Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №


Füzulinin S.Ə.Şirvani yaradıcılığına təsiri



Yüklə 34,86 Kb.
səhifə2/6
tarix24.06.2022
ölçüsü34,86 Kb.
#90072
1   2   3   4   5   6
Sərbəst iş-Nərmin İsayeva (Füzuli ədəbiyyatı)

Füzulinin S.Ə.Şirvani yaradıcılığına təsiri.

S.Ə.Şirvani yaradıcılığının əsasını da lirika, xüsusilə, qəzəl janrı təşkil edir. Şair qəsidə, müxəmməs, mürəbbe, tərkibbənd, tərcibənd, təkbeyt, qoşabeyt, rübai və s. klassik janrlarda da əsərlər yaratsa da, qəzəl janrı bunların hamısını kəmiyyət və keyfiyyətcə üstələmişdir. Seyid Əzimin şeirləri yalnız dərin ideya və məzmunu ilə deyil, həm də yüksək bədii sənətkarlığı ilə seçilir. Şairin tədqiqatçılarının da dəfələrlə qeyd etdiyi kimi, S.Ə.Şirvani lirikasına dahi sələfi Füzulinin təsiri çox böyük olmuşdur. Belə ki, Seyid Əzim Füzulidən bir çox tərcümələr etmiş, nəzirələr yazmış, bir qəzəlini təxmis etmişdir. Bunu, hər şeydən öncə, onun Füzuli sənətinə vurğunluğu ilə izah etmək olar.


XIX əsrin II yarısında fəaliyyət göstərən şeir məclislərində toplaşan şairlərin, demək olar ki, heç birisi Füzuli sənətinin sehrindən, dühasının dərin təsir dairəsindən kənarda qala bilməmişlər. Bu da təbiidir, çünki Füzuli qəzəli "lirikanın ən yüksək zirvəsi"dir. (Mir Cəlal) Nəinki XIX əsrdə, hətta öz dövründə belə, yetişməkdə olan şairlər nəslinin formalaşmasında onun yaradıcılığının təsiri böyük olmuşdur. Bir sözlə, özündən sonrakı Azərbaycan ədəbiyyatının əsas ideya-bədii istiqamətini Füzulinin sənəti yönləndirmişdir. Onun şeirinin məşhurlaşmasında və ardıcıllarının sayının artmasında, şübhəsiz ki, XIX əsrin ortalarından başlayaraq tərtib edilən dərslik və müntəxabatlar da müəyyən rola malik olmuşdur.
S.Ə.Şirvaninin Füzuli ədəbi məktəbi ilə əlaqəsinin geniş ictimai-bədii məzmun daşıması şəksizdir, bununla belə, Füzulinin onun yaradıcılıgına təsiri məhəbbət lirikasında daha çox nəzərə çarpır. Belə şeirlərdə, adətən, Seyid Əzim dahi sələfini təkrarlayır və təqlid edir. Lakin bir çox hallarda şair irəli sürülən ideya istiqamətini daha da inkişaf etdirərək, orijinal əsər yaratmağı bacarır. 
Bəzən Füzulinin hər hansı bir əsərində tərənnüm olunan motivləri Seyid Əzim şəkilcə dəyişdiyi başqa bir janrlı əsərində təqdim edir: məsələn, "Guş qıl..." müxəmməsi kimi. S.Ə.Şirvaninin görkəmli tədqiqatçısı S.Hüseynov şairin "Guş qıl..." müxəmməsini dahi sələfi Füzulidən təsirlənərək qələmə aldığını qeyd edir. O yazır ki, Füzulinin "Həft cam" poemasında irəli sürdüyü məsələləri Seyid Əzim yetmiş misralıq müxəmməsdə yığcam şəkildə verməyə çalışmışdır: "Həft cam"da gördüyümüz musiqi alətlərinə (ney, dəf, tar, ud, setar, qanun) Seyid Əzimin müxəmməsində də bəzi dəyişikliklərlə (ney, tar, cəng, dəf, bərbət, ud) rast gəlirik... Füzuli ayrı-ayrı musiqi alətlərilə qurulan məclislərdə gəldiyi nəticələri Seyid Əzim bu müxəmməsdə ümumiləşdirmiş, yığcam şəkildə mənalandırmışdır." Tədqiqatçının bu fikirlərilə razılaşmamaq mümkün deyil. Həqiqətən, "Həft cam" poemasının "Guş qıl..." müxəmməsinə təsiri açıq-aydın duyulmaqdadır, hətta poemanı oxuduqdan sonra Seyid Əzimin müxəmməsinin bəzi bəndlərini anlamaq daha rahat olur. Füzuli də, Seyid Əzim də bu əsərlərdə daha çox özlərinin sufi dünyagörüşlərini əks etdiriblər. Tədqiqatçı Azadə Rüstəmova Füzuli yaradıcılığında təsəvvüfdən bəhs edərkən yazır: "Yeddi cam" əsərində, xüsusilə, I və III camın keyfiyyətləri başdan-başa təsəvvüfdəki vəhdəti-vücud - zərrə və küll, damcı və dərya nisbətləri - ilahi aləmdən hadisat aləminə düşən cüzin - qətrənin bir müddət seyrdən sonra yenə öz doğma məkanına, külli-dəryaya qovuşması probleminin bədii-fəlsəfi açılımına həsr edilmişdir." Həqiqətən, qeyd olunan keyfiyyətlər poemadakı ney və tar obrazlarına aiddir. "Guş qıl..." müxəmməsinin də I bəndində məhz bu iki alətin adı çəkilərək, onların nəğmə və naləsinin səbəbi soruşulur. Baxmayaraq ki, akademik Həmid Araslı bu alətlərin danışdığı əhvalatları "maddənin əslinə qayıtması" fikri ilə əlaqələndirərək, materialistcə yanaşmaya üstünlük verir, əslində isə həm poemada, həm də müxəmməsdə hər iki şair təsəvvüfdəki "vücud və küll" anlayışına müraciət edir.
Əksər hallarda S.Ə.Şirvani sələfindən aldığı fikri və formanı, hətta qafiyələri, rədifləri saxlayaraq, həmin ideyanı bir başqa şəkildə çatdıraraq müstəqil əsər yaratmağı bacarır. Təbii ki, bu şeirlərdə də təsirlənmə, bənzətmə dərhal nəzərə çarpır, lakin bu, Seyid Əzimin sənətkarlığının zəifliyini deyil, əksinə, qüdrətini üzə çıxarır.

Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,


Gör nə cahildir, yonar daşdan öziçün bir rəqib.
Füzuli deyir ki, dağ çapan, yəni Fərhad daşdan öz surətini yonub sevgilisinə verib, cahilliyə bax ki, öz əlilə özünə rəqib yaradıb. Həmin fikri anoloji olaraq, Seyid Əzim belə ifadə edir:
Tutdu bir ayinə kim, gör surətim, ol da firib,
Yar ilə ayinədə öz əksimi sandım rəqib.
Seyid Əzimin Füzuli yaradıcılığına bu dərəcədə bağlılığı onun əsərlərinin dəyərini azaltmır, əksinə, sələfinin irsinə yaxından bələdliyini, onu yüksək qiymətləndirdiyini üzə çıxarır. Poetik dildə təsvir və ifadə vasitələrini yaradarkən Seyid Əzim yalnız ənənə dalınca qaçmamış, öz bədii zövqünə və dünyagörüşünə uyğun orijinal sənət nümunələri yaratmışdır. Baxmayaraq ki, Azərbaycan ədəbiyyatında sözü Füzulinin ucaltdığı zirvəyə yüksəldə bilən ikinci qəzəl ustadı olmamışdır, Seyid Əzim bu barədə dahi sələfinə bir xeyli dərəcədə yaxınlaşır. Həqiqətən, Seyid Əzim Şirvani öz lirikasında klassik ənənələri davam etdirməklə yanaşı, şeirə özünəməxsus keyfiyyətlər aşılamağı bacarmış böyük sənətkardır.




  1. Yüklə 34,86 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə