Yenilənmə tarixi:
2014-cü ilin oktyabr ayı
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNA
RƏHBƏRLİK ETMİŞ DİREKTORLAR
Prof., i.e.d. Sofiq HÜSEYNOV
(1994-1996-cı illər)
Sofiq Kəlbi oğlu Hüseynov (1950-1997) 1950-ci il iyul ayının
22-də Zəngilan rayonunun Cöpədərə kəndində kəndli ailəsində anadan
olmuşdur. Zəngilan şəhərində orta məktəbi bitirdikdən sonra 1967-ci ildə
D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda
“Sənayenin iqtisadiyyatı” fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur.
Əyani təhsil dövrünün son iki ilində axşamlar Vano Sturua adına Gəmi
Təmiri zavodunda fəhlə işləmişdir. Ali məktəbi bitirdikdən sonra, 1971-
ci ildə təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutuna göndərilmişdir və həmin il əyani aspiranturaya daxil
olmuşdur.
1973-1974-cü illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir.
1977-ci ildə aspiranturada təhsilini başa vurduqdan sonra iqtisad
elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-1986-cı
illərdə Moskvaya – SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutuna
ezam olunmuş, orada doktorluq dissertasiyası üzərində işi başa
çatdırmışdır. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1988-ci il 23 mayda Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında
Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini,
1994-cü il 3 may tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktoru təyin edilmişdir.
Əsas elmi-praktik fəaliyyəti ilə yanaşı 20 ilə yaxın Bakının bir
sıra ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü
ildə ona professor adı verilmişdir.
İki Beynəlxalq Elmi Akademiyanın-Beynəlxalq Pedaqoji və
Sosial Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının
həqiqi üzvü olmuşdur.
1992-ci ildə Azərbaycan “Bilik” maarifçilik cəmiyyətinin
akademik Yusif Məmmədəliyev mükafatı laureatı adına layiq
görülmüşdür. Rəhbərliyi altında 10-dan artıq aspirant elmlər namizədi
alimlik dərəcəsi adına layiq görülüb. Yüzdən artıq elmi əsərin, o
cümlədən 5 monoqrafiyanın müəllifidir. “Elm” nəşriyyatı tərəfindən
1987-ci ildə çap edilmiş “İntensivləşdirmə şəraitində istehsalın
quruluşunun səmərəliliyi” (rus dilində) monoqrafiyası keçmiş SSRİ
Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən 1987-ci ildə ictimai
elmlər sahəsində Sovet elminin nailiyyətləri sırasına daxil edilmişdir.
Tədqiqatları ilə regional iqtisadiyyat elmi məktəbini inkişaf
etdirmiş, 1990-cı illərin əvvəllərində baş vermiş böhranın səbəblərini
elmi cəhətdən araşdırmış və onun aradan qaldırılmasında mütəsna
xidmətləri olmuşdur. Alimin respublikanın müstəqilliyinin ilk illərində
çap olunmuş “Bazara keçid şəraitində Azərbaycan iqtisadiyyatının
analitik-proqnoz
tədqiqi”,
“Planlaşdırmanın təkmilləşdirilməsinin
metodoloji məsələləri” və s. kimi çoxsaylı tədqiqatları problemin
dərinliklə öyrənilməsi və perspektivlilik baxımından qiymətləndirilməsi
üçün çox qiymətli elmi-əməli xarakterə malik idi. “Azərbaycan
iqtisadiyyatının böhrandan çıxarılması və islahatlaşdırılmasının
konseptual əsasları” adlı silsilə yazıları, dövlət orqanlarına təqdim
olunmuş “Azərbaycan Respublikasında iqtisadiyyatın böhrandan
çıxarılması və onun dinamik inkişaf yoluna düşməsində struktur siyasətin
müstəsna rolu haqqında mülahizələr” adlı tədqiqat işi Sofiq Hüseynovun
yüksək alim və vətəndaş mövqeyinin ifadəsi idi. O, bir neçə
ixtisaslaşdırılmış müdafiə şurasının üzvü, çoxlu dissertasiyalara rəsmi
opponent olmuş və aparıcı təşkilatın rəhbəri kimi saysız dissertasiyalara
rəy vermişdir.
Sofiq Hüseynov ondan artıq beynəlxalq konfrans və simpoziumda
Azərbaycanı təmsil etmiş, məruzə ilə çıxış etmişdir. Respublikada
iqtisadi islahat yollarının işlənməsi üzrə müxtəlif əməli-işçi
komissiyalarının və hökumətin elmi məsləhətçilər qrupuna daxil idi.
Müəllifi
olduğu
“Azərbaycan
Respublikası
iqtisadiyyatının
sabitləşdirilməsi və radikal iqtisadi islahatların həyata keçirilməsi
proqramı” İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur. Respublika
parlamenti və hökuməti tərəfindən qəbul olunmuş bir çox qanun və
proqramların hazırlanmasında bilavasitə iştirak etmişdir, “Azərbaycan
Respublikasında
dövlət
mülkiyyətinin
özəlləşdirilməsi
Dövlət
Proqramı”nı hazırlamış Dövlət Komissiyasının üzvü olmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında
Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən 5
oktyabr 1995-ci ildə tutduğu vəzifədən azad edilmiş və 1995-ci il 24
noyabr
Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı
seçilmişdir. 1995-ci il 12 dekabrda Milli Məclisin İqtisadi Siyasət daimi
komissiyasının sədri təyin edilmişdir.
Sofiq Hüseynov 1997-ci il dekabr ayının 30-da 47 yaşında vəfat
etmişdir.