Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


Ər-arvadın və keçmİş ər-arvadın alİment öhdəlİklərİ



Yüklə 487 Kb.
səhifə9/17
tarix12.10.2018
ölçüsü487 Kb.
#73459
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Ər-arvadın və keçmİş ər-arvadın alİment öhdəlİklərİ


Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi

84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:

84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;

84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 19

84.2.4. 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. 20

Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ

85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

85.1.2. sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 21

85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı

Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.



Maddə 87. Ərin (arvadın) arvadı (əri) saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması

87.0. Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:

87.0.1. maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə; 22

87.0.2. aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;

87.0.3. nikah çox çəkmədikdə.

15-ci fəsil

Aİlənİn başqa üzvlərİnİn alİment öhdəlİklərİ


Maddə 88. Qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi

Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.



Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi

Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.



Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.



Maddə 91. Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi

91.1. Yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər, öz yetkinlik yaşına çatmış övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

91.2. Faktik tərbiyəçilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər.

91.3. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulan vəzifələr qəyyumluğa (himayəyə) verilmiş və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərə həvalə olunmur.



Maddə 92. Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi

92.1. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər.

92.2. Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.

Maddə 93. Ailənin başqa üzvlərini saxlamaq üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı

93.1. Bu Məcəllənin 88—92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər.

93.2. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.

93.3. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır.


16-ci fəsil


Yüklə 487 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə