Azərbaycan nağillari



Yüklə 1,1 Mb.
səhifə3/9
tarix30.12.2017
ölçüsü1,1 Mb.
#18810
1   2   3   4   5   6   7   8   9

PIS-PISLI BACI
Günlərin bir günündə bir dana pıs-pıslı var idi. Bir gün deyər ki, durum gedim özümə bir dana ər tapım.

Durar çadrasın salar başına, gedər tapmağa. Görər it gəlir. It deyər:

– Hara gedirsən, pıs-pıslı bacı?

Deyər:


– Gedirəm bir dana ər tapam.

Deyər:


– Gəl mən səni alım.

Deyər:


– Döyəndə nə ilən döyəssən?

Deyər:


– Quyruğumla vuraram batarsan zığa.

Deyər:


– Yeri, yeri! Mən sənə gəlmərəm.

Gedər görər bir dana qurbağa gəlir.

Qurbağa deyər:

– Pıs-pıslı bacı, hara gedirsən?

Deyər:

– Gedirəm özümə ər tapam.



Deyər:

– Gəl mən səni alım.

Deyər:

– Vuranda nə ilən vurarsan?



Deyər:

– Atılaram minərəm başına, qalarsan orda boğularsan.

Deyər:

– Yeri, yeri! Mən sənə gəlmərəm.



Yenə bir az gedər, görər bir dana siçan gəlir. Siçan deyər:

– Pıs-pıslı bacı, hara gedirsən?

Deyər:

– Gedirəm özümə ər tapam.



Deyər:

– Gəl mən səni alım.

Deyər:

– Vuranda nə ilən vurassan?



Deyər:

  • Quyruğumla gözünə sürmə çəkərəm.

Deyər:

– Gələrəm.

Siçanın padşahın evində yuvası var idi. Pıs-pıslını gö­türər gedər evə.

Bir gün betər yağış yağmışdı. Pıs-pıslı deyər:

– Mən gedirəm hamama.

Siçan deyər ki, xanım, boşla! Yağış yağıb, küçələr zığ­dı, o cür-bu cür. Pıs-pıslı saymaz. Durar gedər, at ayağının yerində su durmuşdu. Ayağı büdürər, düşər qalar orada. Hər nə elər çıxanmaz.

Bir az keçər, görər tap-tup gəlir. Padşahın atlıları keçir­di.

Deyər:
Tapbur-tupbur atlılar!

Tirmə qərə börtdülər!

Şah evinə gedərsiz,

Penir-çörək yeyərsiz,

Siçan bəyə deyərsiz:

Pıs-pıslı Püstə xanım,

Saçı dabanı üstə xanım,

Düşübdü at ayağının yerinə,

Gəlsin onu çıxartsın.


Atlılar bir o yana baxarlar, bir bu yana, diyərlər, bu kimdi, kim deyil? Qoyarlar gedərlər padşahın evinə, deyər­lər: “Yolda, gəlirdik, bə bu cür eşitdik....”

Siçan bəy eşidər. Durar gələr. Görər pıs-pıslı xanım düşüb at ayağının yerinə çıxanmır, deyər:


Pıs-pıslı Püstə xanım,

Saçı dabanı üstə xanım,

Əlin ver mənə, çəkici!
Deyər:

– Yeri, yeri! Mən səndən küsüci!

Siçan bəy deyər:
Pıs-pıslı Püstə xanım,

Saçı dabanı üstə xanım,

Gümüş nərduvan qoysam çıxarsan?...
Deyər:

– Yeri, yeri! Mən səndən küsüci!...

Sican bəy deyər:
Pıs-pıslı Püstə xanım,

Saçı dabanı üstə xanım,

Qızıl nərdivan qoysam, çıxarsan?
Deyər:

– Yeri, yeri! Mən səndən küsüci!

Siçan bəy götürər bir parça palçıq, calar pıs-pıslının üstünə. Deyər:

– Qal, köpəgin qızı, öl!




ƏZANÇI
Bir gün var idi, bir gün yox idi. Bir dana dərbiş var idi. Bu dərbiş gedər bir dana qapını döyər, görər bir dövri qızıl gəl­di. Dövrüsü də qızıl, sərpuşu da qızıl. Bu yol boşaldı qab­ların verər. Deyərlər ki, baba dərbiş, hamısı səninkidi. Götür get.

Qabları götürər keçər o biri qapını döyər. Yenə görər bir dövrü qızıl gəldi. Dövrüsü də qızıl, sərpuşu da qızıl. Bo­şaldı. Qabları verəndə deyərlər ki, baba dərbiş, hamısı sə­ninkidi, götür, get.

Qabları götürər keçər, yeddi qapı döyər, yeddisində də bir dövrü qızıl alar. Yeddiminci qapıda deyər ki, bə bu nə işdi? Deyərlər ki, bu qapıların yeddisi də bir nəfərindi. Elə hər kim gəlsə bu cür qızıl verər.

Dərbiş qoyar gedər padşahın evinə. Qapını döyər. Gə­lər­lər görərlər dərbişdi. Gətirərlər buna, öz dilimiz beş qıran pul verərlər. Dərbiş deyər:

– Olmaz, mən gərək padşahın özün görəm.

Çəkiş-bərkiş...olmaz. Padşaha xəbər çatar. Deyər:

– Qoyun, gəlsin.

Dərbiş gedər padşahın yanına. Deyər:

– Bə qibleyi-aləm sağ olsun, bura padşah evidi, mənə beş qıran pul verdilər, filan yerdə yeddi qapı var, yeddisi də bir adamın. Hər qapıya getdim bir dövrü qızıl gətirdilər. Dövrüsü də qızıl, sərpuşu da. Bə sən nə günün padşahısan?

Padşah durar dərbişlik paltarı geyər, gedər.

Yeddi qapıdan pay istər. Dərbişə verən təkin buna da verərlər. Yeddiminci qapıda deyər:

– Bax,mən bu qızılı da istəmirəm... Məni bu sirridən agah eləyin görüm bu yeddi qapı kimindi.

Qapıçılar deyərlər:

– Bizim xanımımızındı.

Padşah deyər:

– Məni aparın onun yanına.

Padşah gələr görər bir dana arvaddı, qərə geyinib, otu­rub. Deyər:

– Ay xanım, məni bu sirrindən agah elə görüm, sənin nə qədər qızılın var ki, belə bağışlayırsan?

Arvad deyər:

– Mən sirrimi heç kimə demərəm. Filan şəhərdə bir dana qaltaqsaz var. Gündə bir qaltaq qayırar. Üstündə iki da­na əksi çəkər. Axşam olu bunu bir dana atdı gələr alar. Elə ki aldı, pulun verdi, istər gedə, qaltaqsaz deyər:

– Ver görüm, bir yeri qalır, düzəldim verim.

Pulların verər əlinə. Alar sındırar atar o yana. Tükanı doludu bu zadlarılan. Sən məni bunun sirrindən agah elə, mən də səni öz sirrimdən agah eləyim.

Padşah qayıdar, deyər:

– Baba dərviş, sən oturmalı oldun, mən getməli.

Gedər, gedər yetişər qaltaqsazın tükanına, görər, bəli, bir dana qaltaq qayırıb, iki əksi – biri oğlan, biri qız üstündə çəkib. Axşam bir dana atlı gələr bunu alar. Pulların verər, istər gedə, kişi deyər:

– Ver görüm qərdəş, orasın düzəldim verim.

Alar sındırar, pulların verir. Atlı çıxar gedər.

Padşah keçər deyər ki, bu gecəni sənə qonağam.

Gecəni qaltaqsaza qonaq olar. Şam gətirərlər. Padşah deyər:

– Gərək sirrindən məni agah eləyəsən, sonra şam ye­yəm.

Deyər ki, şamını ye, dərviş baba. Mən indiyəcən heç kimi sirrimdən agah eləməmişəm. Filan şəhərdə bir əzançı var. Hər gün çıxar güldəstəyə, əzan verər. Əzan verər qurta­rar. O qədər ağlar ki, yıxılar qəşş elər. Tutarlar qoyarlar ye­rə. Bir azdan sonra ayılar. Onun sirrin sən mənə desən, mən də sirrimi sənə deyərəm.

Padşah şamın yeyər, başın qoyar yatar. Səhər durar ge­dər əzançının şəhərinə. Əzan çağı görər, bəli, biri çıxdı gül­dəstəyə. Orada əzan verdi. Qurtarandan sonra başladı ağladı. Ağladı, ağladı, qəşş elədi, yıxıldı. Tutdular qoydular yerə.

Elə ki, əzançı ayılar, padşah keçər deyər:

– Bu gecə sənə qonağam.

Deyər:

– Eybi yoxdu, gözüm üstə yerin var.



Gecə yemək gətirərlər. Padşah deyər, yemərəm. Sən sirrini mənə deməyincə yemərəm.

Əzançı deyər:

– Dərbiş qərdəş, şamını ye. Vallah mən sirrimi nə bir adama demirəm, nə də bir adam mənim sirrimi bilir. Filan şə­hərdə bir nəfər var. Bir dana qəfəsə qız salıb. Bir dana onun iti var, bir dana da ağ saqqallı quru kəllə var. Gətirər itin qabağına pilov qoyar. Elə ki, it yedi doydu, artığın verər qıza, yeməz. Gedər başı gətirər bu qızın yanında ağaclan dö­yər. Qız deyər döymə, yeyim. Onun sirrindən sən məni agah eləsən, mən də səni öz sirrimdən agah elərəm. Amma bunu da bil ki, çoxları gedib onun sirrin gətirənməyib, ölüblər.

Yenə səhər olar, durar gedər yetişər bir çinar ağacına. Dibində yatmışdı, görər çığır-bağır gəlir. Durar görər əjdaha dırmaşır Simuruğun balaların yesin. Qılıncın çəkər əjdahanı iki şəqqə elər. Bir şəqqəsin verər balalar yeyər. Bir şəqqəsin də atar o yana, gələr, yatar. Bu yol Simurq gələr. Öz-özünə deyər: “Ahan, mənim balalarımı ildə bu yeyirmiş”. Gedər bir daş gətirər salsın başına. Balaları hay salarlar ki, nənə, aman­dı, onu öldürmə, bizi qurtarıb.

Simurq baxar əjdahanın şəqqəsin görər. Daşı aparar qo­yar yerinə, gələr qanadın basar suya, çəkər padşahın üs­tünə. Padşah yuxudan ayılar. Simurq deyər:

– Hara gedirsən? Bu yüzlərədə nə qayırırsan?

Deyər ki, bəs belə. Gedirəm filan yerə.

Simurq deyər:

– Ora gedən qayıtmaz. O, sirrin heç kəsə deməz, desə də öldürər.

Deyər:


– Gərək gedəm, olan dəyil.

Simurq bir dəstə tükündən verər deyər:

– Harada darda qaldın tükümü ota tut, mən gəlim.

Padşah gedər, gedər oranı tapar. Görər əyani bir yerdi. Qapını döyər, deyər:

– Gecəni burada qonağam.

Gedər gecəni orada qonaq qalar. Görər kişi itinin ya­nın­­da oturdu, elə ki, şam vaxtı gəldi, görər bir dana dəmir qə­fəs gətirdi, içində bir dana qız, boşqabda pilov gətirdi, qa­baqca qoydu itin qabağına. Elə ki, it yedi doydu, verdi qıza. Qız yemədi. Getdi quru kəlləni gətirdi. Bir-iki döyəndə qız dedi:

– Vurma, yeyim!

Qız başladı yedi. Kişi apardı kəlləni, qəfəsi qoydu ye­rinə, qayıtdı. Padşah dedi:

– Səni and verrəm səni, məni yaradan Allaha! Sirrin­dən məni agah elə görüm bu nə işdi?

Kişi deyər:

– Mənim sirrimi heç kəs bilməyib, bilməz. Çörəgin ye, neçə gün qalacaqsan qal, çıx get, qonaqsan.

Padşah əl çəkməz ki, hökmən de.

Kişi durar padşahı aparar bir dana qəbristana. Deyər:

– Bax, bir belə adamı görürsən? Hamısına demişəm, öldürmüşəm. Mən qoymaram sirrim çıxa eşigə.

Padşah deyər:

– De, məni də öldür.

Gələrlər oturarlar. Kişi deyər ki, vallah indi ki, belə ol­du, qulaq as, deyim:

– Günlərin bir günündə əmqızımı aldılar mənə. Gecə­nin bir vaxtı ayılar görərdim bumbuz gəlir, deyərdim: “Əm­qızı, haradaydın?” Deyərdi, əmoğlu, səhər azarına düşmü­şəm. Bir gecə öz-özümə dedim ki, belə də deyil ki, belə ola. Barmağımı kəsdim. Yerinə duz basdım. Özümü vurdum yu­xuya. Gecənin bir vaxtı oldu. Durdu geyindi, şəmşirimi gö­türdü, dedi:

– Yatmısan? Oyaqsan, boynun vurum.

Səsimi çıxartmadım. Mehtər atımı hazır saxlamışdı. Min­­­di getdi. Mən də dalıyca getdim. Bu getdi, mən də get­dim. Bir yerdən işıq gəlirdi. Qapını döydü. Açdılar. Girdi içə­ri. Atımı bağladım. Duvardan düşdüm. Gördüm qırx həra­mılar oturublar. Ağ saqqal, baş qoca qırx həramı də başda oturub. Dedi:

– Çəpəl həramzada, hardasan? Tez ol saqi dolandır.

Əmqızım dedi:

– Köpək yuxlamamışdı.

Qırx həramıbaşı dedi:

– Sabah başın kəs gətir mənə.

Dedi:


– Eybi yoxdu.

Mən gördüm bunlarınan başaranmaram. Girdim töv­lə­yə. Atları qatdım bir-birinə. Bir gurhagur-çalhaçal oldu ki, gəl görəsən. Tövlənin yanında durdum. Bir-bir gəldikcə bo­yun­ların vurdum tökdüm tövləyə. Əmqızımlan ağ saqqal kişi qaldılar. Girdim evə. Əmqızım dedi:

– Ahan, özü gəldi. Tut öldür, yəxəm qurtulsun.

Qırx həramıbaşı yügürdü mənim üstümə, çəngəlləşdik. Oturdu sinəm üstə. Demə, bəs, itim də mənlən gəlib. Xənçəl çəkib məni öldürmək istəyəndə it dalıdan xayaladı. Qırx həramıbaşı kırıxıb düşdü. Qalxdım, başın kəsdim. Bu qızı da götürdüm gəldim. İndi bu it haman itdi. Bu qız haman qız. Bu kəllə də qırx həramıbaşının kəlləsi. Odu ki, kəlləni vu­randa qız deyir ki, vurma, yeyim! İndi ki mənim sirrimi bil­din, dur gedək öldürüm.

Padşah deyər:

– Durum namazımı qılım, ondan sonra öldür.

Aftafa götürər çıxar, görər hər yan qıravuldu. Fikirləşdi ki, nə cür çıxsın getsin. Birdən-birə tük yadına düşdü. Tutar ütar. Simruq hazır olar. Bunu götürər gedər.

Kişi evdə ha gözlər, görər xəbər olmadı. Çıxar eşigə. Bilər ki, dərviş qaçıb. Öz-özünə deyər ki, mənim ki, sirrim eşigə çıxdı, qalmağımın faydası yoxdu. Gələr həmi qızı, hə­mi özün öldürər. Padşah da gələr əzançının yanına. Deyər ki, bəs belə, bu cürdü, o cürdü. Əzançı deyər:

– İndi sənə sirrimi bildirrəm.

Deyər: Günlərin bir günündə çıxdım əzan verməgə. Allaha yalvardım, yaxardım. Bir anda gördüm yel əsdi, tufan qopdu. Mən yıxıldım özümdən çıxdım. Göz açdım, gördüm ayrı şəhərdəyəm. Durdum ayağa, o yana – bu yana baxdım, acmışdım. Hər yandan pul verdim çörək alam, ələ saldılar. Bir qoca var idi. Dedim:

– Pul verirəm, çörək vermirlər.

Qoca dedi:

– Oğul, burada verməzlər. Burada hər zad səlavatadı.

Getdim hər yanda səlavat çevirdim, çörək istədim ver­mədilər. Getdim qocaya dedim ki, vermirlər. Apardı məni gəz­məyə, dedi:

– Düş burada yuyun, get, harada səlavat çevirsən verərlər.

Düşdüm çeşmədə yuyundum, getdim çörək aldım. Qo­ca məni apardı evlərinə. Bir dana qızı var idi. Dedi:

– Gəl qızı verim sənə.

Mən də aldım. Qız şərt-şurt elədi ki, hər nə desəm, mə­nə deyinib-dinməyəsən. Dedim, eybi yoxdu. Bir zaman keç­di. Uşağımız oldu. Bir gün gəldi, dedi ki, dədəmgili qo­naq çağırmışam. Mən açıqlandım ki, indi ki, qonaq çağı­ra­caq­dın, mənə deyəydin! İki barmaqlı bir silli vurdum bilə­sinə. Yenə yel əsdi, tufan qopdu ki, elə bil qiyamətdi. Düş­düm, üzü qo­yulu. Elə ki, yel qurtardı, gözümü açdım, gör­düm burada­yam. Indi, odu ki, hər əzan verəndə ağlaram ki, yenə gedim şəhərə, olmaz. Bu da mənim sirrim.

Padşah qoyar gələr qaltaqsazın yanına. Əzançının sirrin deyər. Gecə gedək evə, mən də sirrimi deyim.

Gecə gedərlər evə. Şam yeyərlər. Qaltaqsaz deyər:

– Mən bir tək oğlan idim. Səhər gedərdim işimə, axşam gələrdim. Özüm pişirərdim, özüm yeyərdim. Bir gün gəldim evə, gördüm ev süpürülü, hər yan tərtəmiz, şam pişirilib. Ha axtardım, ha fikirləşdim bir zad tapa bilmədim. Sabah da işdən gəldim gördüm bunun tayı, bir gün evdə gizləndim ki, görüm bu kimdi gəlir evi silir-süpürür. Durmuşdum, gördüm bir dana göyərçin düşdü həyətə. Cildindən çıxdı oldu bir gözəl qız. Mən gizlənmişdim. Keçdi işlərimi görsün, cildin götürdüm. Elə ki, hər yanı sildi, süpürdü, işdən qurtuldu, gəl­di cildin götürsün, görür yoxdu.

Dedi:


– And verrəm səni, məni xəlq eylən Allaha, üzünü mə­nə əyan elə görüm kimsən, mənim cildimi niyə götürmüsən?

Mən çıxdım. Dedi:

– Mən elə səndən ötür gəlirəm. Amma gərək mən ge­dəm. Bəni-adəmdə vəfa olmaz. Sən məni saxlayanmazsan.

Dedim:


– Yox, gərək mən səni alam, qoymaram gedəsən. Şərt elədi ki, mən hər nə desəm gərək ola. Məni vurmayasan, hər nə mən desəm dinməyəsən. Dedim:” Yaxşı”. Vurdu, bizim oğlumuz oldu. Bir gün çörək pişirirdik. Oğlan da böyümüş­dü. Durmuşdu təndir başında. Çörək qurtuldu, arvad götürdü oğlanı, təndir odlu-odlu atdı təndirə, dedi:” Bacı, götür bunu da”. Mən qorxudan dinə bilmədim. Vurdu bizim bir qızımız oldu. Yenə bir gün çörək pişirirdik. Qız durmuşdu təndir qı­ra­ğında. Qorxdum yenə bunu da ata təndirə, keçdim durdum yanında. Elə ki, çörək qurtuldu, mənim yanımda yapışdı qo­lun­dan, atdı təndirə ki, götür, bacı, bunu da, mən özümü sax­layanmadım. Iki barmaqlı elə bir silli vurdum ki, üzü qəp­qə­rə oldu, sifəti-zadı dəyişildi. Beş-altı aydan sonra yenə çörək pişirirdik. Durdum təndir başında ki, bu yolda özün atar. Elə ki, çörək qurtuldu, əlin uzatdı təndirə ki, bacı, ver oğlanı. Oğ­­lanı sağ-salamat çıxartdı, sonra da qızı. Beş-altı gün keç­di. Dedi:

– Bizi apar çölə, darıxmışıq.

Durduq getdik çölə. Arvad yapışmışdı uşaqların əlin­dən. Quyu var idi. Dedim:” O yana getmə quyu var”. Say­madı. Quyuya yetişəndə özü ilə uşaqları atdı quyuya. Da, xəbərim olmadı. Mən, odu ki, ondan bu yana uşaqların əksin cəkərəm, istərəm satam, ürəgimdən gəlməz, alaram sındıra­ram, bu da mənim sirrim.

Padşah oradan durar gələr, qızıl verən yerə. Qaltaq­sa­zın sirrin deyər. Arvad başlar ki, indi ki, belə oldu, mən də sirrimi deyərəm:

– Mənim dərbiş ərim var idi. Özü kimya düzəldərdi. Ge­dər dolanardı, gündə də üç-dörd qonaq gətirərdi. Pişmiş­lərinə kimya vurardı, olardılar şüş qızıl. Bizim nökərimiz də var idi. Mənə bənd oldu ki, gəl mənilən başını bir elə. Mən acıqlan­dım. Nökər əl çəkmədi. Bir gün şam çəkmişdim. De­mə, bəs nökər kimya oğurlayıb kışının payına vurub. Kişi ol ti­kəni götürdü, ikiminci tikəni götürəndə oldu qızıl. Nökər dedi:

– İndi nə deyirsən?

Gördüm olmuyacaq, dedim:

– Yaxşı da, qoy iddəm çıxsın, sonra gələrəm sənə.

Bir gün nökərin pişmişinə kimya vurdum. Əvvəl tikəni götürdü, ikiminci tikəni ağzına qoyanda oldu şüş qızıl, dəgdi yerə. İndi bu qızılları paylayıram ki, kasıb-kusub aparsın xərc­ləsin.

Padşah dedi:



  • Axı, sənin nə qədər qızılın var ki, belə paylayırsan?

Arvad durar padşahı aparar bir yekə yerə ki, adamlar bir-birinin üstünə qalanıb, hamısı da qızıl. Ərin də dayayıb duvara.

Padşah deyər:

– Gəl, səni mən alım.

Arvad deyər:

– Əri nə eləyirəm? Padşahdan çox varım var.

Deyər:


  • Mən elə padşaham. Səndən ötür neçə ildir çöllərə düşmüşəm.

Padşah açar başına gələni nəql elər. Deyər:

– Baba dərviş, sən vəzir ol, mən də padşah.


NARXATIN
Bir dana nənə var idi, bir dana qız. Qızın adı Narxatın idi. Nənə də bir dana devə aşiq olub gətirib salmışdı bir dana otağa. Bir gün açar qalmışdı yerdə. Qız gedər otağı açar, gör­sün nəmənə var. Açar görər bir dana devdi. Açarları gətirər qoyar yerinə. Axşam nənəsi gələr gedər devi görsün. Devə deyər:

Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa dev gözəl!

Dev də deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl!

Deyər:

– Sən Narxatını harada gördün?



Deyər:

– Gəlmişdi buraya.

Arvad qızı çıxardar ötürər eşigə. Qız da gedər görər axşam oldu, bir qapı açıqdı, gedər ora. Gedər dolanar hər yanı. Görər heç kəs yoxdu. Adam-zad yoxdu. Oturmuşdu, görər yeddi dana oğlan gəldi. Demə, yeddi qərdəş imişlər.

Deyərlər:

– Qız, sən burada neylirsən?

Deyər:


– Bu cür, nənəm devə aşiq olmuşdu. Dev məni görüb, nənəm məni ötürüb eşigə. Da, bir yanım yoxdu. Gəlmişəm buraya mən də.

Deyirlər:

– Lap yaxşı, sən də bizim bacımız!

Bu yol, oğlanlar gündüz gedirdilər işə, axşam bacı­la­rıylan yeyirdilər, içirdilər. Yenə bir gün arvad gedər devin ya­nına. Deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa dev gözəl!

Dev deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl!

Deyər:


  • Vay, köpək oğlu, Narxatını eşigə də ötürdüm, əl çəkmədin?

Dev deyər:

  • İndi gedib yeddi qərdəşlərə bacı olub.

Arvad bu yol devin yanından çıxar gələr. (Narxatın da saqqızı çox sevirmiş.) Bir az saqqız alar gətirər zəhər buna vurar, gələr bu yol Narxatın olan yeri tapar-yeddi qərdəşlərin yerin. Qapı döyülər, qız gedər qapıya görər nənəsidi. Nənəsi hər nə eylər ki, aç qapını, açmaz. Bu yol nənəsi saqqızı qapının altından salar. Deyər:

– Saqqız almışdım sənə, götür apar çeynə.

Bu, bu yol götürər saqqızı, gələr hovuz başına. Saqqızı çeynər, saqqız da axı zəhərli idi, bu, bu yol yıxılıb orada – hovuz başında qalar. Axşam qərdəşlər gələr qapını döyür, görürlər ki, açan olmadı. Bir-birinə deyərlər ki, bu da bizə bacı olmadı, ev-eşigimizi də götürdü apardı.

Duvardan düşərlər, gələrlər görərlər bacıları hovuz ba­şında yatıbdı. Dəbərdərlər, görürlər bu ölüb da. Zəhər verib­lər. Həkimə-zada aparar­lar. Həkim deyər:

– Da əlacı olmaz. Buna zəhər veriblər.

Bu yol bunlar gələr, heyfləri gələr ki, bacımızı necə quylu­yaq? Bir xurcun götürərlər, bir tayına qızıl doldurarlar, bir tayına da bu qızı qoyarlar. Salarlar atın üstünə, ötürərlər çölə, hər kim əlac eyliyə bilsə, bu qız, bu da pul!

Padşah çıxmışdı şikara. Görər bir at, bir xurcun qızıl, bir də qız. Götürər padşah bunu aparar. Min göyüldən, bir göyülə ölüyə vurular. Həkimlər deyər:

– Yeddi hovuz süd ver doldursunlar.

Bunu, bu yol basarlar bir hovuza, bir az qalar, oradan o biri hovuza. Axırdakı hovuzda görər bu bir az ayılır, düzəlir. Narxatın dirilir. Padşah bunu alar. Bir ildən sonra bir cüt oğlu olur.

Uşaqlar bir az böyümüşdü, gündə gedərdilər padşaha salama.

Yenə bir gün Narxatının nənəsi gedir devin yanına. Deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa dev gözəl!

Dev deyər:

– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl!

Deyər:

– Vay! Sən Narxatını öldürdün də, əl çəkmədin?



Deyər:

– Ölməyib, indi padşahın arvadıdı, bir cüt də oğlu var.

Bu nənə, bu yol durar gələr. Az gələr, çox gələr, gələr bu padşahın evini tapar. Deyər ki, mən Narxatının nənə­siyəm.

Bir gün qalar, qız deyər padşaha:

– Mən nənəmdən qorxuram, saxlamayın burada!

Padşah deyər:

– Qız, nənəndi da! Nəyindən qorxursan?

Gecə bu yol yatmışdılar. Qızın nənəsi durar uşaqların iki­sinin də başını kəsər. Pıçağı da gətirər qoyar Narxatının cibinə. Səhər olar görərlər ki, bu uşaqlar padşaha salama gəl­məyib. Padşah adam göndərər ki, uşaqlar gəlməyib. Gələrlər, görərlər uşaqların başın kəsiblər. Da, Narxatın da bilməz ki, pıçağı da qoyublar cibinə. Bu yol, Narxatının nənəsi deyər ki, hamının cibini axtarın, hər kimin cibindən qanlı pıçaq çıxsa, bilin o kəsibdi.

Hamının cibin axtararlar. Heç kəsdən çıxmaz. Bu yol deyərlər ki, axı Narxatının da cibin axtarın.

Deyərlər:

– Niyə? Nənə də balasının başını kəsər?

Padşah deyər:

– Axtarın!

Axtararlar, bunun cibindən çıxar qanlı piçaq. Nənə­lə­ri­nin cibindən. Padşah özünün də gözlərin çıxartdırar, uşaq­ların da ölüsün verər bunun qucağına, şəhərindən xaric elər.

Deyər:

– Götür, get, buradan!



Bu gedər məçidə, yer tapmaz, məçiddə ağlar, ürəgi pis olar. Yuxuda görər ki, bir nəfər gələr, buna deyər:

– Niyə ağlayırsan?

Deyər:

– Da nəyə ağlıyacağam? Bu cür da uşağımın başın kə­siblər, padşah da özümün gözlərimi çıxardıb, gəlib qalmışam burada.



Yuxuda görən adam da əlin çəkər bunun gözlərinə, uşaqla­rı­n da başına, bir oğuc da torpaq tökər ətəginə, deyər:

– Dur ayağa, hec zadın dəyil!

Bu yol yuxudan ayılar, görər uşaqları məcidin eyvanın­da o yan-bu yana qaçırlar, özünün də gözləri düzəlib, baxar görər ətəgindəki torpaq da olub cəvahirat, qızıl. Durar, bu yol, uşaq­larını da götürər gedər. Çöldə bir dam düzəldər, otu­rar. Cəvahiratı da xərclədikcə azalmırdı, nə qədər idi, elə o qədər də qalırdı.

Narxatın uşaqlarını qoyar məktəbə. Uşaqlar bir az bö­yü­müşdü, dərs oxurdular, götürər çöldə bir imarət saldırar nə gözəllikdə. Yüz dəfə padşahınkından artıq, bir kərpici qızıl­dan, bir kərpici gümüşdən.

Uşaqlar çıxarmışlar çöldə-zadda oynarmışlar. Padşah oraya şikara-zada gedəndə uşaqları görərmiş, imarəti də. Güdərmiş gündə , bu yol vəzirilən kecəndə deyərmiş:

– Vəzir, bu imarət görəsən kimindi, bu cür düzəldib?

Padşah uşaqları çox sevirmiş. Gəlib keçəndə dindirər­miş ikisini də. Narxatın örgədər uşaqlara ki, padşah sizi din­di­rəndə, sarmaşın qıçlarına ki, gəl, gedək bizə.

Bir gün padşah keçəndə, uşaqlar əl çəkməzlər. Padşah deyər:

– Axı, sizin eviz hardadı?

Deyərlər ki, bəs o imarət bizimdi.

Uşaqlar çox elər, padşah getməz. Keçərlər gedərlər. Vəzir deyər:

– Qibleyi-aləm sağ olsun! Gərək idi gedəydin. Uşaqlar məyus oldu. Bu dəfə desələr gedək.

Yenə bir də padşah ordan keçəndə, bu uşaqlar əl çək­məz ki, gəl gedək bizə!

Vəzir deyər:

– Qibleyi-aləm sağ olsun! Ürəklərini sındırmağa gəl­məz. Gərək ayaq üstə baş vuraq.

Gedərlər padşahla vəzir. Padşah görər ki, balam, bura yaxşı imarətdi, qəribə dəsgahdı! Bir az oturarlar, durar bun­lar getsin. Uşaqların da nənəsi örgətmişdi: “Qızıl çay qaşı­ğını aparın salın padşahın başmağının içinə”.

Bunlar durarlar getməgə, uşaqlar deyir:

– Axtaracayıq!..

Hamını axtararlar. Padşahın başmağının içindən qaşıq çıxar.

Narxatın da durmuşdu pərdə dalından qulaq asırdı.

Vəzir deyər:

– Olan, padşah da oğurluq elər?

Oradan Narxatın deyər:

– Bəs, nənə da balasının başın kəsər?

Vəzir deyər:

– Bu nə cür sözdü?

Bu yol uşaqların nənəsi çıxar pərdə dalından eşigə deyər:

– Bəs bunlar sənin oğlanlarındı, mən də sənin arvadın Narxatınam.

Açar başının qəziyyəsini nağıl elər padşaha. Padşah bunun nənəsin də tapıb öldürər, o devi də. Yeyər, içər, mət­ləbinə yetişər.
MƏHƏMMƏD GÜLBADAM

Bir dana padşah var idi. Bunun bir dana vəziri var idi. Bu qızı sərpərdədə saxlamışdı. Gün-hava görməzdi. Bir lələsi yanında olarmış.

Bir gün oynurmuş, ya neylərmiş, bir şey atar aqışqanın şüşəsi sınar.

Qar yağmışdı, gün cıxmışdı. Bu, bu yol hökmən lələ­sinə deyər:

– Onu tut, ver mənə!

Günü bilmirdi nəmənədi. Lələsi cox deyər,” bu gündü, tutulmaz”. Əl cəkər, bu yol qavzar qız eşigi görər. Görər ki,qar yağıb. Qarın üstünə iki dana quş qonmuşdu, iki damcı da qan dammışdı.

Quşlar bir-birinə deyər:

– Görəsən, qarılan qandan da gözəl şey var?

O biri quş deyər:

– Niyə yoxdu? Məhəmməd Gülbadam bunların hamı­sından gözəldi.

Bu qız bir göyüldən, min göyülə vurular Məhəmməd Gülbadama, gün-gündən noxoşlar, saralar, solar. Bir gün , bu yol, padşah vəzirə deyər:

– Vəzir, qırx gün möhlətdi. Bunun əlacın tapdın tapmı­san, tapmadın boğazına quqrquşun tökdürəçəyəm.

Otuz doqquz gün kecər, vəzir tapanmaz. Qırxıncı gü­nün gecəsi bekef gələr evə. Kiçik qızı deyər:

– Niyə bekefsən, ata? Gərək deyəsən.

Deyər ki, qızım, sən nə eliyəcəksən? Bu cür, padşahın qızı ki, noxoşdu , mənə qırx gün möhlət verib ki, onun əlacın tapam. İndi mən də onun əlacın tapanmıram, məni öldü­rə­cək.

Qız deyər:

– Ata, o ki, elə cətin bir şey deyil. Sabah qonaqlıq ver­sin padşah, mən onun dərdin tapım, əlacın padşah özü eləsin.

Vəzir səhər padşaha deyər,o da qonaqlıq verər. Vəzir-vəkilin arvadı, qızı – hamısı yığışmışdılar bağa. Vəzirin qızı deyər:

– Ata, bir dana ürək dəlik-dəlik eləsinlər, aslasınlar ba­ğın bir guşəsində.

Bu, bu yol padşahın qızın dolandırırdı. Ürəgin yanına yetişəndə padşahın qızı deyər:

– Ey ürək, mənim ürəgim Məhəmməd Gülbadamdan ötür dəlik-dəlikdi, sən niyə elə olmusan?

Qız gələr vəzirə deyər. Vəzir də gedər padşaha deyər ki, bəs qızın vurulub Məhəmməd Gülbadama.

Padşah deyir:

– Da mənə o cür qız lazım dəyil. Sandıq gətirin! Bu hələ sərapərdə də qalıb Məhəmməd Gülbadama vurulub....

Qoyar bu qızı sandığa, atar çaya. Məhəmməd Gülba­da­mın bağına su gedirdi. Görər su azaldı. Çıxar eşigə baxsın gör­sün nəmənədi, görər bir dana qutudu kəsib suyun qaba­ğı­nı. Qutunu açar görər bir dana qızdı. Çıxardar qızı atar o ya­na gələr, nənəsi soruşar ki, Məhəmməd Gülbadam, nəmənə idi?

Deyər, bir dana qutu idi, içində bir dana qız.

Deyər:

– Gətirəydin da evə?



Deyər:

– Baba, nəmənə idi ki? Bir dana qız idi da!

Qız da durub eşigdə eşidir ki, bu Məhəmməd Gülba­dam özüdü.

Nənə hökman deyər ki, mən də elə təkəm, get onu gətir mənə yoldaş olsun. Özümə qız elərəm.

Gedər bu qızı gətirər. Bircə ay nənəsi ilə bu qız qalar. Nənəsi görər ki, bu belə çox ədəbli-zaddı. Soruşar, bu, başı­nın qəzayasin deyər buna ki, bu cür olub gəlmişəm, çat­mışam bura.

Nənəsi bu qızı daha sevər. Elə hər gün axşam Məhəm­məd Gülbadam evə gələndə deyərdi ki, Məhəmməd Gül­ba­dam, gəl bu qızı alım sənə.

O da deyərdi:

– Yaxşı olsaydı bə, su üzündə niyə gəlirdi?

Bir gün, bu yol Məhəmməd Gülbadam gedirdi səhər, nənəsi deyər:

– Məhəmməd Gülbadam, hansı gül bağına gedirsən?

Deyər:

– Ağ gül bağına.



Nənəsi bu yol, bu qıza bir dana ağ at verər, bir dəst ağ paltar, bu qızı örgədər, yola salar ağ gül bağına. Qız gedər bağa, görər Məhəmməd Gülbadam gəlir. Deyər:

– Gül biçim, qonça, qonça biçim.

– Hər qonçadan bir dəstə gül.

– Xəstəyə dərman istərəm.

Səndəl gələr. Xanım əgləşər. Bir az söhbət-zad. Qız baxar o yan-bu yanına. Məhəmməd Gülbadam deyər:

– Xanım, nə istiyirsiz?

Deyər:

– Su istirəm.



Deyər:

– Qızıl camda su gətirin!

Deyər:

– Xeyir, biz qızıl camda içmərik, gümüş camda gətirin.



Suyu içər, durar hər güldən də bir dəstə tutarlar verər­lər, qoyar gələr, evlərinə. Axşam olar, Məhəmməd Gülba­dam gələr yenə nənəsi deyər:

– Məhəmməd Gülbadam, gəl bu qızı alım sənə.

Deyər:

– Yox nənə, bağımıza bu gün bir qız gəlmişdi, bir qız gəlmişdi ki, nə gözəllikdə!



Yenə səhər olar. Məhəmməd Gülbadam gedəndə nənə­si soruşar:

– Məhəmməd Gülbadam, bu gün hansı gül bağına ge­dirsən?

Məhəmməd Gülbadam deyər:

– Sarı gül bağına.

Bu, yenə durar qıza bir dana sarı at, bir dəs sarı paltar verər, örgədər, yola salar gedər. Qız bağın qapısından gi­rəndə görər Məhəmməd Gülbadam gəlir, deyər:

– Gül biçim, qonça, qonça biçim.

Hər qonçadan bir dəstə gül,

Xəstəyə dərman isərəm.

Məhəmməd Gülbadam deyər, səndəl gələr. Xanım əy­lə­şər. Yenə bu görər bu qız baxır o yan-bu yanına, deyər:

– Xanım, niyə baxırsan?

Deyər:

– Su istirəm.



Deyər:

– Qızıl camda su gətirin!

Alar, bu qız suyu içər, qabın verər. Yenə hər güldən bir dəstə tutarlar verərlər, qız qoyar gələr. Gecə Məhəmməd Gülbadam gələr evə. Nənəsi deyər:

– Məhəmməd Gülbadam, gəl bu qızı alım sənə.

Deyər:

– Ah nənə, mən onu nə eliyəcəyəm? Bu gün bağımıza bir qız gəlmişdi dünənkindən də gözəl!



Səhər olar, Məhəmməd Gülbadam durar getsin. Nənəsi soruşar:

– Məhəmməd Gülbadam, hansı gül bağına gedirsən?

Deyər:

– Qızıl gül bağına.



Yenə bu durar qıza bir dana qırmızı at verər, bir dəs qırmızı paltar verər. Örgədər, yola salar. Qız qapıdan gi­rən­də görər Məhəmməd Gülbadam gəlir. Deyər:

– Gül biçim, qonça, qonça biçim.

Hər qonçadan bir dəstə gül,

Xəstəyə dərman isərəm.

Yenə səndəl gələr, zad gələr. Xanım əyləşər. Söh­bət­lə­şərlər. Yenə bu qız baxar o yan-bu yanına. Məhəmməd Gül­badam deyər:

– Xanım, nə buyurursunuz, baxırsız o yan-bu yana?

Deyər:

– Su istirəm.



Deyər:

– Qızıl camda xanıma su gətirin.

Deyər:

– Xeyir, qızıl camda içmərik, büllur camda gətirsinlər.



Büllur camda su gətirərlər. Bu qız içər. İçər qabı salar ayağına. Qab sınar ayağın kəsər. Məhəmməd Gülbadam tez cibindən dəsmalın çıxardar bu qızın ayağın bağlar. Hər gül­dən yenə bir dəstə, bu qız gələr. Gecə olar, Məhəmməd Gül­badam gələr, nənəsi deyər:

– Məhəmməd Gülbadam, gəl bu qızı alım sənə.

Deyər:

– Nənə, nə eliyəcəyəm? Üç gündür bağımıza bir qız gəlir, bir-birindən gözəl, bugünkü hamısından gözəl.



Nənəsi qıza da örgətmişdi, gedib hovuz başında yerin salıb yatmışdı. Məhəmməd Gülbadam gedər hovuz başında dəstamaz alsın, görər ki, bu qız elə orada yatıb deyir:
Qızıl camın eşqinə,

Canım getdi düşgünə;

Xərab olasan, qızıl gül bağı,

Vay ayağım, vay ayağım!...


Məhəmməd Gülbadam bunu eşıdər görər ki, bu qız deyir elə. Gələr bu qızın ayağına baxar görər ki, dəsmalı necə bunun ayağına bağlayıb oradadı. Gələr nənəsinə deyər:

– Nənə, bu yol bu qızı alıram.

Nənəsi deyər:

– Oğul, bu filan padşahın qızıdır. Sənin eşqindən ötür gəlib, haman qızdı ki, üç gündü gəlir bağa.

Məhəmməd Gülbadam qızı alar, yeddi gün, yeddi gecə toy tutar.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə