Azərbaycan nağillari



Yüklə 1,1 Mb.
səhifə6/9
tarix30.12.2017
ölçüsü1,1 Mb.
#18810
1   2   3   4   5   6   7   8   9

توفارقان ۹ /۱۲/۴۵
DƏMİR ƏSA, DƏMİR BAŞMAQ
Bir gün var idi, bir gün yox idi. Bir padşah var idi. Bunun üç dana qızı var idi. Bunlar çox böyümüşdülər. Hamısının ər vəqti idi. Ancaq padşah onları ərə vermirdi. Elə bil yadından çıxmışdı. Bir gün qızlar bir dana qəşəng xonça bəzərlər. İçinə üç dana qohun qoyarlar. Biri tıtdamış, biri yetişmiş, biri də nurs. Xonçaya örtük çəkərlər, yollarlar padşahın yanına. Pad­şah örtüyü kənar edər qohunları görər. Deyər:

– Vəzir, bular nəmənədi ?

Vəzir deyər:

– Qıbleyi-aləm sağ olsun, o ki, tıtdamış qohundu, bö­yük qızındı. Deyər, məni ərə vermədin, ər vəqtim keçdi, tur­şadım. O ki, yetişmişdi, aramıncı qızındı. Deyir, mənim elə ər vəqtimdi. Verməsən, turşaram. Nurs qohun da bala qı­zındı. Deyər, mənim də ər vəqtim yetişib. Padşah deyər:

– Vəzir, tədbir.

Deyər:


– Sabah şəhərin cavanları gəlsin meydandan keçsin. Qızlar da dursunlar tamaşa eləsinlər. Hansını xoşladılar, bir alma atsınlar.

Sabah qızlar yığılar meydanın kənarında durarlar. Əllə­rində bir alma, sevdiyi cavanlara atmağa. Böyük atar vəzirin oğluna. Ortancıl qız atar vəkilin oğluna. Bala qız atar, alması gedər düşər bir xərabədə qara daşın dibinə. Daşı sökərlər bir ilan çıxar. Qız deyər:

– Mənimki də belə idi. Mən bu ilana gedəcəyəm.

Naqqədə dədə, nənə deyər olmaz. İki ayağın təpər bir başmağa ki, bir ağacdı, bir gö..., gərək gedim ilana.

Qız oturar daşın dibində. Bir azdan sonra görər ilan donundan çıxdı oldu bir dana şəstli cavan. Yemə,içmə xət-xalına, gül camalına tamaşa elə! Bir neçə gün keçər.

Təzdən gələrlər oturarlar ki, görsünlər bala bacı necə gələcək. Bir anda görərlər bala bacı gözəl oğlanıynan gəlir ki, gəl görəsən. Hamı qalar baxa-baxa. Helə yeyərlər-içərlər, bala bacı açar başına gələni bacılarına deyər. Onlar da deyər­lər ki, gəl cildin yandır, çıxsın hüzurə rahat ol, canın qurtar­sın. Heç soruşmusan cildin nə ilən yanar?

Qız deyər:

– Yox, soruşaram.

Qoyarlar gələrlər evlərinə. Qiz deyər:

– Ay balam, bu işdi girirsən ilan donuna? Sənin bu donun nə ilə yanar?

İlan dörd barmağın bir elər, bir sillə vurar qıza, qızın ağzının-burnunun qanı dağılar bir-birinə. Sonra ürəgi yanar aparar üzünün qanın yuvar, başlar dilə tutmağa. Deyər:

– Mənim donum sarımsaq qabığı ilə yanar.

Sabah oğlan donun çıxardar gedər hamama. Qız götü­rər sarımsaq qabığına od vurar, donu atar arasına. Oğlan hə­ra­san gələr içəriyə. Görər hal-qəziyyə belədi, deyər:

– İndi ki, belə oldu, day məni görməzsən, mən getdim. İsdəsən məni görəsən, gərək yeddi cüt dəmir çarıx, yeddi dana dəmir əsa götürəsən, bir az da arpa çörəgi, harada olar yirtılsa, qurtulsa, orada məni tapa bilərsən.

Oğlan bunu deyib yox olur. Qız qalar. Ağlar, sızlar axırda durar ayağa yeddi cüt dəmir çarıx, yeddi dana dəmir əsa götürər, bir az da arpa çörəgi, düşər yola. Dədəsi nəq­qə­də deyər yox, qızım, getmə səni ondan da yaxşı oğlana verə­rəm. Qız saymaz. Bu şəhər, o şəhər, müttəsil yeddi il yol ge­dər. Axırda yetişər su başına, oturar əl-üzün yusun, açar bir tikə çörək yesin, görər çörəklər qalıb əpriyib kül olub. Baxar çarıqların altına, əsaya. Görər yırtılıblar. Bilər ki, oğlan bu­radadı. Bir azdan sonra görər bir qız gəldi aftava doldur­mağa. Deyər:

– Ay qız, aftavadan ver bir su içim.

Qız verməz, deyər:

– Niyə verim? Bunu aparıram ağa dayım dəstamaz alsın.

Deyər:

– Suyu qan olsun, zərdab olsun tökülsün ağa dayının əllərinə.



Qız aftavanı götürər gələr.

İstər töksün Məlikməmmədin əllərinə, qan olar, zərdab olar tökülər. Məlikməmməd deyər:

– Bacı qızı? Bəs bu nədi?

Qız açar gördüğün deyər. Oğlan deyər:

– Apar ver, içsin.

Qız qayıdar deyər:

– Məlikməmməd dedi ki, al iç.

Qızın ürəgi işıqlanar. Bir az sudan içər, göz-göz elər. Üzügün züyüldər salar aftavaya. Oğlan əllərin yuyanda görər aftavadan səs gəlir. Suyun tökər yerə üzüg düşər oğucuna, anlar nə var. Durar gələr su başına, görər qız oturub. Öpü­şərlər, görüşərlər. Oğlan deyər:

– Mənim nənəm devdi. Dədəm devdi, xalam devdi, hər zadım devdi. Desəm səni almışam, yeyərlər. Gərək səni giz­lə­dəm. Ovsun oxuyar, qız olar alma, gətirər qoyar evdə tax­çaya. Axşam olar. Göy tutular, bulut içindən bir ifrit düşər yerə. Deyər:

– Məlikməmməd, adam-badam iysi gəlir, şaqqılı badam iysi gəlir.

Məlikməmməd deyər:

– Nənə, dağda-daşda yemişəm, dişimin dibindən gəlir.

Nənə deyər :

– Oğul, belə deyil, belə olsun düzün de görüm.

Məlikməmməd deyər:

– Dədəmin sümüğünə and iç demərəm!

Arvad and içər. Məlikməmməd bir ovsun oxuyar, püf­lər almaya, alma olar qız. Arvad onu görcək hirsindən dişlə­rin bir-birinə sürtər, amma üzə çıxartmaz, deyər:

– Bu qızı neylərsən? Sənə xalaqızını alacağam.

Məlikməmməd deyər:

– Bu mənim siqə bacımdı. Çoxdandı bacı-qardaş olmu­şuq, indi tapmışam.

Nənəsi görər ki, yox, elə bil nişanlıdı, hələ dinməz. Gün o gün olar ki, istərlər

Məlikməmmədlə xalaqızının toyun eləsinlər. Deyərlər, gərək bu qızın başın əkək sonra. Məlikməmmədin nənəsi qıza deyər:

– Dur get, xalangildən mahana qutusun al gətir.

Qız gəlir Məlikməmmədin yanına. Məlikməmməd deyər:

– Qorxma, dur get. İstərlər səni öldürsünlər. Mən deyə­nə qulaq asarsan, heç zad olmaz. Gedərsən, görəndə bir dana bulanıq su oradan keçəndə denə: “Bəh-bəh ! Nə qəşəng su­du. Gülab kimin, ab-kösər kimin. Qabım olsaydı, bir az bun­dan doldurar, aparardım”. İstərsən keçəsən, denə: “Yağılan bal, aralan, mən keçim”. Sonra gedərsən görərsən bir dana tikanlıqdı, denə: ”Bəh-bəh! Nə gözəl ignə– sancaqlardı. İşim olmasaydı, bunlardan taxardım yəxəmə”. İstərsən keçəsən, denə: “İgnə-sancaq, aralan, mən keçim”. Sonra gedərsən gö­rərsən bir dana atdı, bir dana it. Atın qabağına sümük töküb­lər, itin qabağına arpa. Arpanı götür tök atın qabağına, sü­mü­yü itin. Sonra get bağlı qapını aç, açıq qapını ört. Sonra get bükülü kilimi aç, açıq kilimi bük. Sonra gedərsən yeti­şərsən xalamgilə. Xalam deyər, dur burda gedim gətirim. Ge­dər dişlərin ititməgə. Sən qutunu götür qaç. Dalına baxma ki, daş olarsan.

Qız gedər, Məlikməmməd dediyi kimi elər, gələr yeti­şər xalanın evinə. Qapını döyər. Xala gələr deyər:

– Kimsən?

Qız deyər ki, bacın göndərib mahana qutusun aparma­ğa. Xala deyər:

– Dur burda gedim gətirim.

O gedər dişlərin ititməgə, qız əlin atar qapı dalında bir dügünlük var idi, götürər qaçar. Xala düşər bunun dalıyca, çığırar:

– Açıq kilim, tut!

Deyər:


– Niyə? Sən məni açmışdın, bu bükdü.

– Bükülü kilim, tut!

Deyər:

– Niyə? Sən məni bükmüşdün, bu açdı.



Deyər:

– Açıq qapı, tut!

Deyər:

– Niyə? Sən məni açmışdın, bu bükdü.



Deyər:

– Bağlı qapı, tut!

Deyər:

– Niyə? Sən məni bağlamışdın, bu açdı.



Deyər:

– At, tut!

Deyər:

– Niyə? Sən mənə sümük tökmüşdün, bu arpa tökdü.



Deyər:

– Calı tikan, tut!

Deyər:

– Niyə? Sən mənə calı tikan deyirsən, bu ignə-sancaq.



Deyər:

– İrin-çirk su, tut!

Deyər:

– Niyə? Sən mənə irin-çirk deyirsən, bu yağıla bal, gülab.



Qız götürülər qaçar. Yolda deyər ki, qoy dügünlüğü açım görüm içində nə var. Açar, açanda birdən səs düşər ki, gəl görəsən. Tez bağlar. Məlikməmmədin nənəsi eşidər bilər ki, qız ölməyib, gəlir. Qız hələ qutunu gətirər verər. Dalınca da xala gələr ki, qoydu qaçdı. Arvad deyər:

– Bu işlər Məlikməmmədin işidi.

Qızı çağırarlar, deyərlər:

– Gərək gedəsən iki təlis quş tükü yığarsan ki, Məlik­məmmədə yorğan-döşək tutaq, toydu.

Qız tutqun gələr Məlikməmmədin yanına. Məlikməm­məd deyər:

– Fikir eləmə. Getginən quşlar bağına, qışqır, denə: “Yı­ğılın, quşlar, yiğılın, quşlar, yığılın, Məlikməmmədin to­yudu”. Elə ki, quşlar yığışdılar, denən ki, “silkinin, quşlar, silkinin, Məlikməmmədin yasıdı!” Onda quşlar silkinərlər, yığarsan tükləri gətirərsən.

Qız durar gedər quşlar bağına. Qışqırar: “Yığılın, quş­lar, yığılin, Məlikməmmədin toyudu”.

Bir anda görər quş yığışdı, quş yığışdı hədsiz-hesabsız­dı, dünyada nəmənə quş var. Bu yol qışqırar deyər:

– Silkinin, quşlar, silkinin, Məlikməmmədin yasıdı.

Quşlar silkinər, tük tökər. Onlar təlis demişdilər, bu üç-dörd təlis yığar doldurar, götürər gələr.

Toy gecəsi olar. Məlikməmmədin nənəsi biləsinə deyər:

– Qoy bu gecə bacın bizlə yatsın.

Məlikməmməd deyər:

– Yox, gərək özümlə yata. Bacımdı olmaz ki, ayıram. Ürəginə dəyər.

Qabaqca qıza örgətər ki, bir qazan su qaynatsın, bir dana piçaq, bir az duz hər yandandı tapsın. Gecəyəcə hazır­lasın. Elə ki, gecə gəlinlə oğlanı əl-ələ tapşırarlar, hamı ge­dər yatar, Məlikməmməd durar ayağa xala qızısın götürər basar qazana, qapağın qoyar, arvadın götürər minərlər ata, düşərlər yola qaçarlar.

Məlikməmmədin nənəsi nahara yaxın deyər ki, durun gedin görün bə, bunlar niyə eşigə çıxmırlar? Gedərlər görər­lər nə qız var, nə oğlan. O yana gələrlər, qazanın başın qav­za­yanda görərlər qız oturub içəridə, dişlərin ağardır. Deyər­lər: “Qız, niyə gülürsən? Bə burada niyə? Məlikməmmədin hanı?”

Haçandan-haçana görərlər ki, qız çoxdandı ölüb. Mə­lik­məmmədin nənəsi ilə xalası durarlar anqıra-anqıra düşər dallarıyca.

Məlikməmməd bir qədər yol gedəndən sonra qıza deyər:

– Bax gör dalıdan gəlmirlər ki.

Qız baxar dalıya, görər yaxınlaşıblar.

Deyər:

– Az qalıb bizi haqlasınlar. Yeyin sür, gedək.



Məlikməmməd deyər:

– Qorxma, pıçağı at.

Qız pıçağı atar. Pıçaq olar bir dana qılınc dağı. Çöl olar bütünlüklə qəmə-xəncəl.

Nənə ilə xalanın ayaqları şül-küt olar. Anqıra-anqıra üz qoyarlar dallarıyca.

Yenə bir azdan sonra Məlikməmməd deyər, dön gör dalımızca gəlmirlər ki.

Qız baxar görər, devlər gəlirlər-nə cür, nə təhər. Deyər:

– Lap yaxındadırlar.

Məlikməmməd deyər:

– Duzu at.

Qız duzu atar, hər yan olar duz. Dolar devlərin yara­larına, yandırar-yaxar. Devlər anqıra-anqıra üz qoyarlar dallarıyca.

Yenə bir azdan sonra Məlikməmməd deyər:

– Bax gör gəlmirlər ki?

Qız dönər dalıyca baxar, deyər:

– Vay, yetişdilər.

Məlikməmməd gördü olmayacaq, qızı elər bir bostan, özün bostan ağacı, atı da bostançı. Devlər gələrlər, görərlər qə­şəng abad bostandı. Deyərlər oturaq burada ağacın kölgə­sində bir dincələk. Yaralarımızın da ağrısı qoysun gedək. Bir dana gülbəsər dərib yeyərlər, uzanarlar, yuxu tutar. Məlik­məmməd görər yuxulayıblar, yenə qızı götürər, atı mınər, düşər yola. Qız baxar görər culu barmağı yoxdu. Helə getha­get gedərlər.

Bu yandan devlər ayılarlar, heç zad yox. Nə bostan var, nə ağacı, nə də bostançı. Bilərlər ki, bunlar Məlikməmmədin işi imiş. Yenə anqıra-anqıra üz qoyurlar yola getməyə.

Qız bir anda dalıyca baxar, görər devlər gəlirlər, nə cür! Yerə dəysələr min parça olarlar. Məlikməmməd deyər:

– Qorxma, suyu at.

Qız suyu atar, su olar dərya, devlər qalarlar o tayda, bunlar bu tayda. Devlər deyər:

– Məlikməmməd, başına dolanaq, bizi də keçirt o taya. Sənə dəymərik vallah, ballah!

Məlikməmməd deyər:

– Da, işiz qurtuldu. Sizinki elə buraca idi. Buraya keçəmməzsiz. Sizinki sizdə, bizimki bizdə.

Düşərlər yola, gedərlər qızın şəhərinə.

ALLAHA FƏLƏLİK
Bir gün varıydı, bir gün yox idi. Allahdan qeyrəz heç kim yox idi. Bir dana fələ var idi. Gündə gedərdi fələ mey­danında dururdu. Günortayaca gözətdirdi, heç kəs biləsin işə aparmırdı. Bir gün da cana gələr deyər:

– Arvad, duz-çörək bağla, gedəcəyəm Allahın özünə işləyəm.

Arvad çörək bağlar. Kişi durar bir külüng götürər, ge­dər başlar bir dağın böyrün sökməyə. Naharaca sökər, görər, balam, heç gəlib deyən yoxdu ki, çıx nahara. Öz-özünə deyər: “Olsun da, nə olar Allahdı, özgə ki, dəyil. Hər nə olsa özümüzünküdü. Qoy bir yarım saat da artıq işliyək”.

Yenə başlar külüng vurmağa. Yarım saatdan sonra işdən əl çəkər, deyər:

– Özgə olsaydı hər zadım qatmışdım bir-birinə. Amma nə edim ki, Allah işidi. Bekar qalmaq olmaz. Tez bir tikə atım içəri işləyim.

Ayaq üstə bir tikə yavan çörək yeyər, başlar işə. Axşa­maca külüng döyər. Heç gəlib deyən olmazdı ki, fələ qərdəş, işdən çıx, vəqtdi. Öz-özünə deyər: “Nə eləmək olar, axı? Öz­gə ki, dəyil, hər nə varın söyəm, işi tökəm çıxım gedim. Özü­münküdü. Allahdı. Gəl bir yarım saat da artıq işlə, öl­məzsən ki”.

Yarım saatdan sonra işdən əl çəkər, deyər: “Canım, nə olar özümünkü olanda, axı? Ölməli dəyiləm ki! Acığı gəlsə getsin su içsin. Canımı müftə tapmamışam, vallah”.

Ha gözlər, görər, balam, heç kəs gəlmədi muzdun ver­sin. Durar bir az da gözlər. Görər, xeyir, Allahdan haray çıx­madı, deyər: “Sən örgəşmisən müftə işlətməyə, amma məni də tanı­mamısan. Gedəcəyəm məçidindəki minbəri aparam satam, muzdumə götürəm. Özümünkü, özümünkü dedim, qol­tuqla­rına qarpız yerləşdi”.

Qaş qaralanda girər məçidə. Keçər minbəri aparsın. Bir anda görər bir baba dərviş gəldi, heybə ciynində. Keçər məçidin ortasında dizə çökər. Cibindən çoxlu tərək çıxardar. Yezidin məcsəməsin tökər qoyar qabağına deyər:

– Gədə, köpək oğlu yezid, sən niyə İmam Hüseyni öldürdün? Heç Allahdan qorxmadın? İndi sənə deyəcəm, qa­ban oğlu, qaban!

Əl elər yezidi qoyar ağzına. Sonra başlar İmam Hüsey­nə tay düzəldər, deyər: ”Amma öz aramızdı, sənə kim deyir­di gedəsən düşəsən yezidin əlinə? Getdin, özünü ölümə ver­din, yazığı elədin lənət qabı, qoydun ora. İndi sənə deyərəm. Elə məzlum-məzlum baxmağına dəyil”.

Əl elər onu da qoyar ağzına. De, iş buyur yetişər Al­laha. Deyər: “Bilirsən, nə var? Günahların hamısı səndədi. Yezidi yaradacağıdın, amma Həsəni niyə yaratdın? Yox, İmam Hüseyni yaradacağıdın, yezidi niyə yaratdın? De, dilin var, de da!... İndi sənə deyərəm. Nə olar, məsələn, Allah olanda, hən?”

Əl elər ki, onu da yesin, birdən fələ minbər altdan cığırar:

– Yemə, köpək oğlu, gəldim! Aşina, aşina gəldin, çıx­dın ocaq başına!

Beçara dərvişin bağrı çatlar, düşər ölər. Fələ baba gələr dərvişin ciblərin hamısın boşaldar, götürər gələr evə.
ÇOX OLSA BİR OĞUC,

AZ OLSA YARIM OĞUC

Günlərin bir günündə bir dana kişi var idi. Arvadı bunu göndərər ət gülduşü alsın. Kişi gedər alar, qayıdar. Bu yol bunun arvadı deyər:

– Duzun xəbər aldın, ya yox ?

Deyər:


– Yox, almadım.

Arvad deyər:

– Canım, get xəbər al görəm nə qədər duz salacayıq. Adam da gedər gülduşu alar, duzun xəbər almaz?

Kişi gedər gulduşçunu tapar. Soruşar, gulduşçu deyər:

– Əh, rəhmətliyin balası, çox olsa bir oğuc, az olsa yarım oğuc.

Kişi deyə-deyə gedirdi ki, yadından çıxmasın. Yetişər bir yerə. Bir kişi xirmən sovururdu. Eşidər bu deyir: “Çox olsa bir oğuc, az olsa yarım oğuc”. Götürər şənəni üstünə. Bir-iki şənə vurar deyər:

– Köpək oğlu, necə bir ovuc, yarım ovuc!

Deyər:


– Qərdəş, bə nə deyim, axı?

Deyər:


– Denə, bərəkətli olsun, biri min olsun!

Kişi deyə-deyə gedər: “bərəkətli olsun, biri min olsun!” Gələr yetişər bir yerə. Demə, ölü aparırlar. Salarlar bunu kötəgin altına ki, köpək oğlu, necə bərəkətli olsun, biri min olsun!

Deyər:

– Qərdəş, bə nə deyim, axı?



Deyərlər:

– Denə, Allah rəhmət eləsin, getsin gəlməsin, gördüz görmiyəsiz!

Deyə-deyə gələr bir yerə, demə gəlin aparırlar. Kişi deyər:

– Getsin gəlməsin! Gördüz, görmiyəsiz!

Tutarlar salarlar kötəgin altına. Nə yemisən, turşulu aş. Kişi deyər:

– Axı, qərdəş, bə niyə vurursuz? Nə deyirsiz, deyim da.

Deyərlər, denə: “Gəlin gətirmək ilə, xeyir görmək ilə, ha bir Allah !” Atıl düş. Börkünü at göyə.

Kişi gedər-gedər yetişər bir şikarçıyə. Şikarçı av sal­mış­dı qıravula, istirdi vursun. Kişi qışqırıb atılanda av qaçar. Ovçunun ovqatı təlx olar. Tüfəngin tərsiylə duşər kişinin canına, o ki var vurar. Kişi deyər:

– Qərdəş, niyə vurursan? Ax, mən neylədim? Nə deyir­sən, deyim da.

Şikarçı deyər:

– Heç zad demə. Börkünü götür, başmaqlarını vur qol­tuğuna, əgilə-əgilə duvar dibindən çıx get.

Kişi elə elər. Birinin evin kəsmişdilər. Oğrunu axtarır­dılar. Kişini görmək haman o ki var, kötəkə basarlar ki, sən ev kəsmisən. Kişi deyər:

– Mən oğru dəyiləm. Mənə bir nəfər belə dedi, mən də elədim. Məni niyə vurursuz? Nə deyirsiz, deyim.

Deyərlər:

Börkünü qoy, əyilmə, başını qavza, düz çıx get. Əyil­sən dədəni yandıracağıq.

Kişi düz qoyar gedər yetişər qaplarına. Əyilməz. Qapı sinəsindən olar. Səslər:

– Arvad, gəl qapını sök, mən keçim.

Arvad çıxar bir təpik vurar, kişi təpilər içəri.


ADI İLƏ BUDU
Biri var idi, biri yox idi. Allahın kərəmi çox-çox idi. Bir dana Adı var idi, bir dənə b7udu. Bir gün deyər :

– Arvad, bilirsən nə var?

Budu deyər:

– Kişi, nə var?

Deyər:

– Budu, mən deyirəm duraq gedək bir qızımız evinə. Çoxdandı görməmişik. Dur tədarək görək gedək.



Budu deyər:

– Nə eləyək?

Adı deyər:

– Duraq bir az kökə yapaq.

Qış gecəsi idi, ay işığı. Adı deyər:

– Allahın da təndiri yanır.

Xəmir elərlər, yaparlar duvara. Səhər durarlar, görərlər mis kimi donub. Qaşırlar, yığarlar dağarcığa. Təndirdə bir gülduş ətləri var idi. Üstün örtərlər. Bir kisə də pulları var idi. Bərkidərlər. Qapını bağlarlar, açarı daş altına qoyarlar, gedərlər. Yolda bir baba dərviş gedirdi. Deyərlər:

– Baba dərviş!

Deyər:

– Bəli.


Deyərlər:

– Biz gedirik qızımızgilə. Açar daş altdadı. Gedib qapını açıb, əti yeyib, yerin sı....., ha?

Baba dərviş deyər:

– Yox, xanım, mənim özümün işim-gücüm var.

Deyərlər:

– Baba dərviş!

Deyər:

– Bəli.


Deyərlər:

– Gedib filan yerdən bir kisə pulumuz var, götürüb yerinə saxsı doldurmayasan, ha!

Baba dərviş deyər:

– Xanım uşaq olmayın. Mənim sizin pullarızla nə işim var. Qoyun gedim. Qəribə işdi, ha!

Adı ilə Budu arxayın olarlar gedərlər. Baba dərviş gələr girər evə, əti yiyər, sı..... gulduşuna. Pulları götürər, bir lülə­yin var idi, oğar doldurar yerinə.

Bunlar da gələrlər qızları evinə. Xəbər göndərərlər. Qız­ları da bətər yerdə idi. Əri var-dövlətli tacir idi. İki əli olar, bir təpəsi. Adam yollar ki, bir zad-mad gətirsələr tut­sunlar alsınlar ki, abrısı getməsin. Budu bir dana kökə gö­türər soxar lüt qoynuna. Gələrlər yetişərlər evə. Salam, əley­kə­sa­lam. Oturarlar. Bu yandan kürəkən gələr. Budu əl elər qoynuna, kökəni çıxardar qoyar kürəkənin qabağına, deyər:

– Nənən ölsün bala, çox idi. Yolda bir başı yanmış aldı.

Qız tez yeriyər kökəni götürər atar itə. Oturarlar, yeyərlər, içərlər, olar gecə. Qız qaravaşa deyər:

– Yerlərin sal hel-mixək damında.

Adı ilə Budu gecənin bir zamanı ayılarlar. Hel-mixəyin iyi vurar yatanmazlar. Budu deyər:

– Adı!

Adı deyər:



– Can Budu!

Deyər: “Nə var?”

Deyər:

– Nənəsi ölmüş balanın işi çoxdu. Mavala gedənməyib, s........ otağa, iyi gəlir. Dur buları tökək çaya.



Durar hel-mixəkləri daşırlar. Tökərlər çaya. Bu yol rahat yatarlar. Səhər çay içməyə gələrlər. Budu deyər:

– Nənən ölsün bala, bə, bu köpək oğlunun evində nə qədər iş var? Bu gecə səhərədək nəcis daşımışıq.

Qız deyər:

– Eviz yıxılsın! Hel-mixəkləri neylədiz?

Gedər görər ki, töküblər çaya. Pul verər, nökərlər ayrı­sın alarlar, yerin doldurarlar ki, kişi bilməsin. Helə yeyərlər, içərlər olar gecə. Qız deyər:

– Yerlərin salın aynabənd otaqda.

Gecənin bir zamanı ayılarlar, baxarlar görərlər o yan, bu yan adamdı. Budu deyər:

– Adı!


Deyər:

– Can Budu!

Deyər:

– Nənəsi ölmüş balanın nə çox düşməni varmış. Duraq bunları öldürək.



Durarlar hərəyə bir dəyənək, şaqqaşaq vurarlar aynaları sındırarlar. Budu deyər:

– Bax, öldülər. Baxın yoxdu.

Başların qoyarlar, rahat səhərəcən yatarlar. Səhər çağı çay içməyə gələrlər. Səlam, əleykəsəlam. Deyər:

– Bala, nə çoxdu düşmanın! Bu gecə səhərəcən qır­mışıq.

Qız gedər görər aynabənd otağı heç eləyiblər. Deyər:

– Eviz yıxılsın. Bə niyə belə eləmisiz?

Verər nökərlər otağı tazadan aynabənd elərlər ki, kişi bilməsin.

O gün də axşam elərlər. Qız deyər:

– Yerlərin salın qaz anbarında.

Gecənin bir zəmanı qazlar oxuyurdular. Bunlar ayılar­lar.

Budu deyər:

– Adı!


Adı deyər:

– Can Budu!

Deyər:

– Bilirsən nə var?



Deyər:

– Yox, nə var?

Deyər:

– Nənəsi ölmüşün vəqti olmayıb. Qazların başları bitləniblər. Dur buları yuyunduraq rahatlasınlar.



Durarlar adama bir qazan su qaynadarlar. Qazları bir-bir tutarlar, başların basarlar suya, düzərlər duvara. Budu deyər:

– Bax, yazıqlar dincəldilər, yatdılar.

Səhər gəldilər çay içməyə. Deyər:

– Nənən ölsün bala! Nə çox möhnətin ağırdı! Qazların başın da yuva bilmirsən. Başları bitlənmişdi. Ağlıyırdılar. Qaynar suya basdıq, rahatlaşdılar.

Helə verər nökərlər qaz alarlar, salarlar onların yerinə kişi bilməsin. O gün də axşam elərlər. Qız deyər:

– Yerlərin salın nəft anbarında.

Neftləri doldurmuşdular kuzələrə, düzmüşdülər duvar dibinə. Adı ilə Budu baxarlar görərlər kuzələr doludur.

Budu deyər:

– Adı!

Adı deyər:



– Can Budu.

Deyər:


– Heyvan bala haradan bilib biz yuyunacağıq, kuzələri doldurub hazırlayıb?

Durarlar hərəsi bir qazan nəft qızışdırarlar çimərlər. Səhər çay vəqti cəhənnəm iti kimi gələrlər. Budu deyər:

– Nənən ölsün, nə bildin bizə su lazımdı, kuzələri doldurdun.

Qız deyər:

– Vay, eviz yıxılsın! Olar nəft idi.

Nökərlərə deyər:

– Bu köpək uşaqların aparın hamama.

Hamamdan qayıdanda qapıdan qoymaz. Bir kuzə doşab, bir az çit, bir dana at verər, deyər:

– Da bəsdi, gedin evinizə.

Qışın tüfətüfi idi. Soyuqdan yer cırılmışdi. Adı deyər:

– Budu!

Deyər:


– Nə var?

Deyər:


– Yerin dabanı quruyub çatlayıb. Gəl bu doşabı tökək bura. Yazıqdı.

Doşabı tökərlər yerin çatdağına. Bir az gedərlər. Görər­lər tikan kolu var, yel vurur əsir. Budu deyər:

– Adı!

Adı deyər:



– Can Budu! Nə var?

Deyər:


– Bizim əynimizdə paltar var. Tikan lüt qalıb əsir. Gəl çiti çəkək tikanın başına, üşüməsin.

Deyər:


– Yaxşı.

Çiti açarlar, çəkərlər tikanın başına. Bir az gedərlər, görərlər bir çolaq qarğa atıla-atıla gəlir. Budu deyir:

– Adı!

Deyər:


– Can Budu! Nə var?

Deyər:


– Bax, heyvan qarğa gör necə atılır. Gəl bu atı verək ona. Bizim qıcımız var, gedirik. Ölmərik ki, qarğa yazıqdı, gedib balasına çata bilməz.

Atı da ötürərlər qarğanın qabağına, gedərlər. Baba dərviş rast gələr. Deyərlər:

– Baba dərviş!

Deyər:


– Bəli!

Deyərlər:

– Sən Allah, tikan üşürdü, çiti çəkdik başına üşüməsin. Qarğa da çolaq idi, gedə bilmirdi, atı da verdik ona. Gedib çiti, atı aparmayasan.

Baba dərviş deyər:

– Yeri, baba, işinə! Mən də helə deyirəm bə nə sözü var. Mənim nə işim var. Dərdimin biri də oydu ki, gedəm çolaq qarğadan at alam! Qoyun çıxıb gedim canım, səfəhlə­miyin.

Onlar o yana, dərviş dəbərilər atı minər, çiti götürər gedər.

Adı ilə Budu gələrlər, yetişərlər evə. Deyər:

– Budu, sən Allah, tez çıxar əti yeyək, acam mən ölürəm.

Budu əti çıxardar, görərlər ət həngamədi. Əl elərlər pu­la, görərlər baba dərviş aparıb, yerinə saxsı doldurub. Bun­ların iki əli olar, bir başı.

Yedi, işdi mətləbinə yetişdi.


BARAT NAĞILI
Bir gün qurd çox ac idi. Yemək dalınca dolanırdı. Get­di bir qoyuna sataşdı, dedi:

– Bax, qoyun! Mən səni yeyəcəyəm.

Qoyun deyər:

– Olsun, amma mənim bir oyunum var, onu gör, sonra ye.

Qoyun o yana qaçdı, bu yana qaçdı. O yana burcutdu, bu yana burcutdu, getdi bir tərəfdə gözdən itdi.

Qurd getdi gördü bir keçi, dedi:

– Keçi, daha mən acımdan ölürəm, yeyəcəyəm səni.

Keçi dedi:

– Olsun, amma sən mənlə doymarsan. Bu dağın dalın­da iki-üçü də var, onları da qoy çağırım.

Keçi çıxcaq dağın başına o taydan aşıb getdi.

Qurd gözlədi, bir az sonra düşdü yola. Bir az səhərə qalanda gördü bir ağac dibində uzanıb yatıb bir at.

Dedi:


– Bax at. Daha lap acımdan ölürəm, yeyəcəyəm səni.

At dedi:


– Olsun, ye. Amma mənim bu ayağımın altında bir ba­rat var. Onu oxu sonra.

Qurd deyib yaxşı, başın yaxınlatdı. Onda at ayağın qav­­zadı. Bərkdən təpiklədi qurdun ağzın, dişləri getdi qar­nına.

Gəldi oturdu bir yanda, zarıldaya-zarıldaya dedi:

– Gördün qoyun,

Ye qalsın quru boyun.

Sən neylərdin oyun-moyun,

Çalğıçı olacağidın, oyunçu olacağıdın?

Gördün keçi

Ye qalsın, quru qıçı.

Sən neylərdin iki-üçü,

Coda olacağıdın, çoban olacağıdın?

Gördün at

Ye, yanında yat.

Sən neylərdin barat-marat

Malla olacağıdın, müctəhid olacağıdın?

....Deyə-deyə can verdi.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə