Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü IL 13 avqust tarixli 207 nömrəli qərarı ilə



Yüklə 65,05 Kb.
tarix26.09.2017
ölçüsü65,05 Kb.
#1424

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Ailə tipli kiçik qrup evinin

NÜMUNƏVİ NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Bu Nizamnamə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”na və BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün qrup evlərinin fəaliyyətini tənzimləyir.

1.2. Ailə tipli kiçik qrup evi (bundan sonra - qrup evi) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və digər müvafiq normativ hüquqi aktları rəhbər tutur.

1.3. Bu Nizamnamə hər bir qrup evi üçün fərdi nizamnamənin hazırlanması üçün əsas hesab olunur.

1.4. Qrup evi milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, ictimai mənşəyindən asılı olmayaraq Azərbaycan Respublikasında yaşayan 0-18 yaş arası sağlamlıq imkanları məhdud olan uşaqlar da daxil olmaqla, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş ailə əsaslı qayğı xidməti göstərən sosial xidmət müəssisəsidir.

1.5. Qrup evi 8 nəfərdən az 12 nəfərdən çox olmayaraq uşaqların yaşaması üçün yaradılmış qeyri-kommersiya xarakterli hüquqi şəxsdir, müvafiq xəzinə hesabı, möhürü, ştampı və digər rekvizitləri vardır. Qrup evlərinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir.

1.6. Qrup evi yalnız sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yaradıldığı halda, burada saxlanılan uşaqların sayı 6 nəfərdən çox olmamalıdır.

1.7. Qrup evi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsinin, dövlət və qeyri-dövlət fondlarının vəsaiti, ödənişli əsaslarla sosial xidmət göstərilməsindən əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin ianələri, qrantlar, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. Qrup evinin məqsəd və vəzifələri

2.1. Qrup evi çətin həyat şəraitində olan və öz bioloji ailəsinə qaytarılması, həmçinin yaxın müddətdə övladlığa, qəyyumluğa və himayədar ailəyə verilməsi mümkün olmayan uşaqların ailə mühitinə yaxın şəraitdə saxlanması, təhsilini, təlim-tərbiyəsini, maddi-məişət şəraitini və hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə təşkil olunur. Qrup evində uşaqlara bu Nizamnamənin 2.2.4-cü yarımbəndində nəzərdə tutulmuş fərdi plana uyğun olaraq, müntəzəm monitorinq olunan ailə tipli yaşayış mühitində qayğı göstərilir.

2.2. Qrup evinin vəzifələri aşağıdakılardır:

2.2.1. qanunvericiliyə uyğun olaraq uşaqları qəbul etmək;

2.2.2. uşaq üçün ailə mühitini və münasib yaşayış şəraitini təmin etmək;

2.2.3. keyfiyyətli sosial xidmətin həyata keçirilməsini təmin etmək;

2.2.4. sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabat və uşağa sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlamaq;

2.2.5. yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla, uşaqların intellektual, mənəvi, fiziki, psiхi və sosial inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətini formalaşdırmaq;

2.2.6. uşağı müstəqil həyata və cəmiyyətə inteqrasiya olunması üçün hazırlamaq;

2.2.7. öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq və gənclər yaradıcılıq evlərinə göndərilməsini, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakını təmin etmək;

2.2.8. uşaqlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçirilməsi üzrə tədbirlər görmək;

2.2.9. inkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və pedaqoji yardım göstərmək;

2.2.10. uşaqların hüquq və mənafelərinin müdafiəsini təmin etmək.

3. Qrup evinin hüquqları

3.1. Qrup evi aşağıdakı hüquqlara malikdir:

3.1.1. dövlət və yerli özünüidarəetmə orqanları və digər təşkilatlar tərəfindən himayəsində olan uşaqlarla bağlı qərarlar qəbul edilərkən, zəruri məlumatları tələb etmək;

3.1.2. dövlət və yerli özünüidarəetmə orqanları ilə və digər təşkilatlarla əməkdaşlıq etmək, uşaqların hüquqlarının müdafiəsi, övladlığa götürülməsi, onlara qayğının və sosial xidmətin göstərilməsi ilə bağlı müvafiq orqanlara, idarə və müəssisələrə təkliflər vermək;

3.1.3. uşaqların təhsil almaları üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil müəssisələrinə müraciət etmək;

3.1.4. uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onların qrup evinin yerləşdiyi ərazi üzrə poliklinikalarda qeydiyyata götürülməsi üçün müraciət etmək.

4. Qrup evinin fəaliyyətinin təşkili

4.1. Qrup evinin fəaliyyətinə rəhbərlik və onun idarə olunması ali təhsilə və müvafiq sahədə (pedaqoji, psixoloji, sosioloji, tibbi və sosial iş) 5 ildən az olmayan iş stajına malik olan və həmin müəssisənin mülkiyyət növünə uyğun olaraq, təsisçinin təyin etdiyi direktor tərəfindən bu Nizamnaməyə əsasən həyata keçirilir.

4.2. Direktor:

4.2.1. rəhbərlik etdiyi qrup evinin işinin səmərəli təşkil edilməsi, illik iş planı ilə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görür;

4.2.2. qrup evinin işçilərini Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən vəzifəyə təyin edir, vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

4.2.3. bu Nizamnamənin 2.2.4-cü yarımbəndində nəzərdə tutulmuş fərdi planı təsdiq edir;

4.2.4. qrup evinin fəaliyyəti və göstərdiyi xidmətlər barədə ictimaiyyəti məlumatlandırır, uşaq hüquqlarının müdafiəsi ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət arasında əlaqələrin qurulmasını və beynəlxalq səviyyədə əməkdaşlığı təmin edir;

4.2.5. qrup evinin fəaliyyəti barədə aylıq hesabatı və rüblük maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir;

4.2.6. bu Nizamnamə ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər səlahiyyətləri yerinə yetirir.

4.3. Qrup evinin direktoru tərəfindən verilən qərarlar əmr şəklində rəsmiləşdirilir.

4.4. Qrup evində xidmətlər sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

5. Qrup evində uşağın təminatları

5.1. Qrup evində uşaqlar üçün mümkün qədər ailə mühitinə yaxın təhlükəsiz və psixoloji cəhətdən sabit, uşağın şəxsi keyfiyyətlərini, inkişafındakı xüsusiyyətləri, ehtiyac və maraqlarını qarşılayan şərait yaradılır.

5.2. Uşaq irqinə, dini mənsubiyyətinə, sosial statusuna, şəxsi keyfiyyətlərinə, bacarığına görə zorakılıq, təhqir, diskriminasiya və təqiblərdən qorunur. Uşağın təhlükəsizliyini təmin etmək üçün onun hüquqlarının pozulması hallarının qeydiyyatı aparılır, onların səbəbləri təhlil olunur və gələcəkdə belə halların qarşısının alınması üsullarına dair qərar qəbul edilir.

5.3. Uşağın təhlükəsiz və əxlaq normalarına uyğun davranış bacarığı formalaşdırılır, uşaqla qrup evinin heyəti arasında qarşılıqlı etibar, inam və hörmət əsasında mühitin yaradılması təmin olunur.

5.4. Uşağın fərdi ehtiyacları, pəhriz qida qəbul etmək tələbatı qiymətləndirildikdən sonra yaş həddi və səhhəti nəzərə alınmaqla, o, müvafiq qida ilə təmin edilir.

5.5. Uşağın geyimlə təminatı yaşı və cinsi, mümkün dərəcədə zövqü nəzərə alınmaqla, mövsümə uyğun həyata keçirilir.

5.6. Qrup evində bayram, istirahət və əlamətdar günlərin, tətillərin səmərəli təşkil olunması təmin edilir.

5.7. Qrup evində olan uşağa təyin olunmuş pensiya, aliment, müavinət və digər sosial ödənişlər uşağın adına açılmış bank hesabına köçürülür. Uşağa ayrılmış maliyyə vəsaitlərindən yalnız yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları ilə razılaşdırılmaqla, uşağın qanuni maraqları üçün və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istifadə edilir.

5.8. Uşağın formalaşmış şəxsiyyət kimi inkişaf etməsi ilə bağlı məsələlər həll edilərkən, onun öz fikirlərini, münasibətini sərbəst şəkildə ifadə etməsi üçün şərait yaradılır.

5.9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada uşağa dövlət tibb müəssisələrində profilaktik peyvəndlər edilir.

5.10. Uşağın təhsil hüququ təmin edilir. Uşaqlara özünüifadə ehtiyaclarını qarşılamaq, uşaqlar üçün nəzərdə tutulmuş digər təhsil müəssisələrinə getmək imkanı yaradılır, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, onların ayda 2 dəfədən az olmayaraq ekskursiyalara, gəzintilərə, konsert və teatr tamaşalarına, muzeylərə aparılması təşkil edilir, ölkənin flora və faunasının, tarixinin və mədəniyyət abidələrinin öyrənilməsi təmin olunur.

5.11. Uşaqlar yaşlarına uyğun bədii ədəbiyyatla, dərs vəsaitləri, informasiya texnologiyaları, təhsili üçün zəruri olan və inkişafını, bacarıq və maraqlarını qarşılayan digər məktəb ləvazimatları ilə təmin olunurlar.

5.12. Uşaqlara ev tapşırıqlarının yerinə yetirilməsində köməklik göstərilir.

5.13. Uşaq yaşına və potensialına görə peşə seçimi və istiqamətləri barədə məlumatlandırılır.

5.14. Uşağa, gələcəkdə müstəqilliyini təmin etmək məqsədi ilə gündəlik həyatında lazımlı olan öz büdcəsinin idarə edilməsi, alış-veriş etmək və evdarlıqla bağlı digər bacarıqları mənimsəmək üçün şərait yaradılır. Uşağın mümkün qədər müstəqil olması üçün qrup evindəki məişət xidmətləri təşviq edilir və eyni zamanda onda özünəxidmət bacarığı inkişaf etdirilir.

5.15. İlk peşə-iхtisas, orta iхtisas və ya ali təhsil müəssisələrində təhsilini davam etdirən uşaqlar təhsil müddəti bitənədək, qrup evində qalmaq hüququna malikdirlər.

6. Uşağın yaşayış yerinə və mühitinə dair tələblər

6.1. Qrup evində uşağın təhlükəsizliyi, rahatlığı və ehtiyacları təmin edilməlidir.

6.2. Qrup evində uşaq sanitariya-gigiyena, yanğından mühafizə və digər tələblərə cavab verən təhlükəsiz şəraitdə yaşamalıdır.

6.3. Qrup evi uşaq üçün müvafiq mebellə və avadanlıqla təchiz edilməlidir.

6.4. Qrup evi sanitariya norma və qaydalarına cavab verməlidir.

6.5. Qrup evi işıqlı, mövsümdən asılı olaraq isti və ya sərin olmalı, müvafiq ventilyasiyası, kommunal və kommunikasiya sistemi qənaətbəxş vəziyyətdə olmalıdır. Yataq otaqlarında təbii işığı və ventilyasiyanı təmin edən pəncərələr olmalıdır.

6.6. Qrup evində kanalizasiya sisteminə qoşulmuş tualet, isti və soyuq su, duş və ya vanna ilə təchiz edilmiş ən azı 1 vanna otağı olmalıdır.

6.7. Müxtəlif cinsdən olan 7 yaşdan yuxarı uşaqlar ayrı-ayrı yataq otaqlarında yerləşdirilməlidirlər.

6.8. Uşağın qonaq və ya yemək otağında, yaxud digər otağa keçmək üçün içindən keçidi olan hər hansı bir otaqda yatmasına yol verilməməlidir.

6.9. İki uşağın eyni çarpayıda yatması, həmçinin 6 yaşından kiçik olan uşağın ikimərtəbəli çarpayının üst qatında yatması yolverilməzdir.

6.10. Hər bir uşaq yaxşı vəziyyətdə olan, ən azı həftədə bir dəfə və ya lazım olduqda yuyulan təmiz yataq dəsti ilə təmin edilməlidir.

6.11. 3 yaşınadək uşaqlar istisna olmaqla, uşaqların böyüklərlə bir yataq otağında yatması yolverilməzdir.

6.12. Bir yataq otağında 4 uşaqdan çox uşaq yerləşdirilə bilməz.

6.13. Şəxsi gigiyena məqsədi ilə uşaq lazımi gigiyenik vasitələrlə təmin edilməlidir.

6.14. Qrup evində uşaqların fiziki təhlükəsizliyinə xələl gətirə bilən təhlükə mənbəyi olmamalı, bütövlükdə qrup evinin ətrafında olan həyət, zirzəmi, mansarda (girişi açıq olan), çardaq, qaraj, üstü açıq quyu (hovuz) və ya anbar ərazisi uşaqların təhlükəsizliyi baxımından yoxlanılmalıdır.

6.15. Qrup evində dərman preparatları, təmizlik ləvazimatları, həşəratlara qarşı vasitələr, yanacaq məhsulları, silah, bıçaq və digər təhlükəli alətlər uşaqların əliçatmayan yerlərdə və ya bağlı dolab və qutularda saxlanılmalıdır.

6.16. Qrup evində radiator, buxar, odun sobası, qaz və elektrik qızdırıcıları kimi istilik cihazlarından istifadə edilərkən, təhlükəsizlik qaydalarına riayət olunması təmin edilməlidir.

6.17. Qrup evində məişət tullantıları müvafiq örtülü qablarda saxlanmalı, uşaqların sağlamlığı üçün təhlükə və xoşagəlməz təsir yaratmamalıdır.

6.18. Qrup evində tezalışan materialların istilik avadanlıqlarına yaxın yerləşdirilməsi və nasaz vəziyyətdə olan naqillərin və elektrik məişət avadanlıqlarının istifadəsi yolverilməzdir.

6.19. Qrup evində hər bir telefon aparatının yanında yanğından mühafizə xidmətinin və təcili tibbi yardım stansiyasının nömrələri, qəza hallarında əlaqə saxlamaq üçün məsul şəxsin, həmçinin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının nümayəndəsinin əlaqə nömrələri olmalıdır.

6.20. Qrup evinə məxsus həyətyanı sahədə dağıntı, zibil və üzəri örtülməmiş çənlər olmamalıdır.

6.21. Qrup evində uşağın nəqliyyatın hərəkətinin gur olduğu küçəyə, magistral yola, su sahəsi və ya digər təhlükəli ərazilərə getməsinin qarşısını alan hasar, yaxud maneə olmalıdır.

6.22. Qrup evində uşaqlar oyuncaqlarla təmin edilməlidirlər. Həmin oyuncaqlar uşaqlara təhlükə yaratmamalı, onların yaşı və inkişafı baxımından məqsədəuyğun olmalıdır.

6.23. Qrup evində yaşayanların adambaşına düşən sahə mövcud qanunvericiliyə uyğun uçot normasından az olmamalıdır.

7. Uşaqların şəxsi işlərinin açılması və saxlanılması şərtləri

7.1. Kiçik qrup evlərinə qəbul edilən uşaqlar üçün aşağıdakı sənədlər əsasında şəxsi iş açılır:

7.1.1. doğum haqqında şəhadətnamənin əsli və ya həmin sənəd olmadıqda, uşağın yaşının təyin edilməsi barədə tibbi komissiyanın rəyi;

7.1.2. sağlamlıq vəziyyəti haqqında tibbi arayış;

7.1.3. uşağın təhsili ilə bağlı sənədlər (məktəbyaşlı uşaqlar üçün);

7.1.4. uşağın yaxın qohumlarının yaşayış yeri barədə arayışlar;

7.1.5. valideynləri (onları əvəz edən şəxslər) barədə sənədlər (valideynlərin ölümü haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə məhkəmənin qətnaməsi, valideynlərin xəstəliyi, uşaqlarını tərbiyə edə bilməməsi və ya axtarışda olması barədə sənədlər, valideynlərin olmadığını sübut edən digər sənədlər);

7.1.6. valideynlərin ölümündən sonra qalmış əmlakın siyahısı və onların saxlanılmasına cavabdehlik daşıyan şəxslər haqqında məlumat;

7.1.7. uşağın qeydiyyatda olduğu mənzil barədə sənədlər;

7.1.8. pensiya vəsiqəsi (pensiya alan uşaqlar üçün), aliment ayrılması barədə məhkəmənin qərarı.

7.2. Qrup evini tərk edən uşaqların şəxsi işlərinin surəti qrup evində ən azı 5 il müddətində saxlanıldıqdan sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilməlidir.

8. Uşağın qrup evini müvəqqəti və daimi tərk etməsi qaydası

8.1. Uşağı qısa müddətə müvəqqəti (mütəmadi qaydada hər həftə sonlarında və ya bayram günlərində) öz ailəsinə götürmək istəyən yaxın qohumlarından biri (bundan sonra - şəxs) qrup evinin direktoruna ərizə ilə müraciət edir. Ərizədə uşağın və onu öz ailəsinə müvəqqəti götürmək istəyən şəxsin adı, soyadı və yaşı, şəxsin ünvanı, əlaqə telefonları və ailəyə götürülməsinin dəqiq müddəti göstərilməlidir. Qrup evinin direktoru ərizəni aldıqdan sonra 3 iş günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanını məlumatlandıraraq, şəxsin uşağı qısa müddətə öz ailəsinə götürməsinə və ya uşağın şəxsə verilməsindən imtina olunmasına dair əsaslandırılmış qərar qəbul edir.

8.2. Uşağın qısa müddətə şəxsə verilməsinə dair qərarda aşağıdakılar qeyd olunur:

8.2.1. uşağın adı, soyadı və yaşı;

8.2.2. şəxsin adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, qeydiyyat və faktiki yaşayış ünvanı;

8.2.3. uşağın qrup evini tərk etmə vaxtı;

8.2.4. əsaslandırma və səbəblər.

8.3. Şəxs uşağın lazımi qayğı və yaşayış şəraiti ilə təmin edilməsinə görə məsuliyyət daşıyır.

8.4. Uşaq qrup evini aşağıdakı hallarda daimi tərk edir:

8.4.1. qayğı başa çatdıqdan sonra valideynlərinə (onları əvəz edən şəxslərə) qaytarıldıqda;

8.4.2. övladlığa götürüldükdə;

8.4.3. 18 yaşı tamam olduqda (18 yaşından yuxarı olan şəxs təhsilini bitirənədək) və ya əmək fəaliyyətinə başladıqda;

8.4.4. nikaha daxil olduqda.

8.5. Uşaq qrup evini daimi tərk edərkən aşağıdakı sənədlərlə təmin edilir:

8.5.1. doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi (15 yaşına çatmış uşaqlar üçün);

8.5.2. sağlamlıq haqqında tibbi arayış;

8.5.3. müddəti göstərilməklə, qrup evində olması barədə arayış;

8.5.4. təhsil haqqında dövlət sənədləri (məktəbyaşlı uşaqlar üçün);

8.5.5. valideynləri və yaxın qohumları barədə məlumat;

8.5.6. pensiya vəsiqəsi (pensiya alan uşaqlar üçün), aliment ayrılması barədə məhkəmənin qərarı, mənzil sahəsinə, müəyyən əmlaka malik olması barədə sənədlər.



9. Digər şərtlər

9.1. Qrup evinin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Yüklə 65,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə