Azərbaycan nağillari



Yüklə 1,1 Mb.
səhifə2/9
tarix30.12.2017
ölçüsü1,1 Mb.
#18810
1   2   3   4   5   6   7   8   9

YEDDİ QIZ DƏDƏSİ,

YEDDİ OĞLAN DƏDƏSİ
Bir gün var idi, bir gün yox idi. Allahdan səvay heç kəs yox idi. Iki dana qərdəş var idi. Birinin yeddi qızı, o birinin yed­di oğlu. Yeddi oğlan dədəsi hər vəqt qərdəşin görəndə deyərdi:

– Salam-əleykəm, yeddi qançıq atası!

Bu qərdəş başın salardı aşağa, gələrdi evə. Bir gün yenə tutulmuş, pozğun evə gələr. Böyük qız deyər:

– Ata, nə olubdu?

Deyər ki, əmiz gündə belə deyir... Qız deyər:

– Sabah sən də denə,“əleykəl-səlam”, yeddi köpək iyə­si! Bir oğlan səndən, bir qız məndən, göndər qoşaq get­sinlər çörək qazanmağa. Görək hansı yaxşı qazanar?

Sabah qərdəş rast gələr, deyər:

– Səlam-əleykəm, yeddi qançıq atası!

Bu biri qərdəş başın qavzar, deyər:

– Ələykəl-səlam, yeddi köpək iyəsi. Bir oğlan səndən, bir qız məndən, göndər qoşaq getsinlər çörək qazanmağa. Görək hansı yaxçı qazanar?

Qərdəş sevinər. Öz-özünə deyər ki, qız haradan ge­də­cək çörək qazanacaq? Hərə özününkünə at, yol xərcliyi verər. Əmoğlu, əmqızı yola düşərlər. Yol ayrımına yetişərlər. Gö­rərlər yazıblar: “Bu yol gedən gelər, bu yol gedən gəlməz”.

Oğlan deyər:

– Əmqızı, mən gedirəm gedər-gəlməzə. Sən get o birisinə.

Qız deyər:

– Yox, mən gedəcəyəm gedər-gəlməzə. Bir ilə vəqt verək. Hər kim tez gəlsə burada gözləsin.

Oğlan deyər ki, yaxçı. Hərə gedər bir yola. Qız gedər, gedər yetişər bir şəhərə. Atın satar, bir dəst oğlan paltarı alar geyər, gedər dəmirçi şagirdi olar. Dəmirçi bunun işinə baxar, görər ki, bunda qız nəqşəsi var. Bir neçə gün keçər, bir gün dəmirçi gələr nənəsinə deyər:

Qolu qolbağ yeridi,

Boynu gərdənbənd yeri.

Barmağı üzük yeridi,

Ana, şagird qızdı, qız!


Nənəsi deyər:

– Oğul, bu nə sözdü? Get işinə bax. Əl çək sözlərindən. Qızdan dəmirçi şagird olmaz.

Dəmirçi əl çəkməz. Nənəsi deyər:

– Gecə bir az qızılgül al, salaq döşək altına. Oğlan olsa, oğlan ağır olar, qızıl güllər dağılar, əzilər, qız olsa, tər qalar, heç zad olmaz.

Evdə bir tazı var idi. Dil bilirdi. Gedər qıza deyər ki, usta Həlim xanın nənəsi bu qurqunu qurub.

Qız deyər:

– Ne eləyim bə?

Deyər:


– Gecə yatanda o yan-bu yana ağna, güllər əzilsin.

Qız deyər ki, yaxçı.

Gecə evə gəlib yatanda səhərəcə eşinər, o yan-bu yana ağnar. Səhər durar gedər tükana. Dəmirçinin nənəsi yerləri yığanda görər qızıl güllər əzim-əzim əziliblər.

Oğluna deyər:

– Gördün, bala, şagird qız deyil! Bir dana sah gül qal­mayıb.

Gedər dükana, beş-on gün keçər. Dəmirçi nənəsinə deyər:


Qolu qolbağ yeridi,

Boynu gərdənbənd yeri.

Barmağı üzük yeridi,

Ana, şagird qızdı, qız!


Nənəsi deyər:

– Oğul, əl çək! Bular nə sözdü? Utan!

Dəmirçi əl çəkməz. Nənəsi deyər:

– İndiki əl çəkmirsən, götür apar Mınçıq dağına. Bir də Qılınc dağına. Mınçıqlardan götürsə, qızdı, qılınclardan gö­tür­sə, oğlandı.

Yenə tazı qaçar qıza xəbər verər, deyər:

– Əsla mınçıqlara əhəmiyyət vermə.

Axşam başı dəmirçi deyər:

– Gəl bir gedək dağı dolanaq. Nəfəsimiz açılsın.

Əvvəl Mıncıq dağına gedərlər. Dəmirçi bir oğuc mın­cıq götürər deyər:

– Bəh, bəh! Gör nə xoş mıncıqdılar!

Qız qışqıraraq deyər:

– Usta, onları nə eliyəcəyik? Boşla gedək Qılınc dağına.

Gedərlər Qılınc dağına. Qız bir az pıçaq, qılınc-zad gö­türər gələrlər evə. Nənə deyər:

– Hə, oğul, necə oldu?

Dəmirçi olanı deyər. Nənə deyər, gördün ,bala, mən deyən oldu, olmadı? Get başını sal işlə.

Yenə üç-dörd gün keçər. Dəmirçi görər şagirddə qız nəqşəsi var ki, var. Gələr yenə nənəsinə deyər:


Qolu qolbağ yeridi,

Boynu gərdənbənd yeri.

Barmağı üzük yeridi,

Ana, şagird qızdı, qız!

Nənəsi deyər:

– Oğul, indi əl çəkmirsən, apar göldə üzün. Orada bi­li­nər oğlandı, ya qız.

Tazı qaçar qıza deyər.Qız deyər:

– Bə mən nə eləyim?

Tazı deyır:

– Qoy əvvəl o düşsün. Mən suyu bulandıraram. Sən tez düş bir suya bat, çıx.

Günorta çağı dəmirçi deyər:

– Gəl bir, gölə gedək. Hava çox istidi.

Dəmirçi qabaqca soyunar düşər suya. Tazı da atılar su­ya şabaşap suyu daşlandırar. Qız tez soyunar, suya batar, çıxar. Dəmirçi birdən baxar görər şagird çıxıb. Deyər:

– Bə, nə tez çıxdın?

Qız deyər:

– Üşüdüm çıxdım.

Axşam evə gələndə nənə deyər:

– Hə, oğul, nə gördün?

Deyər:

– Vallah, üzdük, amma bir zad anlamadım.



Nənə deyər:

– Gördün, oğul! Di başından çıxart, işlə.

Bir neçə müddər keçər. Bir gün qız tükanda tək başına oturmuşdu, fikirləşir görər bir il qurtarıb. Durar tükanı bağ­lar, qapıda yazar:
“Qız gəldim, qız getdim, Həlim xan!

Düz gəldim, düz getdim, Həlim xan!”


Baş alar gedər. Yol ayrımına yetişər. Bir gün gözlər gö­rər əmoğludan xəbər olmadı. Deyər, gedim, görüm əmoğ­lum haradadı.

Gedər, gedər, yetişər bir şəhərə. Axtarar tapar ki, əmoğ­lusu tovlambarda quylanıb külə, bir başı eşigdə. Hər zadın da satıb xərcləyib. Gedər pal-paltar, at alar gətirər. Deyər:

– Əmoğlu, dur gey, atı min gedək.

Oğlan paltarları geyər, atı minər, qoyarlar gələrlər öz şəhərlərinə sarı. Bunlar burada gəlməkdə olsunlar...

Həlim xan gələr görər tükanı bağlı, qapıda yazıblar:
“Qız gəldim, qız getdim, Həlim xan!

Düz gəldim, düz getdim Həlim xan!”


İki əli olar, bir təpəsi. Gələr nənəsinə deyər:

– Nənə, gördün şagird qız imiş?!

Bir az xərazi malı-zadı alar, düşər qızın dalıyca.

Bu yandan əmoğlu, əmqızı gələrlər yetişərlər öz şəhər­lərinə. Hərə gedər öz evinə. Qız çoxluca pul qazanmışdı, ve­rər dədəsinə. Bir gün oturmuşdular, deyər:

– Ata, əmoğlunun atı mənimdi. Dur get al gətir.

Dədə durar gedər, deyər:

– Qızım deyir, “əmoğlu, atımı ver!”.

Oğlanın dədəsi baxar nənəsinə, nənəsi baxar dədəsinə. Qızın dədəsi atı alar gətirər. Bir neçə gün keçər. Qız deyər:

– Ata, əmoğlunun pal-paltarı mənimdi. Dur get al gətir.

Dədə durar gedər, deyər:

– Qızım deyir, “əmoğlu, pal-paltarımı ver”.

Yenə oğlanın dədəsi baxar nənəsinə, nənəsi baxar də­də­sinə. Qızın dədəsi pal-paltarı alar gətirər. Oğlan qalar lüt-üryan.

İndi sənə deyim Həlim xandan. Həlim xan yetişər şə­hə­rə. Ucadan səsliyə-səsliyə dolaşırdı ki, qız eşitsin çıxsın. Qız da eşidər çıxar çölə. Həlim xanı tanıyar. Həlim xan da onu tanıyar. Danışarlar. Həlim xanı götürər gələr evə. Dədəsinə deyər ki, bə bu, o adamdı. Həlim xan deyər ki, bə mən də sən­dən ötür gəlmişəm. Nənəmin gözü yoldadı.

Toy tutarlar. Çalıb-çağırarlar. Həlim xan qızı götürər gedər.

Göydən bir alma düşdü. Özü mənim, pülüşü eşi­dən­lərin.



ALTIM TOP
Günlərin bir günündə bir dana bacı var idi, bir dana qər­dəş. Heç zadları yox idi. Qərdəş gedərdi quş şikar edərdi gətirərdi, ikisi yeyərdilər, dolanardılar. Axşam çağı qərdəş gələndə bacı çıxardı durardı qapıda. Qərdəşin atın alardı, sa­lar­dı tövləyə, arpa tökərdi, gələrdi evə. Oturardılar şam yeyərdilər, danışardılar, yatardılar.

Bir gün qərdəş yenə getmişdi şikara. Quyudan bir səs gələr. Qız gedər quyu başına. Deyər:

– Ey quyudakı, adamsan dillən! Heyvansan dillən!

Quyudan səs gələr ki, ip salla, məni çıxar eşiyə.

Qız ip tapanmaz, çadranı açar salar. Gücən-zoran çəkər çı­xardar. Görər bir dana sarı devdi. Qız qışqırar qaçsın, dev deyər:

– Qaçma! İndi ki məni quyudan qurtardın, səni ye­mi­rəm. Amma gərək səni alam.

Qız deyər:

– Yox, olmaz! Mən sənə gələnmərəm.

Dev deyər:

– Mənə gəlməzsən özünü də öldürərəm, qardaşını da.

Axırda olmaz, qız gedər devə.

Bu yol, axşam olanda dev dalda-bucaqda gizlənirdi ki, qızın qərdəşi görməsin. Səhər olcaq ki, qərdəş gedirdi şikara çıxırdı eşigə.

Bir gün sarı dev deyər ki, qız, beləliyilən olmaz, gərək qərdəşini göndərəm ölümə. Mən daha dalda-bucaqda qal­maq­dan yoruldum.

Qız deyər, axı mənim dünyada bir dana qərdəşim var, onu da göndərsək ölümə, necə eləyim?

Dev deyər:

– Mən belə zadları bilmərəm. Axşam gərək özünü vu­rasan noxoşluğa. Qərdəşin gələndə deyərsən ki, dərmanım ağ dev bağındakı üzümdü.

Qız ağlar, sızlar. Axşam olar. Qərdəş gələr görər bacı haman deyil, deyər:

– Bacı, sənə nə olub? Çoxdandı sən haman bacı deyil­sən. Bə o günlər harda qaldı? Bə niyə belə olmusan?

Bacı deyər:

– Qərdəş, Allahdan gizlin deyil, səndən nə gizlin. Çox­dandı sancılanmışam. Deyirlər dərmanım ağ dev bağındakı üzümdü.

Qərdəş deyər:

– Dünyanın o başında da olsa, gedərəm gətirərəm. Bu gecəni mənə möhlət ver. Sabah hər yandan olsa gedərəm.

Səhər gün baş verməmiş durar atın minər yola düşər. Az gedər, çox gedər, yetişər ağ dev bağına. Atı bağlar bir yan­da. Duvardan aşar düşər bağa. Dev o yandan çıxar gələr, deyər:

– Ay həramzada, sən burda nə edirsən? İndicə səni qanına bularam.

Qərdəş yüyürər devlən güləşməyə. Götürər devi başına vurar yerə. Oturar sinəsi üstə. Dev deyər:

– Bir də vur, sonra öldür.

Deyər:

– Bizlərdə dəb deyil.



Dev bir anqırar. Elə ki, qərdəş sarı devin səsin eşidər. Qıza deyər ki, qərdəşin qərdəşimi öldürdü. Qız sevinər.

Qərdəş ağ devi öldürər, üzümlərdən dərər gələr. Deyər:

– Bacı, al ye! Kaş sənin dərmanın üzüm ola!

Bacı yeyər, toxdar. Beş gün, on gün keçər. Yenə sarı dev başlar ki, gərək qərdəşini göndərəm ölümə. Özünü vur noxoşluğa, denən ki, dərmanın qərə dev bağındakı qarpızdı.

Yenə qərdəş atın minər. Az gedər, çox gedər, yetişər qərə dev bağına. Atı bağlar, duvardan düşər o yana. Dev çı­xar gələr. Deyər:

– Ay haramzada, sən hara, bura hara? Quş quşluğu ilən burdan keçənməz. Sən necə gəldin? İndicə qanına bularam.

Qərdəş yerir qabağa. Güləşərlər. Götürər devi vurar yerə. Dev deyər:

– Bir də vur, sonra öldür.

Deyər:

– Bizlərdə dəb dəyil. Elə bir dəfə vurarıq.



Dev bərkdən anqırar. Səsi gələr çatar sarı devin qu­la­ğına, deyər ki, qız, qərdəşin qərdəşimi öldürdü. Qız sevi­nər.

Qərdəş devi öldürər, qarpız dərər gələr. Deyər:

– Bacı, al ye! Kaş sənin dərmanın qarpız ola.

Günlərin bir günündə qız yeriklər, gün keçər, ay keçər, vurar qızın uşağı olar. Əl girər qızın ürəginə ki, axşam qər­dəşim gəlsə nə deyəcəyəm? Bu oğlan uşağını nə təhər üzə çı­xardacağam?

Axşam qərdəş gələr. Deyər:

– Bacı, rəngin niyə saralıb?

Qız deyər:

– Qərdəş, Allahdan gizlin deyil, səndən nə gizlin. Qabağa çıxmışdım. Gördüm yol üstə bir oğlan uşağı. Dedim, Məhəmməd hümmətidi, yerdə qalmasın, götürdüm gəldim evə. Sonra qorxdum ki, acığın gələr.

Qərdəş uşağa baxar, məhəbbəti gələr. Adın qoyarlar “Al­tım top”. Bir gün, iki gün, üç gün... Uşaq olar dörd ya­şında, əldən yapışmalı. Oğlana dayı-dayı deyirdi. Qərdəş çox sevirdi. Axşam evə gələndə Altım top qaçardı qabağına. Atı çəkərdi tövləyə, yem verərdu, gələrdi oturardı.

Bir gün Altım top əl çəkməz, qız açar başına gələni deyər. Deyər ki, ama dayına bir söz demə. Altın top deməz.

Dev yenə bir gün qıza deyər ki, mən tək qalıram, da­rıxıram. Səni də burda qoyub gedənmirəm. Gərək qər­dəşinin çörəyinə zəhər tökəsən ölə, mən çıxam eşigə. Qız ağ­lar, sız­lar, dev əl çəkməz. Sən demə, Altım top da eşidirdi. Axşam­başı qərdəş evə gələndə kəsər qabağın deyər:

– Mən gəlincə qəza yemə, mən gəlim sonra.

Dayı deyər yaxçı.

Altın top hövlü atı çəkər tövləyə, arpa tökər. Gələr oturar dəstərxan başında, bir dana tazıları var idi. Deyər:

– Əvvəl bir tikə tazıya ataq, sonra özümüz yeyək.

Tazı tikəni yeyər, yıxılar ölər. Qərdəş hirslənər. Bilər ki, bacısı zəhər töküb, qılıncı çəkər vurar, bacı ölər. Altın top deyər:

– Dayı, onu niyə öldürdün? O, günahsız idi.

Açar bu yol qəzəv-qədəri söylər. Qədrəş durar ayağa, qılıncı çəkər, keçər sarı dev yanına, onu da öldürər. Qalarlar ikisi. Altım top on altı yaşında-zadda idi. Dayı deyər:

– Day burda qalanmarıq. Gedək çöldə-dağ başında yaşayaq. Ev-eşiklərin satarlar, sovarlar, gedər dağ başında çadır qurarlar, qalarlar. Bir gecə dayı yatırdı, Altım top ayaq altında, baş üstündə şəm yandırırdı, keşik verirdi. Bir gecə də Altın top yatırdı, dayı keşik verirdi.

Bir gecə yenə Altım top keşik verirdi. Dayının ayaq şə­mi sönər. Altım top qalar bilməz ki, baş üstə şəmi neçı yan­dırsın. Uzaqdan bir işıq gəlirdi. Deyər ki, gedim ordan yan­dı­rım gəlim. Gedər-gedər, görər dərin pilləkan var. Düşər ge­dər, görər qırx həramlar düzülüb deyirlər-gülürlər. Çal-ça­ğırdı. Bir yanda düyü süzürlər. Bir yanda samavar qaynır. Ke­çər qazan başına, görər neçə hərami yapışıb qazanı qavza­yanmırlar. Götürər tək canına qazanı atar o yana, deyər:

– Dayımın ayaq şəmi sönüb, gəlmişəm onu yandıram.

Deyərlər:

– Eybi yoxdu, yandır.

Altım top şəmi yandırar. Qayıdanda görər taqçada iki alma var. Birin götürər çıxar eşigə. Eşikdə deyər: “Gedim o birin də götürüm aparım dayıma”. Gələr o biri almanı da götürər. Qırx həramibaşı görər çox zirək cavandı. Deyər:



  • Gəl bizimlən şərik ol. Bu gecə gedəcəyik şahın xəzanəsin kəsək.

Altım top deyər:

  • Gedim dayımın ayaq şəmin qoyum gəlim.

Qaranlıqda Altım top gedər qayıdar. Qırx həramılar dolarlar şahın evinə. Altım top deyər:

– Siz durun eşikdə. Mən gedim görüm adam-madam yoxdu, çağırım gəlin.

Duvardan aşar düşər həyətə. Gedər görər kiçik qızın otağıdı. Kağaz yazar qoyar sinəsi üstə ki, qismət olsa səni alacağam özümə. Bir də bir öpüş alar. Almalardan da birin qoyar sinəsi üstə. Gedər, gedər, görər böyük qızın otağıdı. Yenə bir kağaz yazar qoyar sinəsi üstə ki, qismət olsa səni ala­cağam dayıma. Bir də bir öpüş alar. O biri almanı da qoyar onun sinəsi üstə keçər. Gedər görər padşah yatıb. Ağzı yanında bir adı batmış istər girsin ağzına. Keçər şahın xən­cəlin çəkər. Adı batmışı xəncəlin oxuna taxar, qoyar baş üs­tünə. Öz xəncəlin də taxar şahın belinə. Gələr çıxar duvar başına. Qılıncın çəkər qırx həramılara deyər:

– Bir-bir çıxın üstə, sallayım o yana.

Qırx həramılar bir-bir çıxdıqca Altım top başın kəsər salar həyətə. Qırxın da öldürər qoyar gedər dayısının yanına.

Səhər olar, kiçik qız ayılar görər ki, nə var. Gedər dədəsinin yanına, deyər:

– Təxtin tabut olsun, yerin qanilən dolsun. Sən nə gü­nün şahısan ki, gecə evinə adam gəlir, qızının yanına belə kağaz qoyur.

O yandan böyük qız ayılar, hay salar. Bu yandan pad­şah görər ayrı xəncər belinə bağlayıblar, öz xəncəli baş üs­tün­də elə, qırx hərami başını da kəsib töküblər həyətə. Şə­hərə xəbər düşər. Padşah əmr elər, şəhərin adamların bir-bir gətirsin görəm bu iş kimin işidi? Hamını gətirərlər, heç ki­min xəbəri olmaz. Padşah deyər ki, kim qalıb? Deyərlər, heç kim qalmadı, amma dağda iki nəfər var, onların işi olmaz. Onlar fəqir-füqəra bir adamdılar.

Padşah deyər:

– Gedin onları da gətirin!

Padşahın adamı gələndə Altım durar deyər ki, nə deyir­siz? Deyərlər, bə padşah çağırır.

Altım top deyər:

– Keçin, gedək.

Dayı deyər:

– Baba, boşla getsinlər! Şahın bizimlən nə işi olacaq? Ağrımaz başına niyə saqqız salırsan?

Altım deyər:

– Dayı, tez qayıdaram.

Gələrlər yetişərlər padşahın yanına. Altım padşaha uzaq­dan baş əyər, keçər deyər:

– Padşah sağ olsun! Gəl qabağca mənim xəncəlimi ver özümə, deyim.

Bu yol açar başdan deyər ki, necə getdim şəmi yan­dırmağa, qırx həramibaşı məndən xoşu gəldi. Dedi: “Gedək padşahın xəznəsin kəsməyə”. Dedim: “Yaxçı”. Gəldim çıx­dım duvara, dedim siz durun, mən baxım səs-səda olmasa si­zi çağırım. Gəldim kiçik qızın başı üstə kağaz yazdım, qoy­­­dum sinəsi üstə. Bir də öpüş aldım. Alma qoydum, keç­dim böyük qızın otağına, orada da kağaz yazdım, bir də öpüş al­dım, alma qoydum. Gəldim sənin otağına. Gördüm adı bat­mış istir girsin ağzına. Xəncəlini çəkdim, adı batmışı taxdım ucuna, öz xəncəlimi bağladım belinə. Gəldim çıxdım duvar başına. Qırx həramıları bir-bir öldürdüm, tökdüm hə­yə­tə. Getdim dayımın yanına. Indi öz yanındayam. Öldürə­cək­sən öldür, saxlayacaqsan, saxla.

Padşah görər zirək oğlandı. Çəkər alnından öpər. Gön­dərər dayısın da çağırarlar.

Yeddi gün, yeddi gecə toy tutarlar. Kiçik qızı Altım top alar, böyük qızı dayı. Padşah onu vəzir elər.

Yedi, içdi mətləbinə yetişdi.


ƏKİNÇİNİN QIZI
Günlərin bir günündə Şah Abbas durar vəziri götürər ge­dərlər şikara. Çöllü-bərri biyabanda görərlər qoca bir əkin­çi var. Şah Abbas görər ki, qoca çox dünyagörmüşdü. Deyər:

– Qoca əmi, uzaqdasan, yaxında?

Qoca Şah Abbası tanıyar. Deyər:

– Uzaqdaydım, indi yaxındayam.

Şah Abbas deyər:

– İkidəsən, üçdə?

Qoca deyər:

– İkidəydim, indi üçdəyəm.

Bu cür söhbətləşərlər. Qoca deyər, bizim evə qonaq olun. Bu yol padşahı, vəziri götürər aparar evinə. Qocanın bircə qızı var idi. Bir gözü çəp idi. Qız deyər:

– Dədə, arpa kökəsin nə cür qoyaq qonaqların qaba­ğına?

Qoca deyər:

– Olsun, eybi yoxdur.

Şah Abbas görər qız bilici qızdı. Başdan yuxarı baxar, deyər:

– Qoca, buxarı yaxçı buxarıdı, başı kəjdi.

Qız qayıdıb deyər:

– Kəjliyin nə edirsən? Tüstünü çəkməyini de!

Şah Abbas barmağın dişlər, çörək yeyərlər, durar get­məyə, qayıdar padşah qocaya deyər:

– Qaz göndərsəm, ütərsən?

Qoca deyər:

– Ax, necə! Ustasıyam.

Şah, vəzir gələrlər yerişərlər şəhərə. Vəzir soruşar:

– Şah sağ olsun, o sözlər nə idi danışırdız?

Şah Abbas deyər:

– Get, qocadan soruş, örgəş.

Vəzir görər özün saxlıyanmaz, gələr qocanın yanına. Qoca deyər:

– Hər sözə yüz tümən alaram, deyərəm.

Vəzir qəbul elər. Qoca deyər:

– O ki, padşah soruşdu: “uzaqdasan, yaxındasan?”, mənim gözlərimi soruşdu. Mən də dedim, yaxındayam. Yani uzağı görənmirəm. O da ki, soruşdu :“ikidəsən, üçdə?”, yəni sayılan yol gedirsən, ya yox? Mən də dedim, “üçdəyəm”, ya­ni bəlli sayılan gedərəm. O da ki, dedi: “ikidəsən, dörd­də?”, eynəklərimi soruşdu. Mən də dedim ki, dörddəyəm, yəni eynək taxıram. Qaz da ki, sənsən göndərdi, yoldum.

Vəzir dedi:

– O nəmənədi ki, buxarı yaxçı buxarıdı, başı əyridi?

Qoca dedi:

– Onu da qızım bilir.

Gələr qızın yanına. Qız deyər:

– Mən onu tanıdım, bildim ki, padşahdı. Arpa kökəsi də mən özümü deyirdim. O da dedi ki, qız yaxçı qızdı, amma gözü cəridi. Mən dedim ki, cəriliyinə baxma, əlinin işinə,özünün başaraçılığına bax.

Vəzir örgəşər gələr. Şah Abbas deyər:

– Vəzir, o qızı gərək alasız mənə.

Vəzir adam göndərər ki, qoca, qızını padşah istir. Qız eşidər, söz göndərər ki, mən gələmmərəm, padşahın əlində sənət yox. Bəyə adamdı, işdi elə olmadı, belə oldu, padşah­lıqdan düşdü, haradan çörək qazanacaq? Mən ac qalaram, getsin sənət örgənsin, sonra məni alsın.

Şah Abbas özü-özünə deyər: “Qəribə işdi! Əkinçi ba­banın qızında ifadəyə bax!” Nə qədər elər olmaz. Qız deyər: “Toyuq bir qıçlıdı ki, bir qıçlıdı, sənət örgəşməsə gəlmərəm”.

Şah Abbas məcbur qalar gedər həsir toxumaq örgəşər. Qız deyər, hə, indi gələrəm. Şah Abbas verər toy-tabağıla qı­zı gətirərlər. Şah Abbasın bundan sonra iki arvadı daha var idi. Bir gün istər arvadlarının ağılların yoxlasın. Böyük arva­dın yanına gedər, deyər:

– Xanım, sən səhər çağı nə təhər ayılırsan?

Deyər:

– Mənim həyətə getməyim olar, ayılaram.



Bundan sonra durar gedər taza arvadın yanına. Deyər:

– Xanım, sən səhərçağı nə cür ayılırsan?

Qız deyır:

– Padşah sağ olsun, səhərçağı behişitin qapıları açılar, bir xoş iyi gələr. O məni ayıldar.

Padşahın bir məhəbbəti vardısa, min olar. Görər layiq qızdı.

Günlərin bir günündə Şah Abbas dərviş paltarında ge­dər bir qəssab tükanına. Durar növbəyə ət alsın. Qəssabbaşı deyər:

– Baba dərbiş, əyləş içəridə verək.

Şah Abbas içəri keçmən haman, ayağının altı xomar düşər bir qaranlıq yerə. Görər ki, özündən sonra ayrı adamlar da vardı. Deyərlər ki, bu tükanda adam əti satarlar. Bizi də tutubblar ki, öldürsünlər, ətimizi satsınlar.

Şah Abbas görər ki, işi pisə çəkib. Bir gün oturmuşdu, bir nəfər gələr ki, dur görək, nöbə sənindi.

Padşah deyər:

– Mənim ətimdən neçə qazanarsız?

Deyər ki, filan qədər.

Şah Abbas deyər:

– Mən yaxçı həsir toxumaq başarram. Məni öldür­mə­yin, sizə həsir toxuyum, aparın satın, yüz o qədər pul qaza­nın.

Deyər:

– Yaxçı...



Küləş alarlar gətirərlər, Şah Abbas başlar həsir toxu­mağa. Toxuya-toxuya həsirin bir yanında yazar ki, vəzir, amandı qoşun götür, gəl. Filan yerdə qalmışam. Yüz tümən desələr, beş yüz tümən ver, həsiri al.

Həsiri qurtarar, deyər:

– Aparın filan küçəyə. Orada yaxçı pula gedər.

Həsiri küçədə dolandıranda, vəzirin gözü sataşar Şah Abbasın xəttinə. Bilər ki, nə var. Yüz deyirlər, beş yüz verər, həsiri alar. Tez qoşun götürər gedər qəssab tükanını dövrələr. Şah Abbası çıxardar. Tükanı dağıdar, gələrlər evə.

Şah Abbas əkinçi qızının əqlinə heyran qalar, məhəb­bəti çoxalar.

Rəvayət digər əz inqese darim. Dər dəftəre digər, anca Şah Abbas vəzirra ba möhlət-e çehel ruze sər-e pinəçi (be­caye əkinci). Mifererestəd və dər bargəşte vəzir qese təmam mişəvəd. Hərf-e doxtər və felan həm dər bin nist.

(Bu nağıldan başqa bir rəvayətimiz də var. Başqa bir kitabda orada Şah Abbas vəziri 40 günlük möhlət ilə baş pi­nəci (əkincinin yeri) kimi göndərir. Vəzirin dönüşündə na­ğılımız bitir. Qız-filan da burada verilmir).



QARI NƏNƏNİN CÜCƏSİ
Bir dana qarı var idi. Bir dana bunun cücəsi var idi, bir dana da girdəkan ağacı. Yel vurardı girdakanlar tökülərdi. Tö­küldükcə, cücə yeyərdi. Bir gün qarı deyər:

– Köpək oğlu cücə, qoymayacaqsan bir dana girdəkan dərman üçün də qalsın? İndicə səninkin sənə verərəm.

Gətirər bir mənqəl od qoyar. Cücəni tutar. G...qoyar oda. Ötürər.

Genə yel vurar girdəkanlar tökülər. Cücə gedib yeməz. Qarı nənə baxar ürəgi yanar. Deyər:

– Cücəm, gəl!....Gəl!... Girdəkanlar düşübdü!...

Cücə yeriyər, yeriyər, küsən kimin olmuş deyər:

– Qarı nənə!... G... pişibdi!...
BƏYBİLİCAN HA, BƏYBİLİCAN!...
Bir gün var idi, bir gün yox idi. Allahdan savay heç kim yox idi. Bir dana bacı var idi, bir dana qərdəş. Bir gün de­­yərlər ki, duraq gedək ayrı şəhərə görək nə elərik, burda bir iş yoxdu. Gedərlər, gedərlər yolda qərdəş susuzlar. Deyər:

– Bacı, mən susuzam.

At ayağının yerində su durmuşdu. Deyər:

– Bacı, içəcəyəm.

Bacı deyər:

– Qərdəş, başına dolanım, icmə! At olarsan.

Qərdəş içməz, gedərlər. İt ayağının yerində su durmuş­du. Deyər:

– Bacı, mən susuzam, içəcəyəm.

Bacı deyər:

– Qərdəş, başına dolanım, içmə! İt olarsan.

Qərdəş içməz, yola düşərlər, oradan gedərlər. Ahu aya­ğının yerində su durmuşdu, qərdəş deyər:

– Bacı, mən susuzam, içəcəyəm.

Bacı deyər:

– Qərdəş, amandı, içmə! Ahu olarsan.

Qərdəş deyər:

Ölsəm də, qalsam da gərək bundan içəm.

Başlar sudan içər, olar bir dana ahu. Bu yazıq bacı gö­tü­rər ahunu da salar yanına, gedər oturar dağ başında.

Padşah şikara çıxmışdı. Gələr görər bir gözəl qız otu­rub dağ başında, bir dana ahu da otdur.

Padşah deyir:

– Bə, burada niyə? Bə bu cür niyə?

Qız açar başına gələni buna deyər. Padşah bir göyüldən min göyülə qıza vurular. Qoşuna xəbər verər ki, mən şika­rı­mı elədim. Şikarını eylən qayıtsın. Götürər qızı da, ahunu da gətirər. Verər, toy tutarlar. Qızı alar.

Qızın bir dana qərə qaravaşı var idi. Bir gün bunlar ge­dərlər hamama. Soyunarlar. Qaravaş itələr qızı salar çar­ho­vuza. Nəqqa balıq qızı udar. Qaravaş durar xanımın par-pal­tarın geyinər gələr evə.

Padşah deyər:

– Qız, bə niyə bu cür? Qəp-qərə qərəlib yanmısan.

Qaravaş deyər:

– Hamamın suyu biləmə düşmədi.

Demə, bu qız da boyludu. Naqqa balığın qarnında do­ğur, oğlu olar, adın qoyar İsmayıl.

Bir gün vurar qəra qaravaş yeriklər. Padşaha deyər:

– Ahunu kəsin, mən yeyim.

Padşah deyər:

– Qız, bu nə sözdür! O, sənin qərdəşindi.

Deyər:


– Olmaz. Ahu ətinə yerikləmişəm, gərək kəsəsiz, yeyəm.

Padşah görər olan iş deyil, deyər:

– Ahunu gətirin kəsin.

Ahunu gətirər kəsməyə. Ahu üzün dolandırar padşaha. Öz dilicə:

– Qoyun gedim, bir dolanım, gəlim, kəsin.

Padşah deyər:

– Qoyun getsin dolansın, gəlsin.

Ahu baş alıb gedər çarhovuza, deyər:

– Bəybilican ha, bəybilican!

Bəybilican qurbanın olsun!

Asılı qazanlar asılıb,

İtili pıçaqlar itilib,

Qərə qaravaş ətimə yerikləyib.
Çarhovuzdan səs gələr:
– Bəybilican ha, bəybilican!

Bəybilican qurbanın olsun!

Qəra qaravaş atıbdı,

Naqqa balıq udubdu,

Şah oğlu şah İsmayıl

Qucağımda yatıbdı.

Saçı da gərdənimi tutubdu.
Ahu qayıdar gələr. İstərlər başını kəssinlər, yenə ahu öz diliycə deyər:

– Qoyun bir gedim, dolanım gəlim.

Padşah deyər:

– Qoyun getsin.

Ahu baş alar gedər çarhovuza. Padşah düşər heyvanın dalınca ki, görüm bu heyvan hara gedir qayıdır. Gedər, görər ahu durub çarhovuzun başında, deyir:
–Bəybilican ha, bəybilican!

Bəybilican qurbanın olsun!

Asılı qazanlar asılıb,

İtili pıçaqlar itilib,

Qərə qaravaş ətimə yerikləyib.

Çarhovuzdan səs gələr:


– Bəybilican ha, bəybilican!

Bəybilican qurbanın olsun!

Qəra qaravaş atıbdı,

Naqqa balıq udubdu,

Şah oğlu şah İsmayıl

Qucağımda yatıbdı.

Saçı da gərdənimi tutubdu.
Padşah eşitməlisini eşidər, bilməlisini bilər. Əmr elər çarhovuzun ayağın çəkərlər. Naqqa balığı çıxardarlar. Qar­nı­nı sökərlər, qızı, uşağı çıxardarlar. Padşah görər saç dolanıb qızın boynuna. Padşah deyər:

– Burada niyə?

Qız deyər ki, qəra qaravaş itələdi düşdüm.

Qərə qaravaş evdə oturmuşdu. Görür hay-küylən qızı gətirdilər. Padşah əmr verər qərə qaravaşı bağlatdırar qatır­ların quyruğuna. Dağı-daşı o qədər dolandırar ki, tükləri qa­lar qatırların quyruğunda.

Bu da sizin sağlığıza!



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə