Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki vəsait 2016



Yüklə 50,53 Kb.
tarix18.06.2018
ölçüsü50,53 Kb.
#49825

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki vəsait 2016

“Həyat aşiqi Molla Pənah”

molla pənah vaqif pdf ile ilgili görsel sonucu

Molla Pənah Vaqif (1717-1797) – XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri.

Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin də mənsub olduğu Bayat tayfasından olub. Onun valideynləri haqqında çox az şey məlumdur. Bəllidir ki, onun babası Süleyman, atası Mehdi, anası isə Ağqız adını daşımışlar.

Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da məlumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqqında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz".

XVIII əsrin ortalarında Gürcüstan sərhəddində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur. Kiçik bir kəndin mollasının aldığı cüzi maaş böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır.

Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər.

Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan birinə əsasən, Vaqif ayın tutulması və zəlzələ olacağı haqda əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahimxəlil xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir. Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir. Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Gəncə xanı Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdir. Lakin İbrahimxəlil xanın təkidli xahişi ilə şairin Qarabağa qayıtmasına icazə verir.

Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəlcə eşik ağası, yəni, daxili işlər naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəğbətini qazanır.

Görünür, Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq hesablamalar aparması da bəllidir. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşğul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif ("hər şeyi bilən") adını doğrultduğunu göstərir.

Vaqif yaradıcılığının tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.

Vaqif iki dəfə evlənib. Birinci xanımının adı Qızxanım, digərininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlardır. Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şeirlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi.

İran şahının qətlindən dərhal sonra Qarabağ xanlığının başına İbrahimxəlil xanın yaxın qohumlarından olan Məhəmməd bəy Cavanşir keçir. Belə görünür ki, Vaqif xilas ola bilər. Lakin belə olmur və baş vəzirin azad edilməsindən az sonra Məhəmməd bəy Cavanşir onu və oğlu Əli bəyi edam etdirir. Böyük sənətkarın edam olunma səbəbləri tarixçilər arasında müxtəlif cür yozulur.

Danışırlar ki, qətl günü fərraşlar onları xanın yanına aparmağa gəldiklərini söyləyirlər. Yolda Əli bəy atasından soruşur ki, xan yuxarıda otura-otura bizi aşağı niyə aparırlar? Vaqif cavabında söyləyir: "Bizi çoxlarını göndərdiyimiz yerə aparırlar". Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Hətta məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.

Dahi şairimiz Molla PənahVaqifin anadan olmasının 300 illik yubileyi ilə əlaqədar olaraq, bir sıra tədbirlər, kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecə keçirilə bilər. Şairi sevdirmək, yaradıcılığını gənc nəslə və şagirdlərə tanıtmaq məqsədilə kitabxanada ilk növbədə müxtəlif başlıqlar altında kitab sərgisi təşkil olunmalıdır. Bunlardan “Fikirlərim nur qətrəli, bir az Qazax, Bir az Şuşa, bir az Vaqif xatirəli”, “Vaqif-300”, “Vaqif müasirimizdir”, “Gözəlliyi tərənnüm edən şair”, “Dilin qüdrətiVaqifin dili”, “Əsərlərdə yaşayan ömür”, “Var şirin sözü Vaqifin”, “Hər oxuyan Molla Pənah olmur”, “Vaqif sevirdi, Vaqif sevilir”, ”Vaqif, yad et, səni yad eyləyəni”, “Söz sərrafı Vaqif”, “Həyat aşiqiMolla Pənah”. Şairin iri və kiçik əsərlərindən ibarət kitabları, ədiblərimizin şair haqqında yazılan kitabları və dövrü mətbuatda dərc olunan yazı materialları sərgidə nümayiş oluna bilər. Bundan başqa sərgidə şairin ayrı-ayrı rəssamlar tərəfindən çəkilən müxtəlif rəsmləri də yerləşdirilə bilər ki, bu da sərgini daha dolğun və maraqlı edər.

Görkəmli şəxslərin M.P.Vaqif haqqında söylədikləri: 1.XVII-XVIII əsrlərdə, xüsusən M.V.Vidadi-M.P.Vaqif xətti ilə qoşmanın ədəbi-bədi təfəkkürün ifadə-janr normasına çevrilməsi həm məzmun, həm də ifadə planında milli mədəniyyətin təşəkkülü prosesinin təzahürüdür. Professor Nizami Cəfərov

2.Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni dövr başlanır. Akademik Həmid Araslı 3.Vaqif təkcə böyük şair deyildi, o həm də görkəmli siyasi xadim və diplomat idi; xalq arasında da müdrik bir ağsaqqal kimi məşhurlaşmışdı. Xalq şairi S.Vurğun

4. Vaqif istedadlı şair, eyni zamanda içtimai dövlət xadimi idi. Xalq yazıçısı İsmayıl Şıxlı

5.Vaqif şeirinin dili təbii və sadə olduğu qədər mənalı və dolğundur. Xalq yazıçı Mirzə İbrahimov

7.Yeni Azərbaycan şeirinin yaradıcısı, misilsiz qoşma və qəzəllər ustası Molla Pənah Vaqifin poeziyası son dərəcə zəngin və cazibədardır. Ədəbiyyatşünas, alim M. Rəfili .

8.Vaqifi poeziyanın qüdrətli, əvəzsiz yaradıcısı kimi tanıtmaq lazımdır. Yazıçı Məsud Əlioğlu

9.Vaqif bütün varlığı, ilhamı ilə həyata, insan gözəlliyinə vurğun, həyat aşiqli bir sənətkardır. Professor Mirzəağa Quluzadə

Şairin həyat və yaradıcılığını oxuculara tanıtmaq məqsədilə bir sıra tədbirlər keçirmək olar. Tədbirlərin məqsədi uşaqlara mütailəni sevdirmək, oxu vərdişi aşılamaq və məktəbliləri kitabxanaya cəlb etmək məqsədi daşıyır. M. P. Vaqif yaradıcılığını şagirdlərə tanıtmaq üçün “Həyat aşiqi Molla Pənah”başlığı ilə şairin təbiəti və gözəlləri vəsf edən, onların tərənnümünə həsr edilən tədbir keçirilə bilər. Ilk öncə kitabxanaçı tədbirdə iştirak edən oxucuları salamlayır və böyük şair M.P.Vaqifin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra, söhbətinə davam edir.Vaqif gözəlliyin mənbəini obyektiv aləmdə görürdü və buna görə də onun üçün gözəllik meyarı təbiət özü idi. Gözəlliyin mənbəyi təbiətdir dedikdə, elə təsəvvür etmək olmaz ki, təbiət özü tam şəkildə gözəllik verir.



Zər haşiyə al nimtənə üstündə,

Xallar üz yanında, çənə üstündə,

Buxağın altında, sinə üstündə

Zülfün burulması, hayıf ki, yoxdur.

Sonra isə oxucular səhnəyə yaxınlaşıb mövzuya uyğun olaraq şeirlər deməyə başlayır:



1-ci oxucu:

Bir zaman havada qanad saxlayın,

Sözüm vardır mənim sizə, durnalar!

Qatarlaşıb nə diyardan gəlirsiz?

Bir xəbər versəniz, bizə, durnalar!

2-ci oxucu: Qış günü qışlağı Qıraqbasanın,

Gözüdür aranın, cümlə-cahanın,

Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası hayıf ki, yoxdur..

1-Məktəbli: Gözəl şeir oz təravətini heç bir zaman itirmir. Əsrlər keçir, nəsillər bir-birini əvəz edir, əsl sənət əsəri olan şeirlər həmişə dodaqlarda səslənir, ürəklərə təsir edir, dillərdə əzbər olaraq yaşayır. Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur. Onlar çap olunmasalar da, öz ömürlərini ecazkar bir qüdrətlə uzaqlaşdırırlar. Əsrlərin imtahanlarından çıxıb unudulmayan belə əsərlər klassik irsimizin ən gözəl nümunələridir. Molla Pənah Vaqif də öz təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunələrini yaratmış sənətkarlardan biridir. Vaqif lirik şairdir.

2-ci Məktəbli: Vaqif qoşmalarının mühüm 13 hissəsini gözəlliyin təsvirinə həsr etmişdir. Bu əsərlərdə təsvir olunan “sərv qədli”, “mina boylu”, “zülfi ənbər” gözəllər, eyni zamanda yerişi, gözəl duruşu, gözəl rəftar və danışığı ilə də şairin ruhunu oxşayan real insanlardır.

Oturuşun gözəl, duruşun gözəl,

Sallanışın gözəl, yerişin gözəl,

Xoyun, xülqün gözəl, hər işin gözəl,

Bəxş olub bu xubluq xudadan sənə.

1-Oxucu: Xarici gözəlliyin təsviri şairin şeirlərində əsas yer tutur. İnsan gözəlliyindən bəhs edən Vaqif sadə, həyati təşbihlər vasitəsilə təsvir etdiyi gözəli oxucunun gözü qarşısında məharətlə canlandıra bilir. Vaqifin gözəlin portretini yaratmasını şairin şeirində belə müşahidə edirik.

Zülflərin sünbüldür, yanağın lalə,

Baxışı tən edir vəhşi qəzalə,

Gözləri məstanə, ağzı piyalə

Gərdəni minadır mənim sevdiyim.

II-ci oxucu: Onun görmək istədiyi gözəlin ən azı aşağıdakı əqli, mənəvi xüsusiyyətləri olmalıdır:

Öyünməsin kimsə, gözələm deyib,

Ayrı təhər olur, halı gözəlin.

Günəş üzlü, şirin gözlü, xoşqılıq

Ləblərindən axır balı gözəlin.

Yanağı gül, zülfü yasəmən gərək,

Dişləri inci, sinəsi gen gərək,

Haldan xəbər verən, dərdbilən gərək,

Heç olmaya məkrü alı gözəlin.

Vaqifin dili olduqca sadə, ahəngdardır. Şeir dilimizin saflığı onun adı ilə möhkəm bağlıdır. Vaqifi çoban da, alim də, qoca da, cavan da yaxşı başa düşür. Bahar səhərlərində günəşin gün işığı nə qədər yaxıcı və parlaqsa,Vaqifin dili də bir o qədər hərarətli, sadə və aydındır



I oxucu: Mən cahan mulkundə, mutləq, dоğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm, ozgə babət görmədim

Aşinalar ixtilatında sədaqət görmədim,

Biətu iqraru imanu dəyanət görmədim,

Bivəfadan lacərəm təhsili-hacət görmədim.

II Aparıcı: Vaqif həm dünənin, həm bu günün, həm də sabahın, irəlidə, hələ bizdən sonra gələcək çox-çox əsrlərin şairidir. O, həm bizim ölməz sələfimiz, ən əsası isə həqiqi xalq şairimizdir. Doğma torpağı ucaldan Vaqifin adı əsrlər boyu yaşayacaqdır. Vaqif XVIII əsrdə yazıb yaratmışdır, demək azdır. Çünki Vaqif dedikdə, biz ilk növbədə realizm, xəlqilik haqqında düşünürük.Vaqif gözlərimizdə bir inqilabçı-yenilikçi şair kimi öz doğma torpağına, öz elinə-obasına son dərəcə bağlı bir ustad sənətkar kimi canlanır.

Səsləndirilmiş əsərləri "Görmədim" - səsləndirən: Nurəddin Mehdixanlı



Şeirlərinə mahnılar Yalçın Rzazadə - Durnalar - musiqi: Cahangir Cahangirov

  • Rəşid Behbudov - Heyran olmuşam - musiqi: Əşrəf Abbasov

  • Brilliant Dadaşova - Toy adamları - musiqi: Vüqar Şirinov

  • Rahilə Həsənova - Sonalar kimi - musiqi: Qəmbər Hüseynli

  • Ehtiram Hüseynov - Tel nazik - musiqi: Qəmbər Hüseynli

Güllü Muradova - Təsnif

Molla Pənah Vaqifə ithaf əsərlər



Səməd Vurğun - "Vaqif" dramı

Ramiz Mustafayev - "Vaqif" operası

Filmoqrafiya



  1. Vaqif (film, 1968)

  2. Molla Pənah Vaqif (film, 1990)

  3. Qətl günü (film, 1990)

  4. Molla Pənah Vaqif (film, 2011) Xarici keçidlər




  • Azərbaycanın görkəmli şəxsiyyətləri. Molla Pənah Vaqif

  • Molla Pənah Vaqif. Əsərləri. Bakı:"Şərq-Qərb", 2004.

  • "Qarabağın görkəmli şəxsiyyətləri:Molla Pənah Vaqif (1717-1797)" (az). "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı. virtualkarabakh.az. 2013. İstifadə tarixi: 2014-10-14.

Kateqoriyalar

  • 1717-ci ildə doğulanlar

Metodika şöbəsi:Yarıyeva Səadət.
Yüklə 50,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə