Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 34,86 Kb.
səhifə3/6
tarix24.06.2022
ölçüsü34,86 Kb.
#90072
1   2   3   4   5   6
Sərbəst iş-Nərmin İsayeva (Füzuli ədəbiyyatı)

Füzulinin qəzəl yaradıcılığı.

Azərbaycan ədəbiyyatında lirikanın, doğma ana dilində yaranmış əsl lirik seirin böyük banisi və ölməz dahisi Məhəmməd Füzulidir. Doğrudur, onun başqa əsərləri də vardır, lakin Füzulinin dahiyanə sənət əsəri olan “Leyli və Məcnun”unda və qəzəllərində sairin dühası daha parlaq surətdə görünür. Bu, belə də olmalıdır, çünki Füzuli hər şeydən əvvəl qəlb şairidir. Özü də dəfələrlə qeyd edir ki, məndən tərif, tənqid şeiri istəməyin, məhəbbət şeiri istəyin:


Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,


Mən aşiqəm, həmişə sözum aşiqanədir.

O, şeirə hər şeydən əvvəl, həyatının məhsulu, “qəlb xəzinəsinin gövhəri” kimi baxır. Ona görədir ki, söz ilə, bədii söz vasitəsilə, “bəşər zatının sifətlərini”, xüsusiyyətlərini və hər bir mənanı ifadə və izhar etmək mümkün olur:


Sözdür gühəri xəzaneyi-dil,


İzhari-sifati-zatə qabil.

Şair bütün əsərlərini bu qənaətlə yazmışdır. Onun qəzəlləri nəinki təkcə Azərbaycan, hətta bütün Şərqdə lirik ədəbiyyatın ən yaxşı nümunələrindəndir.


Qəzəl janrı qədim janrdır. O, bizim ədəbiyyata ərəblər və farslar vasitəsilə keçmişdir.
Ərəblərdə Əbu Nəvas, farslarda Xacə Hafız, özbəklərdə Əlişir Nəvai kimi məshur və böyük qəzəl ustadı olan şairlər yetişmişdir. Füzuli öz qəzəllərində bütün keçmiş ədəbi irsin nailiyyət və zənginliklərini inkişaf etdirmiş və öz dühası ilə Azərbaycanda lirik şeir sənətinin ən yüksək nümunələrini yaratmışdır. Füzulinin lirikası, hər şeydən əvvəl, sevgi, məhəbbət lirikası, aşiqanə lirikadır. Füzulinin düşündüyü mənada isə əsl insani hiss olan məhəbbətin mənası, məzmunu çox zəngin və genişdir. Bu məhəbbət yalnız aşiq-məşuq məhəbbəti, yalnız qız və oğlan arasında olan adi, fərdi, cinsi sevgi deyildir. Belə məhdud bir sevginin təsir dairəsi də Füzuli şeirinin cahanşümulluğu kimi olmazdı. Füzulinin düşündüyü və ifadə etdiyi mənada eşq və məhəbbət çox yüksək insani hissləri əhatə edir. Biz burada, Füzulinin qəzəllərində, ya “Leyli və Məcnun” poemasında qəlbin, bəşər mənəviyyatının əhvali-ruhiyyəsinin ən zərif, ən incə və ən yüksək əlvan həyatını görürük. Bu lirikanı yalnız qəlb ilə, yalnız bir subyektin öz aləmi ilə izah etmək mümkün olmaz və düz də olmaz. Çünki bu lirika, obyektiv həyat hadisələrinin, ictimai həyatın şair qəlbində oyatdığı hiss, həyəcan və təsirlərdən başqa bir şey deyildir. Füzulinin ilham mənbəyi, onun zəngin mənəvi həyatı, dövrünün ictimai münasibətlərinə baxışı və əlaqəsidir.
Füzuli o şairlərdəndir ki, ən kiçik hadisəyə, adi insana əhəmiyyətsiz görünən və ya heç görünməyən bir təsirə qığılcım, hətta ildırım ilə cavab verər.
Onun lirik əsərləri, qəzəlləri, yalnız aşiqanə əsərlər deyildir. Bu əsərlər mövzu və məzmun etibarilə müxtəlifdir. Burada əsas yer tutan aşiqanə qəzəllərlə yanaşı, həyat, varlıq haqqında, sırf fəlsəfi fikirlər ifadə edən qəzəllərə, obyektiv həyat hadisələrinə həsr edilən təsviri xarakterli qəzəllərə, dövrün xarakterini verən ümumi şikayət ruhlu qəzəllərə, satirik məzmun daşıyan əsərlərə də rast gəlirik.
Aşiqanə qəzəllər Füzuli lirikasının canıdır. Burada eşq məfhumu ətrafında insanın, demək olar ki, bütün duyğu və qabiliyyətləri tərənnüm edilmişdir. Məhəbbət, istedad, qürur, mənliyi yüksək tutmaq, iradə, vəfa, gözəlliyə pərəstiş kimi insani hisslər, yüksək zövq bu qəzəllərdə, istər aşiqin, istər məşuqənin simasında gözəl təsvir, tərənnüm edilmişdir.
Bu qəzəllərdə gah aşiqin dərin məhəbbəti verilir, gah bu məhəbbətə, eşqə qarşı məşuqənin etinasızlığı, aşiqin çəkdiyi cəfa, etdiyi şikayətlər verilir, məşuqənin cazibəli, məftunedici hüsni-cəmalı təsvir olunur.
Füzulinin ayrı-ayrı qəzəllərinin təhlilinə keçmədən, şairin şeirində təsvir etdiyi eşq məfhumunun, məhəbbətin xarakteri haqqında bir neçə söz demək lazımdır.
Bu eşqin mahiyyəti nədən ibarətdir? Bu eşq real, insani eşqdir, yoxsa, bəzilərinin düşündüyü kimi mistik təsəvvüfi eşqdir? Məlumdur ki, Şərqdə, klassik ədəbiyyat xüsusən, Füzuli haqqında indiyə qədər yazan alimlər arasında bu məhəbbətin xarakteri mübahisəli məsələlərdəndir. Hətta bir çoxları burada mübahisənin yersiz olduğunu, Füzuli eşqinin məhz “ilahi eşq” olduğunu iddia edirlər.
Füzuli şeirində təmiz, səmimi, vəfalı və vicdanlı bir insanın iztirabları, həssas bir qəlbin çırpıntıları əks olunmuşdur. Bu eşqi ifadə üçün şairin istifadə etdiyi surətlər, bədii vasitələr tamam real, maddi həyat hadisələridir. Təbiət, tarix, insan, qəlb, insanın mənəvi həyatı, şairin lirikasını ifadə üçün əsas vasitə və mənbədir. Füzulinin məftun olduğu gözəl, həqiqi real, canlı insandır. Şairin məhəbbəti, məftunluğu da canlı bir insanın vurğunluğudur. Lakin şairin hiss və həyəcanları o qədər dərin və incədir ki, onun qəlbə vaqifliyi o qədər heyrətləndiricidir ki, insan oxuduqda başqa və yüksək bir aləmə çıxdığını güman edir. Füzuli eşqini real zəminindən ayıraraq sırf “ilahi” adlandıranları çaşdıran, yanıldan da bu cəhətdir.
İlahi bir eşqin ifadəsini özünə məqsəd seçən bir şairin istifadə etdiyi surət və epitetləri də “ilahi”, mistik olmalı idi. Halbuki din ehkamı, mistik hədislər, allahın vəsfınə aid min bir əfsanə onun aşiqanə qəzəllərinin birində də yoxdur. Əksinə, bu qəzəllərdə dinin, şəriətin qadağan etdiyi, mey, işrət həyatı, musiqi və s. məfhumlar çox təkrar olunur, həm də müsbət mənada təkrar olunur. Deyə bilərlər ki, “bu bir rəmzdir”, Füzuli öz sufıyanə fikirlərini ifadə üçün, “eşqi-mütləqi” tərənnüm üçün belə etmişdir. Halbuki əksinə, “eşqi-mütləq” məfhumu özü bir rəmzdir. Bu da real mənəvi aləmin ifadəsi üçün olan bir rəmzdir. Belə bir rəmzə dini ehkamın hökm sürdüyü dövrdə Füzuli kimi alovlu bir “aşiqin” ehtiyacı var idi.
Füzulinin eşqi əsasən real, maddi, insani, həqiqi eşqdir. Buradakı aşiq də, məşuqə də “fələklər, mələklər” aləmindən gəlmə yox, ictimai münasibətlər məhsulu, canlı insandır. Onların yüksək mənəvi aləmi həyati olduğu kimi, adi, təbii məişət həyatları da vardır.
Şairin Leylisi də, Məcnunu da əməlli-başlı insandırlar. Onların qarşılıqlı münasibətlərindəki qəribəliyin və qeyri-adiliyin izahını heç bir “ilahi” pərdədə yox, onların düşdüyü mühitdə, əsərlərində aramaq lazımdır. Ancaq bu eşqi adiləşdirmək, sadələşdirmək də düzgün olmaz. Bu eşq– addımbaşı rast gəldiyimiz, yalnız cinsi ehtiraslar təzahürü kimi meydana çıxan eşq də deyildir. Füzuli eşqinin məzmunu dərin və dairəsi də genişdir.
Füzulinin eşqi, əsirlik bilməyən, din ehkamı və adətlər çərçivəsinə sığmayan, ancaq yüksək mənəviyyatlı bir insanın daxili ehtiyac və mənəvi tələblərindən doğan odlu, azad, qanadlı bir eşqdir.
Füzulinin gözəl, məşuqə simasında eşqi-mütləqi, guya allahı təsvir etdiyini iddia edənlər heç olmasa şairin bu aşağıdakı qəzəlini diqqətlə oxusunlar. Təsvir vasitələri etibarilə başqalarından az seçilən bu qəzəldə şair, məşuqənin hamam səfərini, yuyunmasını təsvir edir:

Qıldı ol sərv səhər naz ilə həmmamə xüram,


Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.
Görünürdü bədəni çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Nilgun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.
Oldu pabusi-şərifilə müşərrəf ləbi-hovz,
Buldu didari-lətifilə ziya dideyi-cam.
Sandılar kim, satılır daneyi-dürri-Ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
Kakilin şanə açıb qıldı həvayi-mişkin,
Tiq muyin dağıdıb, etdi yeri ənbərfam.
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşg aldı tənimdən aram,
Çıxdı həmmamdən ol pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.
Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.
Müzd həmmamə, Füzuli, verirəm can nəqdin,
Qılmasın sərfi-zər ol sərv-qədü sim əndam.

Burada iki mənalı heç bir ifadə, “mistik” deyilən heç bir misra olmadığına, gərək ki, heç kəs şübhə etməz. Bu qəzəlin və təsvirin adi və “maddi” olmadığına hətta heç bir işarə də yoxdur.


Füzulidəki eşq, məhəbbət məfhumunun reallığı, həyatiliyinə qarşı çıxanlar, şairin əsərlərindən heç bir tutarlı sübut tapmırlar və tapa da bilməzlər. Ancaq sufılərin bəzi yerlərdə “yar, mey, vəsl, hüsn...” kimi məfhumları ilahi mənada işlətdiklərinə əsaslanaraq Füzulini də mexaniki surətdə bu təriqətin yolçusu adlandırmaq istəyirlər.
Füzuli lirikasının sadəcə məntiqi dil ilə şərhi çox çətindir. Bu lirika sarsıdıcı təsiri ilə insanı valeh edən, onu hər şeydən ayıran musiqiyə bənzəyir. Belə bir musiqidən təsirlənən adam öz həyəcanını, hissiyyatını başqasına verə bilməz. Buna söz, ifadə tapmaqda çətinlik çəkər. Füzuli qəzəllərinin şərhi də eyni dərəcədə çətindir. Çünki bu əsərlər adamı od kimi alır. Soyuq mühakimə vəziyyətindən ayıraraq şairin coşğun şeir aləminə aparır. Adama elə gəlir ki, bu şeirlər təhlil üçün, izah üçün yazılmamış, oxumaq, ləzzət almaq, zəngin mənalar duymaq, yüksəltmək üçün, könülləri fəth etmək üçün yaradılmışdır.
Məhəbbət Füzuli qəzəllərində ən yüksək bir hiss kimi tərənnüm olunur. Özü də elə bir məhəbbət ki, insan həyatının məna və məzmununu təşkil edir. Elə bir məhəbbət ki, qarşısındakı bütün maneələri yıxıb dağıtmağa qadirdir. Elə bir məhəbbət ki, məğlubiyyət, məhrumluq çağlarında da əzəmətini, qüdrətini, qürurunu saxlayır.
Füzulinin fəlsəfi qəzəlləri də vardır. Bu qəzəllər yalnız şairin ictimai qənaətini, həyata baxışını, dünyagörüşünü verməklə qalmır. Bu qəzəllərin özündə də şairin çəkdiyi əzablar, ictimai ağrılar bariz bir şəkildə əks olunur. Burada şair qüvvətli bir ümumiləşdirmə bacarığı ilə dövrün bütün çirkin və ağır qanun-qaydalarını, cəmiyyət quruluşunun xalqa qarşı, düşünən başlara və duyan qəlblərə qarşı durduğunu göstərmişdi.




  1. Yüklə 34,86 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə