Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə3/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   2   3   4   5   6   7   8   9   ...   14

MƏRASİM FOLKLORU
Məişət mərasimləri

Bakının öz toy və bayram ənənələri vardı. Oğlan ev­lən­dirmək və qız ərə verməyin çox dolamac yolları qədim zamandan məlumdur. Əvvəla, qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu, mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoş­larına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlayardılar.

Qız oğlan anasının xoşuna gələndən sonra qızı, ailəsini, əcdadını hərtərəfli öyrənərdilər. Bu məqsədlə yengə tutardılar. Yengə soraqlaşa-soraqlaşa qız evini axtarıb, qonum-qonşudan onların əsil-nəcabətini, varlı olub-olmadıqlarını ətraflı öyrə­nərdi.

Yengələrin baş soxmadıqları yer qalmazdı. Tanımadığı həyətlərə girib bir stəkan su içmək bəhanəsilə ev sahibini səslərdi. Ev sahibəsi suyu qızı ilə göndərirdisə yengənin kefi durulardı. Qızı diqqətlə süzərdi başdan ayağa. Gözlərini elə zillərdi ki, qız utandığından başını aşağı dikib durardı. Bu zaman su içmək yengənin yadından tamam çıxardı. Nigaran qalan qız anası yuxarı mərtəbədən səslərdi:



  • Nə oldu, ay qız?

  • Ana, hələ içməyib.

Bəzi hallarda qız anasının ürəyinə rəhm düşər, yengəni yuxarı çağırıb, ona çay təklif edərdi. Bu zaman yengənin baxtı alçı durardı. Qızın əsil-nəcabətini cikli-bikli öyrənərdi.

Şad xəbərlə oğlan evinə qayıdan yengə başlardı qızı, onun əsil-nəcabətini tərifləməyə. Yaxşı qız tapdığı üçün oğlan anasından xələt alardı.

Bundan sonra oğlan evi qız qapısına “həri” almağa ge­dər­di. Əvvəlcə arvadlar gedərdi. Onlardan sonra kişilər, “hə­ri” cavabı alandan sonra nişan gedər, qızın barmağına üzük keçirərdilər.

Qız uzun müddət nişanlı qalardısa, oğlan evi borclu idi ki, hər bayramda, baharda və payızda qız evinə hədiyyələr göndərsin. Novruz bayramında noğul, nabat, şəkərbura, pax­lava, şəkər çörəyi, qoz və fındıq ləpəsi, kişmiş və boyanmış yumurtaları üstü rəngli örtüklərlə örtülü padnoslara doldurub, bəzən on-on beş xonça düzəldib göndərərdilər. Qurban bay­ramında bayramlıq üçün boynuna qırmızı lent bağlanmış qo­yun gedərdi. Bağ vaxtı padnoslara hər cür meyvə: armud, şaf­talı, ərik, gilas, üzüm doldurub, qız evinə göndərilərdi. Belə hədiyyələrə vəzəurd deyərdilər.

Bakılıların ən çox sevdikləri və müqəddəs saydıqları bayramlardan biri də Orucluq bayramıdır. Orucluq Ramazan ayında başlayır və martın 13-dək davam edir. Bütün müsəl­manlar düz bir ay oruc saxladıqdan sonra bayram edirlər. Onlar səhər obaşdandan ta axşam şər qarışanadək heç bir şey yemir, içmir, papiros çəkmirlər. Ancaq axşam azanından sonra iftar açırlar. Ramazan ayı müsəlmanlar içərisində təmizlik, mehri­ban­lıq, halallıq, səmimiyyət, istiqanlılıq ayı kimi məşhurdur. Ramazan ayında ağzı oruc yalan danışsan, orucun batil olur. Oruc tutmaq həddi-büluğa çatmış yeniyetmədən başlayaraq, hamıya vacibdir. Ramazan ayında fağır-füqəraya kömək əli uzatmaq böyük savab hesab edilir. Orucluq bayramında da oğlan evindən qız evinə bayram sovqatı göndərilərdi. Sovqat əsasən bayram plovundan və şor qoğalından ibarət olurdu.

Toy mərasımi yaxınlaşdıqda ona böyük hazırlıq görü­lər­di. Əvvəlcə qız adamı toy eləyərdi. Buna görə həyət-baca sü­pürülüb təmizlənər, qapı-baca əhənglə ağappaq ağardılardı. Bundan sonra yengə qapı-qapı düşüb, lazım bildikləri arvad və qızları toya çağırardı. Arvad toyu çox dəbdəbəli keçərdi. Çağırılmış bütün arvad və qızlar ən bahalı zər-baftalı donlarını geyinər, kirşanla üzlərini ağardar, gözlərinə sürmə çəkərdilər. Evdə nə qədər qızıl bəzəkləri vardısa, taxıb gələrdilər. Növ­rəstə qızlar birçək qoyardılar. Çal-çalğı başlardı. Arvad və ca­van qızlar bir-birini əvəz edir, toyxananın ortasına çıxıb, süzə-süzə rəqs edərdilər. Oynayanların başına pulu su kimi səpər­dilər. Verilən şabaşları yengə əyilərək yığar və çalanlara verərdi.

Toya çağırılanlara xüsusi hazırlanmış şirniyyat verilərdi. Beləliklə, hava qaralanadək dünbək, qaval və qarmoşka səs­ləri bütün məhəlləyə yayılardı.

Qız evindən sonra oğlan evi toya hazırlaşardı. Şəhərdə böyük salonu olan evlərdən birində toyxana düzə­lərdi. Bəzən toyxanalar çox zaman küçədə, evin qapısında düzəlmiş çadırda keçirilərdi. Bu zaman toyxananın divarları və skamyaların üstü, toyxananın içərisi müxtəlif xalılarla bəzənərdi. Toyun başlanmasını qoşa qara zurna ilə xəbər verərdilər. Camaat toplaşandan sonra toy başlardı. Bəzi toylarda bir neçə dəstə musiqiçilər olurdu. Dərvişlə keçirilən toylar da vardı. Dərviş toyxananın enini-uzununu ölçə-ölçə qəribə rəvayətlər danışar və oxuyardı. Toyxanalarda bir qayda olaraq, mütrüblər olurdu. Bunlar yeniyetmə gözəl oğlanlardı. Onlar saçlarını qız saçları kimi uzadır, çətir qoyur və dar şalvar geyirdilər. Bəzi toylarda isə onları rus qızları əvəz edərdi. Bunlar, əlbəttə, toyxanaya çoxlu adam cəlb etmək məqsədi güdürdü. Toydakılar arabir mütrübləri yanlarına ça­ğırt­dırıb oturdar, onunla şirin-şirin da­nı­şardılar. Çağıran adam mütrübün cibinə pul qoyardı. Müt­rübləri tez-tez oyna­dar və bir-birinin acığına pulları onların ba­şına səpələrdilər. Bakı kəndlərində keçirilən toylarda Lotu Cabbar tez-tez çıxış edərdi. Camaatı məzəli danışıqları və ko­mik hərəkətləri ilə güldürərdi. Kənd yerində toylar adətən yay aylarında və payızın əvvəlində keçirilərdi. Məclisdə əyləşən cavanlar üçün evlərindən və nişanlılarından xonçalar gələrdi. Üstü püstə ilə dolu budaqlar, albalı budaqları, ərik, şaftalı və başqa nübar meyvələr bir-birinin dalınca cavanlara çatdırılardı. Onlar da bu meyvələri mütrüb vasitəsilə məclisin müxtəlif yerlərində oturan dostlarına göndərərdilər. Məclisdə şuluqluq salmağa cəhd edənlər də olurdu. Ancaq bu zaman toyun sər­payısı onun qarşısını dərhal alırdı. Buna görə toya sərpayı həmişə kəndin ən hörmətli adamlarından təyin olunardı.

Toya çağırılmış adamlar toyxanaya girməmişdən əvvəl toyxananın böyründə ayrılmış məxsusi otağa daxil olar, burada pul salandan sonra xörək yeyib, toyxanaya keçərdilər. Həmin otaqda pul yığan adam, pul salanların adlarını və nə qədər saldıqlarını qabağındakı uzun siyahıya qeyd edərdi.

Toy bir neçə gün və bəzən bir həftə uzanardı. Toy qurta­rıb, camaat dağılışandan sonra bəyin yaxın adamları yığışıb meyxana deyərdilər. Dövrə vurub oturmuş adamlardan iki nəfər ortada oturub, meyxanaya başlardı. Meyxana deyənlər adətən bədahətən şeir deyən şair təbiətli adamlardı. Bəhsə girişir, bir-birlərini və habelə ayrı-ayrı adamların eyiblərini tənqid edərdilər. Onların deyişmələrində satira ilə yumor bir-birinə qarışardı. Şeirlərin nəqəratını dövrə vurub oturmuş adamlar təkrar edərdilər. Meyxana bəzi hallarda dünbəklə də müşayiət olunardı. Bəzən toyxanaların axırında qumar oyna­maq da adət şəklini almışdı. Ta səhərədək oturardılar.

Hər iki ev, yəni oğlan evi ilə qız evi toyları qurtarandan sonra qız evinə gəlini gətirmək üçün gedərdilər. Gecə məşəl işı­ğında musiqi çala-çala faytonlar bir-birinin dalınca düzü­lərdi. Oğlan evindən gəlmiş yeniyetmə bir oğlan gəlinin belini qırmızı lentlə bağlardı. Sonra qızın atası öz övladına xeyir-dua verib, oğlan evinə yola salardı. Bu zaman qız evindən gizlincə bir şey oğurlamaq oğlan evi adamları arasında dəb düşmüşdü. Ancaq bunu elə etməli idilər ki, qız evindən heç kəs görməsin.

Gəlinin ardınca bəy özü də getməli idi. Faytonlar yenə məşəl yandıraraq, musiqi ilə geri döndükləri zaman yollarını şəhərin gur küçələrindən salardılar ki, bütün camaat görsün. Bu mərasimdə meydan qızışdıran qız evindən yengə, oğlan evindən xəlfə olardı. Yengənin işi zifaf gecəsindən ta ertəsi gün sübhədək davam edərdi. O da sübbhün gözünü oğlanın evində açardı. Sübh tezdən qız evinə xəbər aparardı ki, hər şey öz qaydasınca olmuşdur. O dəqiqə qız evindən gəlin üçün quymaq bişirib göndərərdilər.

Bəzən elə olurdu ki, bəy oğlan ancaq zifaf gecəsi qızın üzünü görərdi. İşdir, qız oğlanın ürəyincə olmasaydı, bu, onun üçün ömürlük bir dərd olaraq qalırdı.
* * *

Nişan mərasimi. Əvvəllər oğlu olan valideyn qızı özü görüb bəyənər, nişan aparar, sonra toyu edərdi. Cavanların görüşməsi qadağan idi. Onlar yalnız toy günü bir-biri ilə gö­rüşərdilər. Əgər qohumdursa, demək, bir-birilərini tanıyırlar.

Lakin bu adət tədricən məişətimizdə sıradan çıxmışdır. Bu gün nişan və toy adətlərimiz də müasirləşmiş və dövrün tələbləri ruhunda həyata keçirilir.

Maştağada nişanqoyma adəti Bakının başqa kəndlərində tətbiq olunan eyni adət-ənənələrdən çox az fərqlənir.

Nişanlanan qız və oğlan bir-birini görüb ailə qurmaq üçün öz razılıqlarını verməlidirlər. Bəzən oğlan və qız bu haq­da öz aralarında heç danışmırlar. Oğlan qızı bəyənib qapısına elçi göndərir. Qızın valideynləri də öz növbəsində oğlanın əsil-nəcabətini öyrənir, qəti bir fikrə gəldikdən sonra “hə”sini al­­mağa gələn oğlan evinə müsbət və ya yox cavabı verilir.

Maştağada bəzi məhəllələrdə əksər hallarda qohumdan qız almaq, qohuma qız vermək adəti geniş yayılmışdır. Qo­humlar bir-birilərini yaxşı tanıdıqlarına görə öz övladlarının da talelərini qabaqcadan özləri həll edirlər. Qızın fikri nəzərə alınır, onu ya­xın qohuma, yaxud tanıdığı, bəyəndiyi nəslin öv­ladına verirlər.

Əvvəlcə qadınlar məsələləri həll edirlər, yəni qız tərəfin razılığını aldıqdan sonra oğlan tərəfin ağsaqqalları qız tərəfin ağsaqqalları ilə görüşür, “hə” cavabını almaq üçün qadınlar vaxt müəyyən edirlər.

Oğlan və qız tərəfi nişan günündəki mərasimdə iştirak edəcək insanların sayını müəyyənləşdirirlər. Əgər oğlan evi yalnız nişan üzüyü aparmağı nəzərdə tutursa, onda bu məra­simdə 3-4 nəfər kişi və bir neçə qadın ola bilər. Oğlan evi böyük nişan aparırsa, onda qız üçün nişan üzüyündən başqa xonçaya qaşlı üzük və digər zinət əşyaları, müxtəlif geyimlər, pal-paltar da əlavə edilir. Böyük nişanda oğlan evi aparacağı adamların onlar sayını qabaqcadan qız evinə bildirir ki, onlar öz hazırlıqlarını mərasimdə iştirak edənlərin və xonçaların sayına uyğun xələt hazırlığı görsünlər.

Oğlan tərəfi qız evinə nəslin ağsaqqallarını, münasib bil­diyi şəxsləri aparır. Nişan üzüyü, eləcə də qaşlı üzük və di­gər zinət əşyaları (qızıl ləvazimatlar) oğlan tərəfin ağsaq­qa­lına verilir. Əvvəlki qaydada olduğu kimi, böyük nişanda kəllə qənd və mərasimə dəvət edilmiş adamların sayına görə şirniyyat xonçaları, digər xonçalar da aparılır.

Bəzən oğlan evi nişan mərasimini çalğı ilə keçirmək istəyir. Bu məsələ qız evi ilə mütləq razılaşdırılmalıdır. Əgər icazə verilərsə, onda nişan çalğı ilə keçirilir.

Bu məsələ ilə bir qədər ətraflı maraqlansaq, onda görə­rik ki, qədimdə belə mərasimlər çalğısız icra edilərdi. Dəb­dəbə, şənlik ancaq son illərin məhsuludur.

Qız evi oğlan tərəfini mehribanlıqla qarşılayır, mərasi­min yuxarı başında əyləşdirir. Sonra oğlan evinin adamları gəlişlərinin məqsədlərini açır və nişan üzüyünü, digər zinət əşyalarını çıxarıb “Allah mübarək eləsin” xeyir-duası ilə qız evinin ağsaqqalına verir. O da üzüyü və zinət əşyalarını alıb, eyni ilə öz münasibətini bildirir, xeyir-duasını verir.

Adətən, bundan sonra mərasimə dəvət olunmuş şəxslər öz xeyir-dualarını verirlər, sonra gətirilmiş qızıl-tənə qadın­lara ötürülür. Mərasim iştirakçılarına şirin çay verilir.

Nişan üzüyünü qızın barmağına yalnız oğlan evinin əvvəlcədən təyin etdiyi şəxs taxır. Üzük taxan şəxsin ailəli, oğullu-qızlı, başıbütöv şəxs olması, xoşbəxt yaşaması əsas şərt kimi götürülür.

Mərasimə toplaşanlar hər iki tərəfi təbrik edir, xeyir-dualarını bildirirlər. Bəzən şirni süfrəsindən əlavə yemək süfrəsi də açılır. Bu xərclər qız evinin hesabına olur.

Qız evi oğlan üçün pay göndərir. Oğlanın və qızın vali­deynləri qarşıdakı bayramları necə qarşılamaları, yeni bay­ram­larda qız evinə bayramlıq paylarını gətirib-gətirmə­mələri barədə öz aralarında danışır, müəyyən bir fikrə gəlirlər.

Əgər qız tez köçürüləcəksə, toy ilə bağlı söhbət aparılır. Qızın köçürülməsi müəyyən səbəblərlə əlaqədar olaraq yuba­dılacaqsa, onda mütləq bayramların yola verilməsi barə­də hər iki tərəf danışıqlar aparmalı və bir fikrə gəlməlidirlər ki, bayramlıq göndərilsin, ya yox. Nişan vaxtı qız evinə neçə xon­ça aparılırsa, qız evi bir o qədər xələt verməlidir. Qayı­nana və qayınata ailə üzvləri üçün də ayrıca xələt qoyulur.



Toy mərasimi. Bakı kəndlərində, eləcə də Maştağada kişi toyu həmişə ayrıca olub. Əvvəllər bugünkü kimi toya də­vətnamə ilə çağırmazdılar. İndiki univermağın yerində, kül­lük hamam deyilən yerdə (Çirkab üstü – red.) qara zurna çalı­nardı. Bu, bütün kənd camaatına xəbərdarlıq idi. Toyun keçi­rildiyi günə bir gün qalmış qara zurna səsi bütün kəndə ya­yılardı. Hamı xəbər tutardı ki, sabah hansı məhəllədə kimin toyu olacaq. Çox vaxt qara zurna çalanlar toy yiyəsinin evinin damına çıxar, orada çalardılar. Sonralar bu qayda tədricən aradan çıxmışdır.

Adətən, bir müddət, nişan mərasimi keçəndən sonra oğlan və qız evi birlikdə məsləhətləşib, toy tədarükünə hazır­laşır, paltarkəsdi, qız və oğlan toyunun günlərini müəyyən­ləşdirirlər. Oğlan evi toy etməzdən bir neçə gün əvvəl qız evində paltarkəsdi mərasimi keçirilir. Bu mərasimdə gəlinə lazımi paltarlar biçilib tikilir.

Paltarkəsdi mərasiminin xərcini, adətən, oğlan evi çəkir. Əlbəttə, bu məsələ qabaqcadan danışılıb həll edilir. Oğlan evi xərci iki cür verə bilər: o, bu xərci pul şəklində, ya da toyda istifadə olunan bütün ərzaq məhsullarını (ət, düyü, yağ və s.) alıb qız evinə gətirə bilər.

Qız toyundan sonra oğlan evi toya hazırlaşır və toya adamlar çağırılır, qabaqcadan vəzifə bölgüləri aparılır. Adət­dir ki, kişi toyuna iki-üç gün qalmış oğlan evi qız evində xı­nayaxdı mərasimi keçirir. Bu mərasim təntənəli şəkildə icra olunar. Xınayaxdı mərasimində məşşatə gəlinin başına, əllərinə və ayaqlarına, digər qız-qadınlar isə əllərinə xına qo­yarlar. Cavanlar birlikdə şənlənərlər.

Əvvəllər Maştağa toylarında görkəmli xanəndələrdən Cab­bar Qaryağdı, Zülfi Adığözəlov, Güləhməd Məmmədov, Əlibaba Məmmədov, Seyid Şuşinski, Xan Şuşinski, Əbülfət Əliyev, Məmmədbağır Bağırzadə kimi məşhur muğam ustad­ları və başqaları iştirak etmiş, gözəl toy mərasimləri aparmışlar.

Müharibədən sonrakı illərdə Maştağada aşıq toyları geniş yayılmışdı. Bu toylarda Aşıq Bəylər, Aşıq Pənah, Aşıq Qurbanxan, Aşıq Şakir iştirak edirdilər. Bir çox toylarda həm muğam ustaları, həm də aşıqlar toyu birgə aparar, əhaliyə yüksək zövq verərdilər.

Toylar adətən həyətlərdə olurdu. Qohum-əqrəbanın köməyi ilə toyxana qurulur, işıq çəkilir və içi bəzədilirdi. Elə toy olurdu ki, toyxanada bir neçə dəstə çalğıçı iştirak edirdi. Hər dəstənin də öz xanəndəsi olurdu.

Toy başlamazdan bir neçə saat əvvəl, adətən, bəy ha­mamdan gəlib həyətə zurna-balabanın çalğısının müşayiəti ilə gətirilərdi. Bu gün bəyin hamamdan qayıtması musiqisiz ye­rinə yetirilir. Kənddə bütün həyətlərdə hamam olduğundan­mı, ya nədənmi, bu adət unudulub. Bəylə bərabər onun sağ-sol­duşu da hamama birgə gedir.

Bəy hamamdan çıxdıqdan sonra yaxın qohum-əqrəbası onu qucaqlayıb öpər, təbrik edər, qabağında oynayardılar. Bəzən bu mərasimdə çalğıdan da istifadə edərdilər.

Həmin mərasim bu gün də öz qüvvəsini saxlayır. Bəyin hamamdan qayıtması təntənə və şadyanalıqla həyata keçirilir.

Bəy hamamdan çıxdıqdan sonra qız evindən ona xələt göndərilir, oğlan evi isə bəyin sağ-solduşuna xələt verir.

Əvvəllər gəlinin avadanlığı toydan qabaq oğlan evinə gətirdilərdi. Qız evindən bir neçə nəfər qadın oğlan evinə gələr, ailə quran gənclərin evini bəzəməklə məşğul olardılar.

Bu adət bu gün də yaşamaqdadır.

Qabaqlar, elə indi də toy qurtarandan sonra gəlini bəy evinə gətirərdilər.

Əgər toy mərasimi müasir qaydada şadlıq evində keçi­rilirsə, bəy və gəlin bu mərasimdə iştirak edir.

Gəlin ər evinə köçməzdən əvvəl öğlanın atası yaxud oğlan tərəfindən müəyyən olunmuş ağsaqqal hər ikisinin, yəni bəy və gəlinin kəbin kağızını qız evinin ağsaqqalına yaxud qızın atasına verir, sonra qızı aparmağa razılıq əldə edirlər. Oğlanın atası qızın belini bağlayır.

Maştağada adətən, bəy və gəlinin kəbini toydan bir neçə gün əvvəl ilk dəfə axund yanında kəsilir. Bu mərasimdə hər iki tərəfdən vəkil seçilmiş şəxslər din xadiminin yanına qız və oğlan tərəfindən iştirak etmək üçün göndərirlər. Yalnız bundan sonra dövlət qeydiyyatından keçirlər. Hamı ailə quran cavanları təbrik edər, öz xeyir-dualarını bildirərlər.

Odur ki, həm dövlət qeydiyyatında – VVAQ-da, həm də şəriət qaydalarına görə mütləq hər iki cavanın kəbini toy günündən bir neçə gün və ya həftəqabağı kəsilməlidir. Maş­tağada kəbinin bu növünə xüsusi diqqət yetirilir. Əgər şəriət kəbini olmasa, qızı verməzlər.

Toyun bir çox adətləri aradan çıxmışdır. Vaxtilə gəlini apararkən 2 nəfər süvari qırmızı xələt (yaylıq, şarf və s.) alıb oğlan evinə xəbər çatdırmaq üçün yarışarmışlar. Onlardan hansı biri həmin xələti oğlan evinə tez çatdırsaydı, oğlan evi ona xələt verərdi.

Əvvəllər bəy və sağ-solduşu toyda oturardılar, xanəndə bəyi tərif etdikcə onun qohum-əqrəbası, dostları xanəndəyə imkanı daxilində pul və ya bəxşiş verərdilər. Sonra bəyi toyun sonunda, sağ-solduşi ilə birlikdə oynadardılar, hamı bəyin başına şabaş səpərdi.

Oğlan toyunda qız evindən gəlmiş qonaqlar iştirak edərdilər. Onlara xüsusi qulluq olunardı. Əgər toy pulludursa, qız evi də həmçinin toya gəlmiş başqaları kimi pul salardı.

Bu adət bu gün də saxlanmaqdadır. Qız evi toyda iştirak edir, şənlənir və toy siyahısına adını yazdırır.

Toy qurtardıqdan sonra mağarada pəhləvanlar güləşər, yaxud meyxana ustaları meyxana deyərdilər.

Bu gün kənd toylarında yalnız meyxana demək ənənəsi davam etdirilir.

Gəlin ər evinə köçürülərkən, o özü ilə müxtəlif şirniyyat məmulatları, yəni paxlava, şəkərbura və s. aparardı. Həmin şirniyyatlardan noğul, yaxud konfet gəlinin qabağında oyna­yanlara və yaxın adamlara yengə tərəfdən paylanardı.

Adətə görə, oğlan toydan sonra 3 gün ortaya çıxmazdı, öz böyüklərinin gözünə görünməzdi. Bu müddət tamam olandan sonra yaxın qohumlar oğlanı aşkara çıxarar, onu evli olduğu üçün təbrik edərmişlər.

Oğlan evə gələrkən mütləq gəlin üçün hədiyyə alıb gə­tir­məli idi.

Gəlinin həftə hamamı keçdikdən bir qədər sonra üzəçıx­dı edərdilər, onun qayınatası, yəni oğlanın atası bir hədiyyə alıb gəlinin görüşünə gedərdi, yeni ailə qurması münasibətilə onu təbrik edərdi. Bu adət bu gün də yaşamaqdadır. Bəzi ailələrdə bu adətə ciddi riayət olunur.

Müəyyən vaxtdan sonra isə oğlan evi qızın valideyn­lərini qonaq edərdi. Bu mərasim eyni ilə qızın valideynləri tərəfindən də təkrar olunardı. Yalnız bundan sonra qohumlar təzə ailə quranları qonaq çağırardılar. Bu da təbii ki, hədiy­yəsiz keçməzdi.

Maştağada dərviş toyları da həmişə maraqla keçərdi. Əvvəlki illərə nisbətən kənddə dərviş toylarının keçirilməsi bir qədər azalıb.

Dərviş toyu çalğısız keçirilir. Belə toyda yalnız kişilər iştirak edirlər. Toyu adətən bir neçə dərviş aparır. Onlar toyda dini şeirlər və rəvayətlər, hədislər söyləyir, tərbiyəvi fikirlərlə məclis iştirakçılarının zövqünü oxşayırlar.

Yeri gəlmişkən qeyd edək ki, əvvəllər toylarımızda spirtli içki verilməyib. Hamıya şərbət paylanardı. Spirtli içki sonralar toylarda ayaq açıb və bəzən ənənəyə çevrilib.



Adqoyma mərasimi. Ailədə uşaq böyük sevincdir. Onun dünyaya gəlməsi qohumların, valideynlərin bir-birinə münasibətini daha da möhkəmləndirir.

Əvvəllər ananın qayınatanın qabağında uşağı qucağına alması ona hörmətsizlik sayılarmış. Elə oğulun da öz atası yanında uşağı qucağına götürməsi, onu əzizləməsi qəbahət sa­yılıb. Mərasimi keçirmək üçün oğlan və qız evindən müəyyən yaxın adamlar çağırılır. Onu da qeyd edək ki, uşağın qırxı çıxdıqdan sonra bu mərasim keçirilməlidir.

Adqoydu mərasimində mollanın iştirakı vacib deyil. Bir nəfər yaşlı qadın uşağın adını qulağına deyir. Uşağın qulaq­larına kəlmeyi-şəhadət, sağ qulağına əzan, sol qulağına isə iqa­mə deyilir.

Adqoydu mərasimində süfrə açılır, dəvət olunanların ha­mısı uşağın qohumlarını təbrik edir, öz xeyir-dualarını ve­rib yemək yeyirlər.

Uşağa ad qoyan şəxsə xələt verilir.

Yas mərasimi. Vəfat etmiş şəxsin meyiti həkim tərə­findən müayinə olunduqdan sonra, bəzi hallarda isə hüquq-mühafizə orqanları tərəfindən (əgər mərhum bədbəxt hadisə nəticəsində vəfat etmişsə) icazə verildikdən sonra meyit yuyu­lur, kəfənlənir.

Əvvəllər meyit həyətlərdə, yəni hər kəsin öz həyətində yu­yulardı, kəfənlənərdi. Bu işlə xüsusi məşğul olan yerlər açıl­dıqdan sonra meyit ora aparılır və orada yuyularaq kə­fənlənir.

Mərhum və ya mərhumə kişilər oturan otağa qoyulur, burada Quran oxunur. Adətən meyit qoyulmuş otaqda ağsaq­qallar əyləşir. Bu otaqda çay içmək və çörək yemək olmaz. Kənar söhbətlər etməyə də icazə verilmir.

Dəfndə iştirak edən şəxslər başqa otaqlarda, yaxud həyətdə məclis üçün ayrılmış yerlərdə yerləşdirilir.

Meyit evdə ayaqları şərqə və üzü qibləyə tərəf uzadıl­malıdır. Onun dəfni üçün tədarük görülməli, yəni məzarı qazdırılmalı, dəfn mərasimində rəhbərlik etmək, yola vermək üçün molla çağırılmalıdır.

Qəbrin dərinliyi ortaboylu adamın boyu hündürlüyündə, yaxud onun çiyninə qədər olmalıdır.

Dəfn mərasimi gün batmamış keçirilməlidir.

Cənazə evdən çıxarılmazdan əvvəl kişilər evdən çıxmalı və qadınların öz əzizləri ilə görüşməsinə şərait yaradılmalıdır.

Meyit üçün 3 dəfə salat verilir. Birinci salatda meyid sudan çıxandan (qüsl verildikdən) sonra, həmin şəxsin vəfatı xəbərini çatdırmaq məqsədilə, ikinci salat günortadan keçmiş mərhumun (mərhumənin) yerdən qaldırılmasına (dəfn mərasi­minə) hazırlıq vaxtı, üçüncü salat isə vidalaşma ilə bağlı olub dəfn olunmağa getməzdən bir qədər əvvəl yerinə yetirilir.

Qadınlar dünyasını dəyişmiş öz əzizləri ilə bir neçə dəqiqə “görüşdükdən” sonra, mollanın iştirakilə yaxın qo­hum­lar, cavanlar cənazəni qaldırıb evdən çıxarırlar. Təbiidir ki, bu zaman mollanın dediklərinə ciddi əməl olunmalıdır. Cə­nazə “Ər-rəhman” surəsi oxuna-oxuna qəbiristana aparılır.

Əgər yol uzaqdırsa, bir qədər çiyində aparıldıqdan sonra mafə maşına qoyulur və hamı maşınlara minib dəfn üçün yola düşür.

Cənazə qəbiristanlığa gətirilir. Bəzən meyit namazı məs­ciddə, evdə, yaxuda da qəbiristanlıqda qılınır.

Ölmüş adamın yaxın qohumları onun dəfni ilə məşğul olur. Bir nəfər şəxs ayaqqabılarını çıxarıb qəbrə girməli, meyit qəbrə qoyulduqdan sonra kəfənin bəndlərini açmalıdır. Meyit sağ çiyni üstündə üzü qibləyə tərəf uzadılmalı, sağ üzü torpağa dəyməlidir. Molla dini ayinləri oxuduqca, qəbrə düşən şəxs meyitin çiynini tərpətməlidir.

Molla icazə verdikdən sonra qəbrə düşən şəxs oradan çıxmalı və qəbrin üstü örtülməlidir. Adətə görə, ölünün üstü­nün örtülməsində iştirak edən şəxslər yorulduqda beli yerə atmalıdır. Çünki torpaq tökmək savab sayılır, hamı bu işi ye­rinə yetirməyə çalışır. Bu müddət ərzində molla və ona kö­mək edən din xadimləri “Yasin” oxuyurlar. Meyit dəfn olun­duqdan sonra molla fatehə verdirir, salavat çevirtdirir. Dəfndə iştirak edənlər dünyasını dəyişənin vəfatı ilə bağlı ümumi şə­kildə başsağlığı verir. Mərhumun və ya mərhumənin övlad­ları, yaxud ağsaqqalı dəfndə iştirak edənlərə öz razılığını bildirir, ölənlərinə rəhmət diləyirlər.

Bəzən uzaq yoldan gəlmiş şəxslər elə qəbiristanlıqda başsağlığı verir, hüzr yerinə getmədiyinə görə üzrxahlıq edir.

Dəfndən sonra mərhumun ailə üzvləri tərəfindən qəbi­ristanlıqda halva-çörək paylanır. Dəfndə iştirak edənlərdən kim istəyirsə halva-çörəyi qəbul edir.

Dəfn iştirakçıları geri qayıtdıqdan sonra xəlifə dəfn sa­hibinin hamıdan razılıq etdiyini iştirakçıların nəzərinə çatdı­rır. Həm də mərhumun yolunda kim nə əziyyət çəkibsə, ha­lallığını alır. Hamı “halaldır”, dedikdən sonra iştirakçılara mərhumun 3,7 və 40-nın veriləcəyi, yaxud hər cümə axşamı­nın saxlanacağı elan edilir. Gülab paylanır, fatehə verilir. Sonra dəfn iştirakçı­larına, mərhumun ailə üzvlərinə, qohum­larına başsağlığı verib məclisi davam etdirmək üçün içəri keçmələrini bildirilir. Hamı növbə ilə evin, ailənin və nəslin ağsaqqalına başsağlığı verir, ki­mi üzrxahlıq edib gedir, kimi də içəri keçir, evdə davam etdi­rilən yas mərasiminə qatılaraq, mərhumun ruhuna və müqəd­dəs­lərin şərəfinə Qurandan oxu­nan surə və ayələrin zikr olunma­sında iştirak edir. Ehsan veriləndən sonra məclis xətm olunur.

Əvvəllər vəfat edən şəxsin evində ev sahibi 3 gün xörək bişirməzdi. Qonşular, yaxud qohumlar bu əziyyətə qatlaşar, ev sahibini od-ocağa yaxın gəlməyə qoymazdılar.

Mərhumənin üçü günü ehsan verilir, Quran tapşırılır, sonra məclis tamamlanır. Ehsan verildiyi zaman məclisə təzə gələnlər üçün ayrı bir yerdə süfrə salınmalıdır ki, onlar əvvəl ehsan yeməyə başlayanları yubandırmasınlar. Çünki hüzr məclisinin öz qayda-qanunu var. Süfrəyə əyləşənlər eyni vaxt­da da qurtarmalıdırlar ki, molla fatehə verə bilsin.

Bəzi yerlərdə bu qayda-qanuna riayət olunmur. Bu da əlavə vaxt itkisinə, narazılığa səbəb olur. Xüsusilə Azərbay­canın müxtəlif rayonlarından çıxmış cavanlar hüzr məclisləri zamanı tətbiq olunan qaydalardan çox vaxt xəbərsiz olurlar. Hətta ehsan yeyildikdən sonra daha heç kimi gözləmədən ev yiyəsinə başsağlığı verib gedənlərə də təsadüf edilir.

Əlbəttə, bu mərhumun məclisinə, hüzrdə iştirak edən­lərə qarşı hörmətsizlikdir.

Bakının kəndlərində, eləcə də Maştağada belə hallara rast gəlmək olmaz. Çünki dəfn və hüzr saxlama mərasimləri Bakı kəndlərində dinin, şəriətin tələb etdiyi səviyyədə həyata keçirilir.

Məclislərdə ehsan verilərkən hamı bir nəfər kimi əyləşib xörək yeyir. Bu iş başa çatdıqda xəlifənin, yaxud məclisə diqqət yetirən şəxsin göstərişinə əsasən molla süfrənin duasını oxuyur, fatihə verir. Məclis iştirakçıları ehsanın qəbul olun­ması ilə bağlı dua oxuyur, fatihə verir.

Məclis iştirakçıları yalnız bu fatihədən sonra ayağa qal­xıb ev sahibinə, məclisin ağsaqqalına başsağlığı verib gedirlər.

Kim çay içmək istəyirsə, o qalır. Məclisin gedişatında iştirak edir.

Eyni qayda mərhumun bütün keçirilən məclislərində tət­biq olunur.

Maştağada heç vaxt mərhumun məclisini yola vermək məqsədilə əza (pul) yığılmayıb. Bakı kəndlərində, eləcə də Maştağada əza yığılması adəti yoxdur. Amma mərhumun yaxın qohumları ölü sahibinə müəyyən kömək göstərə bilər­lər. Çox vaxt bu kömək qənd, düyü, yağ, diri heyvan gətir­məklə olur. Deyilənə görə, əvvəllər bu da yox idi.

Azərbaycanın başqa rayon və kəndlərinə nisbətən Maş­ta­ğada mərhumun qəbri ilinə yaxın tikilir. Həmin müddətdə tor­paq çökür, meyitdə çürümə prosesi qurtarır. Bunu nəzərə alaraq qəbrin tikilməsi mərhumun ilinin verilməsi ərəfəsində yerinə yetirilr. Amma onu da qeyd edək ki, qəbrin tikilməsi vacib deyil.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə