Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,57 Mb.
səhifə1/8
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5938
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda

Şəhrabanı Mahmudova Qardaşəli qızı

(MAGİSTRANTIN A.S.A)

KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACINDA

TORPAQLARIN AĞIR METALLARLA ÇİRKLƏNMƏSİNİN

EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ”

mövzusunda



MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060510 “Ekologiya

İxtisaslaşma: “Ətraf mühitin mühafizə



metodları və bərpası”
Elmi rəhbər: Magistr proqramının rəhbəri:

dos. Məmmədov A.S dos. Novruzova F.M



__________________ _______________________
Kafedra müdiri: dos. V.Z. Mehdiyeva _______________________

BAKI 2016

MÜNDƏRİCAT

GİRİŞ........................................................................................................................3

I FƏSİL. KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ TƏBİİ COĞRAFİ ŞƏRAİTİNİN TƏHLİLİ................................................................7

  1. Coğrafi mövqeyi və relyefi........................................................................7

  2. İqlim şəraiti...............................................................................................9

  3. Hidroloji xüsusiyyətləri............................................................................13

  4. Fitosenotik örtüyü....................................................................................14

  5. Torpaq ehtiyatları......................................................................................19


II FƏSİL. KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACINDA TORPAQLARIN AĞIR METALLARLA ÇİRKLƏNMƏSİNİN EKOLOJİ ASPEKTLƏRİ.....................................................................................................29

  1. Ərazidə yayılan ağır metalların xarakterik xüsusiyyətləri........................29

  2. Ərazidə torpaqların ağır metallarla çirklənməsinə təsir göstərən başlıca proseslər.....................................................................................................45

  3. Ərazinin torpaqlarının ağır metallarla çirklənməsinin ekoloji qiymətləndirilməsi........................................................................................54


III FƏSİL. KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACINDA TORPAQLARIN AĞIR METALLARLA ÇİRKLƏNMƏSİNİN NƏTİCƏLƏRİ VƏ HƏLLİ İSTİQAMƏTLƏRİ.........................................................................63

  1. Ağır metallarla çirklənmənin yaratdığı problemlər..........................63

  2. Ağır metalların yaratdığı çirklənməyə qarşı mübarizə tədbirləri........73

NƏTİCƏ VƏ TƏKLİFLƏR..............................................................89

ƏDƏBİYYAT............................................................................................................92

GİRİŞ
Mövzunun aktuallığı. İnkişaf etmiş ölkələrdə torpaq ehtiyatlarının mühafizəsi, münbitliyinin qorunub saxlanması, torpaqların rekultivasiyası və təkrar istifadəsi olduqca aktual məsələdir. Dünya əhalisinin fasiləsiz olaraq artması və məhsuldar torpaq ehtiyatlarının məhdudluğu, onlardan səmərəli istifadə olunmasını daha da aktual edir. Torpaq ehtiyatlarının mühafizəsi bugünün kəskin qlobal problemi olub, planetimizin artan əhalisinin ərzaqla təmin olunması ilə bilavasitə əlaqədardır. Bir sıra beynəlxalq proqram və sənədlərdə torpaqların əvəzolunmaz və cəmiyyətin ümumi sərvəti kimi mühüm rolu qeyd olunur, indiki və gələcək nəsillərin rifahı naminə onların qorunub saxlanmasının əhəmiyyəti göstərilir. Bu baxımdan torpaq ehtiyatlarından düzgün istifadə, onun ekoloji tamlığınının qorunması və torpağa daxil olan çirkləndiricilər üzərində nəzarətin düzgün təşkili nəinki torpaq ehtiyatlarının mühafizəsi, eyni zamanda canlı orqanizmlər o cümlədən insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, respublikamız məhsuldarlıq baxımından məhdud torpaq ehtiyatlarına malikdir. Torpağa müxtəlif antropogen təsirlər nəticəsində daxil olan tullantılar, üzvi və qeyri-üzvi çirkləndiricilər onun ekoloji tamlığını ciddi təhlükə altında qoyur. Torpağa daxil olan çirkləndiricilərin növündən və qatılığından asılı olaraq torpağın özünütəmizləmə qabiliyyəti qısa və uzun müddətli olaraq müşahidə edilir. Müxtəlif antropogen fəaliyyətlər nəticəsində torpağa daxil olan sənaye, istehsalat tullantıları, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr torpaqda yığılaraq bir sıra problemlərin yaranmasına gətirib çıxarır və nəticədə torpağın özünütəmizləmə qabiliyyəti kəskin azalır. Torpaqda kimyəvi maddələrin yüksək miqdarda konsentrasiyası ilk növbədə bitki orqanizminə, daha sonra bu bitkilərlə qidalanan heyvan və insan orqanizmində bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Bununla əlaqədar, torpaqlara daxil olan tullantıların tərkibinə düzgün nəzarət olunmalı və yüksək miqdarda çirklənməyə məruz qalmış torpaqlarda rekultivasiya işləri həyata keçirilməlidir.

Tədqiq etdiyimiz Kiçik Qafqazın şimal-şərq hissəsində müxtəlif antropogen fəaliyyətlər nəticəsində ekoloji gərgin ocaqlar yaranmışdır. Belə ki, ərazinin torpaqları dağ-mədən sənayesinin müxtəlif tullantıları, ağır metallarla daha çox çirklənməyə məruz qalmışdır. Bu da öz növbəsində ətraf mühit komponentlərinin pozulması ilə nəticələnmişdir.

Bu baxımından məsələnin aktuallığını nəzərə alaraq tərəfimizdən yerinə yetirilən “Kiçik Qafqazın şimal-şərq yamacında torpaqların ağır metallarla çirklənməsinin ekoloji qiymətləndirilməsi” elmi-tədqiqat işi müasir dövrün tələblərinə cavab verən bir sıra mühüm məsələləri və onların həlli istiqamətlərini özündə cəmləşdirir.



Tədqiqatın məqsədi. Aparılan elmi-tədqiqat işi özündə aşağıdakı mühüm məsələləri özündə birləşdirir:

- Kiçik Qafqazın şimal-şərq yamacı torpaqlarında yayılan ağır metalların təhlükəlilik dərəcəsindən asılı olaraq təsnifləşdirilməsi, xarakterik xüsusiyyətlərinin araşdırılması;

- Müxtəlif antropogen təsirlər nəticəsində torpağa daxil olan ağır metalların ekoloji qiymətləndirilməsi;

- Ağır metalların yayılmasını intensivləşdirən mənbələrin araşdırılması, təbii və texnogen proseslərin torpaqda ağır metalların yayılmasındakı rolunun qiymətləndirilməsi;

- Torpaqda ağır metalların yüksək konsentrasiyasının yol açdığı problemlər, canlı orqanizmlərdə bu problemlərin yaratdığı nəticələrin dəyərləndirilməsi;

- Dünya təcrübəsində torpaqların ağır metallardan təmizlənməsində istifadə olunan metod və texnologiyaların araşdırılması, tədqiq olunan ərazinin torpaqlarına tətbiq olunması baxımından müsbət və mənfi cəhətlərinin müəyyənləşdirilməsi;



Tədqiqatın informasiya bazası və işlənmə metodları Dissertasiya işinin yerinə yetirilmisində zəngin ədəbiyyat materiallarından, statistik göstəricilərdən, MDB dövlətlərində və xaricdə nəşr olunmuş bir çox müvcud ədəbiyyatlardan, həmçinin şəxsi tədqiqat işlərindən istifadə edilmişdir.

Tədqiqat işinin yerinə yetirilməsi zamanı aşağıdakı metodlardan istifadə edilmişdir:

- Fiziki-kimyəvi metod - tədqiq olunan ərazinin strukturu, torpaqların kimyəvi tərkibi, mikroelementlərin miqdarı, ağır metalların torpağın fiziki-kimyəvi və bioloji şəraitinə təsir xüsusiyyətləri müəyyənləşmişdir.

- Rizayi-statistik metod - iqlim dəyişmələri, ətraf mühitdə temperatur, rütubət parametrləri, ağır metalların konsentrasiyasının buraxıla bilən hədd miqdarı müqayisəli şəkildə müəyyənləşdirilmişdir.

- Müqayisəli-coğrafi metod - torpaq ehtiyatlarının, bitki örtüyünün yayılma arealı müəyyənləşdirilir.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat apardığımız ərazidə yayılan ağır metallar təhlükəlilik xüsusiyyətlərindən asılı olaraq sistemləşdirilmişdir.

Ağır metallarla çirklənməyə məruz qalmış torpaqlarda ekoloji qiymətləndirmə aparılmış, yol verilən qatılıq miqdarından kənaraçıxmalar müəyyən edilmişdir.

Kiçik Qafqazın şimal-şərq hissəsində ağır metalların yaratdığı çirklənməyə qarşı kompleks mübarizə üsulları təklif edilmiş, bu üsulların iqtisadi səmərəliliyi araşdırılmışdır.

Torpağın ağır metallardan təmizlənməsində tətbiq olunan metod və texnologiyaların müsbət və mənfi cəhətləri sistemləşdirilmişdir.

Torpağın ağır metallardan təmizlənməsində tətbiq olunan fitoremediasiya üsulu geniş araşdırılmış və iqtisadi səmərəliliyi qiymətləndirilmişdir.

Tədqiqatın təcrübi əhəmiyyəti. Elmi tədqiqat işində ərazinin torpaqlarını ağır metallarla çirkləndirən proseslər müəyyənləşdirilmiş, çirklənməyə qarşı kompleks mübarizə tədbirləri təklif edilmişdir.

Dünya təcrübəsində uğurla sınaqdan keçmiş üsul və texnologiyalar, onların iqtisadi səmərəliliyi, müsbət və mənfi cəhətləri ətraflı tədqiq edildiyindən, elmi-tədqiqat işindən torpaqların ekoloji mühitinin yaxşılaşdırılması işlərində, tullantıların idarə edilməsi sahəsində, kənd təsərrüfatının, sənayenin iqtisadiyyatının bərpası və inkişafı məqsədilə istifadə edilə bilər.



Tədqiqatın strukturu. Tədqiqat işi giriş, üç fəsil, nəticə və təkliflər xülasə və ədəbiyyat siyahısı hissələrindən ibarətdir.

Giriş hissəsində mövzunun aktuallığı və tədqiqat obyektinin seçilməsi


əsaslandırılır, tədqiqatın məqsəd və vəzifələri, obyekti və predmeti müəyyən edilir,
işin elmi yeniliyi və praktiki əhəmiyyəti göstərilir.

Birinci fəsildə Kiçik Qafqazın şimal-şərq hissəsində torpaqəmələgətirən amillər təhlil edilmiş, ərazinin relyefi, iqlimi, hidroqrafiyası, bitki örtüyü, torpaq ehtiyatları ətraflı tədqiq edilmişdir. Eyni zamanda, tədqiq etdiyimiz ərazinin torpaq ehtiyatları, xarakterik xüsusiyyətləri qeyd olunmuşdur.

İkinci fəsildə Kiçik Qafqazın şimal-şərq hissəsində yayılan ağır metalların təhlükəlilik dərəcəsindən asılı olaraq xarakterik xüsusiyyətləri, ərazidə ağır metalların yayılmasını intensivləşdirən mənbə və proseslər və onların ekoloji qiymətləndirilməsi aparılmışdır.

Üçüncü fəsildə Torpaqların ağır metallarla çirklənməsinin yaratdığı problemlər,canlı orqanizmlərə təsirlərinin nəticələri müəyyənləşdirilmiş, eyni zamanda torpaqların ağır metallarla çirklənməsinə qarşı dünya praktikasında geniş yer tutan metod və texnologiyalar göstərilmişdir.

Dissertasiya işi 80 səhifədən, şəkil və cədvəllərdən ibarətdir.


FƏSİL I. KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ TƏBİİ COĞRAFİ ŞƏRAİTİNİN TƏHLİLİ

1.1 Coğrafi mövqeyi və relyefi

Kiçik Qafqazın şimal-şərq yamacı Respublikamızın qərb hissəsində Kiçik Qafqazın böyük bir ərazisini əhatə edir. Bu əraziyə 5 inzibati rayonun (Gədəbəy, Daşkəsən (bütövlükdə); Göygöl, Şəmkir və Tovuz rayonlarının şimal-şərq yamacı üzrə daxil olan dağlıq ərazilər) müəyyən əraziləri daxildir.

Kiçik Qafqazın şimal-şərq yamacı ərazisi müxtəlif oroqrafik quruluşa malikdir. Ərazinin cənub hissəsindən Şahdağ və Murovdağ silsilələri keçir. Tədqiqat obyektimiz şimaldan Şəmkir, Tovuz, Göygöl rayonlarının düzən əraziləri ilə, cənubdan Kəlbəcər rayonu və qismən Ermənistan Respublikası, şərqdən Goranboy rayonunun torpaqları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

Ərazinin relyefi torpaq əmələgəlmə prosesində bilavasitə iştirak edən amillərdən biridir. Relyef bitki örtüyünün tərkibinə və sıxlığına təsir göstərməklə torpaq əmələgəlmə prosesinə dolayı yolla təsir göstərir. Relyefin dağlıq və düzən olmasından asılı olaraq torpaqların qalınlığı, məhsuldarlığı dəyişir.[2]

Ərazidə şiş zirvələrə, dərin dərələrə, şiddətli parçalanmış dağ yamacları və suayırıcılarına daha çox rast gəlinir. Müşahidə edilən belə bir relyef endogen və ekzogen proseslərin uzun müddət birlikdə təsir göstərməsi nəticəsində əmələ gəlib.

Kiçik Qafqazın şimal-şərq yamacı qurşaqlıqlarla xarakterizə olunur. Burada 4 qurşaq ayırd edilir:



  1. Dağətəyi və alçaq dağlıq qurşaq (500-1200 m)

  2. Orta dağlıq qurşaq (1200-1800 m)

  3. Yüksək dağlıq qurşaq (2800m -dən yuxarı)

Dağətəyi və alçaq dağlıq qurşağın əsas relyef formalarının dərinliyi 500-1200 m olan çay dərələrindən, suayırıcılardan ibarətdir.

Orta dağlıq qurşaq bir sıra düzəlmə səthlərinin olması ilə səciyyələnir. Digər qurşaqlarda olduğu kimi, orta dağlıq qurşaqda da çay dərələri əsas relyef formasıdır.

Yüksək dağlıq qurşaq (2800m -dən yuxarı) Şahdağ və Murovdağ silsilələrinin suayırıcı hissəsini əhatə edir. Dağ yamacları dik və uçurumludur. Buradakı relyefin əmələ gəlməsində qədim buzlaşma böyük rol oynamışdır.

Kiçik Qafqazın şimal-şərq yamacı öz başlanğıcını Şahdağ və Murovdağ silsiləsindən götürür. Bu silsilələrlə Gəncə-Qazax maili düzənliyi arasında geniş (30-40 km, həmin silsilələrin suayrıcından isə 40-50 km), orta və alçaqdağlıq zona yerləşir. Şahdağ və Murovdağ silsilələrinin orta və alçaqdağlıq şimal yamacları oroqrafiyasının ən başlıca əlamətlərini geniş düzəlmə səthləri və dərin çay dərələri təşkil edir. Burada qədim buzlaq relyefi formalarına da rast gəlinir. Əsas suayrıcı silsilələrdən 8-10 km şimalda Hinaldağ və Göygöl fonunda Kəpəz dağı (3066 m) ucalır. Şahdağ və Murovdağ silsiləsinin şimal yamacı çox böyük sahəyə malik olmaqla şimaldan Kürün sağ sahili maili düzənliyi, cənubdan isə Şahdağ və Murovdağ silsiləsi ilə əhatə olunur.

Axıncaçayın mənbəyindən şərqə 50 km məsafədə Şahdağ silsiləsi uzanır. Silsilənin cənub yamacları Göyçə gölü çökəkliyinə düşür. Azərbaycan tərəfdə qalan silsilənin şimal-şərq yamacı, yəni tədqiq etdiyimiz ərazi isə mailidir. Şahdağ silsiləsi cənub-qərbə tərəf yüksəlir. Silsilənin orta yüksəkliyi 2750 m olub, bəzi zirvələrin yüksəkliyi 3000 m-ə yaxındır (Alagöllər, Qaraarxac və s.). Silsilənin ən yüksək nöqtəsi Hinaldağ zirvəsidir (3373 m). Şahdağ silsiləsindən şimala böyük və köndələn sıra Qoşqar dağı uzanır. Qoşqardağ Hinaldağ yaxınlığından başlayıb şimal-şərq istiqamətində uzanır. Qoşqar zirvəsindən (3368 m) 3 km məsafədə Qoşqar silsiləsinin suayrıcı üzərində Bala Qoşqar (2607 m) adlanan yüksək zirvə vardır.

Oroqrafik cəhətdən Şahdağ silsiləsinin şərqə davamı Murovdağ silsiləsidir (uzunluğu 55 km). Murovdağ silsiləsinə Gamışdağ (3722 m) və Murovdağ (3419 m) zirvələri daxildir. Silsilənin orta yüksəkliyi 3000 m-ə yaxındır. Murovdağ zirvəsindən şərqə tərəf silsilə sürətlə alçalır və qurtaracağında bir sıra təpəliklərə çevrilir. Kiçik Qafqazın şimal yamacı istiqamətində axan Gəncəçay öz başlanğıcını Şahdağ və Murovdağ silsiləsindən götürür.

Tədqiq etdiyimiz ərazinin şimal yamacında yerləşən sıra dağlar daha alçaq olub, bəzi nöqtələri 700-1000 m-ə çatır. Orta və mərkəzi hissədə yerləşən dağların ayrı-ayrı nöqtələri isə 500 m-ə çatır.

1.2 İqlim şəraiti

Kiçik Qafqazın şimal-şərq yamacının iqlimi ümumi coğrafi şəraitdən asılı olaraq müxtəlifdir və şaquli qurşaqlarla əlaqədar olaraq dəyişir. Ərazinin iqlim şəraiti müxtəlif amillərin təsiri altında formalaşır.

Bu amillər sırasında ilkin olaraq ərazinin coğrafi mövqeyi mühüm yer tutur. Coğrafi mövqe eyni zamanda ərazinin atmosferin planetar və regional sirkulyasiyası sistemində yerini müəyyən edir. Tədqiq olunan ərazidə iqlimin əmələ gəlməsində iştirak edən digər amil relyefdir. Relyef öz-özlüyündə iqlim yaradıcı amil kimi passiv olsa da iqlimin bütün elementlərinin ərazi diferensiasiyası ilk növbədə oroqrafik quruluşdan asılıdır.

Ekoloji baxımdan vacib olan iqlim ehtiyatları adı altında, ərazinin malik olduğu və insan fəaliyyətinin müxtəlif sahələrində istifadə edilən günəş enerjisi, havanın hərəkəti və nəmliyi nəzərdə tutulur. Ərazinin aqroiqlim ehtiyatları dedikdə isə, iqlimin o elementləri nəzərdə tutulur ki, bitki tərəfindən biokütlə hazırlanarkən bu göstəricilərdən istifadə olunsun. Bunlara bilavasitə təsir göstərən günəş enerjisi, nəmlik, onların nisbəti daxildir. [2]

Kiçik Qafqazın iqlim şəraitinə həsr olunmuş bir çox elm-tədqiqatlar Ə.Ə.Mədətzadə, E.M.Şıxlınski, Ə.D.Əyyubov və başqaları tərəfindən aparılmışdır.

Tədqiqat obyektimizin mürəkkəb geomorfoloji quruluşa malik olması ilə əlaqədar burada müxtəlif iqlim tipləri mövcuddur.

E.M.Şıxlınski Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində iqlimi rayonlaşdırarkən 4 iqlim tipi ayırmışdır ki, bunlar şaquli zonallıq qanununa uyğunluq təşkil edir.


  1. Yüksək dağlıq tundra iqlimi

  2. Soyuq və quru qış iqlimi

  3. Mülayim isti və quru qış iqlimi

  4. İsti yarımsəhra və quru çöllərin quru qış iqlimi

Mütləq yüksəkliklərdən, relyefin formalarından, ərazinin geomorfoloji quruluşundan, təbii qurşaqlardan asılı olaraq iqlim parametrləri dəyişir. Tədqiqat obyekti olan Kiçik Qafqazın şimal-şərq hissəsində orta illik yağıntıların paylanması ərazinin relyefindən və dəniz səviyyəsinin hündürlüyündən əsaslı surətdə asılıdır. E.M.Şıxlınski ərazidə 4 iqlim yarım rayonu ayırır;

  1. Yüksək dağlıq - İqlim çox rütubətli və soyuqdur; burada havanın orta illik temperaturu 20-3,70 arasında tərəddüd edir. Maksimum hərarət iyul və avqust aylarında müşahidə olunur (12,70), minimum temperatur (-6,40 - -10) yanvar ayında olur. Burada orta illik yağıntıların miqdarı 815 mm-dir.

  2. Orta dağlıq - Havanın orta illik temperaturu -5,7- 6,30, iyul ayında orta aylıq temperatur -16,3, yanvar ayında isə - 40 təşkil edir. Burada orta illik yağıntıların miqdarı 663 mm təşkil edir.

  3. Alçaq dağlıq - Qışı mülayim-isti və qurudur. Havanın orta illik temperaturu 8,9-10,50. Maksimum temperatur iyul ayında 19,3-21,6, minimum isə yanvar ayında [1,4-(0,7)] müşahidə edilir. Burada orta illik yağıntılar 400-500 mm təşkil edir.

  4. Dağətəyi - Dağ ətəyi zonada quru çöllər iqlim şəraiti hakimdir. Belə ki, havanın orta illik temperaturu +12,60, mütləq maksimum hərarət +24,40, mütləq minimum isə -0,40-dir. Atmosfer çöküntülərinin miqdarı 250-400 mm təşkil edir.

Ərazinin dağətəyi düzən hissəsində yağıntıların azlığı və orta temperaturun nisbətən yüksək olması səciyyəvidir. Ərazinin dağlıq və orta dağlıq zonaları qışı quraq keçən mülayim isti iqlimlə xarakterizə olunub, illik yağıntıların miqdarının tədricən artması və orta illik temperaturun yüksəkliyə qalxdıqca aşağı düşməsi nəzərə çarpır. Yüksək dağlıq qurşaqda yağıntıların miqdarı artır, temperaturun miqdarı isə xeyli azalır. Orta dağlıq və yüksək dağlıq ərazilərdəki qışı quraq keçən soyuq iqlim tipi günəş radiasiyasının çoxluğu, sərin yayı və soyuq qışı ilə fərqlənir. Ayrı-ayrı yüksək zirvələr və silsilələrdə dağ-tundra iqlimi hakimdir.

Tədqiq etdiyimiz Kiçik Qafqazın şimal-şərq yamacı Ə.D.Əyyubovun tədqiqatlarına əsasən aşağıdakı aqroiqlim rayonlarına bölünmüşdür ;



  1. Qazax-Göygöl,

  2. Hacıkənd-Çınqıldağ,

  3. Gədəbəy-Daşkəsən,

  4. Şahdağ-Kəpəz.

Qeyd olunanlara əsasən, 1-ci cədvəldə tədqiq olunan ərazidə aqroiqlim rayonlarının iqlim göstəricilərinin xarakteristikası verilmişdir.

Ərazidə havanın orta illik temperaturu 0˚-10˚C-dir. Yanvarın orta aylıq temperaturu -2˚-14˚C, iyulun orta aylıq temperaturu 5˚-20˚C arasında tərəddüd edir. Yay aylarında bəzən havanın minimum temperaturu 20˚-30˚C-dək aşağı düşür. İl ərzində havanın minimum temperaturu 8˚C, yanvar ayının orta temperaturu -5˚C, iyulun orta aylıq temperaturu isə 21˚C-dir.

5˚C-dən yuxarı olan temperaturun illik miqdarı 300˚-2800˚C, 10˚C-dən yuxarı temperaturun illik miqdarı isə 200˚-2200˚C arasında tərəddüd edir.

Kiçik Qafqazın şimal-şərq yamacının əsas iqlim göstəriciləri

Cədvəl 1



Aqroiqlim rayonları


Aprel-sentyabr dövründə yağıntıların miqdarı

(mm)


İyun- avqust dövründə quraqlıq günlərin sayı


ΣT>10˚C


İl ərzində günəş radiasiyası cəmi (kkal/san)


Havanın orta mütləq minimum tempera-turu


Qar örtüyü-nün

qalınlı-ğı,

Sm

Qazax-Göygöl

150-300

40-26

3000-4000

120-125

-5-12

7-15

Hacıkənd-

Çınqıldağ



300-350

26-12

2200-3000

125-130

-4-10

15-26

Gədəbəy-

Daşkəsən


350-400

26

1600-3000

130-135

-6-12

25-35

Şahdağ-Kəpəz

>400

<-2

800-1600

135-145

<-12

35-70

Havanın orta illik nisbi rütubəti 75% olub, il ərzində 67-82% arasında dəyişir. Ərazidə yağıntının illik miqdarı 600-900 mm-dir. Yağıntılara əsasən yaz fəslində təsadüf edilir.

Ərazidə əsasən şimal-şərq və qərb küləkləri əsir. Küləyin orta illik sürəti 2,2 m/san-dir. Qarla örtülü günlərin sayı 40-160 gün, dolu düşən günlərin sayı 5-12-dir.

Qeyd olunan parametrlərə əsasən, Kiçik Qafqazın şimal-şərq hissəsinin əksər aqroiqlim rayonları termik ehtiyatlar və rütubətlə təmin olunmasına görə oxşar şəraitə malikdirlər, lakin işıq ehtiyatlarına, bitkilərin qışlama şəraitinə və yay aylarının quraqlığına görə oxşarlıq təşkil etmirlər. [2]



1.3 Hidroloji xüsusiyyətləri

Kiçik Qafqazın çay şəbəkəsi ərazinin iqlimindən, relyefindən, bitki örtüyündən və başqa ekoloji amillərdən asılı olaraq müxtəlif dərəcədə inkişaf etmişdir. Ərazi üzrə çay şəbəkəsi qeyri-bərabər paylanmışdır. Əsasən dağlıq zonada (1000-2500 m) çay şəbəkəsi daha çox inkişaf etmişdir. Bu zonadan yuxarıda və aşağıda hidroqrafik şəbəkə olduqca zəifdir. [3]

Şahdağ silsiləsindən axan çayların şəbəkə sıxlığı daha çoxdur. Bu sahədə çay şəbəkə sıxlığı çox, çaylarda isə nisbətən az olub, 039-078 km/km² arasında dəyişir. Lakin axımın əmələ gətirdiyi sahədə çay şəbəkə sıxlığı daha çoxdur. (1,00-1,70 km/km²).

Yüksəkliyinə görə çay şəbəkə sıxlığı 1000-2500 m-ə kimi hündürlüyü olan sahələrdə daha çox inkişaf etmişdir (1,20-1,50km/km²). Ərazidə axım modulu Kür çayı sahillərindən dağlıq sahəyə kimi 1,00-18,0 san/km² arasında dəyişir.

Kiçik Qafqazın şimal-şərq yamacı yüksəkdağlıq silsilələrindən başlanğıcını götürməklə Gəncəçay (98 km), Şəmkirçay (95 km), Qoşqarçay (76 km) regionun böyük çayları hesab olunur. Öz mənbəyini ortadağlıq qurşaqdan götürən qalan çaylara nisbətən bu çaylarda ortaillik axımın həcmi 1,5-3 dəfə artıqdır.

Ərazidə axan ən böyük çaylardan Gəncəçay (98 km) başlanğıcını 2800-2850 m yüksəklikdən götürərək, Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından axır. Çay 5-i sağ, 4-ü sol qol olmaqla 9 qoldan ibarətdir. Murovdağ silsiləsi boyu Tərtərçayla, qərbdən Qoşqarçayın hövzəsi, şərqdən isə Kürəkçayın hövzəsi ilə həmsərhəddir. Çayın orta meyilliyi 27,7%, çay şəbəkəsinin sıxlığı 0,64 km/km²-dir. Gəncəçay yaz gursulu rejimli çay qrupuna aiddir. Gursululuq adətən mart ayından iyul ayınadək davam edir. Gəncəçayın qidalanmasında qar suları 32%, yeraltı sular isə 44% təşkil edir. Avqust, oktyabr, bəzən noyabr aylarında qısa müddətli daşqınlar yaranır.

Ərazinin ən böyük çaylarından biri olan Şəmkirçay (95 km) öz mənbəyini 2920 m yüksəklikdən götürüb, Kür çayına tökülür. Əsas 14 qola malikdir. Şəmkirçay yaz gursulu rejiminə malikdir. Qar suyu ilə qidalanma illik axım həcminin 38%- ni, yağış suları isə 17% -ni təşkil edir.

Gəncəçay və Şəmkirçayın arasından Qoşqarçay (76 km) axır. Qoşqarçay Kiçik Qafqazın Murovdağ silsiləsinin Qoşqar dağının (3368 m) şimal yamacından axan Hamamçay və Xoşbulağın qovuşmasından əmələ gəlir.Çay hövzəsinin sahəsi 798 km²- dir. Qoşqarçayın 10 qolu vardır, onlardan 4-ü sağ, 6-sı sol qoludur. Qoşqarçayın suyu sənaye və kənd təsərrüfatında geniş istifadə olunur. Bərk axım çay hövzəsində səth suları hesabına əmələ gələn aşınma prosesi nəticəsində baş verir.

Tədqiqat apardığımız ərazidə axan çayların böyük kənd təsərrüfatı əhəmiyyəti vardır. Belə ki, bu çayların sularından böyük əkinçilik potensialına malik olan düzən zonanın torpaqları suvarılır.

Kiçik Qafqazın şimal-şərq ərazilərinin düzən sahələrində qrunt sahələri geniş yayılmışdır. Onlara hər yerdə rast gəlmək mümkündür. Bu sular çayların gətirmə konuslarında, konuslararası süxurlarda və çayların allüvial çöküntülərində daha geniş yayılmışdır.


Ərazidə yerləşən gölləri mənşəyinə görə 2 qrupa ayırırlar:

  1. Uçqun gölləri (Göygöl qrupu gölləri- Göygöl, Maralgöl, Murov Qaragölü, biçənək aşırımı gölləri)

  2. Buzlaq gölləri (Murovdağ, Şahdağ silsiləsinin gölləri)

Əksər hallarda sahəsi 1 km²- dən kiçik olan bu göllər respublikanın ən dərin gölləridir. Bu qrupa aid göllərdən Murovdağ silsiləsinin şimal yamacında Kəpəz dağının ətəyində yerləşən Göygöl və onun ətrafındakı meşəli dağlar sahəsində bir qrup zəlzələ- uçqun gölləri qeyd etmək olar. Bu göllərdən ən dərinləri Göygöl (sahəsi 0,79 km², maksimal dərinliyi 93m), Şəmkir Göygölü (sahəsi 0,34 km², dərinliyi 66m) və Maralgöldür (sahəsi 0,23 km², dərinliyi 61 km).


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə