Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 18,96 Kb.
tarix04.07.2018
ölçüsü18,96 Kb.
#53331

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında

Поделиться

Şriftin ölçüsü: şrifti böyüt şrifti kiçilt

25.10.2017 10:17 | Oxunma sayı: 77



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2017-ci ildə Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 135 illiyi tamam olur.



Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.

Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşmışdır. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirmişdir.

Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir.

Azərbaycan ədəbiyyatının inkişafı naminə müstəsna xidmətlər göstərmiş böyük söz ustası Hüseyn Cavidin 135 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:



1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 oktyabr 2017-ci il

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında

Поделиться

Şriftin ölçüsü: şrifti böyüt şrifti kiçilt

18.10.2017 09:58 | Oxunma sayı: 59

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur.



Qara Qarayev Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formalarıyla son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirmişdir. Həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri daim əxlaqi-mənəvi kamilliyə çağırır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin tarixi nailiyyətlərlə zənginləşdirilməsi və dünya miqyasında tanıdılmasında müstəsna xidmətlər göstərmiş görkəmli sənətkar Qara Qarayevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 oktyabr 2017-ci il

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında

Поделиться

Şriftin ölçüsü: şrifti böyüt şrifti kiçilt

17.05.2017 10:06 | Oxunma sayı: 399

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.



Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991–ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:



1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 may 2017-ci il
Yüklə 18,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə