1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
MƏKTƏBLİLƏRDƏ MİLLİ ŞÜURUN VƏ MİLLİ LƏYAQƏTİN
TƏRBİYƏ EDİLMƏSİNDƏ UŞAQ KİTABXANALARININ ROLU
(Metodik vəsait)
B A K I-2014
2
MƏKTƏBLİLƏRDƏ MİLLİ ŞÜURUN VƏ MİLLİ LƏYAQƏTİN TƏRBİYƏ
EDİLMƏSİNDƏ UŞAQ KİTABXANALARININ ROLU
Azərbaycan Respublikasının Beynəlxalq aləmə çıxması, onun nüfuzlu
Beynəlxalq məclislərdə təmsil olunması xalqımızda soy kökünə qayıdış, milli
qürur və milli şüurun formalaşmasına, milli ləyaqətin tərbiyə edilməsinə ciddi
zəmin və şərait yaratmışdır. Azərbaycan xalqı, onun ziyalısı, fəhləsi, kəndlisi,
məktəblisi milli kökü, tarixi, ədəbiyyatı haqqında, özünün tarixi köklərini dərindən
dərk etməyə çalışır.
Hər bir məktəblidə milli mənlik şüurunun formalaşdırılması onun
cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu
müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və
mənəvi zəmində tərbiyə olunan məktəbli özünün, xalqının varlığını dərk edir,
torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına
daxil olur. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü
formalaşır. Məktəbli dərindən-dərinə dərk edir ki, əzəmətli ağaclar öz kökləri
üzərində dayandığı kimi hər bir şəxs də öz xalqı, öz milləti içərisində təşəkkül
tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca məktəblidə
milli ləyaqət tərbiyə olunur. Məktəbli oxucu belə bir həqiqəti dərk edir ki, millət və
xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və
arzuların tərkib hissəsinə çevrilir.
Böyüməkdə olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə
edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün
öyrədilməsində kitabxanaçılarımızın, xüsusilə uşaq kitabxanaçılarının qarşısında
mühüm vəzifələr dayanır. Bu məqsədlə kitabxanaçılar məktəbli oxucuları
dərsliklərdən kənara çıxararaq digər bədii nümunələrlə tanış etməli və onları həmin
əsərləri oxuyub nəticə çıxarmağa istiqamətləndirməlidirlər.
Milli şüur və ləyaqətin tarixi kökləri türk dilli xalqlarda, habelə Azərbaycan
xalqında çox qədim dövrlərə gedib çıxır. Türklər (türkdilli xalqlar) dünya
dövlətçiliyi tarixində dərin iz qoymuş millətlərdir. Hun imperiyası, Göy Türk
xaqanlığı, Səlcuqlar və Qəznəvilər dövləti, Xarəzmşahlar səltənəti, Osmanlı
imperiyası, Əmir Teymur və Şah Babur imperiyaları, Atabəylər dövləti, Səfəvilər
dövləti və s. Türk siyasətçiləri bütün türk dövlətlərini birləşdirə biləcək dövlət
qurmaq üçün həmişə fəaliyyət göstərmişdir.
Milli şüur və ləyaqətin tarixi kökləri təsdiq edir ki, hər bir xalq, həmçinin
Azərbaycan xalqı özünün tarixi şəxsiyyətlərilə öyrənməyə böyük mənəvi haqqı
vardır. Milli şüurun formalaşmasına müxtəlif amillər təsir göstərir. Bunların
içərisində demokratik əsaslarda qurulmaqda olan ictimai mühit, həyat tərzi birinci
yerdə durur. Demokratik əsaslarda qurulmaqda olan dövlət qurumu, həyat tərzi
3
insanların şəxsiyyətinin formalaşmasında mühüm amildir. Deməli, insan, məktəbli
öz həyatını ancaq həqiqi və hiss edilə bilən şeylər üzərində təzahür etdirə bilər.
Həqiqi və hiss edilə bilən şeylər uşağın duyğu üzvlərinin, şüurunun, fiziki
qabiliyyətlərinin inkişafı üçün zərurudir. Uşaq ictimai mühitin, həyat tərzinin təsiri
altında formalaşır. Məktəbli yaşa dolub sinifdən-sinfə keçdikcə onun mənəvi
keyfiyyətlərinin sahəsi genişlənir.
Məktəblilərdə milli şüuru formalaşdıran imkanlar daha geniş və əhatəlidir.
Bu imkanlar sırasında müəllim şəxsiyyəti, dərsliklər, informasiya vasitələri
xüsusulə də mənəvi xəzinəmiz olan kitabxanalar mühüm rol oynayır.
Məktəbli oxucuların həyatın fəal mübarizləri kimi pak və səmimi duyğularla
Vətənə, xalqa bağlılıq ruhunda ləyaqətli vətəndaş kimi tərbiyə ediləməsi üçün
müəllimlərlə yanaşı kitabxanaçılar da sinifdənxaric tədbirlərdə dərs prosesini sıx
şəkildə əlaqələndirməli və bu əlaqələri bacarıqla hisslərin, duyğuların əməli
tərbiyəsinə yönəltməyə çalışmalıdırlar.
Milli şüurun, milli qürur və ləyaqətin ilkin ünsürləri ibtidai siniflərdə
qoyulur. Şagirdlər (kiçik yaşlı oxucular) ibtidai siniflərdə oxuduğu müddətdə təbiət
və cəmiyyət hadisələri ilə tanış olur, soy kökünə, tarixinə, doğma xalqının
mədəniyyətinə dair, habelə başqa xalqların varlığına dair məlumatlar əldə edirlər.
Şagirdlərdə (kişik yaşlı oxucularda) milli şüur ana dili ilə, Vətənlə, doğma diyarla
tanışlıq əsasında təşəkkül tapır. Ana dili hər bir xalqın hikmət xəzinəsidir, onun
varlığıdır. Hər bir xalq özünü öz dili ilə yaşadır. Dil xalqın özüdür. Xalqın bütün
həyatı, mənəviyyatı, tarixi, musiqisi, ədəbiyyatı, elmi dildə öz ifadəsini tapır.
Kitabxanalarda kiçik yaşlı oxucularla Azərbaycan Demokratik Respublikası
liderlərinin, Azərbaycan milli generallarının, ümummilli liderimiz Heydər Əliyevin
həyat və fəaliyyətinə dair maraqlı tədbirlər keçirmək məqsədəuyğundur. Çünki,
tarixi şəxsiyyətlərimiz haqqında söhbətlər kiçik yaşlı oxucuları daha çox
maraqlandırır. Oxucular Cavanşir, Şəmsəddin Eldəgiz, Uzun Həsən, Şah ismayıl
Xətai, Koroğlu, Pənah xan, Cavad xan və s. tarixi şəxsiyyətlərimiz, siyasi və dövlət
xadimlərimiz haqqında olan kitabları maraqla oxuyur, tədbirlərdə fəal iştirak
edirlər. Bu mövzuda nəşr olunmuş kitablarla fondlarını zənginləşdirən
kitabxanalar, yaxşı olar ki, ayrıca qovluq ayırıb mətbuatda dərc olunan materialları
həmin qovluqda saxlasınlar, yeri gəldikcə oxucuları da bu işə cəlb etsinlər. Müasir
informasiya vasitələri ilə təmin olunan kitabxanalarda isə tarixi şəxsiyyətlərimiz
haqqında xüsusi saytların – səhifələrin açılması məqsədəuyğundur.Bu iş müasir
oxucunun hərtərəfli informasiya almasına səbəb olar.
Kiçik yaşlı oxucularla doğma yurd haqqında , onun yeraltı və yerüstü
sərvətləri, suları, dağları, bir sözlə zəngin təbiəti, mədəniyyəti, incəsənəti və
musiqisi, yazıçı, şair və bəstəkarları, milli bayramları haqqında tədbirlərin təşkili
vacibdir. Bu yaşlı oxucularla keçirilən bayram tədbirlərində Novruz bayramına,
4
Novruz adət-ənənələrinə geniş yer verilməlidir. Tədbiri təşkil edən kitabxanaçı
oxuculara xatırladır ki, Novruz bayramını yalnız Azərbaycan xalqının deyil,
bütövlükdə Şərq müsəlman ölkələri xalqlarının bayramı hesab etmək lazımdır.
Bununla belə bu bayramın təşəkkül tapmasında, inkişafında Azərbaycan xalqının
öz payı, öz töhvəsi vardir. Novruz bayramı xalqımızın tarixidir, şənliklər şənliyi,
bayramlar bayramıdır. Novruz bayramı mənəvi zənginlik, əxlaqi kamillik, saflıq
dünyasıdır.
Kiçik yaşlı oxucularla (III-IV sinif şagirdləri) aparılan tədbirlər zamanı məlum
olur ki, onlar – milli qürur, milli ləyaqət hisslərinin mahiyyətini bəsit şəkildə olsa
da başa düşür, müxtəlif dövrlərdə yaşamış tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin
öz xalqına necə xidmət etdiyini öyrənirlər. Xalqımızın sərkərdələrinin, qəhrəman
övladlarının qorxu bilmədən xarici düşmənlərə qarşı amansız mübarizə apardıqları
onlarda milli qürur hissi oyadır.
Bu tədbirlər zamanı istifadə olunan ədəbi-bədii, tarixi parçalar oxucuları sadə
şəkildə olsa da cəmiyyətin tarixi ilə tanış edir, millət, milli şüur, milli ləyaqət və s.
kimi anlayışları mənimsəyirlər. Onlar tarix boyu zəhmətkeş insanların yaşayış
tərzilə tanış olur, azadlıq uğrunda insanların mübarizə tarixinin kiçik səhifələrini
oxuyurlar.
Orta və yuxarı yaşlı məktəbli oxucularla kitabxanalarda təşkil edilən bütün
məktəbdənkənar tədbirlər, xüsusən dərnək məşğələləri, söhbətlər, disput və
müzakirələr, ədəbi-bədii gecələr və s. tədbirlər onların milli şüur və milli ləyaqət
tərbiyəsinin formalaşdırılması prosesinin imkan dairəsini daha da artırır. Bu
tədbirlər zamanı kitabxanaçılar söhbətlərin düzgün ideya istiqamətli olmasına,
bədii əsərlərin müvafiq seçilməsinə, proqramın estetik cəhətdən düzgün tərtibinə
nail olmağa çalışmalıdırlar. Ədəbi-bədii gecələr, oxucu konfransları üçün əsasən
N. Gəncəvinin, Ş. İ. Xətainin, Tofiq Fikrətin, Ə. Cavadın, H. Cavidin, C.
Cabbarlının, Z. Göyalpın, Y. Əmrənin, M. Ə. Rəsulzadənin Ə.Ağaoğlunun, Ü.
Hacıbəyovun və digər klassiklərimizin yaradıcılıqlarına müntəzəm olaraq müraciət
etmək məqsədəuyğun olar.
Müasir ədəbiyyatımız da milli qürur və milli ləyaqəti təbliğ edən əsərlərlə
zəngindir. Kitabxanaçılar bu əsərlərə də tez-tez müraciət etməlidirlər.
Oxucuların vətəndaşlıq, milli ləyaqət və milli şüur tərbiyəsində B. Vahabzadənin
“Şəhidlər” poeması böyük təsir gücünə malikdir. Xüsusilə ədəbi-bədii gecələr
zamanı bu poemadan parçalar söylənilməsi, əsərin müzakirəsi məktəbli oxucuların
vətəndaşlıq hisslərinin tərbiyəsinə əhəmiyyətli təsir göstərir.
Bir iş görmədilər yaşayan zaman,
Lap çox iş gördülər ölümləriylə
5
Deyən şair B. Vahabzadə bu ölümün ölümsüzlüyə qovuşduğunu və müasir
oxucuya nümunə olduğunu təqdir edir və onlarda milli qürur və ləyaqət hissini
daha da alovlandırır.
Bu ölüm, bu qırğın dərs olsun bizə,
Deməyək boş yerə candan keçdilər
Onlar şəhid olub millətimizə,
Qorxmazlıq dərsini təlim keçdilər.
Şəhidlər Xiyabanı – Bakının od qoxuyan nəfəsinin nakam dünyasıdır.
Müqəddəs and yerimiz, tale yanğımızdr. Şəhidlər Xiyabanı “Müqəddəs ruhların
yaşadığı Vətən torpağı ayağa qalx!”- dedi Azərbaycan oğulları! Şəhidlik tarixi
anddır. Baxır bu anda kim layiq görülür. Xaliqin ən gözəl yaratdığı insan ömür
mahnısının son akkordlarını da çalıb, əbədiyyətə qovuşmaq anına qədər yüksəlir.
Belə yüksəliş qarşısında isə səcdə edilir. Hər bir məktəbli oxucu Şəhidlər
Xiyabanına qədəm qoyarkən mənən paklaşır, əxlaqi baxımdan zənginləşir.
Milli qürur hissi keçirir, düşməndən intiqam almaq hissi alovlanır. O dərk edir
ki, Vətən hamımızındır. Hamılıqla mübarizəyə qalxıb ən müqəddəs Vətənimiz olan
Azərbaycan torpaqlarını qorumalıyıq. Məktəbli oxucuların Şəhidlər Xiyabanına
ziyarət zamanı aldıqları dərs, özü də müqəddəs dərsdir.
Məktəbli oxucuların milli şüur və milli ləyaqət hissinin tərbiyəsində böyük
Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərinin
geniş müzakirəsi də təşkil edilməlidir. Müzakirədə kitabxanaçı və ya ədəbiyyat
müəllimi ilk söz söyləməlidir.
İlk sözdə M.Şəhriyar, onun həyat və yaradıcılığı, “Heydərbabaya salam”
poemasının yazılması, poemanın Azərbaycan ədəbiyyatında “Ədəbi hadisə” olması
haqqında qeydlər olmalıdır. Əsərin müzakirəsinin qısa planını veririk:
İlk söz: M.Şəhriyar 1906-cı ildə Təbrizdə ziyalı ailəsində dünyaya göz açmışdır. O,
ilk təhsilini kənd məktəbində almış, Təbrizdə ibtidai və orta məktəbi bitirmişdir.
Orta təhsilini başa vurduqdan sonra Tehran darülfünunda, sonra isə tibb
fakültəsində təhsil almağa başlamışdır. Lakin son kursda təhsilini buraxıb dövlət
qulluğuna girməyə məcbur olmuşdur.
Onun ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr edilmişdir. Ona dünya şöhrəti
qazandıran “Heydərbabaya salam” poeması 1953-cü ildə yazılmış, 1954-cü ildə
nəşr edilmişdir. M.Ə.Rəsulzadə “Heydərbabaya salam” əsəri haqqında
məqaləsində onu Azərbaycan ədəbiyyatında “ədəbi hadisə” saymışdır. Bu
poemanın hər sətrində anaya, doğma yurda tükənməz məhəbbət tərənnüm edilir.
Kim Azərbaycan təbiətini, onun başı ağ örpəkli, şiş ucları buludlarla öpüşən
dağlarını, gurhagurla axan çaylarını, dumduru diş göynədən sulu bulaqlarını,
füsünkar meşələrini, bərəkətli torpağını, zəhmətsevər, məğrur insanlarını,
6
zəhmətkeş və xalqımızın real varlığını, onun adət-ənənəsini, sevincini, kədərini,
arzusunu, diləyini görmək və bilmək istəyirsə...
(bu vaxt unudulmaz müğənnimiz Rübabə Muradovanın könülləri riqqətə
gətirib gözləri yaşardan titrək səsi ətrafa yayılır)
Heydərbaba, ildırımlar çaxanda
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Heydərbaba, gün sinəni dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Heydərbaba, yolum sənnən gəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
Əziz oxucular, bax biz bu gün ustad şairimiz Şəhriyarın “Heydərbabaya
salam” əsərini müzakirə edəcəyik. İndi isə söz sizindir.
Məktəbli oxucular bir-bir söz alıb çıxışlara başlayırlar.
I Oxucu:
Məni “Heydərbabaya salam” əsərinin sadəliyi, xəlqiliyi valeh edir. O,
bir sənətkar kimi xalqı ilə yaşayır, xalqı ilə düşünür. Xalq həyatı bütün
rəngarəngliyi ilə onun sətirləri arasından baş qaldırır, adamı kədərləndirir,
sevindirir. O, xalqı birliyə, mübarizəyə, əsarət zəncirini qırmağa çağırır:
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı!
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.
Belə bir ağır gündə şair ayrı düşdüyü elindən soraq tutur, onunla dərdləşir:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlasaydım dağdan aşan selinən,
Ağlasaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
“Heydərbabaya salam” poeması Şəhriyarın şah əsəridir. Burada xalqın həyatı, adət-
ənənələri çox gözəl təsvir edilmişdir. Bu əsər Şəhriyarın ölməzlik heykəlidir.
7
II Oxucu:
Şəhriyar çox böyük sənətkardır. O, nikbin gələcəyə inanan, nurlu
sabahı görən şair idi. Şair baba yurdunda keçən uşaqlıq, yeniyetməlik çağlarının
unudulmaz xatirələr silsiləsini təsvir edir. Xatirələr karvanında yalnız onun özü və
özünə bənzər dəcəl yaşıdları deyil, elin şeyxi, axundu, mollası, çavuşu, kərbəla
ziyarətinə gedənləri, ahıllı-cahıllı, nənəli, xalalı, bibili, əmili, dayılı bütün
qohumları və tanışları görünür, elin əkin-biçini, ovçuları və oylaqları, el yaylaqları
və aranları, sazlı, aşıqlı məclisləri, toy düyününü, el yası bir kino lenti kimi göz
önündən gəlib keçir. Şair bu lenti “Sinema” kino pərdəsi adlandırır. “Sinema”
pərdəsi kənara çəkiləndə el-oba, qohum-əqraba mehribanlığı, uşaqların qayğısız
bəxtiyarlığı, Novruz bayramı lövhələri görünür:
Heydərbaba, dağın, daşın, sərəsi
Kəklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi,
Bir gedərdim dağ-dərələr uzunu,
Oxuyardım: “Çoban, qaytar quzunu”.
Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qapı-bacanı döyəndə.
Qurd keçinin şəngülüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım
Bir gül açıb ondan sonra solaydım.
III Oxucu: Əsərin ikinci hissəsində şair öz elinə gəlir, Heydərbabaya qovuşur.
Uzun sürən ayrılıqdan sonra gəlib qovuşduğu vətəndə yaşadığı duyğularını,
düşüncələrini əks etdirir. Şair doğma yurda iki arzuyla “ana qucağında yuxulayıb
rahatlanmaq və ömrü bəlkə burada haqlamağa” gəlmişdi. Təəssüflər ki, vətəndə də
rahatlıq və şəfa tapmır:
Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı sərvət səndəymiş.
Şair gələcək azərbaycan övladlarına sanki nəsihət edərək deyir;
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içi boş sözlərə aldanmasın.
IV Oxucu: Heydərbabaya salam” poeması iki hissə olsa da bölünməz vahid suyeti
olan misilsiz bir əsərdir. Onun bütövlüyü, bölünməzliyi ana-oğul, vətən-vətəndaş,
8
ulu babalar və nəvələr, sələflər-xələflər vəhdətindədir, nəsildən-nəsilə keçib
ölməyən milli ruh birliyindədir.
Yekun: (kitabxanaçı və ya ədəbiyyat müəllimi) Böyük şairimiz M.Şəhriyarın
“Heydərbabaya salam” poeması xalqımızın epopeyasıdır. Ana torpağa içləmiş
köklər, onun üstündə gövdə, gövdəboyu qanadlar, budaqlar, kökdən cücərən
pöhrələr varisliyi “Heydərbabaya salam” əsərinin əsas məzmun, məna və qayəsidir.
Tədbir keçirilən salona “Aman ayrılıq” mahnısının adamı düşündürən
melodiyaları yayılır. Hamı bu ayrılığa son qoyulacağına böyük ümidlə ayaq
üstədir. Çox emosional səslə oxunan şeir parçaları salondakıları ayaq saxlamağa
məcbur edir.
Getbəgedə artıq dünya ayılır,
Gizlin qalmır, səs-sədalar yayılır,
Sayılmayan kimsələr də sayılır,
Məni, səni az-çox təhvil olan var,
Sənin kimi məni yada salan var.
İnsanlarıq insanlığı xoşlayın,
Bir millətik birləşməyə başlayın,
Bu xan-xanlıq hökumətin boşayın,
Bu gün bəşər gərək olsun bir millət,
Bir millətə olarmı yüz hökumət.
Göründüyü kimi məktəbli oxucuların səviyyəsinə və yaş xüsusiyyətlərinə
uyğun əsərlərin müzakirəsi onların daha tez ünsiyyətə girmələrinə, bir-birini başa
düşmələrinə şərait yaradır. Belə əsərlər milli birlik, milli ruh, özünəqayıdış, milli
ləyaqət kimi keyfiyyətlər tərbiyə edir.
Məktəbli oxucularda (V-IX sinif şagirdləri) milli şüur və milli ləyaqəti
formalaşdıran görkəmli şəxslərin M.Ə.Rəsulzadənin, F.Xoyskinin, Ə.Ağaoğlunun,
S.Mehmandarovun,
N.Yusifbəylinin,
Ə.Şıxlinskinin,
T.İsmayılovun,
A.
Məmmədovun, H.Əliyevin həyat və fəaliyyətləri nümunəsində tərbiyədən,
görkəmli alimlərlə, yazıçı və şairlərlə görüşlərdən və digər tədbirlərdən də istifadə
olunur. Xalqın özünəməxsusluğu məktəblilərin fəaliyyət və davranış normalarında
təzahür etməlidir. Yeniyetmə oxucular (şagirdlər) dərk edirlər ki, milli dirçəliş,
milli intibahın, mənlik şüuru və milli qürurun özəyini gənc nəslin mənəviyyatca
saflaşması təşkil edir. Milli qürurumuz və xalqımızın tarixi kökləri olan Nizami,
Nəsimi, Füzuli hikmətindən, Mirzə Cəlil təpərindən, Sabir yanğılarından, Şəhriyar
və Bəxtiyar təəssüfündən Xəlil Rza Ulutürkün dönməzliyindən bəhrələnməlidir.
Kitabxanalarda təşkil olunan bu tədbirlər vasitəsilə məktəbli oxucularda
Vətənə şəxsi münasibət onun ləyaqətini, əzəmətini, şərəfini, şöhrətini, qüdrətini
bərqərar etmək üçün arzu, mənəvi coşqunluq formalaşdırmağa çalışırlar. Onlar
9
Vətən ideyasının nədən ibarət olduğunu dərk edərək, onun indiki və gələcəyi
haqqında məhəbbət, minnətdarlıq, fərəh, həyəcan, qayğı, onun düşmənlərinə
barışmazlıq və uğrunda canından keçməyə hazır olmaq hissi keçirərək, gənclik
çağlarında özünü dərk edir, öz ləyaqətini bərqərar edir. Belə tədbirlər sayəsində
məktəbli oxucular doğma torpağı vətəndaş gözlərilə görür, keçmişi sorğu-sual edir,
müasir dövrün mürəkkəb hadisələrini başa düşür, gələcəyə düzgün istiqamət
görməyi öyrənirlər.
Beləliklə, məktəbli oxucuların milli şüurunun formalaşdırılması və milli
ləyaqətin tərbiyə edilməsi ən aktual bir məsələ kimi qarşıda durur. Qabaqcıl
kitabxanalar və kitabxana işçiləri, o cümlədən F.Köçərli adına Respublika Uşaq
Kitabxanası bu böyük və həyati problemə xüsusi əhəmiyyət verərək məktəbli
oxucuları əsl ləyaqətli vətəndaş kimi tərbiyə etmək üçün müxtəlif tədbirlərdən
istifadə edirlər.
Ədəbiyyat siyahısı:
1.
Cəbrayılov, İntiqam Hilal oğlu.
Müasir təhsil: axtarışlar və perspektivlər : Bakı : 2013. - 296 s.
2. Əhmədov Bədirxan.
XX əsr Azərbaycan ədəbiyyatı tarixi : 3 cilddə Azərbaycan
Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti
3.
Tusi. N Əxlaqi – Nasiri. – B.: Elm, 1980. – 123s.
4.
Axundov S. Ailədə uşaqların intizam tərbiyəsi.- B.: Maarif,1967. –
94s.
10
Redaktor:
Şəhla Qəmbərova - F.Köçərli adına Respublika
Uşaq Kitabxanasının direktoru
Tərtibçi:
Könül Səmədzadə - F.Köçərli adına Respublika
Uşaq Kitabxanası Elmi metodika şöbəsinin baş
kitabxanaçısı
Korrektor: Məmmədli Ruhiyyə - F. Köçərli adına Respublika
Uşaq Kitabxanası Elmi metodika şöbəsinin müdiri
Dostları ilə paylaş: |