Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə5/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   20

5. Qəhrəman ər, ailə başçısı kimi.

Dastanda oğuz qəhrəmanları həm də namuslu ər, ləyaqətli ailə başçıları kimi təqdim olunurlar. Bu əsərdə, əsasən, Salur Qazan və onun arvadı Burla xatun, Bəkil və onun xanımı kimi xətlərdə özünü göstərir. Lakin dastanda sağlam ailə təməlinin necə qurulması da təsvir olunur. Bu, Beyrəklə Banuçiçək arasındakı münasibətlərdə təzahür edir. Beyrək on altı il həbsdə yatır, lakin öz nişanlısına xəyanət etmir. Banuçiçək də 16 il gözüyaşlı öz sevgilisinin yolunu gözləyir.



6. Qəhrəman qardaş kimi.

Bu xətt də özünü bir çox münasibətlərdə təzahür etdirir. Bunu biz bacı-qardaş münasibətlərində — Beyrəklə onun bacıları arasında görürük. Dastanın onuncu boyunun mövzusunu isə birbaşa qardaş münasibətləri təşkil edir. “Uşun qoca oğlu Səyrək” boyunda göstərilir ki, Səyrəyin böyük qardaşı Əyrək kafirlərə əsir düşür. O, uzun illər ərzində əsirlikdə qalır. Bu müddətdə Səyrək böyüyüb cəsur bir igidə çevrilir. Qardaşıın əsirlikdə olduğunu öyrənən Səyrək əsil oğuz qəhrəmanı kimi ölümün gözünün içinə dik baxır, heç nədən qorxmadan qardaşının dalınca gedir və bir çox qəhrəmanlıqlardan sonra iki qardaş kafirləri məhv edərək, sağ-salamat oğuz elinə dönürlər.



7. Qəhrəman dost kimi.

Ümumiyyətlə, dostluq, yoldaşlıq, dosta-yoldaşa sədaqət oğuz igidlərini fərqləndirən ən ümdə keyfiyyətdir. Dastanda bütün oğuz igidləri sədaqətli, çörək itirməyən qəhrəmanlar kimi təqdim olunurlar. Lakin dastanda bəzən bu sədaqət, dostluq sınağa çəkilir. Məsələn, dastanın sonuncu boyunda Daş Oğuzun başçısı, Alp Aruz Salur Qazandan narazı qalır və ona asi olur. O, Beyrəyə onların tərəfinə keçməyi təklif edir. Lakin Beyrək sədaqətli dost kimi öz ölümünə razı olur, ancaq Qazana xəyanət etmir. O, Aruza belə deyir:

Mən Qazanın nemәtini çox yemişəm,

bilmәzsәm, gözumü tutsun!

Qaracıqda Qazlıq atına çox minmişәm,

bilmәzsәm, tabutum olsun!

Yaxşı qaftanlarını çox geymişәm,

bilmәzsәm, kәfәnim olsun!

Böyük, geniş oqağına çox girmişəm,

bilmәzsәm, zindanım olsun!

Mәn Qazana dönük çıxmaram, qәti bilin! (5, 222)

Oğuz elinin adlı-sanlı qəhrəmanlarından olan Beyrəyin bu sözləri oğuz qəhrəmanlarının mənəvyyatının parlaq ifadəsidir.



8. Qəhrəman elin oğlu kimi.

Oğuz qəhrəmanlarının səciyyəvi keyfiyyətlərindən biri onların elə, obaya, vətənə sədaqətli oğullar olmasıdır. Bu keyfiyyət dastanın bütün boylarında əks olunmuşdur. Dastanın hər bir qəhrəmanı öz el-obasını sevir, ölüm təhlükəsi qarşı­sın­da belə el-obaya, yurda, torpağa, vətənə xəyanət etmirlər. “Kitabi-Dədə Qorqud” das­tanının hər bir boyu, hər bir epizodu bu müqəddəs amala xidmət edir.



İşin elmi yeniliyi: Məqalədə “Kitabi-Dədə Qorqud” dastanının “qəhrəman və cəmiyyət münasibətlərinin təzahür tipləri” baxımından tədqiqi bu münasibətlərin, əsasən, “qəhrəman dövlət başçısı kimi: xanlar xanı”, “qəhrəman sərkərdə kimi: bəylər bəyi kimi”, “qəhrəman ata kimi”, “qəhrəman oğul kimi”, “qəhrəman ər, ailə başçısı kimi”, “qəhrəman qardaş kimi”, “qəh­rəman dost kimi”, “qəhrəman elin oğlu kimi” səkkiz tipini aşkarladı.

İşin nəzəri və praktiki əhəmiyyəti: Məqalənin nəzəri əhəmiyyəti bu işdən “Kitabi-Dədə Qorqud”un tədqiqində nəzəri ədəbiyyat kimi istifadə imkanları, prak­ti­ki əhəmiyyəti isə ali mək­təblərdə “Kitabi-Dədə Qorqud” dastanının tədrisi prose­sin­də praktiki vəsait kimi istifadə imkan­ları ilə müəyyənləşir.
ƏDƏBİYYAT
1. Nəbiyev A. Vəli Xuluflunun ilk “Koroğlu” nəşri / Koroğlu (Vəli Xuluflu nəşri). Mət­ni əski əlifbadan transliterasiya və tərtib edən, qeyd, şərh və izahların müəllifi Məhəm­məd Məmmədov. Bakı: Elm, 2007, s. 3-12

2. Rzasoy S. Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. Bakı: Elm və təhsil, 2015, 436 s.

3. Cəfərli M. Azərbaycan dastanlarının struktur poetikası. Bakı: Nur­lan, 2010, 404 s.

4. Tanrıverdi Ə. Dədə sözü işığında. Bakı: Elm və təhsil, 2014, 232 s.

5. Kitabi-Dədə Qorqud / Tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə F.Zeynalov və S.Əlizadənindir. Bakı: Yazıçı, 1988, 265 s.

Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy

Folklorşünaslıq: problemlər, tədqiqlər
Ramazan QAFARLI

Filologiya üzrə elmlər doktoru

AMEA Folklor İnstitutunun

Dədə Qorqud” şöbəsinin müdiri



e-mail: ramazanqafar@yandex.ru
RomantİK DÜŞÜNCƏNİN mİfopoetİk aspektLƏRİ
Xülasə

Məqalədə son illərdə geniş aktuallıq qazanmış mif və romantizm probleminə aydınlıq gətirilir. Mif və bədii ədəbiyyat arasında bütün dövrlərdə güclü əlaqə olduğu əsaslandırılır. Bu prosesin həm təkamül, həm də tipoloji aspektlərdə aparıldığı vurğulanır və romantik düşüncənin mifopoetik aspektləri ilk dəfə tədqiqata cəlb edilir.



Açar sözlər: romantik düşüncə, mif və bədii ədəbiyyat, mistik duyğu və magik seyretmə, mütləq mifologiya, nisbi mifologiya.
THE MYTHOPOETIC ASPECTS OF THE ROMANTIC THOUGHT
Summary

In the article the clarity is brought to the problems of myth and romanticism which `gained actuality in recent years. It is substantiated that there was a strong connection between myth and fiction. It is emphasized that this process is carried in evolutionary and typological aspects and for the first time the mythopoetic aspects of romantic thought is involved to the investigation.



Key words: romantic thought, myth and fiction, mystical feeling and magic watch, definitely mythology, relative mythology
МИФОПОЭТИЧЕСКИЕ АСПЕКТЫ РОМАНТИЧЕСКОГО МЫШЛЕНИЯ
Резюме

В статье к проблеме миф и романтизм, завоевавшим в последние годы широкую актуаль­ность. Здесь так же обосновывается наличие, существо­вание во все времена сильной связи между мифом и художественной литературой. Особо отмечается все протекания этого процес­са как в эволюционном так и в типологическом аспектах. Впервые мифопоэтические аспекты романтического мышления привлекаются к исследованию.



Ключевые слова: романтическое мышление миф и художественная литература, мисти­чес­кое чувство и магическое созерцание, абсолютная мифология и относительная мифология.
Mif və romantizm problemi son illərdə geniş aktuallıq qazanmış və prinsip etibarı ilə ona görə mühüm sayılmışdır ki, hər ikisində dünyanın başlanğıcında yara­nışların qaranlıqdan keçib işıqlı aləmdəki inkişafı əsas götürülmüşdür. Araşdır­ma­la­rın əksəriyyəti ilkin dünyaanlamının xüsusiyyətlərini və romantik düşüncənin spe­si­fik­liyini aydınlaşdırmaq məqsədinə yönəl­dil­mişdir. Romantiklərdə tarixi-ənənəvi və milli-mənəvi mifologiyaya geniş dairədə maraq oyan­ması ilə ədəbi obrazlara və səy­yar süjetlərə müraciətlərin zəruriliyinin əsas səbəbləri üzə çıxarılmış, ənənəvi mifolo­gem yaradıcılığında yenidən mənalandırılmanın təhlil yolları və üsulları tapılmışdır. Təsadüfi deyil ki, XX əsrin “Azərbaycan romantikləri folklor nümunələrini millilik məzmunu, xəlqilik mahiyyəti daşımalarına görə qiymətləndirir, onlara məhz bu cə­hət­dən üstünlük verirdilər” (2, 42). Bu mənada folklorun, xüsusilə mifologiyanın ay­rı-ayrı aspektlərinin – ümumi və milli mifologiyaların, “mütləq fenomen mifo­lo­giyası” və “tarixi fenomen mifologiyası”nın bir-biri ilə əlaqələndirilməsi, yazılı ədə­biyyata tətbiqi prosesi bu gün də mühüm əhəmiyyət kəsb edir. Çünki mifoloji təfəkkür bəşər tarixinin bizə məlum olan ilkin inam və etiqadlarının toplusudur. Sə­nət­karın mif mətnləri və süjetlərinə üz tutması mənsub olduğu xalqın inam və eti­qad­larını yalnız formal şəkildə yenidən yaratmaq məqsədi daşımır, həmçinin mə­nə­­viy­­yata təsir və yaşanılan çox əski tarixə yanaşma tərzini öyrədir.

Mif və bədii ədəbiyyat arasında bütün dövrlərdə güclü əlaqə olmuşdur. Bu pro­ses həm təkamül, həm də tipoloji aspektlərdə aparılmışdır. Təkamül aspektinə görə, mif cəmiyyətin təşəkkül dövrünün məhsuludur və yazılı ədəbiyyatın formalaşmasına təkan verən əsas prosesdir. Antik yunan ədəbiyyatının "İlliada" və "Odisseya" kimi abi­dələri mifik obrazlar və süjetlərlə bütövlük qazanmışdır. Orta əsrlər Avropa ədə­biyyatına təsir edən antik ədəbiyyat nümunələri qədim mif süjetləri və motivlərini də özü ilə birlikdə növbəti əsrlərə keçirmişdir. Təkamül aspektindən fərqli olaraq, tipo­loji aspekt mifologiya və yazılı ədəbiyyatı iki əks qütbə ayırırdı ki, burada da dün­yanı dərk etmə və onu əks etdirmə məsələlərinə görə mif və ədəbiyyatın başqa-başqa tərəfləri açıqlanırdı. Mifoloji mətnlərdən anlaşıldığı kimi, mifdə hadisələr düzxətli hərəkət etmir. Dövrəviliyin daha çox üstünlük qazandığı miflərdə bu və ya digər pro­seslər təkrarlanır. Bədii ədəbiyyat nümunələrində isə müraciət olunan mövzu hər hansı bir süjet üzərində qurulur.

XIX əsrin ikinci yarısının və XX əsrin birinci rübünün ədəbi prossesinin mü­hüm fərqləndirici əlaməti ondan ibarətdir ki, yazıçılar fərdi yaradıcılıqlarında poetik mif­yaratmaya ardıcıllıqla meyl göstərirdilər. Təsadüfi deyil ki, ötən yüzillikdə mifin bir sıra mühüm elmi konsepsiyaları meydana gəlmiş, filosoflar, antropoloqlar, psixo­loq­lar, linqivistlər və folklor-şünaslar insanın mənəvi həyatının mif fenomeninin spe­si­fik cəhətlərini açmağa can atmışdılar. Saysız-hesabsız təşəbbüslər içərisində mifin tə­biətinə daha məhsuldar və əsaslı şəkildə nüfuz edənlər həmin çağların romantikləri olmuşlar. Sonrakı dövlərdə şöhrət qazanmış əksər nəzəriyyələrin də bir sıra müddə­a­ları ilk dəfə romantiklər tərəfindən irəli sürülmüşdür. Romantiklər “yeni mifologiya” ide­­ya­sını elan etməklə ilk dəfə mifi bədii yaradıcılığın əsas əlamətinə çevirmişdilər. Məhz modernçi yazarlar romantiklərin ardıcılları kimi meydana atılaraq bədii yaradı­cı­lıqda bəşəriyyətin “qədim ənənə”sinə varislik konsepsiyasını işləyib hazırla­mış­dı­lar.

Romantiklər mifləri fəal şəkildə araşdırmaqla yanaşı öz bədii əsərlərinin də canına hopdurmuşdular. Antik, xristianlıq, orta əsrlər dövrünün dünyaanlamı sistem­lərindən çox şey götürsələr də, mif mətnlərini olduğu kimi təkrarlamamış, öz mifo­lo­giyalarını yaratmağa can atmışdılar. Onların nöqteyi-nəzərində bütün ideal olanlar reallıqlarla birlikdə eyni gercəklik daxilində yerləşdirilir. Bu səbəbdən də mifə əsərin bədii-simvolik və estetik əlaməti kimi baxırdılar.

Romantizmdə mifin fəlsəfi aspektinə maraq, ilk növbədə, İen məktəbinin yetişdirmələri olan erkən alman romantiklərində oyanmışdır. Henrix Novalis, Fridrix Şleqel, Fridrix Şellinq və b. nəzəri əsərlərində fikirlərin müxtəlifliyinə baxmayaraq mifologiya problemlərinə bütövlükdə umumi cəhətdən yanaşılmışdır. Əslində bu, romantiklərin vahid mif konsepsiyasının olduğunu deməyə haqq qazandırır. Mifə müraciət edilərkən təntənəlilik, ənənəvilik nəzərə çarpsa da, həmin xüsusiyyət romantiklərin əsərlərinin poetik sisteminin əsasında dururdu. Nədənsə, indiyə­dək bu fakta ədəbiyyatşünaslıqda və fəlsəfədə lazımınca diqqət yetirilməmişdir. “Mifologiya – ümumilikdə allahlar haqqında təlimdır” (10, 1039) – qənaətinə gələn F.Şellinqə görə, bədii əsərlərə köçürülməklə mifin düşüncə sistemindəki ömrü başa çatır və o, poetikanın əsas ünsü­rü­nə çevrilir. Alman filosofu və yazıçısı özünün “Mifologiyanın fəlsəfəsinə giriş” adlı iki mühazirə mətnini belə bir tezislə yekunlaşdırırdı: «Əgər Homer poeziyada mifologiyanın qurtardığını, tamamlandığını göstərirsə, Hesiod onun fəlsəfədə bitdiyini bildirir” (10, 1083). F.Novalisin mif konsepsiyasi isə İ.Fixte idealizminin təsiri ilə meydana gələn “magik idealizm” fəlsəfi proqramı ilə sıx bağlı idi. Fixtenin mifik dünya mənzərəsinin (Dünya modelinin) əsasında son həddə çatan azadlığa, fəal mövcudluğa və özünü məhdudlaşdırma yolu ilə yaranan gerçək aləmə (“MƏN”in yoxluğuna) malik mənəvi prinsip (“MƏN”) – başlanğıc dayanır.

Romantiklərin idealist dünyabaxışı ilə Fixtenin Ruhun imkanlarının genişləndirilməsi təsəvvürü arasında fövqəladə yaxınlıq göz qabağındadır. Lakin bir sıra mövcud məqamlarda Novalis Fixtenin gerçəkliyi tənqid etməsinə fərqli mövqedən yanaşırdı. Fixte “MƏN”i (“tam şüur”u) dolayı fəlsəfi nöqteyi-nəzər – abstraksiya (fikrən ayrılma) kimi başa düşürdü. Novalisin qənaətində isə subyektiv “MƏN” sonsuzluğa, magikliyə malik, ayrılıqda götürülən şəxsiyyət tək təqdim edilirdi. Novalisin terminologiyasında bu elə bir qüvvədir ki, dünyaya təsir etmək və öz ruhunu kökündən dəyişdirmək gücünə malikdir. Beləcə əsas romantik tezis meydana atılırdı: “Şəxsiyyət dünya yaradır”. Lakin Novalisdə ümumilikdə şəxsiyyətdən (hər hansı bir “MƏN”dən) deyil, ilk növbədə, poetik şəxsiyyətdən, sənətkardan danışılırdı. Maraqlıdır ki, XX əsr Azərbaycan romantikləri, xüsusilə Abbas Səhhət də (“Şair, Şeir Pərisi və Şəhərli”, “Şair”, “Şərarə”) söz yaradıcısının başqalarından üstünlüyünü vurğulayırdı.

Romantiklərə görə, dahilik zirvəsinə çatan şair sehrbazlıq cizgiləri əldə etdiyindən dünyanı dərk etməyin ən yüksək forması poeziyadır. Onlar belə bir mücərrəd qənaət irəli sürürdülər ki, nə ayrı və ümumi arasında əlaqə yaradan səmərəli bilik əldə etmək, nə də birtərəflilikdən əziyyət çəkən təmiz intuitiv savad qazanmaq dünyayaratmanın həqiqi mənzərəsini verə bilir. Yalnız “magik seyretmə” dərketmədə səhvlərdən yaxa qurtarmağa və universium barədə düzgün, həqiqi məlumat əldə etməyə yardım göstərir. Bu nöqteyi-nəzər Novalisin məşhur aforizmində çox gözəl əks olunmuşdur: “Şair təbiəti bütün çalarları ilə birlikdə alimin ağlından daha yaxşı anlayır” (5, 94).

A.Səhhət də eyni şövqlə yazırdı ki: şair öz kainatında bütün dünyanı yerləşdirə bilmədiyi halda Tanrının sirlərinin açarını tapmağı bacarır:



Sığmazkən aləm, adəm onun kainatına,

Tiflanə mələbəydi hənuz ümdə mətləbi.

...Məktum olan xızaini-həqqin kilidinə,

Ol tifli məhrəm etmək ilə qıldı mərhəmət,

Təqdim etdi sonra ona bir alovlu saz,

İlham qüvvəsilə oxutdurdu şairi (1, 97).

Burada poetik dərketmə rasionallıqla qarşılaşdırılır və intuitiv, irrasional yol kimi deyil, universal, sintetik keyfiyyət şəklində götürülür. Öz növbəsində, roman­tiklərin mif haqqındakı nəzəri fikirlərində magik seyretmənin “sonsuzluğun” dün­yadakı mistik duyulmasına əsaslandığı göstərilir. Mənəvi (ilahi, ideal, mütləq) baş­lanğıc fiziki (konkret, əşyavi) dünyada təcəssüm edilir. Dünyaya mistik münasibət transsendentlik (idealist fəlsəfədə: təcrübə xaricində olmaq, təcrübə ilə dərk edilə bilməməzlik) cizgilərinin gündəlik həyata, məişətə axınının sezilməsi ilə xarakterizə olunur. Beləcə romantiklər şairləri mistik dünyaduyumunun əsas daşıyıcıları elan edirdilər. Novalis hətta söz sənətkarını kahinlə eyniləşdirərək yazırdı: “Şair və kahin başlanğıc­da bir adam idi, onları sonrakı çağlarda ayırıblar. Lakin əsl şair həmişə kahin, əsl kahin isə hər zaman şair olaraq qalıb” (7, 97). Romantiklər mistik duy­ğunun (hissetmənin) dünyanın mifik (rəmzi) dərki ilə sıx şəkildə bağlı olduğunu irəli sürürdülər. Bu cür hissetmə insanlarda təbiətə qarşı elə baxış formalaşdırır ki, zahirən cansız, tərpənməz varlıqların da möcüzəli həyatı olduğu duyulur, hər addımda ilahinin sirli əlamətlərinə təsadüf edilir, hara baxırsan, orada qeyri-adi vəziyyətlərə, “qəribə cizgilərə, gizli yazılara, quş qanadlarında, yumurta qabığında, buludlarda, qar dənəciklərində, kristallarda, müxtəlif formalı daşlarda, donmuş sularda, arxlarda, bulaqlarda, dağların üstündə, bitkilər, heyvanlar aləmində, insanlarda, göyün od-işığında belə bilinməz işarələrə, haşiyələrə rast gəlirsən” (7, 71).

Avropa romantiklərinin gəldikləri bəzi qənaətləri Azərbaycanın söz ustaları hələ XII yüzildə irəli sürmüşdülər. Nizami kimi nəsrə nisbətdə şeirə daha yüksək qiymət verən Xosrov əl-Ustad nəzmin xüsusiyyətlərindən geniş bəhs açmış, Məhəmməd peyğəmbərə istinad edərək bilidirmişdi ki: «Bütün varlıqlardan yüksək olan Allahın oturduğu taxtın altında böyük xəzinə gizlənmişlir. Orada olanların məzmununun açarı isə şairlərin dilinin altındadır». Peyğəmbərin dediyinə görə, «şairlər – insan nəslinin ötüb-keçməyən, bitib-tükənməyən şöhrətidir». Yaxud «Dil bircə sözlə möcüzə yaratmağa qadirdir» (3, 12).

Romantiklər qədim Misir, Çin əlifbasında bütöv məfhumu və ya hecanı ifadə edən işarə­lər­dən – heroqlif görüntülərindən danışanda vurğulayırdılar ki, onlar nə­ha­yət­sizlik, intə­ha­sızlıq, sonsuzluq, ucu-bucağı olmamaq ideyasını özündə daşıyır. He­roqliflərdə dünyanın sonuna aid əşya və hadisələr aydın sezilir. Dilin təbiətini anla­mağa çalışarkən belə qənaətə gəlirdilər ki, heroqliflərin sirrini açmaq qabiliyyəti an­caq əsl şairə verilir və bununla söz sənətkarının magik gücü nümayiş etdirilir. Zaman gələcək şairlərin bu xüsusiyyəti “dünyanı canlandıracaq”. Çünki “Dünyanı canlan­dırmaq” gücü başlanğıcda İnsanlığa xas xüsusiyyət olmuş, müasir mərhələdə tamam itirilmişdir. Novalis yazırdı: “İndi biz səbəbini anlamadığımız ölü təkrar­lardan başqa heç nəyi görmürük”(8, 549). Doğrudan da ümumi əlaqə və təsirə malik universiumun dərkindən in­san­lar məhrumdurlar. Onlar dünyanı tam halda görmürlər. Ona görə ki, ilahiliyin dünyadakı mövcudluğunu duymaq qabiliyyətini çoxdan itiriblər. Bu, insan­la universiumu bir-biri ilə əla­qələndirən əsas əlamət idi. Roman­tiklər yeni əlaqə vasi­tə­sini tapmağın yollarının “magik seyret­mə”dən keçdiyini göstərirdilər. Bu prosesdə təfəkkürdə bütöv Dünyanın tutqun şəkildə obrazı meydana gəlir, ayrılıqda və şərtilikdə mütləqliyə (qətiliyə, şübhəsizliyə) yüksəldilir. Bu fikirlər əslində mifoloji düşüncənin genezisinin açarı idi. Eləcə də “qeyri-müəyyən tamı hisset­mə”nin univer­sallığa uyğunluğu poetik yaradıcılıqla (bədii düşüncə ilə) üst-üstə düşürdü. Bu cəhət də mifoloji görüşlərə xas əlamətdir.

Mifoloji dərketmənin ardınca dünyabaxışının başqa formaları tam halda yaranmış və təbiətə olan duyğusal-poetik baxış yaddaşlardan itmişdir. Onu təzədən qaytarmağı bacaranlar poetik istedadları ilə dahilik zirvəsinə yüksəlmişlər. Beləliklə, romantiklər müasir poeziyada mifyaratma prinsipininin mövcudluğunu təsdiqləyir­dilər. Maraqlıdır ki, poetik yaradıcılıq deyəndə, dünyanı qavrayıb müəyyən tərz, üsul və qaydalarla modelləşdirmə başa düşülür. “Romantizm” termini də eyni şəkildə an­la­şılırdı. Romantiklər bildirirdilər ki, “Dünya roman­tikləşdirilməlidir. Ancaq bu hal­da o, ilkin mənasını daşıyar”. Romantikləşdirilmə o anlamda işlənirdi ki, dünyada hər­tərəfli keyfiyyət potensiallaşması baş verməlidir. Hələ XIX yüzilliyin ortalarında “nə qədər ki gec deyil” – deyə romantiklər mifə qayıdışla dünyanı gələcək bəlalardan xilas etməyin yollarını təklif edirdilər. Onlar adilikləri yüksək mənalandırır, gündəlik həyatın bayağı dona bürünməsini sirli pərdənin aradan qaldırılması ilə aradan götürməyi irəli sürür, tanınan və anlaşılan varlıqlarda belə əyləncəlik əlamətləri və qeyri-müəyyənlik görür – beləcə romantizmin mahiyyətini bu şəkildə şərh edirdilər.

Romantikləşdirilmə ­– mistik duyğu və “magik seyretmə” eyniliyinin xüsusi “va­sitə” ilə poetik əksi sayılırdı. Mistik duyğu həyatın poetik (romantik) qavranıl­ma­sı­nın sinonimi kimi götürülürdü. Şairlər mistik bilgilərin həqiqi daşıyıcısı elan edilir və onların əsərlərində gerçəklik romantikləşdirilməklə transsendent mənaya çatdı­rı­lır­­dı. Bu mənada Novalis gerçəkliyin transsen­dent sirlərini daha düzgün, adekvat, uy­ğun əks etdirən poetik formaları da müəyyən­ləşdirmişdi. Bu sıraya poeziyanın qa­nun­­larının yaranmasına yardım göstərən mif və nağıllar daxil edilirdi. O, əslində mif­lə nağılı bir-birindən ayırmırdı. Bu ədəbi formaları universiuma təsvir etməyə qadir ye­­ganə epik janrlar kimi təqdim edirdi. Novalis yazırdı ki, nağıllarda, mifyaratmada ger­çəklik “mütləqləşdirilərək universal məna kəsb edir, individual (fərdi) anlar və situasiyalar təsnif edilir, hər bir məxluq, hadisə romantizmin obyektinə çevrilir” (7, 95).

Mif və romantik poeziyanın qarşılıqlı əlaqəsinə, dərkinə Fridrix Şlegel də əsaslı şəkildə toxunmuşdur. İlk növbədə, Şlegeli mifologiyanın sinkretikliyi: poetik sistemlərin ayrılmazlığı, mətn strukturlarının bölünməzliyi, zaman-məkan vəhdəti, daha doğrusu, fəlsəfi anlamların, dini baxışların, incəsənət sahələrinin onda əridil­məsi özünə cəlb edirdi. F.Şlegelin qənaətinə görə, poeziyanın ən kamil nümunələri hə­min vahidlik prinsipinə əsaslanaraq yaradılır və bədii yara­dıcılığın mahiyyətində mi­fo­logiya dayanır. “Sintez”, “ümumilik” onun ən çox sevdiyi terminlər idi. O, şairdən təkcə universallıq, yəni təsvir ümumiliyi tələb etmirdi, həm də kollektiv, müştə­rək, birlikdə yaratmaq ideyasını da ortaya atırdı. Müasir incəsənətdə əski mə­də­niyyətə xas vahid yaradıcılıq gerçəkliyini – “simpoziliy”i (müşavirəlik, məslə­hət­ləşmə) təzədən canlandırmaq arzusu ilə “yeni mifologiya” ideyası altında bütün şair­ləri ümimi xorda birləşdirməyə çalışırdı. F.Şlegel irəli sürürdü ki, incəsənəti dirçəlt­məyə qadir yeni mifologiya qədim insanların ilkin düşüncəsinin dünyanı nümunəvi və hissi dərk etməsi əsasında yaranan mifologiyasından fərqlənir. Yeni mifologiya insan ruhunun dərin qatlarında meydana gəlir, onun mənbəyi ilahi aləmin duyul­masından, mistik təəssüratdan alınan həyəcanlardan ibarətdir. Dünyanın mistik dərki həyatı daim əbədiyyət və sonsuzluq ideyası hissləri ilə doldurur. Bu mənada romantiklər dini hisslərin müasir poeziyanın əsasına çevrilməsinin tərəfdarı idilər. F.Şlegel yazırdı: “Dinsiz biz ancaq “qəşəng incəsənət” adlanan roman, yaxud oyun əldə edəcəyik” (5, 60). Söz sənət­karının mistik funksiyası haqqında da romantiklər maraqlı fikirlər irəli sürmüşdülər, xüsusilə şairin məqsəd və vəzifəsindən danışanda onu “seçilmişlər” sırasına daxil edirdilər. ”İnsan Yer üzünün başqa yaranmışları ilə müqayisədə nədirsə, şair də bütün adamlarla müqayisədə o qədər fərqlidir” (5, 60). Şairə bu cür xüsusi yüksək münasibət onunla izah olunurdu ki, onun ruhu ətrafdakı sirli mənaları açmaq imkanına malik idi. F.Şlegelin sözləri ilə desək, “şair gündəlik rastlaşdığımız ən adi şeyləri poetik aləmdə işlətməklə tamamilə şəklini dəyişməyi, yeni halda təsəvvürə gətirməyi bacarmalı, onların dərin məna kəsb etməsinə, ən ali anlam daşımasına çalışmalıdır” (5, 67).

Dünyanın xüsusi şəkildə görünməsi mifologiyaya və romantizmə xas xüsusiy­yətdir. Dante və Şekspirin əsərlərində universallığı fərqləndirən romantiklər “İlahi komediya” poemasını, “Hamlet”, “Romeo və Cülyetta”, “Kral Lir”, “Otello” kimi faciələri transsedentallığa bariz nü­munə göstərir və yeni romantik poeziyanın da bu keyfiyyətlərə cavab verməsini tələb edirdilər. Bütün dünyanı ənginliyi ilə təsvir üçün hədsiz mənalılıq, çoxsaylı məzmun çalarları axtarırdılar. Romantizmim mifyarat­ma­ya əsaslanan universallığının mahiyyətində məhz bu mühüm məsələ dururdu. Belə­liklə, romantiklərin mifyaratma haqqındakı fikirlərində çox yaxınlıq nəzərə çarpırdı. Bu, əslində təsadüfi deyildi, İen romantik dərnəyi əhatəsində bircə yaratmaq prinsipi ilə müntəzəm şəkildə dostluq söhbətləri, dialoqlar keçirilirdi, geniş fikir mübadilələri aparılırdı. Mifyaratmanın ümumi “məntiq” – daxili qanunauy­ğunluğu haqqındakı te­zis­ləri hamı yekdilliklə dəstəkləyirdi. Mifdən faydalanmanın vahid nəzəriyyəsi pole­mik müzakirələrdən keçərək işlənib hazırlanmışdı. Doğrudur, romantiklər üçün dəqiq məntiqi sxemlər, standart üslubi qəliblər, düzgün xətlənmiş “kontur”lar yad olsa da, onların mif konsepsiyası ardıcıllığı, müntəzəmliyi, tənasüblüyü ilə fərqlənirdi.

Romantiklərin ədəbi-nəzəri və fəlsəfi fikirlərini ümumiləşdirərək bu nəticəyə gəlirik ki, romantizm çağlarında mifyaratma poetik yaradıcılığın əsas prinsipi kimi götürülmüşdür. Sənətkar (poetik dahi) yaradıcılıq prosesində mistik duyğularını sı­naq­dan keçirmiş, həyat gerçəkliklərini mifologiyanın qanunlarına uyğyn şəkildə poe­tik formaya salmış və bununla dünyanı bütün əhatəliliyi ilə dərk etməyə can atmış­dırlar. Yaradıcılıq prosesinə gəldikdə, bu, dünyaya magik təsir kimi götürülmüş və ey­ni zamanda dünyanın sirlərinin xüsusi yolla açılmasına xidmət etmişdir. Bu cür eh­ti­raslı ilhamlanma nəticəsində mif-nağıl sintezinin daxili qanunauyğunluqları drama­tur­giyaya, poeziyaya və nəsrə şamil edilmişdir.

Romantiklər mifi düşüncənin universal sistemi kimi götürür (“mütləq mifolo­giya”), mədəniyyətin bütün inkişaf tarixi boyu mifologiyanın həmişə insanlara əhatə dairəsindəki ger­çək­liklərdən təsirlənməyə, əldə olunan bilgilər toplusunu dərinləş­dirib sistemləşdirməyə və sistemləşmə əsasında özünün konseptual dünya modelini formalaşdırmağa xidmət etdiyini göstərirlər.

“Mütləq mifologiya”nın reallaşması obraz, süjet və modellərin sonsuzluğunu, emprik müxtəlifliyini öz içərisində əridən tarixi-milli mifologiyaya (“nisbi mifologiya”) çevrilir. Zaman ötdükcə konkret forma şəklinə düşən “mütləq” və “nisbi” mifologiyalar bəşər oğlunun şüurunun təşəkkül tapması ilə aksentləşir, ayrı-ayrı aspektləri hiperbolizə (müqayisə) edir:

Kosmik başlanğıc – arxaiklik və maarifçilik;

Antropoloji mərhələ – antiklik və klassizm;

İlahilik – orta çağların xristianlığı və müsəlmanlıq.

Bir halda ki, mütləqdə hər şey ayrılmaz və əriməz sintezdədir, romantiklər də “mütləq mifologiya”nın parametrlərini bölünməz üçlük şəklində təqdim edirlər: “Kainat (kosmos) – İnsan – Allah”.

Romantiklərin “mütləq mifyaratma”ya maksimal yaxınlaşmaq təşəbbşləri onun­la şərtlənir ki, onlar öz əsərlərində dialektik-ierarxik xarakteri ilə əvvəlki mifo­lo­ji modellərdən seçilən xüsu­si dünya (universium) obrazı yaratmağa çalışır­dılar. Ro­mantik universiumun fiziki səviyyəsi dün­ya­nın ”cismani” (“kosmik”) – məkan xarakteristikasını əks etdirir. Universiumin bu xüsusiy­yə­ti­ni F.Şellinq “İncəsənətin fəlsəfəsi” əsərində «Təbiətə oxşar universium» adlandırmışdır (11, 18).


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə