Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə4/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   2   3   4   5   6   7   8   9   ...   14

Mövsüm mərasimləri

Novruz bayramı. Maştağada bu bayramın gəlməsinə xeyli qalmış onu qarşılamaq üçün hazırlıq görülür. Çərşənbə axşamında tonqal yandırmaq üçün hazırlıq görülür. Çərşənbə axşamlarında tonqal yandırmaq üçün çır-çırpı qalanar, əskilər topalanıb bağlanar, üskü düzəldilərdi. Bütün evlərdə bayram əhval-ruhiyyəsi hökm sürərdi.

Hər çərşənbə axşamında qapılara uşaqlar gedərdi. Qaçıb gizlənərdilər. Ev sahibi papağa, ya torbaya bayram hədiyyəsi qoyardı. Bu, adətən axırıncı çərşənbədə olardı. Əvvəllər ol­duğu kimi, bayram novrağı və şirniyyatının hazırlanmasında qohum-əqraba, qonşular bir-birinə yaxından kömək göstərir­dilər. Belə ki, onlar şəkərbura, paxlava, şor qoğalı və s. bay­ram novrağları bişirmək üçün bir-birlərinin evinə toplaşar­dılar. Bunun çox böyük əhəmiyyəti var. Belə tədbirlər zamanı kiçik qız uşaqları şəkərburaya naxış vurmağı, şəkərburanın qırağını bükməyi, ümumiyyətlə, bayram növraqlarının bişiril­mə, hazırlanma qaydalarıyla bilavasitə tanış olurlar. Bundan əlavə, bayram biş-düşü zamanı yaşlı, təcrübəli nəsil bayramla bağlı müxtəlif rəvayətlər danışır, milli adət və ənənələrdən söhbət açır, mehribanlıq yaradır, ünsiyyət artırır.

Bayramqabağı hazırlıq işləri növbə ilə evlərdə aparılır.

Novruz bayramı çox mütərəqqi bayramdır. Bütün ev­lərdə təmizlik işləri aparılır, hər tərəf ağardılır, rənglənir. Ailə başçısı isə borclu qalmır, uşaqlarını və həyat yoldaşına yeni paltar alır, onları bayramın gəlişi münasibətilə təbrik edir.

Novruz bayramının ən mütərəqqi cəhətlərindən biri bu­dur ki, küsülülər barışır, cavanlar ağsaqqalların yanına bay­ram­­laşmağa gedir.

Novruz bayramının axşamı hamı dünyasını dəyişmiş əzizlərinin qəbri üstünə getməli, onlara “Yasin” oxutdur­ma­lıdır.

Bayramqabağı yumurtalar qırmızı rənglə boyadılır. Məhəllələrdən uşaqlar yumurta döyüşdürürlər, cavanlar bəzən bir tabaq yumurtanı “qatar” qoyub (yəni sıraya düzüb) növbə ilə döyüşürlər.

Uşaqlar mərc qoşub fırfıra fırladırlar, kimin fırfırası çox fırlansa idi, o aparardı, mərci udardı. Təəssüf ki, əvvəlki illərə nisbətən bu oyunlar kənddə hazırda az, zəif keçirilir.

Bayram ərəfəsində insanlara sanki yeni ruh yüksəkliyi gələrdi, bazarlarda yumurta satanların işi çox yaxşı gedərdi. On­ların satdıqları yumurtaları çox vaxt döyüşdürərdilər, bir-birinə vurulardı. Qatar oynayan axırıncı yumurta ilə udan şəxs sonda qalib hasab edilərdi. Bütün yumurtaların pulunu isə uduz­muş şəxs verərdi. Hər oyunçunun udduğu yumurta oyun­çunun özünə qalardı. Həmin şəxslər udduqları yumur­taları əha­liyə daha ucuz qiymətə satardılar, yaxud uşaqlara bağışlayardılar.

Novruz bayramı qabağı oğlan evi nişan taxdıqları qıza bayram sovqatları aparardı. Bu gözəl adət indi də öz qüvvəsini saxlamaqdadır. Xonçalar bəzədilər, oğlan evinin müəyyən etdiyi şəxslər böyük sevinc-şadyanalıqla qız evinə gedər, gələcək gəlinləri ilə bu münasibətlə təbrik edirdilər.

Bayramqabağı hazırlanan səmənilər stolun, süfrənin bə­zəyi hesab olunurdu. Müəyyən vaxtdan sonra səmənidən hal­va bişirilərdi. Elə bu günün özündə də kənddə səmənidən hal­va bişirilir. Onun bişirilmə qaydası bir qədər mürəkkəb oldu­ğuna görə haqqında ətraflı məlumat vermirik.

Bayramın səhərisi günü qohum-əqrəba nəslin, ailənin ağ­saqqalının yanına gedər, bu əziz bayram münasibətilə se­vin­cini bölüşər, gətirdiyi almanı və ya limonu ona hədiyyə verərdi.

Bu ənənə bu gün də davam etdirilməkdədir. Çərşənbə axşamları, bayram axşamı evdə ən əziz xörək hesab olunan plov bişirilirdi. Qonşulara, qohumlara aş paylamaq adət idi. Bəzən aş aparan adam getdiyi evdən özü ilə aş da gətirirdi.

Süfrə bəzədilər, bayram şamları yandırılar, bütün ailə bay­ram süfrəsinin ətrafına toplaşardı, bayram sovqatlarından da­dı­lardı. Hamı mehribanlıq, şadyanalıqla həmin günü başa vurardı.

Novruz bayramının bir çox gözəl adətləri bu gün də kənddə saxlanılır. Əhali qədim dövrlərdən bu günə kimi xal­qın keçirdiyi bu əziz bayramı hər il böyük şadyanalıqla ke­çirir, bayram ənənələrini layiqincə yaşadır.

Bu bayram bir neçə gün davam edir.



LİRİK PARÇALAR, MƏRASİM NƏĞMƏLƏRİ,

QAYINANA-GƏLİN SÖZLƏRİ
Nəmçilər ay nəmçilər,

Qapını kəsib elçilər.

Anam deyir: – vermərəm,

Atam deyir: – dur görək.

Ağzına qurban, dayı,

Sən də bir danış barı.


Taxçada çoxdur çorək,

Araqçının dar-darı.

Ağzuva qurban, dayı,

Sən də bir danış barı.


Qızıl üzük laxladı,

Verdim anam saxladı,

Anama qurban olum,

Tez məni adaxladı.


Yaxşını özgəyə vermək hayıfdı,

Yamanı özgəyə vermək ayıbdı.


Get ay batandan sonra gəl,

Ellər yatandan sonra gəl,

Anam bilsə, eyb eləməz,

Anam yatandan sonra gəl.


Corabuvun altı puta,

Saldun məni yanar oda,

Mənim ahım səni tuta,

Get, ay batandan sonra gəl,

Ellər yatandan sonra gəl.

Çaxmağı çax, çırağı yandır,

İşıq olsun sənə,

Gəlsin adaxlın, aşıq olsun sənə.


Evlərinin yanı bulaq,

Suyunu çəkib uzunqulaq,

Şirazı çıraq, ipək dolaq,

Al çit tuman, gəndi balaq.


Mən aşiqəm bir birçək,

Bir qaş gözdü, bir birçək,

Canım alan üç şeydi,

Bir qaş-gözdü, bir birçək.


Ay laləzar bu gecə,

Tükək bazarda bu gecə.

Gəlinə xına qoyun,

Bəy intizarda bu gecə.


Verdim bir dana,

Aldım bir sona.

Ay qız anası,

Qal yana-yana.


Dərya kənarında bir sürü,

Tutdular əlinnən getdilər evə.

Başuva saldılar zərri yək şavə,

Gəlin sənin toyun mübarək olsun.


Gəlin, sənin saçlaruvı hörərlər,

Başundakı al duvağı görərlər,

Sabah gecə bəyi sənə verərlər,

Gəlin, sənin toyun mübarək olsun,

Geydiyin xələtlər qoy dövlət olsun.
Qızılgülü dəstə-dəstə dərərlər,

Hər dərəndə sinən üstə sərərlər,

Bu gecə gəlini bəyə verərlər,

Getdiyin xələtlər mübarək olsun.


Qızılgül açılar yarpaq içində,

Şamama bəslənər tağlar içində.

Yerüvi salarlar otlar içində,

Qoyduğun qədəmlər qoy dövlət olsun.


Sənə qurban olum, oğlan anası,

Bir gəlin almısan ceyran balası.


Qurban olum qaynanamın üzünə,

Oynasın toyumda baxım sözünə.


Sənə qurban olum, ay qız anası,

Silinsin aynası qalmasın pası.

Qızın olsun yeddi oğul anası,

Sağdışın, soldışın, elin şad olsun.


Qayçını atdın taxçaya,

Cingildəsin yar-yar,

Çağırın oğlan bacısın,

Dingildəsin yar-yar.

Adətən, gəlinapardı zamanı bəyin kiçik qardaşı qurşa­ğını açıb gəlininin belinə bağlayar, öz araqçınını (papağını) isə götürüb onun başına qoyaraq aşağıdakı “sehrli” sözləri deyərdi:

Anam, bacım qız gəlin,

Dili, əli düz gəlin,

On iki oğul istərəm,

Bircə dənə qız gəlin.

Bundan sonra qız evi oğlana təzə bir araqçın bağışlayardı.

Bəyin belbağısı mina düyməli,

Gəlinin əlləri polad iynəli,

Bəylə gəlin bir-birini görməli,

A bəy, sənin toyun mübarək olsun,

Elin, oban hamı birdən şad olsun.
Cibinə tökmüsən noğulla badam,

Toyuvu elərəm, ürəkdən şadam,

Qoy sağ olsun bura yığılan adam,

A bəy, sənin toyun mübarək olsun.


Gözün aydın olsun, oğul anası,

İyirmi yaşına çatıb onun balası,

Oğlum olsun yeddi oğul atası,

Əziz oğlum, toyun mübarək olsun.


Ata-ana çəkər oğul cəfasın,

Qocalanda görər onun səfasın,

Əziz oğlum, toyun mübarək olsun.
Həştərxana getcək alırsan ciyər,

Yığılar kanpulad kababın yeyər,

Vaxt başa gələndə muzdur zəng döyər,

Əs gilavar, gəl qadasın aldığım.


Əyninə geyibdir humayın ağı,

Belinə bağlayıb gümüş belbağı,

Belbağıya dəyər saatın bağı,

Bir gözümün sağı, gül Məmmədtağı.


Qız idim soltan oldum,

Adaxlandım xan oldum,

Evlərə getdim,

Yer ilə yeksan oldum.


Həyəti süpürüb səpmişəm badam,

Qaynatam yaxşıdır, qaynanam yaman,

Qaynanamı çalsın bir gürzə ilan,

“Xanım”qaynanamın uzunboy oğlu.


Qaynatam hacıdır, qaynanam “xanım”,

Oğlunun yanında qalıbdır canım,

Yanımdan gedibdir dinim, imanım,

“Xanım”qaynanamın bir gözəl oğlu.


Doğdun oğul, qaynana,

Nabat, noğul, qaynana,

Oğlun aldım əlindən,

Çatda, boğul, qaynana.


Damda dirək tərpənir,

Küncdə kürək tərpənir,

Oğlu evə gələndə,

Köpək zirək tərpənir.


Başına örtübdür zərri dügürdü,

Oğlu evə gəldi köpək yügürdü,

Məni çuğulladı, özü dögüldü,

Oğlu onun sözünə baxan dögüldü.

Qurban olum ərəbövün səsinə,

Midalyon düzülür yan dörəsinə,

Bağlanmışam varlığımla mən sənə,

Sağ-salamat get, sağ-salamat gəl.


Baldızım, çuvalduzum,

Hərdən gələr sancar gedər.

Qaynanam ala köpək.

Hərdən gələr baxar gedər.


Əlində fətir,

Alnında çətir,

Oğlum evində,

Bir qərə (qara) qətir.


Çıxmış idim bir qalaya,

Dərd əlindən mən haraya.

Gün dolanır ömür gedir,

Həsrət qaldım bir balaya.


İnək, kəli mən sağaram,

Gümüş kəli mən qovaram.

Bu il mən bir qız doğaram,

Adını Nərgiz qoyaram.

Gələn il oğlan doğaram,

Adını Cəfər qoyaram.


Oğlun oldu adını qoy Nəzərəli,

Xeyri də olmasa, onun nə zərəri.


Çıxdım divar üstünə,

Divar endi üstümə,

Mən yara neyləmişdim,

Günü aldı üstümə.


Nəlbəki, boşqab, çini dərdi çəkim,

Evdə oturub günü dərdi çəkim.


Ölkənin üstünü edərəm bərbad,

Yar mənim üstümə almasın arvad.

Allah mənə verər bir dənə övlad,

Yalvara-yalvara ağlaram, Allah.


Üzərriksən havasan,

Hər dərdlərə davasan.

Hər yerdəki sən varsan,

Qada, bala sovarsan.


Üzərrik dana-dana,

Dağılıb hərəsi bir yana,

Qohum olsun, yad olsun,

Gözü bu odda yana.


Fəslün yayadur, üzərrik,

Gülün ağdur, üzərrik,

Müşkül günüm düşəndə

Yetiş dada, üzərrik.


Həzrət Süleyman eşqinə,

Cin qızı Mərcan hökmünə.

Bəni-adəmdən, bəni-heyvandan,

Cindən, şeytandan, axar sudan.


Köklü ağacdan,dibli qayadan,

Yeddi yolun ayrıcından,

Hər kəsin çilləsinə düşmüsənsə,

Çilləni kəsdim.

Bəzən belə vəziyyətdə olan uşaqları Buzovnadakı Əlia­yağı pirinə aparardılar ki, burada o, “əl-ayaq tapsın”. Hərgah uşaq yenə gəzməzdisə, şənbə, yaxud da çərşənbə günü onu zənbilin içinə qoyaraq yeddi evə aparardılar. Uşağın anası, ya da digər yaxın bir qohumu ev yiyəsinə müraciətlə deyərdi:

Ay şil bir ayaq istə,

Allahdan dayaq istə.

Verin şilin payını,

Şil dursun ayaq üstə.

Bu sözlərlədən sonra ev yiyəsi də uşağa bir pay verərək deyərdi ki, mən payımı verdim, şil dursun ayaq üstə.

Hacıhəsən kəndinin xəzri əlindəki yamaclığında vaxtilə bir pir – Əsədulla piri olmuşdur. İl yağmursuz keçəndə, yağıntıya böyük ehtiyac duyulanda bu pirdə məxsusi mərasim keçirilərdi. Bu məqsədlə kəndin yaşlı, hörmətli, necə deyərlər, ağzıdualı bir ağbirçəyi kənd uşaqlarını çağırıb pirin ətrafında yığardı. Sonra hamı göyə üz tutaraq birlikdə aşağıdakı mərasimi nəğməni oxuyardılar:

Tanrım bir yağış tökə,

Həleykə, hüleykə.

Yağış yağa, yer çökə,

Atası (tanrı) buğda tökə,

Həleykə, hüleykə...


Yaxud:

Çax daşı, çaxmaq daşı,

Allah versin yağışı.

* * *


Qoyun bulaq üstə dolanı,

Oğlan asta dolanı.

Get, ay batandan sonra gəl

Asta aç qapını, atam oyanı.


Çaxmağı çal yandır,

İşıq olsun sənə.

Gəlsin adaxlın

Aşıq olsun sənə.


Həvəs eyləyib bica gəlmisən,

Gündüzü qoyub gecə gəlmisən.

Ayın qaranlığı, gözün yuxulu,

Türkanın yolunu necə gəlmisən?


Qurban olum arabovun səsinə,

Medalyon düzülüb yan dövrəsinə.

Salamat gedibsən, salamat da gəl,

Bağlanmışam lap ürəkdən mən sənə.


Evlərinin yolu hamam yoludu,

Çıxdım yarı görəm adam doludu.

deyim ki, dərdimi bilsin yarım,

Özgəsi deyildi, əmimoğludu.

Evlərinin yolu hamam yoludu,

Çıxdım yarı görəm, adam doludu.

Nə deyim ki, dərdimi bilsin yarım,

Özgəsi deyidi, əmimoğludu.


Bazarda atlas,

Heç iynə batmaz,

Nişanlı qızlar,

Səhərəcən yatmaz.


Əlimdə lalə,

Getməz xəyalə,

Sırğa al mənə,

İri piyalə.


Əlimdə ağı

Çəkmərəm ahı,

Güllü vağvağı,

Tuman al mənə.


Əlimdə iynə,

Telimdə düymə,

Milmili tirmə,

Tuman al mənə.


Paltar al mənə,

Vurulum sənə,

Geyim sallanım,

Sən də bax mənə,


Gedirəm bağ arası,

Tapdım məxmər parası,

Yaylıq göndər, gül göndər,

Xəlvətdir bağ arası.


Nişanlı qız oynamaz,

Əyninə geyər naz-naz,

Adı onun Qərənfil,

Yengəsi olub Gülnaz.


Üzərrik danə-danə,

Dağılıb hərə bir yanə.

Qohum olsun, yad olsun

Gözü bu odda yanə.


Şabaş verin oynayana,

Dur ayağa, ay qaynana.

Qıt-qılıdi, qıt-qılı

Gəlmişik biz Şağana.


Su götürüb hovuzdan.

Saraldım təknəvuzdan,

Gündə bir xəbər gəlir,

Xərabə məhləmizdən.


Budu, gəlin-qaynana,

Çadrası yellənənə,

Qurban olum gələnə,

Qardaşın gəlininə.


Qız idim soltan idim,

Adaxlandım oldum xan.

Elə ki, ərə getdim,

Yerlə oldum yeksan


Əlində fətir,

Alnında çətir,

Oğlum evində,

Bir qara qətir.

Xeyir deyin, şər gəlməsin,

Üstümə günü gəlməsin,

Dərdimi anam bilməsin

Qıt-qılıdi, qıt-qılıdi.


Ağlayan göz yaş gətirər,

Gülən ağız aş gətirər,

Oynayan şabaş gətirər,

Qıt-qılıdi, qıt-qılıdi.


Dərdimi dərd əhli bilər,

Ağlasam, gözümü silər,

Görəndə üzümə gülər,

Qıt-qılıdi, qıt-qılıdi.


Yarı sevdim bağında,

Gözüm qaldı yanaqda,

Qadan mənə, nə dedim,

Danışan dilində, gül darağında.


Mən oxuyuram yar yuxudan oyansın,

Məndə olan məhəbbətə inansın.

Leyli kimi baş qoyuram daş üstə,

Qeyrəti var, tutsun məni dayansın.


Adımdır Sərvinaz, ləblərim şəkər.

Üzümdəki xallar Əsliyə bənzər,

Çətinlik cavanın qəddini əyər.
Çıxdım divar üstünə,

Divar endi üstümə,

Mən yara neyləmişəm,

Günü aldı üstümə.


On dörd yaşında evdarlığa oturdum,

Özüm gün görmədim, günülü oturdum,

Hanı o mina gülün al yanaqları,

Hamını istərdim, bəs gül kimi soldum.


İnəyi çöldən qovaram,

Camışı göldən qovaram,

Bu il bir oğlan doğaram,

Adını Mövlan qoyaram.


Gəlmişəm aparmağa,

Qiyamət qoparmağa,

Gəlsin oğlan bacısı,

Qoymasın aparmağa.


Çıxmışdım mən qalaya,

Dərd əlindən haraya,

Gün dolanıb, ömür keçir.

Həsrət qaldım balaya.


Ərə getdim peşiman,

Nəyə lazım toy-nişan,

Qalaydım ata evində,

Olsa da günüm pərişan.


Günüm hədərə getdi,

Hədər yox, kədərə getdi,


Hamının balası var,

Mənimki hədərə getdi.


Anam bilir yaşımı,

Qardaş atdı daşımı,

Səni deyə bilmərəm,

Cəllad kəssə başımı.


Yarım mənə saz alsın,

Çalım dərdim azalsın.


Hayana getsən yükün ələndi,

Başın üstündə çərxi-fələkdi.

Özün bilirsən, qızım mələkdi,

Getmə, gəl, başuva gül dolandırım.


Kabab bişirib çəkdim nimçəyə,

Çıxdım küçəyə.

Yarım gəlsin mən yetincəyə,

Getmə gəl, başuva gül dolandırım.


Damda dirək tərpənir,

Küncdə kürək tərpənir,

Oğlu evə gələndə,

Köpək zirək tərpənir.


Yağış yağar nəm çilər,

Qaçan atın qəmçilər.

Bu oğlumun toyunda,

Bəzənər qulluqçular.


MAHNILAR
Qız ilə oğlanın söhbəti


  • Mən bir qoz ağaci olsam, çöllərdə bitsəm, neynərsən?

  • Mən bir alaqarğa olsam, qubloyi yesəm, neynərsən?

  • Bir gülə dari olsam, yerə səpilsəm, neynərsən?

  • Bir cücəlig touğ olsam, darıni yığsam, neynərsən?

  • Bir ala tülkü olsam, cücöi yesəm, neynərsən?

  • Mən bir qızıl ilan olsam, səni çalsam, neynərsən?

  • Mən bir iti xəncəl olsam, səni doğrasam, neynərsən?

  • Mən bir qızıl alma olsam, sandığa girsəm, neynərsən?

  • Mən bir gümüş açar olsam, sandığı açsam, neynərsən?

  • Mən bir qızıl uşğun olsam, dəryada gəssəm, neynərsən?

  • Mən bir göyçeg gəlin olsam, pərdiyə girsəm neynərsən?

  • Sən bir göyçeg gəlin olson, pərdiyə girəcek olson, mən də bir cavan oğlan ollam, yanuva gəlsəm neynərsən?

ŞİKƏSTƏLƏR


Əziz avçı bəni

Qoy vursun avçı bəni

Mələrəm, mələrəm taparam,

Ya qoy vursun avçı bəni


Əzizim dalda yeri

Mey vurar dalda yeri

İki ürək bir olsa,

Tez tapar dalda yeri


Əzizim bəni

Qul eyləyib yoldaşım olsa,

Vəfalı yoldaşım olsa,

Axtarıb tapar bəni


Əzizim gedər qalmaz,

Axar su gedər qalmaz

Vəfalıya can qurban,

Bivəfa gedər qalmaz


Əzizim gecədən gedər,

Karvan gecədən gedər.

Gecə uzun, həmdəm yox,

Zəhləm gecədən gedir.


Əzizim gülə naz,

Bülbül eylər gülə naz.

Zamana pis əsirdir,

Ağlayan çox, gülən az.

Əzizim nə bağlar,

Dost dosta nə bağışlar?

Başım cəllad əlində,

Nə kəsər, nə bağışlar.


Əzizim bu vətəndə

Gözüm yoldan ötəndə,

Qəribə təsir eylər,

Tənəli söz yetəndə.


Əzizim üzmə barı,

Nimçəyə düzmə barı

Aşnalığı üzmüsən,

Dostluğu üzmə barı.


Əzizim hər zülmə,

Ərzəm var Ərzuruma

Dözərəm hər zülümə.
Xoruz ban verəndə gəl

Sinəm qan verəndə gəl.

Sağlığımda gəlmədin,

Barı can verəndə gəl


Arazam, Kürə bəndəm,

Bülbüləm. gülə bəndəm

Dindirməyin ağlaram,

Yanıqlı dilə bəndəm.


Şirvanın yastı yolu,

Su gəldi basdı yolu

Gedirdim dost sevməgə,

Zalımlar kəsdi yolu.


Kür qırağını dolannam,

Dərya kibi bulannam,

Sağ gözüm sənə qurban,

Sol gözümlə dolannam.


Əzizim üzə düşdü,

Sürmələr gözə düşdü

Hər kəs öz keyfində,

Ayrılıq bizə düşdü.


Qaynadım daşdım,

Hicran dəftərin açdım,

Hicran güclü, mən gücsüz,

Götürdüm başımı qaçdım.


Qızıl gül olmıyaydı,

Saralıb solmıyaydı

Bir ölüm, bir ayrılıq,

Heç biri olmayaydı.


Əzizim yaz göndər,

Payız göndər, yaz göndər

Bağda kağız olmasa,

Yapraq üstə yaz göndər.


Gögərcinəm uçdum, gəl,

Dost bağına düşdüm, gəl,

Bir gününə dözməzdim,

Yaman günə düşdüm, gəl.


Bağa girdim bağbansız,

Dəvə gördüm sarbansız.

Aləmə dərman oldu,

Mən ölürəm dərmansız.


Əzizim bu dağından,

Gül bitər budağından.

Mərdin töyləsi yaxşıdır,

Namərdin otağından.


Gök yüzü damar-damar,

Gökdən yerə nur damar.

Yürək ki var şişədir,

Sındırarsan kim yamar.


Aq alma, qızıl alma,

Nimcəyə düzül alma.

Alırsan, çirkin al,

Bədəsil gözəl alma.



MƏRSİYƏLƏR
Əli Əkbərin Şümirə müraciəti
Kəsmə yolum, qoy gedim, ey bihəya,

Rəhm elə zalim, mən Əli Əkbərəm.

Qoğeyi-baği-çəməni Heydərə,

Yetmə (Qıyma?) Nəbi varisi peyğəmbər

Bircə imaməm, şahi-gövhərəm,

Rəhm elə zalım, mən Əli Əkbərəm.

Mən atamın şəbi gülüstanıyəm,

Ali Əlinin guli bostanıyəm,

Mən Hüseynin həminki bostaniyəm,

Rəhm elə zalim, mən Əli Əkbərəm.

Mən bu cahanın gülünü dərmədim,

Ali səfa ləzzətini görmədim.

Kamə çatıb mətləbimə yetmədim,

Rəhm elə zalım, mən Əli Əkbərəm.

Ahu kimi çoxlu yaram vurmayın,

Rəhm eləyin, siz məni incitməyin,

Tazə cavanəm, başımı kəsməyin,

Rəhm elə zalım, mən Əli Əkbərəm

Var idi anam, gözləri yolda qalıb,

İndi bacım başına qara salıb,

Əsqərimiz teşnə susuz oxlanıb,

Rəhm elə zalım, mən Əli Əkbərəm.



UŞAQ FOLKLORU
Laylalar


Laylay, balam, laylay,

Əziz balam, laylay,

Balaca balam, laylay,

Göyçək balam, laylay.


Laylay dedim, yatasan.

Gül yastığa batasan.

Gül dərdim xərmən salım,

--------------------------------

Laylası gəli ellərdən,

Ətəyi dolu güllərdən,

Balamı Allah saxlasın,

Yaman-yaxşı dillərdən,


Atası gedib yemişə,

Balam laylay, balam laylay,

Yorğanında gul bitib,

Yastığında bənövşə.

Anası dönüb gomuşa,

Balam laylay.




Nazlamalar


Qızım-qızım şamama,

Atnan gedər hamama,

Ciq-ciyə başmağınan,

Güləbətin yaşmağınan.


Bu balam hannan olubdu,

Kekili şannan olubdu.

Anası heyva yeyibdir,

Sarısı onnan olubdur.


Çəməndə otlar,

Atlar goy otlar,

Ərsiz arvadlar,

Oğluma qurban.

Mənim oğlum xandır xan,

Bu dağlarda quş qovan.

Misri qılınc əlində,

Hamıya qılınc qovan.


Beşiyi xanalı qızım,

Burnu tanalı qızım.

Kələntərdən elçi gəlib,

Axır xan alan qızım.


Qızıma qurban muğannı,

Sarımsaqlı, soğannı

Yol üstə kürdəxanlı,

Nöütçü balaxannı.



Oyunlar
Gizlənpaç /gizlənqaç/. Oğlan uşaqları arasında geniş yayılan oyunlardan biri “gizlənpaç”dır. Həmin oyun əsasən ilin yaz və yay aylarında oynanılır. Oyunda əsasən dörd-beş iştirakçı olur. Oyunu keçirmək üçün elə yer seçilir ki, orada gizlənməyə şərait olsun.

Oyuna başlamaq üçün ya çöp gizlətmə / çöp atma / püşkündən, ya da sanamalardan ( məsələn, “bir-iki”, “əkil-bəkil”, “şabalıd” və s.) istifadə edilir. Püşkatmada axıra qalan oyunçu əlləri ilə gözlərini örtərək üzü divara, yaxud arxası gizlənənlərə tərəf dayanır (yumur). Əvvəldən şərtləşməyə görə, yuman oyunçu müəyyən say həddinə qədər sayır ( tutaq ki, 30, 40, 50 və s.), həmin müddətdə digər oyunçular qaçıb gizlənirlər. Başqa bir qaydaya görə isə saymadan istifadə olunmur. Belə ki, oyunçu yumub gözləyir. Hamı gizlənəndən sonra oyunçulardan biri öz yerini bəlli etmədən qışqırır: “gəl”

Beləliklə, axtarış başlayır. Yuman oyunçu kimi görsə, dərhal onun adını və gizləndiyi yeri deməklə qaçıb yumduğu yerə (bu məqsədlə divarda, yerdə, yaxud ağacda təbaşir, kömür, daş, ümümiyyətlə hər hansı bir digər əşya ilə diametri təqribən 20-30 sm. olan bir dairə çəkilir), ya tüpürür, ya da əlini vurur. Tapılan oyunçu isə öz növbəsində çalışır ki, yu­man­dan tez qaçıb gələrək qeyd olunan yerə tüpürsün, yaxud da əlini vursun. Buna nail olan qalib sayılır.

Yuman oyunçu gizlənənləri axtararkən çalışır ki, yum­du­ğu yerdən çox uzaqlaşmasın, əks halda, onun bu uzaqlaş­ma­sından istifadə edərək digərləri qaçıb gəlib tüpürə bilər. Tüpürən oyunçu isə yummaq cəzasından yaxasını qurtarmış olur. Bütün gizlənən oyunçular “zərərsizləşdirilən­dən” sonra oyun zamanı birinci tapılıb “zərərsizləşdirilən” yumur və oyun yenidən əvvəlki qayda ilə davam edir.

Məlumdur ki, oyunun gedişində hər hansı bir oyunçu “zərərsizləşdiriləndən sonra o birilər artıq yummaq “cəzasın­dan”azad olurlar. Lakin buna baxmayaraq, qalan gizlənənlər öz yerlərini qətiyyən büruzə vermir və yuman oyunçu gizlə­nənlərin heç birini “zərərsizləşdirə” bilmir və nəticədə yeni­dən yummalı olur.

Oyunun digər şərtinə görə “çıxartdı” tətbiq oluna bilər. Bu zaman gizlənmiş oyunçulardan hər hansı biri yumanı qabaqlayıb müəyyən olunmuş yerə tüpürərsə, onda tapılmış birinci oyunçunu /və oyunçuları / “çıxardır”. Nəticədə yuman bir daha yummalı olur.

Oyun zamanı başqa bir qayda da tətbiq edilə bilər. Oyunçular şərtləşə bilərlər ki, oyun, tutaq ki, iki, yaxud üç “əm­cəkdəndir” bu zaman püşkatmada axıra qalan oyunçu bü­tün gizlənənləri tapıb “zərərsizləşdirəndən” sonra yenidən bir, ya da iki dəfə həmin qayda ilə yummalıdır. Axırıncı dəfə yumandan sonra tapılan və “zərərsizləşdirilən” birinci oyunçu da həmin qayda ilə iki, yaxud üç “əmcək” yummağa borcludur.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə