Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə10/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   ...   6   7   8   9   10   11   12   13   14

Nardan qızın nağılı

Qədimlərdə Qoquz adında bir padşah varmış. Belə deyirlər ki, günbatandan, günçıxana kimi nə ki, padşah var, hamısı ondan qorxarlarmış. Quş quşluğu ilə Qoquzun adını eşidəndə göydə qanad salarmış. Qoquz çox zülmkar imiş.

Qoquz padşah bir gün yatıb yuxuda görür ki, göydən bir məlakə endi, padşahın ağzına bir şillə vurub, çıxıb getdi.

Qoquz qorxudan yorğan-döşəkdən atılıb, başladı haray çəkib tir-tir əsməyə. Qoquzun yanına vəzir, vəkil yığışıb xə­bər aldılar ki, nə olub? Qoquz yuxusunu danışıb əmr verdi ki, bu yuxunu yozsunlar. Vəzir, vəkil yığılıb münəccim çağır­dı­lar, hər nə illah elədilər yuxunu yozub bir yana çıxara bilmə­dilər. Axırda münəccimbaşı dedi:

– Bu yuxunu yozan bir adam var.

Qoquz dedi:

– Kimdi o adam, de, bu saat çağırtdırım?

Münəccim dedi:

– Urum vilayətində bir qoca münəccim var, düz üç yüz ildir ki, ömür sürür. Bu yuxunun mənasını tapsa, o tapar, çünki belə yuxuların mənasını tapmaq bizim işimiz deyil.

Qoquz dedi:

– Vəzir, bu işi sənə həvalə edirəm. Gərək qoca mü­nəc­cimi götürüb gələsən hüzuruma.

Vəzirin boğazının yolu quruyub öz-özünə dedi:

– Urum hara, bura hara? Urum burda nə gəzir?

Çarəsi kəsilib durub ayağa, arvadıynan halallaşıb bina qoydu yol getməyə. Az gedib çox dayandı, çox gedib az da­yandı, nağıllarda mənzil olmaz, neçə müddət yol gedib az da­yandı, nağıllarda mənzil olmaz, neçə müddət yol gedib, neçə mənzil gedib axırda gəlib çatdı Urum torpağına.

Gəzib Urum şəhərinə dolandı. Gördü ki, bir dərviş bir san­dıq qoyub qabağına satır:

– Ay sandıq alan! Ay sandıq alan!... Alan alıb xeyrin gö­rər, açıb baxan ziyan çəkər.

Vəzir dedi:

– Ey dərviş, sandığı neçiyə deyirsən?

Dərviş dedi:

– Yüz tümənə. Başıbağlı satıram.

Vəzir dedi:

– Qoy açım, baxım.

Dərviş dedi:

– Mən sandığı başıbağlı satıram, alırsan al, almırsan çıx get.

Vəzir çıxardıb yüz tümən dərvişə verdi. Sandığı alıb çıx­dı bayıra, soraqlaşıb qoca münəccimin evini tapdı. Döyüb qa­pını içəri girdi. Gördü ki, pirani bir kişi oturub pambıq içində. Saç-saqqal ağappaq, əlində kitab, qabağında manqal.

Münəccim vəziri görən kimi dedi:

– Ey İbrahim, xoş gəlmisən. Buyur, otur!

Vəziri xof götürdü. Amma ki, dinib danışmadı. Əyləşib mü­nəccimin yanında, istədi münəccimə deyə ki, gəlmişəm sə­ni aparam.

Münəccim dedi:

– Səhər inşallah gedərik.

Vəzir mat qaldı. Elə ki, çay-çörək yeyib toqqalarının al­tını möhkəmləndirdilər, münəccim dedi:

Sən dur get, mən özüm gələrəm.

Vəzir durub ayağa, gəldi öz mənzilinə. Götürüb sandı­ğı bina qoydu yol getməyə. Neçə gün yol gəlib axır çatdı evi­nə. Arvad çıxıb qabağına dedi:

– Ay kişi, evimizə qonaq gəlib.

Vəzir girdi içəri, gördü ki, qoca münəccim gəlib. Vəzi­rin lap boğazının yolu qurudu. Ədəb salamını verib oturdu.

Qoca münəccim dedi:

– Dur, məni apar padşahın yanına.

Vəzir durub ayağa, qoca münəccimi götürüb gəldi Qo­qu­zun yanına. Qoquz münəccimə yer görsədib oturtdu yanında.

Dedi:

– Ey pirani münəccimbaşı, yuxuda gördüm ki, oturmu­şam çəməndə. Bir də gördüm göy guruldadı, göydən bir mə­la­kə enib oturtdu dizimin üstə. Üzümə bir sillə vurub çıxıb getdi.



Münəccim dedi:

– Ey Qoquz şah, bil və agah ol! Çox çəkməyəcək dün­yaya bir qız uşağı gələcək. O, böyüyüb on dörd yaşına çatan kimi səni öldürəcək.

Qoquz şah çox bikef olub münəccimbaşıya dedi:

– Tədbir gör! Sənə nə istəsən verərəm.

Münəccim dedi:

– Olacağa çarə yoxdu.

Münəccimbaşı belə deyəndə Qoquz şah qəzəblənib əmr verdi ki, pirani münəccimbaşının boynunu vursunlar.

Pirani münəccimbaşı bərkdən gülüb qalxdı göyə, gözdən itib getdi.

Qoquz şah əmr verdi ki, qoca münəccimbaşını tutsunlar. Heç kim tuta bilmədi. Qoca münəccim bu getməknən gəlib çıxdı öz evinə. Qoquz vəzirə əmr verdi ki:

– Tədbir gör!

Vəzir dedi:

– Bu bəladan canını qurtarmaq üçün bir yol var, o da budu ki, təzə anadan olan qız uşaqlarının boynunu vurdura­san. Bu işi elə görəsən ki, camaat səndən görməyə.

Qoquz vəzirin bu tədbirinə razı olub, bu iş üçün məva­cibnən dörd nəfər cəllad tutdurdu. Bu cəlladlar başladılar do­ğan arvadların qız uşaqlarını beşikdən oğurlayıb öldürməyə.

Sənə kimdən xəbər verim vəzirdən.

Vəzir ki, Urum şəhərindən bir sandıq almışdı, götürüb qoymuşdu evinə. Amma bu günə kimi açıb sandığın içinə bax­mamışdı ki, görsün bu sandığın içində nə var.

Bir gün evdə oturmuşdu. Birdən yadına düşdü ki, Urum şəhərində dərvişdən bir sandıq almışdı. Durub ayağa arvadına dedi:

– Arvad, Urumdan alıb gətirdiyim sandığı bəri ver, açaq, görək içində nə var.

Vəzirin arvadı durub sandığı götürüb gəldi. Vəzir durub sandığı açdı. Açan kimi sandığın içində bir nar gördü. Alıb narı əlinə, istədi uzada arvadına, nar sıçrayıb vəzirin əlindən düşdü yerə. Düşən kimi partlayıb, narın içindən on yaşında gözəl bir qız çıxıb oturdu evin küncündə. Vəzirin ürəyi gedib bir tərəfə yıxıldı. Haçannan-haçana vəzir özünə gəlib arvadına da ayıltdı, qıza yaxın gəlib xəbər aldı:

– Ay qız, sən kimsən? Bu sandığın içində neyləyirsən?

Qız dedi:

– Mən Firəng vilayəti padşahının naxırçısının qızıyam. Firəng padşahının qızı olmazdı. Mən anadan olan günü Firəng padşahı atama xəbər göndərir ki, qızını versin mənə, qızlığa. Atam da padşahın sözündən keçə bilməyib götürüb məni ver­di padşaha. Padşah məni bəsləyib düz on yaşına yetirəndən son­ra mənim gözəlliyimə heyran olub, istədi məni özünə ar­vad ey­ləyə. Atamın da bu işdən acığı tutub məni elədi nar, qoy­du bir sandığa, götürüb bazarda satdı, sən də məni almısan.

Vəzir dedi:

– Arvad, bizim nə qızımız, nə də oğlumuz var. Elə yaxşı oldu, götürək bunu qızlığa.

Vəzirin arvadı razı olub bu qızın adını qoydular Nardan xanım, götürüb saxladılar.

Sənə xəbər verim şəhər əhlindən.

Şəhərdə yaşayan camaat baxıb gördü ki, şəhərdə uşaq oğrusu törəyib. Yığılıb, yığışıb padşaha şikayətə getdilər.

Padşah çıxıb camaatın qabağına dedi:

– Nə üçün gəlmisiniz?

Şəhər əhli dedi ki:

Bu şəhərdə uşaq oğrusu peyda olub. Arvadlarımız qız doğan kimi gecə ilə gəlib oğurlayıb aparırlar.

Padşah şəhər əhlini rahat eləyib dedi:

– Siz gedin, uşaq oğrusunu taparam.

Şəhər əhli dağılıb getdi. Sənə xəbər verim Nardan xa­nımdan.

Nardan xanım böyüyüb on iki yaşa çatmışdı. Bir gün və­zirin arvadıynan hamama gedirdi. Padşah da çıxıb eyvandan baxırdı. Gördü ki, vəzirin arvadıynan bir nazənin sənəm hamama gedir.

Qoquz padşah tez vəzirdən soruşdu:

– Vəzir, sənin arvadınla hamama gedən qız kimdi?

Vəzir dedi:

– Mənim qızımdı.

Padşah dedi:

– Ey vəzir, sənin qızın haçan olubdu ki, mənim xəbərim olmayıb.

Vəzir dedi:

– On iki il bundan qabaq.

Qoquz padşah başını salıb aşağı, dınmədi.

Aradan bir neçə müddət keçəndən sonra Qoquz padşah Nardan xanımın məhəbbətini salıb ürəyində dedi:

– Necə olsa gərək qızı görəm.

Durub vəziri çağırıb dedi:

– Vəzir, bu axşam sizə gələcəyəm.

Vəzir baş əyib durub gəldi evinə, arvadına dedi:

– Arvad, Qoquz padşah bizə qonaq gələcək, axşama qonaqlığa hazırlıq gör!

Vəzirin arvadı axşama tədarük görüb, aş bişirib qazan qaynatdı. Axşam Qoquz padşah durub vəzirin evinə qonaq gəldi. Bir az şirin-şirin gülüb danışandan sonra Qoquz padşah göz gəzdirdi ki, Nardan xanımı görə. Nə illah elədi Nardan xanımı görə bilmədi. Axırda əl qabı mahnasilə durub bayıra çıxdı. Nardan xanım da vəzirin arvadıyla mətbəxdə aş bişi­rirdilər. Qoquz padşah mətbəx qapısında Nardan xanımı gö­rən kimi tez əl qabını yerə qoyub qayıtdı dala. Özünü saxlaya bilməyib gəlib vəzirə dedi:

– Vəzir, mən bərk sancılanmışam, gedirəm.

Vəzir nə illah elədi ki:

– Qal, xörək ye!

Qoquz padşah qalmayıb, durub gəldi evinə. Neçə gün, neçə gecə divan işinə baxmayıb, bir yanı üstə yatıb Nardan xanımın eşqindən dəli-divanə oldu.

Bir gün vəzir durub gəldi Qoquz padşahın yanına, dedi:

Padşah sağ olsun, neçə gündü ki, divana baxmırsan, səbəbi nədi?

Qoquz padşah dedi:

– Dərdim çoxdu.

Vəzir dedi:

– Gəl dərdini mənə de, bəlkə mən dərdinə əlac eləyəm.

Padşah dedi:

– Allahdan gizli deyil, səndən nə gizlədim? Gərək qızını verəsən mənə.

Vəzir bu sözdən başını aşağı salıb dinmədi. Ürəyindən keçirtdi ki, ay aman, bu, bizə Nardan xanımı görmək üçün gəlibmiş. Vəzir getdi fikrə.

Qoquz padşah dedi:

– Vəzir, daha səbir eləyə bilmirəm. Gərək Nardan xanımı verəsən mənə.

Vəzir dedi:

– Padşah sağ olsun, izin ver gedim qıznan məsləhət­lə­şim, bəlkə qız razı olmadı.

Qoquz padşah izin verdi. Vəzir durub gəldi evinə, gördü ki, Nardan xanım evdə təkdi. Nardanı çağırıb dedi:

– Qızım, bizim padşaha ərə gedərsən?

Nardan xanım dedi:

– Mən ərə gedən deyiləm.

Vəzir suyu süzülə-süzülə durub gəldi Qoquz padşahın ya­nına. Nardan xanım necə demişdi, elə də dedi Qoquz padşaha.

Padşahı od götürüb lap dəli-divanə oldu. Gün keçdi, həftə dolandı, bir gün padşah bağda gəzib dolanırdı, gördü ki, küçədə iki uşaq (uşaqların biri keçəl idi) aşıq-aşıq oynayır. Bu vaxtı uşaqların biri başladı cığallığa. Keçəl aşığı götürüb qaçdı. O biri uşaq dedi:

– Aşığımı ver!

Keçəl dedi:

– Allah vurmuşdu səni. Mən də sənin üçün Qoquz pad­şah deyiləm ki, Nardan xanımın dərdindən saralıb solam, aciz qalam.

Keçəl belə deyən kimi Qoquz padşah yapışıb keçəlin biləyindən, çəkdi bağa, dedi:

– Ey vələdizna, sən nə bilirsən ki, mən Nardan xanımın eşqindən bu kökə düşmüşəm?

Keçəl dedi:

– Əvvəl qarnımı doydur, sonra deyim.

Qoquz padşah durub keçəli apardı aşpazın yanına, qarnını doydurub, götürüb gəldi otağına:

Keçəl dedi:

– Padşah sağ olsun, bir yandan Nardan xanım sənə get­mək istəmir, o biri yandan da vəzir qızı sənə vermək istəmir. Sən ta ki, vəziri öldürməsən qızı ala bilməzsən.

Qoquz padşah dedi:

– Bəs necə eləyim ki, vəziri öldürüm?

Keçəl dedi:

– Mənim nənəm yaxşı xalça toxuya bilir. Sən vəziri gön­dər bizim evə ki, bizdən sənin üçün xalça alsın. O xalçaya gə­ləndə mən də çıxaram dama. Evimizə girəndə başına daş salıb öldürərəm.

Padşah razı oldu. Keçələ bir qızıl verib yola saldı. Bu tərəfdən də vəziri çağırıb dedi:

– Vəzir, filan keçəlin evində bir əntiq xalça var. Gəlsənə gedib xalçaya bir baxasan. Əgər xoşuna gəlsə, elə orda pulu­nu ver, xalçanı al gətir.

Keçəl çıxıb damda oturmuşdu ki, gördü ki, vəzir gəlir. Tez böyük bir daş tapıb içəri girən kimi saldı vəzirin başına. Vəzir elə oradaca öldü. Götürüb vəzirin meyidini gecəynən atdı bazarın ortasına, çıxıb gəldi. Səhərdən Qoquz padşaha xəbər getdi ki, vəzir ölüb. Padşah vəzirini kəfn-dəfn edib elə­yib durub gəldi vəzirin arvadının yanına. Başsağlığı verib, bir də Nardan xanıma məhəbbətnən baxıb, çıxıb getdi.

Aradan bir müddət keçdi. Bir gecə Nardan xanım otur­muşdu evdə, bir də gördü ki, qapı döyüldü. Otağa iki adam girib dedi:

– Padşah səni çağırır.

Nardan xanım getməyib gələn elçiləri də qovub, qapıları bağlayıb oturdu içəridə.

Qoquz padşaha xəbər çatdı ki, Nardan xanım gəlmir. Padşah qəzəbləndi, əmr verdi ki, səhərnən Nardan xanımın boynu vurulsun.

Gecəni Qoquz padşah yatdı. Bu dəfə yuxuda gördü ki, göy­dən bir məlakə enib dəydi ürəyinin başından. Qoquz tez yu­xudan ayılıb səhərə kimi yata bilmədi. Səhər divanxana vaxtı durub gəldi divanxanaya, adam göndərdi münəccim üçün. Mü­nəccim gəldi. Qoquz padşah yuxusunu münəccimə nəql elədi.

Münəccim dedi:

– Qabaq gördüyün yuxunun mənası yavaş-yavaş yaxın­laşır, özünü gözlə!

Münəccim çıxıb gedəndən sonra Qoquz padşah qoca münəccimin dediyi sözü yadına salıb, Nardan xanımı yaddan çıxartdı. Bu tərəfdən də camaat şikayətə gəlirdilər ki, bəs arvadımız qız doğur, səhəri oğurlayırlar. Bizim səbir kasamız doldu. Qız üzünə həsrət qaldıq.

Qoquz padşah baxıb gördü ki, işlərin qabağı çox qarışıq gəlir. Birdən ağlına gəlib dedi:

– Camaat, mən baxıb görürəm ki, sizin şikayətiniz qurta­ran deyil, mən də o uşaq oğrusunu tapa bilməyəcəyəm. Sa­bah­dan başlayın bir mərtəbəli ev tikin! Pulu məndən. Ar­vad­larınız nə ki, qız doğdu, gətirin yığın o otağa, görək başımıza nə iş gəlir.

Camaat padşahın tədbirindən xoşlanıb günü o gün başla­dılar bir mərtəbəli imarət tikməyə. Çox çəkmədi ki, imarət tikilib qurtardı. Qoquz padşah xəzinədən pul ayırıb, iki dənə dayə tutub doğan arvadların qız uşaqlarını yığıb bu təzə ima­rətdə saxlamaqda olsun, sənə xəbər verim kimdən, Nardan xanımla Qoquz padşahdan.

Bir gün yenə də Qoquz padşahın eşqi cuşa gəldi. Durub gəlməkdə olsun Nardan xanımın yanına. Nardan xanım otur­muşdu evdə, gördü ki, Qoquz padşah gəlir, tez durub ayağa istədi çıxa bayıra. Padşah qırğı kimi alıb Nardan xanımın başının üstünü dedi:

– Nardan xanım, gəl bu daşı ətəyindən tök!

Nardan xanım baxıb gördü ki, Qoquz padşah bundan əl çəkən deyil, dedi:

– Padşah sağ olsun, bir il mənə möhlət ver! Bir ildən sonra mən sənin, sən mənim.

Qoquz padşah razı oldu, durub gəldi evinə.

İndi sənə xəbər verim Nardan xanımdan.

Nardan xanım eşitmişdi ki, bu şəhərdə uşaq oğrusu var, amma tapmayırlar.

Durub bir gecə geyinib-gecinib pəhləvan paltarında çıxdı bayıra. Gördü ki, hansı evə gedirsə, yasdı. Amma şəhə­rin qırağında bir ev var, burda çalğıdı, oxumadı, kefdi. Əyilib pəncərədən gördü ki, bu evin başında qoca bir kişi altında dö­şək, dalında balış, yorğanı da qurşağacan səriyib özünə otu­rub­du. Qabağında bir oğlan, bir qız, biri saz çalır, biri dəf ça­lır, qoca da qulaq asır. Arada da elə oxuyur ki, gəl görəsən...

Nardan xanım qapını döydü. Qapını açdılar. Nardan xa­nım girdi evə. Uşaq durub Nardan xanımdan xəbər aldı:

– Kimi istəyirsən?

Nardan xanım dedi:

– Allah qonağıyam. Mənə bu gecəliyə yer verin!

Nardan xanım keçıb oturdu. Uşaqlar başladılar çalmağa, qoca kişi başladı oxumağa, Nardan xanım da oturub qulaq asırdı.

Oğlan birdən dəfi vurdu yerə, qız da sazı qoyub yerə, başladılar qurşaq yapışmağa. Qız oğlanı qoyub dizinin altına başladı əzişdirməyə. Qoca gülüb qəşş elədi. Haçandan-haçana əlini atıb döşəyin altından bir çubuq götürüb uşaqları vurdu. Uşaqlar ayrılıb bir-birindən, hərəsi bir yana yıxılıb yatdılar.

Nardan xanımı fikir aldı ki, bu necə olan işidi... Qoca üzünü Nardan xanıma tutub dedi:

– Ey qonaq, xoş gəlmisən!

Nardan xanım dedi:

– Sağ olasan!

Qoca əlini uzadıb yanındakı sandığın içindən bir parça quru çörək, bir nəlbəki bal götürüb uzatdı Nardan xanıma. Nardan xanım alıb çörəknən balı qoydu qabağına, bir tikə yeyib, əlini süfrədən çəkdi.

Qoca dedi:

– Ey pəhləvan, tərsliyinə salma! Gəl otur çörəyini ye! Sənin mənim sirrimnən nə işin var?

Nardan xanım dedi:

– Ey qoca, əgər mənə sirr verməsən bu iki uşağın başın kəsib, durub gedəcəyəm.

Qoca fikrə gedib dedi:

– Ey pəhləvan, bil və agah ol, mənim bu sirrimi heç kəs bilməyir. Mən sirrimi heç kimə deməyib ürəyimdə saxladığım üçün bu kökə düşmüşəm.

Qoca yorğanı dizinin üstündən götürdü. Nardan xanım baxıb gördü ki, qocanın qıçları ta qurşağacan yoxdu. Qoca yorğanla dizini örtüb yenə dedi:

– Gəl mənim ölümümə bais olma!

Nardan dedi:

– Gərək danışasan.

Qoca dedi:

– Mən Qoquz padşahın bağbanı idim. Cavan idim, olar­dım on altı sinnidə. Bir gün Qoquz padşah məni Ərəbis­tana xurma üçün göndərdi. Mən də getdim. Gələndə bir ərəb qızı mənə aşiq oldu. Alıb ərəb qızını da özümlə gətirdim. Xurmanı Qoquz padşahın bağında əkdim. O zaman padşah hələ cavan idi. Mən pul yığdım ki, toy eləyim, ərəb qızını alım. Gördüm ki, toya qüvvəm çatmır, mən də bir xonça tutub apardım Qo­quz padşah üçün, öz dərdimi açıb dedim ona.

Qoquz padşah dedi:

– Götür gəl adaxlıvu görüm necə şeydi. Özünə layiq də toy eləyim.

Mən də razı oldum. Çünki ata-babadan biz eşitmişik ki, padşah olan şəxs yerin Allahıdı. Mən də durub ərəb qızını aparıb göstərdim Qoquz padşaha. Qoquz padşah ərəb qızını görən kimi gördüm gözləri dörd oldu. Mən yenə bir şey başa düşmədim.

Mənə dedi ki:

– Bu qızın toy xərci mənim boynuma. Burax hərəmlərin yanında qalsın. Mən sənin üçün bir-iki günə toy elərəm.

Mən bu zalımı adil bilib inandım. Ərəb qızını öz əlimlə hərəmxanada qoyub gəldim. Aradan bir həftə keçəndən sonra durub padşahın yanına gəldim ki:

– Ver ərəb qızını aparım.

Padşah məni qovdu. Mən də cavandım. Səbir eləyə bilmədim, ağzımdan bir neçə pis söz çıxartdım.

Qoquz padşahın acığı tutub məni zindana saldı. Mən zindanda qaldım. Qoquz padşah da ərəb qızını istədi özünə arvad eləyə, ərəb qızı əl vermədi, nə ərəb qızı fikrindən dön­dü, nə də mən ərəb qızından əl çəkdim. Bir gecə ərəb qızını götürüb qaçdım. Qoquz padşah yenə də gəlib bizi tapıb ərəb qızını mənim əlimdən aldı, məni də tutub zindana saldı. Hər gecə Qoquz gələrdi yanıma, mənə deyərdi ki:

– Gəl razı ol, ərəb qızını mən alım.

Mən razı olmurdum. Zor-güc ərəb qızını Qoquz padşah özünə arvad elədi. Mən səbir eləyə bilmədim. Daha dərd ürəyimə vurdu. Bir yandan da nəmişlik iki qıçımı çolaq elədi. Qoquz padşah işi belə görüb məni açdı, buraxdı, mən də gəlib şəhərin qırağında özümə bu evi tikdim.

Bu iki uşağı da alıb saxlamışam. Bunlar çalırlar, mənim könlüm açılır, qurşağı da ona görə tutdururam ki, bəlkə bö­yüyüb pəhləvan olub, axırda mənim qisasımı Qoquz padşah­dan alalar.

Qoca sözün tamam elədi. Nardan xanım gecəni qalıb səhərdən durub gəldi evinə.

Axşam olan kimi yenə Nardan xanım geyinib pəhləvan paltarı, düşdü bu şəhərə. O qapı mənim, bu qapı sənin, gəzib, pəncərələrdən baxıb bir təzə söz öyrənirdi. Qayıdıb evinə gələndə gördü ki, evlərin birində vaveyladı. Ana deyir “qı­zım”, qardaş deyir “bacım”, Nardan xanım səbir eləyə bil­məyib girdi içəri, xəbər aldı:

– Ay ev yiyəsi, bu nə vaveyladı?

Qoca bir arvad vardı, qayıdıb dedi:

– Ey pəhləvan, sən məgər bu şəhərə təzə gəlmisən?

Nardan xanım dedi:

– Bəli, qəribəm, təzə gəlmişəm.

Arvad dedi:

– Bizim şəhərdə qız oğrusu var, qız uşağı bu gün anadan olur, səhər oğurlanır.

Nardan xanım belə eşidən kimi dayanmayıb, çıxıb getdi evinə. Gecəni yatıb səhər tezdən durub gəldi Qoquz padşahın yanına. Qoquz padşaha dedi:

– Ey padşah, eşitmişəm sənin şəhərində qız uşaqlarını oğurlayırlar. Gərək uşaq oğrusunu tapasan. Tapmasan taxtını qanla doluraram.

Qoquz padşah qəzəblənib əmr verdi ki, tutun bunu.

Belə deyəndə Nardan xanım tez çıxıb bayıra pəhləvan paltarını soyundu, öz paltarını geyindi, oturdu evində.

Gecə olan kimi durub geyindi pəhləvan paltarını, çıxdı bazara. Gəzib dolandı, gördü ki, bir yerdən işıq gəlir. Yeridi irəli gördü ki, Qoquz padşahdı, qucağında üç aylıq uşaq. Tu­tub uşağı aldı padşahın əlindən. Nardan xanım padşahı tanıdı, amma padşah Nardan xanımı tanımadı.

Padşah uşağı Nardan xanımın qucağına verən kimi qaç­dı. Nardan xanım da uşaq qucağında qaçdı padşahın dalınca. Qoquz padşah öz adamlarına çatıb qışqırdı:

– Tutun bunu!...

Qoquz padşahın adamları hücum elədilər Nardan xanı­ma. Nardan xanım istədi macal eləyib uşağı yerə qoysun, əl atsın qılınca, daldan yapışıb Nardan xanımın iki qolunu möh­kəm sarıyıb, götürüb saldılar dustağa. Qoquz padşah gecəy­nən uşaq olan mənzilə od vurub odladı. Camaatın uşaqları yanıb tələf oldu.

Qoquz padşah səhər camaatı yığıb bir yerə elan verdi ki, uşaq oğrusunu tapmışam, sabah dara çəkiləcək.

Səhər meydan salınıb dar ağacı quruldu. Nardan xanımı götürüb gəldilər dar ağacının altına. Qoquz padşah çıxıb ca­maatın qabağına, dedi:

Ey camaat, siz hələ məndən narazılıq eləyirdiniz ki, uşaq oğrusunu tapmırsan. Bütün sizin qız uşaqlarınızı oğurla­yan budu.

Camaat hər yerdən Nardan xanıma min təsbeh lənət oxudular. Arvadlar istədilər Nardan xanımı daşa bassınlar, amma cəlladlar qoymadı. Padşah əmr verdi ki, salsınlar ipi bu məlunun boğazına. Cəlladlar ipi hazır edib istədilər salalar Nardan xanımın boğazına, Nardan xanım tez niqabı üzündən götürüb üzünü padşaha göstərdi. Qoquz padşah Nardan xanı­mı tanıdı, amma əli heç bir yana çatmadı. Qoquz padşah tut­duğu işdən çox peşman oldu.

Cəlladlar ipi Nardan xanımın boğazına salan kimi, bərk bir xəzri qopdu, toz, torpaqdan göz-gözü görmədi. Nardan xanım ipi atıb özünü vurdu camaatın arasına, tez aradan çıxıb qaçdı.

Çox çəkmədi xəzri dayandı. Cəlladlar baxıb gördülər ki, dara çəkilən adam qaçıb. Camaat axtarmamış yer qoymadı, amma onu tapa bilmədilər.

Xəbər verim sənə Nardan xanımdan.

Nardan qaçıb özünü saldı meşəyə. Bir neçə gün o yanda, bu yanda başını girləyib bir təhərnən meşədən çıxdı, üz qoydu getməyə. Az gedib çox dayandı, çox gedib az dayandı, gəlib çat­dı Rəm şəhərinə. Girib şəhərə gördü ki, burda bir bağ var, gəl gö­rəsən. Lalələr gül açıb bülbüllər cəh-cəh vurur, dünyada nə is­təyirsən, hansı meyvəni deyirsən, bu bağdadı. Nardan xanım gi­rib bağa meyvə dərib yedi, uzanıb reyhan güllərin yanında yatdı.

Sənə xəbər verim Rəm vilayətinin padşahının qızı Zər­nigar xanımdan.

Zərnigar üçün neçə müddətdi ki, şəhərbəşəhərdən elçilər gəlirdi. Zərnigar heç kimə ərə getmirdi. Zərnigarın atası lap tən­gə gəlmişdi, and içmişdi ki, Zərnigarın bir də işinə qarış­ma­sın. Odu ki, gələn elçilərin də cavabını Zərnigar verib qaytarırdı.

Bir gün Zərnigar bağa çıxıb gəzirdi, gördü ki, ağacların dibində bir cavan oğlan yatıbdı. Oturub Nardan xanımın ba­şının üstündə, başladı Nardan xanımın üzün, gözün silib tə­mizləməyə.

Nardan xanım ayılıb gördü ki, başının üstündə gözəl bir qız oturub. Dodaqaltı gülüb yerindən qalxdı.

Zərnigar Nardan xanıma dedi:

– Ey oğlan, adın nədi, nəkarəsən?

Nardan xanım işi başa düşüb dedi:

– Adıma Əhməd deyərlər, özüm de Urum padşahının oğluyam.

Zərnigar dedi:

– İstədiyimi Allah yetirdi.

Zərnigar özünü saxlaya bilməyib öz ürəyindəki məhəb­bəti Nardan xanıma açıb dedi:

– Ey Əhməd, sevirəm səni, gərək məni alasan.

Nardan xanımın boğazının yolu quruyub dinmədi. Zər­ni­­gar bir də məhəbbətini deyib sarıldı Nardan xanımın boy­nuna ki:

– Əhməd, dur gedək mənim mənzilimə.

Nardan xanım durub gəldi Zərnigarın mənzilinə, qapını bağlayıb gecəni yatdılar.

Səhər tezdən Nardan xanım ayılıb bağa çıxdı. Neçə vaxt idi ki, soyunub çimməmişdi. Öz-özünə dedi: yaxşı oldu, gedib çimərəm, sonra Allah kərimdi. Durub verdi özünə çaya. Bir o yana baxdı, bir bu yana baxdı, gördü ki, heç kim yoxdu, so­yunub girdi çaya. Bu çimməkdə olsun, al xəbərin padşahın bağbanının oğlu Murtuzdan.

Murtuz gözəşirin oğlanların biriydi. Çıxıb səhər-səhər bağı gəzirdi, gördü ki, çayın içində bir süd kimi ağappaq şey görünür. Durub gəldi çaya tərəf, nə gördü...Cavan bir qız çay­da çimir. Özün verdi irəli ki, qızın paltarını götürsün, gördü ki, yerdə oğlan paltarı var. Murtuz əl saxlayıb dayandı. Birdən Nardan xanım Murtuzu görüb dedi:

– Ey cavan, çəkil geyinəcəyəm, qoy geyinim.

Nardan belə deyəndə Murtuz çəkildi dərənin içinə. Nar­dan xanım alababat geyindi. Murtuz gəlib Nardan xanımın yanına, dedi:

– Ay qız, nəçisən!

Nardan əvvəl istədi Murtuza cavab verməyə. Sonra ba­xıb gördü ki, bu gözəşirin oğlandı. Murtuzun məhəbbətini sa­lıb ürəyinə, yaxın gəldi Murtuza. Hər ikisi oturub çəməndə öz ürək sirlərini bir-birinə açdılar, söhbətdən sonra Nardan xa­nım başına gələn hekayəti başdan axıra kimi Murtuza nəql elədi.

Sənə xəbər verim kimdən, Zərnigardan.

Zərnigar xanım ayılıb gördü ki, sevgilisi Nardan xanım yanında yoxdu. Durub çıxdı bayıra, özün yetirdi bağa. Nardan xanım başıaçıq oturmuşdu, saçları anduz yarpağı kimi tökülüb çiyinlərini bürümüşdü. Zərnigar baxıb gördü ki, bağbanın oğ­lu Murtuz bunun bağında bir qıznan söhbətdədi. Acığı tutub qayıtdı evinə. Qaravaş göndərdi ki, Murtuzu çağıralar. Bu tərəfdən də Nardan geyinib yenə pəhləvan paltarı, Murtuzdan ayrılıb çıxdı bağdan. Qaravaş gəlib Murtuzu tutub Zərnigar xanımın yanına apardı.

Zərnigar xanım Murtuza dedi:

– Ey haramzada, mən səni bağımda nökər saxlamışam, yoxsa qızlarnan keyf çəkməyə saxlamışam?

Murtuz dedi:

– Xanım, nə qız? Mən heç bağda qız görməmişəm.

Belə deyəndə Zərnigar xanımın acığı tutub Murtuzu sal­dı zindana.

Nardan xanım Zərnigarın yanına gəlirdi, gördü ki, Mur­tu­zu dustaqxanaya aparırlar. Tez özün yetirdi, Murtuzdan xə­bər aldı ki:

– Səni kim tutdurub?

Murtuz dedi:

– Zərnigar xanım.

Nardan xanım özün yetirib Zərnigara dedi:

– Ey sevgilim, məni istəyirsən?

Zərnigar dedi:

– Bəli, istəyirəm.

Nardan xanım dedi:

– İndi ki, məni istəyirsən, nə desəm yerinə yetirərsənmi?

Zərnigar dedi:

– Yerinə yetirərəm. Təki sən mənə bir söz buyur.

Nardan xanım dedi:

– Ey sevgilim, gözümün işiğı, Murtuzu mənə bağışla! Mən özüm onun tənbehini eləyim.

Nardan xanım belə deyəndə Zərnigar dedi:

– Ey Əhməd, get bağışladım.

Zərnigar adam göndərib Murtuzu buraxdırdı. Özləri də başladılar söhbətə. Gün batan kimi Nardan xanım durub gəldi Murtuzun yanına. Yalanbaşdan Zərnigarın başını aldadıb, tez durub gedərdi Murtuzun yanına. Gecəni səhərə kimi Murtuz­nan keçirərdi.

Xəbər verim sənə kimdən, Zərnigarın atasından. Zərni­garın atası padşahdı. Bir gecə durub əlqabına çıxırdı, gördü ki, qızının bağından işıq gəlir. Tez özünü yetirib bağa, gəlib çatdı Murtuzun evinə baxıb gördü ki, bağban oğlu bir qıznan yatıbdı ki, dünyada heç misli yoxdu. Gözəllikdə bəeyni Zü­ley­xa. Padşah dayana bilməyib yıxıldı yerə.

Haçandan-haçana özünə gəlib durdu ayağa. Geri dönüb, bir neçə nəfər adam göndərdi, Nardan xanımla Murtuzu gö­tü­rüb gətirtdi. Əmr verdi ki, Murtuzu salsınlar zindana, Nardan xanımı da öz otağına. Padşah necə dedi, elə də elədilər. Mur­tuz zindanda qalsın, al xəbəri Nardan xanımla padşahdan.

Padşah durub gəldi Nardan xanımın yanına. Nardan xanıma bir dəst zənən paltarı verib geyindirəndən sonra dedi:

– Ey taci-təxti-sərim, gəl ulduzumuzu barışdıraq.

Nardan xanım dedi:

– Bizim ulduzumuz barışan ulduz deyil.

Belə deyəndə padşah istədi güc göstərsin. Nardan xanım qalxıb padşaha bir şillə çəkdi. Padşah özündən gedib yıxıldı kənara. Ağız-burnu qan oldu. Sonra ayağa durub Nardan xa­nı­mı saldırdı zindana. Qəza işi avanda gətirdi, Nardan xanı­mın zindan otağı Murtuzun zindan otağının yanında oldu, ara­da bircə arakəsmə var idi. Nardan xanım gecəyarı durub dedi:

– Hər təhər olsa burdan qaçmalıyam.

Durub ara divarı qazmağa başladı. Haçandan-haçana bir deşik açıb keçdi o biri otağa. Gördü ki, şam işığında burda bir cavan yatıbdı.

Şamla oğlanın üzünə baxıb gördü ki, Murtuzdu. Tez Murtuzu ayıldıb dedi:

– Sən paltarını ver mənə, sən də mənimkini gey! Mən çıxım burdan, sonra səni qurtarram.

Murtuz razı oldu. Soyunub paltarını Nardan xanıma ver­di. Nardan xanım da soyunub paltarını Murtuza verdi. Səhər Nardan xanım Zərnigara bir kağız yazıb göndərdi.

Zərnigar kağızı alıb oxuyub bildi ki, Əhməd (Nardan) zindandadı. Tez gəlib atasından gizlin Nardan xanımı zindan­dan çıxartdı. Nardan xanım zindandan çıxan kimi tez özünü yetirib evə, pəhləvan paltarını geyib qılıncı bağladı, gəlib zin­danın qabağındakı zindançıları vurub öldürüb, Murtuzu gö­türüb apardı.

Padşaha xəbər getdi ki, təzə pəhləvan peyda olubdu, durma özünü yetir. Zindanbanları vurub öldürdü.

Padşah əmr verdi, qoşunu sel kimi tökdü meydana. Nar­dan xanım açıb qollarını şir kimi vurub özünü dəryayi-ləşkə­rə, başladı qoşunu qırmağa. Nardan xanım gələn-gələn qoşun­ları qırıb tökdü, əl atıb padşahı taxtdan salıb, cəhən­nəmə vasil elədi. Vəziri onun yerinə padşah tikib, Zərnigar xanımın ya­nına gedib dedi:

– Ey Zərnigar, bil və agah ol, mən qızam.

Bütün başına gələni Zərnigara danışıb dedi:

– İndi mən gedirəm.

Zərnigar dedi:

– İndi ki, gedirsən, məni də apar.

Nardan xanım üç at götürüb Murtuz və Zərnigar ilə bina qoydu yol getməyə. Gəlib Qoquz padşahın torpağına orda ki, onu dara çəkirdilər, dayanıb meydanda bir nərə çəkdi. Qoquz padşah adam göndərdi ki, gedib görsünlər o nərə çəkən kimdi. Adam gəldi. Nardan xanım gələn adamın boynunu vurub saldı yerə.

Qoquz padşah gördü ki, gedən getdi, daha gəlmədi. Ye­nə adam göndərdi, Nardan xanım gələnin boynunu vurdu. Axırda padşah qəzəblənib qoşun göndərdi. Nardan xanım ba­xıb gördü ki, qoşun gəldi. Əl atıb qılınca vurdu özünü dərya­yi-ləşkərə, qırıb qoşunu axıra çatdı. Padşah qoşun göndərdi, pəhləvan göndərdi. Nardan xanım nə ki vardı, qırıb qurtardı. Axırda Qoquz padşah meydana gəlib Nardan xanımla qılınc­baqılınc gəldi. Gördülər ki, qılıncdan bir şey çıxmadı, əl at­dılar toppuza. Baxıb gördülər ki, toppuzdan da bir şey çıxma­dı, başladılar güc eləməyə. əl atdılar bir-birinin kəmərlərinə. Heç birinin bir-birinə gücü çatmadı. Axırda Nardan xanım lap təngə gəldi, əl atıb tutdu Qoquz padşahın kəmərindən, nərə çəkib götürüb çırpdı yerə. Çıxıb Qoquz padşahın sinəsinin üstə, başını kəsib keçirtdi nizənin başına.

Nardan xanım yığıb camaatı, bu padşahın necə zülmkar olub beşikdəki qız uşaqlarını oğurlayıb qırmağını, hamısını camaata nəql elədi. Camaat Qoquz padşaha lənət oxuyub, Nardan xanımı özlərinə padşah tikdilər.

Nardan xanım bir neçə gün padşahlıq eləyib Murtuzu taxtda oturdub dedi:

– Mən gedirəm beş günə gəlləm.

Nardan xanım minib ata, üz qoydu öz vətəninə sarı. Yetişib şəhərinə ata-anasını tapıb görüşəndən sonra atası qızının əhvalını xəbər aldı.

Nardan xanım başına gələni atasına danışıb dedi:

– Sən həya-abrından ötəri məni nar eləyib satdın, məni bu padşahın əlindən qurtardın, mən də gərək səni qurtaram. Nardan xanım bu şəhərin də padşahını öldürüb, qoşunlarını özünə təslim elədi, sonra öz atasını burda padşah tikib, qayı­dıb gəldi Murtuzun yanına. Yeddi gün, yeddi gecə toy eləyib Murtuznan murad hasil elədilər.



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə