Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair



Yüklə 21,01 Kb.
tarix27.10.2017
ölçüsü21,01 Kb.
#7070

Azərbaycan Respublikası adından

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair



 

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X. Hacıyev (sədrlik edən), F. Babayev, B. Qəribov, R. Qvaladze, E Məmmədov, S. Salmanova, Ə. Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,



İ. İsmaylovun katibliyi,

sorğuverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B. Əsədovun,

cavabverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının ümumi şöbəsi müdirinin müavini İ. Əbdüləzimovun,

ekspertlər, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hüquq şöbəsinin müdiri Ə. Əfəndiyevin, Bakı Dövlət Universiteti hüquq fakültəsinin mülki-proses, əmək və ekologiya hüququ kafedrasının baş müəllimi, hüquq elmləri namizədi M. Əliyevin və həmin kafedranın müəllimi Z. Dadaşovun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquq şöbəsinin müdiri V. Quliyevin və əmək siyasəti idarəsinin rəisi T. Məmmədovanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndində müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinin və 132-ci maddəsinin birinci hissəsinin şərh 9 edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 oktyabr 2000-ci il tarixli, 5-1/2000 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim Ə. Sultanovun məruzəsini, tərəflərin qanuni nümayəndələri B. Əsədov və İ. Əbdüləzimovun çıxışlarını, ekspertlər Ə. Əfəndiyev, V. Quliyev, T. Məmmədova, M. Əliyev və Z. Dadaşovun rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda əlavə məzuniyyət müddətinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinin şərh olunmasını xahiş edir.



İşin materiallarına Azərbaycan Respublikasının Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin mətni əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, hər bir kəsin istirahət və ödənişli məzuniyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsində təsbit olunmuşdur.

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş qaydada işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün əmək məzuniyyəti verilir. İşçilərə əsas məzuniyyətlə yanaşı, əməyin xarakterindən və əmək stajından asılı olaraq, əlavə məzuniyyət müddətinin verilməsi nəzərdə tutulmuşdur. Belə məzuniyyətin verilməsi bir tərəfdən əmək funksiyalarının həyata keçirilməsi ilə əlaqədar işçilərin səhhətinin bərpasına, digər tərəfdən onların uzun müddət səmərəli işləmələrinə görə mükafatlandırılmalarına yönəlir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin birinci hissəsinə əsasən işçiyə əmək stajı beş ildən on ilədək olduqda – 2, on ildən on beş ilədək olduqda – 4 və on beş ildən çox olduqda – 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Lakin həmin maddənin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyət müddətinin verilməsi işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə aid edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına görə, eyni kateqoriyalı işçilər üçün əmək müqaviləsinin bağlanmasının əsasları və qaydası, iş vaxtının tənzimlənməsi qaydaları, istirahət vaxtı və s. eynidir. Buna baxmayaraq, Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində heç bir hüquqi əsas göstərilmədən məhz bir müəssisədə işləyib beş il və daha çox əmək stajı əldə edən işçilərə əlavə məzuniyyətin verilməsi nəzərdə tutulmuşdur. Eyni əsaslara işə qəbul olunmuş, eyni iş vaxtını işləmiş və eyni şəraitdə fəaliyyət göstərmiş, lakin əmək qanunvericiliyində nəzərdə tutulan əmək stajını bir müəssisədə deyil, bir neçə müəssisədə əldə edən işçi isə həmin əlavə məzuniyyətdən məhrum olunur.

Əsası olmayan belə qeyri-bərabərlik Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş bərabərlik hüququna uyğun deyildir.

Digər tərəfdən, işçilərin bir müəssisədə fəaliyyətini uzun müddət fasiləsiz davam etdirməsi bəzi hallarda onların istək və arzularından asılı olmur.

Əmək qanunvericiliyinə əsasən müəssisə ləğv olunduqda, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işçi əmək müqaviləsində nəzərdə tutulan funksiyalarını öz səhhəti ilə bağlı olaraq yerinə yetirə bilməməsi nəticəsində işdən azad olunduqda, əmək müqaviləsinə onun iradəsindən asılı olmayaraq xitam verilir və belə vəziyyət işçini başqa müəssisələrdə əmək fəaliyyətini davam etdirməyə məcbur edir. Bu halda Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsi baxımından yuxarıda göstərilən işçilər bir müəssisədə işləyib əmək stajını əldə edən işçilərlə qeyri-bərabər vəziyyətə düşmüş olur. Göstərilən qeyri-bərabərlik isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin müddəalarını Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsində təsbit edilmiş normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması prinsipinə zidd olduğunu göstərir.

Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun hesab edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.



2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məlumatı»nda dərc olunsun.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və rəsmi təfsir edilə bilməz.

 

Sədrlik edən



X. HACIYEV.

Bakı şəhəri, 29 noyabr 2000-ci il.



 
Yüklə 21,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə