Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 10.05. Ağacla (sərvlə) xəbərləşmə – qarğış



Yüklə 2,14 Mb.
səhifə9/27
tarix02.01.2018
ölçüsü2,14 Mb.
#19463
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
§ 10.05. Ağacla (sərvlə) xəbərləşmə – qarğış
Kərəm daha sonra daha bir dialoq-xəbərləşmə ritualı ke­çi­rərək, Əslini sərv ağacından xəbər alır:

“Kərəm sözünü tamam çatdırıb, özünü yetirdi həmişə Əs­li kölgəsində oturan sərv ağacına. Ürəyinnən qara qan axa-axa sərv ağacını qucaqlayıb, görək Əslini onnan (4 bəndlik şeirlə – S.R.) necə xəbər aldı:


Dur, sərv, dur, sənnən xəbər sorayım,

Sərv ağacı, sənin maralın hanı?

Gözümnən axıtma qanlı yaşları,

Sərv ağacı, sənin maralın hanı?”115


Lakin Kərəm şeirin üçüncü bəndində ağaca qarğış edir:
Doğru söyləməsən, qəddin əyilsin,

Qarğaram Mövladan, belin bükülsün,

Bir ah çəkim, yarpaqların tökülsün,

Sərv ağacı, sənin maralın hanı?116


Kərəm ağaca ona görə qarğış edir ki, ağac ona cavab ver­mir. Əslinin sevimli ağacı öz sahibinin sevimlisi olan Kə­rə­mə ona görə cavab vermir ki, Qara Keşiş bütün bağı til­sim­lə­yib. Bu baxımdan, Kərəmin-Sərv ağacı dialoqu formasına gö­­rə passiv (birtərəfli) xəbərləşmədir.
§ 10.06. Evlə (Bağla) xəbərləşmə
“Kərəm sərv ağacınnan heç bir cavab ala bilmədi, dönüb keşişin evinə tərəf gəldi. Gördü ki, keşişin evi uçulub, viran olub. Kərəmin dərdi daha da artdı. Sinə sazını alıb, görək (4 bəndlik şeirlə – S.R.) nə dedi:

Keşiş bağçasına gəldim,

Gördüm, nazlı yarım getmiş.

Bağ gözümə xor göründü,

Sallanıb gəzənim getmiş...”117
Maraqlıdır ki, Kərəm keşişin evi ilə xəbərləşsə də, şeirin bü­tün bəndlərində bağdan söhbət gedir. Bu, epik trans­for­ma­si­yalar zəminində yaranan ziddiyyətdir: nəsr “ev” desə də, şeir “bağ” deyə onu inkar edir. Yuxarıda qeyd etdik ki, mət­nin şeirləri öz statik strukturuna (poetik qəlibinə) görə daha mü­hafizəkar olub, nəsrə nisbətən daha az dəyişir. Bu cəhətdən Kərəm-Ev (Bağ) dialoqu formasına görə sərv ağacı ilə dia­loq­da olduğu kimi passiv (birtərəfli) xəbərləşmədir: Kərəm so­ru­şur, Ev (Bağ) cavab vermir.

§ 10.07. Qızla/İnsanla xəbərləşmə: etnokosmik identifikasiya
Kərəmin Ev/Bağla xəbərləşməsindən sonra ilk iden­ti­fi­ka­­siya formuluna rast gəlirik: “Kərəm Əslini axtara-axtara ba­ğı gəzirdi, baxdı ki, kənardakı gül bağında bir qız seyr edir. Kərəm elə bildi ki, bu, Əsli xandı118.

Kərəmin qızı Əsliyə oxşatması süjetüstündə bir bən­zət­mə hadisəsidir. Lakin belə oxşatmaların süjetin sonrakı həl­qə­lə­­­rində təkrarlanması onların sadəcə oxşatma hadisəsi yox, mət­­­nin kosmoloji strukturuna daxil olan etnik identifikasiya for­­mulu olduğunu göstərir.

İdentifikasiya epik struktur səviyyəsində qəhrəmanın sı­naq formullarına aiddir. O, hər dəfə öz sevgilisini tanımaqla əsl qəhrəman, həqiqi sevgili olduğunu pillə-pillə sübut edir. La­kin identifikasiyanın, bizcə, kosmoloji (ritual-mifoloji) struk­tur ba­xı­mından daha dərin mənası var. Bu cəhətdən, Kə­rə­min bağda Əs­liyə oxşar qıza rast gəlməsi təsadüfi deyil. Qa­ra Keşiş hər yeri tilsimləmiş, o cümlədən qızı da tilsimləyərək Əs­liyə ox­şat­mış­dır. Məqsəd Kərəmi hədəfdən yayındırmaq, kos­mik ni­kaha yol verməməkdir. Kərəm bu dəfə də dialoq-xə­bərləşmə ritualı ke­çirir. Bu xəbərləşmə ondakı in­for­ma­si­ya­nın zən­gin­li­yi­nə gö­rə bizə çox şey deyir. Belə ki, yuxarıdakı xə­­bər­ləş­mə­lərin heç birində Kərəm heç nəyi Əsliyə bən­zətmir: bu dəfə isə bənzədir.



Dialoqun tərəfləri: İnsan (Kərəm)-İnsan (Qız).

Dialoqun süjetüstü və süjetaltı forması: aktiv (iki­tə­rəf­li) xəbərləşmə: Kərəm soruşur, Qız cavab verir;

Dialoqun məqsədi: Qızın etnokosmik kimliyinin mü­əyyən­ləşdirilməsi.

Kərəmin qızı dialoq-xəbərləşmə ritualından keçirməsi onun həqiqətən Əsli olub-olmadığını öyrənmək, başqa sözlə, onun etnokosmik kimliyini müəyyənləşdirmək üçündür. Bu­ra­­dan belə nəticəyə gəlmək olur ki, əslində, bundan əvvəlki bü­­tün dialoq-xəbərləşmələr də elə etnokosmik kimliyin müəy­yən­­ləşdirilməsinə xidmət edir. Belə ki, Qara Keşiş qızı til­sim­lə­­­yərək Əsliyə oxşadır. O, tilsimkar-sehrbazdır və Əslini Kə­rə­­min xəbərləşdiyi hər şeyə – yurda, kəfənə, iynəyə, döşəyə, sərv ağacına, evə, bağa, gülə çevirə bilərdi. Unutmaq olmaz ki, mifoloji düşüncədə bütün varlıqlar çanlıdır və öz dünyaları var. Məsələn, nağıllarda ilanların öz cəmiyyəti və öz padşahı, dənizdəki balıqların öz cəmiyyəti və padşahı, meşədəki hey­van­ların öz dünyası və padşahı var. Yenə də nağıllarda Qara Ke­şişlə eyni funksiya daşıyıcıları olan dərvişlər qızları til­sim­lə­yərək cansız əşyalara çevirə bilirlər. Demək, Kərəmin bütün dialoq-xəbərləşmələrdə əsl məqsədi etnokosmik identifikasiya – eyniləşdirmə yolu ilə kosmoloji kimliyin müəyyən­ləş­diril­mə­sidir.

Bir detalı da əlavə edək ki, “Dədə Qorqud”da evi oğur­lan­mış Salur Qazanın Yurdla başlanan xəbərləşməsi İnsan (Qa­zan)-İnsan (Çoban) dialoqu ilə tamamlandığı kimi, Kə­rə­min də Yurdla başlanan xəbərləşməsi İnsan-İnsan dialoqu ilə tamamlanır.
§ 10.08. Ata, Ana və Dostlarla xəbərləşmə
Kərəm Əslinin dalınca gedəcəyini bəyan edir. Ata-anası razı olmur. Bu ilk sınaqdır. Kərəm həm də Haqq aşiqi ol­du­ğu­nu ata-anasına sübut edib, onlardan xeyir-dua alır: bu, Şa­man/Qəhrəman davranışları baxımından eyni zamanda xe­yir­ləş­mə/xəbərləşmədir. Kərəmin qürbət/xaosa bütün yolu dialoq-xəbərləşmə, etnokosmik identifikasiya kimi formul­lar­la mü­şa­yi­ət olunur.
Qızlarla_xəbərləşmə:___etnokosmik_identifikasiya_və_keçid'>§ 10.09. Qızlarla xəbərləşmə:

etnokosmik identifikasiya və keçid
Bundan sonra Kərəmin yolu başlanır: “Nə gecə bildilər, nə gündüz bildilər, az getdilər, çox getdilər, bir bulaq başında bir dəstə qıza rast gəldilər. Bunların içində Əsli xana bənzər qız var idi”119.

Burada kosmoloji sxemi inikas edən iki işarə vardır: bu­laq və Əsliyə bənzər qız.



Bulaq – mifik xronotopda quyu, mağara və s. kimi dün­ya­lar arasında keçid mexanizmidir. Bu cəhətdən Kərəmin xaosa gedən yolunun bulaqdan keçməsi Xaosa keçid an­la­mın­da kosmoloji sxemə tam uyğundur.

Əsliyə bənzər qız – Keçid məkanında Əsliyə bənzər qı­zın olması epik süjet baxımından qəhrəmanın sınaq formu­lu­dur. Kosmoloji baxımdan burada etnokosmik identifikasiya pro­­seduru aparılmalı, qəhrəman öz sevgilisinin bu qızların içə­risində olub-olmadığını bilməlidir.

Etnokosmik identifikasiya həmişə olduğu kimi dialoq-xə­bərləşmə formasında həyata keçirilir. Kərəm sazı sinəsinə ba­sıb qızlara iki dəfə şeirlə müraciət edir. Dialoqun süjetüstü for­ması passiv (birtərəfli) xəbərləşmə şəklindədir: Kərəm şeir de­yir, qızlar cavab vermirlər. Təbii ki, bu, süjetüstündə be­lə­dir. Süjetaltında dialoq aktiv (ikitərəfli) formaya malik ol­muş­dur. İkinci şeirin sonuncu bəndində bunun izi – kosmoloji işa­rə­ləri qalmışdır:


...Dərdli Kərəm deyər: gözəlim Əsli,

Gözlərim yaşlıdı, ürəyim paslı;

Ondan ayrılalı yaslıyam, yaslı,

Mən qara geyinim, al sizin olsun120.


Şeirdən məlum olur ki, qızlar al (qırmızı) rəngli paltar (don) geymişlər. Bu, kosmoloji sxemi məkan-zaman sə­viyyə­sin­­də tam təsdiq edir:

Qızlar – bulaq başındadır;

Bulaq – keçid məkanıdır;

Keçid məkanı – aralıq dünyadır;

Aralıq dünya – kosmik məkan kimi qırmızı ilə işa­rə­lə­nir;

Qırmızı don – keçid mexanizmidir.

Kərəmin şeirin sonuncu bəndində “Mən qara geyinim, al si­zin olsun” misrası Kərəmin xaosa keçidində don/köynək ele­men­tinin vacib ünsür kimi iştirak etdiyini göstərir. Köynək bü­tün hallarda mediasiya mexanizmidir. Kərəmin qara köy­nək geymək istəməsi onun xaosa adladığını ifadə edir. “Qır­mı­zı don” obrazında don – keçid mexanizmini, qırmızı – ara­lıq dün­ya­nı bildirdiyi kimi, burada da “qara don/köynək” ob­ra­zında don – keçid mexanizmini, qara – xaos dünyasını bil­di­rir.

Kərəm Əsliyə bənzər qızın Əsli olmadığını tapır. Əgər Kə­­rəm həmin qızın Əsli olmadığını bilməsəydi, bu halda o, sı­naq-imtahandan keçə bilməyəcək və bununla da qırmızı dün­yadan Əslinin aparıldığı qara dünyaya keçid baş tut­ma­ya­caq­dı.

Beləliklə, aşağıdakı nəticələrə gəlmək olur:

– Kərəmin Kosmosdan Xaosa gedən yolu bütün hallarda ke­çid məkan(lar)ından keçməlidir;

– Bulaq kosmosdan xaosa keçid məkanı, keçid me­xa­niz­mi­dir;

– Bulağın üstündəki qızların qırmızı don geymələri bu­la­ğın aralıq/keçid məkanı olduğunu bildirməklə Kərəmin hə­lə­­lik iki dünya (Kosmosla Xaos) arasında olduğunu göstərir;

– Kərəm Xaosa sınaq ritualı ilə adlayır;

– O, dialoq-xəbərləşmə yolu ilə etnokosmik iden­tifi­ka­si­ya proseduru aparır və Əslinin burada olmadığını bilir;

– Kərəm qırmızı (aralıq) dünyadan Əslinin olduğu qara dün­yaya adlayır: adlama qara köynək mexanizmi vasitəsi ilə baş tutur.

– Şaman/Qəhrəmanın yolunun strukturuna görə, Kə­rə­min adladığı məkan hələ Xaosun özü yox, Xaosla Kosmos ara­sındakı diffuz zona – Aralıq məkandır.


§ 11. Kərəm Kosmosla Xaos arasındakı məkanda
Bütün məhəbbət dastanlarında olduğu kimi, burada da sev­gi­linin aparıldığı, müvəqqəti yerləşdiyi məkan “qürbət” adlanır:
...Hanı sevdiciyim, hanı?

Yolunda qoymuşam canı.

Kərəm sevdi Əsli xanı,

O da qürbət elə düşdü121.


Qürbət el – qərib diyar, yad ölkə deməkdir. Mifik xro­notopda Kosmosdan kənarda olan dünya Xaosdur. Bu cə­hətdən kosmoloji sxemə görə Əsli Xaosdadır.
§ 11.01. Karvanla xəbərləşmə
Bərpaya görə, Kərəmin qara köynək (don) geyməsi onun Xa­osa doğru hərəkətinin davam etdiyini bildirir. O, bir müddət yol getdikdən sonra kiçik bir karvana rast gəlir. Kar­va­nı görəndə Əsli yadına düşür, sazı sinəsinə basıb, şeirlə oxu­yur. Karvanbaşı Kərəmin dərdindən xəbər tutaraq deyir: “Aşıq, biz keşiş görməmişik. Ancaq bu yaxınlarda bir oba var, gedin oraya, soruşun. Bəlkə, onlar bildilər”122.

Bu epizod Kərəmin karvanla dialoq-xəbərləşməsidir. Bu, dörd amillə müəyyənləşir:



Birincisi, Kərəm Əslini axtararkən birmənalı şəkildə et­no­­kosmik identifikasiya formulunu nəzərdə tutan dialoq-xə­bər­ləşmələrdən istifadə edir. Bu cəhətdən “karvan” epizodu da həmin ənənəyə daxildir;

İkincisi, Kərəm karvanbaşıdan Keşişin yerini adi dillə xə­bər almır: sazını çıxarır, haqq aşığı kimi şeirlə xəbər alır. Şeir­lə, musiqi ilə xəbəralma mərasimi davranış for­mul­la­rı­nı nəzərdə tutan magik söz ritualıdır. Bu cəhətdən, Kə­rə­min karvanbaşı ilə söhbəti öz məzmunu, funksiyası, forması eti­barilə dialoq-xəbərləşmədir;

Üçüncüsü, karvan bütün hallarda mediativ funksiya da­şı­yır: o, qitələr, ölkələr, iqlimlər, insanlar, xalqlar, dövlətlər və s. arasında əlaqə yaradır. İnsanlar bir məkandan başqa mə­ka­na karvanlara qoşularaq gedirlər. Bu mənada, qırmızı işa­rə­li aralıq məkandan qara işarəli Xaosa keçmək istəyən Kə­rə­min bu zaman karvana rast gəlməsi kosmoloji davranış sxe­mi­ni bütün səviyyələrdə təsdiq edir.

Dördüncüsü, karvanbaşının Kərəmi yaxınlıqdakı bir oba­ya yönləndirməsi, kosmoloji sxemə görə, onun Kərəmə ara­lıq dünyasından Xaosa gedən yolda bələdçilik etməsi de­mək­dir.
§ 11.02. Oba ilə xəbərləşmə

Kərəm deyilən obaya gəlir. Adamlar onun başına yı­ğı­şır­lar. O, sazı sinəsinə basıb 7 bəndlik şeirlə Əslini onlardan xə­bər alır. Bu xəbəralma özündə arxaik elementləri qoruyur. Çün­ki Kərəm süjetin nəsr hissəsində insanlara müraciət etsə də, şeirin özündə ritmik ardıcıllıqla təkcə insanlara yox, təbiət ele­mentlərinə, xüsusilə stixiyalara müraciət edir:

1-ci bənddə: “Ellər, xan Əslimi gördüzmü?”

Güllər, xan Əslimi gördüzmü?”

2-ci bənddə: “Göllər, xan Əslimi gördüzmü?”

3-cü bənddə: “Çöllər, xan Əslimi gördüzmü?”

4-cü bənddə: “Dillər, xan Əslimi gördüzmü?”

5-ci bənddə: “Yollar, xan Əslimi gördüzmü?”

6-cı bənddə: “Sular, xan Əslimi gördüzmü?”

7-ci bənddə: “Ellər, xan Əslimi gördüzmü?”123

Diqqəti cəlb edən odur ki, burada dialoq-xəbərləşmə in­san toplumunu bildirən “El” ünsürü ilə başlanır, daha sonra tə­biət ünsürləri (bir bədən üzvü – dil) gəlir və xəbərləşmə ye­nə də İnsan ünsürü (El) ilə tamamlanır.

Kərəm burada da Əslinin özünü yox, izini tapır. Ona ke­şi­şin Gürcüstan tərəfə getdiyini söyləyirlər.


§ 11.03. Durnalarla xəbərləşmə
Kərəm və Sofi yolda durna qatarına rast gəlirlər. Kərəm ye­nə də eyni magik-ritual formasından (saz-musiqi, oxuma, şeir və s.) istifadə edərək, durnalarla xəbərləşir və Əslini on­lar­dan xəbər alır:
Qatar-qatar göy üzündə süzürsüz,

Əylən, durnam, əylən xəbər sorayım.

Bizim yurddan nə xəbərlər bilirsiz?

Əylən, durnam, əylən xəbər sorayım...124

Durna kosmoloji dünya modelində zooelement kimi dün­yalar arasında əlaqə yaradan mediatordur. “Dədə Qor­qud”da keyik Beyrəyi Banuçiçəyin yanına gətirdiyi, “Əsli Kə­rəm”da ov quşu tərlan Kərəmi Əslinin yanına gətirdiyi kimi, dur­­na da kosmoloji xronotopda eyni zamanda kişi başlanğıcı ilə qadın başlanğıcı arasında mediatordur. Kərəmin durna ilə Əs­liyə xəbər yollaması bunu təsdiq edir:
...Dərdli Kərəm deyər: hardan gəlirsiz?

Xan Əslimin yerin-yurdun bilərsiz,

Görsəz, ona məndən salam deyərsiz,

Əylən, durnam, əylən xəbər sorayım125.


Kərəmin durnalarla öz evlərinə xəbər yollaması dur­na­nın mediativ finksiyasını bir daha təsdiq edir:
Durnam, gedər olsan bizim ellərə,

Yaxşı söylə başdan keçən halları.

Qohum-qardaş, dost, müsahib olanlar

Bundan sonra gözləməsin yolları...126


Durnalarla xəbərləşmə dialoq ritualının iki tərəfini or­ta­ya qoyur:

Birincisi, etnokosmik identifikasiyaya – kosmoloji kim­li­yin müəyyənləşdirilməsinə xidmət edən xəbərləşmə;

İkincisi, dünyalar (Kərəmlə Əsli, Kərəmlə onun vətəni) ara­sında əlaqəyə xidmət edən xəbərləşmə.

Durnalarla xəbərləşmədə hər iki tipi görürük: Kərəm əv­vəl­cə onlardan Əslini xəbər alır, daha sonra evə xəbər yolla­yır. Bu, kosmoloji semantika baxımından nə deməkdir?

Kərəm birinci xəbərləşmədə durnaları etnokosmik iden­ti­fikasiya ritualından keçirərək Qara Keşişin Əslini durnaya çevirib-çevirmədiyini müəyyənləşdirir. O, ikinci halda öz mə­ka­nından (kosmosla xaosun hüdud hissəsindən) həm Xaosa (Əsliyə), həm də Kosmosa (evlərinə) məlumat yollayır. Heç bir ölü ölülər dünyasından – Xaosdan özü haqqında Kosmosa mə­lumat yollaya bilməz. Kərəm hər iki məkana (Xaosa və Kos­mosa) məlumat yollamaqla qara geyimli (ölü statusunda) ol­sa da, bir tərəfdən diri olduğunu, digər tərəfdən Aralıq dün­ya­da olduğunu təsdiqləyir.

§ 11.04. Xaosa keçid: etnokosmik

identifikasiya və çevrilmə
Kərəm durnalar vasitəsilə Əsliyə və evlərinə xəbər yol­la­yandan sonra Gürcüstan sərhədinə çatır. Burada Gəncə kos­mo­su qurtarır və epik təsvir koduna görə: “yad el – qürbət – öz­gə dünya”, kosmoloji təsvir koduna görə: “xaos” başlanır. Xaosa keçid bütün hallarda mediasiya mexanizmi olan ritual va­sitəsilə mümkündür. Ritualda məqsəd etnokosmik identi­fi­ka­siyadır. Başqa sözlə, xaosa – ölüm dünyasına keçən bu ri­tualla yoxlanır, onun ölü, ya diri olması müəyyənləşdirilir. Kosmosda (öz vətənində), Kosmosla Xaos arasındakı yolda (keçid, hüdud, aralıq mərhələ-fazasında) Əslini tapmaq (ta­nı­maq, seçmək, fərqləndirmək, bilmək) məqsədi ilə özü digər ün­sürləri etnokosmik kimlik ritualından keçirən Kərəm Xaosa ke­çiddə artıq özü bu ritualdan keçməli olur: “Bir müddət ge­dib, günlərin birində Gürcüstan sərhədinə çatdılar. Baxdılar ki, burada böyük bir oba var. Obanın ahıl-cahılı qabağa çıxdı, salam-kalamdan sonra kim olduqlarını, haradan gəlib, hara get­diklərini soruşdular”127.

Bu epik informasiyanı kosmoloji dilə kodlaşdırsaq, Kə­rə­min oba adamları tərəfindən sorğu-sualı “tanı(t)ma (iden­tifi­ka­siya)” ritualıdır. Kərəmin burada identifikasiya əlamətləri – et­nokosmik işarə/nişanları yoxlanılır. Mətn bunu açıq şəkildə təs­diqləyir: “Kərəm sazı sinəsinə basıb, özünü nişan ver­di128.

Mətndə “sorğu/identifikasiya/eyniləşdirmə” formuluna aid təsvirlər kosmoloji sxemi yenə də təsdiqləyir. Belə ki, Kə­rəm obadakılara özünü bir haqq aşığı kimi tanıdır. Bu, mətnin tə­səvvüfi struktur səviyyəsinə (süjetüstünə) aid təsvir-tanıtım prosedurudur. Təsəvvüfi struktur səviyyəsinin (süjetüstünün) al­tında (süjetaltında) duran kosmoloji struktur səviyyəsində isə Kərəm özünün diri (canlı) yox, ölü (ruh) olduğunu təs­diq­lə­məlidir. Çünki ölülər dünyası olan Xaosa diri statusunda keç­mək olmaz. Kərəm isə ölməyib, diridir. Onun ölümü ritual ölüm­dür. Bu baxımdan o, kosmoloji süjetdə xaosun qo­ru­yu­cu­larını aldatmalı, cildini, şəklini, statusunu dəyişməlidir. Hər bir mədəniyyət məkanında Kosmosdan Xaosa və əksinə ke­çidin ayrıca sahəsi, vasitəsi və funksioneri var:

Sahə – ritual;

Vasitə – etnokosmik identifikasiya mexanizmi;

Funksioner – şamandır.

Bu cəhətdən, Kərəmin Xaosa keçidi kosmoloji kod sə­viyyə­sində “şaman keçidini” təkrarlamalıdır. Səciyyəvi və qa­nu­nauyğundur ki, süjetaltındakı “şaman keçidinin” izləri sü­jet­üstündə qalmışdır. Oba adamlarının sorğu-sualına saz-şeir­lə cavab verən Kərəm sonuncu bənddə deyir:


Ördək kimi uçdum göldən-göllərə,

Ceyran kimi qaçdım çöldən-çöllərə,

Kərəm deyər: düşdüm bədnam dillərə,

Gələn ağlar, gedən ağlar, yol ağlar129.
Şeirdə qorunub qalmış “ördək kimi uçdum”, “ceyran ki­mi qaçdım” formulları Kərəmin (qəhrəmanın) ördəyə, cey­rana çevrilməsini ifadə edir. Şaman istər Xaosa keçid zamanı, is­tər yeraltı dünyada, istərsə də göyün qatlarında situasiyadan (şə­raitdən, şərtdən, relyefdən və s.) asılı olaraq müxtəlif hey­van­lara, o cümlədən quşlara, hətta cansız əşyalara çevrilə bi­lir. Təkcə şamanın yox, ümumiyyətlə, epik qəhrəmanın dav­ra­nış kompleksinə aid olan bu hərəkət elmdə çevrilmə adlanır. Çev­rilmənin aktuallaşdığı kosmoloji sahələrdən biri Kos­mos­la Xaosun sərhədidir. Bu baxımdan, Kərəmin Xaosa kos­mo­lo­ji kod səviyyəsində keçidi ördəyə, ceyrana çevrilmələrlə baş tu­tur. Kosmoloji süjeti bərpa etmək istəsək, təqribən, belə bir mən­zərə alınır: Kərəm Xaosa (yeraltı/qaranlıq dünyaya) ke­çər­kən onun canlı insan (nağıllarda: “bəni adəm” ipostası) ol­du­ğu bilinir. O, ördəyə çevrilib göldən-gölə uçmaqla, ceyrana çev­rilib çöldən-çölə qaçmaqla yeraltı/qaranlıq dünyanın ke­şik­çilərinin əlindən canını qurtarır. Nağıllardan bir formulu ya­da salaq. Div onun qalaça/məkanında gizlənmiş qəhrəmanı iyin­dən tanıyaraq deyir:

Adam-madam iysi gəlir,

Yağlı badam iysi gəlir.

Yaxud başqa bir halda “Bəni-adəm iysi” (adam/insan iyi – S.R.) gəlir” deyir. Qəhrəman bununla tanınır/bilinir. Kərəm də burda bizim hələlik bərpa edə bilmədiyimiz səbəblərdən ta­nınır. Lakin ördəyə, ceyrana çevrilmələrlə keşikçilərin əlin­dən canını qurtararaq Xaosa daxil olur.


§ 12. Kərəm Xaos məkanında
Beləliklə, Kərəmin xaosa səfəri üç mərhələdən keçir:

1. Öz evlərindən al (qırmızı) donlu qızlarla xəbərləşdiyi mə­kana qədərki birinci mərhələ (kosmos fazası).



Bu mərhələ:

Məkan tipinə görə – Kosmos;

Vizual işarəsinə (əlamətinə) görə – ağ dünya;

Etnokosmik statusuna görə – dirilər (canlılar) dün­ya­sı­dır.

2. Qırmızı donlu qızlarla xəbərləşdiyi məkandan Gür­cüs­­tan sərhədindəki obaya qədərki ikinci mərhələ (aralıq fa­za).

Bu mərhələ:

Məkan tipinə görə – Kosmosla Xaosun ortasındakı ara­lıq dünya;

Vizual işarəsinə (əlamətinə) görə – qırmızı dünya;

Etnokosmik statusuna görə – ikili xüsusiyyətə malik var­lıqlar: eyni zamanda həm diri (canlı), həm də ölü (ruh) olan adamlar dünyasıdır.

3. Obadan başlanan və qürbətdə davam etməkdə olan üçün­­cü mərhələ (xaos fazası).

Bu mərhələ:

Məkan tipinə görə – Xaos;

Vizual işarəsinə (əlamətinə) görə – qara dünya;

Etnokosmik statusuna görə – ölülər (ruhlar) dün­ya­sı­dır.

Səciyyəvidir ki, Kərəmin yolunda bir mərhələdən o biri mər­hələyə keçid nöqtələrində etnokosmik identifikasiya pro­se­duru aparılır. Belə ki, birinci mərhələ-fazadan (Kosmos/ağ dünyadan) ikinci fazaya (aralıq/qırmızı dünyaya) adlayarkən qır­mızı donlu qızlarla identifikasiya/eyniləşdirmə ritualı hə­ya­ta keçirilir. Kərəm Əslini qızların içərisində tapmır. O, qır­mı­zı donlular dünyasında – aralıq fazada qalmır: qara köynək ge­­yərək qara dünyaya – Xaosa doğru yol alır. Gürcüstan sər­həd­dində aralıq faza başa çatır. Kərəm burada Xaosa ad­lama­lı­dır. Yenə də identifikasiya ritualı həyata keçirilir. Demək, et­nokosmik identifikasiya kosmoloji dünya modelinin sa­hə­lə­ri arasında mövcud olan zəruri mexanizmdir. Bu me­xa­nizm­dən keçmədən bir dünya qatından o birinə adlamaq mümkün de­yildir. Etnokosmik identifikasiyanı çayla bənd arasındakı şlü­zə bənzətmək olar: gəmilər şlüz vasitəsilə çayın bir sə­viy­yə­sindən o biri səviyyəsinə keçə bilir. Şlüz olmadan bu ma­ne­əni aradan qaldırmaq, keçidi gerçəkləşdirmək mümkün de­yil­dir. Etnokosmik identifikasiya subyektin eyniləşdirmə yolu ilə kosmoloji kimliyinin, hansı dünyaya mənsubiyyətinin müəy­yən­ləşdirilməsidir. Bu cəhətdən, hər bir subyektin onun kos­moqonik (yaradılış) növündən, şəklindən, statusundan ası­lı olaraq identifikativ əlamətləri – tanınma nişanları vardır. Bu nişanlar fərdin mənsub olduğu dünyadakı kimliyini – yerini, möv­qeyini, rolunu, statusunu bildirən siyasi, ictimai, mədəni, bio­loji, fizioloji, sakral, profan və s. əlamətləri əhatə edir. Be­lə­liklə, identifikasiya – tanıma/tanınma/tanıtma həm də dav­­ranış kodu, davranışın simvolik formasıdır. O, mifik dün­­ya modelində hərəkətin statusal tipi kimi triksterlərə məx­sus davranış formuludur.

P.Radinə görə, trikster Amerika hindularının mifo­lo­gi­ya­­­sının və mümkündür ki, bütün mifologiyaların ən qədim ob­­razıdır130. K.Q.Yunq göstərir ki, hiyləgər oyunlara və ziyankar hərəkətlərə məhəbbət, cildi dəyişmək qabiliyyəti, ikili (yarı hey­­van, yarı ilahi) təbiət, hər cür əzab-əziyyətə meyllilik triks­ter­lərə xas keyfiyyətlərdir131. K.Levi-Stros Quzğun, Koyot ki­mi mifik quş-triksterlərin nümunəsində yazır ki, triksterlər özü­nə­məxsus marginal-mediator xarakterə malikdir: onlar leş ye­yə­rək həyatla ölüm arasında mediasiyanı həyata keçirirlər132. Y.Çernyavskaya triksterlərə xas olan dörd funksional key­fiy­yə­ti qeyd edir: uşaqlıq (uşaq sadəlövhlüyü mənasında – S.R.), am­bivalentlik (əks, yəni həm müsbət, həm mənfi keyfiyyətlərə ma­lik olmaq – S.R.), gülüş başlanğıcı (gülüş kökünə bağlılıq – S.R.), dönərgəlik (cilddəyişmə, çevrilmə – S.R.)133.

Ən başlıcası, triksterlik134 status, situasiya, daha doğ­ru­su, sabit statuslararası durum, aralıq haldır. O, strukturda qütb­lər arasında, onları qovuşduraraq özünə yer alır. Y.Çern­yavs­kaya belə bir sual qoyur: “Ağıllının” ağlı ilə “axmağın” sə­feh­liyinin hasısa ümumi bir nöqtədə birgələşməsi müm­kün­dür­mü? Belə fikirləşirəm ki, bəli. Bu şərti nöqtəni “ağılsızlıq nöq­təsi” (yaxud “Trikster nöqtəsi”) adlandıraq... Ağıllı da, ax­maq da “ağıllılıq” və “axmaqlığın” vərdiş olunmuş model­lə­rin­dən “imtina etdiyi” halda trikster ola bilərlər. Trikster – si­tuativ­liyin (şəraitdən asılılığın – S.R.) canlı təcəssümüdür135.

Biz burada triksterlik statusunu bir psixologem kimi kə­na­ra qoyub, ona kosmoloji modeldə nəzər salsaq, triksterlik si­tuativ hal kimi dünyalararası sahələrdə funksionallaşan obraz-modeldir. Bu, onun rituala bağlılığını daim qabardır. O, dünya mo­delində aralıq sahəni, aralıq davranış kodunu təcəssüm et­dirir. Aralıq sahə bütün hallarda ritual rejimini nəzərdə tutur. Bu halda ritual rejimində olan Kərəmin davranışlarında triks­te­rə məxsus formullar var. Trikster olmadan (keçid sahəsinin dav­ranış modellərinə yiyələnmədən) mediasiya mümkün de­yil­dir. Kərəm Kosmosdan aralıq dünyaya, oradan da Xaosa ad­la­yır. Demək, biz bundan sonra onun hərəkətlərində triksterlərə xas davranış modellərinin artmasını, intensivliyini müşahidə et­məliyik.

Bizim “Oğuznamə” eposu mətnləri üzərində apar­dı­ğı­mız müşahidələrin nəticələrinə görə, Oğuz mifoloji xaosunda triks­terə məxsus davranışın əsas formullarından biri “ya­lan­çı­lıq – yalan danışmaq”dır. Kərəm xaosa keçən kimi bu for­mul­dan istifadə etməli olur.


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə