Azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari



Yüklə 39,41 Kb.
tarix17.01.2018
ölçüsü39,41 Kb.
#21558

Azərbaycan Respublikasının "Qırmızı Kitabı" haqqında Əsasnamənin təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının "Qırmızı Kitabı" haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 15 iyul 2000-ci il

№ 125





Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 15 iyul tarixli, 125 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR



Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikasının “Qırmızı kitabı” “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli, 675-1Q nömrəli və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 8 iyun tarixli, 678-1Q nömrəli Qanunlarına əsasən aparılır.

I. Ümumİ hİssə

1. Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri (sonra-heyvan və bitki növləri) xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilir.

2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı” rəsmi sənəddir, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarım növ, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks edir.

3. Azərbaycan Respublikasının “Qırmızı Kitabı” Azərbaycan Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, ilə əlaqəli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılır.1

4. Heyvan və bitki növlərinin mühafizəsi, törəyib artması və istifadəsi sahəsində tədqiqatlar aparan Azərbaycan Elmlər Akademiyasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi tədqiqat təşkilatları və müvafiq ali təhsil müəssisələri (sonra-elmi təşkilatlar) “Qırmızı Kitab”ın elmi təminatını yerinə yetirirlər və nəticəsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verirlər.2

“Qırmızı Kitab”ın elmi təminatını yerinə yetirmək üçün elmi təşkilatlar Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvan və bitki növləri haqqında məlumatların toplanmasını, ümumiləşdirilməsini, təhlilini və saxlanmasını təşkil edir, habelə bu heyvan və bitki növlərinin mühafizəsinə dair tədbirlər hazırlayırlar.

5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın aparılması və dövrü nəşri ilə bağlı işlərinin maliyyələşdirilməsi büdcə hesabına həyata keçirilir.

6. “Qırmızı Kitab”ın aparılması ilə əlaqədar məsələləri həll etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində elmi təşkilatların nümayəndələrinin iştirakı ilə heyvan və bitki növləri üzrə Komissiya yaradılır. 3



II. Azərbaycan Respublİkasının “Qırmızı Kİtabı”nın aparılması üçün əsas tədbİrlər

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın aparılmasına aşağıdakılar daxildir:

1. Müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na heyvan və bitki növlərinin daxil edilməsi və ya çıxarılması.

2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın nəşr üçün hazırlanması, sifarişi və nəşri.



III. Azərbaycan Respublİkasının “Qırmızı Kİtabı”na heyvan və bİtkİ növlərİnİn daxİl edİlməsİ

1. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na aşağıdakı şərtlərə uyğun olan heyvan və bitki növləri daxil edilir və status dərəcələri müəyyən edilir:

a) xüsusi mühafizə tədbirləri tələb edən heyvan və bitki növləri:

nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri;

müxtəlif təbii-iqlim zonalarının fauna və florasının saxlanması üçün vacib olan endemik, nadir və özünü qoruma qabiliyyətini itirmək təhlükəsi olan heyvan və bitki növləri;

real və yaxud potensial dəyəri müəyyən edilmiş və hazırkı istifadə vəziyyətində onların ehtiyatının tükənməsinin qarşısının alınması üçün zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən heyvan və bitki növləri;

vacib mühafizə tədbirlərinin keçirilməsini tələb etməyən, lakin özünü qorumaq qabiliyyətini itirmək təhlükəsi qarşısında olan (arealın kənarlarında məskunlaşmış və yayılmış, nadir və s.) və bu baxımdan vəziyyətlərinə dövlət nəzarəti tələb edən heyvan və bitki növləri;

b) Beynəlxalq Saziş və Konvensiyaların təsir dairəsinə düşən heyvan və bitki növləri;

c) Beynəlxalq “Qırmızı Kitaba” daxil edilmiş heyvan və bitki növləri.

2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na heyvan və bitki növünün daxil edilməsinə (çıxarılmasına) və onların status dərəcələrinin dəyişdirilməsinə dair təkliflər elmi təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.

3. Heyvan və bitki növünün təhlükə həddinə qədər sayının və ya arealının azalması, yaşayış şəraitinin pisləşməsi, onların mühafizə və bərpası üçün zəruri tədbirlərin həyata keçirilməməsi haqqında məlumatlar onların Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilməsinə, status dərəcələrinin dəyişdirilməsinə əsas ola bilər.

4. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na heyvan və bitki növünün daxil edilməsinə, onların status dərəcələrinin dəyişdirilməsinə aid təkliflərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış heyvan və bitki növləri üzrə Komissiya tərəfindən baxılır və müvafiq qərar qəbul olunur.

5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na heyvan və bitki növünün daxil edilməsinə və onların status dərəcələrinin dəyişdirilməsinə dair Komissiyanın rəyi (səs çoxluğu ilə qəbul edilir) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmri ilə qüvvəyə minir.

IV. Azərbaycan Respublİkasının “Qırmızı Kİtabı”nın nəşrİnə hazırlıq, nəşrİ və yayılması

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nı nəşr üçün hazırlayır və onu təşkil edir, habelə ona aid ayrı-ayrı elanların çap etdirilməsini və materialların yayılmasını həyata keçirir.

2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan heyvan və bitki növlərinin xarici görkəminin təsviri ayrı-ayrı vərəqlərdən ibarətdir. Vərəqin arxasında növün respublika ərazisində olan arealına dair xəritə-sxemi və növ haqqında məlumatlar (statusu, yayılması, yaşama yeri, sayı, çoxalmasına dair məlumat, sayının və arealın dəyişmə səbəbləri), mühafizə üçün müvafiq tədbirlər və məlumat mənbələri verilir.

3. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın nüsxələri və “Qırmızı Kitab”a daxil edilmiş əlavələr və dəyişikliklər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində saxlanılır.

4. Azərbaycan Respublikasının “Qırmızı Kitabı” 10 ildən bir nəşr olunur.

5. Nəşr olunmuş Azərbaycan Respublikasının “Qırmızı Kitabı” Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, respublikanın şəhər və rayon icra hakimiyyətlərinə, elmi təşkilatlara, kitabxanalara və digər aidiyyəti təşkilatlara göndərilir.



V. Azərbaycan Respublİkasının “Qırmızı Kİtabı”na daxİl edİlmİş heyvan və bİtkİ növlərİnİn mühafİzəsİ, törəyİb artması və İstİfadəsİ qaydaları və tələblərİ

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparılmış monitorinqin məlumatlarına əsaslanaraq Azərbaycan Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə xüsusi proqramları, o cümlədən xüsusi mühafizə olunan təbiət ərazilərində (dövlət qoruqları, dövlət yasaqlıqları, təbiət abidələri və s.) genofondların yaradılması barədə təklifləri hazırlayır və zərurət olduqda təsdiq etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

2. Ərazilərində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş heyvan və bitki növləri olan torpaq istifadəçiləri, mülkiyyətçiləri (mülkiyyət formasından asılı olmayaraq) həmin növlərin mühafizə rejiminə əməl etməli və onların təbii törəyib artmasını təmin edən şərait yaratmalıdırlar.

3. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növlərinin təbii şəraitdə qorunub saxlanması və törəyib artması mümkün olmadıqda, bu məqsədlər üçün, habelə elmi tədqiqat məqsədi ilə onların qeyri-sərbəst şəraitdə süni çoxaldılmasına yol verilə bilər.

Bu heyvan və bitki növlərinin göstərilən məqsədlər üçün tutulması (yığılması) təhlükəsiz üsullarla həyata keçirilməlidir.

4. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növlərindən elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün (müşahidə, nişanlama, şəkilçəkmə və s.) və onların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən (mühitin təbii sanitarı olmaq, bitkiləri tozlamaq və s.) istifadə edilməsinə, onları yaşayış şəraitindən ayırmamaq və yaşadığı mühitinə zərər vurmamaq, təbii sərvətlərin mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamaq şərti ilə (xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla) icazə verilir.

5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş heyvan və bitki növləri Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində mühafizə olunur.

VI. Azərbaycan Respublİkasının “Qırmızı Kİtabı”na daxİl edİlmİş heyvan və bİtkİ növlərİ haqqında məlumat banklarının yaradılması və doldurulması

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş heyvan və bitki növlərinə aid elmi məlumatların toplanması, təhlili və saxlanması, bu obyektlər üzrə məlumat banklarının yaradılması və doldurulması Komissiyanın təklifinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumat-analitik fəaliyyət dairəsində vahid metodika üzrə həyata keçirilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 07 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 01, maddə 49)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


1 07 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 01, maddə 49) ilə "Azərbaycan Respublikasının "Qırmızı Kitabı" haqqında Əsasnamə"nin I bölməsinin 3-cü bəndində "Azərbmeşə" İstehsalat Birliyi, "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni ilə əlaqəli Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "ilə əlaqəli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.


2 07 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 01, maddə 49) ilə "Azərbaycan Respublikasının "Qırmızı Kitabı" haqqında Əsasnamə"nin I bölməsinin 4-cü bəndində "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin və "Azərbmeşə" İstehsalat Birliyinin" sözləri və "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə" sözləri müvafiq olaraq "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" və "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə əvəz edilmişdir.


3 07 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 01, maddə 49) ilə "Azərbaycan Respublikasının "Qırmızı Kitabı" haqqında Əsasnamə"nin I bölməsinin 6-cı bəndində, III bölməsinin 2-ci, 4-cü və 5-ci bəndlərində, IV bölməsinin 1-ci və 3-cü bəndlərində və VI bölməsində ismin müvafiq hallarında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri, V bölməsinin 1-ci bəndində "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri və "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni və "Azərbmeşə" İstehsalat Birliyinin" sözləri ismin müvafiq hallarında "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

Yüklə 39,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə