Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,57 Mb.
səhifə2/8
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5938
1   2   3   4   5   6   7   8

1.4 Fitosenotik örtük

Torpaqəmələgəlmə prosesində bioloji amillər, xüsusən bitki örtüyü başlıca rol oynayır. Bitki torpağa daxil olan və torpaqda humusa çevrilən üzvi maddələrin əsas mənbələrindən biridir. Eyni zamanda bitki örtüyü torpağı yuyulmaqdan qoruyan və münbitliyinin saxlanılmasında iştirak edən başlıca amillərdəndir.

Tədqiq etdiyimiz ərazinin torpaq ehtiyatları yüksək dərəcədə mənimsənildiyindən təbii bitki örtüyü məhdud şəkildə qorunub saxlanılmışdır. Buna baxmayaraq, ərazinin iqlimi, relyefi, torpaq örtüyü və torpaq əmələgətirən süxurların müxtəlifliyi orada bitən meşə bitkilərinin rəngarəng olmasına səbəb olmuşdur.

Kiçik Qafqazın şimal-şərq yamacında bitki örtüyü şaquli zonallıq qanununa əsasən formalaşmışdır. Ərazinin dağlıq zonasından aşağı endikcə bitki formasiyalarında dəyişiklik müşahidə edilir. Kiçik Qafqazın şimal-şərq yamacında bitki örtüyünün müxtəlifliyi qurşaqlarla əlaqədar olub, floristik cəhətdən Cənubi Avropanın dağ meşələri əyalətinə daxildir. (A.A.Qrossheym,1948)

Kiçik Qafqazın şimal-şərq yamacında 400-500 m yüksəkliyə qədər yarımsəhra və quru-çöl bitkiləri geniş yayılmışdır. Bu zonada torpaqda rütubətin çatışmaması, yay aylarında temperaturun yüksək olması, rütubətin buxarlanması və torpağın şoranlaşması bitki örtüyünün dəyişməsinə təsir edən əsas amillərdəndir. Ərazidə yarımsəhra bitkilərindən yarımçöl şəkilli Meyer yovşanı (Artemisia Meyeriana L.), soğanaqlı qırtıclı efemerlər, dənli bitkilər, xaççiçəklilər, paxlalılar və qaymaqçiçəklilər fəsiləsindən ibarət birillik efemerlər yayılmışdır. Yağıntıların qeyri-bərabər paylanması yarımsəhra formasiyasının inkişafına şərait yaratmışdır. Belə ki, yazın əvvəlində yağışların intensivliyi ilə əlaqədar olaraq efemer bitkilər sürətlə böyüyüb yaşıllaşırlar. Aprelin sonu və mayın əvvəllərində isə vegetasiya dövrlərini başa vurub tələf olurlar, payızda yenidən canlanırlar.

Tədqiq etdiyimiz ərazidə 500-700 m hündürlüklərə qədər çöl formasiyası fonunda qarışıq tərkibli bitkilər zonasına rast gəlinir. Bu qurşaq alçaq dağlıq ilə dağətəyi sahələrdə yarımsəhra qurşağı ilə birləşib qarışıq bitkilər qrupu əmələ gətirir. Ərazidə dağ kserofit bitkiləri geniş yayılmışdır. Dağ kserofitlərinin qarışıq qruplar əmələ gətirməsi ərazinin torpaq örtüyü, yamacların quruluşu, relyefi və s. sıx surətdə əlaqədardır. Burada dağ kserofitləri yarımsəhra bitkilərinə nisbətən çox zəngindir. Bu bitkilərdən gəvən, südlübiyan, kəklikotu, ağ ot, murdarça və s. geniş yayılmışdır. Dağlıq sahələrə yaxınlaşdıqca şiyav, şırımlı topa (Festuca Sulcata E.), daşdayan (Antropogon L.) və başqa dənli bitki növləri artır .

Dəniz səviyyəsindən 600-700 m yüksəklikdən meşələr başlanır. Bu qurşaq şərqdən Göygöl rayonundan başlamış, qərbdən Gürcüstanla olan sərhədə qədər dar bir zolağı əhatə edir. Kiçik Qafqazın ayrı-ayrı hissələrində əsas meşə əmələgətirən ağaclardan fıstıq, ağcaqayın, palıd, vələs və bəzi ağac növləri üstünlük təşkil edir. Bunlardan başqa meşələrdə göyrüş, Kox şamı (Göygöl ətrafında) ağacları, kol bitkilərindən zoğal, göyəm, itburnu, alça, fındıq, yemişan, əzgil və başqaları geniş yayılmışdır. Meşənin aşağı qurşağında olan ağacların boyu qısa və sıxlığı zəif olur. Dağ yamacı ilə yüksəkliyə qalxdıqca bu ağaclar sıxlaşmaqla yanaşı hündür boylu və çox növlü meşələrə çevrilir. Eyni zamanda, quraqlığa davamlı olan meşə ağacları yüksəkliyə qalxdıqca rütubətsevən ağac növləri ilə əvəz olunur.

Kiçik Qafqazın şimal-şərq hissəsində meşə-bitki formasiyaları şaquli istiqamətdə aşağıdakı qayda ilə bir-birini əvəz edir. Alçaq dağlıq qurşaqda gürcü palıdı, orta dağlıq qurşaqda şərq fıstığı, vələs və yuxarı dağ qurşağında isə şərq palıdını göstərmək olar. Burada olan palıd meşələri tək-tək hallarda başqa ağac cinsləri ilə qarışır. Bəzən bu ağacların arasında başqa ağac cinsləri, ağcaqayın və vələs ağaclarına da rast gəlinir.

Müəyyən edilmişdir ki, meşə bitki formasiyasının şaquli zonallıq üzrə dəyişməsi torpaq tiplərinin dəyişməsinə də böyük təsir göstərir. Belə ki, alçaq dağlıq zonada inkişaf etmiş palıd meşəsi altında qəhvəyi dağ-meşə torpaqları, orta dağlıq qurşaqda fıstıq meşəsi altında tünd qonur dağ-meşə torpaqları, yüksək dağlıq qurşaqda isə açıq qonur dağ-meşə torpaqları inkişaf etmişdir. Dağ meşələri xüsusilə meyilli yamaclarda torpağı yuyulmadan mühafizə edib, dağ çaylarında su rejimini nizama salır, qarın tədricən əriməsinə səbəb olmaqla suyun torpağa hopmasını təmin edir və buxarlanmanın qarşısını alır.

Alçaqdağ meşələri 600-700 m yüksəkliklərdən başlanır. Əksər ərazilərdə (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xanlar, Goranboy rayonları ərazisində) 800-1000 m yüksəkliklərə qədər meşələr tamamilə qırılmış, onların yerində törəmə bitki formasiyaları inkişaf etmişdir. Bunlara alçaqdağ və dağətəyi zona çölləri, çöl-kol formasiyası və kolluqlar daxildir. Tovuz və Xanlar rayonları alçaqdağlığında meşədən sonrakı çöl və çöl-kol formasiyası, Şəmkir rayonu alçaqdağlığında isə kol formasiyası üstünlük təşkil edir. 900-1000 m yüksəkliyə qədər olan yamaclarda meşələr seyrək və qarışıqdır.

Aşağı qurşaqda meşələr əsasən, iberiya palıdından (Quercus İberica) ibarətdirsə, yuxarı hissələrdə ona vələs, 800-900 m-dən yuxarı isə fıstıq ağacları qarışır. Dağ meşə qurşağının fıstıq meşələri zonasında təmiz və qarışıq fıstıq meşələri əsasən dağların daha rütubətli və kölgəli şimal yamaclarında yayılmışdır. Aşağı qurşaqdakı meşəaltı bitkilər əsasən, yemişan, zoğal, murdarça kolları, palıd, vələs pöhrələrindən ibarətdir.

Orta dağlıq qurşaqda (1000 m-dən 1700 m-ə qədər) başlıca olaraq fıstıq meşələri yayılmışdır. 1400 m-lə 1600 m yüksəkliklər arasında şərq fıstığı (Fagus orientalis) üstünlük təşkil edir. Dağlara qalxdıqca aşağı qurşağın quraqlıq sevən ağac növləri rütubətsevən növlərlə əvəz olunur. Bu qurşağın şimal yamacları fıstıq, şərq və qərb yamacları isə fıstıq-vələs, palıd-vələs meşələri ilə örtülüdür. Burada 3-5 sm qalınlığında meşə döşənəyi əmələ gəlir, ot bitkisi isə inkişaf edə bilmir.

Yüksək dağlıq qurşaqda (1700 m-dən 2100 m-ə qədər) şərq palıdı (Quercus marienthera) üstünlük təşkil edir. Meşə ağacları bir qədər xırda boylu və seyrək olduğu üçün ot örtüyünün inkişafına şərait yaranır. Bu qurşaqda ən çox işıqsevən şərq palıdına, şimal yamaclarda isə palıd ilə qarışıq şərq fıstığına rast gəlinir. Daha yüksəkliyə qalxdıqca palıdın sayı çoxalır. Fıstığa yalnız şimal səmtli yamaclarda rast gəlinir. Yüksəklik artdıqca fıstıq tamamilə sıradan çıxır, bəzi sahələrdə bu tozağacı ilə əvəz olunur.

Tədqiq etdiyimiz ərazinin bütün yüksəklik qurşaqlarında ardıc ağacına rast gəlmək mümkündür. Lakin burada da ardıc meşələri geniş sahələri tutmayıb kiçik ləkələr, dar zolaqlar şəklində yayılmışdır.

Antropogen təsirlərin intensivliyi nəticəsində kiçik sahələrdə əsaslı şəkildə qorunmuş fıstıq və palıd ağac cinslərindən ibarət meşə örtüyü qalmışdır. Bölgədə əkinçilik və maldarlığın inkişafı nəticəsində meşə örtüyü demək olar ki, heç bir yerdə öz təbii sərhədində qalmamış, bir çox yerlərdə meşə örtüyü tamamilə sıradan çıxmış və ərazini şiddətli eroziyaya uğramış çılpaq sahələr əvəz etmişdir. Bununla əlaqədar bölgədə meşə ilə örtülü sahələrin faizi xüsusilə son 10-15 ildə əsaslı şəkildə aşağı düşmüşdür. Əkinçilik məqsədilə istismar olunan meşələrin təbii yolla bərpası artıq mümkün deyil. Bu sahələrdən əsasən kartof və taxıl bitkiləri yetişdirmək məqsədilə istifadə edilir. Kol formasiyaları yayılmış sahələrdən isə örüş kimi istifadə edilməsi palıd, vələs pöhrələrinin böyüməsinə ciddi maneə törədir.

Şahdağ və Murovdağ silsilələrinin yüksək dağlıq hissəsi subalp çəmənləri ilə örtülüdür. Subalp çəmənləri 1800-2300 m yüksəkliklər arasında geniş zona əmələ gətirir. Meşələrin qırılması ilə əlaqədar olaraq, bəzi yerlərdə bu çəmənlər 1800-1900 m-ə qədər enir. Nəticədə meşə-bitki örtüyü əvəzinə çəmən bitki qrupları əmələ gəlmişdir. Subalp bitkilərinin boyları hündür və növ sayı çox olduğu üçün biçənək kimi istifadə olunur. Təbii bitki örtüyü pozulmamış sahələrdə subalp çəmənliyinin böyük torpaqqoruyucu əhəmiyyəti vardır. Burada bitən müxtəlif dənli və paxlalı bitkilər torpağı atmosfer çöküntülərinin dağıdıcı qüvvəsindən mühafizə edir. Subalp bitkiləri zəngin tərkibə malikdir. Buradakı çoxillik otlardan ibarət çəmən bozqırlarında ağ ot üstünlük təşkil edir. Subalp çəmənlərində ala topal (Festuca varia H.), şırımlı topal (Festuca sulcata E.) və alp qırtıcı, mərcanotundan ibarət fitosenozlar geniş yayılmışdır.

2300 m yüksəklikdən qayalı və çınqıllı sahələrdə alp çəmənləri başlanır. Alp çəmənlikləri ərazinin geomorfoloji xüsusiyyətlərindən, relyefin formalarından asılı olaraq müxtəlif tipli və müxtəlif tərkiblidir. Eyni zamanda subalp çəmənlikləri ilə müqayisədə daha geniş sahə tutmaqla yay otlaqlarının əsasını təşkil edir. Alp formasiyası alçaqboylu müxtəlif otlarla xarakterizə olunub, bütöv örtük əmələ gətirməklə çim qatı yaradır.

Alp çəmənlərində pişikquyruğu, tarlaotu, qırtıc, yonca, zəngçiçəyi, qaymaqçiçəyi və bir çox başqa ot bitkiləri geniş yayılmışdır. Daşlı-kəsəkli sahələrdə dağ-bozqır bitkilərindən topal, dovşantopalı və s. seyrək bitki qatı əmələ gətirir. Bu bitkilər nəmlənmə dərəcəsi və substratın səciyyəsindən asılı olaraq, qapalı yaxud açıq areallar təşkil edir. Aparılan tədqiqatlar nəticəsində bu zonada yayılan bitkilərin növ sayının az olması və bitki örtüyünün seyrək inkişaf etməsi müəyyənləşmişdir. Belə sahələrdə mal-qaranın sistemsiz və intensiv otarılması bitki örtüyünün daha da seyrəkləşməsinə və bəzi sahələrin bitki örtüyündən məhrum olmasına səbəb olur ki, nəticədə eroziya prosesi geniş inkişaf edərək torpaqların deqradasiyasına şərait yaradır.

Tədqiqat apardığımız ərazinin çay vadilərində də müxtəlif bitki qrupları inkişaf etmişdir. Bu bitkilər iki qrupa bölünür.


  1. Su basar və çay sahili meşələr;

  2. Çay vadisi çəmən bitkiləri;

Subasar və çay sahili meşələr əsasən ərazi daxilində axan Kürəkçay, Gəncəçay, Qoşqarçayın axını boyunca yayılmışdır. Bundan başqa buradan axan kiçik çayların da vadilərində bəzi ağac növləri yayılmışdır. Subasarda və çay sahillərində yayılmış ağaclardan: söyüd, iydə, qoz, armud, alma, tut və bəzi meyvə ağaclarını göstərmək olar. Çay vadilərində isə çəmən bitkilərindən çim, vəhşi yonca, alma çiçəyi, cil və s. bu kimi bitkilər yayılmışdır.

1.5 Torpaq ehtiyatları

Kiçik Qafqazın şimal-şərq yamacı torpaqlarının müxtəlifliyi, təbii şəraitinə görə bir-birindən fərqlənməsi ərazinin ekoloji səciyyələndirilməsi zamanı daha da aydın müşahidə olunur. Kiçik Qafqazın torpaq örtüyü çox zəngin olub, şaquli zonallıq qanunauyğunluğunda inkişaf etmişdir.

Torpaqşünaslıq elminin banisi V.V.Dokuçayev 1899-cu ildə Qafqaza səfər çərçivəsində regionun torpaqları haqqında ümumi fikir söyləmişdir. V.V.Dokuçayevdən sonra Qafqaz torpaqlarının yayılma xüsusiyyətləri və dağlıq zonada torpaqların şaquli zonallıq qanunu əsasında formalaşması haqqında S.A.Zaxarov məlumat vermişdir. S.A.Zaxarov hər bir torpaq zonasında, torpaqların morfoloji quruluşu və torpaqəmələgəlmə şəraitini nəzərə almaqla, torpaq müxtəliflikəri ayırmışdır.

Kiçik qafqazın şimal-şərq hissəsində (əsasən Murovdağ və Şahdağ zonasında) 1939-cu ildən başlayaraq M.E.Salayev, Ə.K.Zeynalov, Ş.Q.Həsənov, M.E.Salayev, B.Q.Şəkuri əsaslı tədqiqat işləri aparmışdır. 1970-1980-cı illərdə B.Q.Şəkurinin rəhbərliyi altında Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində beynəlxalq proqram əsasında torpaqların bioloji məhsuldarlığı tədqiq edilmiş, nəticələrin əsasında bir neçə monoqrafiya dərc edilmişdir.

Kiçik Qafqazın torpaq örtüyü, torpaqların təsnifatı, morfogenetik xüsusiyyətləri köklü şəkildə M.E.Salayev, B.Q.Şəkuri tərəfindən araşdırılmışdır. Kiçik Qafqazın torpaq örtüyünün son və dəqiqləşdirilmiş təsnifatını isə M.E.Salayev vermişdir. Müəllif qeyd edir ki, Kiçik Qafqaz vilayətinin torpaq örtüyünün tərkibinə respublikamızda daha çox yayılmış torpaq tipləri daxildir.

Aparılan çoxsaylı və miqyaslı tədqiqatlara əsasən göstərmək mümkündür ki, ərazidə torpaq örtüyünün əmələgəlmə prosesinin özünəməxsusluğu müxtəlif bioiqlim və geomorfoloji şəraitdə formalaşmasıdır.

Torpaq ehtiyatları təbii landşaftın mühüm komponentlərindən biridir. Tədqiq etdiyimiz ərazinin torpaqlarının diferensiasiyasında yüksəklik zonallığı qanunauyğunluğu xüsusi yer tutur. Dağlıq sahələrdə nəinki torpaq örtüyü, eləcə də landşaftın bütün komponentləri (substratdan başqa) və bütövlüklə təbii komplekslərin yayılması bu qanunauyğunluğun təsirindən kənarda qala bilmir.

M.E.Salayev Kiçik Qafqazda apardığı geniş miqyaslı tədqiqatın nəticəsi kimi aşağıdakı landşaft tipləri və torpaq zonaları ayırmışdır.



  1. Alp və subalp çəmənlərin və çəmən bozqırların qurşağı (torpaqları)

  2. Mezofil meşə qurşağı (torpaqları)

  3. Kserofil meşə, kolluqlar və bozqırlar qurşağı (torpaqları)

  4. Quru subtropik bozqır və yarımsəhra qurşağı (torpaqları)

M.E.Salayev tərəfindən 1991-ci ildə Azərbaycanın torpaqlarının yeni təsnifat sxemi təklif edilmişdir. O, Kiçik Qafqaz torpaqlarının təsnifat sxemində aşağıdakı taksonomik vahidləri tətbiq etmişdir :tip, yarımtip, cins, növ.

Torpaq tipi anlayışı elmə ilk dəfə V.V.Dokuçayev tərəfindən daxil edilsə də, sonralar bir sıra tədqiqatçılar tərəfindən dəqiqləşdirilmişdir. Həmin təsnifatı tərtib edərkən torpaq xassələri və torpaqəmələgəlmə amilləri də nəzərə alınmaqla başlıca amil kimi götürülmüşdür (torpaq xassələri - torpaq əmələgəlmə prosesi - torpaq əmələgətirən amillər). Müəllifin fikrincə, bu cür ekoloji-genetik yanaşma torpaqların istehsal xüsusiyyətlərini daha ətraflı müəyyənləşdirməyə və həmin təsnifatdan praktikada iri miqyaslı torpaq tədqiqatlarında istifadə etməyə imkan verir.

Kiçik Qafqazın torpaq örtüyü bir sıra təbii və antropogen amillərin (relyef, iqlim, torpaq əmələgətirən süxur, bitki örtüyü və insanın təsərrüfat fəaliyyəti) uzun müddət qarşılıqlı təsiri altında formalaşmışdır.

Tədqiq etdiyimiz Kiçik Qafqazın şimal-şərq yamacı ərazisinin dağlıq olması torpaq əmələgəlmə şəraitinin və torpaq örtüyünün müxtəlifliyini şərtləndirən əsas amil hesab olunur.

Kiçik Qafqazın şimal-şərq yamacının torpaq örtüyünün elmi tədqiqi aşağıdakı I -dağ-çəmən, II - qonur dağ-meşə, III - dağ-qara, IV - qəhvəyi dağ-meşə, V - dağ-boz-qəhvəyi torpaq tiplərində aparılmalıdır.

Aşağıdakı şəkildə tədqiq edilən ərazidə yayılmış torpaq ehtiyatlarının faizlə göstəriciləri verilmişdir.



Kiçik Qafqazın şimal-şərq yamacı torpaqlarının faizlə göstəriciləri

1- dağ-çəmən ; 2- qonur dağ-meşə ; 3- dağ-qara ; 4- qəhvəyi dağ-meşə ; 5- bozqırlaşmış dağ-qəhvəyi ; 6- dağ-boz qəhvəyi ; 7- digər torpaqlar



Dağ-çəmən torpaqları. Dağ-çəmən torpaqları Kiçik Qafqazın yüksək dağlıq zonasında dəniz səviyyəsindən 1800-3000 m və daha çox hündürlükdə yerləşir. Bu torpaqlar alp və subalp çəmənlərinin və çəmən-bozqırlarının torpaqlarına aiddir.

Dağ-çəmən torpaqları humusun yüksək miqdarı ( 10 %-dən çox) və dərinliyə getdikcə kəskin şəkildə azalması, mübadilə həcminin 45-60 m.ekv və turş reaksiyasının yüksək olması ilə səciyyələnir.

Tədqiq olunan ərazi üzrə ümumi sahəsi 98459, 43 ha, yaxud ümumi sahənin 22,71%-i qədərdir. Bu torpaqların dənli-müxtəlifotlu bitkiliyi qısa vegetasiya dövrü ərzində güclü kök sistemi inkişaf etdirir və dağ-çəmən torpaqlarının üst qatlarının səthi yuyulmaya qarşı davamlılığını təmin edən tünd rəngli sıx çim qatının yaranmasına səbəb olur.

Dağ-çəmən torpaqları bütövlükdə örtük qatı əmələ gətirmir, çox vaxt skeletlik və profilin primitivliyi ilə seçilir ki, bu da onların bərk ana süxurlar üzərində formalaşması ilə izah edilir. Bu torpaqların üst qatları daha az skeletlidir, halbuki dərinə getdikcə skeletlik əhəmiyyətli dərəcədə artır, çınqıl və süxur qırıntılarına rast gəlinir. Dağ-çəmən torpaqları yuxarı qatlarında kalsiumun və maqneziumun biogen toplanması ilə də səciyyələnir. [1]

Qeyd olunan torpaq tipində nisbətən aşağı temperaturlar (orta illik temperatur 5ºC- yə yaxındır) və bolluca atmosfer yağıntıları nəticəsində bitki örtüyünün kök sisteminin bol kütləsi çox yavaş çürüyür və yarıçürümüş vəziyyətdə toplanır. Orta illik temperatur 4,2-5,1ºC arasında tərəddüd edir. Orta temperaturu mənfi (-5,1-8,9ºC) olan aylar dekabr-yanvar və fevral aylarıdır. Ən isti ayın (iyul) orta temperaturu (10,9-11,2ºC). 10ºC-dən yuxarı illik aktiv temperaturların cəmi 1280-1780ºC. Yağıntıların orta illik miqdarı 1200-1600 mm təşkil edir. Buxarlanma isə çox zəifdir.

Alp qurşağında bitkilər başdan-başa örtük təşkil etmir, fraqmentlər şəklində tez-tez daşlı sahələrlə növbələşir. Alp və subalp çəmənlikləri zonasının daşlı-qayalı hissələrində əsas bitkilər mamır və şibyələrdir. Çim əmələgətirən bitkilərdən cır yulaf, qumotu, şehduran, şirpəncəsi və s. qeyd etmək olar.

Dağ-çəmən torpaqları yüksək məhsuldarlıqlı yay otlaqları, biçənəklər, qismən isə köküyumru bitkilər altında istifadə olunur.
Qonur dağ-meşə torpaqları. Qonur dağ-meşə torpaqları Kiçik Qafqazın 800-2200 m hündürlükdə olan rütubətli hissələrini tutur. Azərbaycanda qonur dağ-meşə torpaqları S.A. Zaxarov, M.E. Salayev, H.Ə. Əliyev, E.F. Şərifov, Ş.İ. Mirzəyev və başqaları tərəfindən öyrənilmişdir.

Qonur dağ-meşə torpaqları bütövlükdə dağlıq şəraitdə, dağ yamaclarında inkişaf etmişdir. Bu torpaqların torpaq əmələgəlmə prosesinə və torpaqların yayılmasına, onun müxtəlifliyinə ciddi təsir göstərən əsas səbəblər olaraq yamacların yüksəkliyi, meyilliyi, aşınma qabığının qalınlığı və s. göstərmək olar.

Qonur dağ-meşə torpaqları yekcins profilə malikdir; onlar üçün humusun yüksək ( 5- %) miqdarı yuxarıdan aşağıya doğru azalır, udulmuş əsasların cəmi yüksək ( 28-40 m.ekv / 100 qr torpaqda), torpaq reaksiyası turşdur ( pH 6,0-6,7). Bu torpaqlar bəzən səthdən başlayaraq skeletli olur. Qonur dağ-meşə torpaqlarına yuyulmuş dağ-meşə və meşə altından çıxmış qonur torpaqlar da aid edilir.

Ərazinin relyefi eroziya təhlükəsi olan şiddətli parçalanmış orta dağlıq xarakteri daşımaqla dağ çayları ilə güclü parçalanmışdır.

Əsasən bir çox hallarda qalın və orta qalınlıqlı torpaqlar şimala baxarlı yamaclarda inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, bu torpaqlarda meyillilik artdıqca torpaqların qalınlığı da artır. Orta qalınlıqlı torpaqlar ən çox cənuba baxarlı yamaclarda üstünlük təşkil edir. İstər şimala, istərsə də cənuba baxarlı yamaclarda qalın profilli torpaqlara daha çox rast gəlinir.

Qonur dağ-meşə torpaqlarının yayıldığı ərazilərin iqlim göstəricilərində fərqlər müşahidə edilir. Kiçik Qafqazın qonur meşə torpaqları zonası mülayim-soyuq və mülayim-isti iqlimlə səciyyələnir. Orta illik temperatur 6-80ºC, illik yağıntıların miqdarı 600-710 mm-dir. Burada yağıntıların rejimində kəskin mövsümi dəyişikliklər müşahidə edilmir, il boyu torpaqda kifayət qədər faydalı rütubət mövcud olur. Yağıntıların miqdarının nisbətən yüksək, buxarlanmanın isə az olması, ərazinin təbii parçalanması, torpaq və qruntun yüksək çınqıllı olması və s. bu torpaqların yuyucu su rejimi şəraitində inkişafına səbəb olmuşdur.

Qeyd olunduğu kimi, qonur dağ-meşə torpaqları meşələrin üst rütubətli qurşağında formalaşır. Bu qurşaqda əsasən şərq fıstığı yayılmışdır. Ona görə bu qurşağa fıstıq meşə qurşağı da deyilir. G.A.Hacıyeva Kiçik Qafqazda apardığı tədqiqatı zamanı qeyd etmişdir ki, qonur dağ-meşə torpaqları fıstıq, vələs, palıd və başqa qarışıq meşələr altında əmələ gəlmişdir. Bu meşələr çox sıx və hündür ağaclı olur. 1400-1600 m yüksəklikdə fıstıq meşələri daha da sıxlaşır. Burada ot bitkilərinə təsadüf edilmir.

Yüksəlik artdıqca meşələrin tərkibində vələs ağaclarının sayı artır, ancaq getdikcə bu tərkibə fıstıq ağacları da qarışır. Meşəaltı örtük yemişan, əzgil, zoğal, alça kolluqlarından ibarətdir.

M.E. Salayev qonur dağ-meşə torpaqları üçün podzollaşma əlamətlərinin səciyyəvi olmadığını göstərir. Qonur dağ-meşə torpaqlarının genezisində bitki qalıqlarının tərkibində kül elementlərinin yüksək olması ilə yanaşı, torpaq əmələgətirən süxurların xeyli çınqıllı olması da əhəmiyyətli rol oynayır. Bu amillərin təsiri altında torpağa qələvi və qələvi-torpaq elementləri daxil olur. Bu torpaqların yayıldığı ərazilərin təbii parçalanması, torpaqların yaxşı aqreqatlaşması aerobioz şəraitin yaranmasını qeyri-mümkün edir.
Dağ-qara torpaqları. Respublikamızda dağ-qara torpaqları çox münbit olub, kənd təsərrüfatının inkişafındakı torpaq fondunun əsas tiplərindən biri kimi böyük əhəmiyyətə malikdir. Bu torpaqlar Kiçik Qafqazın Murovdağ və Qarabağmsilsiləsinin şimal yamaclarında, Gədəbəy rayonunda inkişaf etmişdir.

Respublikamızda dağ- qara torpaqlarının tədqiqi ilə bağlı M.E. Salayev, G.A. Salamov, H.Ə. Əliyev, Q.Ş. Məmmədov və başqaları məşğul olmuşlar.

Dağ-qara torpaqları meşənin aşağı sərhədlərində meşə torpaqlarının ətrafında ayrı-ayrı massivlər, ləkələr şəklində yayılır və yayılmasında müstəqil zona əmələ gətirmir. Bu torpaqlara bəzən ot örtüyü yaxşı inkişaf etmiş seyrəkləşmiş quru meşələrdə və meşəsizləşmiş dərindən bozqırlaşmış meşə-bozqır ərazilərində rast gəlmək mümkündür.

Respublikamızda qara torpaqların yayıldığı ərazilər dağlıq olduğu üçün iqlim göstəriciləri qara torpaqların mərkəzi fraksiyasından fərqlənir. Bu torpaqların yayıldığı dağ və çəmən bozqırlarının iqlimi mülayim isti və quru qış fəsli ilə səciyyələnir. Qış fəsli quru keçir və uzun müddətli olmur. Bu torpaqlarda vegetasiya uzun müddətli davam edir. Yağıntıların əksəriyyəti yaz və yayın əvvəllərində düşür.

Dağ-qara torpaqların ekoloji-coğrafi şəraiti bütövlükdə torpaq əmələgəlmənin xarakterinə, üzvi maddələrin toplanmasına, karbonatlı profilin əmələ gəlməsinə böyük təsir göstərir. Əsasən uzun müddətli davam edən əlverişli geotermik şəraitin mövcud olması ilə əlaqədar olaraq ot bitkiləri sıx inkişaf edir, hər il böyük miqdarda bitki töküntüləri, bozqır və çəmən bozqır senozlarının ot kütlələri toplanır. Bu torpaqlarda çürüntü maddələrinin çox olması da bununla əlaqədardır. Dağ-qara torpaqları üçün mövsümi yuyucu su rejimi səciyyəvidir. Su rejiminin bu cür tip şəklində quruma və rütubətlənmə dövrlərinin təsiri altında profil boyu yuxarı qalxan , yaxud aşağı düşən torpaq rütubəti axınları maddələrin profil boyu miqrasiyasına, qalın humus horizontunun və kif, yaxud yalançı göbələk telləri şəklində karbonatların yaranmasına səbəb olur.

Bu torpaqlar Kiçik Qafqazın orta və alçaq dağlıq ərazilərində mülayim bozqırların ağotlu-topallı müxtəlif otlu senozları altında formalaşmışdır. Dağ-qara torpaqların inkişafında ot bitkilərindən ağot, şırımlı-topal, daşdayan, ala tonqalotu, incə nazikbaldır və s. kimi bitkilər üstünlük təşkil etmişlər. Əsasən çim yaradan bitkilərdən biri topallı otlar olub bozqırlar əmələ gətirirlər. Daşdayan ən çox meşə altından çıxmış sahələrdə yayılaraq, bərk və kələ-kötür çim qatı yaradır, dənəvər və dənəvər-topavari struktur əmələ gətirir.

Çöl bitkiləri altında inkişaf edən dağ qaratorpaqlar humusun yüksək miqdarı ( 6-7 %) ilə seçilir. Humus qatının qalınlığı 60-120 sm-dir. Udulmuş əsasların tərkibində kalsium (60-90%), maqnezium (5-40%) və natrium üstünlük təşkil edir. Humusun yüksək miqdarı ilə əlaqədar torpaqda azotun miqdarı da yüksəkdir.

Hazırda dağ qaratorpaqları taxılçılıq, dəmyə üzümçülükdə və tərəvəzçilikdə geniş istifadə olunur.

Azərbaycanda dağ-qara torpaqlarının formalaşması, heç də bozqır landşaftla əlaqədar olmayaraq, ümumiyyətlə meşə landşaftının tədricən quraqlaşması nəticəsində dəyişilməsi ilə bağlıdır. Bu onunla əlaqədardır ki, respublikamızın iqlim şəraitində, dağ-qara torpaqlarının əmələ gəlməsi mümkün deyildir. Bu proses çoxəsrlik dövrün nəticəsində əmələ gəlmişdir.
Qəhvəyi dağ-meşə torpaqları. Qəhvəyi dağ-meşə torpaqları landşaft etibarilə əsasən kserofil meşə qurşaqlarına aiddir. Bu torpaqlar Kiçik Qafqazın orta və alçaq dağlıq qurşaqlarında xeyli ərazini əhatə edir.

Respublikamızda qəhvəyi dağ-meşə torpaqları E.M.Salayev, B.P.Valabuyev, Ş.G.Həsənov, H.Ə.Əliyev, Ş.G.Həsənov, E.F.Şərifov və başqaları tərəfindən ətraflı öyrənilmişdir.

İ.P. Gerasimov qəhvəyi dağ-meşə torpaqlarının xüsusi genetik torpaq tipi olduğunu, seyrək və quraq meşələr altında əmələ gəldiyini izah etmişdir.

Qəhvəyi dağ-meşə torpaqlarının inkişaf etdiyi kserofil meşə və kolluqların iqlimi Arazlıq dənizi iqliminə xeyli yaxındır. Bu ərazilər üçün isti quraq yay, uzun müddət davam edən isti payız və mülayim qış səciyyəvidir. Yağıntılara əsasən yaz və payız mövsümlərində təsadüf edilir. [1]

Müəyyən edilimişdir ki, bu torpaqlar meşaltının və kserofil ot örtüyünün yaxşı inkişaf etdiyi, daha quru variantları püstə-ardıc formasiyalarından ibarət arid seyrək meşələr, həmçinin kol qrupları altında formalaşırlar. Meşə örtüyünün seyrəkləşməsi və ot bitkilərinin yaxşı inkişafı torpaqda böyük miqdarda kök kütləsinin və humusun ( 6 % və daha çox) toplanmasına səbəb olmuşdur.

Təsvir edilən torpaqların yayıldığı ərazilərdə əhəngdaşları, əhəngdaşlı qumlucalar, karbonatlı gilli şistlər, yaxud həmin süxurların karbonatlı gillicələrdən ibarət olan aşınma məhsulları əsas torpaq əmələgətirən süxurlar rolunu oynayır.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə