Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ ƏBÜLFƏz quliyev


Hüquq sənədlərindəki onomastik vahidlərin öyrənilməsi



Yüklə 1,17 Mb.
səhifə2/11
tarix11.04.2018
ölçüsü1,17 Mb.
#37410
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquq sənədlərindəki onomastik vahidlərin öyrənilməsi

Qeyd edildiyi kimi, uyğur hüquq sənədlərinin sistemli şəkildə öyrənilməsində XX əsrin ilk onilliklərindən başlanmışdır. Belə ki, 1915-ci ildə F.W.K.Müller taxta üzərində yazılmış Koço şəhərinin xarabalıqlarından tapılmış, uyğur əlifbası ilə yazılmış X əsrə aid Bilgə xan abidəsini və onun alman dilində tərcümə ilə birlikdə transkripsiyasını nəşr etmişdir (102). Bundan sonra eyni abidə V.V.Radlovun ölümündən sonra 1928-ci ildə "Uigurische Sprachdenkmaler" adı ilə nəşr edilmiş kitabında 26-cı nömrə altında verilmiş, yəni uyğur hüquq sənədləri sırasına daxil edilmişdir. Bu kitabda 128 sənəd mətni verilmişdir. Bu abidələrdən 19 ədədi buddizm (23, 26, 43, 44, 58, 59, 60, 89, 90, 94, 99, 100, 106, 128), 2 ədədi manixeyizm (95; 97), 1 ədədi xristianlıq, 3 ədədi də dünyəvi məzmunludur. Yerdə qalan 103 mətn isə sırf hüquq sənədindən ibarətdir.

Məlumdur ki, Radlovun bu əsərini tələbəsi S.Y.Malov nəşrə hazırlamış və bu mətnlərə xeyli izahlar yazmışdır. Bu o deməkdir ki, S.Y.Malov da uyğur hüquq sənədlərinin nəşri və tədqiqi ilə məşğul olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Radlovun kitabı uyğur hüquq sənədlərinin nəşri və öyrənilməsi sahəsində böyük hadisə sayılsa da burada araşdırmanın davam etməsini tələb edən (xüsusilə ayrı-ayrı sözlərin oxunuşunun dəqiqləşdirilməsi baxımından) məsələlər mövcuddur. Ona görə də S.Y.Malov müəlliminin ölümündən sonra bır sıra yeni uyğur hüquq sənədi nəşr etmiş, eyni zamanda 1928-cı ildə Radlovun kitabındakı bəzi abidələrin üzərində işləyib onları yenidən çap etdirmişdir (bax: 89a, s. 387-394; 90a, s. 129-149 ). Bu sahədə yapon türkoloqu Nobuo Yamadanın xüsusi xidmətləri vardır. O demək olar ki, bütün şüurlu həyatını uyğur hüquq sənədlərinin nəşrinə və öyrənilməsinə həsr etmişdir. Bunun nəticəsində N.Yamadanın bir sıra fundamental əsərləri meydana çıxmışdır (184, 185, 186,186,187a). Bir məqaləsində N.Yamada Radlovun kitabındakı USp.70-i yenidən oxumağa çalışmış, mətndəki bir sıra qaranlıq yerləri aydınlaşdırmış, Radlovun Sabın sadı şəklində oxuduğu antroponimi Saurıya Siri, Üşe şəklində oxuduğunu Üsine, Toluk Tüke şəklində oxuduğunu isə yenidən gözdən keçirib Toğluk tonqa şəklində transkripsiya etmişdir (187a, s. 496-497).

R.Arat da altmışıncı illərdə uyğur hüquq sənədlərinin bir qismini yenidən gözdən keçirib nəşr etdirmişdir (8, s. 493—599). Müəllif USp.55-i venidən gözdən keçirərkən V.Radlovun Tepiş şəklində oxuduğu şəxs adını əlyazmanın orijinalına görə Terbiş şəklində düzəltmişdir. Bundan əlavə o, Radlovun tarıtsanq şəklində oxuduğu ibarəni əlyazmanın fotoqrafına əsaslanıb Taysanqtakı yer adı, toponim şəklində düzəltmişdir (8, s. 594).

E.R.Tenişev də uyğur, salar, sarı uyğur dilləri və onların tarixi, abidələri ilə geniş şəkildə məşğul olmuşdur. Böyük alim bölgəyə bir neçə dəfə səfər edib çöl materialı toplamışdır. Bu səfərlər zamanı o uyğur hüquq sənədləri də əldə etmiş və onların bəzisini nəşr etdirmişdir (bax: 35b, s. 141-149; 167, s. 37-64).

Keçmiş SSRİ alimlərindən LY.Tuquşevanın da qədim uyğur, o cümlədən uyğur hüquq sənədlərinin nəşri və öyrənilməsi sahəsində müəyyən xidmətləri olmuşdur. Müəllif USp24 və 17-ni rus dilinə tərcüməsi və yeni oxunuşla (175, s. 209-220, 349-350), USp36, 111, 112, 120-ni də eyni şəkildə yenidən dəyərləndirərək nəşr etdirmişdir (176, s. 240-247). O, Usp.l11-dəki Radlovun bir ibarə şəklində oxuduğu Kıtay yalavaç alp turmış sözlərinin ən az iki şəxsin adı olduğunu müəyyən etmişdir (s. 244). Bundan əlavə, o, əvvəllər nəşr olunmuş iki hüquq sənədini də oxumuş, rus dilinə tərcümə və izahla birlikdə çap etdirmişdir (173, s. 92-101).

Larri Klarkın da uyğur hüquq sənədlərinin nəşrində özünəməxsus xidmətləri vardır. O, monqol hakimiyyəti dövrünə aid olan uyğur sənədlərini sosial-iqtisadi baxımdan, eyni zamanda filoloji cəhətdən tədqiq etmişdir. O, eyni zamanda Radlovun kitabındakı mətnləri yenidən gözdən keçirmiş, bir sıra onomastik vahidlərin yanlış transkripsiyasına düzəlişlər vermişdir (79a).

Bundan əlavə, Marçel Erdal, Peter Zieme, Şinasi Tekin əsasən nəşr olunmuş uyğur hüquq sənədlərinin linqvistik baxımdan tədqiqi ilə məşğul olmuş, bu sahədə bir sıra problemlərin həll edilməsinə kömək göstərməyə çalışmışlar (193, s. 257-263).

XX əsrin səksəninci illərinin sonu, doxsanıncı illərində bu sahədə Özkan İzginin və A.Sərtqayanın əsərləri ortaya çıxmışdır. Yuxarıda qeyd edildiyi kimi Özkan İzgi kitabında uyğur hüquq sənədləri əsasında uyğurların mədəni-siyasi tarixini araşdırmış və 25 uyğur hüquq sənədini (bunların əksəriyyəti Radlovun USp kitabından alınmışdır) türkcəyə tərcüməsi ilə əlavə şəklində nəşr etdirmişdir (113, s. 115-147).

A.Sərtqaya uyğur hüquq sənədləri içərisindən məktub məzmunlu kitabələri (Radlovun USp kitabından) seçmiş, onların beşini yenidən mətnşünaslıq baxımından araşdırmış (USp 9, 17, 24, 69, 92), açıqlamaları ilə birlikdə nəşr etdirmişdir (143, s. 237-264).


ÖTÜKƏN UYĞURLARININ AD SİSTEMİ



  1. ANTROPONİMLƏR

Uyğur xaqanlığı dövrünə (744—840) aid olan abidələr əsasən uyğur dövlət başçılarının fəaliyyətini işıqlandırmağa xidmət etdiyindən burada daha çox cəmiyyətin yüksək təbəqəsinin, hökmdar ailəsinin, onun ətrafının, sərkərdələrin, sarayın yüksək vəzifə sahiblərinin şəxs adları, titulları, ad alma və ad dəyişdirmə ənənələri əks olunmuşdur. Bu məsələ ilə əlaqədar V.Mahpirovun qeydləri diqqəti çəkir: "В отношении развития и соотнесенности антропонимических систем созданных уйгурами в рамках всех этих госудаврственных образований будет справедливым сказать, что все эти системы были тесно взаимосвязаны единой этно-политической и лингвистической традицией, которая за небольшими отклонениями частного характера, некоторые титулы, другие социальные детерминативы и т. д. прослеживается на всем историческом и географическом пространстве расселения токуз огузских (уйгурских) племен. Данные по антропонимии уйгуров указанных государств сохранились как в собственно уйгурских источниках, так и в иноязычных источниках, особенно в китайских'' (88, s. 145).

Faktlar göstərir ki, uyğur xaqanlığının antroponim sistemi Göy türklərdə də müşahidə olunan ümumtürk tendensiyalarını davam etdirmişdir. Məsələn, çoxadlılıq, antroponimlərin müxtəlif kateqoriyalarının mövcudluğu, şəxs adı, er atı (igidlik adı), taxt adı, xanədan adı və s. Lakin burada göy türklərdən fərqli hakim dairənin nümayəndələrinin çoxlu uyğur və Çin titullarına sahib olmaq meyli daha çox gözə çarpır. Uyğur xaqanlarının sülaləvi, xanədan titulu Bilgə kağan şəklində idi. Burada dəbdəbəli uyğur titulları ilə əlaqədar III Uyğur xaqanı Bögü xaqanın manixey mətnlərində keçən titulunu qeyd etməklə kifayətlənirik: Uluğ iliq tenqridə kut bolmış erdenin el tutmış Alp kutluğ Bilgə uyğur kağan Zahaqi-mani (59, s. 83)

Uyğur xaqanlığına aid onomastik materialın təhlili göstərir ki, buradakı antroponimik sistemin varislik əsasına dayanan vahid kökləri vardır. Tes abidəsində təsadüf etdiyimiz Yollığ kağan və Bumın kağan antroponimləri eyni şəkildə Kül tigin abidəsində də işlənir. Bu antroponimin tərkibindəki Yollığ komponentinin apelyativini bəzən yol sözü ilə əlaqədar izah etmişlər. Son araşdırmalarda yol sözünün bildiyimiz mənasından əlavə qədim buddizm dini məzmunlu uyğur abidəiərində (ed-yol: at-yol:atlığ- yolluğ), monqol və yakut dillərində uğur, xoşbəxtlik mənalarını ifadə etdiyi aşkara çıxarılmışdır. Bunun əsasında Yol tenqri (Irk bitig), Yollığ kağan (Tes ab.), Yollığ tigin (KT 13) antroponimlərində bu sözün xoşbəxt xaqan, xoşbəxt şahzadə mənasını bildirməsi müəyyən edilmişdir (bax: 62, s. 134).

Uyğur antroponimlərində özünü göstərən fərqli xüsusiyyətlərdən biri uyğur hökmdarlarının tituluna Ay komponentinin əlavə olunmasından ibarətdir. Bəllidir ki, Bögü xaqan uyğur xalqının, dövlətinin mədəni inkişafında böyük xidmət göstərmiş, manixey dinini dövlət səviyyəsində himayə etmiş, uyğurlar arasında təbliğinə və yayılmasına dəstək olmuşdur. Manixey dini təlimində Ay başlanğıc hesab olunurdu. Elə buna görə də bir neçə uyğur xaqanının adında, titulunda ay leksik vahidindən istifadə edilmişdir. Karabalqasun abidəsinin Çin mətnində belə antroponimlərə aid bəzi nümunələr: Ay tenqridə Kut bolmış Alp kutluğ Bilgə kağan (779-789). Ay tenqridə kut bolmış Alp Bilgə kağan (808-821) və s. L.Bazinin fikrincə, antroponimlərin tərkibindəki Ay tenqridə ifadəsi ay tanrısı şəklində anlaşılmalıdır (23, s. 71). Bögü kağanın manixey dinini qəbul etməsi ilə əlaqədar onu bəzən abidələrdə (məs.: Bögü şərəfinə mətn) Tenqri kağan adlandırırlar. Bu, Bögü xaqanın manixey dini tərəfdarları tərəfindən ilahiləşdirilməsi, həddən artıq sevilməsi, rəğbət görməsi ilə bağlıdır. Bu xüsusiyyətə göy türk abidələrində az təsadüf edilir.

Bundan başqa, uyğur xaqanlarının adlarındakı Bilgə kağan titulu Tes və Karabalqasun abidələrində fərdiləşdirilərək, konkret şəklə salınaraq uyqur kağan şəklində ifadə olunur. Məs.: ... Tenqridə bolmış el etmiş uyğur kağan olurmış (Tes 12): Bu tenqrıkeninq, tenqridə kut bolmış alp bilgə tenqri uyğur kağanınq bitigi (KB ab.).

Antroponimlər bütün dövrlərdə cəmiyyət üzvü üçün böyük əhəmiyyət kəsb etmişdir. Ad adət və ənənələrin, dini ayinlərin, onların əşyavi atributlarının söz vasitəsilə meydana gəlməsidir. Ad ancaq müəyyən sosial fərdlərin zəruri xəbərləşmə ehtiyaclarını yerinə yetirmək funksiyası daşıyır, eyni zamanda onların mədəni səviyyəsini də əks etdirir. L.N.Qumilyov çox doğru olaraq göstərir ki, türkün adı hər zaman onun cəmiyyətdəki vəziyyətini, mövqeyini göstərmişdir (78, s. 91).

Bütün dünya xalqlarında olduğu kimi qədim türklərdə də ad sisteminin özünəməxsus xüsusiyyətləri olmuşdur. Buradakı adqoyma adətləri, onun müxtəlif mərhələləri, ad ilə bağlı inanclar, şəxs adları, yer adları, etnos adları, onların bir-birilə əlaqələri, onların verilmə və işlənmə məqamları, halları və s. qədim türk mədəniyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan qədim uyğur dövləti (744-840) hökmdarlarının ad və titulları diqqəti cəlb edir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, qədim uyğurlar ad və titulların verilməsində göy türk ənənələrini bir qədər genişləndirilmiş şəkildə davam etdirmişlər. Uyğur xaqanlarının ad və titullarının verilməsi çox zaman Çin imperatorluğunun təşəbbüsü ilə həyata keçirilirdi. Buna baxmayaraq bəzən bu titullar narazılığa səbəb olur, qonşu dövlət başçıları tərəfindən tanınmır, qəbul edilmirdi. Məsələn, Çinin Tang imperatoru sonuncu göy türk hökmdarını Ozmış kağan olaraq tanımasına baxmayaraq uyğurlar onu kağan kimi qəbul etmir, onunla hesablaşmırdılar. Bu cəhət o dövrün yazılı abidələrində də öz əksini tapmışdır. Belə ki, uyğur xaqanlığı dövrü abidələrində bu hökmdarın adı məqsədli olaraq Ozmış tigin (Terhin ab. Şərq t. 6, 9) şəklində qeyd olunmuşdur.

Qədim türk advermə ənənələrinə görə qəbilə başçısı dövlət başçısı kimi taxta çıxdığı zaman mütləq yeni ad, titul qəbul edirdi. O da maraqlıdır ki, həm göytürk, həm də qədim uyğur kitabələrində əsas etibarilə xaqanların taxta çıxdıqdan sonra qəbul etdiyi rəsmi adlar, xaqanlığı dövründə göstərdiyi böyük xidmətlərə görə əldə etdiyi titullar göstərilmişdir. Diqqəti çəkən cəhət bundan ibarətdir ki, bu ad və titullar çox zaman Çin qaynaqlarındakı şəxs adları və titulları ilə üst-üstə düşür, uyğun gəlir. Onu da xüsusilə qeyd edək ki, Çin mənbələri qədim türk ad sisteminin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Bu sahədə qədim türk tarixinin tanınmış tədqiqatçılarından sayılan L.N.Qumilyovun mühüm, əhəmiyyətli elmi müşahidələr apardığını xüsusilə vurğulamaq lazımdır. O, Çin mənbələrinə istinad edərək bir sıra tukyu və göy türk xaqanlarının ad və titullarını bərpa (türkcə) etmiş, onların müfəssəl siyahısını hazırlamış, onu "Qədim türklər" kitabına əlavə etmişdir (Təəssüf ki, kitabın dilimizə tərcüməsində bu siyahı və cədvəllər yer almamışdır). Müəllif qədim dövr Çin heroqliflərinin xüsusi bir metodla transkripsiya edilməsinə, oxunmasına ehtiyac olduğunu, türk adının XX əsrdəki kimı tu-tszyu deyil, əslində olduğu kimi, yəni tu-gyu şəklində oxunmasının zəruri olduğunu göstərir. Qədim türk onomastikasının tədqiqi sahəsində əvəzsiz xidmətləri olan L.N.Qumilyov yazır: "Нам удалось выяснить кто и почему в разное время именовался по-разному. Китайцы подбирали иероглифы не случайно, и только часть их изображает тюркскую фонемы. Многие подобраны специально, чтобы отразить хорошее или дурное отношение к тюрку-носителями, и подчас здес только можно уловить некоторые нюансы китайской политики" (78, s. 91).

Uyğur dövlətinin ilk kağanının adı qədim türk kitabələrində Kül beg Bilge kağan (Tes ab. cənub t. 18), Kül tarkan (Sevrey ab.), Kül Bilge kağan (Şıne-Usu 5) şəkillərində qeyd olunmuşdur. Bu adları əmələ gətirən komponentlərin bir qismi titullardan təşkil olunur. Bu antroponimlərin tərkibindəki bilge onomastik vahidi ilə əlaqədar onu da bildirməliyik ki, uyğur dövlətinin ilk kağanları bilge kağan formantından istifadə edir və bu xanədan adı ilə tanınırdı. Ancaq Tes abidəsində və Karabalqasun abidəsinin türkcə mətnində bunun yerinə uyğur kağan formulu yer almışdır (Tes ab. 12).

Kül Bilge kağanın adı Karabalqasun abidəsinin çincə mətnində Kutluğ (KB3) şəklində qeyd olunmuşdur. Tədqiqatçı S.Gömeç bunun Kül boyla şəklində oxunmasını məqsədəuyğun sayır (37, s. 28.). L.N.Qumilyov isə bu kağanın adım Peylo olaraq göstərir (78, s. 366). Peylo sözü çox ehtimal ki, qədim türk yazılı abidələrində rast gəldiyimiz boyla titulunun bir fonetik variantıdır (137,s.53-69).

Hu-su adlı bır uyğur eltəbərinin oğlu olan Peylo 744-cü ildə basmıllara hücum edib onları məğlubiyyətə uğratdı. Uyğurlar basmılların başçısı Sede İşi kağanın başını kəsərək Çin imperatoruna göndərdilər və Kutluğ boylaya Kutluğ bilge kül kağan titulunun verilməsini və ya onun bu titulunun tanınmasını tələb etdilər. Beləliklə, yuxarıda göstərilən tarixdə Ötükəndə qurulan yeni uyğur dövlətinin ilk xaqanı Kutluğ bilge Kül kağan adı və ya titulu ilə taxta oturdu. Bu titul Çin qaynaqlarında Ku-tu-lu Pi-chia Cüeh Ko-han şəklində qeyd olunmuşdur (37, s. 23). Bu xaqana Tanq imperatoru tərəfindən eyni zamanda Fengi Wang adı, daha sonra da Huai-Jen titulu verilmişdir (113, s. 14). Prof. Dr. Özkan İzgi ilk uyğur xaqanının 747-ci ilə qədər dövləti idarə etdiyini, həmin ildə öldüyünü və bu vəsilə ilə qədim türk xaqanlarına titulların verilməsini belə şərh edir: "Türk-Çin münasibetlerinde daima çinliler tarafından türklerde başa geçen kağanlara ünvan verilmesi ve onların kağanlıklarının tanınması büyük merasimlerle yapılırdı. Kutluğ kül Bilge kağan için ünvan verilmesi ve kağanlığının tanınması hadisesi Çin sarayında bir merasimle gerçekleşmiştir. Kutluğ Bilge kül kağan tarafından Çin sarayına bir elçi yollanmış ve elçi "Büyük imperatorluk sekreterliği,, dairesi başkanı tarafından çağırılmış ve kendisine burada kağanın atama evrakları verilmiştir. Elçi daha sonra binadan çıkarak kendisini Çin başkentinden geri getirecek olan imperatorluk arabasına binip şehrin dışına gitmiştir. Burada arabasından inen elçi kendi flama ve amblemleri ile yürüyüp ülkesine geri dönmüştür" (113, s. 15).

747-ci ildə hökmdar varis hesab edilən böyük oğluna -- Tay bilge tutuka yabğu titulu vermişdir. Bu məlumat uyğur mətnlərində də vurğulanır: Tay bilge tutukuğ yabğu anta atadı (Şine-Usu, şimal 12: Terhin cənub t.5). Bu antroponimin tərkibindəki Tay onomastik vahidi ehtimal ki, Çin dilindən alınmışdır, böyük mənasını bildirir (Müqayisə et: Altun Tay sanqun — IV uyğur əlyazması 130, s. 204). Bilge komponenti uyğur xanədan adı ilə bağlıdır. Tutuk qədim türklərdə vəzifə adıdır, titul kimi şəxs adlarının tərkibində çıxış etmişdir. Qardaşı Moyun çora qarşı taxt uğrunda başlatdığı mübarizədə ağır məğlubiyyətə uğramışdır. Bu hadisələr Moyun çor abidəsində təfsilatı ilə təsvir olunmuşdur.

Moyun çor (747-759) şəxs adı qədim türk abidələrində işlənmir, buna ancaq Çin mənbələrində təsadüf edirik. Ehtimal ki, bu antroponim kağanın taxta çıxmadan əvvəl daşıdığı addır (75a, s. 201). Bu uyğur xaqanı Çin mənbələrində Moyun ço və Ko-lo kağan adı ilə tanınır (39, s. 129) Mo-yen-ço şəklində olan Çin heroqliflərindən Şlegel fərziyyə ilə Moyun çor türk variantını meydana çıxarmış, ancaq sonralar P.Pelliot bunun Bayan çor şəklində olduğunu təsbit etmiş, isbatlamışdır (114, s. 153). Bəzi tədqiqatçılar bu antroponimin apelyativinin sanskrit dilindən alındığını, əslində mənbə dildə punya şəklində olduğunu və xidmət (rusca zasluqa) mənasını bildirdiyini iddia edirlər (190, s. 147). Moyun çor adının zəngin və güclü mənasına gəldiyi kimi, Bodun çor formasından yaranmış olması mülahizəsi də irəli sürülməkdədir (190,s.36).

Onu da qeyd edək ki, S.Q.Klyaştornı Moyun çor kağanın gənclik adının Turyan olduğunu və bunun Terhin abidəsində (cənub t. 4) işləndiyini iddia edir (58, s. 92). Həmin tarixdən az sonra eyni abidəyə müraciət edən T.Tekin həmin hərfi işarələri şəkilçili zərf olaraq oxuyur və onu “ayağa qalxaraq” şəklində tərcümə edir (165, s. 814). Bizcə, həmin məsələ haqqında sonuncu fikir daha inandırıcıdır. Çünki Moyun çorun belə bir gənclik adı daşıdığı haqqında Çin mənbələrində heç bir məlumata rast gəlmirik. Digər tərəfdən, qədim türk abidələrində adətən xaqanların ancaq hakimiyyəti dövründə aldığı rəsmi ad və titullar ənənəvi olaraq qeyd edilirdi. Moyun çor kağan taxta çıxdığı zaman türkcəsi Tengride bolmış El etmiş Bilge kağan olan titul almışdır. Xanımı da İlbilge katun titulunu almışdır: Tenqride bolmış il etmiş Bilge kağan atadı, İlbilge katun atadı (Terhin ab. güney t. 6). Qeyd edək ki, göy türklərin əsilzadə adlarında da, Koço dövləti uyğurlarının adlarında da Eletmiş elementi gözə çarpmaqdadır. Məsələn: Ongin abidəsində Eletmiş yabğu antroponimi (Oö4). Ədəbiyyatda bu xaqanın sonralar İdikut və Karluk kağan titullarını aldığı da göstərilməkdədir (165, s. 5).

Moyun çorun böyük oğlunun adı Kutluğ bilge yabğu (Terhin ab. 12), digər oğlunun adı Bilge tarkan (eyni mənbə) olduğu təsbit edilmişdir. Ancaq T.Tekin S.Q.Klyaştornının bu yozumu ilə razılaşmayaraq mətnin eyni hərfi işarələrini Bilge Tölis Uluğ Bilge Şad şəklində bir antroponim olaraq oxuyur (165, s. 91).

Bizcə, bu məsələdə S.Q.Klyaştornı haqlıdır, T.Tekinin bu məsələ haqqındakı fikri ilə razılaşmaq olmaz. Çünki Moyun çor öz abidəsində də iki oğlundan bəhs edir: Oğluma yabğu şad at birtim. Tarduş, tölös bodunka bertim (Şine-Usu cənub t. 7); Oğlu tarduş yabğu, Tölös şad olurtı (Tes ab. gərb t. 6).

Terhin abidəsində bir az aşağıda, 14-cü sətirdə abidəni yüksəldən, ucaldan Moyun çorun ikinci oğlunun adı, bizcə, tam şəkildə — Bilge kutluğ tarkan sengün şəklində yazılmışdır. Bəllidir ki, Terhin abidəsi təxminən 756-758-ci illərdə qoyulmuşdur.

Moyun çor kağanın böyük oğlu xəyanət edib edam edildiyi üçün hökmdar öldüyü zaman onun ikinci oğlu yuxarıda bəhs etdiyimiz Bilge tarkan 759-cu ildə taxta oturmuşdur. Bu kağan türk tarixində mühüm rol oynamış, Çin dövləti ilə sıx əlaqə yaratmışdır. Məhz buna görə həm qədim türk mətnlərində, həm də Çin qaynaqlarında bu xaqanın bir neçə ad və titulları öz əksini tapmışdır. Çin mənbələrinə görə bu yeni uyğur xaqanı Teng-li Meuyü titulu ilə taxta oturmuşdur. Bu qaynaqlarda onun gənclik titulu İdigyan və ya İ-ti-chien şəklində əks olunmuşdur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu antroponimin türk mətnindəki Ödkenç şəxs adı ilə (antadan Ödkenç kağan ermiş-Tes ab. 13) eyni mənşəli olduğunu düşünmək olar. Bu barədə S.Q.Klyaştornının mülahizələri də maraqlıdır; "İmya kağana Ödkenç ne otojdestvlyaetsya po inım istoçnikam. Sopostavlenie s idi kenç ukazıvaet liş na obşnost onomastiçeskoy modeli. Po konsultatsii S.Y.Yaxontova, imya Ödkenç moqlo bıt proobrazom kitayskoy transkriptsii imeni I kaqana II uyqurskoqo tsarstva Teqyan-sıqina. Sravni: pozdnyuyu (X v.) kitayskuyu transkriptsiyu slovo kenç" (59, s. 89).

Ehtimal ki, Ödkenç antroponimi iki tərkib hissədən ibarətdir: Öd qədim türkcədəki idi (sahib, ağa, əfəndi) sözü ilə bağlıdır. Kenç elementi isə orta yüzillərə aid uyğur hüquq sənədlərindəki antroponimlərin tərkibində gözə çarpmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, bu xaqanın çincədəki Meu-yü adı Karabalqasun abidəsinin soğd mətnində Bögü kağan şəklində işlənmişdir. Karabalqasun abidəsinin çincə mətnində bu kağanın adı eyni zamanda (türkcəsi) Tengride kut bolmış Eltutmış Alp Külüğ Bilge Kağan şəklində keçməkdədir. Bəzi tədqiqatçıların fikrincə bu titul ona 764-cü ildə Tang imperatoru tərəfindən verilmişdir (113, s. 16). Bögü kağan 762-ci ildə Çindəki böyük üsyanı basdırdığına, imperatoru xilas etdiyinə görə onun tituluna çinlilər in-i çzyan-qun sözlərini də əlavə etmişlər. Bu titulun mənası igid, cəsur, etibarlı deməkdir (59, s. 83). Sevrey abidəsinin türkcə kitabəsində işlənmiş İngi Yağlakar antroponimi də böyük ehtimalla çincədəkinin qısaldılmış şəklidir. Buradakı Yağlakar bəlli olduğu kimi məşhur bir uyğur qəbiləsinin adıdır. Uyğur dövlətinin xaqanları da Ton bağa tarkana qədər bu boydan çıxmışdılar. Yağlakar etnonimi Tes, Terhin və Süci abidələrindəki antroponimlərin tərkibində işlənir. Məs.: Alp Işbara sengün Yağlakar (Terh. ab. 7), İnqi Yağlakar (Sevrey ab.), Yağlakar kan (Süci ab. I) və s.

Runik əlifba ilə yazılmış Tes abidəsində (başqalarında rast gəlmədik) Bögü kağanın türkcə adları E1 tutmış 6) və Bökü/Bükü Uluğ kağan (7) şəklində yazılmışdır. Bəzən bu antroponimin Bögü deyil, Bügü variantını daha düzgün hesab edir və onun müasir Türkiyə türkcəsindəki büyü/büyülemek sözü ilə əlaqəsinə diqqəti çəkirlər (164, s. 14). Yeri gəlmişkən Bögü/Bügü onomastik vahidinin apelyativi, onun ifadə etdiyi məna xüsusiyyətləri haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar bögü/bügü leksik vahidini qüdrətli, igid kimi izah etsələr də bizcə bu söz burada alim, həkim, sehirbaz mənasını ifadə edir. Bu uyğur hökmdarının Bögü adını alması ehtimal ki, onun Mani dinini uyğurlar arasında yayması faktı ilə bağlıdır.

Bəllidir ki, 763-cü ildə Bögü kağanın təkidiylə uyğurlar Mani dinini qəbul etmişlər. Bu hadisələr uyğur əlifbası ilə yazıya alınmış Manixey dini məzmunlu Bögü xan şərəfinə mətn abidəsində bəlağətli bir dillə təsvir edilmişdir. Manixey rahibləri bu dini himayə etdiyinə görə Bögü xaqanı təbliğ edib ideallaşdırmış və elə bu abidədə onu Tenqri ilig Bögü kağan və Bögü kan Tenqriken (TTII A) şəklində təqdim etmişlər. Mani dini dindarları onu həm də Tenqri kağan adlandırırdı.

Digər bir Mani mətnində Bögü kağanın daha dəbdəbəli titulu da öz əksini tapmışdır: Uluğ iliğ Tenqridə kut bolmış erdenin il tutmış alp kutluğ bilge uyğur xaqan zahaqı-Mani (59, s. 83). Burada zahagi-Mani Maninin varisi, xələfi mənasını ifadə edir.

Terxin abidəsində Bögü kağanın kiçik qardaşı 765-766-cı illərdə uyğurların Çinə yürüşünə başçılıq edən Alp uluğ tutuk Yaklakar (Çin mənbələrində Alp ışbara senqün Yaklakar (7) şəklində adı keçir. Buradakı ışbara titulu qədim türk abidələrinə sanskrit dilindən keçmiş bir leksik vahiddir, cənab, hökmdar mənasını bildirir.

778-ci ildə dövlətin daxilində Bögü xaqana qarşı üsyan baş verdi. Bu üsyana Bögü xaqanın yaxın adamlarından olan Ton bağa tarkan başçılıq edirdi. Bögü xaqan öldürüldükdən sonra 779-cu ildə Ton bağa tarkan IV uyğur xaqanı oldu. Beləliklə, uyğur yağlakar qəbiləsinə mənsub olan xaqan sülaləsinin hakimiyyətinə son qoyuldu. Ton bağa tarkan taxta çıxdıqdan sonra Alp kutluğ Bilgə kağan titulunu almışdır. Bu hökmdar Terxin abidəsində iç buyrukların başçısı Inançu bağa tarkan (6) titulu ilə göstərilir. Bu hökmdarın adı Karabalqasun abidəsində də öz əksini tapmışdır. Bu titulların tərkibində işlənən ton ilk, birinci mənasını, bağa yüksək vəzifə adını, ınançu isə inanılmış mənasını bildirir.

Onu da qeyd etmək lazımdır ki, Terxin abidəsinin müəllifi də Bögü xaqanın oğlu Bilgə kutluğ tarkan senqündür (Terx. ab. 14). Ondan sonra Çin qaynaqlarının verdiyi məlumata görə Taras/Taraz (789-790) uyğur xaqanı oldu. Bu hökmdarın adı, titulu karabalqasun abidəsinin Çin mətnində Alp Kutluğ külüg Bilge kağan şəklində keçir. Ondan sonra Karabalqasun abidəsinə görə oğlu Kutluğ Bilge taxta keçir. Onun adı Çin mənbələrində A-ço (A-çor) şəklində keçir (37, s. 46). Bu xaqanın hakimiyyəti dövründə dövlətin ən güclü adamı İl ögesi Inançu Bilge olmuşdur. S.Göməçin ehtimalına görə Açura kitabəsi də bu şəxsin şərəfinə qoyulmuşdur. Kitabədə İl ögesi lnançu Bilgənin saysız mala-mülkə sahib olduğu, ölkəsi üçün yorulmadan çalışdığı, bəylərinin də ərdəm sahibi olduğu zikr edilmişdir (37, s. 46).

Ondan sonra taxta Aşide boyundan olduğu ehtimal edilən, Çin qaynaqlarmda adı qısaca Kutluk şəklində göstərilən Ton bağa tarkanın nəvəsi oturmuşdur. Bu xaqanın adı Karabalqasun abidəsində Tenqride ülüg bolmış alp kutluğ Bilge kağan şəklində göstərilir.

810-cu ildə Çin salnaməsində adı Inançu şəklində yazılan uyğur elçisi 30 nəfərlik bir heyətlə Çin sarayına getmiş və imperatorla görüşmüşdür: İmperator elçilərə ipəkli qumaşlar hədiyyə etmişdir. Daş kitabələr üzərindəki müşahidələr göstərir ki, Inançu külüq çigşi yuxarıda qeyd etdiyimiz kimi Çinə elçi sifətilə göndərilmiş, 813-cü ildə Çinə evlənmək üçün getmiş, 821- ci ildə təkrar bu məqsədlə Çinə səfər etmiş, IV dəfə Altun kıra getmişdir. Tədqiqatçılar Böyük altun ölkəsi toponimini Altun kırla müqayisə edərək bu nəticəyə gəlmişlər ki, bu abidədəki Altun kır Hotənin abidələrdəki qədim türk adıdır (37, s. 50).

808-ci ildə Ay tengride kut bolmış Alp külüg Bilge kağan taxta çıxmışdır. 821-ci ilə qədər hakimiyyətdə olan bu xaqanın türk mədəniyyəti tarixində xidməti ondan ibarətdir ki, adına üç dildə yazılmış Karabalqasun abidəsi ucaldılmışdır. Burada 824-cü ilə qədərki uyğur dövlətinin və xaqanlarının qısa tarixi əks edilmişdir. Abidənin türkcə mətnində bu xaqanın titulu Tenqriken tenqridə kut bolmış alp bilgə tengri uyqur kağanı şəklində açıqca oxunmaqdadır. Ondan sonra Küçlüq Bilgə kağan taxta çıxmışdır. 824-cü ildə Kasar kağan taxta çıxmışdır. Böyük ehtimalla söyləmək olar ki, bu antroponim doqquz uyğur boybirləşməsinə daxil olmuş kasar (xəzər) qəbiləsi ilə əlaqədardır.

Miran mətnlərində də uyğur xaqanlığı ilə bağlı antroponimlərə təsadüf edilir. Bu mətnlər təxminən X əsrin I yarısında qələmə alınmışdır. Bu abidədə uyğur dövlətinin son dövrlərini əks etdirən bəzi antroponimlərə rast gəlirik: Məsələn, Kürebir Urunqu sanqun bu zaman uyğur hökmdarının qüdrətli nazirlərindən olmuş, qüvvə toplayıb ordu düzəltmiş, xaqan qoşunlarına qalib gəlmişdi. Lakin uyğurların məşhur sərkərdəsi Külüg bağa sanqunu (MM b üzü 7) böyük bir hərbi qüvvə ilə uyğur paytaxtına yürüşə çıxmış, üsyançıları məğlub etmiş və Kürebir urunqu sanqun (Thsl b, 9) öldürmüşdür.

Bu şəxs adındakı kürebir onomastik vahidinin apelyativi doqquz uyğur qəbilə birliyinə daxil olan qəbilənin adından ibarətdir. Bu antroponimin tərkibindəki urunqu titulunun apelyativi ur-felindən törəmişdir. Əsasən, uyğur abidələrindəki onomastik vahidlərin, bəzi hallarda isə Yenisey abidələrindəki antroponimlərin tərkibində gözə çarpmaqdadır. Bu titulun apelyativi abidələrin dilində bayraqdar, döyüşçü mənalarını ifadə edir (ETY, s. 680).

Yenə həmin abidədə Sarığ çor antroponiminə də rast gəlirik. Hər şeydən öncə qeyd edək ki, bəzi tədqiqatçılar bu şəxs adını Sarığçır (ETY, II, 65) şəklində oxusa da, bizcə, həmin antroponim Sarığ çor şəklində oxunmalıdır. Bəllidir ki, çor titulu qədim türk antroponimlərinin tərkibində tez-tez gözə çarpır. Ehtimal ki, bu antroponim Qansu uyğurlarına mənsub X əsrin əvvəllərində yaşamış bir tarixi şəxsiyyətin adıdır. Bu barədə tədqiqatçı S.Göməçin maraqlı mülahizəsi vardır. O yazır: uBu sırada Şha-çouda tarduşlar, Kansunun batısında və Şha-çounun güneyində tatarlar hakim idilər. Kamıl ilə Kansu arasındakı Beyşan bölgesinde kümül türkleri bulunuyordu. Bu karışık zamanda Konur beqerek öqe, Sarığ çor, Oğuz öqe, Tüm tonqa tutuk da Şa-çouya gitmek istemişlerdir. Bu düzensizlikden memnun olmayan 2000 kümül, 200 kadar tatar Kansuyu işqal ettiler. Oğuz öqe ve onun 24 maiyeti öldürüldü (37, s. 60).

Bu antroponimin tərkibindəki sarığ komponenti qədim və orta əsrlərin türk antroponimlərinin tərkibində də təsadüf edilir. Məs., Bögü xan kitabəsində dövlət adamlarının birinin adı Sarığ baş tarxan senqün (154, s. 88), Sarığ isə Qəznəli Mahmudun şərbətçibaşı idi (153, s. 549). Sarığ xan (XIII əsr) Xarəzmşahların monqollara qarşı Səmərqəndi müdafiə edən əmirlərindən birinin adıdır (153, s. 225). Haqqında bəhs etdiyimiz dövrün siyasi-tarixi hadisələrini təsvir edərkən Bailey Hötən mətnlərinin birində Tölös Tenqli tutuk şəklində bir antroponimin işləndiyini müəyyən etmişdir. Həmin antroponimin Miran mətnlərində Tenglig apa şəklində çıxış etdiyini güman etmək olar. Çünki eyni dövrün hadisələri təsvir edilir və həmin antroponimlər leksik-semantik cəhətdən demək olar ki, eynidir. Tenqlig apa antroponiminin tərkibindəki Tenqlig şəxs adının apelyativi olan teng qədim türk dilində də bərabər, uyğun mənasını ifadə etmişdir (DTS, s. 551). Apa titulunun apelyativi isə qədim türk dilində böyük ata və baba mənasını bildirmişdir. Bu titula Orxon və Yenisey abidələrində Apa tarkan şəklində rast gəlirik. Bu titul haqqında F. Sümerin çox maraq kəsb edən düşüncələri vardır: "Bu türklerde aile teşkilatı ile ilgili kelmelerin dövlet heyatında ünvan olaraq kullanılması ile ilgili en eski misaldır. Kelimeyi aba şeklinde de zikr eden Kaşğarlı onun oğuzlar ve karluklarca ana manasında kullanıldığını bildiriyor. Fakat apa seluklular devrinde bilhassa XII yüzyılda selcuklu beyleri arasında en çok kullanılan isimlerden biri idi” (153, s. 33).

X əsrə aid olan run əlifbası ilə yazılmış uyğur abidəsində işlənmiş Altun tay senqün (ThSlV) antroponimi də diqqəti cəlb edir. Buradakı altun komponenti Altun tamğan tarkan (İAl), Altun kara (USp21), Altun kağan (Oğuznamə 13) antroponimlərindən də göründüyü kimi hörmətli, böyük, yaşlı, ağsaqqal mənalarında, müasir türk dillərində isə çox yaxşı (məcazi məna) mənasında işlənməkdədir. Tay komponentinin araşdırılması göstərir ki, qədim türk yazılı abidələrində bu antroponimik vahid iki mənada çıxış edir: 1. Tay antroponiminin apelyativi at balası, day mənasındadır. Bizcə, Tay bilgə tutuk (MÇl 1), Tay beg (USp.67), Tay öge (Thsl), Tay muqa tarkan (M5) kimi antroponimlərin tərkibində tay sözü bu mənanı bildirməkdədir. 2. Bu antroponimə omonimlik təşkil edən tay antroponimik vahidi də qədim türk dilinə Çin dilindən keçərək abidələrdə işlənmişdir. Çincə tay tsianq kün şəklində işlənən bu titul qədim türk abidələrində tay sengün şəklində çıxış etmişdir. Bu titul Çin və qədim türk dilində böyük general mənasını ifadə etmişdir (142, s. 150). Tay senqün qədim türk abidələrindəki apa sangun titulunun qarşılığı kimi çıxış edir. Tay sangun tituluna qədim türk abidələrində aşağıdakı antroponimlərin tərkibində təsadüf edirik: Lisün tay senqün (BX cənub, 11), Bilgə tay senqün (Terx. ab.6).

VIII—IX əsrlərə aid manixeylərin himn kitabında (Mahrnamaq) qədim uyğurlara aid bir neçə titul və antroponim işlənmişdir. İran dilli bu kitabədə uyğur xaqanının adı aşağıdakı şəkildə qeyd edilmişdir: Ay tenqride xut bulmış alp bilge uyğur xakan (M9).





  1. Yüklə 1,17 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə