Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə3/19
tarix02.10.2017
ölçüsü2,25 Mb.
#2990
1   2   3   4   5   6   7   8   9   ...   19

Qarış atmaq

İki nəfər pullarını yerə döşərlər. Özünün, ya tərəfinin məharət və bacarığını zehnində götür-qoy edər. Fasiləni nəzə­rə alaraq hərə öz növbəsində pullarının yerini dəyişər. Elə ki, biri münasib gördü pulunu götürər və tərəfin yerdəki pulunu tuşlayıb atar. Əgər bir qarışdan, ya təyin olunan ölçüdən fəs­ləsi az olsa tərəfin yerdəki pulunu götürür. Yoxsa, öz pulunu da uduzar.


Pul çöndərmə

Oyunçular hərəsi münasib məbləğ – pul üst-üstə qoyarlar. Növbə ilə başqa bir sikkəni pullara vurar. Hər kəs sikkəni çöndərə bilərsə, özününkü edər.


Alçı tava

Bəri başdan deyim ki, aşıq sovuranda ya “çik” düşər, ya “bök” düşər. Ya “alçı” durar, ya “tava” durar, ya da “omba” du­rar. Aşığın çuxur tərəfi üz olarsa “çik “düşüb. Saf olan dal tə­rəfi üz olarsa “bök” düşüb. Aşığın çuxur, yan üzü “alçı”, onun müqabilində yan üzü tava– mil durarsa “omba “deyilir.

Alçı tava oyunu iki oyuncu arasında olar. Birincisi aşığı sovurar, sonra ikincisi iki aşığdan tava duran bök düşəni və alçı duran çik düşəni udar. Əgər, məsələn, biri tava, o birisi çik düşərsə, aşığı duran oyuncu çik düşən aşığı öz aşığı ilə vuracaq. Çik üzünü döndərə bilərsə, onu udacaq. Döndərə bil­məzsə, əgər aşığı durarsa bir də vurar. Yoxsa tərəfin haqqı var, bunun aşığını vurub döndərsin. Döndərə bilməzsə, yenə birinci, üçüncü vuracaq. Beləliklə, nəhayət biri– birini udacaq. Dediyim bəs, ikisi də dura ki, götrər və yenidən sovurarlar. Aşıqları sovurandan biri bök, o birisi çik düşərsə, bök çiki vura bilər. Hər aşıq omba durarsa, bir başqa aşıqlar onu üstün­dən vurarlar. Ta dörd halətdən biri düşsün.
Qatar qoymaq

Bu oyunu iki nəfər oynar. Bir yumurtanı rədif düzərlər. Oyuncuların biri başdakı yumurtanı götürüb düşər və ikinci oyuncu ikinci yumurtanı götürüb vurar. Başını və künəsini sındıra bilsə, yumurtası sınan ikinci yumurtanı götürüb düşə­cək. Əgər yumurta vuran oyuncunun yumurtasının ba­şı sınarsa, çöndərib künəsini düşəcək. Künəsi də sınarsa, yer­dən oyuncu yumurtanı götürüb düşəcək. Beləliklə, oyun ida­mə tapar. Yumurtalar qurtaranda hansı oyuncunun əlində sağ yumurta qalarsa, yumurtaların hamısını udub pularını o birisi tərəfə dükancıya ödəməlidirlər.


Misqala kəsmək

İki nəfər bir qarpızı araya qoyar. Biri deyər, məsələn, on misqala, o birisi deyər, səkkiz misqala. Axırda biri deyəndə beş misqala kəsirəm, o birisi razılaşar. Bıçağı qoyub diqqətlə qarpızı iki böləcək. Qarpızın hər üzünü tərəzinin bir tayına qoyarlar. Əgər ağırlıq razılaşmış miqdarda misavi, ya az olarsa qarpızı kəsən udar və qarpız yeyilər. Pulunu da uduzan verər. Yoxsa, əgər razılaşmış miqdardan artıq olarsa, qarpız müqabil tərəfindir. Pulunu da qarpızı kəsən ödəməlidir.


Toxum çıxartmaq

İki nəfərin biri qarpızın qabığında bir müstəvi şəkil cızar. Məsələn, biri deyir, buradan altı dənə toxum çıxar­da­ram. İkincisi onu itələyib deyir: səkkiz dənə çıxardaram. O, artırar, bu artırar axırda biri deyəndə on iki toxum çıxar­daram, o birisi razılaşır. O adam bıcağı soxub diqqətlə qarpızı kəsib çıxardar. Bu cıxan hissədə əgər toxumların sayısı on iki dənədən cox olarsa, toxum çıxardan udur. Yoxsa, uduzarsa qarpızın pulun verməlidir.


Mum oynatmaq

Bu oyunu iki nəfər oynar. Bal pətəyindən çıxan “bərə mum”, ya “qara mum”dan bir oyuncu bir az mumdan qopar­dar, əllərini dalına aparar, mumu ovuclarının birinə qoyar. Əllərini yumaraq yoldaşına uzadar. Oyuncu mum olan əli tap­maq üçün cürbəcür fəndlər işlədər.


Çəkişmək

İki ev adamı, ya iki yoldaş yeməlidən, ya bir şeydən çəkişərlər. Toyuğun ətin yeyəndən sonra cınağını iki nəfər hərəsi bir tərəfindən tutub çəkərlər. Sümük qırılar. O dəqiqən, əgər biri o birisinə əlində bir şey verərsə şey alan gərək deyə: yadımda. Yadımdan şıxıb deməzsə, şeyi verən yadımda deyib şərti udacaq. Necə günə kimi də olarsa, çəkişənlərin biri udana kimi bu qərar yerindədir.


Mərcləşmək

İki, ya neçə nəfər pul, ya başqa bir şeydən mərcləşərlər. Mərcləşənlər iki nəfər olarsa, mərcləşən də çəkilib barmaq­ların bir-birinə kilidləyib sonra açarlar.



Qirx barmaq

Təklikdə, ya bir məclisdə bir nəfər yoldaşına deyir: gətir sənin beş barmağını qırx eləyim. Tərəf əlini gətirir. O adam bunun çilik barmağından yapışır. Hər barmağa bir ad deyir.



Çaydana girmək

Bir nəfər məçlis əhlinə deyir: mən çaydana girə bilərəm. Əlbəttə, buna heç kəs inanmayacaq və mərcləşirlər. Bir çay­dan gətirirlər. O adam ayağa durar, əl-qolunu çırmalar. O ya­na, bu yana gedər və deyir: mən hər vaxt deyirsəm bir salavat çevirəcəksiniz. Ancaq gərək hər kəs əlini yanındakı yolda­şının üzünə çəksin. Yenə otağın o başına, bu başına gedər. Gəlib çaydanın yanında durar və deyər: bir salavat çevirin! Necə nəfər məclis əhli ki, öncədən çaydana girən gizlincə on­larla dilləşib və əllərinin içinə kömür qarası yaxıblar salavat çevirəndə əllərini yanındakının üzünə çəkərlər. Salavatdan sonra üzləri qaraya boyanmış adamlar məclis əhlinin gülmə­yinə səbəb olar və məclisdə gülmək çıxar.


Gizlin şallaq

Oyunçular dairə şəklində yan-yana kip oturar və ayaq­la­rın dairənin mərkəzində bir-birinə çatarlar. Belə ki, qıçlarının büküklərinin altı bir dairə dalan kimi boş qalsın. Bir nəfər seçilərək dairənin mərkəzində ayaqları üstündə oturar və tez-tez o yan– bu yana göz-qulaq olar.

Şallağı qıçların altındakı boş dalandan əldən– ələ verər­lər. Münasib fürsətdə oyuncuların biri şallaq əlinə keçdikdə, çıxardıb arada oturanın kürəyinə göpsəyir və tez qıçların al­tına soxub əldən-ələ verər. Arada oturan şallağı eşikdə birinin əlində tutarsa, onunla yerin dəyişəcək və oyun davam edəcək.

Motal-motal

Bu oyunda uşaqlar dövrə vurub oturur, ayaqlarını bir yerə uzadarlar. Onlardan biri aşağıdakı şeyiri deyər:



İynə-iynə,

Ucu düymə.

Bal ballıca,

Ballı keci,

Şam ağacı,

Şatır keci.

Qoz ağacı,

Qotur keci.

Vur nağara,

Cıx qırağa.

Motal-motal

Tərsə motal,

Qaymaq tutar.

Ağ quşum,

Ağarçınım,

Göy quşum,

Göyərçinim.

Əlin tikan,

Əmirqulu.

Vur nağara,

Çıx qırağa.


Bu şerin hər kəlməsini deyən şəxs əlini növbə ilə yol­daş­la­rının və özünün ayağının üstünə qoyur. Şeyirin sonun­dakı “çıx qırağa” sözləri hər kəsin ayağının üstə deyilsə, aya­ğını çəkər. Son­ra yenə şeyir başdan-ayağa deyilir. Beləliklə, uşaqlar bir-bir ayaqlarını çəkir. Hər kəsin ayağı axıra qalsa, onu üzü üstə uza­dıb əllərini yumruq formasında onun kürə­yinə qoyub soruşurlar:

– Əl üstə kimin əli?

Əgər uşaq əlini onun kürəyinə qoyanı tapsa onu durğu­zullar, yox əgər tapmasa, deyərlər:

– Götürün vurun, yalandı.

Onu bir necə dəfə astaca vurur və yenə soruşurlar:

– Əl üstə kimin əli?

Beləcə, uşaq əl sahibini tapanadək onu astaca yumruq­layırlar.
Sınıq qol

Bir uşağın əlindən tutub, ehmalca qavzayıb endirir və bu şeyirləri deyirlər:

– Sınıq qol ha, sınıq qol,

Suya gedər sınıq qol.

Sudan gələr sınıq qol,

Bir tikə cörək görəndə:

(Sonra qolunu daha da qavzayıb deyərlər)

Düm-düz duraaar sınıq qol,

Düm-düz duraaar sınıq qol.
Lu lu lu lu xovzə

Uşağın əlini əllərinə alıb, ovcundə barmaq ilə bir dairə cəkərək, oxuyurlar:

– Lu lu lu lu xovzə,

Dört bir yanı səbzə.

Sonra çiri barmağı bükərək:

– Bir quş gəldi su icmağa.

İkinci barmağı bükərək:

– Bu tutdu.

Ara barmağı bükərək:

– Bu bişirdi.

Dördüncü barmağı bükərək:

– Bu yedi.

Sonra baş barmağın başına calıb deyirlər:

– Külə qalasan, böyümüyəsən,

Külə qalasan böyümüyəsən.
Kəkliyimin başı sarı

Necə uşaq dövrə ilə əyləşər, bir xırdaca uşağı da arala­rında oturdub, onu özlərinə kəhlik edərlər. Sonra da hamısı başlarına cadra, ya da mələfə cəkərlər. Xırdaca uşağın başını tumarlayaraq, bu şeyirləri oxuyarlar:

– Kəhliyimin başı sarı.

Saclarını tumarlayaraq:

– Sacı sarı.

Dodaqlarını oxşayaraq:

–Dimdiyi sarı.

Qollarını:

– Qanadı sarı.

Nəhayət ayaqlarına əl cəkərək:

– Ayağı sarı.

Sonra birdən əllərinin arxasıyla mələfəni yendirib, oxu­yarlar:

– Kəhliyim qquu, kəhliyim qquu,

Kəhliyim qquu, kəhliyim qquu.



Tapmışam, ha tapmışam

Bu oyunu qız uşaqları ilə oynarlar:

Qız uşağı deyir:

– Tap-tap

Anası deyir:

-İnci qızım,

Nanə qızım,

Palə duzumə

Nə tapdıysan, ver mən də tapdıyım.

Qız deyər:

– Yox, yox.

Ağam vurar, ağam söyər.

Anası deyər:

– Elə də bir çubuq ver çəkək.

Qız uşağı əlini çubuq şəklində tutub, anası onun kicik barmağını sorub deyər:

– Acıdı ha acıdı,

Bir də sorub belə deyər:

– Şirindi ha şirindi,

Mənimdi, ha mənimdi,

Tapmışam, ha tapmışam.




Bir quşum var bu xərtənə...

(oğlanlar ücün)

Oynayanlar özlərinə bir molla secib bir yerdə sıralanır­lar. Molla öz zehnində bir quşu tutub onun biçimin qayışla deyir:

– Bir quşum var, bu xərtənə, başı var bu xərtənə...... Ayaxları var bu xərtənə.....

(Quşun bütün üzvlərinin ölcüsün qayışda tutar). Sırala­narlar hərəsi zənn etdikləri quşların adların deyərlər. Hər kəs tapsa o molla olar, ya tapa bilməsələr molla” vur catdasın” deyib, onları qayışla vurmağa başlar. Oyuncuların qayışdan qor­xanı dağılarlar. Çevikləri mollanı tutarlar. Mollanın gözlə­rin yumub qayışı gizlədərlər. Sonra mollanın gözlərin açıb istərlər qayışı tapsın. Molla düşər axtarmağa, zənn etdiyi yer­lərə baş çəkər. Tapa bilsə, oyunu davam edər, tapa bilməsə qa­yışı gizlədərlər, onu qayışla vurarlar. Ayrı molla seçilər oyun davam edər.


Üçəm

Üç dənə saytal aşıq seçilir. Oyunçular dövrə otururlar, iki qarış boyunda dairə (çəmbər) şəklində cız çəkilir. Oyunçular sıra ilə üç aşığı cızın içində göyə atırlar, kimsə üçəm (üç aşıq birlikdə bük, cik, ya şək) gətirirsə, oyunu davam etdirir. Üçəm gətirən oyunçu, üç aşığı cızda göyə alır. Üçəm gəlsə, öncəki üçün üstünə sayılır. Yəni say altı olur. Üçəm gəlməsə, mat duran aşığa, oyunçu yatırdaraq çırtma ilə bir-bir qalan iki aşığı vurur. Vuran və vurulan aşıq cızdan çıxmamalı, yaxud bura keçməmlidir. Belə olsa, sıra o biri oyunçuya keçər və bir də ayrıdan sırası gələndə qaldığı saydan oyunu davam etdirir.

Oyun oynananda kimin atdığı üç aşıqdan biri dursa, o oyunçu oyunu udur. Hamıdan qabaq oyunun sayını əlli birə yetirən oyunu udur. Qalan oyunçular oyunu davam etdirirlər. Oyunda neçə nəfər olsa bir-bir əlli birə çatıb oyundan çıxırlar. Kimsə hamıdan sonraya qalsa oyunu uduzur, o oyunu birinci qazanan oyunçudan cəza almalı olur.

Oyunu birinci udan oyunçu aşıqları əlinə ylğaraq uduzan oyunçunun yanında oturur, aşığı olan əlini onun başına tulla­yaraq deyir: “Hələ-hulə, dağdan-daşdan (uduzanın adı) “başı­na çətin oyun gələ”. Sonra aşıqları yerə atır. Nə şəkildə düşər­sə, cızanın qərarı olur (məsələn: iki cik, bir bük). Udan oyun­çu, uduzan oyunçunun belinə şillə vuraraq deyir: “İki cik, bir bük”. Uduzan oyunçu aşıqları göyə atır və çalışır cik, bir bük gətirsin. Belə olan kimi oyun bitir. Bu gün payız-qış gecələ­rin­də çoxlu uşaqlar və yeniyetmələr arasında oyna­nılır. Əy­ləncə üçün olduğu halda rəqabət hissini gücləndirir.


Cız

Çəmbər (dairə) bir cız çəkilir. Bu cızın böyüklüyü oyun­çuların marağı ilə iki arşından üç arşına qədər bəlkə də artıq olur. Cızın ortasında çəmbər şəklində, bir-iki qarış boyunda ayrı bir cız çəkilir. Bu cızın adı çırtdıqdır. Hər bir oyunçu çırtdıq deyilən cıza bir aşıq qurur. Düz bir cızın üstünə quru­lan bu aşıqlara oyunçular hənə deyirlər. Hənə quran oyun­çular, ola bilər, tək-tək olarlar, ya iki, ya üç, ya dəstələrə bölü­nürlər. Sonra birinci kim, ya hansı dəstə baş olub, başdan aşıqlara saqqa atmalı olacağını bəlləmək üçün, saqqaları (saqqa: cızın içində olan aşıqları vurmağa bir sağlam və böyük aşıq) bir-birinə qoşulub göyə atırlar. Kimin saqqası şık dursa o və onun dəstəsi birinci olur. Ardı və qalanları bəlli olunca bu iş davam etdirilir. Oyunu başlamaq vaxtı çatır. Birinci baş olan boş de­yilən yerdən (baş: cızdan bir az aralı bəllənmiş yerdən) cızın içində qurulan aşıqlara saqqasını özəl şəkildə tuşlayıbdır. Saq­qa aşıqlara dəyərsə, aşıqlardan böyük cızdan çıxanı saqqa atan oyunçunun olur. Bir dənədən artıq cızdan çıxanda mehişt deyilir. Mehiştin olub-olmaması oyundan öncə olan danışığa bağlıdır. Saqqası dayanan yerdən bir daha atmaq haqqı var, am­ma çırtdıqdan çıxıb və qalan oyunçular vasitəsilə çırtdıq seçilən aşıqlara ata bilməz (Öncə danışılır). Qalan aşıqlara saq­qasını atır. Saqqası çırtdığın içində qalsa, orada olan hənə­ləri çırtmaqla, saqqası oradan çıxınca cızdan çıxara bilər. Saq­qa başa keçərsə, ya dəydiyi aşıq cızdan çıxmasa sıra o biri oyunçuya keçir.

Sırada olan oyunçu çırtdıq seçibdirsə, cızın qırağında da­yanaraq uzanıb onu çırtmalı, yoxsa dayanaraq vurmalıdır. Vurduğu aşıq çıxmasa, ya saqqası dəyməsə, sıra o biri oyun­çuya keçir. Oyunçu o yerdən ki, gəzər saqqasını ata, onu bir az tapdasa, deyərlər haranı basdın, saqqası dəymiş olsa gəzən ayrıdan saqqa ata. Beləliklə, aşıq (hənə) azdan qurtarınca sıra ardıcıl dolanır. Yeni oyun başlananda sıra belə olur: sonuncu hənəni udan oyunçu baş olur, ilk oyunda ziran (hamıdan son) olan oyunçu ard olur, baş olan oyunçu ziran olur və qalan oyunçular bir nöbət yuxarı qalxırlar.

Qeyd etmək lazımdır ki, cızda olan aşıqların yerinə bəzən cınqır da qurulur. Hər halda cıza qurulan nə olursa olsun, hənə adlanır. Oyunçuların hənələri bitdikdən sonra, ya oyunçuların razılığı ilə oyun sona çatır. Oyunun qaydalarını bilərkən gözləməyən oyuncuya dağal deyilir.


Qalaşək

Oyunçular hər biri, bir, ya iki aşıq (oyunçuların az çox­luğundan və qərarından asılı olaraq) şəkk halında bir-birinin yanına qalayırlar. Elə buna görə də bu oyun qalaşək adlanır. Həm də komalanmış bu aşıqlar qala şəklinə qalanan aşıqlarına arxasında duraraq hər oyunçu saqqasını bir yana atır (çıxır). Kim lap uzağa çıxsa, o başdır. Bu o deməkdir ki, birinci o atmalıdır. Sonuncu atan qurulan aşıqlara ən yaxın şəxs olur. Kimin saqqası aşıqlara dəysə, saqqanı yerindən aşanın aşıqları tutması gərəkir. Yəni saqqa tutsan, ya bük düşərsə, bük düşən aşıqları və avçı, ya cik düşərsə, cik düşən hənələri tutur və bunları saqqa atan oyunçu udur. Əgər saqqa heç bir aşığı tutmursa, sıra o biri oyunçuya keçir. Aşıqlar tükənincə oyun sürür. Hənələr bitincəyə qədər, sırası gələn oyunçu son dönə saqqası hardadısa, oradan atmalı olur. Bu oyunda da oyun­çular dəstələrə bölünə bilirlər.


Kor

Bir düz cız çəkilir, oyunçular hər biri bir və ya iki hənə­şək halında bir-birinin ardınca cızın üstünə qururlar. Oyun­çular qurulan aşıqların ardından saqqalarını bir məsafəyə bir-bir özəl şəkildə maç quraraq atırlar. Saqqası hamıdan uzağa çıxan oyunçu baş olur. Bəzən ziran oyunçu dibdə qalır, saqqa­sını başa sufçunur. Bu sufçumalarda hər kimin saqqası kor şək­lində durarsa, ondan sonra duran oyunçular kor duran saqqanı vurmaq üçün hənələrin dalından atacaqlar. Saqqa yi­yəsi öncəki danışıqla bağlı saqqanın timini hər saqqa atan oyunçuya çevrir. Saqqa atanlar vura bilməsə, ilk başa çıxan olsa, onlar atırlar.

Beləliklə, hansı oyunçu kor duran saqqanı vurarsa, hənə­ləri o oyunçu udur. Amma kor duran saqqanı vura bilən ol­ma­sa, hənələri kor yiyəsi udur. Oyun boyu kor duran saqqa ol­masa oyunçular sıra ilə saqqaları ilə qurulan hanaları vururlar. Bu vurmada saqqa hansı hənəyə dəyərsə, gərək onu bir qarış ölçünü yerindən dəbərdə. Belə olmasa, sıra o biri oyunçuya keçir, saqqaları olduğu yerdən atmağa başlayırlar. Sonuncu hənəni udan oyunçu baş olur və baş olan oyunçu isə ziran, qalan oyunçular isə keçən oyundakı yerlərdən bir pillə başa doğru qalxırlar. Beləliklə, oyun oyunçuların hənələri qurtarın­ca davam edir. Oyunun harasında olursa olsun, kiminsə atdığı saqqa kordursa, hənələr qalır və sıra kimdədirsə, koru vur­ma­ğa saqqa atır. Koru bu məqamda vursalar, onu vuran olmasa, kor yiyəsi udulan hənələri də o biri oyunçulardan alır.
Göydən gəldi

Oyunçular hər biri aşıq (hənə) bir-birinə qoşurlar. Oyun­çunun biri onu göyə atır. Aşıqlar göydən gəlib yerə səpələnir. Aşıqlarda birindən artıq şək duranı olsa və onların heç biri o biri aşıqlardan götürməsə, ya şək duran olmasa və yıxılmış aşıqların cik, ya bük düşən neçə aşıq olsa, aşıqları yığıb ayrı­dan göyə atırlar. Yerə tökülmüş aşıqlara baxırlar, hansı şək durubsa, tuxan duran bük aşıqları avçı duran isə cik aşıqları götürür. Amma oyunu davam etdirməyə mat və şəxsin olur ki, onun şək durmuş aşığı hələ udub. Oyun qarışıq olduqca hey aşıqlar yığılıb yenidən göyə atılır və sonunda biri mat olur. Mat olan oyunçu öz hənəsini götürüb, göyə qaldırıb və yaxın­lığında olan aşığa vurur. Oyunçu gərək vurduğu aşığı döndə­rə, ya aşığı şək dura və onu tuta. Ondan sonra başqa istədiyi aşığa atacaq. Əgər belə ola bilməsə, sıra vurulan aşıqçıya keçir, bütün aşıqlar qurtarana kimi oyun bu qayda ilə davam edir. Belə oyunlardan yaxşı şək durmaqdan ötrü tilan aşıqlar çoxlu qoşulur. Arada görürsən hənələri hənə gətirsin deyə, hər bir oyunçu qoşduğu hənəni özəl şəkildə tərifləyir:

– Timini para,

Qoyma apara.

Hə pivan, hə...
Yerdə oturdu

Üç qarış boyunda çənbər (dairə) şəklində bir cız çəkilir. Oyunçular cızın qırağında duraraq hər biri bir, ya iki həna qoşurlar. Bir oyunçu qoşulan hənələri göyə atır, hənələr cızın içinə səpələnir. Aşıqların bir dənəsində artıq şək duranı olsa və ya heç şək duran olmasa və yıxılmış aşıqlardan ya bük düşən neçə aşıq olsa, aşıqları yığıb ayrıdan göyə atırlar. Ta aşıqların biri şək dura, ya biri bük, ya cik olan, yəni o biri aşıqlardan fərqli şəkildə düşə, onda bu aşıq kimin olarsa, deyərlər onun matıdır. Matı düşən aşıqçının aşığı tufxan durubsa, bük aşıqları və avçı durubsa, cik aşıqları tutur. Və onları şək duran aşıqları udur və sonra matı düşən matı yiyəsi aşığını istədiyi kimi yatırdıb, cırtma vasitəsilə öz aşığını ayrı aşığa tuşlayıb vurmaladır, beləliklə o aşığı cızdan çıxarma­lıdır, amma öz aşığı cızdan çıxarsa, öz hənəsini uduzar və sıra aşığı tuşlanan oyunçuya keçər. Əgər cızın içində bir aşığı tuşladı və aşığı ona dəymədi, sıra aşığı tuşlanan oyunçunun olar. Beləliklə, oyun aşıqlar qurtaınca davam edir.


Saqqa vurdu

Bu oyunda saqqa adlanan aşıq, ya bir tikə daş istifadə olunur. Oyunçuların biri saqqasını başa çıxır, o biri oyunçular sıra ilə çıxılmış saqqanı vurmağa saqqa atırlar. Saqqanı vuran udur. Bu oyunda hər dönə oyunçu o biri oyunçulardan bir hənə alar. Çıxılan saqqanı vura bilən olmasa, oyunçuların hər biri ona bir hənə verir. Hənə məmula aşıq, bilək, sədəf, cınqır və s. olur. Bu oyunu uşaqlar çox oynayırlar.



AĞAC OYUNLARI
Döymə ağac

Çobanlar örüşdən bir yerə toplaşırlar. Püşk atırlar, oyunçuların sırası bəlli olur, birinci (baş olan) həbənin arxasından ağacını öz istdəyi qədər başa çıxır. Hər oyunçu öz sırasından həbənin arxasından başda olan ağacı vurmaq üçün ağacını atır. Kim vurarsa, onu udur və dərhal bəlli olan cəzanı yerinə yetirir. (Məsələn, onu həbədən ağaca kimi minir). Sonra ona yaxın olan ağaca atır, vursa onu da udur. Vurmasa sıra o ağacı ya keçir, ya o biri ağacı keçib ona atır. Oyun belə davam edir və ağaclar vurulub qurtardıqdan sonra kim vurub­sa, baş olur. Öncə baş olan ziran olur və o biri sıralar hər oyun bir pillə başa yaxınlaşırlar.


Doqquz öküz

Bu oyunda hərə bir balaca çala qazır. Hər oyunçunun altmış santı boyunda bir ağacı olur, on-beş santı boyundan çili­nək adlanan bir ağacın da olması lazımdır. Oyunçular bir-bir, ya oyunçuların sayından asılı olaraq bir neçə bölmədə bölünə bi­lərlər. Püşk atılır, oyunu ilk başlayan oyunçu bəlli olur. Çi­ling­lə çalanı bir təhər oyurlar, onun bir ucu çalanın içinə və ortası çalanın qırağına söykənərək yarısı çaladan çölə qalxır. O biri ağacla çilingin çöldə qalmış ucuna vururlar. Çiling göyə qalxan kimi ağacla onu vurub uzaqlaşdırırlar. Əgər bu çağ çi­ling vura bilməsə, sıra o biri oyunçuya keçir. Çilingdən həvəyə qədər ağac oyunda sayırlar. Hər doqquz ağac bir öküz sayılır.

Bəzən çiling həddindən artıq göyə qalxır, belə hallarda oyunçu onu kirtdəklə (sellə, ağacı özəl şəklində tullamaq, at­maq şəkli) vursa, ağac yerinə çilingin özü ilə ölçür. Çilingi vura bilməyən oyunçunun sırası gələndə, oyunun sayını qal­dığı yerdən davam etdirir. Əlli bir öküzə çatan oyunçu oyunu udur, qalan oyunçular oyunu davam etdirirlər. Oyunu birinci udan oyunçu danışığa bağlı ən sona alıb və uduzan oyunçunu minib bəlli bir yerə qədər gəzdirir.
Sancma ağacı

Oyunçular ağaclarını bir yerə toplayırlar və biri bu top­la­nan ağacları göyə atır. Kimin ağacı hamısının üstündə qalsa, o oyunçu ağacını aparıb başda sancır. Ağacını sancan oyun­çudan başqa bir sıra da hər oyunçu mərə adlanan bir çala qazılır. Oyunçuların bir ayaqları mərədə olaraq hamısı birdən sancılan ağacı vurmağa atırlar. Onu vuran olmasa, ağacın sancılanla birlikdə o biri oyunçular qaçır, ağaclarını götürüb qayıdıb mərə tuturlar. Kim mərə tuta bilməsə, ağacını sancır, ağaclar yenidən atılır. Sancılan ağacın vuran ağacını götürüb həbəyə gəlir, oradan uzanır, ağacı və öz boyu həbəsini sancı­lan ağaca yaxınşaldırır. Oyun belə sürür.

Sancılan ağacı vurub hər dənə beləcə həbəsini ona yaxın­laşdıran oyunçulardan kim hamıdan əvvəl ağaca çatır, oyunu o qazanır. Oyun belə davam edir və udanlar bir-bir sıradan çıxır. Hamıdan dala qalan oyunu uduzur. Uduzan oyunçunun gözlə­rini bağlayıb, ağacını əlinə verirlər. O, ağacını tullayaraq san­cılan ağacını vurub aşırmağa çalışır. O biri oyunçular da onu başmaq tayı, ya çantayı ilə vururlar. Görürsən, gözü bağlı oyun­çu çobanların hay-küyündən və başmaq taylarından aldığı zərbələr üzündən özünü itirib və ağacı tapıb aşıra bilmir və çoxlu döyülür. Ağacı tapıb aşıran kimi oyun bitir.
Hoyma ağac

Çobanlar örüşdən bir yerə yığışıb püşk atırlar. Püşkü udan ağacını göyə atır. O biri çobanlar atılan ağacı göydə vurmaq üçün ağaclarını onun dalısıycan sıxırlar. Kim atılan ağacı birinci vursa udur və vurulan ağac yiyəsinə öncə bəlli olduğu cəzanı verir. Çobanların cəzası ya şillə, ya belə mindirdi, ya çantada olan yeməklərdən olur. Ağacı vuran şəxs baş olub və yeni dönə ağacını o göyə atmalı olur. Atılan ağacı vuran olmasa, oyun yiyəsi hamını udur, cəzalandırır. Oyun belə davam edir. Belə oyunlarda bəzən çörək, yavanlıq şərtlər arada olurdu.


Coz mərəsi

Coz adlanan bir balaca (bir qarışıq boyunda barmaqdan bir az yoğun) ağac hazırlanır. Hər oyunçunun bir arşın boyun­da bir əl ağacı olur. Mərə adlanan bir balaca çala qazılır. Mərədən beş-altı addım uzaqdan baş bəllənir. Oyunçular iki bölümə bölünür, pərşək (yaşda – quruda: bir yastı daşın bir üzünü yaş edib qarşı tərəfdən soruşurlar: yaşdasan, quruda?) atılır, püşkü udan mərədə qalır və ağacların ucunu mərənin üstündə tutub, hazır durumda dayanıb cozu ora düşməsin deyə güdürlər. Püşkü uduzan cozu mərəyə salmaq üçün onu başdan mərəyə atırlar. Coz mərənin üstünə gələrsə, mərə qoruyanlar onu var gücləriylə vurub atırlar. Coz mərənin içinə düşsə, yerlər dəyişilir. Uzaqlaşan cozun yanındakılar mərəyə doğru atırlar. Mərəyə başdan yaxın düşsə, onu mərədəkilər yerdə vuraraq, atırlar. Oyun belə davam edir. Bu oyunun cə­za­sı ilə yandakıların qaçıb loqquyub yorulmasıdır. Bu oyunu da çoxlu çobanlar mal-qoyun otaranda örüşdə oynayırlar.


ANDLAR
İşığa, suya olan andlar:
Bu işığa and olsun.

Bu işığa, cırağa and olsun.

Bu çıraq haqqı.

Bu işığa gözlü baxım.

Bu çırağ mənə qənim olsun.

Bu işığ haqqı.

Bu çırağ mənim gözümü tutsun.

Bu suya and olsun.

Bu axan suya and olsun.

Bu gün haqqı.

Bu günə and olsun.

Bu günün işığına and olsun.

Bu ayın işığına and olsun.

Gözüm tutulsun.

Gözlərimdən olum, yalan desəm.

Kor baxım.

Yalan desəm kor olaram.
Dini andlar:
Həzrət Abbas haqqı.

İmam haqqı.

İmam Həsən haqqı.

İmam Rza haqqı.

Kitab haqqı.

Məşhədə and olsun.

Oxuduğun kitaba and olsun.

Peyğəmbər haqqı.



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə