Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə7/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Simanın nağılı
Biri var imiş, biri yox imiş, günlərin bir günündə, belə deyirlər, bir vilayətdə Dəşküvar adında bir padşah var imiş. Amma çox zalım padşah imiş. Bu padşahın oğlu olmazmış. Bir gün Dəşküvar öz rəmmalını yanına çağırıb deyir:

– Rəmmal, dünyanın bütün ləzzətini dadmışam. Amma qorxuram düşüb öləm, ürəyimdəki həsrət mənimlə qəbrə gedə. Bir rəml at, görüm.

Rəmmal rəml atıb gördü ki, rəml bəd gəlir.

Bir də atıb gördü ki, həmindi ki həmin.

Rəmmal dedi:

– Rəml bəd gəldi. İzn ver sabah gəlim.

Dəşküvar izn verdi rəmmala, rəmmal durub getdi. Saba­hısı gün rəmmal padşahın yanına gəlib ədəb salamını yerinə yetirib oturdu. Rəmmal rəml atıb gördü ki, həmindi ki həmin.

Dedi:


– Rəml bəd gəldi. İzn ver sabah gəlim.

Dəşküvar izn verdi rəmmala, rəmmal durub getdi. Saba­hısı gün rəmmal padşahın yanına gəlib ədəb salamını yerinə yetirib oturdu. Rəmmal rəml atıb gördü ki, həmindi ki həmin.

Dedi:

– Padşah sağ olsun, acığın tutmasın.



Padşah dedi:

– De görək!

Rəmmal dedi:

– Tez-gec sənin öz rəiyyətinin bir oğlu olacaq, sən onun əlində öləcəksən.

Padşahı fikir apardı ki, o necə rəiyyətdi ki, bir oğlu ola­caq, mən də onun əlində öləcəyəm. Dəşküvar səhərə kimi yat­madı. Fikir fikir üstündən, səhər tezdən rəmmalı çağırtdırıb dedi:

– Rəmmal, eşidəm, biləm, bu sirri bir adama demisən, vay halına.

Rəmmaldan sirri saxlamaq barədə söz aldı. Tədbir istədi.

Rəmmal dedi:

– Tədbiri bu cürdü. Gərək şəhərdə təzə anadan olan oğ­lan uşaqlarını oğurlayıb öldürəsiz. Amma nəbadə camaat bilə!

Padşah öz adamlarını çağırtdırıb, tapşırıq verdi və onla­rın dilindən kağız alıb yola saldı.

Dəşküvarın adamları öz işlərinə getsinlər, eşidin Dəş­kü­vardan.

Dəşküvar durub çıxmışdı bağa. Gördü ki, bir quş öz ba­la­sını dimdiyində götürüb gəldi çərhovuzun üstünə, üç kərəm balasını suya basıb, alıb təzədən dimdiyinə apardı. Dəşkü­varın ürəyinin başına od düşüb elə bil alışdı, dedi: mənim də oğlum olaydı!..

Bu dəmdə Dəşküvarın bağbanı bağı gəzirdi, gördü ki, padşah oturub çərhovuzun üstə, çox fikirdədi. Bağban ağac­dan bir alma dərib, götürüb gəldi Dəşküvar üçün. Baş əyib, ədəb salamını yerinə yetirdi. Almanı Dəşküvara uzatdı. Dəş­küvar almanı bağbandan alıb iylədi, dərdi bir idisə, oldu iki. Bir ah çəkib dedi:

– Yaxşı alma saxlayırsan, amma...

Bağban dedi:

– Necə ki amma?

– Saqqalıma dən düşüb, sabah düşüb ölsəm, görəsən bu bağa kim sahib olacaq.

Bağban başını aşağı salıb dinmədi. Dəşküvar çox fikrə gedib, bağbana dedi:

– Gəl Allah əmrilə bir əhd-peyman edək!

Bağban dedi:

– Padşah sağ olsun nə əhd-peyman?

Dəşküvar padşah dedi:

– Qızın olsa, qızlığa, oğlun olsa oğulluğa mənə ver!

Dəşküvar çox böyük padşahdı. Bağban Dəşküvarın sö­zün­dən çıxa bilmədi, razılıq verdi. Dəşküvar da bağbanın di­lindən kağız alıb çıxıb getdi.

Eşit Dəşküvarın adamlarından. Pişik ət üçün gəzən kimi, bunlar da evbəev gəzirdilər. Gündə bir, iki təzə doğulan oğlan uşaqlarını oğurlayıb atırdılar çaya. Şəhərdə bilmirdilər. Gəlib neçə kərə Dəşküvara şikayət elədilər. Dəşküvar qulaq asma­yıb, gələnləri qovdurdu.

Xəbər verim sənə kimdən, bağbanın arvadından. Nağıl­larda vaxt çox tez başa gəlir. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə keçdi, bağbanın arvadı bir oğlan doğdu. Xəbər gedib çatdı bağbana ki, arvadının bir oğlu olub, Bağ­ban sevinə-sevinə özünü yetirdi arvadının yanına, gəlib nə gör­dü, arvadının doğduğu oğlanın başında, qaşında, kipri­yin­də tük yoxdu, özü də ət kimidi. Başı, qolu, qıçı sağ-salamat, amma ki elə bil ətdi. Bağban gəlib uşağa baxdı, gördü ki, bu uşaq araya çıxmalı uşaq deyil. Getdi fikrə. Bilmədi ki, padşaha nə cavab versin. İstədi uşağı tullaya, amma ürəyindən gəlmədi.

Bu burda qalsın, eşit Dəşküvar padşahdan. Şah Dəşkü­var eşitdi ki, bağbanın oğlu oub, sevindiyindən dayana bil­mədi. Durub gəldi, özünü tez yetirdi bağbanın evinə. Bağban oturub ağlayırdı, bilirdi ki, padşahın yanında xəcalətli olub. Bir də başını yuxarı qaldırıb gördü ki, Şah Dəşküvar gəlir, gözlərini silib, ikiqat olub, padşahın qabağında ədəb salamını yerinə yetirib dayandı. Şah Dəşküvar dedi:

– Oğlun olub, bəs nə üçün mənə bu vaxtacan xəbər verməmisən?

Bağban bu sözdən başını aşağı salıb dedi:

– Padşah sağ olsun, üzüm yanında qaradı.

Padşah soruşdu:

– Nə üçün qaradı? Olmaya oğlan ömrünü bağışlayıb?

Bağban dedi:

– Kaş ömrünü bağışlayaydı sənə, amma dünyaya gəlmə­yəydi.

Şah Dəşküvar bu sözdən çox pərişan olub xəbər aldı ki:

– Nə olubdu?

Bağban əhvalatdan Şah Dəşküvarı xəbərdar elədi.

Dəşküvar çox gəmgin oldu, amma inanmadı. Öz-özlü­yündə dedi: Yəqin ki, bunlar uşağı məndən gizlədirlər. Üzünü bağbana tutub dedi:

– Gərək uşağı özüm görəm.

Bağban Şah Dəşküvarı apardı evinə, uşağı göstərdi. Şah Dəşküvar uşağı görüb acığı tutdu, birbaş bağbanın evindən çıxıb gəldi, əyləşdi taxta, rəmmal çağırtdırıb dedi:

– Rəml at görək, o uşaq ki, deyirdin, dünyaya gəlib, ya yox?

Rəmmal dəstəmaz alıb, gəlib rəmlin atdı. Baxıb Şah Dəş­küvara dedi:

– Bəli, dünyaya gəlib.

Şah Dəşküvar qapıları bağlatdırıb, rəmmalı otağından bayıra buraxmadı. Adam göndərdi, öz yaxın adamlarının bir neçəsini çağırıb dedi:

– Rəmmal tədbir tök!

Rəmmal dedi:

– Gərək şəhərdə nə ki, təzə doğulan uşaq var, hamısının boynu vurula.

Şah Dəşküvar üzünü tutub öz adamlarına dedi:

– Sizin üçün filan qədər maaş ayırıram, nə ki şəhərimdə oğlan uşağı var, hamısının boynunu vurarsız, amma bu sirri heç kim bilməməlidi.

Padşah öz adamlarının dilindən kağız alıb, dedi:

– İndi gedərsiz, bağbanın beşikdəki uşağın götürüb atarsız çaya, arvadını da öldürərsiz.

Padşahın adamları gedib bağbanın arvadını və oğlunu götürüb, istədilər öldürərlər, yazıqları gəlib arvadı buraxdılar çölə, uşağı da bir dağın döşündə böyük bir ağac vardı, qoy­dular ağacın altına, çıxıb gəldilər. Bağbanın arvadı qaldı çöl­lü-bərri-biyabanda, uşağı da ağacın altında. Ana baladan, bala anadan ayrılıb, belə qalsınlar, eşit Simurqdan.

Simurq göylə uçub gedirdi, gördü ki, yerdə bir şey ağa­rır. Tez göyün qatından enib yer qatına, gördü ki, ağac dibin­də bir uşaq var, amma yanında adam yoxdu. Simurq elə bir quşdu ki, yerin altını da, üstünü də bilir. Görən kimi bildi ki, bu, bağbanın oğludu, özü də təzə gəlib dünyaya. Uşaq Şah Dəşküvarın qəzəbinə gəlibdi. Simurq uşağı götürüb cayna­ğına, qalxdı havaya, qanad çalıb uşağı götürdü, gəldi öz bala­larının yanına. Simurq elə quşdu ki, fəqirləri çox sevər. Qal­xıb göyə, başladı bağbanın arvadını axtarmağa. Bir müddət gəzib dolandı, bir soraq tapa bimədi.

Simurq getməkdə olsun, eşit bağbanın arvadından. Bağ­banın arvadı Şah Dəşküvarın şəhərindən çıxıb üz qoydu çöllü-bərri-biyabana.

Eşit Simurqdan. Simurq göylə süzürdü. Gördü ki, çöllü-bərri-biyabanda bir arvad xeylağı gəzir. Simurq üç-dörd qat göy­dən enib gördü ki, bağbanın arvadıdı. Simurq qanadını açıb, aldı bağbanın arvadını qanadının altına. Bağbanın arvadı ayılıb gördü ki, Simurq qanadını yorğan eləyib salıb üstünə. Bağ­banın arvadı qorxub istədi qaça. Simurq tez dilə gəlib dedi:

– Qorxma, gəl min dalıma, səni balanın yanına aparıram.

Bağbanın arvadı gördü ki, bu Simurq quşudur. Tez qa­nadından öpüb, mindi Simurqun dalına. Simurq qanad çalıb qalxdı havaya, özünü yetirdi yuvasına, düşüb yerə bağbanın arvadına dedi:

– Aç gözünü!

Bağbanın arvadı gözlərini açıb gördü ki, elə gözəl meşədi ki, daha nə təhər. Bağbanın arvadı bir o yana baxıb, bir bu yana baxıb, gördü ki, Simurq yoxdu. Bir az keçdi, Simurq caynağına bir uşaq göydən yerə endi. Bağbanın arvadı xəbər aldı Simurqdan:

– Bu uşaq kimindi?

Simurq dil açıb bağbanın arvadını başa saldı ki:

– Bu uşaq sənindi.

Arvad baxıb gördü ki, həmin uşaqdı ki, ət parçası kimi idi, əndamında tük yox idi, indi bir oğlan olub ki, dünyada misli yoxdu. İstədi uşağı götürə qucağına, üz gözündən öpə, baxıb gördü ki, uşaq elə ağırdı ki, yerindən tərpədə bilmir. Xəbər aldı Simurqdan:

– Bu nə əhvalatdı?

Simurq dedi:

– Göylə gedirdim, gördüm bir çöllü-bərri-biyabanda qo­ca bir ağac bir yanı üstə yıxılıb. Ağacın altında bir şey ağarır. Yerə endim gördüm ki, bu uşaqdı. Tez götürüb apardım, Nil dəryasında çimdirdim, Qaradağ daşından bir parça götürüb əzdim, tük gələn yerlərinə çəkdim. O vaxtdan bu uşağa bala­larımla bir yerdə saxlayıram.

Bağbanın arvadı Simurqun qanadından öpüb həmin saat öz oğluna Siman adını verdi. Simurq Simanın anası üçün ağac başında yuva tikdi. Ana-bala bir neçə müddət burada qalmaq­da olsunlar, eşit Simurqdan.

Simurq hər gün ov ovlardı, yarısını öz balalarına, yarı­sını da bağbanın arvadı ilə Simana verərdi. Bir müddət aradan keçdi. Bir gün bir əjdaha gəlib Simurqun balalarını yemək istəyirdi. Siman onu görən kimi tez bu ağacdan atlandı o biri ağaca, uzun bir çinar ağacından yapışıb bir nərə çəkdi ki, me­şə titrədi, çinarı yerindən çəkib çıxartdı. Əjdaha Simanı görən kimi Simurqun balalarını buraxıb, gəldi Simanın üstünə. Siman çinarın qalın tərəfini əjdahanın ağzına salıb həmlə elədi irəli, ucunu sancıb boğazının yoluna, dayadı torpağa, əjdaha bir az çapalayıb cəhənnəmə vasil oldu. Siman bir nərə də çəkdi. Bu dəmdə Simurq göylə gedirdi, eşitdi ki, meşədən nərə səsi gəlir. Enib meşəyə gördü ki, bağbanın arvadı qorxusundan çıxıb lap ağacın başına. Xəbər aldı ki, nə olub? Bağbanın arvadı ilə Si­murqun balaları Simurqu əhvalatdan xəbərdar elədilər. Simurq tez özünü yetirdi Simana, gördü ki, Siman əjdahanı öldürüb dayanıb başının üstündə. Simurq üç dimdik əjdahaya vurub, ətinin yaxşı yerindən balalarına, ürəyini də Simana verib qalanını tulladı. Simurq Simanla anasını mindirib dalına dedi:

– Yumun gözünüzü!

Bunlar gözlərini yumdular. Simurq qanad çalıb göylə bir neçə mənzil yol getdi, gəlib bir yerdə düşüb dedi:

– Açın gözlərinizi!..

Bunlar gözlərini açıb gördülər ki, bir evin qabağın­da­dılar. Simurq bunları qoyub, qapını döydü. Bir az keçmədi ki, bir çoban çıxdı. Çoban gördü ki, gələn Simurqdu. Çoban Si­murqun qanadından öpdü, Simurq dil açıb dedi:

– Simanla bu arvadı sənə tapşırıram.

Çoban baş əydi, Simanı götürdü oğulluğa.

Simurq getmişdi, amma arabir gəlib Simana baş çəkərdi.

Nağıllarda vaxt tez başa gəlir. Siman on beş yaşına çat­mışdı. Amma elə cürətli bir pəhləvan olmuşdu ki, Qaf dağı­na güc eləsəydi, yerindən tərpədərdi. Bir gün Siman çobana dedi:

– At istəyirəm, qılınc istəyirəm.

Çoban tez Simurqun tükünü yandırdı, Simurq özünü ye­tirib çobana, xəbər aldı:

– Bəs nə var?

Çoban dedi:

– Siman at istəyir, pəhləvan paltarı istəyir.

Simurq: “gözüm üstə” – deyib qalxdı göyə. Simurq göy­də pər vurub, nər kimi nərildəyirdi. Qanad çalıb gah enirdi, gah qalxırdı göyə. Özünü yetirdi Dəşküvar padşahın şəhərinə. Göydə süzürdü, gördü ki, Şah Dəşküvar imarətindən çıxıb gəldi bağa. Çıxıb çarhovuz üstdə canamazı açıb, üzüyünü möhür elədi, başladı dəstəmaz almağa. Simurq göydən baxır­dı, gördü ki, Şah Dəşküvarın bir üzüyü var ki, heç padşah xəzinəsində yoxdu. Dedi: Bu üzük Simana bəsdi. Yerə enib, üzüyü vurdu caynağına, qalxdı göyə. Şah Dəşküvar Simurqun dalınca ox atdı, amma ox Simurqa dəymədi. Şah Dəşküvar bu sirri saxlayıb özündə, başladı namazını qılmağa. Simurq özü­nü yetirdi çobana, üzüyü verib, dedi:

– Min dalıma!

Çoban mindi Simurqun dalına, özünü yetirdi başqa bir şəhərə. Şəhərin yarım ağaclığından çobanı düşürüb dedi:

– Gedərsən bu şəhərə. Bu üzüyü verərsən filan tacirə, deyərsən ki, bu üzüyü Xəyyam tacir verdi, dedi ki, pul eləyib versin.

Çoban şəhərə gedib taciri tapdı, üzüyü tacirə verib necə ki, Simurq demişdi, elə də tacirə dedi. Tacir üzüyü pul elədi, verdi çobana. Çoban pulu götürüb, özün yetirdi Simurqa. Simurq pulun dörddə birini çobana verib dedi:

– Apar bu pulu, bu şəhərdə Yəmən vəzirə ver, deginən Dəşküvar deyir ki, atımın xərcini verib, atımı istəyirəm. Xə­bər alsa ki, at nə rəngdədi? Deyərsən ki, ağ atdı, yalının altı qırmızı. Amma atı məbadə minəsən. Tez götür gəl bura!

Çoban şəhərə gəlib, getdi Yəmən vəzirin yanına. Simurq necə demişdi, eləcə də Yəmənə dedi.

Çoban pulu verib atı aldı, özünü tez yetirdi Simurqa. Simurq öz tükündən çəkib bağladı atın yalına, atın yalından çəkib verdi çobana. Atı buraxdı. Çobanı mindirib dalına, qalxdı göyə. Gəlib çatdı bir qalaçaya, çobana dedi:

– Bu qapını sındır!

Çoban qapını sındırdı, içəri girdilər. Bir dəst pəhləvan paltarı, on arşın uzunluğunda bir qılınc, yeddi dəyirman daşı ağırlığında bir gürz seçdilər. Simurq bunları aldı caynağına, çobanı da mindirib dalına, götürüb gəldi. Gördü ki, Siman ba­şını qoyub anasının dizi üstdə yatıbdı. Simurq Simanı dur­quz­du. Siman pəhləvan paltarını başdan geyinib, ayaqdan qı­fıl­lan­dı, ayaqdan geyinib başdan qıfıllandı, qılıncın belinə bağ­la­yıb, gürzü əlinə aldı, bir nəAllahrə çəkib gürzü göydə fırlatdı.

Simurq tez atın tükünü bir-birinə çəkdi. Bir də gördü ki, ağ at, yalının altı qırmızı, budu gəlib dayandı Simanın qaba­ğında. Siman ata minib, başladı at çapıb, qılınc vurmağa, gürz oynatmağa. Ta bir müddət pəhləvanlığın hər yolunu öyrəndi. Bir gün anasına dedi:

– Ana, mən gedirəm yeddi günün səfərinə.

Anası dedi:

– Gəl getmə!

Dedi:


– Yox, gərək gedəm.

Siman at minib, çıxdı çölə, düz iki gün yol getdi. Gəlib çıxdı çöllü-bərri-biyabana. Bərk acmışdı. Bir quş vurub, kabab bişirib, oturub yedi, uzandı bir ağacın sərinliyində rahat olsun, gördü ki, iki atlı gəlir. Atlılar Şah Dəşküvarın pəhlə­vanlarıydı. Siman bunları görən kimi, durdu ayağa. Əl atıb xurcuna, atına bir ovuc kişmiş verib, özünü söykədi qılınca. Pəhləvanlar gəlib çatdı Simanın bərabərinə, xəbər aldılar:

– Kimsən? Burada neyləyirsən?

Siman dedi:

– Siz kimsiz?

Pəhləvanlar dedilər:

– Dəşküvarın pəhləvanlarıyıq.

Siman dedi:

– Mən də bu yerlərin pəhləvanıyam.

Bu söz onlara acıq gəldi, əl atdılar qılınca. Siman da tez əlini atıb gürzə, bir nərə çəkdi ki, nərəsindən göydə quş qa­nad saldı. Gürzü atıb yerə, əl elədi qılınca. Qılıncı çəkib pəh­lə­vanın birini cəhənnəmə vasil elədi. Əl atıb o biri pəhləvanın kəmə­rindən yerə elə vurdu ki, ombası çıxdı. Pəhləvan sürünə-sürünə üz qoydu qaçmağa, birbaş gəlib Şah Dəşküvarın yanına dedi:

– Taxtın dağılmasın, nə durmusan?! Çöllü-bərri-biya­banda bir nəfər pəhləvan peyda olub, kim gəlir qabağına, vurub öldürür. Özü də deyir ki, Şah Dəşküvar kimdi, mən onu tanımıram. İstədik tutub gətirək hüzuruna, kiçik pəhləvanı vurub öldürdü, məni də elə vurdu ki, ombam çıxdı.

Şah Dəşküvar bu sözdən çox qəzəblənib əmr elədi ki, vəziri çağırsınlar. Adam gedib vəziri çağırdı. Vəzir gəldi Şah Dəşküvarın hüzuruna, dedi:

– Buyur qibleyi-aləm!

Şah Dəşküvar dedi:

– Bəs filan yerdə bir pəhləvan peyda olub pəhləvan­larımdan birini öldürüb. Qoşun götür gedək görək, bu nə cür pəhləvandı.

Vəzir gedib qoşun hazırlığı gördü, gəlib Şah Dəşküvara xəbər verdi ki, qoşun hazırdı.

Şah Dəşküvar ata minib düşdü qoşunun qabağına. Başla­dılar yol getməyə. Şəhərdən çıxıb üz qoydular Simana tərəf. Eşit Siman pəhləvandan.

Siman pəhləvanı öldürəndən sonra ata minib gəlirdi şə­hərə tərəf ki, ombası çıxan pəhləvanı tutub öldürsün, bu dəmdə gördü qabaqda bir toz qopdu. Siman atını saxladı. Toz sakit olan kimi tozun içindən bir qoşun peyda oldu. Siman bir dağın döşünü özünə səngər eləyib, çəkib atını dayandı. Şah Dəşküvar özünü yetirdi, durbinini qoyub gözünə bir o yana, bir bu yana baxıb gördü ki, burada bir pəhləvan var ki, Şah Dəşküvar anadan olandan bu günə kimi istər şücaətdə, istər gözəllikdə belə bir pəhləvan görməmişdi.

Şah Dəşküvar vəzirə dedi:

– Olsa, bu oğlan olar. Tez bir adam göndər, onu çağır­sınlar.

Vəzir bir nəfər pəhləvan göndərdi Simanın hüzuruna. Pəhləvan gedib, Simana çatıb dedi:

– Ey oğlan, Şah Dəşküvar səni çağırır.

Simanın bu sözdən acığı tutdu, əl atıb pəhləvanın kəmə­rinə, elə tulladı ki, yazıq pəhləvan gedib birbaş düşdü Şah Dəş­küvarın ayağına. Şah Dəşküvar baxırdı, gördü ki, bu pəh­lə­van elə zırpı pəhləvandı ki, qabağında dağ dayanmaz. Özü minib atına, istədi gedə, öz-özünə dedi: qoy vəziri göndərim.

Vəzirə dedi. Vəzir boyun qaçırdı. Axırda Şah Dəşküvar atını sürdü birbaş özünü yetirdi Simanın bərabərinə. Şah Dəşküvar çatıb salam verdi, amma gözaltı oğlana baxıb gördü ki, Misiri, Şamı, Rumu gəzsən belə gözəl tapmazsan. Şah Dəşküvar ta bayaq ürəyi gedib yıxıldı yerə. Siman Şah Dəş­kü­varın saqqalından yapışıb qalxızıb oturdu. Su vurub üzünə, Şah Dəşküvar ayıltdı.

Şah Dəşküvar dedi:

– Mən bu şəhərin padşahıyam. Sənin bu tərəflərə gəl­məyini eşidib gəlmişəm. Mənim oğlum yoxdu, gəl səni gö­türüm oğulluğa.

Siman dedi:

– Mən istəmirəm. Hələ mən özüm bu yerlərin pəhlə­vanıyam. Atam da çobandı. Mən hara, sən hara? Məndən əl çək! Məndən sənə oğul olmaz.

Şah Dəşküvar çox yalvardı, Siman az eşitdi. Siman baxıb gördü ki, Şah Dəşküvar bundan əl çəkməyəcək, öz-özünə dedi: – gedərəm, pənah Allaha. Razı oldu, qoşuldu Şah Dəşküvara. Şah Dəşküvar sevindiyindən heç bilmədi ki, nə eləsin. Tez çatdı qoşuna, əmr elədi ki, şadlıq etsinlər. Qoşun əhli şadlıq eləyib sevindi. Şah Dəşküvar Simanı alıb yanına, birbaş gəldilər şəhə­rə. Bir neçə müddət Siman burada qalıb, baxıb gördü ki, ürəyi çox darıxır. Çünki Siman göz açıb özünü meşə içində, çoban yanında görmüşdü. Şah Dəşküvarın yanında qalmaq ona birtə­hər gəlirdi. Odur ki, başladı darıxmağa. Bir gün aynaya baxıb gördü ki, çox geriyə gedib, sınıxıb. Dedi ki, gərək çıxam gedəm.

Xəbəri sənə verim kimdən, xəbəri sənə verim Şah Dəş­küvardan. Şah Dəşküvar rəmmalın sözündə sonra əmr ver­mişdi ki, təzə doğulan uşaqları tutub öldürsünlər. Padşahın bu əmrindən sonra hər gün üç-dörd uşaq ölürdü. Odur ki, bir dəstə camaat yığılıb, Şah Dəşküvara şikayətə gəldilər ki, bəs uşaqlarımız itir. Bizə bir əlac elə. Şah Dəşküvar şikayətə baxmayıb onları qovdu. Siman pəhləvan da bir yanda durub baxırdı. Gördü ki, Şah Dəşküvar çox ədalətsiz iş görür. Özüün verib Şah Dəşküvarın qabağına, baş əyib dedi:

– Padşah sağ olsun, gərək bu itən uşaqların oğrusunu tapasan, yoxsa mən şəhəri alt-üst edərəm.

Padşah qorxusundan “bəli-bəli” – dedi, amma tədbirini də­yiş­mədi. Elə yenə də hər gün bir-iki uşaq yox olurdu. Şə­hərdə rəiyyət arasında narazılıq artırdı. Axırda şikayət elədilər Simana.

Siman durub gəldi Şah Dəşküvarın yanına, dedi:

– Mən daha səbr eləyə bilmirəm. Gərək gedəm uşaq oğ­rularını tapam.

Şah Dəşküvar gördü ki, iş şuluqdu. Əgər Siman işə baş­la­sa, işin üstü açılacaq. Neynim, neynim, axırda Siman dedi:

– Oğlum, mən qocalmışam. Sabah, biri gün düşüb öləcə­yəm. Gəl mənə vəliəhd ol. Mən öləndən sonra, padşahlıq sənindi.

Siman razı olmayıb dedi:

– Mən gedirəm, gərək bu oğruları tapam.

Siman şəhər tərəfə getməkdə olsun, eşit vəzirdən. Vəzir gördü ki, Şah Dəşküvar Simandan o qədər qorxur ki, axırda padşahlığını da ona verəcək. Tez özünü yetirdi oğlunun ya­nına. Vəzirin Qəvvas adında bir oğlu var idi, oğluna dedi:

– Qəvvas, çörəyimi sənə halal eləmərəm, əgər Siman pəhləvanı sağ buraxsan. Gərək onu öldürəsən.

Qəvvas dedi:

– Nə yolla?

Vəzir dedi:

– Siman pəhləvan bu günləri şəhərdən çıxacaq. Mən də səni ona qoşaram. Elə ki, qoşuldun ona yolda bir məqam tapıb öldürərsən.

Qəvvas razı oldu. Siman da elə bu tərəfdən atını minirdi, gördü ki, vəzirin oğlu Qəvvas gəlir, xəbər aldı ki,

– Haraya gedirsən?

Vəzirin oğlu dedi:

– Çox darıxıram, istəyirəm səninlə gedəm.

Siman elə özünə bir yoldaş axtarırdı. Razı olub, vəzirin oğlu Qəvvası da özü ilə götürdü. Hər ikisi ata minib şəhərdən çıxdılar. At başı saldılar, başladılar sürməyə. Qəvvas atını bir neçə tazıyana vurub, sürdü qabağa. Simanın atını bir qədər ke­çib, gözdən itdi. Amma Siman atını asta-asta sürürdü. Qəv­vas qılıncını əlinə alıb, niqabını çəkdi üzünə. Yetmiş yeddi yerdən özünü sərrast edib, qayıtdı, at başı saldı Simanın üs­tü­nə. Sürüb atını az qalmışdı ki, gəlib çatsın Simana. Siman gör­dü ki, gələn Qəvvasdı. Tez əlini uzadıb yapışdı Qəvvasın kə­mərindən. Qalxızıb göyə, istədi vura yerə, Qəvvas səsləndi ki:

– Siman, and olsun cavan canına, mən səninlə zarafat eləyirdim.

Siman Qəvvası yavaş-yavaş qoydu yerə. Başladılar yol getməyə. Dərə-təpə gedib, çatdılar bir düzə. Qəvvas yenə də at başı salıb, atın başını qaytardı, çəkib niqabını üzünə, sürdü düz Simana tərəf.

Qəvvasın atı güllə kimi gəlib yetişincə Qəvvas çəkib qılıncını, istədi ki, endirə Simanın təpəsinə, Siman əlini qaldı­rıb, yapışdı Qəvvasın biləyindən, qanırıb qılıncını aldı, qal­xızıb Qəvvası yuxarı, elə vurdu yerə ki, heç tikəsi ələ gəlmə­di. Siman Qəvvası vasil eyləyib cəhənnəmə, minib atına baş­ladı getməyə. Az gedib, çox dayandı, çox gedib az dayandı, gəlib çatdı bir şəhərin qırağına. Gördü ki, bura bir qalaçadı. Amma qalaçada adam-zad görünməyir. Düşüb atından, yum­şaq bir otun üstündə atına bir az kişmiş töküb, özü də uzandı ki, dincliyini ala.

Siman burada yatmaqda olsun: xəbər verim kimdən, xəbər verim sizə Dəzivar padşahdan. Dəzivar padşah əlində durbin, qaladan baxırdı ki, onun torpağına gələn kimlərdi. Çünki Dəzivar torpağına hələm-hələm adam sağ gəlsəydi, salamat qayıtmazdı. Dəzivar padşah gördü ki, onun otlağına bir at buraxıblar, pəhləvan da yatıbdır. Dəzivar öz divlərindən bir neçəsini göndərdi ki, gedib görsünlər o bəni-adəm kimdi, götürüb gəlsinlər hüzuruna. Divlər tez qalaçadan çıxıb, özlə­rini yetirdilər Simana.

Siman uzanıb yatmışdı. At gördü ki, divlər gəlir, başladı kişnəməyə. Siman səsə ayılıb gördü ki, divlər gəlir, tez minib atına dayandı. Divlər gəlib çatdılar. Siman çəkib qılıncın bir nərə çəkdi ki, quş göydə qorxusundan qanad saldı. Divlər özlərini itirdi. Siman çəkib qalxanı başına, elə bir qılınc çaldı ki, divin biri yeddi parça oldu. Başladı o biri divlərlə davaya.

Dəzivar qalaçadan baxırdı, gördü ki, bu heç bəni-adəmə oxşamır. Tez qoşun göndərdi. Siman gələn-gələni qırıb, Si­man cəhənnəmə vasil eləyib, özünü yetirdi Dəzivarın şəhə­rinə. Nə ki divlər var idi, qırıb çatdı. Axırda Dəzivar özünü yetirdi meydana. Yeddi dəyiman daşından qayrılmış gürz, əlin­də gəlib durdu Simanın bərabərində. Siman bir nərə çə­kib, gürzü aldı əlinə, üç dəfə göydə fırlatdı. İkinci nərədə gür­zü Dəzivar təpəsinə elə endirdi ki, Dəzivar xamır kimi yerə yayıldı. Siman Dəzivarı doğradı. Girib şəhərə, qalan divləri də qırdı, gördü ki, bir kiçik div qalıb. İstədi vurub öldürə, div dedi:

– Məni öldürmə, özünə qulam götür.

Siman razı olub, balaca divi özünə qulam götürdü, adını da Adamzad qoydu. Siman minib atına, Adamzadı da ayrı bir ata mindirib, başladılar şəhərdən çıxmağa. Üz qoydular Şah Dəşküvarın vilayətinə. Bir neçə müddət yol gedib, axırda özlərini yetirdilər Şah Dəşküvarın vilayətinə. Şah Dəşküvara xəbər getdi ki, Siman gəlir, yanında da bir div gətirir. Vəzir bayıra çıxıb gördü ki, amma Qəvvas yoxdu. Vəzirin kürkünə birə düşdü. Bildi ki, Qəvvası Siman öldürübdü. Qorxusundan bir söz demədi. Şah Dəşküvar xəbəri səhih bilib qorxusundan adam göndərdi pişvaz elədilər, Simanı götürüb gəldilər. Şah Dəşküvar üzdən sevinirdi, amma ürəkdə Allah bilir ki, nələr çəkirdi. Siman bir neçə müddət burada qaldı. Bir gün xəbər gəldi ki, Firəng padşahı Şah Dəşküvardan yeddi ilin bac-xəracını istəyir. Ya gərək bac-xəracı verə, ya da gərək davaya hazır ola. Şah Dəşküvar vəziri çağırıb dedi:

– Vəzir tədbir gör! Ya yeddi ilin bac-xəracını vermə­liyik, ya da dava etməliyik.

Vəzir istəyirdi ki, Simanı aradan yox eləsin, dedi:

– Sənin Siman kimi pəhləvanın var. Göndər Firəng pad­şahının qabağına, yarım saatın içində qırıb çatsın.

Şah Dəşküvar bu işə razı olub xəbər verdi ki, Simanı çağırsınlar hüzuruna. Adam getdi, Simanı tapdılar, götürüb gəldilər, padşahın hüzuruna. Siman ədəb-salamını yerinə yetirib durdu Şah Dəşküvarın əmrində. Siman müntəzirdi. Şah Dəşküvar dedi:

– Oğul, Firəng padşahı bizdən yeddi ili bac-xəracını istəyir. Ya verməliyik, ya da dava etməliyik. Gəl mən sənə on min qoşun verim, çıx Firəng padşahının qabağına.

Siman razı oldu. Şah Dəşküvar qoşun verdi. Səhər tez­dən xəbər gəldi ki, Firəng qoşunu gəlib, şəhərin bir ağaclı­ğındadı. Siman tez durub, libasını geyinib, yetmiş yeddi yer­dən özünü möhkəm bağladı, sonra niqabı çəkib üzünə, qılın­cını alıb əlinə, bir nərə çəkib, özünü vurdu dəryayi-ləşkərə. Birinci nərədə başladı at oynatmağa, ikinci nərədə on arşın qılıncını qınından çəkib, üçüncüdə elə bir nərə çəkdi ki, göy­də quş qorxusundan qanad saldı. Özünü vurdu ləşkərə. Sağ­dan vurub, soldan çıxdı, soldan vurub, sağdan çıxdı, başladı qo­şunu taxıl kimi biçməyə. Firəng qoşununu qırıb qurtardı. Göz gəzdirib o yan-bu yana gördü ki, qoşunun öləni ölüb, qa­ça­nı qaçıbdı. Amma iki pəhləvan qalıb. Tez pəhləvanın biri ilə başladı cəngə. Qılınc çəkib pəhləvanı cəhənnəmə vasil et­di. Bundan sonra o biri pəhləvan durub gəldi Simanın bəra­bərinə. İki pəhləvan qılınc çəkdilər, endirdilər bir-birinin tə­pə­lərinə. Baxıb gördülər, qılıncdan bir şey çıxmır, qılıncları atıb yerə, əl atdılar gürzə, başladılar bir-birini gürz atmağa. Siman gördü ki, gürzdən də bir şey çıxmadı: atıb gürzü yerə, bir nərə çəkdi ki, daha nə təhər. Şah Dəşküvar da bu dəmdə çıxıb yuxarıda tamaşa edirdi. Simanın nərəsinin zərbəsindən Şah Dəşküvar özünü bir boy atdı, gördü ki, Simanın gözləri qızıb, özünü-sözünü bilmir. Siman əl atıb pəhləvanın bel kəmərinə, qalxızıb göyə, bir də nərə çəkib göydə fırlatdı, bir qulacla elə atdı ki, Firəng padşahının pəhləvanı düşdü Şah Dəşküvarın ayağının altına. Şah Dəşküvar gördü ki, Siman Firəng qoşununu qırıb tamam elədi, sevindiyindən aşağı dü­şüb Simanın adına təbil vurdurdu. Vəzir eşitdi ki, Siman sağ-salamat davadan qayıdıb, başladı yanıb tökülməyə. Siman gə­lib əlini-üzünü yudu, təmizlənib, neçə gün, neçə gecə dincəl­məyə başladı. Bir gün durub gəldi Şah Dəşküvar yanına, dedi:

– Gəlmişəm sənin yanına bir xahişə.

Şah Dəşküvar dedi:

– Buyur!


Siman dedi:

– Gərək vəzirin qızını verəsən mənim div Adamzadəmə.

Padşah başını aşağı salıb, getdi fikrə.Vəzir də bu yandan yana-yana durub baxırdı. Siman dedi:

– Nə deyirsən? Razı olmasan, yerlə göyü bir eləyərəm.

Şah Dəşküvarın əlacı kəsilib, dedi:

– Razıyam.

Yeddi gün, yeddi gecə toy eləyib, Siman vəzirin qızını zor-güc alıb, verdi Adamzada, özü də Şah Dəşküvara tapşırdı ki, əgər mənim bu div Adamzadəmin başından bir tük əksik olsa, yerlə göyü bir eləyəcəyəm. Bundan sonra atını minib üz qoydu çöllü-biyabana.

Bu gün getməkdə olsun, Şah Dəşküvarla vəzir oturub öz günlərinə ağlayırdılar. Eşit Simandan.

Siman at başı salıb, Simandərələrdən yel kimi, təpələr­dən sel kimi, badeyi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğa­da, özünü yetirdi bir çəmənə. Gördü ki, bir ceyran kolun dibindən üz qoydu qaçmağa. Siman at başı saldı ceyranın dalısıncan. İstədi ha burda, ha orda ceyranı tuta. Gördü ki, ceyranı tuta bilməyəcək, kəmənd atdı. Üçüncü kəmənddə ceyranı tutdu. Siman ceyranı tutub, istədi kəsə başını, ceyran cildindən çıxıb, oldu bir qarı. Siman gördü ki, bu, tilsimmiş. Tez tutub qarının biləngindən, istədi öldürə, qarı başladı yalvarmağa ki, gəl məni öldürmə, mən sənə bir şey verim ki, dünyalara dəyər.

Qarı tez əlini atıb cibindən bir qız şəkli çıxartdı, elə biləsən Allah-taala bu qızı gözəllər içində birinci xəlq eləyib­dir. Qaşları qara, kiprikləri ox, dodaqları qaymaq, yanaqlarına elə bil ki, qan çilənibdir. Siman xeylaq qızın şəkillərinə baxıb qarıya dedi:

– Qarı, de görüm bu kimin şəklidir?

Qarı dedi:

– Bu Xan-xani-Çinin qızı Pərdux xanımın şəklidir. Bu­nun kiçik bacısı da divlər şəhərində əsirdi.

Bunu deyən kimi, qarı yel olub gözdən itdi.

Siman gördü ki, qarı yox oldu. Peşman oldu ki, gərək qarını əldən buraxmayaydım. Amma el deyər ki, “daldan atılan daş topuğa dəyər”. Siman ata minib başladı divlər şəhə­ri­nə getməyə. Az gedib, çox dayandı, çox gedib, az dayandı, gəlib çatdı bir düzəngaha. Gördü ki, burada bir quyu var, ağzında da bir çöl xoruzu oturub. İstədi çöl xoruzunu tuta, bu dəmdə Simanın qulağına bir səs gəldi. Siman tez dala dönüb gördü ki, bir ağacdı, quyudan neçə addım uzaqda. Amma bu ağacın qollarına haça vurulub, qoca yaşlı bir kişi xeylağı otu­rubdu onun ortasında. Siman tez özünü yetirib xəbər aldı ki:

– Burda neynirsən?

Qoca dedi:

– Mənim qardaşım tilsimdədi.

Siman dedi:

– Hansı tilsimdədi? Sənin qardaşın kimdi?

Qoca dedi:

– Bu çöl xoruzunu görürsən? Bu bir qarıdı ki, hər bir heyvanat cildinə girir. Bir gün ceyran cildinə girib, çıxıb qardaşımın qabağına. Qardaşım bu qarını ceyran bilib istəyir ki, tuta, amma qarı qardaşımı salır tilsimə. İndi neçə ildi ki, mənim qardaşım tilsimdədi, mən də avara-sərgərdan gəzirəm. Amma bir abiddən eşitmişəm ki, Siman adında bir pəhləvan olacaq, neçə zalım padşahları öldürüb, bu tilsimləri də qıra­caq. Odur ki, gəlib oturmuşam burada, gözləyirəm Simanın yolunu.

Siman özünü kişiyə tanış verdi, kişi durub ayağa, istədi Simanın ayağından öpə, Siman kişinin adını xəbər aldı bildi ki, Məlikdi.

Dedi:


– İndi ki, mənə pənah gətiribsən, razıyam gəl gedək! Mən gedirəm Xan-xani-Çinin vilayətinə.

Məlik razı olub, qoşuldu Simana, başladılar yol getmə­yə. Siman atın minib, Məlik aldı tərkinə, yol elədi günçıxan tərəfə. Az gedib, çox dayandılar, çox gedib, az dayandılar, axır­da gəlib çatdılar bir şəhərə. Siman atdan düşüb, atın çəkdi karvansaraya, özləri də gedib girdilər aşpazxanaya.

Siman bir qoyun alıb bişirtdi. Məliklə yeyib gecəni qaldılar orada. Səhər Siman durub Məliklə bir at tapdı. Hər ikisi ata minib düşdülər yola. Bəli, belə deyirlər: dərələrdən yel kimi, badeyi-sərsər kimi, əlində tazıyana, baxır o yan bu yana, belində qılıncı, əlində gürzü, ayaq üzəngidə, diz qabır­ğa­da, düz bir il sərasər yol gedib axırda çatdılar bir dağın dö­şünə. Siman gördü ki, qabağına iki yol çıxdı. Yolun sağını qo­yub, üz qoydular soluna. On gün, on gecə yol getdilər. Siman bərk yorulmuşdu, çatıb bir bulaq başına, düşüb atından, at­la­rın sulayıb, əl-üzlərini yudular, oturub çörək yedilər, günü ba­tırıb, gecəni növbə ilə yatıb, səhər tezdən durub, minib atla­rı­na, üz qoydular getməyə. Az gedib, çox dayandılar, çox ge­dib, az dayandılar, gəlib çatdılar bir şəhərə. Siman xəbər aldı:

– Bu kimin şəhəridi?

Məlik dedi:

– Bu şəhər o gördüyün qarının ortancıl oğlunun şəhəri­dir. Adına da Şah Div Firuz deyirlər.

Siman dedi:

– Gərək gedəm görəm Div Firuz necə padşahdı ki, bütün padşahlar ondan qorxur.

Məlik çox dil-ağız elədi ki, gəl getmə; Siman dedi: yox, gərək gedəm. Siman at salıb qabağa, Məlik də onun dalısın­can gəlib çatdılar şəhərin darvazasına. Elə ki, çatdı, Siman elə bir nərə çəkdi ki, yer göy nərəsinin zərbindən lərzəyə gəldi. Bu dəmdə Div Firuz kefdə idi. Simanın nərəsini eşidən kimi Div Firuz diksinib, bir boy atıldı. Tez adam göndərdi ki, gedib görsünlər bayırda bu nə səsdi. Divlər gəlib şəhərdən qırağa, gördülər ki, şəhərin darvazasının qabağında iki atlı dayanıb. Özü də atlıların biri qoca, biri cavandı. Gəlib irəli dedilər ki: kimsiz, nəçisiz? Simanın bu sözdən acığı tutub, yapışıb boyunlarının ardında iki divi elə vurdu kəllə-kəlləyə ki, canları elə orada çıxdı. Div Firuz göndərdiyi admların gəlib çıxmadığını görəndə iki div də göndərdi ki, xəbər gətirsinlər. Siman dayanmışdı, gördü ki, iki dənə də div gəlir. Divlər gəlib çatdılar Simana, Siman bu divləri də cəhənnəmə vasil elədi. Div Firuz bir qədər gözlədi, gördü ki, bu divlərdən də bir xəbər çıxmadı. Axırda özü çıxıb qalaçaya, alıb durbinin əlinə, qaçadan durdu baxmağa. Gördü ki, göndərdiyi divlərin canı yerdədi. Amma darvazanın qabağında bir pəhləvan dayanıb ki, şücaətdə tayı yoxdu. Div Firuz nə ki, divlər vardı, yığıb göndərdi Simanın qabağına. Siman gördü ki, qoşunun qabağı açıldı. Tez bir nərə çəkdi ki, əl atdı on arşın qılıncına, özünü vurdu dəryayi-ləşkərə. Başladı bu divləri taxıl kimi biçməyə. Div Firuza xəbər gətirdilər ki, nə ki qoşunu var Siman qırıb-çatdı. Bu xəbəri Div Firuz eşidən kimi özünü itirdi, uşaq kimi ağlamağa başladı. Bu tərəfdən də Siman Firuzun qoşunlarını qırıb qurtarmışdı. Gördü ki, Div Firuz gəlmir. Div Firuz, istədi girə şəhərə. Xəbər getdi Div Firuza ki, Siman girib şəhərin içinə. Div Firuz dava paltarını getdi, başdan geyinib ayaqdan qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı, gürzü alıb əlinə, çıxdı şəhərdən qırağa. Siman da Firuzu gözləyirdi. Gördü ki, gələn Div Firuz özüdü. Əl atıb qılınca, başladılar davaya. İki gün, iki gecə dava eləyib, elə ki, qılıncdan, gürzdən çıxdılar, başladılar kəmər yapışmağa. Siman yapışırdı Div Firuzun kəmərindən, istəyirdi qaldırıb göyə çırpsın yerə, gücü çatmırdı. Siman gücünü verirdi yerə, Div Firuz əl atırdı Simanın kəmərinə başlayırdı dartmağa. Beləliklə, bunlar düz üç gün vuruşdular. Nəhayət, Siman özünü irəli verib, yapışdı Div Firuzun kəmərindən, sol dizini verdi yerə, sağ əli ilə Div Firuzu qalxızıb göyə, elə vurdu yerə ki, cəmdəyi yetmiş yeddi tikə olub, səpələndi çölün düzünə. Siman durub ayağa, əl-üzünü yuyub Məliki götürüb, özü ilə bərabər girdi qalaçaya. Başladı qalaçadakı otlaqları bir-bir gəzməyə. Gördü ki, iki bağlı otaq var. Açıb otaqların birini, o yana, bu yana baxıb, gördü ki, burada bir qız var, gəl görə­sən... Qız Simanı görən kimi aşiq olub, dedi:

– Heyif cavan səndən, gəlib çıxıbsan buraya. Div Firuz xəbər tutsa səni öldürər. Tez ol qaç burdan!

Siman iki barmağını qatlayıb, üç barmağı ilə qızın ağzı­na iki sillə vurdu, qızın ağzı doldu qanla, dedi:

– Div Firuz çoxdan cəhənnəmə vasil olub, nə səfeh– səfeh danışırsan? De görüm sən kimsən, burda neyləyirsən?

Qız dedi:

– Mən Xan-xani-Çinin kiçik qızıyam. Bir ildi ki, divlər gətirib məni salıblar bura. Atam bilsə ki, sən Div Firuzu öldürübsən məni verər sənə.

Siman yapışıb, qızın qolundan çıxartdı şəhərdən kənara, dedi:

– Azadsan, gedə bilərsən atanın yanına.

Qız dedi:

– Sən dayan burada, mən gedim atama xəbər verim ki, bir pəhləvan gəlib Div Firuz öldürüb, məni azad etdi. Atam sənin qabağına qoşun çıxartsın.

Siman dedi:

– Lazım deyil. Get deyirəm sənə, get!

Qız qulaq asmayıb, tez özünü yetirdi atasının torpağına. Eşit Simandan! Siman üz qoydu Xan-xani-Çinin şəhərinə tərəf getməyə. Gəlib şəhərə çatmışdı, amma bu tərəfdən də şəhərdə bir qəza üz vermişdi. Xan-xani-Çinin darğasını öldür­müşdülər. Xan-xani-Çin də darğanı öldürənləri tutdurub əmr vermişdi ki, dar ağacından assınlar. Darçı dəmbədəm idi ki, həmin adamları tutub çəkə dara, Siman özünü yetirib gördü ki, dar ağacı qurulub. Xəbər aldı camaatdan ki:

– Burda nə olub?

Camaat Simanı başa saldı. Siman düşdü atdan, adamları darçının əlindən alıb azad elədi. Darçı çox atlanıb düşdü. Simanın acığı tutub bunların yerinə darçını çəkdi dara.

Xan-xani-Çin istədi qoşun göndərə, bu vaxt Xan-xani-Çinin kiçik qızı özünü yetirdi. Xan-xani-Çin qızını görən kimi sevindi xəbər aldı ki:

– Səni kim qurtardı?

Qız dedi:

– Odu, Siman adında bir pəhləvan gəlib şəhərdədir. Div Firuzu öldürüb məni azad elədi.

Xan-xani-Çin gördü ki, əgər qoşun göndərsə, Siman qırıb çatacaq. Həm də Div Firuz Xan-xani-Çinə korluq ver­mişdi. Odur ki, bəxatir danışmadı, qoşun göndərməyib, özü durub çıxdı Simanın qabağına.

Siman Məlikdən xəbər aldı ki:

– Bu kimdi?

Məlik dedi:

– Xan-xani-Çindi, gəlir.

Xan-xani-Çin gəlib yetişdi Simanın müqabilinə, dedi:

– İndi ki, qızımı Div Firuzun pəncəsindən qurtarmısan, qızım da sənin, gəl gedək bizə!

Siman Məliki verdi qabağa, Xan-xani-Çinin dalısınca getdilər.

Xan-xani-Çin onları qəbul elədi. Eşit Xan-xani-Çinin kiçik qızından. Xan-xani-Çinin kiçik qızı gedib böyük bacısı ilə görüşdü. Böyük bacı kiçik bacıdan xəbər aldı ki:

– Necə oldu divin əlindən qurtardın?

Kiçik bacı başına gələni danışıb, axırda dedi:

– Məni Siman pəhləvan qurtardı.

Qız o qədər Simanı tərif elədi ki, Xan-xani-Çinin böyük qızı Pəridux xanım görməmiş Simana aşiq oldu. Siman bu qalmaqla bir neçə gün burada qaldı. Eşit Xan-xani-Çindən. Xan-xani-Çin Div Firuzun qorxusundan neçə illər olardı ki, şəhərdən bayıra çıxmırdı. Bir gün vəziri çağırtdırıb dedi ki:

– Vəzir, neçə ildir ki, mən Div Firuzun qorxusundan heç səyahətə çıxmamışam. İstəyirəm ki, Simanı da götürüb, iyirmi günün səyahətinə gedəm, qoşun hazırla!

Vəzir baş əyib Xan-xani-Çindən ayrıldı. Qoşun hazır­ladı. Tədarük görülüb, şeypur çalındı. Xan-xani-Çin Simanə çağırtdırdı, Siman gəldi hüzuruna. Simana dedi:

– At min, mənimlə şikara gedirik.

Siman dedi:

– Qoy səninlə mənim əmim getsin, mən qoşunla getmə­yə adət eləməmişəm.

Xan-xani-Çin razı olub, Məliki alıb yanına, at minib, düşdülər qoşunun qabağına. Təbil vurulub şəhərdən çıxdılar kənara. Siman da atı minib, qoşun da bir az dalda gedirdi.

Qoşun dərə-təpələri keçib, çıxdı bir yola. Xan-xani-Çinin qabağında pəhləvanlar at oynadırdılar, qılınc oynadır­dılar, gürz fırladırdılar, ta gəlib çatdılar bir çayın kənarına. Başladılar çayı başı yuxarı getməyə, ta bir müddət yol gedib çatdılar bir meşənin kənarına. İstədilər ki, meşə ağzında çadır qursunlar. Bu dəmdə qəflətən bir əjdaha Xan-xani-Çinin qa­ba­ğına çıxıb, ağzını mağara kimi açdı; istədi Xan-xani-Çinlə Məliki uda. Xan-xani-Çin haray elədi, qoşunu köməyə çağır­dı. Amma qoşun qorxusundan yaxın durmayıb başladı qaç­mağa. Siman gördü ki, qoşun qaçır, Məlik də bu saat əjdaha yeyəcək. Tez özünü yetirdi əjdahaya. Durub əjdahanın bəra­bərində, çəkib qılıncı ta bayaq əjdahanı iki bölüb cəhənnəmə vasil elədi. Bunu görən Xan-xani-Çin çox sevindi, amma yan yörəsinə diqqət edib, on min qoşundan, bircə Simandan baş­qa, heç bir əsər görmədi. Əmr verdi ki, on min qoşunun gö­zünü çıxartsınlar. Siman bu sözü eşidən kimi, gəlib Xan-xani-Çinin bərabərinə, qoymadı ki, on min qoşun gözsüz qalsın. Bunu eşidən qoşun əhli Simandan çox razı qaldı. Təbil vu­ruldu Simanın adına. Təbil saxlanılıb başladılar çadır qumağa. Çadır qurulub qurtardıqdan sonra o günü səhərdə axşamacan keyf çəkib, gecəni yatdılar. Səhər açıldı. Xan-xani-Çin yuxu­dan oyanıb, Məliklə meşəni bir qədər gəzib-dolandı. Qayıdıb gəlib gördü ki, Siman yoxdu. Xəbər aldı:

– Siman hanı?

Simandan soraq verən olmamışdı. Sənə xəbər verim kim­dən, xəbər verim sənə Simandan. Siman ata minib üz qoy­du şəhərə tərəf.

Siman yolla gəlirdi. Az gedib çox dayandı, çox gedib az dayandı, gedib çatdı bir dərəyə. Bu dəmdə Simanın qabağına bir dovşan çıxdı.

Siman dovşanı görən kimi, atını sürdü dovşanı tuta. Dovşan başladı qaçmağa. Tez əlini atıb kəməndə bir neçə kəmənd atdı, kəməndi boşa çıxdı. Dovşan qabaqda, Siman dalda güllə kimi gedirdilər. Dovşan özünü saldı Xan-xani-Çinin nar bağına. Siman bağın içində başladı atın sürməyə. Nə ki, Xan-xani-Çinin gülləri, çiçəkləri vardı, atın ayağının altında qoyub tələf elədi. Amma dovşan toz olub gözdən itdi. Siman çox axtardı, dovşanı tapa bilmədi, axırda yorulub əl çəkdi dovşandan, gəlib bir böyük çarhovuzun yanında atın açıb, yancidar elədi, qabağına qaysı, kişmiş töküb, çıxdı çarhovuz üstünə. Əl-üzünü yuyub bir qədər sərinləşib, qalxa­nını yastıq eləyib qoydu başının altına, uzanıb yatmaqda ol­sun, xəbər verim sənə kimdən, xəbər verim sənə Xan-xani-Çinin böyük qızı Pəridux xanımdan.

Pəridux xanımı çox padşahlar istəyirdi. Amma Xan-xani-Çin Pəridux xanımı verməyirdi. Pəridux xanım öz kiçik bacısından Simanın bir neçə nişanələrini öyrənmişdi. Görmə­miş Simana aşiq olub, hər gün intizarla onun sorağında gə­zirdi. Pəridux xanım evdən bayıra çıxıb, özünü yetirdi nar bağına. Gəzirdi, gördü ki, bağın içində at ləpiri var. Atın ləpirinin izini tutub, birbaşa gəlib çıxdı çarhovuzun qırağına, gördü ki, burada bir oğlan yatıb ki, şücaətdə, gözəllikdə, qəd­di qamətdə tayı heç bir yerdə yoxdur. Tez kiçik bacısının de­di­yi nişanələri gözünün qabağına gətirib, öz-özünə dedi: olsa-olsa Siman bu olacaq. Pəridux xanım təzədən aşiq olub, mə­həbbəti ürəyində neçə qat artdı. Oturub Simanın başı üstündə, əl atdı qalxanını götürdü, dizini yastıq eyləyb qoydu başının altına, başladı üzünü yelləməyə. Siman yatmışdı, gördü ki, başı çox yumşaq yerdədir, üzünə də elə sərin ətirli yel dəyir ki, elə bil behiştdədi. Açıb gözlərini gördü ki, başı üstə bir qız var ki, Misiri, Rumu axtarsan, belə gözəl qız tapmazsan.

Siman qızdan xəbər aldı ki:

– Kimsən?

Pəridux xanım dedi:

– Xan-xani-Çinin qızı Pəridux xanımam. Sən kimsən? Siman özünü tanış verdi, sonra əlini atıb qoltuq cibinə, şəkli götürüb bir şəklə baxdı, bir qıza, gördü ki, qarı deyən qızdır. Oturub başladılar söhbətə. Pəriduxun ürəyində o qədər Sima­nın məhəbbəti vardı ki, istədi iki busə verə Simana. Siman busələri almadı. Axırda Pəridux başladı ağlamağa. Siman gör­dü ki, Pəriduxun gözləri yaşla dolub, yaş damlası al yanağının üstündə almaz kimi parlayır. Siman özünü saxlaya bilməyib, başladı Pəriduxa ürək verməyə, sonra da ondan iki busə aldı. Hər ikisi əl-ələ, qol-qola verib, çarhovuzun üstündən düşüb gəldilər nar ağacının altına. Uzanıb yatmaqda olsunlar, eşit Xan-xani-Çindən.

Xan-xani-Çin Simandan çox nigaran qalıb, əmr verdi ki, çadırlar yığılsın, qatırlar yüklənsin. Gedib qoşun əhli çadırları yığıb yüklədilər qatırlara, Xan-xani-Çinlə Məlik düşdü qaba­ğa, atların başını qaytarıb birbaş gəlib çıxdılar nar bağına. Xan-xani-Çin çox yorulmuşdu, öz-özlüyündə dedi ki, gedib bir az nar bağında meyvə yeyim. Qoşunları bayırda saxlayıb Xan-xani-Çin bir az meyvə yeyib, baxıb gördü ki, bağda at ləpirləri var. Tutub at ləpirini çıxdı birbaş həmin nar ağacının altına. Gördü ki, qızı Pəriduxla Siman qucaqlaşıb yatıblar. Xan-xani-Çinin ovqatı təlx olub, tez qayıtdı dala. Əmr verdi ki, qoşun getsin şəhərə. Qoşun yola düşdü, özü də atı minib gəlib çıxdı taxtına, vəziri çağırtdırdı. Vəzir gəldi, baş əyib Xan-xani-Çinə, dayandı əmrində. Xan-xani-Çin dedi:

– Vəzir, bundan qabaq qorxum Div Firuzdandı. Siman pəhləvan güc göstərib Div Firuzu öldürdü. Amma indi qor­xum Siman pəhləvandandı.

Vəzir xəbər aldı:

– Nə olub? Niyə ovqatın belə təlxdi? Niyə belə qorxur­san?

Xan-xani-Çin nar bağının hekayətini vəzirə danışdı. Amma vəzirin dilindən bir kağız aldı ki, bu sirri heç kəsə deməsin. Vəzirdən məsləhət istədi. Vəzir belə bir məsləhət gördü ki, qonaqlıq çağırıb, həmin qonaqlığa Simanı da çağır­sınlar. Şərab məclisi qurulub, şərab içində bihuşdarı verib Simanı bihuş edəndən sonra, öldürsünlər. Xan-xani-Çin vəzi­rin bu hiyləsindın razı olub dedi:

– Əgər bu iş baş tutsa, qızım Pəriduxu sənin kiçik oğ­luna verəcəyəm.

Xan-xani-Çin ertəsi gün qonaqlıq çağırtdırıb, günortaya xörək bişirtdirib, Simanı da həmin məclisə qonaq çağırdı. Məclis başlamışdı keyfə, şərabın içinə bihuşdarı töküb içirt­dilər Simana. Siman bihuş olub bir yana yıxıldı.

Vəzir Simanın əl-qolunu bağlayıb, atdı otağın birinə ki, səhər tezdən öldürüb meyidini atsınlar çaya. O biri tərəfdən Simanın əmiliyi Məlikin əl-qolunu bağlayıb atdılar çaya.

Siman da o biri otaqda qalmışdı. Bihuş idi, özündə xə­bəri yox idi.

Eşit Simurqdan! Simurq Firuzun qorxusundan bu tərəf­lərə gələ biməzdi. Eşitmişdi ki, Div Firuzu Siman öldürübdü, özü də dardadı. Qanad çalıb özünü yetirdi Xan-xani-Çinin torpağına. Gəzib Simanı tapdı, gördü ki, qabağında böyük bir pəncərə var. Vurub qanadı ilə şüşəni sındırıb, saldı özünü içəri, gördü ki, Siman bihuş yıxılıb evin küncünə. Tez Simurq dava-dərman eləyib, Simanı ayıltdı. Siman haçandan-haçana özünə gəlib, gördü ki, Simurq başının üstündə dayanıb. Durub öpdü Simurqun qanadından, xəbər Simurq aldı.

– Nə olub, niyə gəlmisən? Simurq dil açıb Simanı başa saldı, mindirib dalına aparıb qoydu nar bağına.

Dedi:


– Siman, al bu tükü, darlığa düşsən bu tükləri bir birinə çəkərsən, mən harda olsam gəlib harayına çataram. Amma qorxma, sənə qorxu yoxdu.

Siman Pəriduxu tapıb haman saat başladılar keyfə. Xə­bər getdi Xan-xani-Çinə ki, bəs Siman ayılıb qaçıb, özü də nar bağında qızın Pəridux xanımla eyş-işrətdədi. Xan-xani-Çin bu işdən çox qəzəblənib, bir tərəfdən də qorxuya düşüb vəziri çağırtdırdı. Vəzir Xan-xani-Çinin yanına gəldi, ədəb salamını yerinə yetirib, dedi:

– Əmrin nədi?

Xan-xani-Çin dedi:

– Vəzir, tədbir! Yoxsa qız əldən çıxar, özüm də padşah­ların yanında xəcil olaram.

Vəzir xəbər aldı ki:

– Nə olub?

– Simana bihuşdarı əsər eləməyib. Gecə vaxtı, ayılıb, özünü salıb nar bağına. Pəriduxu tapıb, onunla kefdədi. Vəzir, tədbir tök!

– Ocıbınıx padşahı yer üzündə çox möhkəm padşahdı. Özü də sənin qızını istəyir. Gəl Simanı göndər onunla davaya. Siman Ocıbınıx padşahın torpağından sağ-salamat gəlib çıxa bilməz. Yəqin ki, Ocıbınıx padşah onu öldürəcək. Xan-xani-Çin vəzirin bu məsləhətinə afərin deyib, adam göndərdi ki, Simanı çağırtdırsınlar.

Adam gəlib nar bağında Simana xəbər verdi ki, Xan-xani-Çin səni çağırır.

Siman bunu eşidib, Pəridux xanımdan ayrılıb, durub gəldi Xan-xani-Çinin hüzuruna.

Xan-xani-Çin dedi:

– Siman, Ocıbınıx padşah mənim qızım Pəridux xanımı istəyir, əgər qızımı verməsəm, biznən dava edəcək. Bilmirəm qızı verim, ya dava edim.

Siman gördü ki, Pəridux xanım əldən çıxacaq, razı olub dedi:

– Qoşun ver mənə!

Qoşun alıb Xan-xani-Çindən, üz qoydu Ocıbınıx padşa­hın torpaqlarına. Siman gəmi ilə gedirdi, amma vəzir quru ilə özünü yetirdi Ocıbınıx padşahının yanına dedi:

– Siman adlı bir pəhləvan peyda olub, Xan-xani-Çindən Pəridux xanımı istəyir. Xan-xani-Çin də verməyib belə cavab verdi ki, guya qızı Ocıbınıx padşahına adaxlıdı. Odur ki, Siman səninlə davaya gəlir, hazır ol!

Ocıbınıx padşahı şəhərin qırağına qoşun qoyub, özü də qalaçadan durbinlə baxırdı, bir də gördü ki, bir gəmi sahilə yanaşdı, gəmidən Siman öz qoşunu ilə düşüb, Siman üz qoy­du şəhərə. Ocıbınıx dava şeypurunu çaldırıb, Simana aman verməyib qoşun göndərdi qabağına. Siman gördü ki, qoşunun ardı kəsilməyir. Hər tərəfdən onu alıblar dövrəyə. Qılıncını çəkib bir nərə çəkdi ki, dağ-daş titrəməyə başladı. Ocıbınığın qoşunu qorxudan meydanı qoyub qaçdı. Siman qılıncı çəkib başladı davaya. Vurub özünü dəryayi-ləşkərə, bu tərəfdən girib qıra-qıra o tərəfdən çıxdı.

Ocıbınığa xəbər getdi: evini Allah yıxsın, diş qurdala­mağa bir dənə adamın qalmayıb, belə pəhləvandı ki, qabağın­da qoşun davam eyləyə bilmir. Ocıbınığın qoca pəhləvanı vardı, tez hə­min pəhləvanı çağırtdırıb, göndərdi Simanın mü­qabilinə. Siman pəhləvanla başladı qılınc davasına, bir neçə gün qılınc çalıb gördülər ki, qılıncdan heç bir şey çıxmadı, əl atdılar gürzə, baş­ladılar gürz davasına. Ocıbınıx da qalaçadan durbinlə baxırdı. Siman gürzü atıb yerə, əl atdı qoca pəhləva­nın kəmərinə. Başladılar kəmər yapışmağa. Siman nərə çəkib dizin vurdu yerə, yapışdı pəhləvanın kəmərindən, başladı xış kimi yerlə sürüməyə. Pəhləvan yapışdı Simanın kəmərindən istədi yerindən tərpətsin, gücü çatmadı. Hər iki pəhləvan yorulub dayandılar.

Siman yorğunluğunu alandan sonra, başladılar əl-ələ ve­rib meydanı gəzməyə. Siman bir nərə çəkdi ki, qoca pəhləvan yetmiş yeddi parça olub, səpələndi yerə. Ocıbınıx bunu görüb kürkünə birə düşdü. Siman tez minib atına, üz qoydu Ocıbı­nığın yanına. Gördü ki, Ocıbınıx elə bir hündür adamdı ki, Siman onun heç yarısıycan yoxdu. Başladılar Ocıbınıxla qı­lınc davasına. Siman peydər-pey üç qılınc endirdi Ocıbınığa. Axırıncı qılıncını da var gücünü yığıb elə zərb ilə vurdu ki, Ocıbınıx cəhənnəmə vasil oldu. Siman Ocıbınığın başını kəsib qoydu xurcuna, girib şəhərə, Xan-xani-Çinin vəzirini burada gördü. Tutub vəziri, başını sərçə başı kimi üzüb qoydu xurcuna, götürüb düşdü yola.

Siman özünü yetirdi Xan-xani-Çinin yanına. Vəzirlə Ocıbınığın başını atdı Xan-xani-Çinin qabağına. Xan-xani-Çinin gözləri çıxdı kəlləsinə. Qorxudan danışmayıb, vəzirlə Ocıbınığın başını gizlicə tullatdırıb, Simana bir otaq verdi ki, orada rahat olsun. Xəbəri sənə kimdən verim, xəbəri sənə verim Xan-xani-Çinin qızı Pəridux xanımdan.

Pəridux çox gözlədi, gördü ki, Siman gəlib çıxmadı, tez öz paltarını dəyişib bir dəst pəhləvan paltarı geyib, çıxdı bayıra ki, Simanı tapıb gətirə. Eşit Simandan, Siman dincəlib çıxmışdı çölə, Xan-xani-Çin də xəbər vermişdi ki, kim Simanın başını kəsib gətirsə ona bir qatır yükü qızıl verəcək. Siman atla gedirdi, gördü ki, qabaqda bir pəhləvan dayanıb. At sürüb tez gəlib çatdı pəhləvana. Pəridux xanım da Simanı görən kimi tanıyıb, qılıncını sıyırdı, uzaqdan bir nərə çəkib şığıdı Simanın üstünə. Hər iki pəhləvan əl atdılar qılınca. Elə ki, qılınclar göydə par-par parıldayırdı, atların nalından od çıxırdı, Qılınc davası kara gəlmədi, əl atdılar kəmərə. Üç gün, üç gecə qurşaq yapışıb, üç günü tamam elədilər. Səhər tezdən Siman yenə durub meydanı gəzdi. Qollarına elə bil qüvvət gəldi ki, əl atsaydı Qaf dağına, Qaf dağını yerindən tərpədərdi. Əl atıb Pəridux xanımın kə­mərinə, qaldırıb göyə, istədi vura yerə, Pəridux xanım dedi:

– Siman amanın günüdü, əl saxla!

Bu səs Simana tanış gəldi. Siman Pəridux xanımı yavaş­ca yerə qoydu. Pəridux xanım üzündən niqabı götürəndə, saçları töküldü topuğuna.

Siman gördü ki, onunla üç gün, üç gecə dava edən Pəri­dux xanımdı, dedi:

– Bu nə işdi?

Pəridux xanım əhvalatdan Simanı xəbərdar elədi, təzə­dən hər ikisi qucaqlaşıb, öpüşdülər.

Pəridux xanımla Siman at minib, hər ikisi üz qoydular gəlməyə.

Az gəlib çox dayandılar, çox gəlib az dayandılar, gəlib çatdılar bir qalaçaya. Siman çox yorulmuşdu. Qalaçaya girib gördülər ki, burada hər şey var, ipək yorğanından tutmuş dü­yüyə kimi.

Siman dedi:

– Pəridux xanım, gözləmək vaxtı deyil. Mən yorulmu­şam, bir az yatım, sən dur xörək bişir!

Hər ikisi əl-üzlərini yudular. Siman uzandı ki, dincəlsin, Pəridux xanım xörək bişirməyə başladı. Bunlar burada qalsın­lar, xəbəri kimdən verim, Dəşküvar padşahdan. Şah Dəşküvar Simanı çox gözlədi, gördü ki, Siman gəlib çıxmadı. Vəzirin qızını da Adamzaddan alıb, şəhərdən qovdu. Adamzad şəhər­dən çıxıb, başladı Simanı axtarmağa. Neçə gün, neçə gecə yol gəlib, axırda çatdı uca bir qalaçaya. Gördü ki, bu qalaçadan tüstü çıxır. Girdi içəri, gördü ki, Siman burdadı.

Siman gördü ki, gələn div Adamzaddı. Tez çağırıb içəri xəbər aldı:

– Niyə gəlmisən?

Div Adamzad dedi:

– Şah Dəşküvar məni qovub. Adaxlımı da əlimdən alıb.

Siman dedi:

– Qorxma, bir neçə gündən sonra, öz adaxlını sənə ye­tirərəm. Amma yaxşı oldu ki, sən gəlib özünü mənə yetirdin. İndi bir az qarovul çək, mən da bir neçə gecədi ki, yatma­mışam, bir az yatım.

Qərəz, Pəridux xanım xörəyi hazır elədi, hər üçü oturub xörəklərini yedilər. Div Adamzad qarovul çəkdi. Simanla Pəridux xanım qol-boyun olub yatdılar.

Eşit Xan-xani-Çindən. Xan-xani-Çin gördü ki, arxasız qalıb, çarəsi kəsilib istədi ki, Pəridux xanımı verə öz qardaşı oğluna. Bu tərəfdən də xəbər gəlib çatdı ki, Siman Pəridux xanımı götürüb qaçıb. Xan-xani-Çin qəzəblənib bir kağız yaz­dı qardaşı oğluna ki, adaxlını Siman götürüb qaçıb, gəl kömə­yə! Xan-xani-Çinin öz oğluna güclü qoşun verib göndər­di. Xan-xani-Çini də öz qoşununu qatıb qardaşının qoşununa, göndərdi Simanın dalısınca.

Bunlar qalaçaya tərəf gəlməkdə olsun, div Adamzad ba­xırdı. Gördü ki, böyük bir qoşun dəstəsi peyda oldu. Div Adam­zad tez gəlib Simana xəbər verdi ki, düşmən qoşunu gəlir. Siman durub gördü ki, Xan-xani-Çinin qoşunudu. Pəri­duxa xəbər elədi. Başladı geyinməyə, yetmiş yeddi yerdən üst-başın bərkidib geyindi, qılıncın belinə bağladı. Qalxanını əlinə aldı, bir vaxt gördü ki, Pəridux xanım Simandan qabaq geyinib hazır oldu. Hər iki pəhləvan çıxıb qoşunun qabağına, pəhləvan nərə çəkib, özlərini vurdular davayi-ləşkərə. Qır­haqır... başladılar qırmağa.

Qan su yerinə axmağa başladı. Cəmdək cəmdəyə söy­kəndi, dağ əmələ gəldi. Qoşun davam gətirə bilmədi. Qoşu­nun qaçanı qaçdı, qaçmayanı tələf oldu. Pəridux Simandan qabaq öz əmisi oğlunu öldürdü, üz qoydular Xan-xani-Çinin torpağına.

Siman gəlib çatdı Xan-xani-Çinə. Çəkib qılıncını Xan-xani-Çini öldürüb cəhənnəmə vasil etdi. Alt-alt, üst-üst qoyub düzəldilər Şah Dəşküvarın torpağına. Az gedib çox dayan­dı­lar, çox gedib az dayandılar, gəlib çatdılar bir çöllü-bərri-bi­ya­bana. Siman bərk yorulmuşdu. Div Adamzadı göndərdi su­ya. Amma eşit ceyran cildinə girən qarıdan. Qarı Simanın so­rağında idi ki, tutub salsın tilsimə. Eşitdi ki, gəlir, hər tərəfdən suları qurudub, tilsimdən bir ovdan düzəltdi. Siman gördü ki, div Adamzad gedib gəlmədi. Bir o yana Adamzad, bir bu yana baxıb gördü ki, lap yanlarında bir ovdan var. Pəridux xanıma dedi:

Sən burada dayan, mən gedim ovdandan su götürüm.

Siman durub getdi ovdana ki, su götürə, düşüb qaldı til­simdə. Pəridux xanım gözətdədi, Siman gəlib çıxmadı. Bu tə­rəfdən də Adamzad gəlib çıxdı, xəbər aldı:

– Niyə ağlayırsan?

Pəridux dedi:

– Siman girdi bu ovdana çıxmadı.

Div Adamzad baxıb ovdana gördü ki, tilsimdi. Yaxın getmədi. Pəridux xanıma dedi:

– Siman düşüb tilsimə. Gəl, mən səni götürüm aparım Şah Dəşküvarın torpağına. Sən orada qal, mən də Simurqu tapım.

Pəridux razı oldu. Div Adamzad Pəriduxu mindirib dalı­na, qaldırdı göyə, apardı Şah Dəşküvarın torpağına. Şəhərin bir ağaclığında bir qalaça vardı, div Adamzad buranı silib, sü­pürüb, Pəridux xanımı qoydu orada, özü də getdi Şah Dəşkü­va­rın imarətinə. Xalçadan, ipək yorğan-döşəkdən oğurlayıb, götürüb gəldi. Pəridux xanımın yerini düzəldib, yeməyini qo­yub, qapıları bağlayıb, birbaş getdi Simurqun dalınca, gəzib Si­murqu tapıb, dedi:

– Siman tilsimdədi, nə durmusan?

Simurq dedi:

– Min dalıma!

Div Adamzadı Simurq mindirdi dalına, götürüb gəldi cinlər şəhərinə. Düşüb yerə dedi:

– Gedərsən o qalaçaya. Cinlər padşahının taxtının altın­da bir sandıq var, o sandığı götürüb gələrsən bura.

Div Adamzad Simurqa baş əyib özünü yetirdi cinlər tax­tına. Taxtı sökub sandığı götürüb gəldi. Simurq sandığı açıb, qılıncı götürüb, gəldi birbaş ovdanın ağzına. İki ağız Siman çağırıb, üçüncü ağızda qalxdı göyə. Qılıncı tutub dedi:

– Siman, əgər qılıncı göydə tuta bildin, tutubsan, elə ki, tut­dun qabağını, nə gəldi qır! Ta ki, tilsim qırılıb qurtardı su­sayacaqsan, məbadə su içəsən.

Bunu deyib qılıncı atdı. Siman qılıncı göydə tutdu, baş­la­dı tilsimləri qırmağa. Birinci qapıda içəri girib gördü ki, bura elə meşədi ki, içəri girmək mümkün deyil. Çəkib qılıncı qırıb, gördü ki, oldu çöllü-bərri-biyaban. Amma qabağına bir qapı çıxdı. Çə­kib qılıncını, qapının qıfılına elə bir qılınc vur­du ki, qapı iki bö­lünüb, laybalay açıldı. Siman içəri girib gör­dü bir bağdı ki, Xan-xani-Çinin bağı bunun yanında heç nədi. Siman bir neçə qədəm irəli gedəndə, qabağına bir arvad çıxdı, “oğlum” – deyib istədi Simanı qucaqlaya. Siman tez qılıncı siyirib, istədi endirə arvadın təpəsindən, arvad toz olub göz­dən itdi. Simurqun səsi gəldi:

– Siman, irəli get! Qabağına bir qapı çıxar. Qapıya iki qılınc çək! Elə ki, açıldı, qabağına on iki əncir ağacı çıxacaq. Əncir ağacının birini vurub, o birilərinin altından elə keç ki, yarpaqlar sənə dəyməsin. Elə ki, çıxdın ağacı qılıncla vur, tilsim qırılsın.

Siman bu sözləri yadında saxladı. Gəlib qapının bərabə­rinə, çəkdi qılıncı qapıya, qapı laybalay açıldı, gördü o qədər əncir ağacı var ki, saysız hesabsız. Çəkib qılıncı, ağacın birini vurub yıxdı. Ağac yıxılan kimi, toz olub qalxdı havaya. Keçib əncir ağaclarının altından, axırıncı ağaca elə bir qılınc vurdu ki, ağac yerindən oynadı. Göy, yer titrədi. Amma eşit qarıdan, qarı çəkilmişdi tənurə. Görüb Simanı dedi:

– Ey anası matəmində oturan, gör sənə neyləyəcəyəm.

Siman qulaq asmadı, başladı yol getməyə. Siman getmə­yində olsun eşit qarıdan. Qarı bir uzun ilan olub, qaralıb uzan­dı yolda, Siman yola baxıb gördü yolda bir gürzə ilan var. Siman çəkib qılıncı başladı ilanı doğramağa, çatıb başına, is­tədi əzə, qarı tez yuva tapıb girdi, gözdən itdi. Siman başladı get­məyə, qarı bir siçan olub istədi dolaşa Simanın ayağına. Siman çəkdi qılıncı, atdı, qılınc dəydi siçanın quyruğuna, si­çan qaçdı. Qarı bu dəfə bütün suları qurudub, əlinə bir cam alıb durdu yolun ağzında. Simana bərk susuzluq üz verib, ələ­təş olmuşdu. Gəlib çatdı bir bulağa. Gördü ki, bulaqda su yox­du. Qarı da bir tərəfdən gəlib dedi:

– Ey oğlan, görürəm bərk susuzsan, al iç!

Siman çəkib qılıncı, qatdı qarını qabağına. Ha orda, ha burda qarını tuta bilmədi, axırda kəmənd atdı, kəmənd düşdü qarının boynuna. Siman kəməndi dartıb, endirdi qılıncı qarı­nın təpəsindən, onu cəhənnəmə vasil elədi. Siman qarını cə­hən­nəmə vasil eləyəndən sonra gördü ki, bulaqların gözü açıl­dı. Tez verib özünü bulaq başına, əlin-üzün yudu. Neçə vaxt idi ki, gözünə yuxu getmirdi, uzanıb dincini almaqda olsun, eşit Simurqdan. Simurq göydən gördü ki, Siman bulaq başın­da yatıb. Tez endi aşağı, qanadın saldı Simanın üstünə, başla­dı qarovulunu çəkməyə.

Siman bu yatmaqla iki gün yatdı, ayılıb gördü ki, Si­murq başının üstündə dayanıb. Tez durub Simurqun qanadın­dan öpdü.

Simurq dedi:

– Siman, Pəridux xanım yolunu gözləyir. Min dalıma, aparım səni.

Siman mindi Simurqun dalına, Simurq qalxıb göyə, Si­ma­nı götürüb çıxartdı çobanın yanına. Siman anası ilə görü­şürdü. Simurq dedi:

– Siman, bu sənin doğma anandı. Sənin atan da Dəşkü­varın bağbanıdır ki rəhmətə getdi.

Simurq necə vardı, hamısını danışdı Simana. Siman Si­murqun qanadından öpüb öz atını istədi. Simurq atın tükünü çəkdi bir-birinə, o saat Simanın atı gəlib hazır oldu.

Siman paltarını geyinməyə başladı, yetmiş yeddi qələm ziynət verib özünə, mindi ağ atın belinə, başladı sürməyə. Siman üz qoydu Şah Dəşküvarın şəhərinə tərəf.

Eşit Şah Dəşküvardan. Şah Dəşküvar rəml atırdı, rəm­linə çıxdı ki, Siman çox bərk darlıqdadı. Bu tərəfdən də şah Pəridux xanımı almaq istəyirdi. Div Adamzad da kəsib qala­çanın qapısını, gecə-gündüz qarovulda idi.

Siman da bu tərəfdən özünü yetirdi şəhərə. Div Adam­zad Simanı görən kimi, tez gedib Pəridux xanıma muşduluğa, gözaydılığı verdi, özü də çıxdı Simanın qabağına. Pəridux neçə vaxtdı qara geyinib oturmuşdu, gördü ki, Siman gəlir, qaranı soyunub tez gəlin paltarını geyib, özünə ziynət verib, çıxdı Simanın qabağına. İki aşiq görüşüb, öpüşdülər. Pəridux istədi çəkə Simanı mənzilinə, Siman dedi:

– Şah Dəşküvarla işim var.

Div Adamzadı Pəridux xanımın yanında qoyub, girdi şəhərə.

Bir ucdan Şah Dəşküvarın adamlarını qırıb çatdı. Çatıb və­zirə, vəziri cəhənnəmə vasil elədi, özünü yetirdi Şah Dəşküvara.

Şah Dəşküvar gördü ki, Siman gəlir, deşik axtardı girə. Si­man aman verməyib, Şah Dəşküvarı öldürüb, malın ca­maa­ta paylayıb, şəhərdən çıxdı. Gəlib özünü yetirdi Pəridux xanı­ma. Div Adamzadın adaxlısını özünə verib, yol elədilər ana­sının yanına.

Ev tikdirib imarət saldırdılar, yeddi gün, yeddi gecə toy vurub, murad hasil elədilər.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə