onların həyat və fəaliyyətindən bəhs edən müxtəlif nəşrlər mövcuddur (26, 45, 46,
57, 58, 60, 70, 78, 103, 104, 110, 129, 130). Bu şəxsiyyətlər bilavasitə Azərbaycan
rəhbərliyində təmsil olunmuş və ixtilaflar prosesində iştirakçı olduqlarından
onlardan bəhs edən əsərlər də tədqiqat üçün maraqlıdır. M. Katiblinin, L.
Polonskinin «Çingiz İldırım» (57, 140) kitabçaları dövrün tələblərinə uyğun
məzmunda yazıldığına görə, sovet idarəçiliyi sistemindəki ixtilaflardan bəhs
edilməmişdir. Eyni prinsiplə də N. Nərimanov (25, 26, 60, 70), Ruhulla Axundov
(78), Mir Bəşir Qasımov (103), Sultan Məcid Əfəndiyev (39), Qəzənfər
Musabəyov (58), Aleksandr Serebrovski (110), Həbib Cəbiyev (46), Əliheydər
Qarayev (36), Bünyad Sərdarov (129) və başqaları haqqındakı əsərlərdə bəhs
edilən şəxsiyyətlərin fəaliyyəti birmənalı müsbət ümumiləşmədə təqdim edilir,
onlarla bağlı problemlər üzərindən sükutla keçilir, yaxud hər müəllif «öz
qəhrəmanını» müdafiə mövqeyindən çıxış edir, onun xidmətlərini qabartmağa
çalışır. Bununla belə həmin əsərlər siyasi hakimiyyətdə baş verən prosesləri
düzgün dəyərləndirməyə yardım edir. Baxmayaraq ki, şəxsiyyətin fəaliyyəti sovet
ideologiyasının təsbitinə yönəlmiş məzmunda işıqlandırılır, eyni zamanda rəsmi
göstəricilərin təhlili düşündürücü informasiya verir.
«Azərbaycan tarixi»nin sovet dövründəki akademik nəşrinin üçüncü
hissəsində milli məsələyə qismən toxunulsa da, rəhbərlikdə ixtilaflar mövzusu
ayrıca başlığa çıxarılmamış, tematik mətnlərdə fikir ayrılığından cüzi bəhs
edilmişdir (17, s.309, 326, 329, 331-332).
Mövzunun sovet tarixşünaslığında məzmunu vahid konsepsiya əsasında
verilmiş, yalnız İ. Stalindən sonra ab-havanın dəyişilməsi təsirsiz qalmamışdır.
Xüsusən burjua millətçisi kimi uzun müddət damğalanmış N. Nərimanovla bağlı
xeyli tədqiqat əsərləri meydana gəlmişdir. Lakin bu dəfə N. Nərimanov milli
dəyərlərə önəm verən, yerli xüsusiyyətləri və şəraiti nəzərə alan şəxsiyyət kimi
təqdim edilsə də, növbəti ümumiləşdirmədə «əsil beynəlmiləlçi», «alovlu
mübariz», «həqiqi leninçi» kimi təqdim olunurdu. Bu şəxsiyyətə münasibətin
tarixən qütbləşməsinin səbəbləri, mahiyyəti isə yetərincə açıqlanmırdı.
Nəhayət, XX əsrin 20-ci illər tarixinə 90-cı illərdən etibarən mətbuatda,
elmi monoqrafiya və əsərlərdə obyektiv baxış formalaşmağa başladı.
1990-cı ildə S. T. Qəndilovun redaktəsi ilə (68) partiya quruculuğunun
bəzi məsələlərinə aid elmi əsərlərin toplusu, 1993-1996-cı illərdə isə 2 hissədən
ibarət «Siyasi tarix» (102) dərsliyi 20-ci illər tarixini yeni aspektdə araşdırmaqda
ilk təşəbbüs oldu. Yerli şəraitin, milli xüsusiyyətlərin düzgün nəzərə alınmaması
ətrafında partiyadaxili mübahisələr, partiyada aparılan təmizlənmənin mahiyyəti və
nəticələri sovet sisteminin süqutu ərəfəsində ilk dəfə idi ki, fərqli prizmadan
qiymətləndirilirdi.
Partiya quruculuğu, həmçinin 1920-1922-ci illərdə Azərbaycan
rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələrə dair D. P. Quliyevin
«Kommunist» və «Vışka» qəzetlərində çap etdirdiyi məqalələr də ilk maraqlı və
obyektiv tədqiqat işləri idi. D. Quliyevin arxiv materialları əsasında yazdığı elmi
məqalələri partiyanın müxtəlif sahələrdə yeritdiyi siyasətə, N. Nərimanovun
apardığı mübarizəyə, rəhbərlikdə olan hərc-mərcliyə və s. problemlərə həsr
edilmişdir. Xüsusən «Lenin: necə bilirsiniz eləcə edin», «Bakı məsələləri» adlı
məqalələri sırf partiyadaxili ixtilaflara toxunur. Bu da çağdaş tarixşünaslıqda
Azərbaycan rəhbərliyindəki çəkişmələrə dair ilk tədqiqat işi idi.
Z. Bünyadovun «Qırmızı terror» (21) kitabı aprel çevrilişindən sonra
bolşeviklərin siyasətini, qarətlər, kütləvi həbslər və zorakılıqları öyrənmək
baxımından gərəkli nəşrdir.
C. Həsənovun 1993-cü ildə çapdan çıxmış «Ağ ləkələrin qara kölgəsi»
(43) monoqrafiyası qiymətli tədqiqat işi olmaqla 20-ci illərin əvvəllərində
respublikada başlanan sosial-siyasi prosesləri bu günün tələbləri baxımından təhlil
edir.
N. Məhərrəmovun şəxsiyyətə pərəstişin qurbanı olmuş bir sıra görkəmli
dövlət xadimləri haqqında, o cümlədən, hələ 20-ci illərin əvvəllərindən milli
məsələdə öz mövqeyi ilə qeyri azərbaycanlılardan olan rəhbərlərə qarşı mübarizliyi
ilə seçilən Ə. Ş. Xanbudaqovun həyatı, faciəli taleyi, milli siyasətlə bağlı apardığı
mübarizəyə həsr olunmuş tədqiqat işləri – «Getsin gəlməsin 1937» (80) sənədli-
publisist oçerklər toplusu, «Tək əldən də səs çıxar» elmi məqaləsi maraqlıdır.
Müəllifin 1995-ci ildə çap olunmuş «Daşnaksütyun və Azərbaycanın taleyi» kitabı
(79) aprel çevrilişindən sonra erməni bolşeviklərinin apardıqları məkrli siyasətin iç
üzünü açıb göstərir.
B. Rəfiyevin 1991-ci ildə çap olunmuş «Gənc-Azər» və 1995-ci ildə
«Aysberqin sualtı hissəsi» (94, 95) kitabları aprel çevrilişindən sonrakı hadisələri
araşdırmaqda mühüm rol oynayır. Əsərin əsas məziyyəti sırf rəsmi arxiv
sənədlərinə söykənməsidir.
F. İbişov 1996-cı ildə çap olunmuş «Azərbaycan kəndində sosial-siyasi
proseslər (1920-1930)» (49) monoqrafiyasında tariximizin ən ziddiyyətli və
mürəkkəb illəri olan 20-ci illərdə Azərbaycan kəndindəki sosial-siyasi prosesləri
yeni arxiv sənədləri əsasında təhlil və tədqiq etmiş, ilk dəfə olaraq kənddə yeridilən
siyasət ətrafında Azərbaycan rəhbərliyindəki ixtilaflara da yeni baxışla ətraflı
toxunmuşdur. Paraqraflardan biri isə «Kənddə yeridilən siyasət ətrafında rəhbər
dairələrdə ixtilaflar» adlanır.
A. Hacıyevanın «20-ci illərin siyasi tarixinin bəzi məsələləri» əsəri (42)
dünyadakı ictimai-siyasi vəziyyətlə yanaşı sovet cəmiyyətində gedən proseslərdən
bəhs edir, Azərbaycanda milli dövlət quruculuğu zamanı milli siyasətdə müxtəlif
mövqelərin olması, partiyadaxili mübarizənin ölkənin mənəvi həyatına təsiri
kontekstində araşdırılır.
20-ci illərlə bağlı X. İbrahimlinin «Azərbaycan siyasi mühacirəti (1920-
1990) monoqrafiyasında (50) 1920-ci il aprel istilası ilə başlanan Azərbaycan
mühacirətinin yeni mərhələsi, onu yaradan şərait və səbəblər, aprel işğalından
Dostları ilə paylaş: |