Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231. 1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair



Yüklə 47,4 Kb.
tarix20.02.2018
ölçüsü47,4 Kb.
#27200

Azərbaycan Respublikası adından

 

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI



 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qva0ladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,



məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin məsləhətçisi Əli Ağayevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Bakı şəhəri Nərimanov rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 231.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi baxımından şərh olunmasını xahiş etmişdir. 



Müraciətdə göstərilir ki, Valentina Pekarskayte ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 9 sentyabr 2004-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi və qətnamənin təxirə salınmadan icra edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

V.Pekarskayte ərizəsini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində olan evinin yaşayış və qeyri-yaşayış sahələrini Laçın rayonundan məçburi köçkün olan Ə.Şahverdiyev və E.Əmirov ailə üzvləri ilə birlikdə zəbt etmişlər. Bununla bağlı V.Pekarskayte məhkəməyə müraciət edərək, onların zəbt etdikləri sahələrdən çıxarılmaları barədə iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 9 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə ona məxsus evdən çıxarılmaları qət edilmişdir. Lakin qətnamənin icrası müəyyən hadisənin gələcəkdə baş verməsi (Laçın rayonunun işğaldan azad olunması) ilə əlaqələndirilərək təxirə salınmışdır. Bununla da məhkəmə tərəfindən qətnamənin icrasına möhlət verilmiş və icranın qaydası müəyyən olunmuşdur.

İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq və mövcud vəziyyətdə heç bir dəyişiklik baş vermədiyindən, V.Pekarskaytenin evinə qayıtması mümkün olmadığı üçün o, faktiki olaraq öz mülkiyyətindən məhrum olunmuşdur. Məhz bu səbəbdən V.Pekarskayte ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, 9 sentyabr 2004-cü il tarixli qətnamənin icra qaydasının dəyişdirilməsi və qətnamənin təxirə salınmadan icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, qətnamənin icrasının məhkəmənin və mübahisə tərəflərinin iradəsindən asılı olmayan hadisənin baş verməsi ilə şərtləndirilməsi, həmçinin cavabdehlərin mülkiyyətçiyə məxsus əmlaka həmin məhkəmə aktı əsasında yaranmış faktiki istifadə və sahiblik hüquqları və onlara mülkiyyətçi də daxil olmaqla üçüncü şəxslərin hər hansı təsirinin yolverilməzliyi Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin, məcburi icranın həll edilməsi məsələsinin mümkünlüyü baxımından şərh olunmasını zəruri edir.

Müraciətedən, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin şərh olunması zərurətini həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) oxşar məsələyə dair hüquqi mövqelərinin mövcudluğu ilə əlaqələndirmişdir. Mülki prosessual qanunvericiliyə əsasən birinci instansiya məhkəməsinin, qanuni qüvvəyə minmiş məhkəmə aktını Avropa Məhkəməsinin qərarı əsasında ləğv edib yeni qətnamə çıxarmaq səlahiyyəti mövcud deyildir. Digər tərəfdən, Avropa Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutmaqla qətnamənin məzmununun qətnamə ilə deyil, qərardadla dəyişdirilməsi təcrübəsi yaranır ki, bu da Mülki Prosessual Məcəllənin müddəaları ilə birbaşa müəyyən edilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətin məzmununu nəzərə alaraq qeyd edir ki, mövcud konstitusiya işinin predmetini Konstitusiyanın 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsinin II hissəsi baxımından Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə müvafiq olaraq, möhlət verilməsi məsələsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra həmin qətnamənin icra qaydasının dəyişdirilməsinə dair birinci instansiyası məhkəməsinin səlahiyyətləri təşkil edir.

Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların məzmununu müəyyən edərkən Konstitusiyanın 12-ci maddəsinin II hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini nəzərə alır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd etmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun A.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixli, S.Rəsulovanın şikayəti üzrə 9 mart 2005-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarları).

Bu mənada Konstitusiya Məhkəməsinin təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarları).

Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər.

Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları).

Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır. O, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.

Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

Mübahisənin mahiyyəti üzrə həll edilməməsi məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıraraq, onun pozulmasına səbəb ola bilər. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarı).

Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin bir sira Qərarlarında ifadə olunan hüquqi mövqeyə görə, fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların (ədalətli, açıq və sürətli məhkəmə araşdırması) təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. (Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərar, § 25 və Çuykina Ukraynaya qarşı iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərar, § 50).

Bu hüquqi mövqeləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür.

Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa görə işə baxmış hakimin, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə dair səlahiyyəti yalnız işdə iştirak etmiş şəxslərin ərizəsi əsasında yaranır. Burada ifadə olunan dispozitivlik prinsipi məhkəməyə göstərilən hərəkətlərin müstəqil olaraq öz təşəbbüsü ilə tətbiqinə imkan vermir.

Məhkəmələr prosessual qənaət prinsipini nəzərə alaraq qətnamənin icrasına möhlət verilməsi məsələsini qətnamə çıxarılan zaman da həll edə bilərlər. Bu məsələ Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinin müddəalarının tələblərinə uyğun olaraq qətnamənin nəticə hissəsində göstərilməlidir. Bununla belə, möhlətin verilməsi qətnamədə ifadə olunsa da, öz məzmununa görə işi mahiyyəti üzrə həll etmir.

Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir.

Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı).

Bu hüquqi mövqelərin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, möhlət verilməsi nəticəsində yuxarıda göstərilən məqsədlərə nail ola bilmədikdə, o cümlədən, möhlət verilməsinə görə icra icraatının uzun müddət başlanması mümkün olmadıqda, işdə iştirak edən şəxslərin, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa əsasən, qətnamənin icra qaydasının dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ saxlanılır.

Belə ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur.

Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər.

Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər.

Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər.

Həmçinin nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə müdafiəsi hüququnun təsiri altına düşür. Belə olan halda icra hərəkətlərinin bu və ya digər səbəbdən uzun müddət başlanmaması məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməməsinə, pozulmuş hüquqların bərpa olunmamasına, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər.

Möhlət verilməsi məsələsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının dəyişdirilməsinə dair birinci instansiya məhkəməsinin səlahiyyətlərinə və ya onların hansı məhkəmə aktında əksini tapmasına gəldikdə isə aşağıdakılar nəzərə alınmalıdır.

Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya qətnamənin hissə-hissə icra etdirilməsi, habelə onun icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri işə baxmış hakim tərəfindən həll edilir. Qeyd etmək lazımdır ki, bu maddədə söhbət iş üzrə son (yekun) qətnaməni qəbul edən məhkəmədən getmir.

Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər.

Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa müvafiq olaraq, möhlət verilməsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icra qaydasının dəyişdirilməsi məsələsinə baxmağa haqlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa müvafiq olaraq, möhlət verilməsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icra qaydasının dəyişdirilməsi məsələsinə baxmağa haqlıdır.



2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr      Fərhad Abdullayev



 

Bakı şəhəri, 22 may 2015-ci il.



 

 
Yüklə 47,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə