Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə



Yüklə 439,91 Kb.
səhifə3/5
tarix18.06.2018
ölçüsü439,91 Kb.
#49290
1   2   3   4   5

5.2.0. "Xəstəxanalar" köməkçi bölməsinə ümumi təyinatlı xəstəxanaların və xüsusiləşdirilmiş xəstəxanaların xidmətləri, əsasən stasionar xəstələrə xidmət göstərən tibb mərkəzlərinin, doğum evlərinin, sanatoriyaların, hərbi köçürmə hospitallarının, yaşlı şəxslərə xidmət göstərən müəssisələrin xidmətləri və stasionar tibbi yardım göstərən və bərpa terapiyası ilə məşğul olan mərkəzlərin fəaliyyəti ilə bağlı xərclər daxildir. Xəstəxanaların xidmətlərinə təbabətdə istifadə edilən və xəstəxanalarda xəstələrə verilən dava-dərmanlar,

protezlər, tibbi avadanlıq, aparatlar və digər məmulatlar daxildir. Eyni zamanda xəstəxanaların inzibatçılarına, qeyri-tibbi heyətə, qidaya, binaya və sairəyə çəkilən, həmçinin təbabətlə bağlı olmayan xərclər də bu köməkçi bölmənin xərclərinə daxildir. Bu köməkçi bölmə "5.2.1. Ümumi təyinatlı xəstəxanalar", "5.2.2. Xüsusiləşdirilmiş xəstəxanalar", "5.2.3. Tibb mərkəzləri", "5.2.4. Bərpa-müalicə sanatoriyaları" və "5.2.5. Sanitar-epidemioloji xidmətlər" paraqraflarından ibarətdir.



5.2.1. "Ümumi təyinatlı xəstəxanalar" paraqrafına ümumi təyinatlı xəstəxanalar tərəfindən xidmətlərin göstərilməsi, öz xidmətlərini müəyyən tibbi ixtisaslaşma ilə məhdudlaşdırmayan xəstəxanalara rəhbərlik və ya onlara yardım edilməsi ilə bağlı xərclər daxildir.

5.2.2. "Xüsusiləşdirilmiş xəstəxanalar" paraqrafına müəyyən xəstəliklərə düçar olmuş və ya müəyyən kateqoriyaya aid edilən xəstələrin müalicəsi (məsələn, ağciyər xəstəliklərinin və vərəmin, cüzamın, xərçəngin, qulaq, boğaz və burun xəstəliklərinin, ruhi xəstəliklərin, hamiləliklə əlaqədar xəstəliklərin, uşaq xəstəliklərinin və s. müalicəsi) ilə bağlı xərclər daxildir.

Xüsusiləşdirilmiş xəstəxanalar tərəfindən xidmətlərin göstərilməsi və ya onlara yardım edilməsi bu paraqrafın xərclərinə daxildir.



5.2.3. "Tibb mərkəzləri" paraqrafına tibb mərkəzlərində və doğum evlərində xidmətlərin göstərilməsi, idarə edilməsi və ya onlara yardım göstərilməsi ilə bağlı xərclər daxildir.

5.2.4. "Bərpa-müalicə sanatoriyaları" paraqrafına bərpa-müalicə sanatoriyalarında cərrahiyyə əməliyyatı keçirmiş, ağır xəstəlikdən qurtarmış və ya ağır vəziyyətdə olmuş xəstələrin dava-dərmanlarının qəbuluna nəzarət edilməsi, xəstələr tərəfindən itirilmiş funksiyaların bərpa edilməsi və ya istirahət üçün fizioterapevtik prosedurların aparılması və sağlamlıq hərəkətlərinin yerinə yetirilməsi tələb edilən stasionar xidmətlərlə bağlı xərclər daxildir.

Sanatoriyalar və sağalmaqda olanlara sanatoriya tipli evlər tərəfindən xidmətlərin göstərilməsi, onların idarə edilməsi və ya onlara yardım edilməsi, yaşlı şəxslərə xidmət göstərən müəssisələr, stasionar tibbi yardım göstərən və bərpa terapiya ilə məşğul olan mərkəzlərin fəaliyyəti ilə bağlı xərclər də bu paraqrafın xərclərinə daxildir.



5.2.5. "Sanitar-epidemioloji xidmətlər" paraqrafına sanitar-epidemioloji stansiyaların, sanitar-dezinfeksiya qatarlarının və taun əleyhinə stansiyaların, respublika gigiyena və epidemioloji mərkəzlərin, müstəqil dezinfeksiya stansiyalarının və nəqliyyatda müstəqil izolyasiya-buraxılış məntəqələrinin saxlanılması ilə bağlı xərclər daxildir.
5.3.0. "Səhiyyə sahəsində digər xidmətlər" köməkçi bölməsinə səhiyyə sahəsində ümumi xidmətlərin göstərilməsi, səhiyyə sahəsində qan xidməti ilə bağlı fəaliyyət (qəbul, emal, saxlama, daşınma), diaqnostika (xərçəngin, vərəmin, zöhrəvi xəstəliklərin), profilaktika (immunizasiya, peyvənd), nəzarətin həyata keçirilməsi (uşaq yeməyi, uşağın səhhəti), epidemioloji vəziyyət haqqında məlumatların yığılması, ailə planlaşdırılması üzrə xidmətlər və sair bu kimi xidmətlərə rəhbərlik, onların idarə edilməsi və ya onlara yardım edilməsi ilə bağlı xərclər daxildir.

Səhiyyə sahəsi üzrə məlumatların hazırlanması və yayılması, səhiyyə sahəsində xüsusi briqadaların üzvlərinə iş yerlərində, məktəblərdə və digər qeyri-tibb idarələrində göstərilən xidmətlər, xəstəxana və klinikalarda və ya təcrübədə olan həkimlərlə əlaqədar olmayan xidmətlər, səhiyyə sahəsində həkim olmayanlar tərəfindən həyata keçirilən xidmətlər, laboratoriyaların saxlanılması ilə bağlı xərclər bu köməkçi bölmənin xərclərinə daxildir. Bu köməkçi bölmə "5.3.1. Qanköçürmə", "5.3.2. Diaqnostika və profilaktika tədbirləri" və "5.3.3. Digər tədbirlər" paraqraflarından ibarətdir.



5.3.1. "Qanköçürmə" paraqrafına səhiyyə sahəsində qan xidməti ilə bağlı fəaliyyət (qəbul, emal, saxlama, daşınma) və müstəqil qanköçürmə stansiyalarının saxlanılması xərcləri daxildir.

5.3.2. "Diaqnostika və profilaktika tədbirləri" paraqrafına diaqnostika (xərçəngin, vərəmin, zöhrəvi xəstəliklərin və sair), profilaktika (immunizasiya, peyvənd və sair), nəzarətin həyata keçirilməsi (uşaq yeməyi, uşağın səhhəti), epidemioloji vəziyyət haqqında məlumatların yığılması, ailə planlaşdırılması üzrə xidmətlər və sair bu kimi xidmətlərə rəhbərlik, onların idarə edilməsi və ya onlara yardım edilməsi ilə bağlı xərclər daxildir.

5.3.3. "Digər tədbirlər" paraqrafına səhiyyə sahəsi üzrə məlumatların hazırlanması və yayılması, səhiyyə sahəsində xüsusi briqadaların üzvlərinə iş yerlərində, məktəblərdə və digər qeyri-tibb idarələrində göstərilən xidmətlər, xəstəxana və klinikalarda və ya təcrübədə olan həkimlərlə əlaqədar olmayan xidmətlər, səhiyyə sahəsində həkim olmayanlar tərəfindən həyata keçirilən xidmətlər, laboratoriyaların saxlanılması ilə bağlı xərclər daxildir.
5.4.0. "Tibbi avadanlıq və məmulatlar" köməkçi bölməsinə ayrı-ayrı şəxslər tərəfindən apteklərdən, əczaçılıq şirkətlərindən və ya tibbi avadanlıqla təchiz edilənlərdən resept üzrə və ya reseptsiz alınan dava-dərmanlar, protezlər, tibbi avadanlıq, aparat və təbabətdə istifadə edilən digər məmulatlar üzrə xərclər daxildir. Ambulator xəstələrə göstərilən tibbi (xüsusiləşdirilmiş), stomatoloji xidmətlər, həmçinin paratibbi personal tərəfindən göstərilən xidmət və verilən məmulatlarla bağlı xərclər bu köməkçi bölmənin xərclərinə daxil edilir.

5.4.1. "Əczaçılıq məhsulları" paraqrafına tibbi preparatlar, dərman vasitələri, zərdablar və vaksinlər, vitaminlər və mineral maddələr, balıq yağı (treska və paltusun qara ciyərindən alınmış) kimi əczaçılıq məhsulları ilə təminat, bu məsələlərə rəhbərlik və bu məsələlərin idarə edilməsi ilə bağlı xərclər daxildir.

5.4.2. "Digər tibbi məmulatlar" paraqrafına tibbi istilikölçənlər (termometrlər), yapışqanlı plastırlar (leykoplastırlar) və adi sarğı materialları, dərialtı inyeksiyalar üçün iynələr, ilk yardım üçün dərman qutuları, qızdırıcı və buz üçün kisəciklər, müalicəvi corab məmulatları (elastik corablar və dizliklər), hamiləliyin müəyyən edilməsi üçün testlər, hamiləliyin qarşısını alan digər mexaniki vasitələr kimi tibbi məmulatlara aid edilən xərclər daxildir.

5.4.3. "Müalicə ilə bağlı avadanlıq və aparatlar" paraqrafına görmə qabiliyyətini bərpa edən eynəklər və kontakt linzaları, eşitmə aparatları, göz protezləri, süni ətraflar və digər protez qurğuları, ortopedik aparatlar və dayaqlar, ortopedik ayaqqabılar, cərrahiyyə bandajları, kəmər və korsetlər, boyun üçün korsetlər, tibbi masaj üçün avadanlıq və fizioterapiya lampaları, mexaniki və əllə idarə edilən kreslolar və əlil arabaları, xüsusi kreslo-çarpayılar, qoltuq ağacları, qan təzyiqinin ölçülməsi üçün elektron və digər cihazlar və sair bu kimi müalicə avadanlığı və aparatları ilə təminat, həkim tərəfindən təyin edilən müalicə avadanlığı və aparatları ilə təminat məsələlərinə rəhbərlik və bu məsələlərin idarə edilməsi və ya belə məmulatlarla təminata yardım edilməsi ilə bağlı xərclər daxildir.
5.5.0. "Səhiyyə sahəsində tətbiqi tədqiqatlar" köməkçi bölməsinə səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə işləri həyata keçirən təşkilatlara rəhbərlik və onların idarə edilməsi, diaqnostika laboratoriyaları, elmi tədqiqat institutları tərəfindən həyata keçirilən səhiyyə sahəsində təcrübə və tətbiqi tədqiqat işlərinə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.
5.6.0. "Səhiyyə sahəsinə aid edilən digər xidmətlər" köməkçi bölməsinə səhiyyə sahəsinə aid edilən və 5.1.0-5.5.0-cı köməkçi bölmələrində öz əksini tapmayan səhiyyə fəaliyyəti və xidmətləri ilə bağlı xərclər daxildir.
6.0.0. "SOSİAL MÜDAFİƏ VƏ SOSİAL TƏMİNAT" bölməsi dövlətin sosial müdafiə və sosial təminat sahəsində fərdi qaydada ayrı-ayrı şəxslərə və kollektiv əsaslarla göstərilən xidmət, transfert və tətbiqi tədqiqat işləri üzrə fəaliyyətlə bağlı xərcləri özündə birləşdirir. Bu bölmə "6.1.0. Sosial müdafiə", "6.2.0. Sosial təminat" və "6.3.0. Sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar" köməkçi bölmələrindən ibarətdir.
6.1.0. "Sosial müdafiə" köməkçi bölməsi "6.1.1. Xəstəliklər", "6.1.2. Əmək qabiliyyətinin itirilməsi", "6.1.3. Qocalıq", "6.1.4. Qəyyumluq", "6.1.5. Ailə və uşaqların sosial müdafiəsi" və "6.1.6. Digər sosial müdafiə tədbirləri" paraqraflarından ibarətdir.

6.1.1. "Xəstəliklər" paraqrafına pul və ya natural formada verilən, xəstəlik və ya zədələnmə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilmə dövründə itirilmiş gəlirlərin tamamilə və ya bir hissəsinin ödənilməsi, müavinətlər şəklində sosial müdafiənin təmin edilməsi, habelə sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara köməklik göstərilməsi, müvəqqəti əmək qabiliyyətinin itirilməsi (xəstəliklər) üzrə aylıq məvacib həcmində və ya qazanca mütənasib şəkildə verilən müavinətlər, xəstəlik və ya zədələnmə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə yardım edilməsi üçün nəzərdə tutulan müxtəlif ödəmələr kimi pul müavinətləri, xəstəlik və ya zədələnmə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə gündəlik yardım edilməsi (evlərin və nəqliyyat vasitələrinin verilməsi və s. bağlı köməklik) kimi natural formada verilən müavinətlərlə bağlı xərclər daxildir.

6.1.2. "Əmək qabiliyyətinin itirilməsi" paraqrafına daimi və ya müəyyən müddət ərzində davam edən fiziki və ya əqli çatışmazlıqlar nəticəsində tamamilə və ya qismən əmək fəaliyyətini itirmiş və ya normal həyat tərzi sürə bilməyən şəxslərə pul və ya natural formada verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi, belə sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara köməklik göstərilməsi ilə bağlı xərclər;

- fiziki və ya əqli çatışmazlıqlardan əziyyət çəkən və bunun nəticəsində əmək qabiliyyətini itirmiş, lakin müəyyən edilmiş təqaüd yaşına çatmamış şəxslərə əlilliyə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə verilən təqaüdlər, əmək qabiliyyətinin aşağı düşməsi nəticəsində müəyyən edilmiş təqaüd yaşından əvvəl təqaüdə çıxmış yaşlı şəxslərə vaxtından əvvəl təqaüdə çıxmaqla əlaqədar ödənilən müavinətlər, qulluq etməyə görə müavinətlər, imkanlarına uyğunlaşdırılmış əmək fəaliyyəti göstərən və ya peşə hazırlığı keçən əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətlər, sosial müdafiə xətti ilə əmək qabiliyyətini itirmiş şəxslərə digər müntəzəm və ya birdəfəlik müavinətlərin verilməsi ilə bağlı xərclər;

- əmək qabiliyyətini itirmiş şəxslərin yaşayış yerləri, müvafiq müəssisələrdə qidalanma ilə təmin edilməsi, əmək qabiliyyətini itirmiş şəxslərə gündəlik yardım göstərilməsi (ev təsərrüfatlarına nəqliyyat vasitələrinin verilməsi köməkliyi və s.), qocalara qulluq edən şəxslərə verilən müavinətlər, qocaların peşə və sosial baxımdan reabilitasiyasına yardım edilməsi məqsədi ilə onların texniki-peşə tədrisinin təmin edilməsi, əmək qabiliyyətini itirmiş şəxslərə boş vaxtın keçirilməsi üzrə və mədəni tədbirlərdə iştirak etmək, səyahət etmək və ya cəmiyyətin həyatında iştirak etmək imkanı yaratmaq məqsədi ilə təqdim edilən müxtəlif xidmət və əmtəələr kimi natural formada müavinətlərin ödənilməsi xərcləri daxildir.

6.1.3. "Qocalıq" paraqrafına yaşlılıqla əlaqədar risklərdən (gəlirlərin itirilməsi, yaşayış üçün çatışmayan gəlirlər, özünə sərbəst xidmət etmək imkanının itirilməsi, sosial və ictimai həyatda iştirak səviyyəsinin aşağı düşməsi və s.) qorunmaq üçün pul və ya natural formada verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi, sosial müdafiə və ya yardım proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara köməklik göstərilməsi ilə bağlı xərclər;

- müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə qocalığa görə verilən pensiya, müəyyən edilmiş pensiya yaşına çatmamış yaşlı şəxslərə qocalığa görə vaxtından əvvəl verilən pensiyalar, müəyyən edilmiş pensiya yaşına həm çatmış, həm də çatmamış, əmək fəaliyyətini davam etdirən, lakin iş saatları azaldılmış şəxslərə qismən ödənilən pensiyalar, qocalara qulluq üzrə müavinətlər, pensiyaya çıxdıqdan sonra və ya qocalıqla əlaqədar verilən digər müntəzəm və ya birdəfəlik ödəmələr kimi pul müavinətləri ilə bağlı xərclər;

- xüsusiləşdirilmiş müəssisələrdə tək və ya ailələri ilə birlikdə yaşayan qocaların yaşayış yerləri və qida məhsulları ilə təmin edilməsi, qocalara gündəlik yardım göstərilməsi (evlərində köməklik göstərilməsi, nəqliyyat vasitələrinin verilməsi və s.), qocalara qulluq edən şəxslərə verilən müavinətlər, qocalara asudə vaxtın təşkili və keçirilməsi üçün mədəni tədbirlərdə iştirak etmək, səyahət etmək və ya cəmiyyətin həyatında iştirak etmək imkanı yaratmaq məqsədi ilə təqdim edilən müxtəlif xidmət və əmtəələr kimi natural formada müavinətlər, hərbi qulluqçuların və dövlət xidmətçilərinin pensiya təminatı proqramları ilə bağlı xərclər daxildir.

6.1.4. "Qəyyumluq" paraqrafına ailə başçısının ölümü zamanı öhdəsində olanlara (ərinə (arvadına), uşaqlarına, nəvələrinə, valideynlərinə və digər qohumlarına) pul və ya natural formada verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi, bu cür sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara köməklik göstərilməsi ilə bağlı xərclər;

- ailə başçısının itirilməsinə görə qəyyumluqda olanlara verilən müavinətlər, dəfn xərci və digər müntəzəm və ya birdəfəlik ödəmələr kimi pul müavinətləri, dəfn mərasimi xərclərinin bir hissəsinin ödənilməsi, ailə başçısından məhrum olanın öhdəsində olanlara cəmiyyətin həyatında iştirak etmək imkanı yaratmaq məqsədi ilə təqdim edilən müxtəlif xidmət və natural formada müavinətlərin verilməsi ilə bağlı xərclər daxildir.



6.1.5. "Ailə və uşaqların sosial müdafiəsi" paraqrafına öhdələrində uşaqlar olan ailələrə və ev təsərrüfatların pul və ya natural formada müavinətlərin verilməsi ilə, həmin sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara köməklik göstərilməsi, uşağın dünyaya gəlməsi ilə əlaqədar müavinətlər, uşaq doğulmasına görə birdəfəlik müavinət və haqqı ödənilməklə məzuniyyət haqqı, ailə müavinətləri və ya uşaqlara görə müavinətlər, ev təsərrüfatlarına köməklik göstərilməsi və onların konkret ehtiyaclarının ödənilməsi üçün yardım (bir valideyni olan və ya əqli və ya fiziki cəhət-dən qüsurlu uşağı olan ailələrə yardım) məqsədi ilə digər müntəzəm və ya birdəfəlik ödəmələr kimi pul müavinətləri ilə bağlı xərclər;

bütün gün və ya onun bir hissəsi ərzində məktəbəqədər yaşlı uşaqların yer və qida ilə təminatı, gün ərzində uşaqlara qulluq edən dayənin göstərdiyi xidmətin dəyərinin ödənilməsi məqsədi ilə verilən maliyyə yardımı, daimi əsasda uşaqların və ailələrin yaşayış yerləri və qida (uşaq evləri, övladlığa götürən ailələr və s.) ilə təminatı, uşaqlara və ya onlara evlərdə qayğını təmin edən şəxslərə göstərilən xidmətlər, ailələrə, gənclərə və ya uşaqlara göstərilən müxtəlif xidmətlər (uşaq düşərgələri və boş vaxtın keçirilməsi üzrə mərkəzlər) kimi natural formada müavinətlərin verilməsi xərcləri daxildir.



6.1.6. "Digər sosial müdafiə tədbirləri" paraqrafına sosial baxımdan cəmiyyətdən uzaqlaşmış şəxslərə və ya belə uzaqlaşma qorxusu olan şəxslərə (məsələn, qaçqınlara, gəlirləri az olanlara, yoxsullara, mühacirlərə, narkomanlara, zorakılığa məruz qalanlara və s.) pul və ya natural formada verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi ilə bağlı xərclər, o cümlədən:

- həmin sosial müdafiə proqramlarının idarə edilməsi və ya onlara köməklik göstərilməsi ilə bağlı xərclər;

- yoxsulluq üzrə müavinətlərin (gəlirlərin saxlanılması) və yoxsulların yoxsulluq vəziyyətlərinin azaldılması və ya çətin vaxtlarında köməklik göstərilməsi məqsədi ilə onlara verilən digər müavinətlərin ödənilməsi ilə bağlı xərclər;

- yoxsul şəxslərə qısa və ya uzunmüddətli sığınacaq və qida verilməsi, narkomanların reabilitasiyası, müdafiəyə ehtiyacı olan şəxslərə hüquqi məsləhətlər, ev üzrə köməklik göstərilməsi, ərzaq məhsulları, geyim, yanacaq və s. verilməsi kimi natural formada ödənilən müavinətlər;

- yanğınlardan, daşqınlardan, zəlzələlərdən və digər bədbəxt hadisələrdən zərər çəkənlərə pul və ya natural formada verilən müavinətlər, fövqəladə hallarda istifadə edilə biləcək ərzağın, avadanlıqların və digər resursların alınması və saxlanılması xərcləri;

- dövlət tərəfindən transfertlərin verilməsi xərcləri;

- digər sosial müdafiə tədbirləri ilə bağlı xərclər daxildir.
6.2.0. "Sosial təminat" köməkçi bölməsi "6.2.1. İşsizlik", "6.2.2. Ev təsərrüfatları", "6.2.3. Digər sosial təminat tədbirləri", "6.2.4. "Əlillərlə və ya sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial təminat tədbirləri", "6.2.5. "Əmək və əhalinin sosial müdafiəsi tədbirləri" paraqraflarından ibarətdir.

6.2.1. "İşsizlik" paraqrafına əmək qabiliyyəti olan, işə hazır olan, lakin müvafiq iş tapa bilməyən şəxslərə pul və ya natural formada verilən müavinətlər, həmin sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara köməklik göstərilməsi ilə bağlı xərclər, o cümlədən:

- işsizliyə görə tam və ya natamam müavinətlər, işsizlik və ya ştatların ixtisarı nəticəsində, təqaüd yaşına çatmamışdan əvvəl təqaüdə çıxmış şəxslərə vaxtından əvvəl təqaüdə çıxmaqla əlaqədar verilən müavinətlər, işədüzəlmə imkanlarının genişləndirilməsinə xidmət edən peşə təkmilləşdirilməsi proqramlarında iştirak edən işçilərin bu və ya digər qruplarına verilən məqsədli müavinətlər, ştatların ixtisarı üzrə işdən azad edilən zaman verilən kompensasiyalar, işsizlərə, xüsusən də uzun müddət ərzində işsiz qalan şəxslərə digər müntəzəm və ya birdəfəlik ödəmələr kimi pul müavinətləri ilə bağlı xərclər;

- işsizlər üçün peşə hazırlığı tədrisinin və ya iş yerlərini itirmək qorxusu olan şəxslər üçün yenidən hazırlığın təşkili, işsizlərə və onların ailələrinə sığınacaqlar, ərzaq məhsullarının və geyimin verilməsi kimi natural formada müavinətlərin ödənilməsi ilə bağlı xərclər daxildir.

6.2.2. "Ev təsərrüfatları" paraqrafına yaşayış yerləri ilə bağlı xərclərin ödənilməsində ev təsərrüfatlarına natural formada verilən müavinətlər şəklində sosial müdafiənin təqdim edilməsi, həmin sosial müdafiə proqramlarına rəhbərlik, onların idarə edilməsi və ya onlara köməklik göstərilməsi, icarəyə götürülmüş yaşayış yerlərinin haqqının ödənilməsinə yardım məqsədi ilə qısa və ya uzunmüddətli ödənişlər, evlərin və ya mənzillərin orada yaşayan sahiblərinin cari xərclərinin bir hissəsinin kompensasiyası üçün (yəni onlara girov qoyduqları evlərə və ya mənzillərə görə alınmış borcların qaytarılmasında və ya bu borcların faizlərinin ödənilməsində yardım edilməsi üçün) olan ödənişlər, yaşayış evləri ilə təmin olunması xərcləri daxildir.

6.2.3. "Digər sosial təminat tədbirləri" paraqrafına 6.2.1-6.2.2-ci paraqraflarda öz əksini tapmayan digər sosial təminat tədbirləri ilə bağlı xərclər daxildir.

6.2.4. "Əlillərlə və ya sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial təminat tədbirləri" paraqrafına əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərinin və pansionatların saxlanılması ilə bağlı xərclər daxildir.

6.2.5. "Əmək və əhalinin sosial müdafiəsi tədbirləri" paraqrafına əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin və tibbi-sosial ekspertiza komissiyalarının saxlanılması xərcləri daxildir.
6.3.0. "Sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar" köməkçi bölməsinə sosial müdafiə və sosial təminat sahələrində təcrübə və tətbiqi tədqiqatlar üzrə işləri həyata keçirən təşkilatların idarə edilmə-si ilə bağlı xərclər;

- elmi tədqiqat institutları tərəfindən sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilən təcrübə və tətbiqi tədqiqatlar üzrə işlərə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.


7.0.0. "MƏDƏNİYYƏT, İNCƏSƏNƏT, İNFORMASİYA, BƏDƏN TƏRBİYƏSİ VƏ DİGƏR KATEQORİYALARA AİD EDİLMƏYƏN SAHƏDƏ FƏALİYYƏT" bölməsi "7.1.0. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət, "7.2.0. Radio, televiziya və nəşriyyat", "7.3.0. Bədən tərbiyəsi, gənclər siyasəti və turizm", "7.4.0. Digər kateqoriyalara aid edilməyən fəaliyyət" və "7.5.0. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə tətbiqi tədqiqatlar" köməkçi bölmələrindən ibarətdir.
7.1.0. "Mədəniyyət və incəsənət sahəsində fəaliyyət" köməkçi bölmə-sinə mədəniyyət və incəsənətlə bağlı xidmətlərin göstərilməsi, mədəniyyət və incəsənət sahələrinin fəaliyyətlərinin tənzimlənməsi, mədəniyyət obyektlərinin (kitabxanalar, muzeylər, şəkil qalereyaları, teatrlar, sərgi zalları, heykəllər, tarixi dəyərə malik binalar və tarixi yerlər və s.) idarə edilməsi və ya onlara köməklik göstərilməsi, mədəni tədbirlərin (konsertlər, səhnə quruluşları, filmlərin istehsalı, incəsənət sərgiləri və s.) təşkili, həyata keçirilmə-si və ya onlara köməklik göstərilməsi, milli bayramların keçirilməsi, ayn-ayrı aktyorlara, yazıçılara, rəssamlara, bəstəkarlara və digər mədəniyyət işçilərinə və ya idarələrə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "7.1.1. Kitabxanalar", "7.1.2. Muzey və sərgilər", "7.1.3. Saraylar və mədəniyyət evləri, klublar və başqa tədbirlər", "7.1.4. Teatr, fılarmoniya, musiqi kollektivləri, ansambllar və incəsənət üzrə sair tədbirlər" və "7.1.5. Mədəniyyət və incəsənət sahəsində digər mədəni müəssisələr və tədbirlər" paraqraflarından ibarətdir.

7.1.1. "Kitabxanalar" paraqrafına kitabxanaların saxlanılması (elmi kitabxanalardan başqa) xərcləri daxildir.

7.1.2. "Muzey və sərgilər" paraqrafına muzeylərin, şəkil qalereyalarının, sərgi zallarının, heykəllərin, tarixi dəyərə malik binaların və tarixi yerlərin saxlanılması xərcləri daxildir.

7.1.3. "Saraylar və mədəniyyət evləri, klublar və başqa tədbirlər" paraqrafına saraylar və mədəniyyət evləri, klublar və klub tipli başqa müəssisələrin saxlanılması xərcləri daxildir.

7.1.4. "Teatr, filarmoniya, musiqi kollektivləri, ansambllar və incəsənət üzrə sair tədbirlər" paraqrafına konsert, səhnə quruluşları, musiqi kollektivlərinin, dövlət sifarişi ilə filmlərin çəkilişi xərcləri daxildir.

7.1.5. "Mədəniyyət və incəsənət sahəsində digər müəssisələr və mədəni tədbirlər" paraqrafına milli bayramların keçirilməsi, ayrı-ayrı aktyorlara, yazıçılara, rəssamlara, bəstəkarlara və digər mədəniyyət işçilərinə maddi köməklik göstərilməsi ilə bağlı xərclər daxildir. Həmçinin bu paraqrafa həmin köməkçi bölmədə öz əksini tapmayan digər idarələrin saxlanılması xərcləri daxildir.
7.2.0. "Radio, televiziya və nəşriyyat" köməkçi bölməsinə radio, televiziya və nəşriyyat işləri sahəsində xidmətlərə rəhbərlik və onlara nəzarət, onların tənzimlənməsi, radio, televiziya və nəşriyyat işləri sahəsində xidmətlərin idarə edilməsi və ya onlara köməklik göstərilməsi, radio və televiziya üçün obyektlərin tikintisinə və avadanlığın alınmasına, qəzet, jurnal və ya kitabların nəşri üçün mətbəələrin tikintisinə, avadanlıqların və ya materialların alınmasına, radio və televiziya proqramlarının istehsalı və efirə ötürülməsinə, informasiya proqramlarının işinə, nəşr edilmiş işlərin yayılmasına köməklik göstərilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "7.2.1. Radio və televiziya", "7.2.2. Nəşriyyatlar" və "7.2.3. Radio, televiziya və nəşriyyat sahələri üzrə digər tədbirlər" paraqraflarından ibarətdir.

7.2.1. "Radio və televiziya" paraqrafına radio və televiziya işləri sahəsində xidmətlərə rəhbərlik və ona nəzarət, onların tənzimlənməsi, radio və televiziya sahəsində xidmətlərin idarə edilməsi və ya onlara köməklik göstərilməsi, radio və televiziya üçün obyektlərin tikintisi və avadanlığın alınması, radio və televiziya proqramlarının istehsalı və efirə ötürülməsi, informasiya proqramlarının işinə köməklik göstərilməsi ilə bağlı xərclər daxildir.

Yüklə 439,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə