obrazlar tədqiq olunur. Bu obrazlar müxtəlif mifik funksiyaları yerinə yetir­sələr də, onları birləşdirən əsas cəhət onların reallığın fantasmaqorik təcəssümü ol­ma­larındadır.

Divlər və əjdahalar Azərbaycan nağıllarının əsas personajlarındandır.

Divlər Avesta mənşəli obrazlar hesab olunur. Apardığımız müşahidələr, xüsu­si­lə Azərbaycan nağıllarının Sibir, Altay xalqlarının analoji obrazlarla müqayi­sə­li təd­qiqi göstərir ki, Azərbaycan nağıllarında Avesta mənşəli div obrazı ilə onunla ey­ni finksiyada olan türk mifik obrazının qovuşması baş vermişdir.

Əjdaha mifik ilandır. Onun adı Avestada Aci Dahaka şəklində keçir. Lakin o, bilavasitə türk mifologiyası ilə bağlıdır. Acı türk dilində həm də ilan adıdır. “Kitabi-Dədə Qorqud”da əjdaha həm də ilan adlandırılır.

Elmdə div və əjdaha obrazları mifik semantika baxımından zahiri dünyanın fantasmaqorik metaforası kimi təhlil olunur.

Nağıllarda pəri obrazı son dərəcə mürəkkəb mifik semantikaya malikdir. Bu obraz Azərbaycan folklorşünaslığında əsas epik obraz kimi tədqiq olunmuş, onun mifik semantikasına gəlincə isə pəri obrazından Avestadakı Pairaka obrazının transformasiyası kimi bəhs olunmuşdur. Obraz üzərində apardığımız müşahidələr göstərir ki, pəri obrazı mifik dünya modelində qadın başlanğıcını, qadının kosmos və xaosyaradıcı gücünü təcəssüm etdirir.

Azərbaycan nağıllarındakı Kəlləgöz obrazı bilavasitə Təpəgöz obrazı ilə bağlı­dır. Hər iki obraz eynidir və mifoloji xaosu təcəssüm etdirir.

Nağıllarda Zümrüd quşu Simurq adı altında da keçir. Bu adlar eyni bir obrazın müxtəlif adlarıdır. Zümrüd-Simurq quşu mifik funksiyası baxımından kosmos­ya­ra­dıcı mediatordur. Burada kosmosyaratma onun müsbət fəaliyyətini, mediatorluğu qa­ranlıq dünya ilə işıqlı dünya arasında əlaqə yaradan obraz olduğunu göstərir. Züm­rüd-Simurq quşunun mediatorluğu bilavasitə daşıyıcılıqla bağlıdır. Yəni onun funk­si­yası qəhrəmanı qaranlıq – yeraltı dünyadan işıqlı dünyaya aparmaqdır.

Ümumiyyətlə, nağıllardakı atların, demək olar ki, hamısı sehrli atlardır. Bunlar qəhrəmanın köməkçiləridir. Lakin bu kömək kosmosyaradıcı mediasiyaya xidmət edir. Atlar da Zümrüd-Simurq quşu kimi qəhrəmanı bir dünyadan o birisinə daşıyır. Yəni onlar da daşıyıcı personajlardır. Lakin atlar eyni zamanda qəhrəmana yol göstə­rir, yəni çətin tapşırığı yerinə yetirmək üçün xaos dünyasına gedən yolun bütün sirlərini qəhrəmana öyrədirlər. Onların da fəaliyyəti müsbət xarakter daşıdığı üçün sehrli atlar kosmosyaradıcı personajlardır.

Nağılların mifik personajlarının mühüm bir hissəsini mifik predmetlər təşkil edir. Bunlara uçan xalça, sehrli alma, sehrli papaq, sehrli üzük, sehrli çubuq və sehrli güzgü kimi predmetlər daxildir. Bu predmetləri birləşdirən əsas cəhət ondan ibarətdir ki, bunlar mifik-real personajlar kateqoriyasına aiddir. Yəni bu obrazların hamısı real predmetlərlə bağlıdır. Lakin onları öz analoqlarından fərqləndirən əsas cəhət həmin əşyaların sehrli olmasıdır.

Uçan xalça mediasiya mexanizmidir. Qəhrəman bu xalça vasitəsi ilə məkanlar arasında səyahət edir. Uçan xalça Azərbaycan nağıllarında məhz qəhrəmanın istifadəsində olduğu üçün o, kosmosyaradıcı mediasiya personajıdır.

Nağıllarda sehrli alma bilavasitə kosmosyaratmaya xidmət edir. Onu yeyən on beş yaşında cavan adama dönüşür. Beləliklə, sehrli almanın vasitəsi ilə yeni dünya reallığı – yeni kosmos yaradılır.

Nağıllarda sehrli papaq və sehrli üzük, demək olar ki, eyni funksiyaya xidmət edir. Qəhrəman sehrli papaq vasitəsi ilə görünməz olur. Eyni işi o, sehrli üzük vasitəsi ilə də həyata keçirir.

Görünməz olmaq bir vəziyyətdən (dünyadan) o biri vəziyyətə (dünyaya) mediasiya etmək deməkdir. Bu da sehrli papaq və üzüyün mediasiya mexanizmi olmasını göstərir.

Güzgü kosmosyaratmaya xidmət edən mifik personajdır. Şər qüvvənin təqibindən xilas olmaq istəyən qəhrəman cibindən bir güzgü çıxarıb atır. Güzgü bir dənizə (yaxud) gölə çevrilir. Şər qüvvə sudan adlaya bilməyib təqibi dayandırır.

Nağıllarda sehrli çubuq xaosyaradıcı personajdır. Bu predmetdən, əsasən, xaosu təmsil edən qüvvələr istifadə edir. Dərviş sehrli çubuq vasitəsilə şəhərin adamlarını daşa döndərir. O, şəhərin adamlarını xilas etmək istəyən qəhrəmanı da daşa döndərmək istəyir. İki cəhddə buna nail olur. Son cəhddə qəhrəman onu məhv edərək xaosu aradan qaldırıb, kosmosu bərpa edir.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə