Azərbaycan miLLİ elmlər akademiyasi


Rusiyanın Axısqada türk izini silmək cəhdi



Yüklə 1,02 Mb.
səhifə2/8
tarix26.09.2017
ölçüsü1,02 Mb.
#1677
1   2   3   4   5   6   7   8

2.3. Rusiyanın Axısqada türk izini silmək cəhdi
Rusiya əsarətində qalan müsəlmanların çoxu Osmanlının ye­ni­dən bölgəni ələ alacağını, tarixi ədaləti bərpa edəcəyini səbir­siz­lik­lə gözləyirdilər. Bunu Rusiyanın hakim dairələri, dövlət qulluq­çu­ları da yaxşı bilirdilər. Ona görə də Rusiya bölgədə mü­səl­manların sayını azaltmaq, boşalmış ərazilərə erməniləri yer­ləş­dirmək siya­sə­ti yeridirdi. Bölgəyə Osmanlı Dövlətindən ki­tab­lar, qəzet-jurnallar gətirilməsi üzərində ciddi senzor nəzarəti qoymuşdu. Osmanlı Döv­lətinə gedib-gələn, ora ilə hər hansı bir əla­qəsi olan müsəl­manlar gizli izlənilirdi. Rusiya həm də yerli xalq­lardan böyük casus şəbəkəsi yaratmışdı. Casuslar nəinki Rusiya ərazisində, hətta Osmanlı Dövlətinin sərhəd bölgələrində də ciddi iş aparırdılar.

Lakin onların bölgədə möhkəmlənmək cəhdi boşa çıxırdı. Rus orduları Ərzurumadək hücum edib Doğu Anadolunun bir qis­mini işğal etsə də insanların qəlbinə yol tapıb bölgədə möh­kəm­lənə bilmirdi. Uzun müddət Kars və çevrəsi Rusiya işğalı altın­da qalsa da orada yaşayan Aşıq Şenliyə Rusiyanı təriflətmək müm­kün olmamışdı. O, qalib Rusiyanı deyil savaşda məğlub ol­muş Osmanlı dövlətini belə tərənnüm etmişdi:

Qurşannıq qılıcı, geyinnik donu,

Qovğa buludları sarır hər yanı.

Doğdu qoç iyidin şan almaq günü,

Can sağ ikən yurd vermərik düşmana!

Əsgər olan bölük-bölük bölünür,

Sandınızmı Kars qalası alınır,

Boz atlar üstündə qılınc çalınır,

Can sağ ikən yurd vermərik düşmana.


Hələ Alosmanın görməmiş zorun,

Din qeyrəti olan tədarük görün,

At təpin, baş kəsin, kazağı qırın,

Can sağ ikən yurd vermərik düşmana.


Şenlik, nə durursan atlara minin,

Sıyra qılınc düşman üstünə dönün,

Artacaqdır şanı bu Alosmanın,

Can sağ ikən yurd vermərik düşmana.



(Qarapapaq Ş., 2004:47-48).

Rusiya işğal etdiyi bölgədə möhkəmlənə bilmədiyini görərək bu­raya Osmanlıdan erməniləri, urumluları, Rusiyanın daxili əya­lət­lərindən malakanları və b. xristian xalqları köçürürdü. Bu da bir nəticə vermədikdə bölgədəki türkləri və müsəlmanları sürgün etməyi planlamışdı. Çar dövründə bu plan tədricən və müxtəlif bəhanələrlə həyata keçirilirdi.


2.4. Axısqa Sovet dövründə
Köçlər bölgədə türklərin sayını azaltsa da 1921-ci ilədək on­lar aparıcı xalq və söz sahibi olurlar. Belə ki, Ömər Faiq Ne­man­za­dənin başçılığı ilə 1918-ci ilin oktyabrın 29-da Axısqa Hö­ku­məti Müvəffəqitisi adlı bir hökumət qurduqlarını elan edirlər.

Kars İslam Şurasının dəvətilə 1918-ci ilin noyabrın 30-da Or­­dubad, Naxçıvan, Qəmərli, Sürməli (İğdir), Sərdərabad, do­ğu Şürügel, Axısqa və Axarkələkdən gəlmiş 60 nəfər nü­mayəndə (ikin­ci gün onlara başqa bölgələrdən gəlmiş 10 nəfər də qatılır) Ba­tumdan Ordubada və Ağrı dağından Azqurq qə­dər bir ərazidə dövlət qurmağı qərara alırlar. Həmin ərazidə qu­rulmuş Cənubi Qərbi Qafqaz Höküməti Müvəqqəti Mil­li­yə­sinin ömrü o qədər də uzun olmur. 1919-cu ilin aprelin 13-də İngilislər Karsda hiylə ilə Cə­nubi Qərbi Qafqaz Hökümətinin rəhbərlərini həbs edərək Mal­ta adasına göndərir və hökuməti də ləğv edir. (Cenub-i Garbi Kafkas Hükumeti, 1989:69)

Xarici güclərin təzyiqinə baxmayaraq Axısqa türkləri öz haq­ları uğrunda mübarizəni davam etdirirlər. Sərvər bəyin baş­çı­lı­ğı ilə Güney Qafqaz Əhalisinin Haqlarını Qoruma Mər­kəzi (Axısqa-Axarkələk Müsəlmanları Milli Şurasını) yaranır. Lakin bu qurumun da ömrü çox uzun olmur. Nisbi sakitlik 1921-ci ilin martınadək davam edir. Gürcüstanı işğal edən bolşeviklər martın 9-da Axısqanı da tuturlar.

1921-ci ilin martın 16-da bağlanmış Moskva müqaviləsi ilə Axısqa və Axarkələk bölgələri Gürcüstan SSR-in tərkibinə qa­tı­lır. Bundan sonra da sinfi mübarizə və kollektivləşmə adı altında əha­linin sıxışdırılması, təqibi, həbsi və sürgünlər baş­layır. Beləcə böl­gədə türk əhalisinin sayı gündən-günə azalır. 1926-cı ilin si­ya­hı­yaal­masında bölgədə 138 min nəfərə yaxın türk qaldığı qeyd edilir.

Sovetlər dövründə isə sürgün kütləviləşdi. 1921-1923-cü il­lər­də bölgədən türkləri, müsəlmanları Sovet hökumətinə mü­qa­vi­mət göstərməkdə təqsirləndirərək sürgün etməyə başladılar. Son­rakı illərdə onları dini təbliğatda suçlayıb sürgün etdilər. 1929-cu ildən sonra isə ailəliklə sürgün olunanların sayı daha da artdı. Bu də­fə insanları kollektiv təsərrüfata üzv yazılmadıqlarına və ya kol­­xozların yaradılmasına əngəl olmaqda suçlayıb sürgün etdilər.

Hökumətin gizli sənədlərindən aydın olur ki, bölgədən türk­lə­rin sürgün edilməsi üçün müxtəlif bəhanələr uydurulmasına yu­xa­rıdan göstəriş verilmişdir. 1936-1937-ci il repressiyaları Axıs­qa ziyalılarına da ağır zərbə vurdu. Yüzlərlə ziyalı güllələndi, həbs edildi, sürgünə göndərildi.

Bölgədən türklərin və müsəlmanların kütləvi sürgünü 1944-cü ilin noyabrın 13-14-də başa çatdı. Axısqa bölgəsindəki mü­səl­man­ların hamısı qəflətən Türküstana sürgün edildi. Baxmaya­raq ki, burada yaşayan türklər İkinci Dünya Savaşına qatılmış Sovet ordusuna 40 min əsgər və zabit yola salmışdı. (Ahıska türkləri, 1995). Hər an Sovetlərin basqını qorxusu altında olan Türkiyə Cüm­huriyyəti sürgünü durdurmağa cəsarət etməməsi bir yana, milli düşüncəli insanlara qarşı təqib və təzyiqləri artırdı. Xüsusən də ölkənin Doğusundakı müsəlmanların Qafqazda yaşayan soy­daş­ları, əqrəbaları ilə əlaqə saxlamalarını, tarixi yaddaşı yaşat­ma­la­­rını əngəlləməyə çalışdı. Beləcə uzun illər Doğu bölgəsinin ta­ri­xi dərindən öyrənilməmiş, təbliğ edilməmiş, folkloru, etnoq­ra­fi­yası toplanmamış qaldı. Eyni proses Sovetlər Birliyində də davam edirdi. Sovetlər Birliyində yaxşı bilirdilər ki, bölgədən folklor, etnoqrafiya materialları toplanarsa, tarixi öyrənib təbliğ edi­­lərsə əhali Türkiyəyə tərəf meyillənər.

1957-ci ildə sürgünə göndərilmiş xalqların bir çoxuna vətənə dön­mə­lərinə icazə verildi. Lakin bu qanun Kırım və Axısqa türk­lə­rinə şamil edilmədi.

Sovetlər Birliyinin iqtisadiyyatı çökdükcə, ölkə zəiflədikcə ida­rəetmədə də pozuntular yarandı. Bu da istər Türkiyədə, istərsə Qaf­qazda araşdırıcıların fəallaşmasına səbəb oldu. Bölgədən folk­lor və etnoqrafiya materialları toplamağa, tarixi haqqında araş­­dırmalar aparıb nəşr etdirməyə imkan yarandı. Beləcə İrfani, Qul Qarani, Xəstə Hasan, Şenlik, Sefili kimi ustad sənətkarların haq­qında dövrü mətbuatda məqalələr nəşr olundu və şeirləri toplandı.
2.6. Axısqalıların vətənə dönmək uğrunda mübarizəsi
Həbslərə, təqib və təzyiqlərə baxmayaraq minlərlə axısqalı vətənə dönmək uğrunda onilliklər boyu hökumət orqanlarına qarşı mübarizə apardılar. Tək-tək cəzalandırmalarla axısqalıların iradəsini qıra bilmədiklərini görən Sovet xüsusi xidmət orqanları 1989-cu ilin yayında Fərqanədə özbəklərin əlilə kütləvi qırğın təşkil etdilər. Yüzlərlə axısqalı öldü və yaralandı, minlərlə insan isə bölgəni tərk etmək, qaçqına çevrilmək zorunda qaldı.

1989-cü ildə, yəni Sovetlərin çökməsi ərəfəsində Axısqa türk­­­lərinə də vətənə dönmək üçün izin verildi. Lakin bu qa­nun­da sür­gündən dönənlərin yerləşdirilməsi, onlara kompen­sasiya ve­ril­məsi, işlə, mənzillə təmin edilməsi haqqında heç bir maddə ol­ma­dı. (Kukulov T., 1999). Beləcə qanun kağız üzə­rin­də qal­dı. Beynəlxalq təşkilatlar da işə qarışma­larına baxmayaraq Axıs­qa türkləri hələ də elliklə vətənlərinə dönə bilməmişlər.

Tbilisinin güneyin­də yerləşən, doğudan indiki Ermənistan Res­pubilikası, batı­dan Acariya Muxtar Respublikası, güneydən Tür­kiyə Cümhu­riy­yəti ilə sərhəd olan 6,5 min kvadratkilometrlik böl­gə qə­dim­lərdə Mesxetiya, Cavaxetiya da adlandırılıb. Gür­cüs­tan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bölgədə Mesxe­tiya-Cavaxetiya quberniyası yaradıb. (Taşdemir T., 2005:17).

Lakin min bir əngəlləri aşaraq bölgədə yerləşən axısqalıları barmaqla saymaq olur.


3. Çıldır-Axısqa aşıqları mənəvi körpü rolunda
Çıldır əyaləti Anadolunu Qafqaz və Güney Azərbaycanla bağ­layan karvan yollarının üzərində yerləşdiyindən mədəni əla­qə­lərdə də bir körpü rolunu oynamışdı. Burada doğulub, boya- ba­şa çatan aşıqlar məclislərdə Yunis İmrənin də, Qaracaoğlanın da, Əmrahın da, Kərəmin də, Qurbaninin də, Duxarxanlı Abbasın da, Xəsdə Qasımın da, Tahir Mirzənin də, Vanlı Gök­çəyin (Kuçek) də və b. onlarla aşığımızın şeirlərini, Türk dünyasının on­­larla qəhrəmanlıq və məhəbbət dastanını eyni şövqlə çalıb oxu­­muşlar. Həm də Qafqaz, İran aşıqlarının şeirlərini Ana­do­lu­ya, Anadolu və Balkan aşıqlarının əsərlərini də İrana və Qafqaza ötür­müşlər. Onların fəaliyyəti yalnız türk mədəniyyətinin inki­şa­fı­na deyil, fərqli dillərdə danışan, türk mədəniyyəti dairəsində olan ermənilərə, gürcülərə, kürdlərə, ləzgilərə, avarlara, tatlara və b. xalqlara da güclü təsir etmişdir.

Təsəvvüflə sıx bağlı olan aşıqlar, mətbuatın, radio və te­levi­zi­yanın olmadığı bir çağda kənd-kənd gəzib, məclis aparmaqla, çalıb-oxumaqla, dastan danışmaqla yanaşı kifayətlənməmiş, həm də bir bölgənin xəbərlərini başqa bölgəyə daşımışlar.

Çıldır-Axısqada elə bir aşıq məktəbi yaranmışdır ki, inzibati əra­­zi vahidlər dəyişsə də, dövlətlər arasında dəmir pərdələr çə­kil­sə də onu yox etmək mümkün olmamışdı. Aşıqlar arasındakı usta-şa­gird münasibətləri, ənənənin qırılmaması mədəniyyətimizi ya­­şat­mış və toplumun malı etmişdir. Xəstə Hasan özündən əvvəl ya­­şa­mış və çağdaşı olmuş ustad aşıqları “Yüzdə bir” rədifli di­va­ni­­sin­dən belə xatırlayır:

Аb-i çеşmə göllәrindә sonа dа bir, qаz dа bir.

Sü­­sәn, sünbül, mor mәnәvşә, bülbül ötәr yаzdа bir.

Vаqif dәrtdәn xәbәrdаrdı, Gövhәrin qiymәti yox.

Qul Qаrаnı, Qаrа Zülаl, Аşıq Ömәr sözdә bir.
Qurbаnı hаqq аşığıdır – dаimа xаmnаn sökәr,

Dәstinә аlıb qәlәmi, xәtdinә bir xәt çәkәr.

Çöllü İsmаyıl bаş tаcı, cаnnаn qәsәvvәt tökәr.

Kәrәm ki, yаndı аtаşа, od dа birdi, köz dә bir.


Mollа Xәlis dәlаlәtdә içdi еşqin bаdаsın.

Küfdаdiyа pay vеrildi onnаn dа ziyаdаsın.

İrfаni dәryа-ümmаndı, kеçmәk olmаz аdаsın.

Аşıq Sеyfi, Ustа Polаt, Dәli Tаmu sаzdа bir.



(Şamil Ə., 2013:153)

Şeirdə adları çəkilən Gövhәr, Qul Qаrаnı, İrfаni, Küfdаdi, Qа­rа Zülаl, Аşıq Ömәr, Çöllü İsmаyıl, Аşıq Sеyfi, Ustа Polаt, Dә­li Tаmu, Mollа Xәlis Çıldır bölgəsinin ustad aşıqları olub. On­ların şeir qoşanları haqqında bilgimiz az da olsa var.

Gələcəkdə onların şeirlərindən bir toplu nəşr etdirməyi nə­zər­də tutduğumuzdan burada əlavə bilgi verməyə ehtiyac duy­mu­­ruq.

M. Fahrettin Kırzıoğlu 1936-37-ci illərdə Karsda “Özəl idarə təh­sil müfəttişi” işləyərkən 76 kəndi bir neçə dəfə gəzdiyini, für­sət tap­dıqda aşıq şeirlərini və folklor nümunələrini topladığını ya­zır. Araş­­dırıcı topladığı nümunələrin bir qismini 30 il sonra, yəni 1966-cı ildə “Türk kültürü” dergisinin sentyabr (sayı 47) sa­yında nəşr etdirib. O, şeirlərində nümunələr verdiyi çıldırlı aşıq­la­rın ad­la­­rını belə sadalayır : “Ahılkelekli Hasta Hasan, Ko­nul­yanlı (Al­tun­­kale) Çerkezoğlu, Ahıskalı Çirkini, Gülalı Xoca, Ahıl­kelekli Taştemir, Ahıskalı Emrah (İşığı), Üzeyri Usta (Fa­ki­ri), Ahıskalı Korhan, Ahıskalı Pir Mehdi, Hırtızlı Sevdayı, Hırtızlı Nihani, Ahıskalı Şehri, Azqurlu İsmail” (Kırzıoğlu M.F., 1966 ).

Bu ozanların günümüzə kimi gəlib çatan şeirlərinə da­ya­na­raq onların ömür yolları, yaradıcılıqları haqqında söz demək olur. La­­kin bəstəkar aşıqlar, gözəl səsli aşıqlar, məclislər yola verən akt­­yor, rejissor aşıqlar haqqında isə heç nə deyə bilmirik. Çünkü əli­­mizdə heç bir bilgi yoxdur.

Qazaxıstana sürgün olunmuş Axısqalı bir ailədə doğulmuş gənc araşdırıcı İlham Katib “Aşuxlux sənəti” məqaləsində böl­gə­də yaşayan axısqalılardan Aşıq Şenlik, Aşıq Sümmanı, Aşıq Ab­bas, Aşıq Quleli (Qoçoğlu), Aşıq Şeydalı, Aşıq Sefili, Aşıq Cev­ri, Aşıq Emrah və b. haqqında xeyli material toplamaqla ya­na­şı, aşıqların çaldıqları 70 havanın da adını qeydə alıb. Bu ha­va­la­rın əksəriyyəti eyni adla bu gün də Azərbaycan aşıqları tə­rə­fin­dən ifa olunur. (Katib, 2007:325).

Yazılı qaynaqlara və aşıqların ustadlarından eşitdiklərinə da­ya­nan araşdırıcılar bölgədə Suxaralı Şenlik, Narmanlı Sümmanı, Po­­soflu Faqiri, Hanaklı Mezlumi, Artvinli Şamili, Yusifelili Keç­fi, Ardanuçlu Efkari, Şavşatlı Recai və b. haqqında son illərdə xey­li araşdırmalar aparmışlar.

Bölgə aşıq mühitinin gözəl bilicisi, rəhmətlik Valeh Hacılar da araşdırmalarında tez-tez 18-20 yüzillərdə Axısqa bölgəsində ya­­şamış aşıqlardan Xəstə Hasanın, Qul Qaranının, Usta Poladın, Molla Xəlisin, Şeydayinin, Feydayinin, Lebisli Aşıq Nurunun, onun oğlu, Aşıq Şenliyin şagirdi olmuş Aşıq Balakişinin, Lebisli Aşıq Orucun, Aşıq Əhmədin, Aşıq Balabəyin, Aşıq Məftunun, Xır­tızlı Aşıq Həmzənin və b. adlarını çəkib, onların şeirlərindən nümünələr vermişdir (Hacılar V., 2005).

Aşıq yaradıcılığı haqqında dəyərli araşdırmaların müəllifi, aşıq şeirləri və dastanlardan ibarət 20-dən çox kitab nəşr et­dir­miş, Si­vasdakı Cümhuriyyət Unversitetinin müəllimi, Doç. Dr. Do­­ğan Ka­ya Aşıq Şenlikdən söz açarkən onun şagirdləri haqqında belə ya­zır : Aşık geleneğinin çok güclü temsilçisi olan Şen­liyin çırak­ları (şagirdləri) da Karsın yetiştirdiği güclü aşık­­­lar­dan­­dır. Oğlu Aşık Kasım, köylüsü Aşık Mehmet, Aşık Sü­ley­man, Aşık Asker, Aşık İbrahim, Çıldırın Cala köyündən Aşık Hü­seyin, Çıldırın Bek­teşin köyündən Aşık İbrahimim oğlu Ka­sım, Arpaçayın Keçit kö­yün­dən Aşık Mansur, Arpaçayın Sosih kö­­yündən Aşık Mehmet, Aşık Merdan, Aşık Mirza, Çadıralı kö­yün­dən Aşıq Mevlüt, Muzu­lu Aşık Latif, Selimin Bezirgankeçit kö­yündən Aşık Ömər, Revanlı Bala Mehmet, ...Gümrülü Aşık Ah­met gibi aşıklar Şenlik kolu­nun önəmli simalarıdır. (Doğan K., 2009:3, Doğan K., 2012:10)

İstər keçmişdə, istər günümüzdə Çıldır bölgəsində yetişmiş, o mühitin təsirilə böyümüş aşıqlar Qul Qarani, İrfani, Xəstə Ha­san, Şenlik ənənəsini ləyaqətlə və sevə-sevə davam etdirirlər.

Bu günün özündə Türkiyədə yaşayan aşıqların çoxu ya keç­miş Çıldır əyalətində doğulanlar, ya da ata-babaları oradan olan­lar­dır. Onların sayı çox olduğundan adını çəkməyə ehtiyac duy­ma­dıq.
4. İrfani havası
Sözə, yazıya nisbətən musiqi üzərində senzor qoymaq çə­tin­dir. Ona görə də Sovet dönəmində İrfaninin şeirlərinin toplanıb, nəşr edilməsi əngəllənsə də, haqqında bir məqalə yazılmasa da, İrfani-Ruhani saz havası aşıq məclislərində, toylarda, şənliklərdə ən çox ifa edilən musiqi olmuşdur. Televiziya və radioda aşıqlar tez-tez İrfani-Ruhani havası çalmışdılar. Hətta Moskvaya və xa­ri­ci öl­kələrə festivallara gedən Şərurun yallı ansamblının İrfani mu­siqisinin sədaları altında yallı getməsinə əngəl olmamışdılar. Bu festivalların təşkilatçıları, hətta musiqini ifa edənlər İrfani ha­va­sının müəllifi haqqında dolğun, dürüst bilgi sahibi ol­ma­mış­dı­lar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Prof. Dr. Nailə Rəhimbəyli saz havasının müəllifi və onun ömür yolu haqqında bir kəlimə belə söz açmadan “Ruhani” saz havasının təhlilinə ge­niş bir məqalə həsr etmişdir. O, yazır: “Ruhanı” klassik aşıq ha­va­­larından olub, lad-intonasiya və harmonik dil xüsusiyyətlərinə görə aşıq yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Bu hava qoş­ma poetik şeir növü əsasında oxunur. . .

"Ruhanı", "Rast" ladı əsasındadır. Havacat "Rast" ladı əsa­sın­­da olsa da, onun melodik quruluşu "Mahur-Hindi" muğamının lad-intonasiyaları əsasında yaradılmışdır…

Bu hava aşıq yaradıcılığında o qədər dərin iz salmışdır ki, onun adı qeyd etdiyimiz kimi, aşıq musiqisinin kök sisteminə də da­xil edilmişdir. Bu onu göstərir ki, həmin havacat klassik aşıq havaları arasında böyük önəm daşıyan və xüsusi əhəmiyyəti olan ha­valardan biridir. Eyni zamanda kök sisteminin kvinta-sekta in­ter­val­larının münasibətindən yaranan harmonik səslənmə ha­va­nın melodik xüsusiyyətlərində özünü daha parlaq şəkildə gös­tə­rir.

"Ruhanı"nın melodik dilinin nəzəri təhlili ilk növbədə onun me­­lodik dilinin zənginliklərini, dilin formayaradıcı amillərini, bədii ifadə xüsusiyyətlərini ortaya çıxarmış olur” (Rəhimbəyli N., 2009, 1(30).

“İrfanı” saz havasının geniş musiqi təhlilini verən Prof. Dr. Nailə Rəhimbəyli sonda aşağıdakı nəticəyə gəlir: "Ruhanı" ha­va­sı­nın musiqişünaslıq təhlili göstərdi ki, bu hava klassik aşıq ya­ra­dı­cı­lığının bütün spesifik xüsusiyyətlərini, məsələn: ritmik, me­lodik, lad-intonasiya və forma rəngarəngliklərini özündə hifz et­mişdir. Bu hava özünün kvint-sekst harmonik dil xüsusiyyətinə məx­sus intonasiya çeşidlərini bu kök üstündə ifa edilən digər aşıq havalarına da təbdil etmişdir (Rəhimbəyli N., 2009, 1(30).

Sənətşünas Tariyel Məmmədov yazır ki, ənənəvi aşıq hava­la­­rının yaşadılması mətnlərin yığılıb toplanması ilə bağlı deyil: şi­­fa­hi yaşayan və ötürülən havaların sayı az-çox sabit olub, kol­lek­­­tiv yad­daşın imkanları ilə məhdudlaşır. (Məmmədov T., http: //www.musigi-dunya.az/new/read_magazine.asp?id=39&page=4). Araşdırıcınınkol­lektiv yaddaşın imkanları ilə məhdudlaşan” və “az-çox sa­bit” saydığı saz havaları zaman-zaman çilalanmış, tək­mil­ləş­miş­dir. Bunu “İrfani” havasının timsalında da aydın görmək olar.

Belə ki, 1960-cı illərdən ustad sənətkarlar saz havalarını ci­la­lamağa, ritmikləşdirməyə daha çox təşəbbüs göstərmişlər. Əda­lət Nəsibov bu prosesin öndəgedənlərindən olmuşdur. Bizim bu düşün­cə­lərimizi professor İlqar İmamverdiyev aşağıdakı kimi əsas­lan­dı­rır: “Aşıq İslam Yusifovun sazda çaldığı “Ruhani” aşıq ha­vası ilə Aşıq Ədalət Nəsibovun sazda ifa etdiyi “Ruhani” temp, sürət baxı­mından eyni havanın müxtəlif variantlarıdır. Aşıq İslam bu havanı ağır, salğarlı, ləngərli, andante tempində ifa et­diyi halda, Aşıq Əda­lət Nəsibov eyni havanı özünün əhval-ru­hiyyəsinə ovqatına müna­sib orta bir sürətlə, moderato tem­pin­də çalmışdır” (İmamverdiyev İ., 2004:56).

Aşıq musiqisinin araşdırıcısı Tariyel Məmmədov yazır ki, “Azərbaycan aşıqları ən qədim xalq-professional musiqi ənə­nələ­ri­nin öncül daşıyıcılarından sayılırlar...Çalğıçıların çoxu daxili tər­tib tarazlığını saxlamaq şərti ilə, havanı ustalıqla ge­nişləndirib-qısalda bilirlər. Bəziləri ifanın gedişindən, şəraitdən və dinləyici zövqündən asılı olaraq daxili nisbəti dəyişir, is­tə­nilən məqamları vurğulayır, yəni daha aydın nəzərə çarpdırırlar və i. a. Bütün bun­lar yaxşı təlim və sonrakı daim yetkinləşmədən irəli gələn ge­niş təcrübə, bilik və bacarıq sayəsində əldə olunur” (Məmmədov T., http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=39&page=5).

Aşıqlarımızın bilik və bacarığı sayəsində “İrfani” saz ha­va­sı az qala iki havaya-“Köhnə İrfani” və “Yeni İrfani”yə çevrildi. “Köhnə İrfani” ağır, ləngərlidirsə, “Yeni İrfani” olduqca ritmik və oynaqdır.

Tariyel Məmmədov bu cür çevrilmələri, dəyişikliyi belə izah edir: “Yeniliklər ənənəvi mətnin şəklidəyişməsi, ən başlıcası, bu­nun mədəni inkişafın yeni-yeni mərhələlərinə qoşulması ilə başa gə­lib. Hər bir hava ənənə baxımından tam əsaslanmış olsa da, ifa­çının özünün şərhi ilə, özünün duyduğu və yozduğu şəkildə ifa olu­nur. Ha­vacatın mətni həyat şəraiti; ifaçı aşığın sənətkarlıq səviyyəsi; ifa­nın məkanı və baş verdiyi şərait; nəhayət, yerli ənə­nə­lərdən ası­lıdır. Minlərlə ağızdan-ağıza, ifaçıdan-ifaçıya keçən aşıq havala­rının say­sız şəklidəyişmələri olur və olmalıdır. (Məmmədov T., http://www.musigi-dunya.az/new/read_magazine. asp?id=39&page=5).

“İrfani” aşıq havasından başqa “Urfani” adlı yallımızın ol­ma­sı, onları dəfələrlə dinləməm məndə belə bir qənaət ya­rat­mış­dır ki, hər iki hava eyni kökdəndir. Musiqi savadım və duyumum olma­dığına görə qəti bir fikir söyləyə bilmirdim. Tanıdığım mu­siqi­şünaslardan dəfələrlə bu işdə mənə yardımçı olmalarını xahiş et­səm də işləri çox olduğundan mövzunu araşdırmağa gi­riş­mir­di­lər.

Türkiyənin Qazi Antep şəhərindəki universitetin professoru, aşıq musiqisi sahəsində dəyərli araşdırmalar müəllifi Prof. Dr. İlqar İmamverdiyevdən 2016-cı il aprelin 3-də aşağıdakı emaili aldım: “Əli müəllim "Ürfani" ilə bağlı nota yazdığım qədim va­riantı "Saz havaları antologiyası" kitabımda vermişəm. Sizə gön­də­rirəm. Doğru deyirsiniz bu hava 1937-ci illərdə ağır-ağır çalı­nırdı. (Aşıq Sadıq Sultanov, Aşıq İslam Yusifov) Sonradan Aşıq Ədalət Nəsibov başda olmaqla musiqinin tempini artırdı. Gənc ifaçılar da bu tərzdə çalmağa başladılar. Qədim ta­ma­şa­çı­la­ra bu ha­vanı iti sürətlə çaldıqda qəbul etmirdilər. Bizə iradını bil­dirir­dilər. 1985-ci ildə Şair Mustafa İsgəndərzadə ilə birgə Şəmistan Əsgərovu ziyarətə getmişdik. İlk dəfə gördüyüm bu insanın ixti­yar vaxtında sazda qədim "Ürfani"ni çalanda mənə dedi: "Ay oğul, çox sağ ol. Rəhmətlik atam Kərbəlayi Əsgər kişi gö­­zümün önünə gəldi. Bu havanı ağır-ağır və sındıra-sındıra oy­na­­­yaraq dəs­malı yerdən dişi ilə tutub qaldırdığını indi də xa­tır­layıram."

Qazax bölgəsinin zurnaçılarının bu saz havasını rəqs kimi ifa etdiklərini 1982-ci ildə müşahidə etmişəm. Bununla da anlaşılır ki Ürfani klassik saz havası olmaqla həm də rəqs havası kimi ifa olun­muşdur. “Ürfani” havasını Azərbaycan və Borçalı aşıqları 2 variantda kökləyirlər. Azərbaycanda 1-ci qrup tellər I oktavanın Do, 2-ci qrup tellərdən biri I oktavanın Mi bemol və kiçik ok­ta­va­nın Mi bemol səsinə kökləyirlər. 3-cü qrup tellər isə kiçik ok­ta­vanın Si bemol səsinə nizamlayırlar. Borçalı aşıq məktəbinin us­tadlarında I və III qrup tellər eyni ilə Azərbaycan aşıqları ki­mi­dir. Sadəcə fərq orta qrup tellərdə bir səsin dəyişik olması ilə fərq­lənir. Borçalı aşıqları 2-ci qrup tellərin ikisini I oktavanın Mi bemol, birini isə kiçik oktavanın Lya bemol səsinə kökləyib ifa etdikləri üçün sazın səsində fərqli bir ahəng əmələ gəlir”.

Kitaba ön söz yazarkən yenidən bu mövzuya qayıtdım. 1980-ci illərdən tanıdığım, öncələr də saz havaları mövzusunda mə­­nə yar­dımçı olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İn­cə­sə­­nət Uni­versitetinin “Musiqişünaslıq” kafedrasının müdiri, əmək­­dar in­cə­sənət xadimi, professor Kamilə xanım Da­daş­za­də­dən xahiş etdim ki, “İrfani” havalarını müqayisə etsin. Çox sağ olsun ki, özü­nün vaxtı olmadığından bu işi gənc araşdırıcı Afiz (Hafiz) Kə­ri­mova həvalə etdi. Afiz (Hafiz) Kərimovla xeyli söhbət etdik. Ona məndə olan “İrfani” havalarının not yazılarını və eşitdiyim ha­vaların hansı aşıqlar tərəfindən ifa edildiyini söylədim.

Afiz (Hafiz) Kərimov bir neçə aşığın ifasındakı “İrfani” ha­va­larını və “Urfani” yallısının musiqisini müqayisə edərək geniş bir məruzə hazırladı. “Tasavvufta Musiqi: Urfanî Havaları Haqqında Bazı Araştırmalar” adlandırdığı məruzəsnini T.C. Baş­ba­kanlık Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA) Baş­kan­lı­ğının desteğinde; Hacı Bektaş Velî Kültür Derneği Başkanlığı ile Ukrayna-Gürcistan Beynelhalk Üniversitesinin birlikte 30-31 Mayıs 2016 tarihlerinde düzenlediği Türkiye Gürcistan Bektaşî Kültürü ve Ozanlar Sempozyumu”nda oxudu.

Afiz (Hafiz) Kərimov araşdırmasında “İrfani” havasının İl­qar İmamverdiyevin (nota köçürən İlqar İmamverdiyev), Ka­man­dar Əfəndiyevin (nota köçürən Nazim Bağırov), Hüseyn Sa­rac­lının (nota köçürən Tariyel Məmmədov), İsgəndər Ağbabalının (no­ta köçürən Afiz (Hafiz) Kərimov) və “Tütək səsi” filmindəki (no­ta köçürən Afiz (Hafiz) Kərimov), eləcə də Əkrəm Məm­mədli və Kənan Məmmədlinin köçürdüyü “Urfani” yallı­sı­nın mu­siqilərini müqayisəli təhlil edir. (Kərimov A., 2016)

Aşıqların ifasındakı “İrfani” havası haqqında yazır: “Ürfani” ha­vasının əlimizdə olan bir neçə not variantını müqayisə etdikdə va­riantlar arasında müəyyən ortaq və fərqli xüsusiyyətlərin ol­du­ğu­nu görürük. Aşıq havalarında çox tez-tez baş verən hallardan biri met­rik dəyişkənlikdir və bu mənada “Ürfani” havası da is­tis­na­lıq təşkil etmir. Lakin bu hava melodik quruluşuna görə əsas eti­barilə 2/4 ölçüsü üzərində qurulub marşvari xarakter daşıyır. Bu xüsusiyyət əlimizdə olan bütün not nümunələrinə şamildir. Mü­­hüm ortaq cə­hətlərdən biri də havanın intonasiya-məqam əsası ilə bağlıdır. Sazın “Orta pərdə kökü”ndə ifa olunan “Ür­fani” havasının məqam əsası təbii ki, bütün variantlar üçün xa­rak­terikdir” (Kərimov A., 2016).

“İrfani” saz havasının oxşar cəhətlərini təhlil etdikdən sonra fərqliliklərinə münasibət bildirərkən araşdırıcı yazır: “variantlar ara­sında müəyyən özəlliklər də müşahidə edilməkdədir. Məsələn, fərqli cəhətlərdən biri variantların ayrı-ayrı tonallıqda ifa edil­mə­si­dir. Əgər sazın I qrup alt simləri İ. İmamverdiyevin nota kö­çür­dü­yü ifada və “Tütək səsi” filmindəki “Ürfani” havasında birinci ok­­ta­vanın “do” səsinə uyğun gəlirsə, Kamandar Əfəndiyevin və Hüseyn Saraclının ifa etdiyi “Ürfani”də kiçik oktavanın “si”, İs­gən­­dər Ağbabalının ifa etdiyi “Ürfani”də isə kiçik oktavanın “lya” səsinə uyğun gəlir. Hər bir ifaçı I qrup alt simləri öz zöv­qünə və səs imkanlarına görə nizamladığından əslində bu və ya di­gər ha­va­nın müxtəlif tonallıqda ifa edilməsi aşıq musiqisi üçün təbii haldır. Bununla belə, ayrı-ayrı aşıq tərəfindən müxtəlif yük­sək­likdə ifa olunan məsələn “Ürfani” havasının səslənmə eti­ba­rilə kifayət qə­dər fərqli variantları ortaya çıxır. (Kərimov A., 2016)

Saz musiqisi araşdırıcılarının qənaəti budur ki, sadə üslubda ger­­çəkləşən “İrfani” havası Ədalət Nəsibovun ifasında tamamilə mü­rək­kəbləşmişdir. Ədalət Nəsibov ... müasir çalğı tex­nika­sın­dan istifadə edərək ikinci və üçüncü barmağı bütün simlərə eyni vaxt­da toxundurmaqla melodiyada kiçik fasilələr yaratmışdır. Saz­da məxsusi səslənmə verən bu ifa üsulunun müasir dövrdə daha ifrat formalarına rast gəlinir.(Kərimov A., 2016).

Afiz (Hafiz) Kərimov saz havasindakı dəyişiklikdən aşa­ğı­da­kı qənaətə gəlir: “Müşahidələrimiz onu deməyə əsas verir ki, ritmik fiquru ilə birləşib musiqi motivi əmələ gətirən me­lo­fi­qur qədim üslubda çərək notla (), nisbətən yeni üslubda punktir səciyyəli ritmlə (), daha sonralar isə ən müxtəlif şəkil­lərdə (, , ) təzahür et­miş­dir”. (Kərimov A., 2016).

Saz havası “İrfani” ilə “Urfani” yallısının musiqisini qar­şı­laş­dı­ran Afiz(Hafiz) Kərimov aşağıdakı qənaətə gəlir: “Yallının 2/4 öl­çüsü üzərində qurulan I hissəsinin birinci variantı ilə “Ürfani” ha­vası (araşdırıcı saz havasını nəzərdə tutur—Ə.Ş.) ara­sında musiqi-sintaksisi səviyyəsində də olsa cüzi oxşarlıqlar hiss olu­nur. Lakin I hissənin ikinci variantında isə “Ürfani” havası ilə uy­ğun­luq daha çox nəzərə çarpır... Ümumiyyətlə, I hissənin ikin­ci va­rian­tını 1 ton aşağı transponizə etməklə “Ürfani” havası ça­lı­nan pərdələrdə yallı­nı ifa etdikdə sözü gedən havanın into­na­siyaları açıq şəkildə özünü büruzə verir. “Urfanı” yallısının II hissəsi 6/8 ölçüsünə əsaslanıb tamamilə fərqli bir istiqamətdə in­kişaf etmişdir ki, bu, yallı tipinə xas olan əlamətlərdən biridir. II hissənin heç bir variantında “Ürfani” havası ilə hər hansı bir uyğunluq görmürük. Beləliklə, I hissənin birinci variantında sözü gedən hava ilə kiçik işar­tılar sə­viyyəsində mövcud olan ox­şar­lıq­lar, ikinci variantda ciddi uyğun­luqlara gətirib çıxardır. Yallının II hissəsində isə yeni möv­zuların işlənməsi ilə musiqi tam fərqli axarda inkişaf edir. Hər hal­da, bizim müşahidə edə bildiyimiz və bilmədiyimiz uy­ğun­luq­lar bu nümu­nələrin ortaq mənşəyindən xəbər verir. (Kərimov A., 2016).

Musiqiçilərin araşdırmaları onu göstərir ki, “İrfani” saz ha­va­sını formalaşdıran sıradan bir aşıq deyil, yüksək musiqi du­yu­mu və bəstəkarlıq qabiliyyəti olan ustad sənətkardır. Belə bir us­tad yal­nız bir hava yaratmaqla kifayətlənməzdi. Təəssüf ki, onun ya­ratmış olduğu saz havaları haqqında əlimizdə qaynaq, bilgi yox­dur.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə