Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Abidənin dili eyni zamanda folklor dilinin ən mükəmməl nümunəsidir. Bu gerçə



Yüklə 1,81 Mb.
səhifə9/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Abidənin dili eyni zamanda folklor dilinin ən mükəmməl nümunəsidir. Bu gerçəkliyi K.V.Nərimanoğlu belə xarakterizə edir: “Hər şeydən öncə KDQ folklor di­li­nin təməl örnəyidir. Hər xalqın öz dilində yaranan folklor ana dilinin ədəbi yad­daşıdır və əslində dildə olan hər sözün el dilində müəyyənləşən, sabitləşən və dəyişən elə bir dəyəri var ki, məhz o dəyər sözün mahiyyətini açmaqda açar rolunu oynayır. Ən qədim sözlər, ana köklər folklor dilindən pərvazlanır. İlkin folklor örnəkləri olan sehrli kəlmələr, söyləmələr, şaman nəğmələri, əmək və mərasimlərlə bağlı kəlmələr sözlü ədəbiyyatın bünövrəsidir” (13, 198). Dilin bütün təbii ehtiyatlarının və bədii şirələrinin toplandığı folklor dili haqqında düşüncələrini “Dədə Qorqud” nümunəsi timsalında izah edən alimə görə, “folklor dili, insanın qəzavü qədərlə, tanrı ilə, ilahi qüvvə ilə ünsiyyət dilidir. Folklor dili insanla insanın ən yetgin, doğru-dürüst, təbii ünsiyyət yoludur. Folklor dilinin sadəliyi içində dilin sonsuz mürəkkəbliyinin poten­sial qüvvəsi – mayası yaşayır. Milli-etnik, etnoqrafik, psixoloji, estetik, sosio­loji, an­tro­poloji özəl­lik­lərin qaynağı, məbədi olan folklor elə bir fenomendir ki, istər mifoloq, istər filosof, istərsə etnoqraf və ya yazıçı ondan yan keçə bilməz. Bu məna­da türk folklorunun təbii ifadə forması kəmiyyət və keyfiyyət dəyərlərinin yekunu olan dastanlardır. Dastan sintezdir və özündə musiqi rəqs, hərəkət özəlliklərini birləş­dirir (13, 198).


Ensiklopediyada Kamil Vəlinin əvvəlki illərdə “Kitabi-Dədə Qorqud”la bağlı tədqiqatlarının müəyyən bir hissəsi öz əksini tapır. Kitabda diqqəti çəkən yazılardan biri “Dastan” başılığı altında təqdim edilib. Burada türk xalqlarının dastan yaradı­cılığı əsas xüsusiyyətləri ilə səciyyələndirilib. Alim dastan yaradıcılığının türk xalq­la­rının folklorda özünüifadə formasının əsas vasitəsi olduğunu xüsusi olaraq vurğu­la­yır:”Bu mənada türk folklorunun təbii ifadə forması dastan yaradıcılığıdır” (13, 69).

Oğuz eposunun mətn qaynaqları. Oğuz eposunun öyrənilməsində diqqəti çəkən əsas məsələlərdən biri də eposun mətn materialının ümumi səciyyəsinin müəy­yən­ləşdirilməsidir. Biz də belə düşünürük ki, eposu təşkil edən məlumatların ümumi cəhətləri ilə yanaşı, onların mətn tipləri və şəkilləri də aydınlaşdırılmalıdır. Oğuz epo­sunu biz əski “boy”, “oğuznamə” və dastan olaraq epik ifadə formalarında görü­rük. Bunların içində təhkiyənin nəzm və nəsr formalarının olduğunu nəzərə alaraq “lirik-epik epos” olaraq səciyyələndirmək olar. Amma bunlar, yəni “boy”, “oğuz­namə” və “dastan” (buraya bahadırlıq nağıllarını da aid edə bilərik) birlikdə oğuz epo­sunun mətn ehtiyatının yalnız bir hissəsini əhatə edir. Buraya qeyd olunan­larla ya­naşı, bir sıra mətn qrupları da daxil olur. Beləliklə, “qopuzun və ya sazın mü­şa­yiəti ilə oxunan, salnamə, bədii yaddaş-tarix, xartiya, törə, etnik hüquq və dövlət sistemi­nin inikası olan türk dastanı bütün xalqların dastan yaradıcılığından özünəməx­sus­luğu, əhatəliliyi, ərazi genişliyi, kod mürəkkəbliyi ilə seçilir”. Qeyd edilən mətn ehti­yatlarının içərisinə türklər üçün çox önəmli olan və epik strukturda da əhəmiyyətli elementlərdən birini təşkil edən “soy şəcərələri” də aid edilməlidir. Bunların hər biri öz növbəsəində epos strukturunun formalaşmasında iştirak edir.

“Türk xalqlarının tarixini və mədəniyyətini əks etdirən qaynaqlar daha çox şifahi yaddaşla ağızdan ağıza keçə-keçə yaşayan söz sənəti örnəkləri ilə bağlıdır. Yazdırılan salnamələr, yasalar, kitabələr, bitiklər, unudulan qayaüstü cizgilər və rəsmlər, damğa və yazı gələnəyi folklorla çiyin-çiyinə yaşayaraq xalqın tarixini, mənəviyyatını yaşatmışdır” (13, 69).



Söyləyici və epos. Folklorun öyrənilmsəində əsas problemlərdən biri söyləyici məsələsidir. Çünki söyləyici təkcə mətnin ötürülməsində və variantlaşmasında iştirak etmir, eyni zamanda onu hər dəfə yenidən yaradır, ehya edir. Bu yenidən yaratma prosesində ənənəvi sxemin genişlənməsi, kodun kəmiyyət və keyfiyyət artımı, eləcə də əlavə məlumatın daxil edilməsi baş verir. Ənənəvi mətn söyləyicidən keçərkən onun yaşadığı dövrün, mühitin və şəraitin də gerçəklərini, dəyərlərini mənimsəyir. Ona görə də söyləyicini epik ənənədə qətiyyən mexaniki bir hadisə hesab etmək ol­maz. Kamil Vəliyə qədər oğuz mətnlərinin öyrənilməsində diqqət söyləyicidən daha çox əlyazmanı yazan və ya üzünü köçürən katibin üzərində cəmləşdirilirdi. Halbuki katibin imkanları söyləyici ilə müqayisə olunmaz dərəcədə məhduddur. Söyləyici folklorun bir parçası, onun özüdür, katib isə bu prosesin iştirakçısı yox, kənardan təs­vir­çisidir. Kamil Vəli oğuz eposunun əsas faktorunu-söyləyicini tədqiqata cəlb edir. Xüsusilə, onun təqdim etdiyi “çoxqatlı struktur” modeli dəqiq bir elmi təsbitdir və tədqiqatçıya mətn məlumatını doğru şəkildə deşifrə etmək imkanı qazandırır. Bu eyni zamanda oğuz eposunun müxtəlif dövrlərdəki söyləyiciləri məsələsinə də düzgün yanaşmaq imkanı verir.

Oğuz eposunun söyləyiciləri sırasında ozanın, baxşının və aşığın xüsusi yeri vardır. Baxşı əsasən, Orta Asiya sahəsində və şərq oğuzlarının ənənəsində özünü göstərir. Baxşıların burada əsas söyləyici mövqeyində müşahidə edilməsi oradakı oğuzların qıpçaklarla yaxın əlaqələrindən irəli gəlir. Baxşı ənənəsinə Altay kayçı­la­rının, qazax akınlarının müəyyən təsirlərinin olması da təbiidir. Şərq oğuzlarının söyləyici ənənəsinin daha çox qıpçak türklərindən təsirləndiyi görünməkdədir. Kamil Vəli oğuz söyləyicisini xarakterizə edərək yazır: ”Böyük türk savaşlarında ordunun önündə gedən, döyüşçüləri ruhlandıran, coşduran ozanlar-aşıqlar həm də bu döyüşləri yaddaşlara yazan, nəsil-nəsil ötürən, bütün zamanlar üçün əbədiləşdirən törə daşıyıcıları, mənəviyyat sütunları, sənət ustadları idi” (13, 69). Kamil Vəli dastan yaradıcılığında, oğuznamə ənənəsində söyləyiciyə, ozana, aşığa xüsusi əhəmiyyət verilməsinin zəruriliyini diqqətə çatdırır. Çünki ənənənin davamlılığının, fasiləsizliyinin məsuliyyəti bu söyləyici xalq sənətkarlarının üzərinə düşür.

“Qopuz – saz sənəti ilə bağlı ozan-aşıq məktəbinin boy-dastan yaradıcılığı, oğuz­namə sənəti, sonralar dastan adlanan epos mədəniyyəti türk həyat tərzi ilə, etnik psixologiyası ilə, yaradıcılıq ənənəsi ilə bağlı təfəkkür fəzasıdır” (13, 69). Musiqinin sadə və ya mürəkkəb quruluşundan asılı olmayaraq o, bütün hallarda ifanın melo­poe­tik bütövlüyü üçün lazım olan zəruri emosional minimumu təmin etmək gücündə ol­muş­dur.

Kamil Vəli oğuz epik ənənəsində söyləyicinin rolunu ümumtürk kontekstində dəyərləndirir. “Oğuz tarixi, oğuz düşüncəsi ilə oğuz epik ənənəsini üzvi şəkildə birləşdirən oğuznamələri yaradan qam-şaman-ozan-baxşı-akın deyilən qədim söz ustaları, mənəviyyat aləmini sənətdə yaşadan “Haqq-Taala könlünə ilham etmiş” us­tad­lar olub” (13, 69). Eposun struktur elementlərinin formalaşmasında, invariant və variant əlaqələrinin genişlənməsində söyləyicinin rolunu araşdırır. “Dastan struk­turu bir nəslin (sinxron) müxtəlif ifaçılarında və müxtəlif nəsillərin (diaxron) müx­təlif ifaçılarında nə qədər dəyişə bilər və necə dəyişə bilər sualına dəqiq cavab vermək çətindir. Ancaq bu dəyişmənin qanunauyğunluğunu belə təsəvvür etmək olar: ixtiyari dastan dil kimi insan beyninə çökdürülmüş şəkildə yaşayır, ifa zamanı nitq reallığı qazanır və bütün nitq formulları həmin dilin ifadə formulları kimi meydana çıxır” (13, 129).

Söyləyici və söylənilən mətn arasındakı münasibətin dialektikası da epik ənənənin qanunauyğunluğu çərçivəsində aydınlaşdırılır. “Dastan və ifaçı o vaxta qədər əlaqəlidir, vəhdətdədir ki, poetik struktur, obrazlar, süjet, motiv, uyğun formalarda yaşayır; bir növ “invariant-variant” əlaqəsi və dialektikası mövcuddur” (13, 129). Bu əlaqə əskinin içində yeninin yetişməsinə qədər davam edir. Yeniləşmə dəyişən dövrlə və dəyişən dəyərlərlə bağlı olaraq baş verir. Boyu boylatdıran, soyu soylatdıran subyektin mövcudluğu epik ənənəni sabit axarda davam etdirib, orta əsrlərin sonlarına doğru gətirib çıxarıb. Alplıq epoxasının alp ərənliyə keçməsi, islamla yanaşı təsəvvüfün aparıcı ideyaya çevrilməsi dastanı da, dastançını da dəyişir. “Həmin əlaqə zəiflədikcə yeni dastanının strukturu formalaşmağa başlayır və qədim dastanın daxilində yetişən yeni dastanın strukturu formalaşmağa başlayan yeni dastan dünyaya gələndə yeni “dastan-ifaçı” münasibəti və yeni “invariant-variant” əlaqə dialektikası meydana çıxır” (13, 129).

Kamil Vəliyevlə başlanan bu yönüm aşıq yaradıcılığı sahəsində Məhərrəm Qasımlının “Aşıq sənəti”, Hüseyn İsmayılovun “Göyçə aşıq mühiti” adlı kitablarında, ayrıca olaraq , Şirvan folklor mühiti kontekstində Atəş Əhmədlinin “Folklorda söyləyicilik sənəti” adlı tədqiqatında davam etdirilib.



Oğuz eposu və oğuznamə. Oğuz eposunun önəmli bir parçası “oğuznamə” adı ilə qeyd olunan mətn qrupudur. “Oğuznamələr türk xalqının həyatını, mübari­zə­si­ni, mənəviyyatını obrazlar, bədii lövhələrlə əks etdirən ədəbi-tarixi qaynaqlardır” (69).

“Türk mifoloji düzümünü zaman-zaman saxlayan oğuznamələr türk epik ənə­nə­sinin, etnomədəni sisteminin daşıyıcısı kimi istər Şərq (Türküstan, Sibir), istərsə də Qərb (Azərbaycan, Ön Asiya) variantlarında Mətə haqqında verilən yarı­ta­ri­xi, yarıəf­sanəvi yadigarları, Oğuz Kağan dastanını, eləcə də Rəşidəddinin (XIV əsr), Yazıçı­oğlu Əlinin (XV əsr), Hafiz Əbrunun (XV əsr), Həsən Bayatlının (XV əsr), Salır Babanın (XVI əsr), Əbül Qazinin (XVII əsr)... əsərlərindəki ayrı-ayrı hissələr, qeydlər, eləcə də çin, ərəb və fars dillərindəki mənqəbələr, qaynaqlar oğuznamələrə işıq salan ədəbi-tarixi mənbələrdir. Bu oğuznamələrin rəmzə çevrilmiş örnəyi KDQ dastanlarıdır” (13, 69).



Oğuz ənənəvi mədəniyyətini, mənəvi konseptlərini və bədii-poetik resurslarını daha dəqiq müəyyənləşdirmək üçün oğuznamələrin mətn məlumatlarının bir araya gətirilməsinin zəruriliyi vurğulanır. “Şübhəsiz ki, Oğuznamələr çox olmuş, Türküstanda, Qafqazda, Sibirdə, Ön Asiyada dildən-dilə gəzmişdir. Fəqət bizə Drezden və Vatikan əlyazmalarında gəlib çatan, XV əsrdə başqa əlyazmalarından köçürülməsi təxmin edilən KDQ Azərbaycan ərazisində formalaşan və coğrafiya, dil-üslub baxımından daha çox Azərbaycan türk dili olan ədəbi abidədir” (13, 69).

Epos və ritual. Oğuz eposunun az öyrənilmiş sahələrindən biri onun arxaik ritual əsaslarının müəyyənləşdirilməsi problemidir. Burada məsələ eposda görünən ritual rudimetntlərinin təsviri deyil, onların motivlənməsi, epos strukturunun forma­laş­masında oynadığı rolun müəyyənləşdirilməsi və daşıdığı funksional semantikanın aydınlaşdırılmasıdır. Kamil Vəlinin tədqiqatlarında məsələnin bu aspektinin də öyrə­nil­məsinin zəruriliyi diqqətə çatdırılır. Xüsusilə, formul nəzəriy­yəsinin tətbiqin­dən bəhs edərkən ritual formulları ayrıca bölmə olaraq seçilir. “Rəqsi, ifanı, yara­dıcılığı birləşdirən aşığın (qədim qamın, ozanın) ritual səciyyəli dastan ifası dünya mədə­niy­yətində bir fenomen” (13, 69) olduğu diqqətə çatdırılır. Eposun struk­turunu öyrənər­kən onun semantik səviyyəsini müəyyənləşdirən əsas element­lərdən biri ritual formuludur. Ritual formullarına toy, yas, hədiyyə vermə, mövsüm və s. aid edilir.

Oğuz eposunun əlaqələri. Kamil Vəli oğuz eposunu ümumtürk eposunun tərkib hissəsi kimi götürür. “Qazax türkləri arasında “Qorqudun küyləri” (nəğmələri) bugünəcən dolaşırsa, türkmən türkcəsi Dədə Qorqudun məğzini ifadə edən deyimlərlə, dil üslub özəllikləri ilə zəngindirsə, Sibir türklərində şaman-qam Dədə Qorqudun adı keçirsə, kiçik Asiya-Türkiyə ərazisində yüzlərlə Dədə Qorqud motivlərini, süjetlərini əks etdirən folklor örnəkləri yaşayırsa, özbək, qırğız, tatar dastanları Dədə Qorqud ruhunu birbaşa və dolayı şəkildə saxlayırsa, bu böyük abidəni məhdud coğrafiyada anlamağa heç bir elmi əsas tapmaq olmaz. Çünki KDQ-nin dilcə, coğrafiyaca ağırlığı onun ümumtürk, ümumoğuz sanbalını inkar etmir, əksinə təsdiq edir” (13, 70). Oğuz eposu bütün kökləri və rişələri ilə birlikdə ümumtürk eposundan qaynaqlanır və onunla əlaqəsini heç bir səviyyədə kəsmir. Altaydan başlanan Alp Manaş süjeti qıpçak eposundan Alp Manas, özbək eposundan Alpamış, oğuz eposundan Alp Bamsı olaraq keçir, şərq türkləri ilə qərb türklərini, Sibirlə Orta Asiyanı, Qafqazla Anadolunu birləşdirir.

KDQ-nin poetik sistemi. Kamil Vəli oğuz eposuna türk dilinin poetik sistemi kimi bir bütöv halında baxır. Alimin müşahidələrinə görə, “boyların obraz və poetik sisteminin çoxqatlı tədqiqi ümumi bir bağlılığı, üzvi bir vəhdəti təsdiq edir” (13, 70). Obrazın təhlili zamanı onun epoxal dəyərləri özündə toplayaraq çoxqatlı bir struktura malik olduğunu da təhlil müstəvisinə gətirir. “Məsələn, Dədə Qorqud obrazında şamanlıq, ozanlıq, el ağsaqqallığı, müdriklik kimi xüsusiyyətlər ayrı-ayrı funksional göstəricilər kimi vahid obrazın semantik çoxşaxəliliyini ifadə edir” (13, 70).

Alim eposun dil poetikasını bədii ifadə vasitələrinin səciyyəvi xüsusiyyətləri baxımından da dəqiqliklə aydınlaşdırır. “Dastanların dilinə başdan-başa hopan özünəməxsus nəfəs-ritm və intonasiya, təkrarlar sistemi, səslərin, sözlərin, sintaktik biçimlərin ardıcıl təkrarı, xüsusi alliterasiya və paralellik, bədii formullar, özünəxas metaforalar və bədii təşbehlər elə bir hava, mühit, istilik yaradır ki, “Dədə Qorqud” dünyasına daxil olan hər kəsə unudulmaz təsir bağışlayır” (13, 70).

Poetik səciyyənin izahında diqqəti sözlərin düzümünə yönəldir. “Qədim türklərin sözə inamı, sözün magik qüvvəsi şeiri, yəni xüsusi sırası ilə, deyim tərzi ilə adi danışıqdan seçilən söz düzümünü yaratmışdır” (13, 70). Şeir dilinin təkcə söz düzümü deyil, eyni zamanda onun emosional tərkibi də təhlilə cəlb edilir. “O yerdə ki, şeir səviyyəsində məqamlar var (intizar, təlaş, sevgi, sevinc, kədər, qəriblik...) orada ozanı şeir kökündən aşağı salmaq mümkün olmayıb. Qopuzun nümunəsində musiqi də burada öz rolunu oynayıb. Sonrakı dastanlarda da, məsələn, “Koroğlu”da yalnız şeirlər musiqi ilə − sazla oxunur” (13, 70).

“Dədə Qorqud” dilinin cazibəsinə, sözün sehrinə düşüb bu dili tamamən şeir hesab edən araşdırmaçılara alim öz münasibətini aydın şəkildə ifadə edir. “Dədə Qorqud” boylarının vaxtilə şeir olması fikri fərziyyədir. Mövcud mətndə yalnız səsli nəsrdən və ya özünəməxsus Qorqud şeirindən söhbət gedə bilər” (13, 70). Burada keçən şeir nümunələrini səciyyələndirəkən onların şeir nəzəriyyəsindəki yeri müəyyənləşdirilir. “Bu şeir öz poetik ölçüləri olan (ritm, ahəng, vurğu, qafiyə, alliterasiya ...) şeirdir. “Dədə Qorqud” şeiri yalnız “Bilqamıs”, “İncil”, “Avesta”, “Quran” ilə tipoloji müqayisəyə gələn nadir söz sənəti örnəyidir” (13, 70).

Oğuz eposunun tədqiqi zamanı Kamil Vəlinin tətbiq etdiyi Lordun formul nəzəriyyəsi mətnin öyrənilməsində yeni yanaşma kimi seçilir. “Məlumdur ki, hər bir dastanın formalaşması uyğun “mifoloji məntiqə” söykənir. İnsan nə qədər ki, sözlərin ifadə etdiyi sehrə inanır, o sözlərin dünyasındakı sirrə tapınır, o sözlərin hördüyü həqiqət mif-əsatir həqiqətidir. Və çox sonralar sehrini itirən sözlər nağıllaşır, epik və lirik nəğmələrə çevrilir, bir növ tarixə qovuşur və sonra həyat haqqında, insanlar haqqında dastanlar yaranmağa başlayır. Bu növ tarixin fonunda nağıl ilə mifin qarşılıqlı üzvi əlaqəsi, tarixi transformasiyası eposları doğurur” (13, 128). Eposun formalaşma­sında mif-nağıl və tarixi gerçəklik faktorunun hər birinin yeri və rolu haqqında aydın təsəvvür yaradılır. “Qəhərmanlığı, məhəbbəti tərənnüm edən bu eposlar xalq mənə­viyyatının ən geniş panoramına çevrilir.Epik nəğmələrədn eposa doğru uzanan yol hər xalqın milli-mənəvi-tarixi psixologiyası, poetik təcrübəsi ilə şərtlənir” (13, 128).

Oğuz eposunun poetik sisteminin təhlilinə ilk dəfə olaraq Kamil Vəli tərəfin­dən formul nəzəriyyəsi tətbiq edilir. Nəzərə alınır ki, “Parri-Lord nəzəriyyəsi ritmik-sintaktik modeli-formulu dastan yaradıcılığının əsasında götürür” (13, 129). Kamil Vəlinin araşdırmasında eposun formul üzrə öyrənilməsi üç hissədə təqdim edilir:

1. Sintaqmatik prinsip (başlanğıc, keçid və sonluq formulları).

2. Semantik prinsip (ritual, döyüş, kütləvi səhnə, öygü, dua-alqış, məişət, tə­biət, hikmətli kəlam, yol formulları).

3. Linqivistik prinsip (söz-formul (metafora), müqayisə-formul, söz birləşməsi-formul (bədii təyinlıər), cümlə-formul, mətn formul) (13, 129).

Kamil Vəli ayrıca olaraq orta əsrlər dövrü oğuzcasının “Dədə Qorqud kitabı”n­da­kı mətnlərinin sintaktik xüsusiyyətlərini aydınlaşdıran fundamental tədqiqatların mü­əl­lifidir. Bu yönümdə apardığı araşdırmalarında alim sintaktik paralelizm prob­le­mi­ni geniş və əhatəli bir şəkildə araşdırır. Oğuz eposu nümunəsində aparılan araş­dır­ma­da sintaktik paralelizm təzahürləri türk bədii dilinin təbiətindən irəli gələn qanu­na­uyğunluqlar əsasında incəliklərinə qədər izah edilir. Xüsusilə, türk dilinin şeiriy­yə­tinin və şeir dilinin əsasında duran poetik sistemi açır, onu bütün rənga­rəngliyi və müx­təlifliyi ilə aydınlaşdırır. Alimin bu zəngin dil materialı üzərində apardığı araş­dırmalardan gəldiyi qənaətə görə, türk dilinin poetik sistemi təkrar və sıra üzərində qurulur. Həm təkrarın, həm də sıranın dilin bütün səviyyələrində poetik təzahür formaları izlənilir və onların müəyyən edilmiş özəllikləri bədii dil sisteminin qanu­na­uyğunluğu kimi təqdim edilir.

Oğuz eposunun poetik sistemi haqqındakı qənaətlərini K.Vəli bu şəkildə ümu­mi­ləşdirir:

Fonetik səviyyədə – alliterasiya.

Morfoloji səviyyədə – morfemlərin təkrarı.

Leksik səviyyədə – qoşa sözlər, anafora və epifora.



Sintaktik səviyyədə – ritmik-sintaktik paralelizm (13, 131).

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə