Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə9/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   ...   6   7   8   9   10   11   12   13   14

Süleymanın nağılı
Biri var idi, biri yox idi. Keçmiş zamanlarda yoxsul bir qoca kişi varmış. Bu kişinin gözünün ağı-qarası bir oğlu var imiş. Bu oğlanın adı Süleyman idi. Süleyman on beş-iyirmi yaşına çatanda ata-anası onu öyləndirmək istəyir. Ancaq oğlu razı olmur. Axırda bir təhər Süleymanı razı saldılar. Ancaq Süley­man ata-anasına dedi:

– Mənə elə bir qız alın ki, namuslu və təmiz olsun.

Ata və anası neçə qızın adın dedilər, amma Süleyman razı olmadı ki, olmadı. Axırda Süleyman ata-anasına dedi:

– Siz mənə bir qız gətirin, özüm saxlayım.

Süleymanın anası gedib bələkdə bir qız uşağı gətirib oğluna verdi. Oğlan qızı alıb ata-anasına dedi:

– Mən qızı götürüb başqa diyara gedirəm.

Ata-anası nə qədər elədilər Süleymanı saxlaya bilmə­di­lər. Süleyman qızı götürüb yol aldı getməyə.

Süleyman çox getdi və gəlib qalın bir meşəyə çatdı. O oranı, buranı gəzib bir mağara tapdı və başladı bu mağarada olmağa. Süleyman başladı qıza qulluq etməyə. Qız on beş ya­şına çatanda bir elə gözəl qız oldu ki, aya deyərdi, sən çıxma, mən çıxım.

Süleyman gündə gedib ov gətirərmiş, qız bişirib yeyər­mişlər və belə dolanarmışlar. Bir gün qız çayda paltar yuduğu zaman üzüyü barmağından çıxıb çaya düşdü. Qız nə qədər elədi, üzüyü tapa bilmədi. Bunlar burda qalsın, sizə hardan deyim, üzükdən.

Üzük çay ilə gəlib dəryaya çıxdı. Bu zaman padşahın ba­lıqçıları tor ilə balıq tuturmuşlar. Həmin üzük balıqçıların bi­rinin toruna düşür. Balıqçı üzüyü gətirib padşahın oğluna verdi. Padşahın oğlu üzüyü alıb özündə saxladı. O, bir iman­sız qarı çağırıb həmin üzüyü ona göstərib dedi:

– Gərək bu üzüyün sahibini tapıb gətirəsən.

İmansız qarı çox gəzib axırı istədiyini tapır. Gəlib pad­şahın oğluna deyir. Padşahın oğlu əmr edir ki, gedib həmin qı­zı gətirsin. Qarı gəlib küpəsinə girib göyə qalxır və gəlib hə­min meşəyə düşür. Qarı küpəni gizlədib Süleymanın yaşadığı ma­ğaraya gəlir. Qarı mağaraya girəndə çox təəccüblənib dedi:

– Ay qarı nənə, sən buralarda nə edirsən?

Qarı gözü gör yaşı töküb dedi:

– Burdan karvan gəlib keçəndə məni burda qoyub get­dilər. İndi gəzə-gəzə gəlib buraya çıxmışam, qoy buralarda sənə kömək edim.

Qız razı olub qarını qovlamır. Süleyman gəlib qızdan xə­bər alır:

– Bu qarı kimdi, bura necə gəlib çıxıb?

Qız qarının başına gələni Süleymana deyir. Qız Süley­mana yalvarır ki, qoy buralarda qalsın, bizə kömək etsin. Süleyman əvvəlcə razı olmur, amma qızın yalvardığını görüb razı olur. O gündən qarı başlayır burda qalmağa.

Bir gün qarı qızı çimizdirəndə başlayır yağlı dilini işə salmağa. Qarı padşahın oğlunu o qədər tərifləyir ki, axırı qız görməz-bilməz oğlana vurulur.

Vaxt o vaxt olur ki, Süleymanın iki uşağı olur, biri oğlan biri qız. Qarı buraya gələndə padşahın oğluna tapşırmışdı ki, qırx gündən sonra həmin yerə gələrsən.

Qırx gün ötüb, qırx birinci günü padşah oğlu atasından icazə alır və həmin yerə yola düşür. O, bir neçə gündən sonra həmin yerə gəlib çıxır.

Padşahın oğlu o qədər gözləyir ki, Süleyman ova gedən­dən sonra gizləndiyi yerdən çıxıb mağaraya girir. Qız oğlanı gö­rəndə qorxuya düşür, ancaq qarı oğlanı qıza tanış verir. O gün­dən qız başlayır öz oynaşı ilə oynamağa. Süleyman baxıb gö­rür ki, qız buna günü-gündən pis baxır. Bir gün Süleyman öz-özü ilə fikirləşir, gərək pusub bunu biləm. O, səhərisi qarıya deyir:

– Ay qarı, nənə, mənə yeddi günlük çörək bişir, uzaq səfərə çıxacam.

Qarı sevinmiş yeddi günlük çörək bişirib bir xurcuna qablayıb ağzını bağladı. Süleyman xurcunu çiyninə alıb bir xeyli gedib gizlənir. O, xurcunu bir yerdə gizlədib mağaranın yanındakı ağaca çıxıb bacadan başladı içəri baxmağa. Birdən gördü ki, qız gedib şkafı açdı və ordan bir oğlan çıxıb qızı qucaqlayıb öpməyə başladı. Qız bir xeyli oynaşı ilə oynayıb yoruldular. Bu zaman qarı xörək gətirib stola düzdü. Oğlan, qız, qarı başladılar nahar etməyə.

Nahardan sonra Süleyman ağacdan düşüb evə girdi. Qarı ayaq səsi eşidib oğlanı yenə şkafda gizlətdi. Süleyman içəri girib stolda oturdu, qarıya dedi:

– Dörd qaba xörək çək gətir buraya.

Qarı dedi:

– Ay bala, biz üçük, nə edəcəksən birini?

Süleyman qarıya acıqlanıb dedi:

– Sənə deyirəm çək!

Qarı dörd qab xörək çəkib gətirib stolun üstünə qoydu. Süleyman gedib şkafı açıb oğlanı gətirib qızla bir otuzdurdu və başladı çörəyini yeməyə. Ancaq nə qarı, nə oğlan, nə qız tərpənmirdilər, üçü də düm ağ ağarmışdılar. Süleyman öz xö­rə­yini yedikdən sonra qılıncını sürüyüb qarı ilə oğlanı öldür­dü. Ancaq qıza bir şey etmədi.

Bunlar burda qalsın, sizə kimdən deyim padşahın özün­dən. Padşah o qədər gözlədi ki, oğlan gəlib çıxmadı. Axırda qırx atlı ilə gəlib həmin mağaranın ətrafında gizləndilər. Sü­leyman ova gedəndə padşah mağaraya girib qızla söhbətə baş­ladı. Padşah qıza dedi:

– Nə təhər edirsən et, oğlanın əl-qolunu bağla!

Padşah öz yerinə qayıdıb atlılara tapşırdı ki, möhkəm dursunlar. Süleyman evə qayıdanda qız qabağına çörək gətirib qoydu. Süleyman çörəyini yeyəndən sonra qız gəlib onun yanında oturdu. Qız başladı xəbər almağa:

– Sənin qüvvən yeddi qat çatıyı qırarmı?

Süleyman ayağa durub qollarını yanına gətirib qıza dedi:

– Al bağla görüm!

Qız elə bunu istəyirdi. Tez çatını gətirib yeddi qatla əlini bağladı. Qız Süleymana dedi:

– Süleyman, İran padşahı öz qoşunu ilə gəldi.

Süleyman qoluna güc verib yeddi qat çatıyı qırıq-qırıq elədi.

Qız dedi:

– İndi qoy, zəncirlə bağlayım.

Tez zənciri gətirib Süleymanın qollarına beş-altı qat elə­yib bağladı. Qız yenə qışqırıb dedi:

– Süleyman, İran padşahı öz qoşunu ilə gəldi.

Süleyman yenə qollarına güc verib zənciri qırdı. Qız gör­dü ki, Süleyman hamısını qırır. Axırda at qılından hörül­müş çatını gətirib on qan eləyib Süleymanın qollarını bağladı. Sü­ley­man nə qədər güc verib qıra bilmədi. Qıza elə bu lazım idi, tez padşahı çağırdı. Padşah öz qırx atlısı ilə mağaraya doldular. Süleyman gördü ki, qız yenə buna xain çıxıb. O, nə qədər güc verib çatıyı qıra bilmədi. Çatı Süleymanın qollarını yarıb sü­müyə dayandı. Şahın adamları Süleymanı döyüb qapı­ya qur­şaqdan aşağı basdırdılar. Padşah başladı qızla kef çəkməyə.

Bir gün padşahla qız başqa yerə getdilər, evdə heç kəs qalmadı. Qız öz balaca qızını evə göndərib dedi:

– Bax, atan nə istəsə vermə!

Balaca qız evə gələndə atası qızı çağırdı. Qız atasına baxmayıb getdi. Bir xeyli keçəndən sonra qız balaca oğlunu göndərib tapşırdı:

– Bax, atan nə istəsə vermə!

Oğlan “yaxşı” deyib mağaraya gəldi. Süleyman öz oğ­lunu yanına çağırdı. Oğlan gəlib atasını qucaqladı. Süleyman öz oğlunun üz-gözündən öpüb dedi:

– Get, divardakı qılıncı mənə gətir.

Oğlan gedib ayağının altına kətil qoyub qılıncı divardan götürüb atasının yanına qayıtdı. Atası qolunu göstərib dedi:

– Gəl bu ipi kəs!

Oğlan qılıncı sürüyə-sürüyə gətirib ipi kəsdi. Süleyman oğlunun üz-gözündən öpüb dedi:

– Bax, heç kəsə demə, qoy qılınc burda qalsın!

Oğlan yenə anasının yanına qayıtdı. Axşam oldu, şahla qız evə gəldilər. Gecə Süleyman yerindən çıxıb qırx atlıdan birini öldürüb yerə girdi.

Səhərisi şaha xəbər getdi ki, bəs qoşundan biri yox olub. Şah əmr elədi meşəni gəzsinlər. Ancaq bir şey tapa bilmə­dilər. Beləliklə, Süleyman hər gecə birini öldürdü. Şah baxıb gördü ki, bir nəfər də əsgər qalmayıb. Şah qıza dedi:

– Hazırlaş, səhər yola düşək.

Süleyman bunu bilib tez yerindən çıxdı, mağaraya girib şahla qızı öldürdü. Öz qızını qaldırıb divara elə çırpdı ki, qız divarda qaldı.

Süleyman gəlhagəl gəlib bir körpünün yanına çıxdı. Baxıb gördü ki, körpünün üstündə bir qoca durub. Süleyman gəlib qocaya salam verib xəbər aldı:

– Sən burda nə edirsən?

Qoca dedi:

– Burda göyərçin var, onu tutacağam.

Süleyman qocaya dedi:

– Qoy mən tutub sənə verim.

Qoca razı olub getdi. Süleyman bir yer düzəldib orada gizləndi. Göyərçinlər gəlib qondular və gözəl qız oldular. Göyərçinin biri o birini göndərib dedi:

– Get gör kim var, çimək.

Qızın biri gedib gəldi ki, heç kim yoxdu. Qızlar paltar­larını soyunub çimməyə getdilər. Süleyman gizləndiyi yerdən çıxıb paltarın üstündə oturdu. Qızlar gəlib gördü ki, paltarın üstündə adam oturub. Qızlardan biri dedi:

– Ey insan, qoy paltarımızı geyinək, qorxma, daha biz qaçmarıx.

Süleyman paltarı verir. Qızlar paltarı geyinib uçum deyəndə Süleyman qızın birinin biləyindən tutur. Qızın bilər­ziyi Süleymanın əlində qalır. Oğlan kor-peşman geri qayıdır. O, gəlib bir şəhərə çıxır. Bu şəhərdə bir otaq varmış ki, hər gecə oraya qarovul qoyanda yoxa çıxırmış. Şah Süleymanı qərib görüb oğlunu əlindən alır və deyir:

– Gərək həmin otağa girib qarovul çəkəsən.

Süleyman axşam gəlib bu otağın keşiyini çəkir. Gecənin bir vaxtında bir adam gəlib otağın ayın-oynunu oğurlamaq istəyəndə Süleyman oğrunun qolundan tutur. Oğrunun barma­ğındakı üzük Süleymanın əlində qalır.

Səhər açılır. Camahat gəlib görür ki, Süleyman sağdı. Sü­leyman oğlunu da götürüb geri qayıdanda görür ki, bir qoca kişi ağlaya-ağlaya gedir. Süleyman ondan xəbər alır:

– Ay əmi, niyə ağlayırsan?

Qoca deyir:

– Eh a bala, çayın o tayında bir qohumum var, onlara çörək aparmaq istəyirdim. Gəmiçi isə getmir, deyir ki, gəmi suyun ortasına çatanda sudan bir şey çıxıb gəmini döndərər. İndi ona görə ağlayıram.

Süleyman qocanı götürüb gəmiyə gəlir. Gəmiçiyə deyir:

– Sür gedək.

Gəmiçi getmək istəmir. Süleyman ona hədə-qorxu gə­lən­dən sonra xülasə gəmi suyun ortasında sudan bir adam çı­xıb belini gəmiyə dirəyib gəmini çevirmək istəyir. Gəmi o biri taya keçir. Süleyman düşüb bir şəhərə gəlir. Bu şəhərin pad­şahının bir oğlu var imiş. Onu oğurlayıblarmış.

Süleyman gəlib padşaha deyir:

– Qibleyi-aləm, mən sizin oğlunuzu taparam.

O bir gecə gəlib qəbirstanda gizlənir. Bir də baxıb görür ki, bir adam gəlib əlindəki çubuqla ölü adam vurdu. Ölü adam dirildi, başladı bununla güləşməyə. Yenə həmin adam çubuq­la oğlana vurdu. Həmin meyiti yerinə qoydu. Qəbirə çubuqla vurdu, qəbir örtüldü. O getmək istəyəndə Süleyman gizləndi­yi yerdən çıxıb həmin adamı tutur. O, qaçmaq istəyəndə çu­buq Süleymanda qalır. Süleyman çubuqla vurub padşahın oğ­lu­nu dirildir. Padşah oğlunu görəndə sevindiyindən özündən gedir.

Süleyman buradan gedib ayrı bir şəhərə gəlib çıxır. Ba­xıb görür ki, şəhərdə bir insan yoxdu. Oranı-buranı gəzir və bir cığır görür. Görür ki, bu cığır şəhərdən çıxıb başqa bir ye­rə gedir. Süleyman həmin cığırla gəlib bir evə çıxır. O, orada qapının dalında gizlənir. Bu yerdə üç göyərçin gəlib düşür. Üçü də bir gözəl qız olur. Onlar stolun qırağında otu­rub çörək yedikdə böyük bacıları deyir:

– Neçə il idi bir şəhərdə oğurluq edib dolanırdım. Bu gecə gedəndə bir oğlan məni tutdu. Mən qaçanda üzüyüm oğlanın əlində qaldı. Həmin oğlan burda ola bu xörəyi onunla yeyəm və ona ərə gedəm.

Sonra ortancıl qız başlayır başına gələni söyləməyə:

– Mən də neçə il idi ki, qoymurdum dənizdən gəmi keçə gedə. Bir gün yenə bir gəmi gəldi. İstədim onu da çevirəm, bu yerdə bir oğlan qolumdan yapışdı. Mən qolumu dartanda bilərziyim həmin oğlanın əlində qaldı. İndi həmin oğlan burda ola bu xörəyi onunla yeyəm və ona ərə gedəm.

Kiçik bacı başladı başına gələni söyləməyə:

– Mən də neçə il idi ki, padşahın oğlunu oğurlayıb qə­birstanda gizlətmişdim. Hər gecə gedib döyürdüm. Bir gecə yenə döydüm və geri qayıtmaq istəyəndə bir oğlan qollarım­dan yapışdı. Mən dartınıb qaçanda çubuğum onda qaldı. İndi o oğlan burda ola bu xörəyi onunla yeyəm və ona ərə gedəm.

Süleyman bu vaxt gizləndiyi yerdən çıxıb deyir:

– Həmin söylədiyiniz oğlan mənəm.

O, qızlarla başlayır xörək yeməyə. Qurtarandan sonra deyir:

– Kim məni vilayətimə tez aparsa onu alacam.

Böyük qız deyir:

– Mən üç günə aparacam.

Ortancıl deyir:

– Mən bir günə aparacam.

Kiçik bacı deyir:

– Mən üç saata aparacam.

Süleyman kiçik qıza deyir:

– Tez ol məni oğlumun yanına çatdır.

Qız göyərçin olub Süleymanı da çöp edib ağzına aldı, havaya qalxdı. Süleyman gəlib o yerdə yetişdi ki, oğlu can üstədi. Oğlu öləndən sonra Süleyman oğlunu saxlayan adam­ları bütün qırır və qızla öz vətəninə yola düşürlər.

Süleyman gəlib görür ki, ata-anası qocalıb əldən düşüb­lər. Ata-ana öz oğlunu görəndə sevindiklərindən bilmədilər nə et­sinlər. Süleymanın ata-anası həmin qızla Süleymana toy edirlər.

Onlar yedilər, içdilər yerə keçdilər, siz də muradınıza çatın. Göydən üç alma düşdü. Biri mənim, biri nağıl söyləyə­nin, biri də özümün.
Səfeh Teymur
Əmma nağılan, əsari tutiran, məkkaru mazandaran, tərə­ziyə vurdum təkan, iki qoz bir kirdəkan, mənə tapılmaz bir çaxmağı yox tüfəng, çaxmağı yox tüfəngi götürdüm çıxdım ova, dovşanı elə vurdum ki, qabırğaları sındı, özünün xəbəri yox. Yapışdım dovşanın bir əlindən, bir ayağından apardım qa­rının yanına, dedim qarı nənə, bir qazança ver dovşanı bişirək. Qarı dedi, qadan alım, keçin o biri evə, orada iki qa­zança var. Biri sınıqdı, birinin altı yox. Dovşanı altı yox qa­zan­da bişirdik, sümükləri həlmə-həl oldu, ətinin xəbəri yox. Yoldaşımız dovşanın ətini çox duzlamışdı. Üç yoldaş dovşa­nın ətindən o qədər yedik, dodaqlarımız şişdi, qarnımızın xə­bəri yox. Dedik ay qarı nənə, susundan yandıq, bizə su. Qarı dedi keçin o biri həyətə, iki hovuz var, biri qurudu, o birinin suyu yox. Üç yoldaş su olmadan hovuzdan o qədər içdik ki, qarnımız şişdi, dodaqlarımızın xəbəri yox. Dedik ay qarı nə­nə, çarıqlarımızı gətir geyək gedək. Yoldaşımızın çarığının bi­ri tapılmadı. Səs saldıq, soraq saldıq, dedilər ki, çarığın tayı Gödərdə taxıl əkib. Üç yoldaş yollandıq getdik ora başladıq zəmini biçməyə. Gördük ki, həmin dovşanın biri qaçır. Yol­daşımızı biri çini atdı, çinin dəstəsi girdi dovşanın qarnına. Dovşan biçirdi, biz dərz bağlayırdıq. Dərzi yığıb vurduq ta­yaya. Yoldaşımızın biri istədi qəlyan çəkə. Qəlyanı yandıra­cağın taya od tutub yandı. Tayanın içindən bir palan çıxdı. Palanı yardıq hamısı yalan çıxdı.

Biri var idi, biri yox idi, bir şəhərdə tacir var idi. Bu tacirin üç oğlu var idi. İkisi ağıllı idi, biri isə səfeh idi. Səfe­hin adı Teymur idi. Buna səfeh Teymur deyərdilər. Günlərin bir günü tacirin arvadı ərinə deyir:

– A kişi, uşaqlarımız böyüyüb, onlara da tacirliyi öyrət, onlar da özlərinə dövlət yığsınlar.

Tacir böyük oğluna bir gəmi verib onu qiymətli malla doldurub ticarətə yola salır. Ortancıl oğlunu da böyük oğlu kimi gəmi və mal verib başqa ölkəyə ticarətə göndərir. Bunu eşidən səfeh Teymur atasının yanına gəlib deyir:

– Mənə də gəmi və dəyərli mal ver, ticarətə göndər.

Anası oğluna deyir:

– Sən alveri nə edirsən, ye-iç gəz, nə qədər atan sağdır.

Səfeh Teymur deyir:

– Yox, atam mənə də gəmi verməsə baş götürüb gedəcə­yəm.

Teymurun anası ərinə deyir:

– Buna da bir şey ver, çıxıb getsin. Gələr-gələr, batar-batar.

Tacir səfeh Teymura da bir köhnə yamaqlı gəmi, ucuzlu parçadan, çitdən, bezdən bir neçə top verib onu yola salır. Teymur yelkəni çəkir, yola düşür. Az gedir, çox gedir, çatır bir cəzirəyə. Görür ki, burada adamlar ağ qum kimi şey yığır­lar. Teymur xəbər alır ki, bu nədir. Cəzirə adamları deyirlər:

– Bu duzdur.

Teymur gətirdiyi parçaları duzla dəyişib gəmini doldu­rur və düşür yola. Az gedir, çox gedir, çıxır bir padşahın şəhə­rinə. Gəmidəki duzdan doldurur dəsmalın arasına və gedir sat­mağa. Gedir şəhərə, bazara girib duzu kimə göstərir, deyir­lər ki, bizə belə duz lazım deyil. Səfeh Teymur qalır kor-peş­man. O, bərk acıyır. Fikirləşir ki, gedim padşahın yanına, bir az çörək istəyim. Saraya gəlir, padşahın aşpazı rast gəlir ona. Görür ki, bu adam qəribdir. Soruşur:

– Nə istəyirsən?

Aşpaz Teymuru aşpazxanaya aparır və ona yemək verir. Səfeh Teymur başlayır yeməyə. Sonra fikirləşir ki, bu duzdan bir az töküm görüm necə olur. O, duzdan xörəyə tökür və gö­rür ki, yemək dada gəldi. Sonra aşbaz eşiyə çıxanda qazan­lara bir az duz tökür, aşbazla xudafizləşib öz gəmisinə gedir. Gü­norta yeməyində padşah və qızı yeməyə otururlar. Bu günü yemək onlara ləzzətli gəlir.

Padşahın qızı deyir:

– Dədə, bu günü xörək çox dadlıdır. İndiyə qədər belə yemək yeməmişəm.

Sabahı gün yenə yemək gəlir. Padşah qızı və arvadı ye­məyi yemirlər, çünki ləzzət vermir onlar üçün. Padşah aşpazı çağırtdırıb deyir:

– Bu günkü yemək niyə dadsızdır. Dünən yeməyə nə qatmışdın ki, elə ləzzətli idi?

Aşpaz deyir:

– Padşah sağ olsun, həmişəki kimi bişirmişəm.

Padşah xəbər alır ki, dünən mətbəxə kim gəlmişdi.

Aşpaz dedi:

– Bir qərib oğlan gəlmişdi.

Padşah əmr edir ki, o oğlanı tapın gətirin saraya. Gedir­lər Teymuru dəniz kənarından gəmidən tutub gətirirlər pad­şahın yanına. Qorxu düşür Teymurun canına. Padşah ondan kim olduğunu soruşur.

Teymur deyir:

– Gətirdiyim ağ torpaqdır ki, adına duz deyirlər. O ye­məyi dada gətirir.

Padşah əmr edir ki, duzu gətirsinlər. Teymur dəsmaldakı duzu padşaha göstərir. Padşah yemək bişirtdirir və duz tök­dürür. Görür ki, doğrudan da ləzzətlidir.

Padşah Teymura deyir:

– Nə istəyirsən sənə verək, ancaq sən o duzu bizə ver.

Teymur duzu padşaha verir. O gedir bir neçə dəfə duz gətirib duz satır şəhərdə. Səfeh Teymur padşahla yaxın olur.

Padşahın qızı deyir:

– Mən sabah gedib o gəmiyə baxmalıyam görüm ki, o nədir. Şəhərdə elə bir şey yoxdur.

Qız öz qaravaşları ilə gəmiyə tamaşa eləməyə gəlir. Tey­mur padşahın qızını mindirir gəmiyə. O, gəminin ipini kəsir və gəmi sahildən aralanır. Qız ağlamağa başlayır.

Teymur deyir:

– Səni suda bir az gəzdirib çıxardacağam sahilə.

O, gəminin yelkənini qaldırır. Gəmi düzəlir yola. Sabahı gün görür ki, dənizdə iki yelkən görünür. Gəlhagəl gəmi ya­xın­laşanda görür ki, öz qardaşları alverdən qayıdırlar. Teymur onları görən kimi sevinir. Qardaşlar yan alırlar Teymurun gəmisinə görürlər ki, gəmidə qızıl-gümüş və bir gözəl qız otu­rub. İki qardaş apardıqları malı satıb kef eləyib evə boş qayı­dırlar. Onların Teymura paxıllığı tutur. İki qardaş sözü bir yerə qoyub Teymuru suya atırlar. Teymur üzə bildiyinə görə çox çətinliklə sahilə çıxır.

İki qardaş gəmidəki qızıl-gümüşü öz gəmilərinə boşal­dıb və qızı götürüb evə gəlirlər. Onlar gəlib çıxırlar öz şəhər­lərinə. Ataları sevinir. Atası toy edib qızı böyük oğluna almaq istəyir. Bunlar burda qalsınlar, sizə kimdən xəbər verim, Səfeh Teymurdan.

Teymur az gəlir, çox gəlir, gəlib çatır öz şəhərlərinə. Şə­hərdə eşidir ki, böyük qardaşı evlənir. O evə gəlir. Qardaş­lar onu görcək qorxuya düşürlər. Padşahın qızı Teymuru görcək atılır onun üstünə. Teymur başına gələn hadisəni ata-anasına danışır. Tacirin oğlanlarına acığı tutur və onları evdən qovur.

Qırx gün, qırx gecə toy edib padşahın qızını Teymura alır­lar. Teymur bir neçə gəmi alıb duz alveri edir, böyük tacir olur.

Onlar yeyib içdi, yerə keçdi. Göydən üç alma düşdü. Biri mənim, biri nağıl danışanın, biri də özümün.


Yeddi dağ alması
Biri var idi, biri yox idi, günlərin birində bir padşah var idi. Bu padşahın bir qızı var idi, adı da Pərinuş idi. Pərinuş o qədər gözəl idi ki, dünyada elə gözəl qız yoxudu. Ölkələrdən yığın-yığın padşah, vəzir, tacir oğulları Pərinuş xanıma elçi göndərirdilər. Amma Pərinuş xanım heç kimə dil vermirdi.

Bir gün padşah qızı Pərinuşu çağırtdırıb xəbər aldı ki:

– Qızım, gündə filan qədər elçi gəlir, nə deyirsən? Kimi bəyənirsən, de, o adama da nigah kəsdirək.

Pərinuş dedi:

– Atayi-mehriban, mən ərə getmək istəmirəm.

Padşah dedi:

– İndi ki, belə oldu, öz ixtiyarın özündədi. Kimi istəsən ona da gedə bilərsən.

Pərinuş durub atasının yanından, gəldi öz mənzilinə, çox fikir etdi, amma ürəyinə yapışan bir adam tapa bilmədi.

Aradan bir neçə müddət keçdi. Pərinuş çox darıxmışdı, atasına bir belə kağız yazdı ki: – Atayi-mehriban, anam ölən gündən bəri sənin bağına gəzməyə getməmişəm. İzin ver, gedim bağa.

Yazıb kağızı göndərdi atasına. Padşah kağızı alıb oxudu, gördü ki, qızı Pərinuş bağa getmək istəyir. Bağban üçün xəbər göndərdi ki, “Qızım bağa gələcək, sahmana sal! Bir nəfər kişi cinsindən bağda olsa, vay sənin halına”. Bağban bu xəbəri eşidən kimi düşdü əl-ayağa. Bir günortaya bağı sahmana salıb padşaha xəbər göndərdi ki, bağ hazırdı.

Pərinuş qırx qızları götürüb gəldi bağa. Pərinuş gördü ki, bağban bağı çıraqban eləyib. Burada güllər, bülbüllər, hər hansı meyvəcat istəsən. Baxdıqca adam heyran olur. Ətirli bir çəmən üstə taxt qurub, başladılar çalıb oynamağa. Yemək vaxtı çatdı, yemək yeyildi, Pərinuş yeməkdən sonra yıxılıb yatdı. Pərinuş yumşaq yataqda yatmışdı, qırx qız da yanında onun qarovulunu çəkirdi. Sənə xəbər veim kimdən, bağbanın oğlu İbrahimdən. Bağban oğlu İbrahim işdən gəlirdi, çox bərk yorğunudu. Girib bağa gördü ki, heç kəs yoxdu. Çıxıb çarho­vuz üstə əl-üzünü yuyub, yıxılıb yatdı. Bir vaxtı Pərinuş yu­xudan ayılıb qırx qıza dedi ki:

– Siz burada olun, mən gedim çarhovuz üstə, əl-üzümü yuyum, gəlirəm.

Qırx qız orada qaldı. Pərinuş isə kölgəliyini əlinə alıb üz qoydu çarhovuza tərəf. İstədi çıxıb əl-üzün yuya, nəfəs eşitdi. Tez dönüb bir neçə qədəm getdi, istədi qırx qızı çağıra ha­rayına, sonra da özlüyündə dedi: – Qoy tək gedim, görüm kim­di, atamın bağında belə rahat yatıbdı.

Pərinuş özün yetirdi qaysı ağacının altına. Bir o yana, bir bu yana baxıb, gördü ki, yumşaq göy otun üstə bir oğlan yatıb, üzünə cib yaylığı salıb. Pərinuş sol əlin vurub belinə, sağ əlin uzadıb oğlanın üzündən yaylığı götürüb atdı. Görən kimi tanıdı ki, bu bağbanın oğlu İbrahimdi. İbrahim çox gö­zəşirin oğlanıdı. Pərinuşla da həmyaşıddı. Pərinuş dizin vurub yerə, bir xeylaq İbrahimə baxdı. Məhəbbətin saldı ürə­yinə dedi: gərək İbrahimə gedəm.

Əlindəki ətirli yaylığı çəkib İbrahimin üzünə, oturdu ba­şı­nın üstə. İstədi oyada İbrahimi, bir az gülüb danışa, qıy­madı. Bu tərəfdən də qızlar Pərinuşu çox gözlədilər, axır gör­dülər ki, Pərinuş gəlib çıxmadı, durdular çağırmağa. Pəri­nuş qızların səsıni eşidən kimi, durub ayağa, qızları çağırdı. Qorx­du ki, sirri açıla. Qızlar gəlib çatdılar. Pərinuş dedi:

– Ey çəpəllər, məgər bilmirsiz ki, mən bağdayam, bu kimdi yatıbdı. İndi atam bilsə, hamınızın boynun vurdurar.

Qızların hamısı yarpaq kimi Pərinuşun qabağında əsirdi­lər. Pərinuş əmr verdi ki, İbrahimi götürüb aparsınlar öz ota­ğının altında bir otaq vardı, salsınlar ora, özü İbrahimin tən­behini edəcək. Qızlar qaş qaralanı gözlədilər. Qaş qaralan ki­mi İbrahimi götürüb gəldilər, Pərinuşun otağının altında boş bir otaq vardı, salıb İbrahimi o otağa, çıxıb getdilər.

Pərinuş tez özünü İbrahimə yetirdi. İbrahim ayılıb gördü ki, o bağda yatmışdı, amma indi evdədi, özü də padşah qızı oturub başı üstə. İbrahimi xof götürdü, istədi Pərinuşu qoyub qaça, Pərinuş İbrahimin qabağın kəsib qoymadı qaça, dedi:

– İbrahim, qaçma, səni mən götürmüşəm bura.

İbrahim bir şey başa düşmədi, istədi gedə, Pərinuş İbra­hi­min qarşısına keçib, qoymadı.

İbrahim dedi:

– Xanım, mən bir bağban oğlu, sən bir şah qızı, mən ha­ra, sən hara?

Pərinuş baxıb gördü ki, İbrahim onu sınaqdan keçirir, dedi:

– Gəl məni sınaqdan keçirmə! Göz görüb, könül sevib, atam min deyə, mən səninəm ki, sənin.

İbrahim Pərinuş xanımdan keçə bilmədi. Hər iki aşiq qol boyuna salıb, öpüşdülər. Pərinuş bütün gecəni səhərə kimi İbrahimlə bir otaqda qaldı. Səhər durub İbrahimə bir dəst pal­tar geydirib, pul verib göndərdi hamama, İbrahim geyinib-ke­çınib, gəldi Pərinuşun yanına. Pərinuş İbrahimi bu paltarda görən kimi əlin salıb boynuna, dedi:

– İbrahim, ta səbir eləyə bilmirəm, gərək bu işi tez qur­taraq.

İbrahim dedi:

– Çifayda ki, bir şey çıxmayacaq.

Pərinuş dedi:

– Ey sevgilim, nədən bir şey çıxmaz?

İbrahim dedi:

– Doğrusu qorxuram ki, atan səni mənə verməsin. Bir də işdən xəbərdar olub boynumzu vurdura.

Pərinuş dedi:

– Qorxma, mən özümü naxoşluğa vuraram. Ta o vaxta qədər ki, bütün həkimlərdən atamın əli üzüldü, sənə xəbər göndərərəm, sən gəlib atamla şərt bağlayarsan. O, şərtinin üs­tə duracaq. Ad olar ki, məni naxoşluqdan sən sağaldıbsan, sonra mən səninəm.

İbrahim razı oldu. Sabah olub, Pərinuş özün vurdu na­xoş­luğa, atası üçün xəbər göndərdi. Padşah Pərinuşun naxoş olmasın bilib, durub gəldi qızının yanına. Pərinuş atasının gəl­məyini bilibən, tez üzünə zəfəran çəkib, rəngini sarımtıl elə­yib girdi yerinə. Padşah gəlib Pərinuşun yanına, qızın əhvalın xəbər alıb gördü ki, qızının dili, ağzı tutulub, heç danışmır. Sir-sifəti elə dönüb ki, elə bil meyitdir.

Padşah tez durub ayağa, gedib çıxdı taxtına, vəziri ça­ğırtdırıb dedi:

– Vəzir, şəhərlərimdə nə ki həkimlər var, çağır, qızıma əlac eyləsinlər. Qızımın əhvalın çox pis görürəm.

Vəzir baş əyib getdi. Ta şəhərlərdə həkim qalmadı çağır­mamış olalar, heç biri Pərinuşu sağalda bilmədi. Padşaha xə­bər xəbər üstündən gedirdi ki, bəs qızın Pərinuşun əhvalı gü­nü-gündən xarab olur, padşahın axırda əlacı kəsilib əmr verdi ki, hər kim qızım Pərinuşu sağaltsa, qızımın kəbinini kəsdirib həmin adama verəcəm. Əmr yazılıb divarlara vuruldu. Hər kim oxuyurdu, deyirdi ki, o qız sağalmaz, getməməyimiz yaxşıdı.

Eşit İbrahimdən. İbrahim Pərinuşdan tel alan kimi, özü­nü yetirdi padşahın yanına. Baş əyib salamını yerinə yetirdi. Padşah İbrahimdən xəbər aldı ki, niyə gəlmisən?

İbrahim dedi:

– Gəlmişəm qızın Pərinuşu sağaldam.

Padşah dedi:

– Çox yaxşı. Neçə günə? Nə şərtlə?

İbrahim dedi:

– İki gün möhlət ver mənə, əgər qızını sağaltsam, qızın mənimdi, sağalda bilməsəm boynumu vurdur!

Padşah razı olub İbrahimlə kağız bağlaşdılar, adam gön­dərdi qızının yanına. İbrahim girib Pərinuşun otağına, heç ki­mi özündən qeyri qoymadı qala. Qapıları bağlayıb Pərinuşla başladılar keyfə.

İki gün tamam olanda İbrahim gəldi padşahın yanına. Ədəb salamını yerinə yetirdi. Padşah İbrahimə yer göstərdi, İbrahim əyləşdi. Pərinuşu İbrahimdən xəbər aldı. İbrahim dedi:

– Pərinuş sağalıbdı.

Padşah İbrahimə inanmadı. Əmr verdi ki, İbrahimi sax­lasınlar, özü durub gəldi Pərinuşun yanına, gördü Pərinuş sa­ğalıbdı. Oturub qızı ilə danışıb, bir az da əhval tutub, lap ina­nıb durub gəldi vəzirin yanına, dedi:

– Vəzir, İbrahim Pərinuşu sağaldıbdı. Mənim də şərtim vardı, kim qızımı sağaltsa, qızımın kəbinini ona kəsdirib to­yun edəcəyəm. Nə deyirsən, mənə bir tədbir, yoxsa qız əldən çıxar.

Vəzir gedib fikrə dedi:

– Heç əlac yoxdu. Ya Pərinuşu verməlisən, ya oğlanın başını batırmalısan.

Padşah xəbər elədi ki:

– Nə yolla?

Vəzir dedi:

– Şəhər Qəzvində yeddi dağ var. O dağların adına “Yed­di dağ” deyirlər. Göndər İbrahimi oradan alma götürə, ora gedən dala gəlməz.

Padşah razı olub, durub gəldi İbrahimin yanına, dedi:

– İbrahim, gərək mən sənin mərifətini biləm. Əgər mənə yeddi dağ almasından üç alma dərib gətirsən, qızım Pərinuşu sənə verdim, yox götürüb gələ bilməsən, mənim səninlə qo­humluğum tutmaz.

İbrahim razı olub durub mürəxxəs oldu padşah qullu­ğun­dan, özün yetirdi Pərinuşa. Pərinuş İbrahimi görüb xəbər aldı ki:

– Necə gəldin?

İbrahim dedi:

– Padşah məndən Yeddi dağ alması istəyir. Bilmirəm ki, yeri hardadır.

Pərinuş çox bilən idi. Bildi ki, bu vəzirin hiyləsidir, dedi:

– Gəl getmə! Getsən qayıtmazsan. Atam səni gedər-gəlməz yola göndərir.

İbrahim razı olmadı, çünki padşaha söz vermişdi, dedi:

– Yeddi dağ almasını qırx günə gərək gedib gətirəm. Pərinuş bu sözü eşidən kimi qara gözlərindən yaş axmağa başladı. Bir neçə damcı töküldü yanaqlarının üstə. İbrahim alıb Pərinuşun başını qoydu dizi üstə, dedi:

– Gəl sən qırx gün üçün darıxma, izin ver gedim.

Pərinuş razı olub İbrahimi yola saldı. İbrahim at minib üz qoydu şəhərdən çıxmağa. Az gedib, çox dayandı, neçə mənzil keçib gəlib çatdı çöllü-bərri-biyabana. İbrahim bərk yorul­muş­du, çəkib atın bir sərin bulağın üstə, yancidar elədi, özü də uzanıb dincəlməkdə olsun, bir vədə gördü ki, bir dərədən tüstü çıxıb qalxdı havaya. Tüstünün içindən bir dər­viş peyda olub, gəlib dayandı İbrahimin qabağında, dedi:

– Ey İbrahim, anan matəmində otursun! Neçə vaxtdı ki, sənin yolunu gözləyirəm. Yeddi dağ alması üçün getmə!

İbrahim dedi:

– Bir başa sal məni, görüm ora necə yerdi, hardadı?

Dərvişliabas dedi:

– İbrahim, gəl şərt kəsək. Mən sənə tilsimi öyrədim, sən də o almalaran birini mənə ver!

İbrahim razı oldu. Dərvişliabas İbrahimi götürüb apardı evinə. Tilsim kitablarını açıb tökdü qabağına. İbrahimi düz bir ay ruzigar yanında saxlayıb tilsim öyrətdi. Bir ay tamam olanda Dərvişliabas İbrahimi götürüb gəldi həmən yerə, dedi:

– İbrahim, Yeddi dağ alması mənim qardaşlarımın ba­ğın­dadı. Çox igidlər gedib tələf olubdu, o almadan götürüb gə­lə bilməyiblər. Amma sən gedib götürüb gələcəksən. Bur­dan quş olub uçub getməlisən. Altı dağ aşarsan, yeddinci da­ğın döşündə o bağı tapıb düşərsən yerə. İki ağacdan maşa dü­zəl­dib, almalardan dərib, çıxıb gəl. Qorxma ağacda almalar dil açıb deyəcəklər ki: “məni dərdilər”, səs gələcək: “kim dər­di”. Deyəcək ki, “ağac ağacı dərməz”. Bu kimi sözlər eşi­də­cəksən, qulaq asma, çıx gəl !

İbrahim tilsimi oxuyub oldu bir quş, qanad çalıb qalxdı göyə, gəlib çatdı həmən yerə. Gördü ki, bura yeddi dağın dö­şüdü. Amma burada bir bağ var idi ki, gəl görəsən. Girib ba­ğa, ağacdan tez maşa düzəldib üç alma dərdi. Almalar dil açıb dedi:

– Dərdilər.

– Kim dərdi?

– Ağac.

– Ağac ağacı dərməz.



İbrahim bunların sözünə baxmadı. Quş olub qalxdı göyə. Birdən yadına düşdü ki, Dərviş üçün alma götürəcəkdi, amma alma üç idi. İbrahim göylə gedirdi, dərviş də oturub İbrahimin yolunu gözləyirdi. Bu tərəfdən İbrahim yolu kəsmə vurub, kəsmə yolla özün yetirdi şəhərə. Şəhərin qırağında cildin dəyişib özün yetirdi padşaha. Padşah gördü İbrahim gəlib çıxdı, almaları da özü ilə gətirdi. Boğazının yolu qurudu.

İbrahim almaları padşaha verib birbaş gəldi Pərinuşun yanına. İki aşiq qol-boyun olub burada qalmaqda olsunlar, eşit padşahdan. Padşah vəziri çağırtdırıb dedi:

– Vəzir, tədbir! İbrahim gəlib çıxdı, almaları da özü ilə gətirdi.

Vəzir dedi:

– Gəl, yolla İbrahimi Nil qoluna. Orada bir çay var, o çayın içində yanan əskilər var ki, gecə-gündüz əjdahalar o əskinin qarovulunu çəkir. İbrahim gedib salamat qayıtmaz.

Padşah razı olub, İbrahimi çağırtdırıb dedi:

– İbrahim, gərək Nil qoluna gedib yanan əskilərdən mə­nim üçün götürəsən.

İbrahim razı olub bu səfər Pərinuş xanımın yanına get­məyib, girib quş cildinə, qalxdı göyə. Yetirib özünü Nilə, hə­min qolu tapdı. Gördü ki, neçə parça əskidi suyun altında ya­nır, amma burada iki əjdaha yatıb. İbrahim yerə enib, qana­dını iki dəfə suya vurdu. Üçüncüdə olub durna, dimdiyini uza­dıb əskinin birini götürüb gəldi. İbrahim göylə gəlirdi, az qalmışdı öz şəhərlərinə çata. Dərvişliabas yerlə gedirdi, görüb İbrahimi, quş olub qalxdı göyə İbrahimi tuta. İbrahim baxdı dala, gördü ki, dərviş gəlir. Tez özün yetirib göydən yerə, olub bir siçan girdi bir deşiyə. Dərviş gördü ki, İbrahim oldu siçan, istədi enə yerə. İbrahim pis başlanmışdı, bildi tutulacaq, oldu tüstü çıxdı deşikdən, bir şir olub dayandı. Dərviş pələng olub gəldi İbra­himin bərabərinə. Durdular vuruşmağa. İbrahim şir cildindən çıxıb oldu bir ceyran, başladı qaçmağa, dərviş olub tazı İb­rahimi tutmaq istədi. İbrahim gördü ki, tu­tulacaq, bir tilsim oxuyub oldu bostan tağlarında bitən qarpız-qovun. Dərviş olub bir bağban əlinə aldı bıçaq, başladı qar­pız-qovun kəsməyə. İbrahim baxıb gördü ki, qoca dərviş bü­tün qarpızları kəsib qurtardı, tez olub quş, qalxdı göyə. Dərviş olub qırğı, başladı İbrahimi ovlamağa. İbrahim olub bir ovuc darı səpildi çölün düzünə, bir giləsini atıb kolun dibinə gizləndi.

Dərviş dedi:

– İbrahim, ölən günündü.

Dərviş olub cücəli toyuq, başladı darını dənləməyə. İb­ra­him bir tilsim oxuyub, oldu tülkü, çıxıb kolun dibindən ya­pışdı dərvişin boğazından, boğub öldürdü. İbrahim dərvişi cəhən­nəmə vasil eləyib, əskini götürüb birbaş gəldi padşahın yanına.

Padşah İbrahimi görən kimi dedi:

– İbrahim əskini gətirdin?

İbrahim dedi:

– Bəli, gətirdim.

Padşah İbrahimin əlindən təngə gəlib dedi:

– Cəllad! Vurun İbrahimin boynunu!

İbrahim bu sözü eşidən kimi olub gürzə ilan, sərinib padşahın boynuna padşahı çaldı, vəziri də cəhənnəmə vasil eləyib, durub gəldi Pərinuşun yanına.

Pərinuş İbrahimi görən kimi qolun salıb boynuna dedi:

– Necə gəldin?

İbrahim bütün əhvalatı Pərinuşa danışdı. Pərinuş çox se­vindi. Yeddi gün, yeddi gecə İbrahim toy eyləyib Pərinuşu aldı. İbrahim öz atasını da yanına alıb xoş gün keçirməyə başladılar.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə