Azərbaycan nefti- zənginliyə açılan qapı



Yüklə 28,13 Kb.
tarix15.03.2018
ölçüsü28,13 Kb.
#32465

Azərbaycan nefti- Zənginliyə açılan qapı.

“Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün,

xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amilidir”

Ümummilli lider Heydər Əliyev

Giriş

Neft insanların istifadə etdikləri ən əhəmiyyətli təbii sərvətlərdən biridir. O, aşkar edildiyi ərazilərdə yaşayan xalqların taleyində böyük rol oynamışdır. Məhz buna görədir ki, nefti “qara qızıl” adlandırmış, onun bəşəriyyətçün əhəmiyyətini yüksək dəyəndirmişlər.



Azərbaycan lap qədimdən odlar yurdu, neft diyarı kimi tanınıb və məşhurlaşıb, bir çox səyyahların, iş adamlarının diqqətini cəlb edib.

Tarixdən məlumdur ki, məşhur rus səyyahı Afanasi Nikitin XV əsrdə İran və Himdistana səfəri zamanı Azərbaycandan keçmişdir. Bakıda olarkən o burada insanların quyulardan tünd rəngli bir maye çıxardıqlarını və ondan məişətlərində istifadə etdiklərini görmüşdür. Həmin maye neft idi. Sadəcə, XV əsrdə nəinki ayrı-ayrı insanların, hətta böyük-böyük ölkələrin əhalilərinin yerin tərkindən çıxarılan bu sərvət haqqında məlumatları olmayıb. Bu gün isə ahıl qocalardan tutmuş kiçik yaşlı məktəblilərə qədər elə bir adam tapmaq çətindir ki, neftin nə olduğunu bilməsin; min illərlə dəyər vahidi sayılan qızıla tay tutulur neft-“qara qızıl” deyilir ona. Bəşəriyyətçün neft qızıldan da qiymətlidir desək, zənnimcə, səhv etmərik. Neft dünya iqtisadiyyatının bel sütunudur. Neft-işıqdır, neft-istilikdir, neft-işləyən maşınlardır, nəhayət, neft-tərəqqidir.

Neft Yer kürəsinin heç də hər yerinə bərabər paylanmayıb; bəzi ölkələrin payına çox, bəzilərinin payına isə az düşüb bu yeraltı sərvətdən. Elə ölkələr də var ki, onların ərazilərində, ümumiyyətlə, neft deyilən şey yoxdur. Şübhəsiz, bunun geniş elmi izahı var, amma el arasında “Bu da bir Tanrı payıdır,- deyirlər,- Azərbaycandan da əsirgəməyib öz səxavətini”

Tarixən neft məxsus olduğu ölkələrə sarı qızılın gözqamaşdırıcı parıltısı ilə yanaşı, həm də göz yaşları və məhrumiyyətlər bəxş etmişdir.

Neft uğrunda son dərəcə amansız mubarizələr gedir dünyada. Bu mübarizələr hətta müharibələr də çevrilir-qan tökülür. Amma müdrik insanlar isə neftin işığından, neftin istisindən bütün bəşəriyyətin bəhrələnməsi üçün çalışırlar.

Neftimiz yaxın-uzaq keçmişdə

Azərbaycanda neft çıxarılmasının tarixi çox qədimdir. Arxiv sənədlərində Azərbaycanda neftin ilk çıxarılma tarixi dəqiq göstərilmir. Lakin hələ Makedoniyalı isgəndər öz əsgərləri ilə Xəzərin cənubundakı kəndlərdə gildən düzəldilmiş lampalara, çıraqlara baxarkən təəccüblənirdilər ki, onlar neftlə yanır. Bu qiymətli maye sonralar İrana keçirilib, rus tacirləri vasitəsi ilə Qərbi Avropaya daşınmışdır. Yerli əhali bu mayeyə çox üstünlük verirdi və bu duru-qara mayeni “yer yağı” adlandırırdılar. Bakının “yer yağı”ndan İsgəndərə də bir qab hədiyyə aparılır. O həm yanırdı, həm də müalicəvi əhəmiyyətə malik idi. Neftdən ilk istifadə edənlər çobanlar olmuşlar. Onlar mal-qaranı və dəvələri qoturluq xəstəliyindən sağaltmaq üçün heyvanların xəstə yerlərinə dənizin, gölün, yerin üzünə çıxan nefti sürtürdülər.

Əvvələr çıxan neftin həcmi az olmuş, sonralar tələbat artdıqca neft kəhrizləri qazılmağa başlamışdır. Hələ XVIII əsrin ortalarında Amerikada nefti yer səthinə çıxan gölməçələrdən əsgi parçalarına hopdurmaqla sıxıb yığırmışlar. Azərbaycanda isə o dövrlərdə artıq tanınmış neftçi nəsilləri meydana gəlməyə başlamışdı. Az sonralar axtarışlar nəticəsində tapılmış daşların üzərində bu sözlər yazılmışdı: “1594-cü ildə bu neft kəhrizi Məhəmməd Nurunun oğlu Allahyar tərəfindən qazılmışdır.”

XVII əsrin əvvəllərində Xəzər dənizinin sahilindən 19 metr məsafədə 2 neft kəhrizi olub. Bu kəhrizlər hələ XVI əsrdə dəniz zolağında qazılmışdı, sonralar Xəzər dənizinin qalxması nəticəsində kəhrizlər suyun altında qalmışdır.

XVIII əsrin axırlarında bu kəhrizlər taxta ilə örtülür. 1824-cü ilin sentyabrında dənizin dalğaları kəhrizi dağıdıb. Həmin yerdə dənizin dərinliyi 0,5 arasından çox olmayıb. Güman edilir ki, dünyada ilk dəniz mədəni bu yerdə olub. Tarixdə neft hasilatı haqqında məlumat XVIII əsrin I yarısından başlanır. N.Lebedevin “Bibiheybətin neftli sahəsinin geoloji və sənaye əhəmiyyəti” haqqında 1899-cu ildə yazdığı kitabında Bibiheybətdə 70-ə qədər neft kəhrizinin olması haqqında məlumat verilir. 1870-ci ildə torpaq ölçən A.Avilov Bibiheybətin xəritəsini tərtib edib və orada 25 kəhrizin, 2 quyunun olmasını göstərib.

1806-cı ildə Balaxanı və Sabunçu kəndlərində neftçi peşəsi əsas peşələrdən sayılıb.1806-cı ildən başlayaraq Balaxanı və Sabunçu kəndlərində neft quyularının və neftçi fəhlələrin sayı getdikcə sürətlə çoxalır. 20 il ərzində-1806-cı ildən 1825-ci ilə qədər Balaxanı kəndində neft quyularının sayı 82-yə çatmışdır. 1871-ci ildə Balaxanı kəndində, yerli sahibkar, mühəndis Ağarza Mirzəyev dünyada ilk dəfə mexaniki-texniki üsulla neft quyusunun qazılmasına nail olur. Beləliklə, 1871-ci il Azərbaycanda və bütün dünyada neftqazma işində və neftçıxarmada sənaye üsuluna keçilməsinin başlanğıcı olur.

Neftçi alimlərimiz bu nəticəyə gəlmişlər ki, dünyanın hər yerində neft çıxarılsa da, bu odlu maye ən qədim çağlarda ilk dəfə məhz Azəebaycanda çıxarılmağa başlamışdır. O səbəbdən də “Neft” sözünün Azərbaycan dilində dünyaya gəlməsi də tamamilə təbiidir, qanunauyğundur. “Neft” Azərbaycan sözüdür.

Deməli, Azərbaycan və onun ürəyi: Bakı “neft” sözünün də, neftin özünün də -əzəl məskənidir. “Neftdən kerosin alınmasına isə biz ancaq 18-ci əsrin əvvəllərindən başlayaraq təsadüf edirik. Neftin yüngül və şəffaf hissəyə-kerosinə ayrılması prosesinin dünyada ilk dəfə Azərbaycanda aparılması tarixi materiallarda göstərilir. Deməli, tarixi materallara görə neftin ilk emalının da vətəni Azərbaycandır. “Dünyada ilk dəniz neft quyusu 1925-ci ildə qurudulmuş Bibiheybət körfəzində, 1934-cü ildə Pirallahı adasında, 1946-cı ildə Abşeron ətrafındakı digər dəniz sahələrində çıxarılmışdır”.

“Neftin bir yanacaq kimi işlədilməsi çıraqdan başlayıb...XIX əsrin 60-70-ci illərində yaradılmış benzin mühərrikləri” sonra isə sürətlə çoxalan avtomobillər, təyyarələr, tanklar, traktorlar, yanacaqla işləyən elektrik stansiyaları, kəmərlər, raketlər və s. neft tələb edib və etməkdədir.

2001-ci ildə ölkə Prezidenti Heydər Əliyevin “Neftçilər günü”nün təsis olunması barədə imzaladığı fərmanda “Neft diyarı”, “Odlar ölkəsi” kimi tanınmış Azərbaycanın “Bibiheybət” yatağında 1948-ci ildə qazılmış neft quyusunun fontan vurması və bu hadisənin dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunduğu qeyd edilmişdir.



Neft – dünyamızın şah damarı

Neft bəşəriyyətə çoxdan məlumdur. Bu karbohidrogen bizə qədim heyvan və bitkilərdən miras qalmışdır; onların qalıqları milyon illər boyu parçalanaraq neft və qaza çevrilmişdir. Bitum-qatı yarımmaye maddə hələ bizim eradan əvvəl, 30-cu əsrdə Mesopotamiya qayalarındakı yarıqlarda aşkar edilmişdir. Ondan sementləşdirici tərkib kimi Əriha və Babil divarlarını ucaldarkən istifadə etmişlər. Neftdən “yunan odu”nun tərkibində döyüş əməliyyatları zamanı istifadə edilmişdir. Buna Homerin “İliada”sında rast gəlmək olar.

Yeni tarixdə neft biznesinin banisi 1870-ci ildə “Standart oyl kompani”ni yaratmış Con D. Rokfellər oldu. İlk neft buruqları isə 1871-ci ildə-car höküməti neft quyuları üzərində dövlət inhisarını ləğv etdikdən dərhal sonra Bakıda meydana gəldi. Azərbaycanda neft biznesinin pioneri Nobel sülaləsi oldu.

127 il əvvəl Peterburqdan Bakıya yola düşərkən Robert Nobel güman etməzdi ki, onun Xəzər sahilində əsasını qoyduğu iş qardaşı Alfredin dinamiti kəşf etdiyi qədər şöhrət qazanacaq. Robertin digər qardaşı Lüdviq sonralar “neft kralı”, Bakıdakı ailə firması isə XX əsrin əvvəlində dünyanın neft mərkəzinə çevrilmiş regionda əvəzsiz karbohidrogen xammalının əsas istehçalçısı oldu.

Azərbaycan neftinin şöhrətləndirdiyi digər maliyyə nəhəngi isə “Royal Datç Şell” transmilli şirkəti idi. Bu şirkət 1913-cü ildə Bakıda yeddi iri kompaniyaya sahib idi. Uzun illər keçdikdən sonra bu şirkətlərin əksəriyyəti öz planlarını və perspektivlərini yenidən Azərbaycanla bağlamışdılar.

XX əsr tarixində Bakı neftinin əhəmiyyəti böyükdür. O,faşizm üzərində qələbədə mühüm rol oynadı. Dünyada ilk dəfə olaraq Azərbaycan neftçiləri dənizin dərinliklərindən neft çıxarmağa başladılar. O vaxt Sovet İttifaqında istehsal olunan neftin 75-80 faizi Bakı neftçilərinin payına düşürdü. Böyük Vətən müharibəsi illərində sözün əsl mənasında qəhrəmanlıq göstərmiş Azərbaycan neftçiləri bütün çətinliklərə üstün gələrək öz işləri ilə faşizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmişlər. Həmin neft ümumi qələbəmizə xidmət etmişdir. Doğrudan da, faşist diktatoru dünya ağalığının əsas açarını məhz Bakı neftində görürdü. O, Bakını tutmağa tələsirdi. Ancaq bütün dünyada məşhur hərb tarixçilərinin təsdiq etdiyi bir həqiqət də var ki, Bakı nefti olmadan 1941-1945-ci illər müharibəsində Qələbə mümkün olmazdı. Bu faktlardan biri tarixi qələbənin təmin edilməsində misilsiz xidmətlərinə görə Bakının gec də olsa, Lenin ordeni ilə təltif edilməsidir.

Azərbaycan bu gün dünyada təkcə neftin və qazın deyil, eyni zamanda, neft emalı məhsullarının ixracatçısı kimi də layiqli yer tutur. Vətənimiz Azərbaycan tarix boyu dünyada qədim neft diyarı kimi tanınmış, dünya neft-qaz sənayesinin inkişafına danılmaz töhfələr bəxş etmişdir. Neftin sənaye üsulu ilə çıxarılması, tankerlərlə, dəmiryolu ilə daşınması, boru kəmərləri vasitəsilə nəğl edilməsi kimi əlamətdar hadisələrin başlanğıcı Azərbaycanda qoyulmuşdur. Bakı dünyanın neft elminin paytaxtı sayılmış, “Neft akademiyası” adlandırılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən işlənmiş neft strategiyasının önəmli cəhətlərindən biri də budur ki, bu strategiya Azərbaycana əvvəlki şah-şöhrətini qaytardı, dünyanın nəzərlərini yenidən respublikamıza cəlb etdi. Bu strategiya mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası idi və bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

1994-cü il sentyabrın 20-də bütün dünyaya səs salan “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin uğurlu neft strategiyasının ilk addımı atıldı. Neft müqavilələri reallaşdıqca Azərbaycanın neft-qaz sənayesi durğunluqdan qurtulub, tərəqqiyə doğru irəliləyirdi. Ulu öndər Heydər Əliyev siyasətinin real nəticəsi olaraq xarici investorlar ölkəmizə investisiya yaratmağa başladılar. Dünyanın ən iri neft şirkətləri- Statoyl, Yunokal, İtoçi, TRAO kimi neft şirkətləri Azərbaycana üz tutdu. ”Əsrin müqaviləsi” Azərbaycanı bütün dünyada tanıtdı. Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.

16 avqust 2001-ci il tarixdə ulu öndər tərəfindən imzalanmış 20 sentyabr tarixinin “Neftçilər Günü” kimi təsis olunması ilə bağlı fərman bütün neftçilərə, bu sahədə çalışan bütün insanlara, zəhmətkeşlərə ən böyük bir qiymətdir.

Təsadüfi deyil ki, xalqımız artıq neçə illərdir “Əsrin müqaviləsi”nin imzalandığı günü-sentiyabrın 20-ni Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təntənə ilə qeyd edir. Şanlı əmək ənənələrinə daim sadiq qalan neftçilərimiz hər zaman olduğu kimi, bu gün də ölkədə gedən sosial-iqtisadi proseslərin önündədirlər. Fədakar neftçilərimiz yaxşı bilirlər ki, çəkilən əziyyət, görülən işlər son dərəcədə xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Qəhrəman neftçilərimizin həyatından əsərlər yazılmış, mahnılar bəstələnmiş, kinolar çəkilmiş, rəsm əsərləri yaradılmışdır. Azərbaycan nefti Azərbaycan xalqına həmişə xoş güzəran bəxş edəcəkdir.



Bütün Azərbaycan vətəndaşları Azərbaycanın milli sərvətlərini qorumalı və onları mühafizə etməlidirlər. Beləliklə biz kitabxanaçıları neftimiz haqqında, neftimizin tarixi haqqında oxucuları məlumatlandırmalıyıq. Bununla bağlı müxtəlif səpgili tədbirlər təşkil olnmalıdır. Qəhrəman neftçilərlə görüşlər təşkil olunmalı, sərgilər tərtib edilməli, söhbətlər keçrilməlidir.

Hazırladı: Metodika və biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə
Yüklə 28,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə