Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda



Yüklə 1,16 Mb.
səhifə1/14
tarix24.12.2017
ölçüsü1,16 Mb.
#17943
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA

TERMİNOLOGİYA KOMİSSİYASI




Toplu Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyinə həsr olunur

TERMİNOLOGİYA

MƏSƏLƏLƏRİ
2

Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3362

BAKI-ELM-2015

BAŞ REDAKTOR: akademik AKİF ƏLİZADƏ

REDAKTOR: professor SAYALI SADIQOVA

MƏSUL KATİB: dosent SİMA QULİYEVA


REDAKSİYA HEYƏTİ: akademik Arif Mehdiyev, akademik İbrahim Quliyev, akademik Kamal Abdullayev, akademik İsa Həbibbəyli, akademik Tofiq Nağıyev, akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik Əhliman Əmiraslanov, akademik Teymur Kərimli, akademik Tofiq Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, akademik Vasim Məmmədəliyev, akademik Rəfael Hüseynov, akademik Nailə Vəlixanlı, akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə, AMEA-nın müxbir üzvü Muxtar İmanov, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu.


Terminologiya məsələləri. Bakı, Elm, 2015, 172 səh.
ISBN 5-8066-1711-4

460200000

655(07)-2015
Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, 5-ci mərtəbə, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnsti­tu­tu,“Ter­mi­no­lo­gi­ya məsələləri”. əlaqə: 510-20-56; http://www.terminologiya.org; e-mail: sayalisadigova@ yahoo.com.



© «Elm» nəşriyyatı, 2015
ÖN SÖZ
Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quru­cu­luq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyasının davamlı həya­ta keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirir. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqti­sadi və milli-mənəvi inkişafına, ölkənin beynəl­xalq aləmə fəal inteq­ra­­si­yasına, bu prosesdə maddi-mənəvi dəyərlərin qorun­masına xidmət edən elmin inkişafı dövlət siyasətinin əsas istiqa­mət­lərindən biridir.

Müasir cəmiyyətdə elmlər ümumi xarakter kəsb etməklə müxtəlif sahə­­­lərə bölünür. Onları ayıran və elmlərin bu şəkildə bölünməsinə səbəb olan amillər, həmçinin onların hər birinə məxsus olan anlayışlar siste­mi­nin formalaşması elm sahələrində müəyyən terminlər sisteminin yaran­­ma­sına səbəb olur. Ayrı-ayrı bilik sahələrinə aid terminlərə xas olan xüsu­­siy­yətlərin ümumi cəhətləri xüsusi olaraq, yəni müstəqil şəkil­də onla­rın öyrənilməsini tələb edir.



Müasir dövrdə yeni nəzəri baxışların, konsepsiyaların inkişafı, inteq­­rasiya, qarşılıqlı əlaqələrin güclənməsi elm sahələrində terminoloji bazanın dinamikliyinə təsir göstərir. Cəmiyyətin bir çox fəaliyyət sahə­lə­ri­nə nüfuz edən qloballaşmanın dilə birbaşa təsiri nəticəsində leksikanın əsa­sını təşkil edən terminologiya dəyişir, yeniləşir. Elmi-texniki tərəqqi, icti­­mai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz olaraq dəyiş­mə­si­ni və inkişafını şərtləndirir. Cəmiyyətdə baş verən yeniliklər ictimai hadisə­ olan dildə əks olunur. Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan prob­lem­lərdən başlıcasi da terminologiyada baş verən dəyişiklikləri nə­zərə alaraq, onun inkişafını düzgün istiqamət­lən­dir­mək­dir. Son illər cəmiy­yətdə sürətlə gedən inkişaf yeni biliklərə qısa zaman­da yiyələn­mə­yi tələb edir. Elm və texnikanın inkişafı, ona uyğun yeni sahələrin, istiqa­mət­­lərin yaranması, elmin müx­tə­lif sahələrinin bir-birinə qovuşması, yeni terminlərin və anlayışların yaran­masına səbəb olur. Ona görə də bu sahələri əhatə edən, müasir elm və texnikanın tələblərinə cavab verən lüğətlərin və ensiklope­di­ya­la­rın nəş­ri zamanın tələbatına çev­ril­mişdir. Bütün bu vəzifələrin həll edilməsi sürət­lə qloballaşan, bütöv­ləşən bəşəri elmi-texniki areala qovuşan Azər­bay­can el­minin və elmi dilinin inkişafının tənzimlən­mə­sin­də mühüm ad­dım­­dır. Bu baxımdan termi­no­­logiyanın aktual problemlərini həll etmək, baş verən dəyişik­lik­ləri nizama salmaq qarşıda duran ən vacib prob­lem­lər­dəndir.

REDAKTORDAN

Sayalı Sadıqova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

filologiya elmləri doktoru, professor

sayalisadigova@yahoo.com.

MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ

ALINMALARIN UNİFİKASİYA FORMALARI
Açar sözlər: dilin unifikasiyası, dilin funksiyası, assimilyasiya, alınma söz, fonetik qanun.

Ключевые слова: языка унификации, языка функции, ассимиляция, заимствованное слово, закон фонетический.

Key words: unification de la langue, function of language, assimilation, loan-word, phonetic law.
Milli dillərin terminologiyasına bir qayda olaraq dildə işlənən terminlərin (sahə terminləri də bura daxildir) məc­musu kimi baxılır. Cəmiyyətin inkişafı, ictimai-siyasi dəyişik­liklər dilin leksik sistemində terminologiyanın zəngin­ləş­məsini zəruri­ləş­dirir. Məhz buna görə də terminoloji lek­sikanın inkişaf sürəti ümumi leksikanın inkişafını qabaq­layır. Qlobal­laş­ma şəraitində elmin, texnikanın inkişafına uyğun ola­raq dilimizdə müxtəlif sahələrə –iqtisadiyyat, informatika, təhsil, texnika ilə bağlı yeni terminlər yaranır. Dildə yeni yara­nan anlayış və məfhumların terminlərlə adlandırılması xüsusi məntiqi və linqvistik fəaliyyət sahəsidir. Belə ki, hər hansı anlayış və məfhumlara onların mahiy­yətinə uyğun ter­minl­ərin seçilməsi mürəkkəb bir prosesdir. Bu prosesdə ter­minlərlə ad­lan­dırılan, işarələnən anlayış və məfhumların sis­tem­ləş­diril­məsi, qaydaya salınması zəruridir.Ayrı-ayrı elmi-texniki sahə­lərlə bağlı anlayış və məfhum­ları sistem­ləş­dirmədən onla­rın dil işarələrinin müəyyənləş­dirilməsi mümkün deyil. Buna görə də müxtəlif sahələrdə anlayışları ifadə edən terminlərin yaradıl­ma­sı üçün ilk növbədə elmi-texniki məfhum­ların mahiy­yəti aydınlaşdırılmalı, onlara məx­sus xüsusiyyətlər və anlayışı dəqiq ifadə edən terminoloji vahid­lər müəyyən­ləş­dirilməlidir. Bu prosesdə terminlərin məz­mun və ifadə forma­sının qarşılıqlı əlaqəsi zəruri xarakter daşıyır. Yəni, terminlərin məna­sında iki əsas cəhət - onun predmetlə əlaqəsi, definitivləşməsi ilə yanaşı, həmin anlayışla bağlı müəyyən əlamət və xüsusiyyəti özündə əhatə etməsi də nəzərə alınmalıdır. Termində bu xüsusiyyətlər nəzərə alınmadıqda eyni sahə terminologiyasına daxil olan müəyyən bir anlayış əksər hallarda müxtəlif sahələrdə bəzən eyni terminlərlə, bəzən də müxtəlif terminlərlə işarələnir. Bu baxımdan terminologiyanın nizama salın­ması müva­fiq sahə anlayışlarının müəyyənləşdirilməsini və müəy­yən siste­mə salınmasını əhatə edir. Hər bir sahənin inkişafı onunla bağlı anlayış­la­rı­n yaradılması ilə birbaşa əlaqə­dar­dır. Müxtəlif sahələrə – iqti­sadiyyat, informatika, dilçilik, geolo­giya, diplomatiya və s. aid yeni terminlərin adlandırıl­ma­sın­da bir sıra proseslər müşahidə olunur. Belə ki, eyni anlayışları bildirən müxtəlif terminlərə rast gəlindiyi kimi, bir terminin eyni sahədə bir neçə anla­yışı ifadə etməsi halları da qeydə alınır. Məsələn: Adapter – 1. İnterfeys qurğusu olub, iki və ya daha çox bilavasitə qarşılıqlı əlaqəsi müm­kün olmayan şəbəkələr arasında informasiya mübadiləsi üçün isti­fa­də edilən qurğu. 2. Bir sistemdən başqa sistemə, bir formatdan başqa forma­ta, qeyri-standartdan standarta keçməyə imkan verən elektromaqnit və ya mexaniki qurğu, uyğunlaşdırıcı kaset, qurğu və s. 3. Hər hansı cihazı elektrik enerjisi ilə təmin etmək üçün onun şəbəkəyə qoşul­masını təmin edən qurğu; Skaner- 1. Mətnlərin, foto və ya qrafik təsvirlərini kompüterin yaddaşına ötürül­məsini təmin edən optik qurğu. 2. Faksimil veriliş qur­ğularında, qrafik verilənlərin daxil edilməsi sistemlərində şəkil (qrafik məlumatı) skanlaşdıran qurğu. 3. Siqnal formalaşdırıcısı. 4. Kabel xətlərində zədə yerini müəyyənləş­di­rən qurğu.

Anlayışların ilkin adlandırılması zamanı onlara verilən adlar çox vaxt bir neçə terminlə, müxtəlif dil vahidləri ilə ifadə oluna bilər. Çünki yeni yaranan anlayışların əsas əlamətlərini bəzən müəyyən­ləş­dirmək çətin­lik törədir, verilən ad yeni və dəqiq adlar yaradılana kimi işlək xarak­ter daşıyır. Yəni anlayışın müəyyən əlaməti əsasında verilən ad həmin anlayışın elmi şəkildə dərk olunmasına qədər davam edir (əvvəlki adlar yeni və dəqiq adlar yaranana kimi işlənsə də) və elmi sistemdə yeni dəqiq ad formalaşdıqda əvvəlki ad bəzən paralel işlənir, bəzən də həmin sahədə işləkliyini itirir. Belə hallar da lüğətdə öz əksini tapır. Yəni bəzi hallar­da terminlərin paralel şəkildə işlənməsi olduğu kimi saxlanılmışdır. Məsə­lən, jirondol -şam­dan, -bra; kvest (güzəşt) – kompüter oyunları sinfi. Bu tip oyun­ların mənası; mikrob(virus) – kompüter virus tipi. Öz-özü­nə artan və bütün sistemi tutaraq onun resurslarını yeyən virus; Dildə alınma və milli termin­lərin pa­ra­­lel işlən­mə­si daha çox diqqəti cəlb edir. Məsələn, dərgi - jur­nal-almanax termin­lə­ri paralel şəkildə işlənir. Alınma “jurnal” termini əvəzinə “dərgi” termi­ni Türkiyə türkcəsindən götürül­müşdür. Mətbuatda jurnal sözü ilə para­lel istifadə edilir. Ter­mi­no­­lo­­giyada belə termin müxtəlifliyi dublet və omo­nim ter­minlərin yaran­ma­sına səbəb olur. Eyni zamanda bir sıra termin­­lərin anlayışa uyğun gəlməməsi onların yeni terminlə əvəz olun­ma­sını tələb edir. Məsələn, sərxoş maus – kompüter mausu­­nun kontakt şarının tutulması və ya çirklənməsi zamanı mausa verilən ad. Burada işlənən “sərxoş” termini anlayışı düz­gün ifadə etmədiyinə görə “tutqun” termini ilə əvəz etmək daha münasibdir. Çünki anlayışlar adlandırılarkən terminlə anlayış arasındakı uyğunluqlar nəzərə alınmalıdır.

Müxtəlif sahələrdə yeni terminlərin yaranmasında dilin daxili imkanları hesabına yaranan terminlər də üstünlük təşkil edir. Xüsusən ümumişlək sözlər terminlə­şə­rək yeni mənalar ifadə edir. Məsələn, verilən­lər – rəqəmlər, mətn işarələri və s. ibarət olan informasiya, yaxud da məlumat bazası. Avtomatik vasitələrlə insanın iştirakı ilə emal olun­ma­sı üçün yararlı olan vəziyyətdə verilmiş informasiya; yaddaş – istənilən infor­ma­siyaları, verilənləri və icra olunan proqramı kompüterdə yerləşdirən qurğu. Funksional baxımdan yaddaş iki yerə bölünür: daxili və xarici; yaddaş tutumukompüterin yadda­şın­da saxlana bilən informasi­yanın (təsvir, yazı və s. işarələrin) maksimum miqdarının göstəri­cisi; uyğunlaşma (bioinformatika) – insanın ətraf mühitə fəal uyğunlaş­masının verilən mühit şərtlərində (məsələn: tərkibində karbon qazının yüksək olduğu zonada) normal həyat fəaliy­yəti­nin davamlı olma­sına, təmi­natına və qorunub saxlanılmasına istiqamətlənmiş bio­so­sial prosesdir. Uyğunlaşma zamanı orqanizm ətraf mühitin para­metr­lə­rin­də baş verən dəyişikliklərə əsasən öz həyat fəa­liy­yətini tənzimləyir, bu da ona yaşamağa və çoxalmağa im­kan verir.Milli dillərin leksik vahidlərində eyni səs cildinə malik sözlərin müxtəlif mənalar ifadə edə bilməsi ümumi leksikada təbii inkişaf prosesinin nəticəsi hesab edilsə də, terminoloji sistem üçün o qədər də xarak­terik hal deyildir.

Dil əlaqələri prosesində alınmalar dilin zənginləş­mə­sində mühüm amillərdəndir. Buna görə də alınmaların yazılış qayda­ları­nın müəyyənləşdirilməsi də aktual problemlərdəndir. Azərbaycan dili­nə başqa dillərdən alınan sözlərin dillərin leksik sistemləri arasın­da­kı fonetik və orfoqrafik uyğunluq səviyyəsi ilə bağlı təhlillər burada da yekcinsliyin müşahidə olunmadığını ortaya qoyur. Belə ki, bu proses­də leksik alınmaları dilə uyğunlaşdırma səviyyəsinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:



1.Tam fonetik uyğunluğa malik olan alınmalar:

Bu qrup leksik alınmalarda transkripsiya və transliterasiya müvafiq olan leksik müvazilik faktlarını əhatə edir: akkreditiv-akkreditiv, leqal-leqal,marketinq-marketinq,reqlament-reqlament,antivirus-antivirus, internet –internet, marafon-marafon, fazenda-fazenda, angina – angina, artist – artist, film – film, final – final, formal – formal, hit – hit, insult – insult, lift – lift, lord – lord, mental – mental, və s.



2. Fərqli transliterasiyaya malik olan, lakin səslənmə cəhətdən (transkripsiya ba­xımından) demək olar ki, çox yaxın olan alınmalar:

Məsələn, disket-diskette, antipod-antipodes, fact – fakt, act – akt, sayt-site, sendviç-sandwix, serial-serie, immunitet-immunitas, immiqrant-immiqrans, imicmeyker-imaqemeyker, accord – akkord, accent – aksent, block – blok, cabin – kabin, cabinet – kabinet, canal – kanal, character – xarakter, concept – konsept, control – kontrol, credit – kredit maniya-mania və s.

Yuxarıda qeyd edilmiş misallarda müşahidə edilən transli­te­ra­si­ya uyğunsuzluğunun başlıca səbəbləri Azərbaycan və ingilis dilinin fone­tik sistemindəki fərqliliklər və həmin fərqliliklərin məntiqi davamı kimi ortaya çıxan spesifikliklərdir. N.Məmmədli alınma söz və terminlərdə fonetik cəhətdən müəyyən dəyişiklik edilməsinin aşağıdakı səbəblərini müəyyənləşdirir:Azərbaycan dilinin fonem tərkibinin və əlifbasının digər dillərdən fərqlənməsi;sözlərin alındığı dillə Azərbaycan dilinin orfoqrafiya qaydalarının bir-birindən fərqlənməsi;alınmaların tələffüzünü Azərbaycan dilinin xüsusi tələffüzünə tabe etmək cəhdi;”(2,245 )Eləcə də o da qeyd edilməlidir ki, ingilis əlif­ba sisteminin fərqli xarakterə malik olması, habelə ingilis orfoq­ra­fi­ya­sın­da bəzi yunan – latın mənşəli interleksemlərinin ənənəvi yazılış forma­sı­nın qəlibləşməsi bu fərqlərin daha da dərinləşməsinə yol açır. Belə ki, Azərbaycan əlifbasında [ş] səsini əks etdirən hərf olduğu halda ingi­lis dilində, analoji qarşılığın mövcud olmaması sonuncu (ingilis dili) mənimsənilmiş Azərbaycan sözlərində fərqli transliterasiyanın tətbiqinə şərait yaradır. Digər tərəfdən Azərbaycan dilində [w] səsi və müvafiq hərf yoxdur. Bu səbəbdən də ingilis dilində istifadə edilən bəzi interleksemlərdə yer alan w hərfi dilimzdəki korrelyantlarında v hərfi ilə əvəz edilmişdir. Məsələn, waggon (wagon) – vaqon, watt – vatt, web – veb, wolt-volt. Eləcə də internetlə bağlı Azərbaycan dilində işlənən Windows termini də bu ənənəyə uyğun olaraq Vindovs kimi yazılmalıdır.

İngilis əlifbasında x səsinin müvafiq qrafeminin yer almaması hə­min səsin fərqli hərf kombinasiyarında verilməsinə yol açır: character – xarakter, technology – texnologiya, mechanic – mexanik, psychic – psixik, anarchism – anarxizm, anarchy – anarxiya, charisma – xarizma, chronic – xronik, chorus – xor, archaeology – arxeologiya, malachite – malaxit və s. Yunan – latın mənşəli bəzi terminlərdə f səsi­nin ph hərf kombinasiyası ilə verilməsi ənənəsi də transliterasiyada qeyri – adekvatlıq yaradır: philosophy – filosofiya, phone – fon (telephone - telefon), biosphere – biosfer, geography – coğrafiya, autograph – avtoqraf, cacophony – kakofoniya1, hieroglyph – heroqraf, emphasis – emfaza, atmosphere – atmosfer və s.

Leksik alınmaların xarici forması ilə bağlı uyğunluq və ya uyğun­suz­luq məsələlərini araşdırarkən alınmaların variant fərqliliyi və həmin fərqlilik­­lə­rin transliterasiya, transkripsiya müxtəliflikləri müstəvisində məsələsinə də diqqət ye­tir­mək lazımdır.

Xatırladaq ki, rus dilinin Azər­bay­can dilinə təsir imkanlarının güc­lü olması dilimiz tərəfindən mənimsənilən Avropa mən­şəli termin­lə­rin orijinal formadan fərqli şəkildə mənimsənilməsinə, ifadə edilməsinə imkan yaradır. Bu da öz növbəsində ingilis dilindəki birbaşa mənbə dildən mənimsəmə­lər­dən fərqliliyi təmin edirdi. Bir sıra hallarda, etimo­lo­ji dublet fərqliliklərində yazılış və səslənmə fərqinə istinad edilməsi maraqlı paralelliklərin yaranmasına gətirib çıxarır. Sonuncu məqamla bağlı onu deyək ki, alınma prosesində transkripsiya və ya transliterasiya amilindən çıxış edilməsi Azərbay­can və ingilis dilləri arasındakı müvazilik faktlarındakı bəzi fonomorfoloji müxtəlifliklərin mənbəyi hesab edilə bilər. İstənilən ədəbi dildə bu iki mənimsəmə növü arasındakı balansın müəyyən edildiyi dövrə qədər eyni alınma söz fərqli variant­lar­da mənimsənilir. Məsələn:Kütləvi İnformasiya Vasitələrinin dilində və eləcə də elmi ədəbiyyatlarda fleş sözünün həm fleş, həm də fləş variantı işlənməkdədir. Onu da qeyd edək ki, son dövrlər fləş forması müqayisədə üstünlük təşkil edir. Halbuki, digər İKT ter­mini olan e-mail – email variantları arasında birmənalı şəkildə üstünlük məhz, trans­­literasiya variantına verilmişdir. Deməli, aydın şəkildə göründüyü kimi, bura­da sabit bir prinsipin hökm sürdüyünü söyləmək çətindir,yəni bir sözün vaxtilə işləklik qazanmış variantı digər variantı əvəz edə bilir.

Beynəlxalq aləmdə terminoloji leksi­kanın zənginləşdirilməsində istifadə olunan -anti-, auto-, co-, counter-, de-, des-, hydro-, hygro-, hyper-, inter-, in-, meta-, macro-, milli-, mini-, mis-, mono-, multi-, non-, over-, para-, poly-, post-, pre-, pseudo-, re-, semi-, servo-, sub-, super-, tele-, thermo-, trans-, ultra-, un-, under, -veb prefiksləri yeni terminlərin yaranmasında mühüm rol oynayır. Onu da qeyd etməliyik ki, dillərin arasındakı derivativ model paralelliyindən bəhs edərkən, super-, meqa-, anti- və s. prefiks­lərini də xüsusi qeyd etmək olar. Belə ki, bəzi hallarda həmin prefikslərin müəyyən sözün tərkibində mənimsənilməsi ilə yanaşı, bilavasitə Azərbaycan dilinin leksik sisteminin inventarı olan sözlərlə kombinasiya təşkil edə bilir.

Bu baxımdan VEB-lə başla­nan alınma terminlər defislə yazılmalıdır. Veb- proqram – vebdə işləmək üçün yazılmış kiçik proqram; veb-brauzerinternet şəbəkəsində veb-səhifələrə baxmaq vasitələri; veb-dizaynerinternet səhifələrinin (portalların) qurucusu (yaradıcısı); veb-kamera təsviri internet şəbəkəsi ilə ötürmək üçün istifadə olunan rəqəmli videokamera; veb-naşirinternet material­larının təşkilat və ya fiziki şəxs tərəfindən internetdə yerləş­dirilməsi; veb-sayt – veb-serverdə verilənlər bölməsi olub, hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını veb-səhifə ilə əlaqəli çoxluq şəklində yerləş­dirir. Saytın titul səhifəsindən istifadə edərək göstərici ilə onun müxtəlif səhifələrinə baxmaq olar; veb-serverinternetdə və internet şəbəkədə istifadəçinin veb-səhifəsinə giriş verən, internetdə axtarış və başqa xidmətlər təklif edən kompüter.

Hər bir sahənin inkişafı onun anlayışlarının sistemə salınması ilə əlaqə­dardır. Sistemə salınma zamanı anlayışlar qruplaşdırılır. Anlayış­la­rın qruplaşdırılması prosesində bütün sahə terminologiyala­rında nöqsan­lar aydın şəkildə özünü göstərir. Bu çox vaxt anlayış ifadə edilərkən onun əsas fərqlən­dirici əlamətlərinin nəzərə alınmaması ilə bağlıdır. Çünki ter­min aid olduğu anlayışı həmin anlayışın fərqləndirici əlamətləri əsasında təyin edir. Terminlərdə birmənalılıq tələbi də bu baxım­dan ödənilməlidir. Lakin çox vaxt bu tələblər gözlənilmir. Məsələn: konversiya 1. hərbi-sənaye şirkətinin xalq tələbatına uyğun məhsullar istehsal edən şirkətə çevrilməsi (yaxud əksinə); 2. dilçilikdə - bir nitq hissəsinə aid olan sözün cümlədə başqa nitq hissəsi kimi işlənməsi. Belə terminlərin ifadə etdiyi mənaların və definisiyaların da sayı çoxdur. Deməli, mövcud anlayışı ifadə edən termini müəyyənləş­di­rən zaman onun definitiv əlaməti əsas götürül­məlidir. Terminalma dilin terminoloji sisteminin zənginləş­di­ril­məsi yolların­dan biri olsa da, termini ifadə edə bilən bu üsul­dan imkan daxilində az istifadə edilməsi məqsədəuyğundur. Dilin daxili imkanları hesabına yaranan terminlərə üstünlük verilməlidir. Termino­lo­gi­ya­nın inkişaf mənbələrindən birini təşkil edən alınmaların çoxluğu alınma terminlərin seçilməsinə, işlən­mə­sinə xüsusi diqqət yetirməyi tələb edir. Hər gün elmi-texniki ədəbiyyat­lar­da, qəzet və jurnallarda, radio və televiziyada onlarla yeni terminlər işlədilir. Bunlar toplanmalı, hesaba alınmalı, orfoqrafiyası müəyyənləş­di­ri­lməlidir. Hətta qeyd olunduğu kimi, elə alınmalar var ki, dildə onların qarşılıqları işlənilir. Bununla belə imkan verilir ki, bunlar paralel işlənsin, dil özü gərəklilərini seçib saxlasın.

Azərbaycan və ingilis dillərindəki leksik paralelləri araş­dı­rarkən bu kimi situasiyaların təhlili işini sadəcə semantik adekvatlıq məsələləri ilə məhdudlaşdırmaq olmaz. Belə ki, leksik paralellizm hallarının əsas yükü semantik adekvatlıq məqamları ilə ölçülsə də, burada fonomorfoloji uyğunluq məsələləri də mühüm rol oynayır. Əslində, semantik pa­ra­lellik məsələləri həlledici təsir gücü­nə malik olsa da, həmin ehtimal edilən leksik müvazilik hallarında mütləq və ya nisbi fonomorfoloji uyğunluğun olmama­sı, ümumiyyətlə, hər hansı para­lel­lizm hadisəsindən danışmağı da mümkünsüz edə bi­lər.Yəni, alınmaların mənimsənilməsində semantik mənanın uyğunluğu qədər, sözün formasının tam və ya nisbətən üst – üstə düşməsi də vacib əhəmiyyət kəsb edir.



Müxtəlif­sistemli dillərin qarşılaşdırılması məqamı özünü semantik adekvatlıq məsələlərinin təhlilin­də deyil, məhz, fonomorfoloji uyğunluğun müəyyənləşdiril­məsi işində tam aydın­lıq­la büruzə verir. Başqa sözlə desək, bir söz fərqli quruluşlu dildə beynəlmi­ləl sistemə tam müvafiq semantik məna ilə daxil ola bilər və bununla da, mənbə dillə (və ya eyni interleksemi tam semantik adekvatlıqla mənimsəmiş istənilən hər hansı bir digər fərqli quruluşlu dillə) paralleizm təşkil edə bilər. Fərqli monomorfologiya özünün yeni söz strukturu formasını da diqtə edə bilər ki, bu da artıq yeni və fərqli fonetik cildli leksik paralelizmin meydana gəlməsinə yol açır. Məsələn, digər türk dilləri kimi Azərbaycan dilinin fonomorfoloji siste­minin ahəng qanunu ilə tənzimlənməsi terminlərin mənimsənilməsində fərqli variantlar yaradır.Buna görə də terminoloji sistemin zənginləşməsində dilin özünün morfoloji inventarı ilə yanaşı alınma morfemlər də mü­hüm rol oynamışdır. Həmin morfemlər arasında –izm (- ism) şəkilçisinin xüsu­si məhsuldarlıqla seçildiyini söyləmək olar. Məsələn: agnosticism – aqnostizm, anachronism – anaxronizm, anarchism – anarxizm, isomorphism – izomorfizm, dynamism – dinamizm, euphemism – evfemizm, hedonism – gedonimzm, rheumatism – revmatizm və s. əksər hallarda həmin interleksemlərin – izm (- ism) şəkilçisiz ilkin formasının və ya digər derivatın da mənimsənilməsi onların dil daşıyıcıları tərəfindən asanlıqla morfoloji üzvlənməyə məruz qalmasını təmin edir. Məsələn, izomorf – izomrfizm, anarxiya – anarxizm, aqnostik – aqnostizm və s.

Göründüyü kimi, dillərin leksik sistemi ara­sında müşahidə edilən paralellizm faktlarının dil daşıyıcıları tərəfin­dən daxili formaca adekvat dəyərləndirilməsin­də həmin paralellik faktla­rı­nın tanınma əmsalı, mənimsənilmə səviyyəsi, habelə deri­vativ modellərin məhsuldarlığı və s. kimi faktorlar mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq status əldə etmiş olan ingilis dili nəin­ki sırf özünə aid olan leksik vahidləri beynəlmiləl terminlər bazasına ötür­müş­dür, həmçinin digər az və ya çoxsaylı xalqların dilində yer alan anlayış və məfhum nominasiyalarının interleksem statusu əldə etməsində müstəsna rol oynamışdır.

Müqayisə üçün deyək ki, qloballaşma əsrində elmi-texniki terminologiyada fər­qli yazılış variantlarında mənimsənilən alınmaların sayının artmasına təkan ver­miş­dir. Belə ki, KİV-in dilində, eləcə də sosial şəbəkələrdə istifadə edilməkdə olan alınmaların müxtəlif yazı variantlarına təsadüf edilir. Həmin variant­lardan biri mütləq şəkildə ingilis orfoqrafiyasını təkrar edir ki, bu da öz növbəsində fonetik prinsipə üstünlük verən Azərbaycan orfoq­ra­fi­ya qaydalarına uyğun gəlmir. Məsələn, ingilis dilindən mənimsənilən və Feysbuk (Facebook) sosial şəbə­kə­sində 2010-cu ilin aprelindən etibarən istifadəyə verilən layk (ingilis orfoqrafiya­sında: layk “bəyənmə”) düyməsinin adı Azərbaycan dilində iki cür yazılış forma­sı­na (layk, like) malikdir.Bu termin “layk” şəklində yazılmalıdır. Eləcə də komment sözü şərh sözünü uğursuz şəkildə “əvəzlə­miş­dir”

Ümumiyyətlə, internetin inkişafı ilə, eləcə də sosial şəbəkələr vasitə­silə rabitənin vüsət alması dilimizə çox sayda ingilis dilli compü­ter texnologiyaları ilə bağlı terminlərin daxil olmasına səbəb olmuşdur. Azərbaycan dilinin terminologiyasında ingilis dilindən alınmalar işlənmə tezliyinə görə üstünlük təşkil edir. Onların böyük qisminin son dövrlərin ictimai-siyasi və iqtisadi innovasiyaları sayəsində mənimsənilmiş terminlər təşkil edir.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə