Azərbaycan Respublikası Prezidenti yanında


Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri



Yüklə 328,03 Kb.
səhifə3/5
tarix26.10.2017
ölçüsü328,03 Kb.
#6826
1   2   3   4   5

2.2 Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri
Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətini elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndasların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili orqanları olur və o, Azərbaycan Respublikasının Kostitusiyası ilə və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, müvafiq qanunlara və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.

Bələdiyyənin nizamnaməsi bələdiyyənin iclasları və ya vətəndaşların yığıncaqları tərəfindən qəbul edilir. Bələdiyyənin nizamnaməsində aşağıdakılar göstərilir:

1) qanunla müəyyən edilmiş bələdiyyə ərazisinin hüdudları və tərkibi;

2) bələdiyyə orqanlarının adları, strukturu, səlahiyyətləri və formalaşdırılması qaydası;

3) bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin səlahiyyət müddəti;

4) bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası;

5) bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliy-yətinin əsasları və növləri;

6) bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin statusu və sosial təminatları, onların səlahiyyətlərinə xitam verilməsi əsasları və qaydası;

7) bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqları üçün təminatlar;

8) bələdiyyə qulluğu təşkilinin şərtləri və qaydası;

9) yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası;

10) Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarənin təşkilinə, bələdiyyələrin və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin səlahiyyətinə və fəaliyyət qaydasına dair digər müddəalar.

Bələdiyyənin nizamnaməsi Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə nizamnamələrinin qeydiyyatı müvafİq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bələdiyyənin nizamnaməsini dövlət qeydiyyatına almaqdan imtina edilməsinə ancaq onun Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası müvafıq icra hakimiyyəti orqanlarının aktlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikası müvafıq icra hakimiyyəti orqanlarının aktlarına) zidd olması əsas verə bilər. Dövlət qeydiyyatına almaqdan imtina edilməsi barədə vətəndaşlar və bələdiyyələr məhkəmə qaydasında şikayət verə bilərlər. Bələdiyyənin nizamnaməsi qeydiyyata alındığı gündən qüvvəyə minir. Bələdiyyələr hüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur.

 Bələdiyyələr öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar yarada bilərlər. Həmin ittifaqlar qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmalıdır. Bələdiyyə ittifaqlarına bələdiyyələrin səlahiyyətləri verilə bilməz.

Yerli özünüidarəni Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ərazilərdə yaradılan bələdiyyələr həyata keçirirlər.8 Müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər. Bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən, birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən və ya ləğv olunarkən onların hüdudlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi onlarda yaranan sosial-iqtisadi vəziyyət tarixi və digər yerli xüsusiyyətləri, müvafıq ərazi əhalisinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları bələdiyyələrin təşəkkülü və inkişafı üçün zəruri, hüquqi, təşkilati və maddi-maliyyə şəraiti yaradır və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə kömək göstərirlər.

Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyənin iclaslarmda bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyasının iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir. Bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclaslan arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətin təşəbbüsü ilə işdən çıxarıla bilməz, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz. Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir. Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verir. Bələdiyyənin növbəti yığıncağı bələdiyyə ərazisinə baxıb müvafiq qərar qəbul edir və bu qərarı həmin dairənin seçicilərinin nəzərinə çatdırır. Bələdiyyə üzvü səlahiyyət müddəti ərzində hər hansı səbəbdən bələdiyyə tərkibindən çıxdıqda müvafiq bələdiyyə ərazisində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilər keçirilir. Bələdiyyə orqanları bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili və başqa orqanlardır.



Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsi - əhalinin bilavasitə və ya nümayəndəli yerli özünüidarə orqanının öz tərkibindən seçdiyi, bələdiyyənin nizamnaməsinə uyğun yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilmiş vəzifəli şəxsdir. Bələdiyyə orqanlarının vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir.

Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir. Bələdiyyələr və onların orqanları dövtət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir. Bələdiyyələrin və onların orqanlarının strukturu “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və bələdiyyələrin nizamnamələrinə uyğun müəyyənləşdirilir.

Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan əhalinin azı ən faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə əsasən bələdiyyə iclasında aşağıdakı məsələlər həll edilir:


  1. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

  2. Bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

  3. Bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

  4. Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

  5. Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

  6. Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

  7. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

  8. Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

  9. Yerli ekoloji proqramlarının qəbul və icra edilməsi.

Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

Bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin I hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Həmin maddənin II hissəsinə uyğun olaraq bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Eyni maddənin III hissəsinə uyğun olaraq isə yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır.

Bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər. Daimi və başqa komissiyalar səlahiyyətləri daxilində fəaliyyətlərinin təşkili məqsədilə öz işinə ekspertlər cəlb edə bilər. Daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınır və onlar "Bələdiyyənin daimi və başqa komissiyaları haqqında" Əsasnamə, bələdiyyənin nizamnaməsi əsasında fəaliyyət göstərirlər.

Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

1) yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq;

2) yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar , arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;

3) bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;

4) seçicilərin tapşırıqlannın yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.

Daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona besabat verir. Bələdiyyənin nizamnaməsində digər orqanların yaradılması və müvafıq vəzifəli şəxslərin təyin olunması nəzərdə tutula bilər.

Bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafıq surətdə yaradılan digər icra strukturlarından ibarətdir. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini Bələdiyyə Şurasının qərarına əsasən bələdiyyənin sədri təyin edir.

Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərıni seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Bələdiyyənin sədri və onun müavinləri yuxarıda göstərilən qaydada, yəni bələdiyyə iclasında bələdiyyə üzvləri tərəfindən açıq və ya gizli səsvermə yolu ilə vaxtından əvvəl vəzifədən azad edilə bilərlər. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdliyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.

Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir. Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir. Bələdiyyə üzvünün səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsinin səlahiyyətləri onun vəzifəyə seçildiyi gün qurtarır. Bələdiyyə üzvləri, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər. Öz səlahiyyətlərini daimi əsasda icra edən bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin bu vəzifələrdə çalışmaqla bağlı sosial təminatları Azərbaycan Respublikasının qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilir.

Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir: 1) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

2) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfındən müəyyən edildikdə;

3) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

4) vəfat etdikdə;

5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:

1) bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;

2) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

3) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda;

5) dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;

6) bələdiyyənin nizamnaməsində göstərilən müddətdə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda.

Yuxarıda göstərilən əsaslar olduqda bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.

Bələdiyyə orqanlarında vəzifə tutan şəxslər bələdiyyə qulluqçularıdır. Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunım statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi sərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir. Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir.



Yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları. Yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları Azərbaycan Respublikasında bələdiyyələrin səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlərin müzakirə edilməsi, həmin məsələlərlə əlaqədar ortaya çıxan problemlərin birgə həlli yollarının müəyyən edilməsi, səmərəli iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi və yayılması, dövlət orqanları ilə bələdiyyələrin qarşılıqlı fəaliyyətinin uzlaşdırılması, yerlı özünüidarə sisteminin inkişafı üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan əlaqələndirəmə mərkəzləridir. Yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuralarını təşkil etmək üçün müxtəlif əraziləri təmsil edən azı 3 bələdiyyə təşəbbüs qrupu yaradır. Təşəbbüs qrupu Əlaqələndirmə Şurasını yaratmaq üçün təsis konfransının hazırlanıb keçirilməsini təşkil edir. Təşəbbüs qrupunun işində iştirak etmək könüllüdür. Bir bələdiyyə eyni vaxtda rayon (şəhər), regional və respublika üzrə Əlaqələndirmə Şurasının üzvü ola bilər. Bələdiyyələrin Şuralarda iştirakı könüllüdür.

Bələdiyyələrin üzvləri olduqları Şuralarda bələdiyyələrin nümayəndələri — bələdiyyə üzvləri təmsil edir. Bələdiyyələrin nümayəndələri Şuraların tərkibinə daxil olan bələdiyyələr tərəfindən müəyyən edilir. Hər bələdiyyə Şuraların tərkibinə bir nümayəndə - bələdiyyə üzvü təqdim edir. Şuralarda təmsil olunmuş bələdiyyələrin nümayəndələri vaxtaşırı dəyişdirilə bilər. Bələdiyyələrin Şuradakı nümayəndələrinin dəyişdirilməsi qaydaları hər bir bələdiyyə tərəfındən müstəqil müəyyənləşdirilir. Şuraların say tərkibi Şuralarda təmsil olunan bələdiyyələr tərəfindən müəyyən edilir. Şuralarm tərkibi Şuranın sədrindən, onun müavinindən və Şuranın üzvlərindən ibarətdir. Şuranın sədri, müavini və katibi Şura üzvü olan bələdiyyələrin nümayəndələri sırasından seçilirlər. Şura sədrinin dəvəti işə Şuranın işində Şurada təmsil olunmamış bələdiyyələrin, müvafiq dövlət orqanlannın, elm və təhsil müəssisələrinin, habelə ictimai birliklərin yerli özünüidarəetmə məsələləri ilə məşqul olan nümayəndələri iştirak edə bilərlər.

Şuraların əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- bələdiyyələrin müraciəti ilə bələdiyyələrin müvafiq yerli inkişaf proqramlarını hazırlaması;

- bələdiyyələrə onların səlahiyyətlərinə aid edilən müvafıq yerli məsələlərin həllində qarşılıqlı əlaqələrinin və əməkdaşlığının inkişafına köməklik göstərilməsi:

-bələdiyyələrin xarici ölkələrdə fəaliyyət göstərən bələdiyyələrlə əlaqələrinin yaradılmasına köməklik göstərilməsi;

- öz iclaslarında bələdiyyələrin nümayəndələrinin məlumatlannın dinlənilməsi;

- yerli özünüidarəetmə məsələlərinə dair qanunvericilik aktlarının və dövlət proqramlarının layihələrinin müzakirə edilməsi, onlara dair təkliflərin hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi;

- yerli özünüidarəetmə sahəsində beynəlxalq və xarici təşkilatlar, habelə yerli özünüidarəetmə məsələləri ilə məşğul olan ictimai birliklərlə qarşılıqlı əməkdaşlığın inkişaf etdilməsi;

- yerli özünüidarəetmə sahəsində dövlət siyasətinin məqsədlərinin və vəzifələrinin təbliğ və izah edilməsi;

-yerli özünüidarətemə məsələləri üzrə qabaqcıl təcrübənin ümumiləşdirilməsi və yayılması;

-bələdiyyələrin qarşılıqlı əməkdaşlığının inkişafına köməklik edilməsi;

Şuraların onların üzərlərinə qoyulan vəzifələrin həyata keçirilməsi üçün Şura üzvü olan bələdiyyələrdən məlumat almaq, onların nümayəndələrini Şuranın iclaslarında dinləmək, tövsiyyə xarakterli təkliflər hazırlamaq hüququ vardır. Şuralann iclaslarında baxılması nəzərdə tutulan məsələlərin əvvəlcədən öyrənilməsi, onlardan hər birinə dair sənədlərin toplanması və müvafiq təkliflərin hazırlanması üçün Şuralar daimi və müvəqqəti işçi qrupları yarada bilərlər. Zəruri hallarda işçi qruplarının işinə müqavilə əsasında alim və mütəxəssislər cəlb edilə bilər.


2.3 Vətandaşların yerli özünüidarədə iştirak formaları
Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fıkir söyləmək, təkliflər vermək vasitəsilə və digər formalarda həyata keçirirlər. Vətəndaşlar irqindən, milliyyətindən, cinsindən, dilindən, mənşəyindən, əmlak və vəzifə mövqeyindən, dinə nıünasibətindən, əqidəsindən, peşəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə münasibətindən asılı olmayaraq, yerli özünüidarəni həm bilavasitə, həm də öz nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə orqarılarına seçmək və seçilmək hüququ vardır. Bələdiyyə qulluğu Azərbaycan Respublikasının vətəndaşları üçün eyni dərəcədə müyəssərdir. Hər bir vətəndaşın bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət etmək hüququ vardır. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarda hər bir vətəndaşın tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar.

Yerli əhəmiyyətli məsələlərə dair yerli rəy sorğusu təyin edilə bilər. Yerli rəy sorğusunun keçirilməyi haqqında qərarı bələdiyyə nizamnaməsinın uyğun olaraq öz təşəbbüsü ilə və ya əhalinin tələbi əsasında qəbul edir. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşlann yerli rəy sorğusunda iştirak etmək hüququ vardır. Yerli rəy sorgusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak edirlər. Yerli rəy sorğusunda səsvermə gizli keçirilir, vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. Yerli rəy sorğusunun təyin edilməsi və keçirilməsi qaydası Azərbaycan Rcspublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun keçirilir.

Əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər. Vətəndaş yığıncaqları xalqın hakimiyyət işlərində birbaşa iştirakının ən qədim formalarından biridir və bu insanların fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, birləşmək hüququ kimi konstitusiyada təsbit edilmiş əsas insan hüquq və azadlıqlarının bilavasitə təcəssümüdür.9 Vətəndaşların yağıncaqlarında həmin bələdliyyə ərazilərində yaşayan 18 yaşı tamam olmuş vətəndaşların iştirak etmək huququ vardır. Vətəndaşlann yığıncaqlarında bələdiyyənin nizamnaməsi və başqa qərarlar qəbul edilir. dəyişdirilir və ləğv olunur. Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir. Vətəndaşların ilk yığıncağını təşəbbüs qrupu çağırır. Təşəbbüs qrupunun yaradılması, vətəndaşların yığıncaqlarının çağırılması, keçirilməsi qaydaları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatı ilə tənzimlənir.

Bələdiyyənin nizamnaməsinə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi bələdiyyə aktlannın layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı, nəticələri rəsmən elan edilməlidir.

Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə fərdi və kollektiv surətdə müraciət etmək hüququ vardır. Bələdiyyələr, bələdiyyə orqanları və onlann vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər. Bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fıziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar. Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə, müraciətlərinə cavab verilməsi müddətlərinin və qaydasının pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məsuliyyətə səbəb olur.



Yerli özünüidarənin həyata keçirilməsində vətəndaşlar yuxarıda göstərilmiş formalarla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, başqa qanunlara və bələdiyyənin nizamnaməsinə zidd olmayan digər formalarda da iştirak edə bilərlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq bələdiyyələrin məhəllə komitələri bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir. Məhəllə komitəsi ərazi prinsipi üzrə yaradılır. Məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazi ayrıca bir və ya bir neçə evin (məhəllənin) hüdudları ilə müəyyən edilir. Məhəllə komitəsi, həmin komitənin fəaliyyət göstərdiyi ərazidə yaşayan əhalinin yığıncağında 5-11 üzvdən ibarət tərkibdə açıq səsvermə yolu ilə iki il müddətinə seçilir. Yığıncaq komitənin fəaliyyət göstərdiyi ərazidə yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 15 faizi iştirak etdikdə səlahiyytələndirilir. Həmin yığıncaqda məhəllə komitəsinin sədri, sədr müavini və katibi seçilir. Məhəllə komitəsinin tərkibində həmin ərazidə yaşayan, yaşı 18-dən aşağı olmayan vətəndaşlar seçilirlər. Vətəndaşların yığıncağında iştirak edənlərin səslərinin yarısından çoxunu toplamış şəxslər bu komitənin tərkibinə seçilmiş hesab olunurlar. Məhəllə komitəsi vətəndaşların yığıncağının qərarı ilə vaxtdan əvvəl tamamilə və ya qismən yenidən seçilə bilər. Vətəndaşların yığıncaqları məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazidə yaşayan səsvermə hüququ olan şəxslərin azı 10 faizinin və ya məhəllə komitəsi üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağrılır. Komitənin yeni üzvlərinin seçilməsi bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhəllə komitəsi görüləcək tədbirlərin siyahısını və növbəliliyini müəyyən edir və görülmüş işlərin uçotunu aparır. Məhəllə komitəsi, lazım olan hallarda, lakin iki ayda bir dəfədən az olmamaq şərti ilə çağrılır və üzvlərin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir. Məhəllə komitəsinin iclasları açıq keçirilir. Məhəllə komitəsinin qərarları açıq səsvermə vasitəsi ilə və adi səs çoxluğu ilə qəbul olunur. Məhəllə komitəsi öz fəaliyyəti barədə altı ayda bir dəfə vətəndaşların yığıncağında hesabat verir. Yığıncağın keçirilməsi haqqında müvafiq məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazidə yaşayan şəxslərə bir həftə qabaq məlumat verilməlidir. Məhəllə komitələri aşağıdakı əsas səlahiyyətləri həyata keçirir :

  • yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyələr qarşısında vəsatət qaldırmaq ;

  • yerli əhəmiyyətli məsələlərlə bağlı vətəndaşların yığıncaqlarını keçirmək;

  • yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək və həmin aktların layihələrini əhalinin iştirakı ilə açıq iclaslarda müzakirə etmək ;

  • müvafiq bələdiyyə torpaqlarından istifadəyə dair rəy və təkliflər vermək ;

  • yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaıdırılması, sanitariya vəziyyətinin yaxşılaşdırılması, uşaq və idman meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin, digər obyektlərin tikintisi,yenidən qurulması, təmiri və saxlanması işində əhalinin iştirakını təşkil etmək ;

  • təbiətin, tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında qanunvericiliyə riayət olunmasına kömək etmək ;

  • məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsində tədris müəsisələrinə kömək etmək;

  • uşaq və gənclərin istirahəti, idmanla məşğul olması üçün şəraitin yaradılmasına kömək etmək ;

  • fəaliyyət göstərdiyi ərazidə yaşayan imkansızlara, xəstələrə və ahıl vətəndaşlara yardım göstərmək;

  • yerli əhəmiyyətli məsələlərin həllində əhalinin təşəbbüskarlığının və özünüidarəetmə təcrübəsinin inkişafına kömək etmək ;

Məhəllə komitələri öz səlahiyyətlərini könüllü ianələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirir. Bələdiyyələr məhəllə komitələrinin verdiyi rəy, təklif və ya vəsatətlərə bir ay ərzində cavab verməlidirlər. Hər hansı məsələyə dair məhəllə komitələrinin rəyi həmin məsələlərin həlli zamanı bələdiyyələr tərəfindən nəzərə alınır. Bələdiyyələrlə məhəllə komitələrinin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə komitələr bələdiyyələrdə siyahıya alınır. Siyahıyaalınma vətəndaşların yığıncağının protokolu əsasında həyata keçirilir.

Yüklə 328,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə