Azərbaycan Respublikası Dövlət Neft Fondu İLLİk hesabat 2016 MÜNDƏRİcat



Yüklə 371,13 Kb.
səhifə1/4
tarix04.02.2018
ölçüsü371,13 Kb.
#23645
  1   2   3   4





Azərbaycan Respublikası Dövlət Neft Fondu

İLLİK HESABAT

2016

MÜNDƏRİCAT

1. ARDNF HAQQINDA

2. ƏSAS GÖSTƏRİCİLƏR

3. İDARƏETMƏ VƏ ŞƏFFAFLIQ

3.1. ARDNF-nin idarə edilməsi

3.2. Şəffaflıq və hesabatlılıq

4. ÖLKƏ İQTİSADİYYATI VƏ ARDNF

4.1. Makroiqtisadi inkişaf

4.2. ARDNF-nin gəlirləri

4.3. ARDNF-nin xərcləri

5. İNVESTİSİYALAR

5.1. İnvestisiya strategiyası

5.2. ARDNF-nin investisiya portfeli

5.3. ARDNF-nin investisiya portfelinin gəlirliliyi

5.4. Risklərin idarə edilməsi

6. ARDNF-nin 2016-cı İL BÜDCƏSİNİN İCRASI

ƏLAVƏ

  1. ARDNF HAQQINDA


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur.
ARDNF ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılmış xüsusi məqsədli dövlət qurumudur. ARDNF-nin Əsasnaməsi 2000-ci ildə təsdiq edilmişdir.
ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir.
ARDNF-nin missiyası
ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.
ARDNF-nin vəzifələri
ARDNF-nin fəaliyyəti ölkə qarşısında aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir:

  1. Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

  2. Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;

  3. Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.


ARDNF-nin hüquqi əsasları
ARDNF-nin hüquqi fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları, ARDNF-nin Əsasnaməsi və daxili prosedur qaydalarına əsaslanır.
ARDNF-nin maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair prosedur qaydaları ARDNF-nin Əsasnaməsi və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (büdcə) gəlir və xərclər proqramının tərtibi və icrası Qaydaları”nda aydın şəkildə müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının Büdcə Sistemi haqqında” Qanunda nəzərdə tutulduğu kimi, ARDNF-nin xərcləri icmal dövlət büdcəsinin, yəni dövlət büdcəsinə daxil olan və dövlət büdcəsindən kənar fondların birgə büdcəsinin tərkib hissəsidir. İcmal dövlət büdcəsinin xərcləri isə hər il ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Beləliklə, hər bir vətəndaş öz seçdiyi millət vəkili vasitəsi ilə ARDNF-nin büdcəsinin müzakirəsində iştirak edir. Bu Qanuna uyğun olaraq, ARDNF yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.
ARDNF-nin investisiya və risklərin idarə olunması siyasəti “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Qaydaları) və hər il Müşahidə Şurası (MŞ) tərəfindən baxıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan İnvestisiya siyasətinə əsaslanır. ARDNF-nin İnvestisiya siyasətinə əsasən investisiya qərarları risklər nəzərə alınmaqla gəlirliliyin artırılması məqsədinə əsaslanır. İnvestisiya Qaydalarına əsasən ARDNF öz investisiya qərarlarını tam müstəqil şəkildə qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cü ildə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli Strategiya”da vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, “insan kapitalı”nın inkişafında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur. ARDNF bu Strategiyanın həyata keçirilməsində əsas aparıcı rollardan birini daşıyır.


Bizim dəyərlərimiz: Hörmət, kollektiv iş, inam, şəffaflıq
Yarandığı gündən etibarən ARDNF Azərbaycanın, eləcə də dünyanın bir çox təşkilatları, maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. ARDNF əməkdaşlıq etdiyi bütün təşkilatlarla münasibətlərini hörmət, kollektiv iş, qarşılıqlı inam, şəffaflıq prinsipləri əsasında qurur.
HÖRMƏT
ARDNF digər beynəlxalq təşkilatlar, maliyyə qurumları, dövlət orqanları, xarici menecerlər, ictimaiyyət ilə işgüzar əlaqələrini qarşılıqlı hörmət və inam üzərində qurur. ARDNF daxilində əməkdaşların yüksək peşəkarlığının və qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsində hörmət ən önəmli faktorlardan biridir. ARDNF əməkdaşlıq etdiyi bütün təşkilatların və şəxslərin qərarlarına hörmətlə yanaşır.
KOLLEKTİV İŞ
ARDNF-nin həm Azərbaycanda, həm də beynəlxalq arenada yüksək uğur və nüfuz qazanması kollektiv iş və birgə səy nəticəsində əldə edilmişdir. Uğurlu iş münasibətlərinin qurulması, hər bir fərdin uğurunun qiymətləndirilməsi və qeyd edilməsi, komanda əməyinin qiymətləndirilməsi ARDNF-də uğurlu kollektiv iş prinsiplərinin yaranması üçün müsbət zəmin yaratmışdır.
İNAM
ARDNF bütün tərəfdaşlarının inam və etimadını qazanmaq məqsədi ilə fəaliyyətində daim etik standartlara və düzgünlüyə riayət edir. Fond tərəfdaşlarından da qarşılıqlı və etibarlı tərəfdaşlıq prinsiplərinə əməl edilməsini gözləyir.
ŞƏFFAFLIQ
ARDNF yüksək ixtisaslaşmış qurum olaraq fəaliyyətini şəffaflıq prinsipi və kriteriyaları əsasında qurur. Tərəfdaş təşkilatlarla, işçilər və xarici menecerlərlə birlikdə şəffaflıq prinsiplərinə əsaslanan müasir standartlara uyğun fəaliyyət göstərən ARDNF Azərbaycanda və beynəlxalq aləmdə etibarlılıq və şəffaflıq nümunəsi olan qurum kimi yüksək dəyərləndirilir.


  1. ƏSAS GÖSTƏRİCİLƏR









  1. İDARƏETMƏ VƏ ŞƏFFAFLIQ


3.1. ARDNF-nin idarə edilməsi
Müşahidə Şurası
ARDNF-nin fəaliyyətinə ümumi nəzarət dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən təşkil edilmiş Müşahidə Şurası tərəfindən həyata keçirilir. Şura ARDNF-nin illik büdcə layihəsini, illik hesabat və maliyyə hesabatını auditor rəyi ilə birlikdə nəzərdən keçirir və rəy verir. MŞ üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur. Müşahidə Şurasının fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata keçirilir.
MŞ-nin tərkibi aşağıdakı üzvlərdən ibarətdir:
Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri



Valeh Ələsgərov

Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini



Vahid Axundov

Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri



Samir Şərifov

Azərbaycan Respublikasının Maliyyə naziri



Şahin Mustafayev

Azərbaycan Respublikasının İqtisadiyyat naziri



Elman Rüstəmov

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri


2016-cı il ərzində Dövlət Neft Fondunun Müşahidə Şurası tərəfindən ARDNF-nin fəaliyyətinə dair bir sıra qərarlar qəbul edilmişdir.
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildiyini nəzərə alaraq ARDNF-nin 2016-cı il üçün büdcəsinin gəlirlərinin və xərclərinin dəqiqləşdirilməsi məqsədi ilə Neft Fondunun Müşahidə Şurasının 14 mart 2016-cı il tarixli qərarı ilə ARDNF-nin 2016-cı il büdcəsində dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, Fondun büdcəsinin gəlirləri 6 711 564,1 min manatdan 4 578 474,6 min manata qədər azaldılmış, xərcləri 8 181 399,7 min manatdan 10 668 933,7 min manata qədər artırılmışdır.
ARDNF-nin Müşahidə Şurasının 03 may 2016-cı il tarixli qərarı ilə Fondun 2015-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2015-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatı məqbul hesab edilmiş və ARDNF-nin 2015-ci il üzrə büdcəsinin icrası layihəsinin təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.
2016-cı il dekabr ayının 29-da ARDNF-nin Müşahidə Şurasının iclası keçirilmişdir. Müşahidə Şurası tərəfindən ARDNF-nin 2017-ci il üçün büdcə layihəsinə, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-nin İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, büdcə layihəsi, o cümlədən ARDNF-nin vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir. İclasda eyni zamanda ARDNF tərəfindən “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na dəyişikliklər edilməsi haqqında təqdim edilmiş məlumatlara baxılaraq təklif olunan dəyişikliklər məqbul hesab edilmiş və təsdiq olunması üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasına qərar verilmişdir.
İcraçı direktor
ARDNF-nin fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən İcraçı direktor həyata keçirir.
ARDNF-nin İcraçı direktoruna ARDNF-ni qanuni olaraq təmsil etmək, işçiləri vəzifəyə təyin etmək və vəzifədən azad etmək, ARDNF-nin işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq ARDNF-nin vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir. İcraçı direktor ARDNF-nin illik büdcəsini, ARDNF-nin vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.
İcraçı direktorun müavini
İcraçı direktorun müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun müavini İcraçı direktorun həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2013-cü il tarixli 3014 nömrəli Sərəncamı ilə İsrafil Məmmədov ARDNF-nin İcraçı direktorunun müavini vəzifəsinə təyin edilmişdir.
ARDNF-nin təşkilati strukturu
ARDNF tərəfindən həyata keçirilən xarici maliyyə bazarlarında investisiya fəaliyyəti ARDNF-nin tərkibində fəaliyyət göstərən üç departament – İnvestisiya departamenti, Risklərin idarə edilməsi departamentiHesablaşmalar departamenti vasitəsi ilə aparılır.

İnvestisiya departamenti
İnvestisiya departamenti maliyyə bazarlarındakı vəziyyəti təhlil edərək investisiya strategiyasının hazırlanmasını və mövcud strategiyaya uyğun olaraq sabit gəlirli qiymətli kağızlar, pul bazarı alətləri, səhmlər, daşınmaz əmlak, qızıl və müxtəlif valyutaların alqı-satqısını həyata keçirir. Departamentdə 3 şöbə fəaliyyət göstərir:

  •   Sabit gəlirli qiymətli kağızlar və pul bazarları üzrə şöbə;

  •   Səhmlər və alternativ investisiyalar üzrə şöbə;

  •   Daşınmaz əmlak üzrə şöbə.


Risklərin idarə edilməsi departamenti
Risklərin idarə edilməsi departamenti ARDNF-nin investisiya siyasəti və vəsaitlərin strateji bölgüsü (VSB) ilə əlaqədar təhlil və təkliflərin hazırlanması, seçilmiş VSB-yə uyğun bençmarkın seçilməsi və ya kompozit bençmarkın qurulması, risk limitlərinin müəyyən olunması və təkliflərin hazırlanması işini həyata keçirir. Eyni zamanda risklərin ölçülməsi və idarə edilməsi, gəlirliliyin hesablanması və gəlirlilik maddələrinə görə bölüşdürülməsi, İnvestisiya departamenti tərəfindən həyata keçirilən investisiya fəaliyyətinin və ARDNF-nin investisiya portfelinin müvafiq qaydalara uyğun olmasına nəzarət, hesablamalar və araşdırmaların həyata keçirilməsi, investisiya siyasətinə uyğun olaraq investisiya portfelinin maliyyə alətləri və valyutalar üzrə bölgüsünün nəzarət altında saxlanılması da bu departament tərəfindən həyata keçirilir. Departamentdə 2 şöbə fəaliyyət göstərir:

  • Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsi;

  • Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsi.


Hesablaşmalar departamenti

Maliyyə və əməliyyatlar müdiriyyəti nəzdində fəaliyyət göstərən Hesablaşmalar departamentində əqdlərin müəyyən edilmiş norma və qaydalara uyğunluğu yoxlanılır, əqdlərin verifikasiyası və icrası təmin edilir, eləcə də hesabların açılmasına dair sənədləşmə işləri həyata keçirilir, nağd vəsaitlər və əqdlər bank çıxarışları ilə, xarici menecerlərin əməliyyatları kastodial bankın məlumatları ilə gündəlik və aylıq olaraq tutuşdurulur.


Büdcə proqnozlaşdırma və layihələr departamenti
Büdcə proqnozlaşdırma və layihələr departamenti ARDNF-nin gəlir və xərcləri haqqında proqnozların hazırlanması, ARDNF-nin büdcə fəaliyyətinin təşkili, iqtisadi təhlil, strateji araşdırma və makroiqtisadi modelləşdirmənin aparılması, ARDNF-nin MŞ-nin fəaliyyətinin təşkili və ARDNF-nin vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsinin təşkili istiqamətində fəaliyyəti həyata keçirir. Departamentin tərkibində 2 şöbə fəaliyyət göstərir:

  • Büdcə və proqnozlaşdırma şöbəsi;

  • Layihələr şöbəsi.


Etik davranış qaydaları
2013-cü ilin dekabr ayında qüvvəyə minmiş və özündə bir çox peşəkar biznes qaydalarını (Konfidensial informasiya ilə iş qaydaları, korrupsiyanın qarşısının alınması, korporativ dəyərlər, ətraf mühit və s.) birləşdirən Etik davranış qaydaları hər təşkilatda olduğu kimi ARDNF-də də mühüm əhəmiyyət kəsb edir.
ARDNF-nin yüksək ixtisaslı kadrlardan formalaşmış kollektivi komandada işləmək, təşəbbüskar və yeni ideyalar üçün açıq olmaq, gənc, yeni kadrlara kömək etmək və təcrübəsini onlarla bölüşmək və s. peşəkar keyfiyyətlərə malikdir, hansı ki, bu məqamlar da etik davranış qaydalarının ayrılmaz tərkib hissəsidir. Bunlar da ARDNF-nin həm Azərbaycanda, həm də Azərbaycandan kənarda uğur əldə etməsinə təkan verən əsas amillərdəndir.
3.2. Şəffaflıq və hesabatlılıq
Yaradıldığı gündən etibarən şəffaflıq və hesabatlılıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. ARDNF tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə ARDNF-nin maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. ARDNF-nin 2016-cı il üzrə maliyyə fəaliyyətinin auditi “Prays Voter Haus Kupers” şirkəti tərəfindən keçirilmişdir.
ARNDF-nin ictimaiyyətlə əlaqələri Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnformasiya Siyasətinə uyğun olaraq qurulur. ARDNF-nin İnformasiya siyasəti "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq, Fondun tərəfdaşlar və ictimaiyyətlə informasiya dövriyyəsinə dair əlaqələrini düzgün və effektli şəkildə təşkil etmək, həmçinin, şəffaf dövlət təsisatı imicinin qorunması və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır. İnformasiya siyasəti Fondun məqsəd və vəzifələrinin icrası çərçivəsində həyata keçirdiyi əməliyyatlar və tədbirlərə dair tərəfdaşların və ictimaiyyətin informasiya tələbatının ödənilməsinin prinsip, məqsəd və vəzifələrini müəyyən edir.
İctimaiyyət ARDNF-nin aktivləri, həyata keçirilən layihələr, gəlirlər və xərcləri, investisiya fəaliyyəti, ARDNF-nin təşkil etdiyi müxtəlif tədbir və görüşlər barədə pres-relizlər vasitəsi ilə məlumatlandırılır.
ARDNF şəffaflığın təmin olunması məqsədi ilə gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları ARDNF-nin rəsmi internet səhifəsində (www.oilfund.az) və sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdirir.
ARDNF-nin fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün mətbuat konfransları təşkil edilir. ARDNF-nin İcraçı direktorunun bir çox nüfuzlu yerli və beynəlxalq KİV-ə müsahibələri təşkil edilir.
ARDNF-ə daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğu informasiyanın təmin edilməsi şərti ilə cavablandırılır.
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü sahəsində fəaliyyət
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəldilmiş beynəlxalq təşəbbüsdür. Təşəbbüs 2002-ci ilin sentyabrında Yohannesburqda Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer tərəfindən bəyan edilmişdir. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə I beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürmüşdür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır. ARDNF-nin İcraçı direktorunun sədrlik etdiyi Komissiyanın tərkibinə Xarici İşlər, İqtisadiyyat, Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin və SOCAR-ın nümayəndələri daxildir.
MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Dövlətlərin MHŞT-yə qoşulması və şirkətlərin bu prosesdə iştirakı ictimai həyatda, dövlət idarəçiliyində və biznes mühitində yerli və beynəlxalq səviyyədə şəffaflıq standartları və hesabatlılığa riayət olunmasını təmin edir. MHŞT hesabatlılığın genişlənməsinə, yüksək templi iqtisadiyyat və siyasi sabitlik ilə təmin edilmiş dövlət idarəçiliyinin formalaşmasına təkan verir. Bu da öz növbəsində neft, qaz və digər mədən sənayesi sektorları sahəsində gəlirlər ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir.
MHŞT-nin Azərbaycanda tətbiqi 2014-cü ildə yenilənmiş (ilk Memorandum 2004-cü ildə imzalanmışdır) və MHŞT üzrə Komissiya, yerli və xarici neft və qaz şirkətləri və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası arasında imzalanmış MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu (QAM) əsasında aparılır. Memorandumda nəzərdə tutulmuş mexanizmə uyğun olaraq Azərbaycan hökuməti Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Memoranduma əsasən hökumətin və şirkətlərin hesabatlarını təhlil edərək tutuşdurmaq üçün beynəlxalq nüfuzlu audit şirkəti seçilir. Audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilir və onun qalibi Memorandum tərəflərinin nümayəndələrindən ibarət MHŞT üzrə Çoxtərəfli Qrupun (ÇQ) tərəfindən müəyyən edilir.
Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən bütün yerli və xarici şirkətlər, o cümlədən müvafiq dövlət müəssisələri MHŞT-nin tətbiqi prosesinə qatılmışdır. Hökumət MHŞT-nin tətbiqi prosesinin işlənib hazırlanması, monitorinqi və qiymətləndirilməsində vətəndaş cəmiyyətinin də fəal iştirakını təmin etmişdir.
2016-cı ildə MHŞT-nin Azərbaycanda tətbiqinə dair ÇQ-nin 8 iclası keçirilmişdir.

26 yanvar 2016-cı il tarixində 2014-cü ili əhatə edən MHŞT Hesabatı dərc edilmişdir.

24-25 fevral 2016-cı il tarixlərində MHŞT üzrə Komissiyasının sədri, ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Perunun paytaxtı Lima şəhərində keçirilən MHŞT üzrə VII Qlobal Konfransda iştirak etmişdir. Konfrans zamanı MHŞT tətbiqinin əsas sənədi olan Standartın yenilənmiş versiyası təqdim və təsdiq edilmişdir. Qlobal Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti MHŞT üzrə Milli Sərgidə iştirak etmiş, öz təcrübələrini iştirakçılarla paylaşmışdır.

29 iyun 2016-cı il tarixində 2015-ci il üzrə MHŞT Proqres Hesabatı dərc edilmişdir.

1 iyul tarixindən Azərbaycanda növbəti MHŞT üzrə Qiymətləndirmə prosesi başlamışdır.

22 iyul 2016-cı il tarixində ARDNF-də MHŞT hesabatlılığına dair seminar keçirilmişdir. Seminarın əsas məqsədi 2015-ci il üzrə başlanmış hesabatlılıq prosesində şirkətlər və hökumət tərəfindən təsdiq olunacaq məlumatların keyfiyyətinin artırılması və səhvlərin sayının azaldılması olmuşdur. Seminarda MHŞT-nin tətbiqinə dair QAM-a qoşulmuş şirkətlər, hökumət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə yanaşı, QHT Koalisiyasının üzvləri də iştirak etmişlər.

22 avqust 2016-cı il tarixində ÇQ-nin Davranış Kodeksi dərc edilmişdir.

12 oktyabr 2016-cı il tarixində ARDNF-də media nümayəndələri üçün 2013 və 2014-cü illəri əhatə edən MHŞT Hesabatlarına dair mətbuat konfransı keçirilmişdir. MHŞT üzrə ÇQ üzvlərinin də iştirak etdiyi mətbuat konfransında 2013 və 2014-cü illəri əhatə edən MHŞT hesabatlarının, 2014-cü il MHŞT Hesabatına dair MHŞT üzrə QHT Koalisiyasının Rəyinin və www.azeitireport.org internet səhifəsinin təqdimatları keçirilmiş, MHŞT-nin Azərbaycanda tətbiqi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə media nümayəndələrinə ətraflı məlumat verilmişdir.

20 oktyabr 2016-cı il tarixində Azərbaycanda yeni fəaliyyət göstərən “Petronas Azərbaycan (Shah Deniz) S.A.R.L.” şirkəti MHŞT-nin Azərbaycanda tətbiqinə dair QAM-a qoşulması barədə aktı imzalamışdır. Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair QAM-ı imzalamış şirkətlərin sayı 40-a çatmışdır.

24-26 oktyabr 2016-cı il tarixlərində Ş. Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 35-ci iclasında (Astana, Qazaxıstan) iştirak etmişdir. İclasda, İdarə Heyəti ölkədə keçirilmiş Qiymətləndirmə zamanı ümumilikdə nəzərəçarpan irəliləyişin əldə edildiyini nəzərə alaraq Azərbaycanın “namizəd ölkə” statusunda saxlanılmasına qərar vermişdir.

20 dekabr 2016-cı il tarixində Dünya Bankının nümayəndələri tərəfindən ARDNF-də ÇQ üzvləri üçün “MHŞT üzrə məlumatların dövlət qurumlarının hesabatvermə sistemlərinə inteqrasiya edilərək müntəzəm şəkildə açıqlanmasının (“EITI Mainstreaming”) tətbiqinə dair məsləhətləşmə seminarı keçirilmişdir. Seminarda QHT Koalisiyasının üzvləri iştirak etmişdir.

30 dekabr 2016-cı il tarixində ÇQ tərəfindən Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsi, ÇQ-nin Açıq Məlumat siyasəti və 2015-ci ili əhatə edən MHŞT Hesabatı dərc edilmişdir.
Suveren Fondların Beynəlxalq Forumu
Suveren Fondların Beynəlxalq Forumu (SFBF) Suveren Fondların (SF) Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır. SFBF könüllü qrup olub, əsas məqsədi suveren fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo Prinsipləri və suveren fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.
ARDNF SFBF-nin aktiv üzvüdür və davamlı olaraq Forumun iclaslarında iştirak edir. Təsadüfi deyil ki, SFBF-nin ilk görüşü 8-9 oktyabr 2009-cu il tarixlərində Azərbaycan hökuməti və ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir.
2016-cı ilin 1-2 mart tarixlərində Bakı şəhərində Suveren Fondların Beynəlxalq Forumunun “Bilik mübadiləsi” mövzusunda görüşü keçirilmişdir. ARDNF-nin təşəbbüsü və təşkilatçılığı ilə Foruma üzv suveren fondların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə baş tutan bu görüş SFBF-nin illik iclaslarından kənar keçirilən ilk tədbir olmuşdur. ARDNF–nin İcraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi görüşün əsas məqsədi adıçəkilən quruma üzv fondlar arasında bilik və təcrübə mübadiləsinin asanlaşdırılması ilə bağlı müzakirələr aparmaq, eləcə də bu istiqamətdə konkret nəticələrə nail olmaqdan ibarət idi.
2016-cı ilin 8-11 noyabr tarixlərində Yeni Zelandiya Pensiya Fondunun təşkilatçılığı ilə Yeni Zelandiyanın Oklənd şəhərində SFBF-nin 8-ci illik iclası keçirilmişdir. Tədbirdə müxtəlif ölkələrin suveren və pensiya fondlarını, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s. bu kimi nüfuzlu beynəxalq maliyyə institutlarını təmsil edən 200-dən artıq nümayəndə iştirak etmişdir. İclasda iqlim dəyişikliklərinin investisiyalara təsiri, həmçinin suveren fondların investisiyalar və risklərin idarə edilməsi ilə bağlı gündəlik əsasda üzləşdiyi məsələlər, eləcə də Yeni Zelandiyanın iqtisadiyyatı daxil olmaqla digər mövzular ətrafında müzakirələr aparılmışdır.
Santyaqo Prinsiplərinin 24-cü prinsipinə əsasən ARDNF bu prinsiplərin tətbiqi ilə bağlı ilk hesabatını 2011-ci ilin may ayında ictimaiyyətə açıqlamışdır və hesabat illik əsasda nəzərdən keçirilir. Hesabat ilə ətraflı şəkildə Əlavədə tanış olmaq olar.
Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masa

2016-cı ilin 20-21 sentyabr tarixlərində ARDNF-nin təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın (CROSAPF) 3-cü illik iclası keçirilmişdir. Tədbirdə müxtəlif ölkələrdən 60 təşkilatı təmsil edən 100-dək nümayəndə iştirak etmişdir. İclas iştirakçıları maliyyə bazarlarında mövcud qlobal imkanları və çağırışları, eləcə də investorlar arasında əməkdaşlığı inkişaf etdirmək yollarını müzakirə etmişlər.

Yüklə 371,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə