Azərbaycan müəllimi



Yüklə 345,14 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü345,14 Kb.
#57707
növüYazı


“Azərbaycan müəllimi”.-2013.- 1 mart.-№ 8.-S.7. 

 

İrəvan Pedaqoji İnstitutu Azərbaycan bölməsinin acı taleyi 



Azərbaycan  elmi-pedaqoji  fikir  sferasında  İrəvan  Pedaqoji  Texnikumu  və  İrəvan  Pedaqoji 

İnstitutunun  öz  yeri  vardır.  Onlar  haqqında  ədəbiyyatda  az  yazılsa  da  bu  təhsil  ocaqları  tariximizdə 

müəyyən  izlər  qoymuşdur.  Azərbaycan  elminin  və  təhsilinin  inkişafında  bu  təhsil  müəssisələrinin 

məzunlarının rolu da az olmamışdır.  

İlk  öncə  onu  deməliyik  ki,  İrəvanda  heç  zaman  azərbaycanlılar  üçün  ayrıca  pedaqoji  institut 

olmamışdır,  azərbaycanlı  kadrlar  İrəvan  Erməni  Pedaqoji  İnstitutunun  nəzdindəki  bölmələrdə  hazırlanmışdır. 

Ermənilər azərbaycanlılar üçün müstəqil ali təhsil ocağının olmasına, yüzlərlə azərbaycanlının, həm də müəyyən 

elmi-mədəni  hazırlığa  malik  soydaşlarımızın  bir  yerə  toplanmasına  qətiyyən  imkan  verməzdilər.  Ona  görə  də 

Ermənistanda azərbaycanlıların ali təhsil almaq məsələsinə həmişə qısqanclıqla yanaşılmışdır.  

Qərbi  Azərbaycanın  elmi  potensialının  mayasını  təşkil  edən,  deportasiyaya  uğrayaraq  1948-ci  ildə 

Bakıya köçürülməklə fəaliyyətinə son qoyulan İrəvan Pedaqoji İnstitutu nəzdindəki Azərbaycan bölməsi uzun 

və kəşməkəşli bir yol keçmişdir. 

Çox  təəssüf  ki,  qədim  tarixə  malik  olan  Qərbi  Azərbaycanın  zəngin  mübarizə  tarixi,  maddi-

mədəniyyət  abidələri,  incəsənəti,  etnoqrafiyası,  o  cümlədən  məktəb  tarixi  kifayət  qədər  sistemli 

öyrənilməmişdir.  İrəvan  azərbaycanlıları  təhsil  sahəsində  də  zamanın  sərt  üzü  ilə  dönə-dönə  qarşılaşaraq 

amansız  təqiblərə,  mənəvi  və  fiziki  basqılara  məruz  qalaraq  çıxış  yolunu  ancaq  Azərbaycana  köçməkdə 

görmüşlər.  Bir  fakt  danılmazdır  ki,  erməni  millətçiləri  əsrin  əvvəllərindən  azərbaycanlıları  öz  ata-baba 

yurdlarından çıxarmaqla soyqırımı siyasətini ardıcıl davam etdirməyə cidd-cəhdlə çalışmışdılar. Azərbaycanlılar 

isə necə olursa-olsun bu çətinliklərə sinə gərməli olmuş və 70 il duruş gətirə bilmişlər. Basqılar, təqiblər güclü 

olsa da, soydaşlarımızda elm, təhsil həmişə müqəddəs amal kimi qalmışdır.  

Sovet  rejimi  öz  ideoloji  dayaqlarını  möhkəmləndirmək  məqsədilə  Azərbaycanda  ermənilərin, 

Gürcüstanda və Ermənistanda azərbaycanlıların təhsil probleminin həlli sahəsində də müəyyən işlər görmüşdür. 

Lakin  digər  müttəfiq  respublikalardan  fərqli  olaraq,  şovinist  Ermənistanda  azərbaycanlıların  ali  təhsil  alması 

müşkül məsələyə çevrilmişdi. "Böyük Ermənistan" xülyası ilə yaşayan bu "fanatiklər" öz çirkin məqsədlərinin 

həyata  keçirilməsi  üçün  min  cür  hiylələrə  əl  atır,  azərbaycanlıların  ali  təhsil  almalarını  əngəlləyirdilər.  Yüz 

minlərlə  soydaşımızın  yaşadığı  bu  sovet  respublikasında  onların  ali  təhsil  almaları  erməniləri  heç  də  narahat 

etmirdi. Ona görə də azərbaycanlılar ali təhsil almaq üçün çox zaman Bakıya üz tutur, ümidlərini Azərbaycana 

bağlayırdılar.  Hər  dəfə  ali  təhsilli  mütəxəssislərin  hazırlanmasına  dair  məsələ  qaldırılanda  ermənilər  min  bir 

bəhanə  ilə  buna  imkan  olmadığını  deyir,  kadr  çatışmazlığını  əsas  tutaraq,  öz  fikirlərini  bir  sıra  arqumentlərlə 

əsaslandırırdılar. Bəzi obyektiv, subyektiv səbəblər də hər dəfə onların köməyinə gəlirdi. Odur ki, Ermənistanda 

ali təhsilli azərbaycanlıların sayı artmırdı, ayrı-ayrı rayonlarda ali təhsillilər barmaqla göstərilirdi. Ermənilər də 

elə  bunu  arzulayırdılar.  Lakin  bu  məsələyə  onlar  nə qədər  müqavimət  göstərsələr  də,  onun  qabağını  tam  kəsə 

bilmirdilər.  Təsadüfi  deyildir  ki,  1924-1925-ci  dərs  ilində  azərbaycanlılar  üçün  ilk  dəfə  İrəvanda  türk  işçi 

fakültəsi açıldı. Bu iş onların ürəyincə olmasa da, bu fakültə 15 il fəaliyyət göstərə bildi, on beş il davam edən 

bu fakültədə ilk ali təhsilli kadrlar hazırlandı. Bu barədə mətbuatda da yazılar gedirdi. "Qızıl şəfəq" qəzetində 

1935-ci  ildə  bu  barədə  yazılan  bir  məqalədə  türk  fakültəsinin  çətinliklərlə  qarşılaşmasından  bəhs  edilirdi. 

Qəzetin  məlumatına  görə,  burada  cəmi  18  tələbə  oxuyurdu.  Azərbaycan  dilində  ədəbiyyatın  yoxluğu, 

mütəxəssis kadrların çatışmaması işin keyfiyyətinə öz təsirini göstərirdi.  

1936-37-ci  dərs  ilində  İrəvan  Qiyabi  Pedaqoji  İnstitutu  da  təsis  edildi.  Beynəlmiləlçilik  siyasətinə 

müvafiq olaraq onun nəzdində türk şöbəsi də açıldı. Lakin qəbul qaydalarına, xüsusən azərbaycanlılarla bağlı 

qoyulan bürokratik tələblər sənəd qəbulunu ləngidirdi. Axırda bu bölmədə yerlər boş qalırdı. Ona görə də elə 

birinci  il  "Türk  məktəblərində  coğrafiya,  tarix  müəllimlərinə  olan  böyük  ehtiyac  nəzərə  alınaraq"  qiyabi 

institutun bu bölməsinin coğrafiya və tarix şöbələrinə sənəd qəbulu işi aprelin 10-dək uzadılmışdı. İlbəil yaranan 

kəm-kəsirin hesabına Azərbaycan məktəblərinin kadr çatışmazlığı o yerə çatdırılmışdı ki, məktəblər bağlanmaq 

təhlükəsi ilə üzləşirdi, ona görə də əlavə tədbirlərə əl atmaq lazım gəlirdi. Az sonra, yəni 1937-ci ildə İrəvanda 

ikiillik müəllimlər institutunun Azərbaycan şöbəsi də açıldı. Burada 20 nəfərin əyani, 20 nəfərin qiyabi təhsil 

alması planlaşdırılmışdı. Tədris prosesinin səmərəli təşkilinə imkan olmadığı üçün müəllimlər əsasən Bakıdan 

dəvət olunurdu. Dərsliklər də Bakıdan gətirilirdi. Lakin ehtiyac yalnız bununla bitmirdi. Azərbaycanlılara lazımi 



şərait  də  yaradılmırdı.  Bir  faktı  xatırlatmaq  yerinə  düşərdi  ki,  İrəvan  Dövlət  Universitetinin  nəzdindəki 

şərqşünaslıq fakültəsində azərbaycanlıların oxumasına hər cür maneçilik törədilirdi. Bura maraq göstərənlər olsa 

da,  qarşıya  belə  bir  tələb  qoyulmuşdu  ki,  şərqşünaslıqda  oxuyanlar  erməni  dilini  mükəmməl  bilməlidirlər. 

Deməli, o fakültədə yalnız ermənilər, ya da erməni məktəbini bitirənlər oxuya bilərdi.  



Bir haşiyə: Sonralar Azərbaycan elminin korifeyi səviyyəsinə yüksəlmiş filologiya elmləri doktoru, 

mərhum professor Mirəli Seyidov İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alanda hiss edirdi 

ki,  bu  təhsil  onda  olan  güclü,  daxili  elm  yanğınını  təmin  edə  bilmir.  Ona  görə  də  erməni  dilini  mükəmməl 

bildiyi üçün o, 1941-ci ildə İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olur. 

Lakin 3-cü kursda ikən universitetin rəhbərliyi onun gündüz pedaqoji institutda, axşam isə universitetdə təhsil 

almasından xəbər tutmuşdu. Çox çətinliklə olsa da, Mirəli Seyidov 1945-ci ildə buranı bitirməyə müvəffəq olur. 

Ermənilər bu istedadlı gəncin tədqiqatçılıq marağını, çox dərinliklərə baş vurmasını elə o zaman hiss etmişdilər. 

Ona  görə  də  başqa  bir  azərbaycanlıya  belə  fürsət  verilməsini  daha  istəmirdilər.  Təsadüfi  deyildir  ki,  sonralar 

İrəvandakı erməni qaynaqlarından ilk dəfə geniş profildə tədqiqatçı kimi istifadə edən azərbaycanlı alim də elə 

Mirəli  Seyidov  olmuşdur.  Həqiqətən,  bu  görkəmli  alimin  ötən  əsrin  80-ci  illərində  apardığı  elmi  axtarışlar 

məkrli  qonşulara  kəskin  cavablar  verməkdə  çox  əhəmiyyətli  idi.  Hətta  ermənilər  onu  bütün  ittifaqda  şovinist 

alim kimi tanıtmaq üçün əldən-ayaqdan gedirdilər. O zaman İrəvan Pedaqoji İnstitutunun qonağı olan professor 

Həmid  Araslı  Mirəli  Seyidovun  çox  dəyərli  tədqiqatları  ilə  tanış  olaraq  ona  Bakıya  köçməsini  məsləhət  bilir. 

Deportasiyanın başlanması ərəfəsində İrəvanda daha qala bilməyən M.Seyidov tezliklə Bakıya gəlir. O danışırdı 

ki,  şərqşünaslıqda  yalnız  ermənilər  oxuyurdu  və  ən  millətçi,  şovinist  ünsürlər  də,  o  cümlədən  daşnak  ideyalı 

müəllimlər  də  oraya  toplaşmışdı.  Erməni  saxtakarlığının  ocağı  olan  bu  fakültəni  qapalı  saxlayırdılar.  Çünki 

gələcək  erməni  tədqiqatçılarına  özlərinə  məxsus  "iş  üsulu",  yəni  erməni  saxtakarlığı  da  onlara  elə  burada 

aşılanırdı. Onlar Matenadarandakı qiymətli əlyazmalarını saf-çürük edir, özlərinə sərf etməyəndə planlı şəkildə 

onu məhv edir, yandırır, imkan olanda isə "özününküləşdirirdilər". Kim bilir, bizim mədəni tariximizin nə qədər 

nadir inciləri orada indi də yatıb qalmışdır. 

Azərbaycanda  isə  ermənilərin  təhsilinə  kifayət  qədər  qayğı  göstərilirdi.  Hələ  ötən  əsrin  30-40-cı 

illərində Azərbaycan Pedaqoji İnstitutunda erməni bölməsi fəaliyyət göstərirdi. Hətta qəbul planının 15-20 faizi 

bu bölmə üçün nəzərdə tutulurdu. Erməni alimlər isə, hər il bunun az olduğundan yuxarılara şikayət edirdilər, 

çox vaxt öz məqsədlərinə nail olurdular.  

Böyük  Vətən  müharibəsi  illərində  Ermənistan  hökumətinin  yuxarı  dairələrində  oturan  millətçi-

şovinistlərin əl-qolu nisbətən bağlanmışdı, onlar müvəqqəti olaraq öz qınlarına çəkilmişdilər. Ona görə də bir 

sıra  görüntülərlə  öz  çirkin  niyyətlərini  ört-basdır  edirdilər.  Artıq  mətbuatda  da  kadr  hazırlığı  kəskinliyi  ilə 

qoyulurdu.  Məsələn,  "Zəngi"  qəzetində  xırda  millətlərin,  o  cümlədən  azərbaycanlıların  problemlərinə  toxunan 

məqalələrdə məktəblərin kadrsız qalmaması üçün təcili tədbirlər görmək təklifləri irəli sürülürdü. Məhz bunların 

təsiri idi ki, İrəvan Pedaqoji İnstitutunun 4 fakültəsinin Azərbaycan bölməsində dil-ədəbiyyat, fizika-riyaziyyat, 

tarix-coğrafiya  müəllimləri  hazırlanırdı.  Onlar  buna  mane  olsa  da,  bu  prosesi  dayandırmağa  qabil  deyildilər. 

Azərbaycanlı ziyalılar isə bu yolda öz səylərini davam etdirirdilər.  

Uzun  müddət  Azərbaycan  Pedaqoji  İnstitutunda  çalışmış  Fərhad  Fərhadov  1942-1943-cü  illərdə 

müharibədən qayıtdıqdan sonra həm İrəvan Pedaqoji Texnikumunda, həm də 1944-cü ildən başlayaraq İrəvan 

Pedaqoji İnstitutunda dərs deməyə başlamışdır. O, 1945-ci ildə İrəvanda "Qədim və orta əsrlər ədəbiyyatına dair 

oçerklər" kitabının nəşrinə də nail olmuşdu. Lakin Mərkəzi hökumətin əli ilə həyata keçirilən azərbaycanlıların 

"mədəni  deportasiyası"  1948-ci  ildə  onun  da  İrəvanı  tərk  etməsilə  nəticələnmişdir.  Azərbaycan  bölməsinin 

cəfakeşlərindən  olan  professor  Rəhim  Allahverdiyev  (1907-1973)  1945-ci  ildən  deportasiyaya  qədər  İrəvan 

Pedaqoji  İnstitutunda  dərs  aparmışdır.  İnstitut  köçürüləndə  o  da  Bakıya  gəlmiş,  burada  dissertasiya  müdafiə 

edərək, elmlər doktoru adını almış, 400-dən çox məqalənin müəllifi kimi tanınmışdır.  

Ermənilərin sıxışdırmalarının nəticəsi olaraq, deportasiya ərəfəsində, yəni 1947-ci ildə İrəvan Pedaqoji 

İnstitutunun  Azərbaycan  bölməsinin  4  fakültəsində  cəmi  20  tələbə  oxuyurdu.  Bu  elə  vaxt  idi  ki, 

azərbaycanlıların  deportasiyasının  yeni  dalğası  gözlənilirdi.  Elə  bu  zaman  İrəvan  Pedaqoji  İnstitutunun  Elmi 

Şurası Azərbaycan bölməsinin işini müzakirəyə çıxararaq, onları bir qədər də sıxışdırdı. 1947-ci il 22 iyunda bu 

barədə  qəbul  edilən  qərara  əsasən  Azərbaycan  bölmələri  erməni  bölmələri  ilə  birləşdirildi.  Azərbaycan 

bölməsinin dekanları isə erməni bölməsi dekanlarının müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar qəbul 

etmək  səlahiyyəti  əllərindən  alındı.  Bununla  da  bu  fakültələrdə  milli  mənəvi  dəyərlərə  ağır  zərbə  vuruldu. 

Müəllimləri də, tələbələri də məcbur edirdilər ki, ermənilərlə birgə nəfəs alsınlar, necə deyərlər "onların çaldığı 




havalarla  oynasınlar".  Ona  görə  də  günü-gündən  Azərbaycan  bölməsində  kadr  potensialı  zəifləyirdi.  Buranın 

Azərbaycan  bölməsində  dərs  deyənlərin  çoxu  əsasən  İrəvan  Pedaqoji  Texnikumuna  keçirdilər.  Çünki  stabil 

kollektivi parçalanan bu institutdan fərqli olaraq texnikumda sanballı kadr potensialı hələ də qalırdı. Bu mənəvi 

sıxıntılara  baxmayaraq,  bu  prosesi  sönməyə  qoymayan  tarixi  səbəblər  də  vardı.  Xatırladırıq  ki,  sovet 

hakimiyyətinin ilk illərində Ermənistanda da Azərbaycan dilində təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada 

təhsil alanların sayının sürətlə artmasına təkan vermişdi. Sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 

1922-23-cü  illərdə  36,  1924-cü  ildə  62,  1929-30-cu  illərdə  112,  1931-ci  ildə  isə  245  Azərbaycan  məktəbi 

fəaliyyət  göstərirdi  ki,  bunlardan  da  45-i  ancaq  İrəvan  qəzasında  idi.  Elə  bu  sürətli  inkişaf  da  ali  təhsilin 

pedaqoji kadrlar problemini zəruri edirdi. Ali təhsilli müəllimlər nəinki çatışmırdı, onlar yox dərəcəsində idi. Bu 

məsələ  1922-ci  ildə  Ermənistan  Xalq  Maarif  Komissarlığı  nəzdində  "Azlıqda  qalan  millətlər"  şöbəsinin 

sənədlərində də öz əksini tapmışdı. Müəllim kadrlarının yerləşdirilməsi məsələsini də məhz bu şöbə qaldırmışdı. 

Ona  görə  də  məktəblərin  müəllim  kadrları  ilə  təmin  olunması  üçün  ilk  vaxtlar  İrəvanda  xüsusi  kurslar  təşkil 

edildi. Bu hazırlıq kurslarını birinci il 30 azərbaycanlı müəllim bitirsə də, məktəblərin artmaqda olan tələbatı 

bununla bitmirdi. Bu məqsədlə İrəvandan Bakıya 1923-cü ildə 16, 1925-ci ildə isə 38 nəfər müəllim ali təhsil 

müəssisələrinə göndərilir. Onların ilk nümayəndələri olan Zəhra Abbasova, Tacirə Bağırova kimi gənc qadınlar 

ali təhsil aldıqdan sonra İrəvana qayıdaraq bu prosesə qoşulmuşdular.  

Lakin ali təhsil problemi yenə də öz həllini tapa bilmirdi. Müəllim çatışmazlığı əldə bəhanə tutularaq 

çox vaxt türk məktəblərinə qərəzli şəkildə erməni mənşəli direktorlar təyin edilirdi, bir çox hallarda Azərbaycan 

dilini  bilməyən  ermənilər  azərbaycanlılara  dərs  deyirdilər,  onlara  rəhbərlik  edirdilər.  Bu  azmış  kimi,  müəllim 

kadrlarına  ciddi  ehtiyac  olduğu  halda,  yüzlərlə  azərbaycanlı  tələbəyə  "bəy",  "xan",  "mülkədar",  "qolçomaq", 

"kulak" və s. övladı damğası vuraraq pedaqoji təhsil müəssisələrindən xaric edirdilər. Təkcə 1930-35-ci illərdə 

102 nəfərdən artıq azərbaycanlı tələbə və müəllim bu adlarla repressiyaya məruz qalmışdılar.  

Azərbaycanlıların  savadlanmasının  qarşısını  almaq  üçün  pedaqoji  kadr  hazırlığına  hər  cür  maneçilik 

törədilsə  də,  onlar  öz  fəaliyyətlərini  davam  etdirdilər.  Məsələn,  1940-cı  ildə  İrəvanda  Pedaqoji  İnstitutun 

nəzdindəki  Azərbaycan  bölməsi  və  2  Azərbaycan  texnikumu  (pedaqoji  və  kənd  təsərrüfatı  texnikumları) 

fəaliyyət  göstərirdi.  "Sovet  Ermənistanı"  qəzetində  pedaqoji  texnikum  haqqında  deyilirdi:  "1925-ci  ildə  yeni 

təşkil  olunarkən  burada  30  tələbəni  əhatə  edən  bir  sinif  olduğu  halda,  1940-1941-ci  dərs  ilində  400-dən  çox 

tələbəni  əhatə  edən  18  sinif  vardı.  Yalnız  1940-1941-ci  dərs  ilində  məktəbə  232  tələbə  qəbul  olunmuşdur. 

Məktəb  birinci  buraxılışında  (1928-29-cu  il)  28  nəfər,  ikinci  buraxılışda  isə  (1929-30-cu  il)  azərbaycanlı 

məktəblərinə  32  müəllim  vermişdi.  1940-41-ci  dərs  ilində  məktəblərimizə  150  nəfər  müəllimin  verilməsi 

nəzərdə  tutulmuşdu".  Ümumiyyətlə,  pedaqoji  texnikum  1928-ci  ildən  1941-ci  ilə  qədər  836  müəllim,  eyni 

müddət  ərzində  məktəbin  qiyabi  şöbəsi  242  müəllim,  həmçinin  birillik  müəllimlər  kursunu  bitirən  təxminən 

150-dən  artıq  müəllim  hazırlamışdı.  Özünün  15  illik  fəaliyyəti  müddətində  pedaqoji  məktəbin  1228  nəfər 

məzunu  müəllim  diplomuna  layiq  görülmüşdü.  1947-ci  ilə  qədər  isə  texnikumu  1370  nəfərə  qədər  pedaqoji 

təhsilli müəllim başa vurmuşdur. Çox təəssüf ki, ali təhsilə rəvac verilmirdi.  

Azərbaycanın bir çox görkəmli ziyalıları: C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Müşfiq, M.Hüseyn, 

Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Əbülhəsən, Sabit Rəhman, Mikayıl Rəfili, Süleyman Rüstəm 

və başqaları bu təhsil ocağının qonağı olanda ali təhsil alan tələbələri də bu görüşlərə dəvət edirdilər. Bu təhsil 

ocaqları arasında sıx əlaqə vardı.  

Ümumiyyətlə,  İrəvanda  azərbaycanlıların  ali  təhsilə  cəlbinə  laqeydliklə  yanaşılırdı.  Xatırladırıq  ki, 

1936-cı ildə Qərbi Azərbaycan məktəblərində dərs deyən 541 nəfər müəllimdən cəmi 5-i ali təhsilli idi. Bu işə 

1935-ci  ildə  Gümrüdə  və  Dilicanda  təşkil  edilmiş  ikiillik  qiyabi  pedaqoji  institutların  bir  qədər  köməyi 

dəymişdi.  Buraya  Bakıdan  dəvət  edilmiş  professor  Əhməd  Seyidov  -  pedaqogikadan,  Muxtar  Qasımov  - 

marksizm-leninizmdən, Məmmədağa Şirəliyev  - Azərbaycan dilindən, Məmməd Abbasov-psixologiyadan dərs 

deyirdilər. Məhz onların köməyilə 1937-ci ildə İrəvan Pedaqoji İnstitutunda Azərbaycan şöbəsinin açılması bu 

sahədə  müəyyən  irəliləyişin  yaranmasına  səbəb  olmuşdu.  Bir  sözlə,  birinci  dərəcəli  məktəblərdən  tutmuş, 

texnikumlar,  ikiillik  qiyabi  pedaqoji  institutlar  və  pedaqoji  institutun  Azərbaycan  bölməsinədək  azərbaycanlı 

gənclər səylə öz təhsillərinə davam edirdilər. 

İrəvanda və eləcə də bütün Ermənistanda azərbaycanlıların savadlanmasına ciddi çətinlik törədən əsas 

iki amil var idi. Birinci amil ondan ibarət idi ki, min ildən artıq bir dövrdə azərbaycanlılar ərəb əlifbası əsasında 

təhsil almışdılar. Yeni təhsil sistemi isə bunu qəbul etmirdi. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. İkinci amil 

o idi ki, yerlərdə buna mane olurdular, ermənilərin millətçiliyi asta-asta öz işini görürdü.  




1935-ci  ildə  Ermənistanda  sovet  hakimiyyətinin  yubileyi  günlərində  belə  azərbaycanlıların  təhsil 

alması üçün hələ də normal şərait yaradılmamışdı. Bu haqda "Qızıl şəfəq" qəzetində bir sıra məqalələr də dərc 

edilmişdi. Belə məqalələr vəziyyətin ağırlığından xəbər verirdi.  

Məktəblilərin  işini  qaydaya  salmaq  üçün  ali  təhsillilərə  ciddi  ehtiyac  yenə  də  qalırdı.  Bütün 

çətinliklərə baxmayaraq, İrəvanda yaşayan Cahangir Ələkbərbəyov, Bala Əfəndiyev, Mehdi Kazımov, Miryusif 

Mirbabayev, Abbas Fərəcov, Sadıq Fərəcov, Rza Vəlibəyov, Rza Şeyxzadə, Əkbər Rzayev, Əsgər Əsgərzadə, 

Rəhim  Allahverdiyev,  Cəfər  Vəlibəyov,  Bəhlul  Yusifov,  Ələşrəf  Bayramov,  Həbib  Məmmədzadə,  Əli 

Yüzbaşıyev,  Zaman  Vəliyev,  Bülbül  Kazımova,  Tacirə  Bağırova,  Fatma  Qədimova,  Həqiqə  Abbasova  və 

onlarla  başqa  azərbaycanlı  ziyalı  İrəvanda  elmin,  maarifin,  mədəniyyətin  inkişafında  yorulmadan,  ləyaqətlə 

çalışırdılar. Bu millətsevər ziyalılar xalqın savadlanması üçün dərs deməkdən əlavə, elmin, maarifin əhəmiyyəti 

haqqında  təbliğat  aparır,  məruzələr  edir,  məqalələr,  proqram,  dərs  vəsaiti  və  dərsliklər  yazırdılar,  "Sovet 

Ermənistanı", "Qızıl şəfəq" qəzetlərində çıxış edirdilər.  

Lakin  azərbaycanlıların  kütləvi  deportasiyası  yaxınlaşırdı.  SSRİ  Nazirlər  Sovetinin  Azərbaycan 

xalqına  qarşı  tarixi  cinayət  aktı  olan  1947-ci  il  23  dekabr  və  1948-ci  il  10  mart  tarixli  qərarlarından  sonra 

köçürülməsi vacib olan obyektlərdən biri kimi siyahıda İrəvan Pedaqoji Texnikumu ilə yanaşı, İrəvan Pedaqoji 

İnstitutunun Azərbaycan bölməsi də salındı. Köçürmə zamanı Azərbaycanın gələcək alimləri professor Zərifə 

Budaqova,  professor  Bağır  Bağırov,  uzun  müddət  "Azərbaycan  məktəbi"  jurnalının  baş  redaktoru  işləmiş, 

əməkdar müəllim Zəhra Əliyeva və başqaları da öz təhsillərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam 

etdirməli oldular. 

Bir haşiyə: İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin acı taleyindən söz açanda Azərbaycan 

qadın  dilçiləri  arasında  ilkin  olaraq  filologiya  elmləri  namizədi  adını  alan,  sonralar  Azərbaycan  SSR  EA-nın 

müxbir üzvü,  Dilçilik İnstitutunun direktoru səviyyəsinə yüksələn Zərifə Budaqovanın tərcümeyi-halından bir 

hissəni yada salmaqla onun İrəvan Pedaqoji İnstitutu ilə bağlı bəzi nüansları xatırlamağa ehtiyac duyulur: 

İrəvan şəhərində orta məktəbin yeddinci sinfini bitirdikdən sonra 1942-1945-ci illərdə İrəvan Pedaqoji 

Texnikumunda  oxuyan  Zərifə  Budaqova  1946-cı  ildə  İrəvan  Pedaqoji  İnstitutunun  Azərbaycan  filologiyası 

fakültəsinə  daxil  olur.  Həmin  fakültə  1948-ci  ildə  Bakıya  köçürüləndə  o,  təhsilini  1949-cu  ildə  Bakıda  başa 

vurdu,  elmi  istiqamət  götürdü  və  aspiranturaya  daxil oldu.  O,  öz  elmi  tapıntıları  ilə  xalqımızın  alim  qızı  kimi 

layiqli ad qazandı. 

Başqa bir haşiyə: Azərbaycan təhsil işçilərinin yaxşı tanıdığı, uzun müddət Maarif Nazirliyində Baş 

Məktəblər idarəsinin rəisi, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru işləmiş mərhum Zəhra Əliyeva 1942-

ci ildə İrəvan Pedaqoji Texnikumuna daxil olmuş və texnikumu 2 ilə bitirmişdir. O, 1946-1948-ci illərdə İrəvan 

Pedaqoji  İnstitutunda  oxuyarkən  arxivlərə  də  baş  vurmuşdur.  Sonralar  ədəbi  əlaqələrlə  bağlı  namizədlik  işini 

yazarkən yenidən İrəvan arxivlərinə müraciət etmişdir. O, Avetik İsaakyanın arxivində bir qeydə rast gəlmişdi. 

Orada  Avetik  İsaakyanın  əli  ilə  yazılmışdı  ki,  bir  qrup  Azərbaycan  yazıçısı  İrəvana  səfərə  gedərkən  Səməd 

Vurğun  Qazaxda  gecələməli  olur.  Onu  qarşılamaq  üçün  Avetik  İsaakyan  Dilicana  gəlir.  Onunla  görüşürlər, 

maşınla  gedərkən  yolun  kənarında  bir  çobana  rast  gəlirlər.  Səməd  Vurğun  maşını  dayandırır  və  Avetik 

İsaakyandan xahiş edir ki, bu mənzərəli yerdə bir quzu alıb bulağın başında kabab çəksinlər. Razılaşırlar. Səməd 

Vurğun quzunun pulunu çobana vermək istəyəndə Avetik İsaakyan ona mane olur və deyir ki, əzizim Səməd, 

sən qonaqsan, pulu biz verməliyik. Səməd Vurğun isə pulu çobana uzadır və özünəməxsus təmkin və sərtliklə, 

"Nə  vaxtdan  mən  öz  torpağımda  qonaq  sayılıram",  -  deyir.  Sonralar  bunu  qələmə  alan  Avetik  İsaakyan  qeyd 

edir ki, mən onda başa düşdüm ki,  

"Yenə gördüm səni, Dilcan dərəsi

Yadıma çox köhnə zamanlar gəlir", 

- deyəndə Səməd Vurğun nəyə işarə edirmiş (Yəni, bu yerlərin qədim Azərbaycan torpaqları olduğunu 

nəzərdə  tuturmuş).  Sonra  Avetik  İsaakyan  qeydlərini  aşağıdakı  sözlərlə  bitirir:  "Bizim  nəsillər  bilsin  ki, 

S.Vurğun beynəlmiləlçi yox, qatı millətçi olmuşdur". Zəhra xanım bu sənədin üzünü köçürə bilməmişdi, əlbəttə, 

buna  imkan  da  verilməzdi,  ancaq  məzmununu  yaddaşında  yaxşı  saxlaya  bilmişdi.  Zəhra  xanımın  dediyi  kimi 

qəzetlərimiz də bunu çap edə bilməzdi. Məlum səbəblərdən o özü də buna israr etməmişdir. Lakin zaman belə 

sirləri saxlamır... İndi bunu hamı bilməlidir. Zəhra xanım o illəri xatırlayaraq "Azərbaycan məktəbi" jurnalında 

yazırdı:  -  "Azərbaycanlıların  Ermənistandan  deportasiya  edildiyi  1948-ci  ildə  İrəvan  Pedaqoji  İnstitutunun 

nəzdində olan Azərbaycan şöbəsini bağladılar. Yeni dərs ilinin ilk günlərindən müəllimlərimizə və biz tələbələrə 

institutun  binasına  daxil  olmağa  belə  icazə  vermədilər. Tələbələrin  bir hissəsi, o  cümlədən  mən  N.Tusi  adına 




ADPU-da təhsilimizi davam etdirdik, əksəriyyəti isə Azərbaycanın müxtəlif rayonlarına köçdüyü üçün təhsilini 

davam etdirə bilmədilər" ("Azərbaycan məktəbi", 1998, № 1). 

Zəhra Əliyevanın yazdığına görə, o zaman bu tələbələrin taleyi ilə maraqlananlar az olsa da, APİ-də 

kafedra müdiri işləyən professor Mehdi Mehdizadə bu tələbələrin aqibəti ilə çox maraqlanırmış. Hətta İrəvan 

şəhərindən zorla köçürülən tələbələrin qrupunda pedaqogikadan mühazirəni o özü oxuyurmuş. O bu tələbələrə 

çox qayğıkeşliklə yanaşırmış.  

Beləliklə,  rəsmi  bir  qərarla  dövlət  siyasətinin  nəticəsi  olan  soyqırımla  azərbaycanlıların  ali  təhsil 

almaq  məsələsinə  son  qoyuldu.  Lakin  tarix  təkrar  olunur.  İrəvan  ziyalıları  deportasiyadan  əvvəlki  vəziyyətə 

qayıtmaq üçün əzmlə çalışırdılar. Bu məqsədlə yuxarı distansiyalara çoxlu ərizələr gedirdi. O da məlumdur ki, 

deportasiyadan sonra Ermənistanda yüz minlərlə azərbaycanlı qalırdı, həm də 1948-1953-cü illər deportasiyası 

Stalinin  ölümündən  sonra  dayandırılmışdı.  Hətta  azərbaycanlıların  bir  qismi  yenidən  Ermənistana  qayıdırdı. 

Ermənilərin  millətçi-şovinist  əhvali-ruhiyyəsi  də  bir  qədər  mülayimləşmişdi.  Stalinin  ölümündən  sonra 

imperiyanın  siyasətində  də  dəyişiklik  əmələ  gəlmişdi.  Ona  görə  də,  1954-cü  ildə  İrəvan  Pedaqoji  İnstitutu 

nəzdində  yenidən  Azərbaycan  şöbəsi  açıldı.  İki  fakültəyə:  Azərbaycan  dili  və  ədəbiyyatı,  fizika-riyaziyyat 

fakültələrinə qəbul üçün "Sovet Ermənistanı" qəzetində elan verildi. Hər fakültə üçün 25 nəfər planlaşdırılmışdı. 

Çoxdan bəri bunu gözləyən azərbaycanlı gənclərinin sevincinin hədd-hüdudu yox idi. Bakıya gəlməyə imkanı 

olmayanlar  üçün  bu  vəziyyət  lap  göydəndüşmə  olmuşdu.  Təşkilati  məsələlər  başlandı.  İrəvandakı  ziyalıların 

instituta  müəllim  kimi  cəlb  edilməsi  birinci  addım  oldu.  İrəvanın  çox  hörmətli  ziyalıları  bunu  rəğbətlə 

qarşıladılar. İrəvan ziyalıları instituta üz tutdular. Ermənistanda nəşr olunan "Qızıl şəfəq" qəzetinin, həmçinin 

"Sovet  Ermənistanı"  qəzetinin  baş redaktoru  olmuş,  bir neçə  çağırış  Ermənistan Ali  Sovetinə  deputat seçilmiş 

Rza Vəlibəyov (1903-1974) bu işə həvəslə qoşuldu və o, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin 

ilk müəllimlərindən biri oldu və burada siyasi iqtisad fənninin tədrisi ona həvalə edildi. Eləcə də Azərbaycan 

pedaqoji ictimaiyyətinə yaxşı tanış olan Ermənistan Ali Soveti sədrinin müavini, "Sovet Ermənistanı" qəzetinin 

baş redaktoru Məhərrəm Bayramov xarici ədəbiyyatın tədrisini üzərinə götürdü. Çox təəssüf ki, onun da həyatı 

faciə  ilə  nəticələndi.  Tanınmış  rəssam,  500-dən  çox  əsərin  müəllifi  Cabbar  Quliyev  də  Azərbaycan  şöbəsində 

dərs  aparırdı.  "Sovet  Ermənistanı"  qəzetinin  baş  redaktorunun  müavini  Sabir  Əsədov  isə  fəlsəfə  dərslərini 

aparırdı. Mərd, cəsarətli bir insan olan Sabir müəllim bu institutun Azərbaycan bölməsinin nüfuzunun qorunub 

saxlanmasına çox böyük səy göstərmişdi. Onun bu sahədəki xidmətləri hörmətlə yad edilir. Uzun müddət İrəvan 

Pedaqoji  Texnikumunun  direktoru  işləmiş  Bəhlul  Yusifov  da  Azərbaycan  bölməsinin  aparıcı  müəllimlərindən 

biri idi. Azərbaycan bölməsində bunlardan əlavə, filologiya elmləri doktoru Əkbər İrəvanlı, Əli Dalqılıçov, Adil 

Süleymanov, Fərrux Rzayev, Mikayıl Heydərov, Lətif Hüseynzadə, Məhərrəm Hüseynov, Arzuman Qəmbərov 

kimi irəvanlı alimlər də çalışırdılar. Ümummilli liderimiz Heydər Əliyevin müəllimi olmuş Lətif Hüseynzadənin 

xidmətləri  də  danılmazdır.  Tələbələri  onu  indi  də  yaddan  çıxarmırlar.  Lakin  iki  buraxılışdan  sonra  fizika-

riyaziyyata  qəbul  dayandırıldı.  Az  sonra,  yəni  1958-ci  ildə  Azərbaycan  dili  və  ədəbiyyat  fakültəsinin  də 

profilində dəyişiklik edildi və ədəbiyyatla yanaşı, onlara tarix ixtisası da verildi.  

Qədim  tarix  üzrə  əhəmiyyətli  lüğət  hazırlamış  və  Herodotun  əsərlərini  Azərbaycan  dilinə  tərcümə 

etmiş  görkəmli  alim,  ADU-nun  professoru,  kafedra  müdiri  Mehdi  Erivanski  İrəvan  Pedaqoji  İnstitutunda 

mühazirə  oxumağa  dəvət  edilmişdi.  O,  eyni  zamanda  Mahaçqala  və  Pyatiqorskinin  ali  məktəblərində  də 

mühazirə  oxuyurdu.  Onun  tələbəsi  olmuş  AMEA-nın  Tarix  İnstitutunun  direktoru,  AMEA-nın  müxbir  üzvü, 

professor Yaqub Mahmudov xatırlayır ki, "O, gözəl pedaqoq, alim olmaqla yanaşı, həm də çox milli adam idi". 

Belə  bir  adamın  İrəvan  Pedaqoji  İnstitutunda  dərs  deməsi  böyük  hadisə  idi.  1950-ci  ildə  İrəvan  Pedaqoji 

İnstitutunun tarix-filologiya fakültəsini bitirən mərhum lüğətşünas İbrahim Xəlilovun dediklərindən: "1957-58-

ci  illərdə  Mehdi  Erivanski  bizə  İrəvan  Pedaqoji  İnstitutunda  dərs  deyirdi.  Bir  gün  yay  aylarında  imtahandan 

sonra  İrəvanın  təxminən  25-30  km-də  yerləşən  Dərəçiçək  kəndinə  getdik.  Xoş  bir  məclisdən  sonra  Mehdi 

müəllim  oturmuş  vəziyyətdə  əli  ilə  ətrafdakı  təpələrin  üstündəki  sarayları  göstərib  dedi:  "Bunlar  babamın 

mülkləridir, yay aylarında gəlib burada dincəlirdik". Azərbaycan dili və ədəbiyyat bölməsində professor Knyaz 

Mirzəyev  də  aparıcı  şəxsiyyətlərdən  sayılırdı.  O,  həm  də  formal  da  olsa,  dekan  müavini  vəzifəsini  aparırdı. 

Hazırda o, Almatı Dövlət Universitetinin professorudur, akademikdir. Azərbaycan bölməsinin müəllimlərindən 

professor  Hüseyn  İsmayılov  İrəvandan  gələndən  sonra  Azərbaycan  MEA-nın  Folklor  İnstitutuna  başçılıq 

etmişdir.  Adıçəkilən  müəllimlər  Azərbaycan  bölməsini,  demək  olar  ki,  öz  gücləri  hesabına  yaşada  bilirdilər. 

Onlar qorxmadan, çəkinmədən axır günlərə qədər öz mübarizliyindən əl çəkmədilər. Sonralar isə, təbii ki, onlar 

yenə  həyatda  öz  yerlərini  tutdular.  Azərbaycan  dili  kafedrasının  müəllimi  Aida  Salahova  hazırda  Azərbaycan 




Dövlət  Neft  Akademiyasında  kafedra  müdiridir.  Biologiya  müəllimi  Arzuman  Qəmbərov  Təhsil  Problemləri 

İnstitutunun  aparıcı  elmi  işçisidir.  Filologiya  elmləri  namizədi  Məsim  Məmmədov,  dosent  Həsən  Səfərov 

dünyasını  dəyişmişlər.  İrəvan  Pedaqoji  İnstitutunun  tarix-filologiya  fakültəsinin məzunları da  öz  iş  yerlərində 

sayılıb,  seçilən  kadrlar  kimi  tanınmışlar.  İlk  məzunlardan  olan  Məmməd  Kərimov  uzun  müddət  Azərbaycan 

Milli  Ensiklopediyasında  şöbə  müdiri,  ensiklopediyanın  redaktorlarından  biri  olmuşdur.  Nəsilli-nəcabətli  bu 

şəxsin  atası  Məmmədrəhim  müəllim  özü  də  İrəvan  Pedaqoji  Texnikumunun  ilk  məzunlarından  biri  kimi,  öz 

kəndlərindəki ibtidai məktəbin əsasını qoymuşdu. Məzunlardan Rəşid Quliyev Amasiya rayonunda ən qabaqcıl 

məktəblərdən birinin direktoru olmuşdur. 1988-ci il hadisələrindən sonra da o Bakı şəhəri Qaradağ rayonunda 

məktəb direktoru işləmişdir. Onun böyük qardaşı Ənnağı İrəvan Pedaqoji Texnikumunun məzunu, digər qardaşı 

Əli  İrəvandan  köçürülən  Xanlar  Pedaqoji  Məktəbinin  məzunu  olmuşdur.  Rəşid  müəllim  Qərbi  Azərbaycanda 

böyük  ənənələri  davam  etdirən  maarif  işçisi  kimi  tanınırdı.  60  illiyi  münasibətilə  Rəşid  müəllim  Azərbaycan 

Respublikası  təhsil  naziri  Misir  Mərdanovun  imzası  ilə  Fəxri  fərmanla  təltif  edilmişdir.  Tarix-filologiya 

fakültəsinin məzunlarından Yunis Yusifov, Eldar Sadıqov, Yunis Məmmədov,  Rəşid Talıbov (Aşıq Ələsgərin 

nəvəsi),  Hüseyn  Əmirov,  Knyaz  Əyyubov,  Xurşud  Məmmədov,  Tariyel  Tağıyev,  İskəndər  Mirzəliyev  və 

başqaları  müxtəlif  vəzifələrdə  çalışmış,  onların  bir  qismi  dissertasiya  müdafiə  edərək  elmlər  doktoru,  elmlər 

namizədi adını almışlar.  

Təxminən on il sonra, yəni 1963-cü ildə İrəvan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul 

dayandırıldı,  yalnız  ibtidai  sinif  müəllimi  hazırlayan  25  nəfərlik  qrup  saxlandı.  Buraya  yenə  də  Bakıdan 

müəllimlər  dəvət  olunurdu.  Azərbaycan  EA-nın  müxbir  üzvü  Maqsud  Cavadov,  Azərbaycan  alimlərindən: 

Zeynal Tağızadə, Azər Hüseynov, Həmid Əliyev, Elməddin Əlibəyzadə, Mehdi Erivanski kimi alimlər tez-tez 

İrəvana ezam olunur, bir müddət orada qalır, ixtisasları üzrə dərs aparırdılar. Hər dəfə onların gəlişi bu instituta 

yeni ab-hava gətirirdi.  

İrəvan Pedaqoji İnstitutunun rəhbərliyini isə bunlar az maraqlandırırdı. Ona görə də bəzi dərslər boş 

keçir,  nəticədə  tədrisin  keyfiyyəti  aşağı  düşür,  Azərbaycan  bölməsinin  mövqeyini  zəiflətmək  siyasəti  davam 

etdirilirdi.  

Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan bölməsinə rəhbərlik erməni bölməsinin dekanlarına 

tapşırılmışdı. Azərbaycan bölməsini illər boyu "yamaq" kimi sıxışdırırdılar. Tələbələr hər bir adi məsələ üçün 

yalnız milliyyətcə erməni olan dekana müraciət etməli idilər. Azərbaycan bölməsi müəllimlərinin təşkilati işlərə 

qarışması yalnız onların vasitəsilə mümkün olurdu.  

Daim  təqiblərə  məruz  qalan  İrəvan  Pedaqoji  İnstitutunun  Azərbaycan  bölməsinin  ən  ağır  günləri 

yaxınlaşırdı. XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məqamında və ilk növbədə Ermənistan 

SSR  ərazisində  antiazərbaycan,  antitürk  təbliğatı  gücləndirildikdə  ermənilər  öz  çirkin  niyyətlərini  açıq-aşkar 

reallaşdırmağa  imkan  tapdılar.  Nəticədə  Ermənistan  SSR  ərazisindən,  öz  tarixi  etnik  torpaqlarından  -  185 

kənddən  və  başqa  yaşayış  məntəqələrindən  250  min  azərbaycanlı  qovuldu.  Ermənistan  SSR  monoetnik  bir 

qondarma  "dövlət"ə  çevrildi.  1988-ci  il  Dağlıq  Qarabağ  hadisələri  İrəvan  Pedaqoji  İnstitutunda  toplanmış 

daşnakların da iç üzünü açdı, gizli düşmənçilik hissləri baş qaldırdı. Onlar mübarizənin açıq formasına keçdilər.  

İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili dərslərini aparmış, 1988-ci il hadisələrinin canlı şahidi 

olmuş,  hazırda  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetində  filologiya  fakültəsinin  dekan  müavini  işləyən, 

dosent Məhərrəm Hüseynovun dediklərindən:  

-  Dağlıq  Qarabağ  hadisələri  başlanana  qədər  Azərbaycan  şöbəsinə  biganəlik  örtülü  şəkildə  gedirdi. 

Hər  il  25  nəfər  azərbaycanlı  tələbənin  qəbuluna  onlar  müxtəlif  yollarla  maneçilik  törədirdilər.  Qəbul 

imtahanlarını  ixtisas  fənlərindən  azərbaycanlılar,  xarici  dildən  isə  ermənilər  götürürdülər.  Xarici  dil  sona 

saxlanılırdı.  Əvvəlki  imtahanlardan  qiymət  alanlara  məhz  bu  imtahanda  divan  tutulurdu.  Abituriyentlərin 

çoxuna  qeyri-müvəffəq  qiymət  verilirdi.  Ona  görə  də  hər  il  qəbul  planı  dolmurdu.  Boş  yerləri  isə  erməni 

bölməsinə verirdilər. Hər il axıra 18 nəfərdən artıq qalmırdı. 1988-ci il qəbulunda isə vəziyyət daha da ağırlaşdı. 

Saqqallılar  imtahanın  gedişinə  müdaxilə  edirdi.  Bir  də  görürdün  ki,  bir  neçə  saqqallı  imtahana  girir, 

azərbaycanlı  tələbələrin  üst-başını  gəzir,  onları  təhqir  edirdilər.  Onların  bu  təzyiqinin  nəticəsi  idi  ki,  həmin  il 

cəmi 9 nəfər müvəffəq qiymət ala bilmişdi. Məlumdur ki, onlara da burada oxumaq qismət olmadı. Vəziyyət isə 

günü-gündən ağırlaşırdı. Sumqayıt hadisələrindən sonra keçirilən bir yığıncaqda SSRİ xalq artisti, kinorejissor 

Henrix Malyan açıq-aşkar bildirdi ki, əgər Bakının ali məktəblərində erməni bölməsi yoxdursa, İrəvanda niyə 

belə bölmələr saxlanmalıdır. Ona qocaman professorumuz Knyaz Mirzəyev çox kəskin cavab verdi. O dedi ki, 

Bakı ali məktəblərində həmişə erməni bölmələri olubdur. Lakin Stepanakertdə (Xankəndində) ayrıca pedaqoji 




institut yaradılanda o bölmələr bu instituta köçürülmüşdür. Onlar isə öz qərəzli iddialarından əl çəkmirdilər və 

açıq-açığına  deyirdilər  ki,  artıq  SSRİ  yoxdur,  daha  heç  kəs  bizi  türklərlə  dostluq  etməyə  məcbur  edə  bilməz. 

Ermənistanı  Qarabağ  Komitəsi  idarə  edirdi.  Belə  günlərdə  çağırılan  Elmi  Şuranın  iclaslarının  birində 

Nalbandyan  familiyalı  bir  alim  tələb  etdi  ki,  Sumqayıtda  baş  verən  hadisələr  üçün  azərbaycanlı  müəllimlər 

erməni  xalqından  üzr  istəsinlər.  Qocaman  professor  Fərrux  Rzayev  çəkinmədən  ayağa  durdu  və  "hələ  bilmək 

olmaz  kim  kimdən  üzr  istəməlidir",  -  cavabını  verdi.  Artıq  bıçaq  sümüyə  dirənmişdi.  Pedaqoji  İnstitutun 

Azərbaycan  bölməsi  son  günlərini  yaşayırdı.  Pedaqoji  İnstitutun  Elmi  Şurasında  Azərbaycan  bölməsinin 

bağlanması məsələsi qoyuldu. Lakin bizim arqumentlərimiz onlarınkından daha tutarlı olduğu üçün Elmi Şura 

Azərbaycan bölməsini bağlamaq qərarını açıq qoydu. Yəqin düşünürdülər ki, onsuz da bu bölmə öz fəaliyyətini 

dayandıracaqdır. Bütün bunlar isə ermənilərin şovinist fikirlərinin cücərməsinə hər gün münbit şərait yaradırdı.  

Bakıda, Azərbaycan Pedaqoji İnstitutunda isə uzun illər erməni bölməsindəkilərə qayğı ilə yanaşılırdı. 

Hətta sonra bu bölmə genişləndirilərək Xankəndində müstəqil pedaqoji institut kimi fəaliyyət göstərdi. Əlbəttə, 

bütün bunlar tarixdə ermənilərlə azərbaycanlıların hər birinin bir millət kimi hansı səviyyədə dayanmalarına ən 

tutarlı sübut kimi qalacaqdır və tarix bunlara öz həqiqi qiymətini verəcəkdir. Çox təəssüf ki, bu kiçik yazımızda 

Azərbaycan  bölməsinin  tarixinə  dair  əlçatmaz  faktlara  istinad  edə  bilmədik.  Lakin  nələrisə  unutmamaq  üçün 

deməyi lazım bildik.  

Əminik ki, Qərbi Azərbaycanda məktəb, təhsil məsələləri milli tariximizin şanlı səhifələri kimi hələ 

bundan sonra da öyrəniləcək, ermənilərin məkrli niyyətlərinə obyektiv qiymət veriləcəkdir.  



 

Nəcəf NƏCƏFOV, 

ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar müəllim, 

akademik M.Mehdizadə və "Qızıl qələm" mükafatları laureatı

 

Yüklə 345,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə