Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə5/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   2   3   4   5   6   7   8   9   ...   14

Fırfıra. Bu oyun oğlan uşaqları arasında keçirilir. Oyu­nun iki və daha çox iştirakçısı ola bilər.

Hər iştirakçının öz qamçısı olur. Oyunçular yoğunluğu təqribən 3, uzunluğu isə 8-10 santimetr olan bir ədəd taxtanın bir, yaxud hər iki ucunu itiuclu konus formasına salırlar. Bəzən sınmasın deyə, taxtanın uclarına yarıya qədər mıx da vurulur. Fırfıranın hərəkətini daha dəqiq izləmək üçün onun üzərində müxtəlif formalı naxışlar da açılır.

Bundan sonra oyunçulardan biri fırfıranı fırladır. Digər iştirakçılar / fırfıranı fırladan da daxil olmaqla / növbə ilə hə­rə­yə bir dəfə qamçılarının gön (hazırda qamçılar daha çox re­mendən düzəldilir) hissəsinin uc tərəfi ilə çox cəld bir surətdə fırfıraya o vaxt zərbə endirə bilər ki, artıq o dayanmaq üzrə olsun. Fırlanma müddəti say ilə müəyyən olunur. Fırfıranın uzun müddət fırlanmasına nail olan oyunçu (yaxud oyunçu­lar) qalib hesab edilir: fırlada bilməyən, yaxud müddətcə az fır­ladan oyunçu qalibin (və yaxud qaliblərin) hər hansı bir ar­zusuna (məsələn 50 metr məsafəni bir ayağı üstə getmək, gedib qayıtmaq və s.) əməl etməyə borcludur. Bəzən elə olur ki, oyunun bir növbəsi ərzində iki, üç uşaq fırfıranı fırlada bilmir. Belə olan surətdə onlar növbə ilə qaliblərin arzusunu yerinə yetirməli olurlar.
Dirədöymə / “qayışqaldı”, “qayışqapdı” /. Bu oyun da­ha çox ilin yaz fəslində keçirilir. Oyunçuların sayı 3-4 və da­ha çox ola bilər. Oyuna başlamaq üçün ya çöp gizlədilir (çöp atılır), ya da sanamalardan istifadə olunur.

Təqribən 2, 2.5 metr diametrində dairə çəkilir. Püşkat­mada axıra qalan oyunçu dairənin içərisində dayanır. Digər oyunçular isə dairənin müxtəlif səmtlərində dayanmaqla hərə öz kəməri ilə (yaxud ucu düyünlənmiş ip, şarf ilə) onu vurur­lar. Qaydaya görə, dairənin ətrafındakılar zərbə endirərkən nə dairənin içərisinə girməli, nə də dairə xəttini tapdalamalıdır; əks halda həmin oyunçu dairədə dayananı əvəz etməlidir.

Ortada qalan oyunçu ona vurulan zərbələrdən yayınma­ğa çalışaraq, həmin kəmərlərdən birini tutmağa səy göstərir. Kə­məri tutduqdan sonra çəkişmə (dartışma) başlayır. Hər iki tərəf kəməri əldə möhkəm saxlamağa çalışır. Ortadakı oyunçu kəməri ələ keçən oyunçunu dartıb dairəyə salarsa və yaxud heç olmasa onun ayağının dairə xəttinə toxunmasına nail olar­sa, o zaman qalib sayılır və məğlub oyunçu dairəyə girməli olur. Hərgah kəməri əldən buraxarsa və yaxud çəkişmədə özü dairədən kənara çıxarsa (yaxud təkcə bir ayağı xəttin üstünə, dairədən kənara dəyərsə) onda o, yenidən dairənin içində qalmalı olur.

Onu da qeyd etmək lazımdır ki, zərbələrin həddindən artıq möhkəm və bədən üçün təhlükəli sayılan yerlərdən vurulmasına yol verilmir.


Pula tutdu. Bu oyunda dörd-beş və daha çox iştirakçı ola bilər. Hər iştirakçının uzunluğu təqribən bir metr başı haçavari ağacı olur. Oyun zamanı ya yumruq boyda möhkəm sıxılmış əski, ya da yarıboşalmış rezin topdan istifadə olunur.

Yerdə təqribən 1.5, 2 metr məsafəliklərdə oyunçuların sa­yından bir ədəd az düz xətt boyunca dərinliyi 10-15, dia­metri isə 10-12 santimetr olan çuxurlar (“pula”) qazılır. Bun­dan sonra oyunçular kimin ortada qalmasını müəyyənləşdir­mək üçün on, on iki addımlıq məsafədə topu düz bir yerə qo­yub növbə ilə əllərindəki ağacı “tolazlayıb” ona doğru ataraq vurmağa səy edirlər. Topu vurmağa müvəffəq olan oyunçular bir-bir keçib ağaclarını pulalara salıb gözləyirlər. Topu vura bilməyib axıra qalan oyunçu ortada qalıb “işləməli” olur. Oyu­nun ədalətli gedişinə nəzarət üçün adətən oyunçulardan biri başçı (“molla”) seçilir (adlanır). Beləliklə, oyun başlayır.

“İşləyən” oyunçu pulalardakı oyunçulardan mərkəz isti­qamətə doğru on iki, on beş addım aralıda dayanır. Bundan sonra əlindəki topu onlara doğru ( istədiyi cinaha, yaxud mər­kəzə) atır və sürətlə də onun ardınca qaçır ki, pulalardakı oyun­çular topa endirməmiş yenidən onu ələ keçirsin. Bu zaman pu­lalardakı oyunçulardan biri (top kimin pulasına yaxın düşübsə) öz ağacı ilə topu vurub özündən uzaqlaşdırmalıdır (topu havada ikən də vurmaq olar). Buna nail olandan sonra dərhal ağacını pulasına salıb gözləyir. Hərgah işləyən oyunçu topa zərbə vurulmamışdan (qeyd etmək lazımdır ki, işləyən oyunçu topu elə atmalıdır ki, hər hansı bir pulanın lap yaxınlığına düşsün; əks halda hesaba alınmır və topun yenidən əvvəlki yerindən atılması hadisəsi təkrar edilməli olur) onu ələ keçirə bilərsə, o zaman topu düşdüyü yerdən yenidən pulalara doğru ata bilər, əks halda zərbədən sonra top harada ələ keçirilibsə oradan da atılmalıdır. İşləyən oyunçu hər dəfə səy edir ki, pulalardakı oyunçulardan hansı birinəsə daha çox yaxınlaşsın. Nəhayət, işləyən oyunçu pula oyunçusunun birinə yaxınlaşıb topu və öz ağacını eyni vaxtda onun pulasına salmağa cəhd göstərir. Buna nail olarsa, o zaman deyir: “ Pula mənim”. Bun­dan sonra pulasını itirmiş oyunçu işləməli olur.

Oyun zamanı belə bir qaydaya da əməl edilir: puladakı oyunçu topu vurub özündən uzaqlaşdırırarkən digər pulalar­dakı oyunçulardan hər hansı biri istəsə cəld tərpənib öz ağa­cını boşalmış pulaya salaraq “Pula mənim”deyə bilər.

Ona görə də topu özündən uzaqlaşdırarkən oyunçu son dərəcə diqqətli və cəld hərəkət etməlidir ki, öz pulasını iti­rər­sə, digər boşalmış pulanı tuta bilsin. Belə ki, işləyən oyunçu bu vəziyyətdən istifadə edib müvəqqəti boşalmış pulaya “sahib” ola bilər.
Künc / künc tutdu / oyunu. Bu oyun qoyun-quzu ota­ran, yaxud qoyun qabağına çıxan uşaqlar arasında daha çox yayılmışdır. Oyunda dörd və daha çox iştirakçı ola bilər. Oyu­nun keçirilməsi üçün qoyun-quzu yatağı (qərəb), yaxud başqa bir müvafiq tikili seçilir. Belə yelər olmadıqda bir-birindən 5-6 metrlik məsafədə olmaqla oyunçuların sayından bir ədəd az nisbətən iri daşlar qoyulur.

Çöp atılır. Bundan sonra oyunçular künclərdə (yaxud daşların yanında) öz yerlərini tuturlar. Çöpü tuta bilməyən oyunçu isə ortada qalır. Bundan sonra künclərdəki oyunçular bir küncdən digərinə qaçmaqla öz yerlərini dəyişməyə başlayırlar. Künclərdəkilər öz yerlərini dəyişərkən ortadakı oyunçu cəld tərpənərək künclərdən hər hansı birini tutmağa səy etməlidir. Buna müvəffəq olarsa, onda küncünü itirmiş oyunçu ortada qalır. Qeyd etmək lazımdır ki, oyun ərzində ortadakı oyunçu gedib hər hansı bir küncün yaxınlığında dayana bilməz.

Oyunun bir dövrəsi ərzində (yəni oyunçular hərə bir dəfə öz yerini dəyişməklə) küncünü dəyişə bilməyən oyunçu cərimə olunur və o, ortada duranı əvəz etməli olur. Oyun bu qayda ilə davam edir.
Çilədi. Maraqlı uşaq oyunlarından biri də “çilədi”dir. Həmin oyun daha çox ilin yaz aylarında oynanılır. Oyun zamanı kollu it olan quramutdan (bəzən isə cığ-cığa otundan) istifadə olunur. Özü də oyun əsasən iki nəfərin arasında keçirilir.

Başlamaq üçün çöp gizlədilir. Bundan sonra sayca ne­çədən oynamaq (məsələn, oyunçular şərtləşirlər ki, kim 50, yaxud 100 sayına daha tez çatsa o da qalib sayılacaq) qərar­laşdırılır.

Püşkatmada qalib çıxan oyunçu öz çilədisi (“çilək”) ilə oynamağa-çiləməyə başlayır. “Çiləmək”, çilədinin ayağın pəncə hissəsinin üstü ilə təqribən 20-25 santimetr hündürlük arasında arası kəsilmədən atılıb-tutulması hərəkətidir. Çiləmə­yə başlayan oyunçu müəyyən say həddinə çatıb (tutaq ki, 7-ə) çilədini yerə salarsa, o zaman həmin oyunçu müvəqqəti ola­raq oyunu dayandırır (yəni “qalır”). Bundan sonra oyundaşı öz çilədisi ilə çiləməyə başlayır. Bu qayda ilə oyunçular müəy­yən olunmuş say həddinə çatana qədər növbələşirlər. Onu demək lazımdır ki, bəzi mahir oyunçular çilədini yerə sal­madan müəyyən olunmuş say həddinə qədər çiləyə bilirlər.

Oyunda belə bir qayda var: hərgah oyunçu təsadüfən müəyyən olunmuş saydan artıq çiləyərsə, o zaman neçə sayda çilənməsindən asılı olmayaraq o, oyuna “I” başlamalıdır. Belə bir hal demək olar ki, rəqibin qələbəsini təmin edir. Başqa bir qaydaya görə isə, müəyyən olunmuş həddə birinci olaraq çatıb və onu keçən oyunçunun çiləməyi say üstünlüyü kimi yenidən başlanacaq oyun zamanı nəzərə alınır.

Uduzmuş oyunçu qalibdən 3-4 addım aralıda dayanaraq, çilədini onun ayağı istiqamətində qarşısına atır. Bu zaman qalib oyunçu pəncəsinin üstü ilə çilədiyə zərbə endirir. Çiləyə zərbə dəymədikdə məğlub oyunçu yenidən həmin hərəkəti təkrar etməlidir. Qalib oyunçu çiləyi müxtəlif istiqamətlərə vurmaqla bu cür hərəkəti bir neçə dəfə, yəni zərbə endiri­ləndən sonra havada ikən məğlub oyunçunun çiləyi tutmasına qədər davam etdirir. Məğlub oyunçunun bu cür “cəzalandırıl­masınına” “işləmək” deyilir. Bəzən oyundan qabaq belə şərt kəsilir ki, çiləyi iki, yaxud üç dəfə tutandan sonra oyun bitmiş hesab edilsin.

Oyunda iştirakçıların sayı iki nəfərdən çox da ola bilər. Belə halda oyunçular arasında yenə növbələşmə qaydasına riayət olunur. Bu zaman müəyyən olunmuş say həddinə çata bilməyib axıra qalan oyunçu növbə ilə çiləyi qalib oyunçuların ayağına ataraq “işləyir”

İlin soyuq aylarında da çilədi oynanılır. Belə vaxtlarda çilədi üçün yararlı ot olmadığından onu qoyun dərisindən dü­zəldirlər. Bunun üçün yunu üstündə olmaq şərtilə 2-3 santi­metr diametrində dəri götürülür. Əlverişli və nisbətən ağır olsun deyə qalınlığı 1-2 millimetr, böyüklüyü isə həmin dəri boyda olan qurğuşun parçasını götürüb iki yerdən deşir (həm­çinin dərini də eyni qayda ilə), sonra isə nazik məftil, yaxud qalın sap ilə onu dəriyə kip qaydada bənd edirlər. Qəşəng görünsün deyə, hər kəs öz çiləyinin yununu tez-tez didir ki, (didişdirir) yun pırpız qalsın.

Oyun zamanı ayağın zədələnməsinin qarşısını almaqdan ötrü ot ilə oyundan fərqli olaraq, ayağa hökmən ayaqqabı geyilir. Oyunçular dəri çiləyi ya pəncə ilə, ya da ayağın pəncə ilə daban arasındakı boşluq hissəsi ilə çiləyirlər. İkinci halda hərəkət vəziyyəti hər dəfə ayağın qarına doğru bucaq altda yı­ğılaraq qalxması və yenidən yerə enməsi qaydası ilə təkrarlanır.


Daşbadaş. (daşbadaş gəlmək) Daşbadaş əsasən ilin yaz və yay aylarında oğlan uşaqları arasında keçirilən nisbətən təh­lükəli əyləncələrdəndir. Əyləncəyə başlamaq üçün hər tərəfdə iki-üç nəfər olmaqla (bəzən təkbətək də keçirilir) iki dəstə düzəlir. Dəstələr bir-birindən təqribən 70-80 metr məsafədə dayanırlar. Dəstənin uşaqları hərəyə beş-altı “əl-daşı” (diametri təqribən 4-5santimetr olan kiçik daşlar) götürüb gözləyir.

Dəstə başçılarından hər hansı birinin “başladıq” deyə verdiyi işarədən sonra rəqiblər bir-birlərini daşa basırlar. Uşaqlar cəhd edirlər ki, atılan daşlardan yayınsınlar; belə ki, daş dəyən oyunçu qaydaya görə kənarda dayanmalıdır. Əy­ləncə bir rəqib dəstə üzvlərinin tamamilə “sıradan çıxmasına” (kənarda qalmasına) qədər davam edir.

Demək lazımdır ki, bu əyləncə zamanı bəzən uşaqlar bədən xəsarəti də ala bilərlər. Buna görə də şumlanmış sahə­də, yaxud kəsək olan yerdə həmin əyləncə ilə məşğul olmaq daha əlverişli hesab olunur.
Çomur-çomur”. Bu oyun əsasən Novruz bayramı zamanı oynanılır. Oyuna başlamaq üçün kiçik ölçüdə yer (quyu) qazılır. Sonra oyunda iştirak edən oyunçular hərəsi öz qazdığı yerə müəyyən qədər qoz-fındıq tökür. Say zamanı kimin qazıdığı çuxurda qoz-fındığın sayı çox olardısa, o, qalib sayılardı. Cərimə olunanların başına həmin qoz-fındığın sayı qədər çırtma vurulardı.
Piti-piti”. Bu oyuna başlamaq üçün böyük bir dairə çəkilir. Uşaqlar dairənin içinə girirlər. Bir nəfər parçadan düzəldilmiş top ilə dairədə olan uşaqlardan hansınısa vurmalı­dır. Top dəyən uşaq isə dərhal onu götürüb yenidən top atana vurmağa cəhd göstərməlidir. Bu cəhd baş tutarsa, o zaman əvvəlinci uşaq yenə dairədən kənar qalıb öz hərəkətini təkrar etməlidir. Cəhd baş tutmazsa, onda top dəymiş uşaq dairə kənarında qalır. Oyun bu qayda ilə davam edir.

ƏFSANƏ VƏ RƏVAYƏTLƏR
Bibiheybət
Deyildiyinə görə, İrandan iki qız Heybət adlı bir ada­mın gəmisi ilə Şıx kəndinə gəlir. Heybət bu qızlara bibi de­yərmiş. Az sonra Heybətin gəmisi ilə İrandan bibilərin yanı­na qırx qız da gəlir. Bu qızlara hamı hörmət edir, onlara zi­yarətə gəlirlərmiş.

Bir müddət keçir, qızların hamısı ölür. Heybət bunların qəbirlərinin üstündə günbəz tikdirir. Heybət öləndə də qız­ların qəbirlərinin yanında dəfn edilir. Beləliklə, bura Bibi­heybət adlanır.


Qız qalası
Belə nəql eləyirlər ki, bir zaman ərəblər atəşpərəstlərin məbədgahını dağıdıb, ocaqlarını söndürüb, onlara islam dinini qəbul etdirirlər. O vaxtlar atəşpərəstlər ərəblərin əlindən qa– çıb başqa ölkələrə gedirlərmiş.

Atəşpərəstlər ocaq axtara-axtara gəlib gözəl bir yerə çıxırlar. Görürlər ki, bu yerlərin ab-havası çox yaxşıdır. Özü də burada yerdən od çıxır. Bunu görən atəşpərəstlər gedib öz moltanı xanlarına xəbər verirlər.

Moltanı xanı bu yeri bəyənir. Gəlib dəniz qırağında yed­di mərtəbə hündürlüyündə iki qapılı, üstü də açıq bir qala tikirlər.

Bunların adətlərinə görə, varlı adamlar yeddi ilin azuqə­sini götürüb gələrmiş həmin qalaya, alt mərtəbədən baş­layıb, ildə qalanın bir mərtəbəsində oturub, ibadət edər­miş. Yeddi mərtəbəni qurtarandan sonra moltanı adını alarmış.

Bir müddətdən sonra ərəblər gəlib buralara çıxırlar. Atəşpərəstlərlə ərəblərin arasında dava düşür. Atəşpərəstlərin bir hissəsi qaçıb başqa ölkələrə, bir hissəsi isə Şüvəlana gedib orda yaşamağa başlayır. Burada özlərinə məbədgah tikirlər.

İllər, aylar keçir, Səməd adında bir xan peyda olur. Sə­məd xanın Sona adında gözəl bir qızı varmış. Səməd xan bu gözəlliyi öz qızında görəndə min könüldən bir könülə öz qızı Sonaya aşiq olur. Sonanın Həsən adında bir sevgilisi var imiş, hər gün onunla görüşürmüş.

Bir gün Səməd xan öz qızını yanına çağırtdırıb, ürəyin­dəkini açıb söyləyir. Sona atasının bu təklifini rədd eləyib ağ­laya-ağlaya anasının yanına gəlir, əhvalatı ona danışır. Sona­nın anası Ceyran xanım gözünün yaşını tökə-tökə əri Səməd xana deyir:

– Gəl sən bizi el içində biabır eləmə, ata da öz qızını alarmı?

– Ay arvad, heç elə iş olar? Qızımı sınayırdım ki, görəm təmiz qızdımı?

Ceyran xanım ərinin sözünə inanır, gedib qızını da başa salır.

Bir müddət gəlib keçir. Gecəynən Səməd xan arvadını öldürür. Yenə bir müddət gəlib keçir. Səməd xan durub gəlir öz qızının yanına, fikrini ona deyir.

Sonanın əlacı kəsilir, atasından yeddi gün möhlət istə­yir. Atası razılıq verir. Sona sevgilisinin yanına gedir; əhva­latı ona söyləyir.

Sevgilisi Həsən deyir:

– İndi ki belədi, get atana deginən ki, filan yerdə atəşpərəstlərdən qalma bir qala var, yeddi mərtəbəyə kimi tikilibdi, amma üstü örtülməyib. Bir mərtəbə də onun üstündə tikdirib səkkiz mərtəbə elə, ondan sonra sənə gəlim.

O vaxtacan atanın başı qarışar, mən də səni götürüb qa– çaram.

Sona razı olur. Atasının yanına gəlib necə ki, Həsən demişdi, onun təklifini atasına söyləyir. Ata qızının təklifini qəbul eləyib, həmin gün moltanıların yeddimərtəbə qalasının üstündən bir mərtəbə də tikdirməyə başlayır. Bir neçə gündən sonra qalanın səkkizinci mərtəbəsi hazır olur.

Sona qalanı görüb ağlaya-ağlaya gedir Həsənin yanına:

– Bu gün axşam atam məni qalanın səkkizinci mərtə­bəsinə aparır. Sən də əlinə bir xəncər alıb gəlib dayanarsan pilləkanların birində, atam gələn kimi onu vurub öldürərsən.

Həsən əlinə xəncər alıb, gəlib dayanır qalanın üst pillə­ka­nın­da. Səməd xan gələn kimi Həsən ona bir xəncər vurub cə­hənnəmə vasil eləyir. Bu dəmdə Sona xanım yuxarıdan baxır­mış. Görür ki, Həsən Səməd xanı vurub öldürdü, sevindiyindən heç bilmir nə etsin. Qalanın üstündən boylanıb əliynən Həsəni salamladıqda ayağı büdrəyir, qaladan aşağı yuvarlanır.

Bu mənzərəni görən Həsən Sonanın meyiti üstünə gəlir, əlindəki xəncəri ürəyinə soxub, sevgilisinin yanına yıxılır.

Camaat yığılır, Sona ilə Həsənin meyidini qalada dəfn edirlər. O vaxtdan qalanın adı olur “Qız qalası”.
PİRLƏR, ZİYARƏTGAHLAR

Əlibaba piri
Abşeronun orta əsr pirlərindən biri də “Əlibaba piri”dir. Bakının 50 kilometrliyində, Xəzərin şərq sahillərində, Türkan qəsəbəsində köhnə qəbiristanlıqdakı bu pir iki otaqdan ibarət idi. Pir hazırda əvvəlki görkəmində qalmamışdır.

Dəfn olunan şəxsin fəaliyyətinin XIII əsrə aid etmək olar. Mərkəzdə iş sonra şeyxin müridləri tərəfindən davam etdirilmişdir. Şübhəsiz, mərkəz sufiliklə əlaqədar fəaliyyət gös­tərmişdir.

Epitafiyada adı qalmayan, lakin əsrlərdən bəri ağızdan-ağıza keçərək xalq arasında bu günə kimi yaşamış Pir Əli­babanın adıyla bağlı olan mərkəz, xalq işi uğrunda mübari­zədə şəhid olduğu üçün onun məzarını bu günə kimi xalq tərəfindən müqəddəsləşdirilib ziyarətgaha çevrilməsi, vaxtilə həmin mərkəzin Abşeronda mühüm siyasi-sosial obyektlər­dən olduğunu bir daha sübut edir.
Qara paltar piri
Əhali arasında “Qara paltar piri” adıyla məşhur olan abidə Buzovna qəsəbəsinin “Nazranlı” məhəlləsindədir. Hə­min abidənin oxşarı Abşeronun Yeni Suraxanı və Şağan kənd­lərində də var.

Məzmun və forma cəhətdən orta əsr Azərbaycan me­mar­lıq və epiqrafika abidələrindən fərqlənən bu üç oxşar türbə binaları, onların üzərindəki ərəbdilli kitabələr və türbə­lərin içərisindəki qoşa qəbirlərin baş tərəfində divara hörül­müş xaç daşlar-başdaşları öz orijinallığı ilə diqqəti cəlb edir. Abidələrin qapılarının üzərində olan kitabələrdəki yazılar illərdən bəri sürtülüb pozulduğu üçün çətin oxunurdu. Dəfn olunanların adları da digər kitabələrimizdəki müsəlman adlarından fərqlənirdi.

İkinci oxşar türbə Yeni Suraxanı qəsəbəsində, neft bu­ruq­ları arasındadır. Türbənin qapısı üzərində qoyulmuş əhəng daşına ərəbcə nəsx xəttilə iki sətrdə həkk olunmuş yazının birinci sətrinin əvvəli xarab olmuşdur.

Üçüncü türbə Şağan kəndindədir. Qapının üzərində hö­rül­müş əhəng daşına iki sətrlik nəsx xəttilə ərəbcə yazı həkk olunmuşdur.



Nardaran piri (I)
Nardaran qəsəbəsindəki “Nardaran piri” memarlıq abi­dələri və bədii daşyonma əsərləri kompleksində bir neçə məs­cid, məqbərə, başdaşı, sənduqə formalı tarixi mədəniyyət abi­dələri cəmləşmişdir.

Rəvayətə görə, məqbərədə şiə imamlarının qadın qohu­mu dəfn olunmuşdur. Məqbərə və qəbir üzərində kitabə yox­dur, lakin bəzi mənbələrdə imam övladlarının təqib olunarkən bu tərəflərə mühacirət etmələri haqqında ara-sıra qısa məlu­matlara rast gəlmək mümkündür.


Nardaran piri (II)
Nardaran piri bakılıların və Abşeron əhlinin əsrlərlə iman gətirdikləri bir inanc yeridir. Türbə binası memarlıq-konstruktiv quruluşuna görə XIII-XIV əsrlərə aid edilir.

Kitabədə qeyd olunan Xacə Hacı Həmzə Şirvanşahlar dövlətində baş sədr vəzifəsində işləmişdir. Bu sərdabədə VII imam-Museyi-Kazımın qızı, VIII imam Rzanın bacısı xanım Rəhimə dəfn olunub.

“Nardaran piri” memarlıq abidələri və bədii daşyonma əsərləri kompleksində bir neçə məscid, məqbərə, başdaşı, sənduqə formalı tarixi mədəniyyət abidələri cəmləşmişdir.
Pirşağı piri
Abşeronda əhali tərəfindən pir deyə ziyarət olunan yerlərdən biri də Pirşağı qəsəbəsindədir. Maraqlı burasıdır ki, pirşağılılar hələ indiyə kimi kəndlərinin adının həmin yerdə fəaliyyət göstərərək, ölümündən sonra dəfn olunmuş şəxs ilə əlaqədar meydana çıxdığını da bilmirlər.
Pir Həsən Türbəsi (I)
Abşeronun Mərdəkan qəsəbəsində olan “Pir Həsən” türbəsinin planı daxildən və xaricdən düzbucaqlı şəklindədir. Binanın üstü günbəzlə örtülmüşdür. Türbənin əsas fasadında, portaldakı qapı yerinin üstündə ikisətirlik ərəbcə kitabə yerləş­dirilmişdir.

Pirhəsən türbəsi (II)
Mərdəkan qəsəbəsində yerləşən bu türbə XVII əsrə aid edilir. Düzbucaqlı formasında olan türbənin giriş hissəsindəki kitabədə yazılıb: “Bu mübarək məqbərə ən kamil insanların nümunəsi Pirhəsənindir. Əzəmətli xaqan Şah Abbas (Allah onun hökmranlığını əbədiləşdirsin) vaxtında Dərviş əl-Hü­seyni tikdirmişdir. 1021-ci il” (1612-1613-cü illər). Ustası Na­dirəli Yarəli oğludur.

Əsrlərlə bu türbə insanların pənah gətirdiyi ziyarət­gahlardan olub. Bu da onu göstərir ki, Pirhəsən müqəddəs bir şəxsiyyət olaraq hələ qədim zamanlarda da camaatın inanc yeri idi. Sonralar türbənin yanında bir məqbərə də tikilib. Yerli əhalinin, yaşlı adamların dediklərinə görə, burada 7-ci imamın Museyi-Kazımın qızlarından biri-xanım Xədicə dəfn edilib. Məqbərədəki sinə daşı olduqca uzaq keşmişimizdən xəbər verir. Çox güman ki, Pirhəsən türbəsinin yerləşdiyi əra­zidə qədim qəbirstanlıq olub.


Bibi Heybət” məqbərələri (I)
Müqəddəs “Bibi Heybət” piri kompleksi Bakı şəhərinin yaxınlığında – Şıx kəndində olmuşdur. Rəvayətə görə, kom­pleks şiələrin səkkizinci imamı Rzanın orada dəfn olunmuş bacısının məqbərəsi ətrafında meydana gəlmişdir. Burada Şir­van-Abşeron memarlığının ən görkəmli nümunələri-minarə­lər, gümbəz örtüklərinə malik geniş salonlu came, ikinci kiçik məscid, yardımçı binalar, məqbərə, sərdabələr və s.olmuşdur.
Bibi-Heybət məscidi (II)
Bibi-heybət məscidi Bakıdan 4-5 km aralı, Xəzər də­nizinin 0,5 kilometrliyində, yamacda XIII əsrdə Şirvanşah II Fərruxzad tərəfindən inşa edilmişdir. Məscidin divarındakı kitabədən A. Bakıxanov, P.İ. Berezin, B. Dorn, N.O. Xanıkov bəhs etmişlər. Həmin kitabədə məscidin 1281-1282-ci illərdə II Fərruxzad ibn Aksitan ibn III Fəribürzün tərəfindən memar Mahmud ibn Sədin tikdiyi bildirilir.

Bu əzəmətli türbədə VII imam museyi-Kazımın qızı Həz­rət Həkimə və imamın daha üç-iki oğlan və bir qız nəvəsi uyuyur.

Bəzi tarixi rəvayətlərdə onların Azərbaycana gəlişi is­lam dininin təbliği və islamın Azərbaycana yayılması ilə bağlıdır.

Digər bir tarixi rəvayətdə isə deyilir ki, imam Rza Bağ­dad xəlifəsi Harun Ər-Rəşidin oğlu Xəlifə Məmun tərəfindən Xorasan şəhərində zəhərləndirildikdən sonra, imam övladla­rının peyğəmbərin dəfn olunduğu Mədinə şəhərinə buraxıl­ması yasaq edildi.

Sevimli qardaşının ölümündən sonra imam Museyi-Ka­zımın 3 nəvəsi ilə Həzrət Həkimə xanım İranın Ənzəli şəhə­rinə zəvvar olur. Ənzəlidən isə xeyirxahı Baba Sucədin vasi­təsilə Bakı limanına gəlir. Baba sucəd Bakını Həzrət Həkimə üçün təhlükəsiz bildiyindən, xanımı hacı Bədir adlı imkanlı bir dostuna tapşırır.

Hacı Bədir varlı, ədəbli, sadiq bir insan olduğundan bü­tün ömrü boyu Həzrət Həkimə xanımın xidmətkarı olmuşdur. Düşmənlərinə xəbər çatmasın deyə, Həzrətin əsl adını gizlə­dib, ona “Bibi” – deyə müraciət etmişdir.

“Əlifba” sözü bildiyimiz kimi ərəb əlifbasının birinci “Əlif” və ikinci “Bə” hərflərinin adlarından götürülmüşdür. Hacı Bədir də “Hacı” sözünün birinci hərfi “Hey” və “Bədir” sözünün birinci “Bə” adlarından istifadə edərək “Heybət”gizli adını əbul etmişdir.

İmam Museyi-Kazımın 3 nəvəsini və onun sevimli qızı Həzrət Həkiməni himayə edən Hacı Bədir onları bütün qalma­qal və dedi-qodulardan, təqib və zülmlərdən hifz etmişdir.

1257-ci ildə dünyasını dəyişən xanım ərə getməmiş, ömrünü qardaş və bacı balalarına həsr etmişdir.

Hacı Bədir öz arzusuyla xanımın ayaq tərəfində dəfn edilmişdir. Bu, azərbaycanlı Hacı Bədirin xanım həzrətlərinə və ümumən islam dünyasına olan sədaqət və məhəbbətinin təzahürü idi.

XIX əsrin ən görkəmli şəxsiyyətlərindən olan, Azərbay­can xalqının şairə qızı Xurşidbanu Natəvan ərə gedəndən bir neçə il keçdikdən sonra övladı olmamış və həzrət Həkimə xanımın ziyarətinə gələrək Allahdan övlad diləmişdir. Oğlu dünyaya gələndən sonra balasını qolları üstə alıb Həzrət Hə­kimə xanımın ziyarətinə gəldiyini söyləyirlər. Niyyəti həyata keçən Xan qızı Şıx yolunu saldırmışdır.

Həzrət Həkimə xanımın türbəsini Quba xanı Fətəli xan da tez-tez ziyarət edərmiş. Bu ziyarətlərin birində dünyasını dəyişən Fətəli xan elə müqəddəslərin dəfn olunduğu məzar­lıqda öz arzusuyla torpağa tapşırılır.


Keşlə Şah Abbas məscidi
Keşlə Şah Abbas məscidi digər məscidlərimizdən əsaslı surətdə fərqlənir. 12 metr uzunluğunda olan məscid kvadrat for­masındadır. Tikintisi XVII əsrə aid edilir. Kəndin yaşlı ağsaq­qallarının dediklərinə görə, keçmişdə məscidin arxa tərəfində divarda güclə hiss edilən bir şəkil həkk edilmişdi. Günorta günəş məscidin arxa divarına düşdüyü zaman kəndin camaatı gözəl bir mənzərənin şahidi olurmuş. Divarda Şiri-Xurşud nişanı bütün əzəməti ilə nəzərə çarparmış. Məlum olduğu kimi bu nişan Şah Abbasın bayrağında əks olunmuşdu. Sonralar məscid yaxınlığında enerji stansiyası tikildiyinə, həmin yer kölgədə qaldığına görə nişanı görmək mümkün olmamışdır.
Təzə Pir məscidi
Bakıda yaşayan Nabat xanım Xocabəy qızı Aşurbəyli ərindən və atasından ona miras qalmış varidatla bu qoşa mi­narəli məscidi tikdirdi. Zivər bəy Əhmədbəyovun nəfis layi­həsi ilə inşa edilən bu ibadətgahın əsası 1905-ci ildə qo­yul­muş, inşası 1914-cü ildə sona yetmişdir. Şahidi olanlar söy­ləyirdilər ki, məscidin inşası tamam olub axırıncı daşı qa­landa bənna əl saxlayır ki, gərək bütün bənnaların başçısı Hacı Zeynalabdin Tağıyev gəlib binanı tamamlasın, bünöv­rəsini o qoyub, axırıncı daşı da o qoymalıdır. Hacının dalınca adam gön­dərirlər. Gəlir və axırıncı daşı hörür. Bənnaya və usta kö­məkçilərinə bir el ağsaqqalı kimi şirinlik paylayır.

Məscidin tikintisini həyacan və təlaşla gözləyən Nabat xanıma çox təəssüf ki, ömür vəfa etmir. Səbirsizliklə gözlə­diyi gün ona qismət olmur. 1912-ci ildə, yəni məscid tikilmə­mişdən iki il əvvəl dünyasını dəyişən Nabat xanım məscidin eyvanında , baş qapısının sağ tərəfində dəfn edilir.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə