Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin



Yüklə 201.67 Kb.
tarix06.10.2018
ölçüsü201.67 Kb.

1/1(104)-09/2010







Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin

Hərbi məhkəmələrin işləri üzrə kollegiyası
Q Ə R A R
09 fevral 2010-cu il Gəncə şəhəri
Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Hərbi məhkəmələrin işləri üzrə kollegiyası aşağıdakı tərkibdə:

Sədrlik edən və məruzəçi hakim: Məmmədov Çingiz Böyükxan oğlu,

Hakimlər: Məhərrəmli Rəşid Ağamirzə oğlu və Muradov Ceyhun Məcid oğlunun,

İsgəndərova Aygül Vulqar qızının katibliyi ilə,

Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Üliükhm Sfvşy Jfğşd oğlunun,

Təqsirləndirilən şəxs Cavadov Razim Hüseyn oğlunun iştirakı ilə,

Cavadov Razim Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 16 dekabr 2009-cu il tarixli, 1(095)-234/2009 saylı hökmündən Cavadov Razim Hüseyn oğlunun müdafiəçisi Əkbərov Xaqani Məhəmmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya
M Ü Ə Y Y Ə N E T D İ :
Gəncə Hərbi Məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmü ilə (sədrlik edən hakim V.D.Qədirov)

10 may 1990-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş, Azərbayjan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum îlunmamış, Sumqayıt şəhəri, 12-ci m/r, ev 33, mənzil 25-də daimi pasport qeydiyyatda olan, əsgər


Cavadov Razim Hüseyn oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir.

Hökmdən təqsirləndirilən şəxs Cavadov Razim Hüseyn oğlunun müdafiəçisi Əkbərov Xaqani Məhəmmədəli oğlu apellyasiya şikayəti verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gəncə Rükiş Məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxsə 7(yeddi) ay müddətinə intizam xarekterli hərbi hissədə saxlama növündə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını və qulluq etdiyi hərbi hissəyə göndərilməsini xahiş etmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işdəki yüngülləşdirici halların məcmusuna qiymət vermiş olsa da, nəticə etibarı ilə cəza təyin edərkən qeyd olunan yüngülləşdirici halları düzgün qiymətləndirməmişdir. Bu isə təqsirləndirilən şəxs barəsində ağır cəzanın təyin edilməsinə səbəb olmuşdur. İşdəki yüngülləşdirici hallardan görünür ki, təqsirləndirilən şəxs cinayəti ilk dəfədir ki, törədir, zərərçəkmişlə barışmışdır, ailəsi qaçqındır. Bu hallar onun xidmət etdiyi hərbi hissədə şərti olaraq cəzanın çəkməsini tam qanuni olduğunu təsdiq etdiyi halda məhkəmə bütün bu hallardan yan keçərək təqsirləndirilən şəxs barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etmişdir. Bu cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, sosial ədalət prinsipinə ziddir. Ona görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və onun cəzası şərti hesab edilməlidir.

Apellyasiya şikayətinə qarşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Yaşar Rzayev etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Hərbi Məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir.

Təqsirləndirilən şəxs Cavadov Razim Hüseyn oğlu kollegiyanın iclasında müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək, Gəncə Hərbi Məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmünün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi.

Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri Üzrə Kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirləndirilən şəxsin, apellyasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

İş materiallarından məlum olur ki, Cavadov Razim Hüseyn oğlu 2009-cu ilin iyul ayında Qubadlı rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmətini 130 saylı hərbi hissənin 3-cü motoatıcı taborunun Qərargah bölüyünün tank əleyhinə tağımında atıcı vəzifəsində, əsgər rütbəsində keçmiş, 2009-cu ilin oktyabr ayının 16-da saat 08:00 radələrində səhər düzülüşü zamanı kiçik çavuş Məmmədov Coşqun Yasin oğlunun verdiyi komandalara düzgün riayət etməməsilə bağlı ona qarşı iradını bildirməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı sonuncunun yaxasından tutaraq sinəsinin sol tərəfinə yumruqla bir dəfə zərbə vurmaqla rəisi olan kiçik çavuş Coşqun Məmmədova qarşı zor tətbiq etmişdir.

Birinci instansiya məhkəməsində Cavadov Razim Hüseyn oğlu törətdiyi cinayət əməlində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış, xidmətini 130 saylı hərbi hissədə başlamış, hal hazırda 130 saylı hərbi hissənin 3-cü motoatıcı taborunun qərargah bölüyünün tank əleyhinə tağımında atıcı vəzifəsində, əsgər rütbəsində xidmət keçir, Məmmədov Coşqun Yasin oğlunu xidmət müddətində tanımış, onunla münasibəti yaxşı olmuş, 2009-cu ilin oktyabr ayının 16-da saat 08:00 radələrində hərbi hissənin 3-cü və 7-ci motoatıcı bölüyün taboru qarşısında şəxsi heyət səhər düzülüşünə düzülərkən 7-ci bölüyün şəxsi heyətinin sırasına kiçik çavuş Məmmədov Coşqun Yasin oğlu rəhbərlik etmiş, Məmmədov Coşqun bölüyün şəxsi heyətinə düzlən və farağat komandalarını vermiş, o komandanı icra etməyəcəyini demiş, Məmmədov isə ona komandaya riayət etməyi bildirmiş, o, sıradan çıxaraq Məmmədova yaxınlaşıb yaxasından tutaraq sinəsinə yumruqla bir zərbə vurmuş, onları tabor üzrə cavabdeh kapitan Kamilov Mayis görüb tez aralamışdır.

İşdə olan məhkəmə-tibbi ekspertizasının canlı şəxsin ekspertizası haqqında 20 noyabr 2009-cu il tarixli 116 saylı rəyindən görünür ki, Coşqun Məmmədovun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 2009-cu ilin oktyabr ayında törənməyə uyğun gələn hər hansı xəsarət və onun izləri aşkar olunmamış və adına tərtib edilmiş tibb kitabçasında bu barədə heç bir qeydiyyat aparılmamışdır.

İşdə olan 130 saylı hərbi hissə tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Cavadov Razim Hüseyn oğlu müsbət xarakterizə olunur.

İşdə olan tələbnamədən görünür ki, Cavadov Razim Hüseyn oğlu əvvəllər məhkum olunmamışdır.

İstinad edilən cinayət əməlinin Cavadov Razim Hüseyn oğlu tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadələrlə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq edilir.

Kollegiya hesab edir ki, toplanmış və tədqiq olunmuş sübutlara əsaslanan birinci instansiya məhkəməsi Cavadov Razim Hüseyn oğlunun ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan düzgün nəticəyə gəlmiş və onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya şikayətində də əməlin hüquqi tövsifi mübahisələndirilmir.

Lakin, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavadov Razim Hüseyn oğluna cəza təyin edərkən onun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır.

Belə ki, işdəki məlumata əsasən Cavadov Razim Hüseyn oğlu təqsirini boynuna alıb əməlindən səmimi peşimançılıq çəkir, cinayəti ilk dəfədir ki, törədir, zərərçəkmişlə barışmış, sonuncunun ona qarşı heç bir iddia və tələbi yoxdur, ailəsi məcburi köçkündür. Həmçinin R.H.Cavadovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir.

Göstərilənlərə əsasən, kollegiya törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Cavadov Razim Hüseyn oğlunun gənc olmasını, əməlindən peşiman olmasını, zərərçəkmişlə barışmasını, sonuncunun ona qarşı heç bir iddia və tələbinin olmamasını, ailəsinin məcburi köçkün olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq bilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Beləliklə, kollegiya Cavadov Razim Hüseyn oğlu barəsindəki Gəncə Hərbi Məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmünü törədilmiş cinayətin sübuta yetirilməsi və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi hissəsində əsaslı, onun intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən islah oluna bilməməsi hissəsində əsassız hesab edərək, apellyasiya şikayətini təmin edilməsini, hökmün dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq sayır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4 və 407.2.-ci maddələrini rəhbər tutaraq kollegiya
Q Ə R A R A A L D I :
Təqsirləndirilən şəxs Cavadov Razim Hüseyn oğlunun müdafiəçisi Əkbərov Xaqani Məhəmmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin.

Gəncə Hərbi Məhkəməsinin 16 dekabr 2009-cu il tarixli hökmü dəyişdirilsin.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsiləndirilən şəxs Cavadov Razim Hüseyn oğluna təyin edilmiş 7 (yeddi) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin.

Cavadov Razim Hüseyn oğlu barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv edilsin. R.H.Cavadovun davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi hərbi xidmət müddətində hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduqdan sonra isə yaşayış yeri üzrə Məhkəmə nəzarətçiləri və icraçıları bölməsinə həvalə edilsin.

Hökmün qalan hissəsi Cavadov Razim Hüseyn oğlu barəsində dəyişdirilmədən saxlanılsın.

Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.



Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi İşlər Üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən imza var

Hakimlər imza var


Düzdür:

Hakim: Çingiz Məmmədov


: system -> files -> legislation
legislation -> Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Sosial müavinətlərin məbləğinin artırılması haqqında
legislation -> Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I
legislation -> Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında
legislation -> Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
legislation -> Qərara alıram: Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
legislation -> Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi
legislation -> Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə
legislation -> Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə