Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,57 Mb.
səhifə3/8
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5938
1   2   3   4   5   6   7   8

Dağ-boz-qəhvəyi torpaqlar. Dağ-boz-qəhvəyi torpaqlar Azərbaycanda quru subtropik bozqırlar zonasının alçaq dağlıq və dağətəyi qurşağında 500-800 m-dək hündürlüklərdə daha çox yayılmışdır. Kiçik Qafqazın dağlıq vilayətlərində quru bozqırlar zonası, kifayət qədər geniş ərazilərdə təmsil olunmuşdur və ən çox şərq hissəsində geniş yayılmışdır. Relyef şəraitindən, iqlimdən, müxtəlif təbii və antropogen amillərin təsirindən bu torpaqlar bəzi hallarda meşə torpaqlarının alt hissəsi ilə də sərhədlənir.

Tədqiq etdiyimiz ərazida dağ-boz-qəhvəyi torpaqlar Tovuz, Göygöl və Şəmkir rayonları ərazisində yayılmışdır. Bu torpaqların yayıldığı quru bozqırlar zonasının iqlimi nisbətən mülayim qışı və isti yayı ilə səciyyələnir.

Dağ-boz-qəhvəyi torpaqlarının öyrənilməsi ilə bağlı bir çox tədqiqatçılar müəyyən işlər aparmışlar. Respublikamızda quru subtropik bozqır zonasında yayılmış torpaqlar S.A.Zaxarov, V.V.Akimtsev, İ.Z.İmşenetski, V.R.Volobuyev, H.Ə.Əliyev, Q.Ş.Məmmədov və başqaları tərəfindən “şabalıdı” və “qonur” torpaqlar adı altında öyrənilib təsvir edilmişdir.

Boz-qəhvəyi (şabalıdı) torpaqların yayıldığı zonada əhəngdaşları, qumlucalar və onların yumşaq aşınma məhsulları əsas torpaq əmələgətirən süxurlar rolunu oynayır. Gəncə-Qazax massivində və Arazboyu zonada “gəcli” süxurlar da torpaq əmələgətirən süxurlar kimi əhəmiyyətli rol oynayır.



II FƏSİL. KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACINDA TORPAQLARIN AĞIR METALLARLA ÇİRKLƏNMƏSİNİN EKOLOJİ ASPEKTLƏRİ
2.1 Ərazidə yayılan ağır metalların xarakterik xüsusiyyətləri

Tədqiq etdiyimiz ərazidə bioloji obyektlərə təsirinə və çirklənmə miqyasına görə çirkləndirici maddələr arasında ağır metallar xüsusi yer tutur. Bununla əlaqədar, hal-hazırda torpaqların ağır metallarla çirklənməsi toksikoloji-təhlükəli hallardan hesab olunur.

Ağır metallar xüsusi çəkisi 4,5 q/sm³- dan artıq olub, 40- dan artıq kimyəvi elementi özündə birləşdirir. Bu elementlərə təbiətdə karbonatlar, silikatlar, sulfatlar kimi stabil birləşmələr olaraq təsadüf edilir. Ətraf mühitdə müşahidə edilən əsas ağır metallar aşağıdakılardır:

Pb, Hg, Cd, As, Ni, Cu, Zn, Mn, Cr, Sb, Bi, Ba

Ağır metallardan bəziləri aşağı qatılıqda normal həyat fəaliyyəti üçün lazımlı elementlərdir. Odur ki, bəzi maddələrin əhəmiyyətli və zərərli xassələrini müəyyən edən edən dəqiq sərhəd yoxdur.

Ağır metalların tərkibində insan həyatı üçün vacib olan metallarla (sink, dəmir, molibden, mis, selen, manqan və s.) yanaşı, orqanizm üçün toksiki təsirli maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen və s.) var. Bu metallar yüksək konsentrasiyada bitkilərə və canlı orqanizmlərə ciddi təsir göstərərək , bir sıra problemlərin yaranmasına gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, dəmir, mis, sink, molibden manqan və s. elementlə yalnız mikrodozalarda orqanizm üçün zəruridir, izafi dozalarda olduqca təhlükəli xarakter daşıyır. Qurğuşun, civə, kadmium, arsen istənilən konsentrasiyada canlı orqanizmlər üçün zərərli təsirə malikdir.

Belə ki, bu elementlər hətta birləşmələr halında orqanizmə daxil olduqda güclü zəhərlənmələr baş verir. Onlar qanda olan aminturşularla, fermentlərlə və vitaminlərlə kompleks birləşmə əmələ gətirərək, orqanizmin həyat fəaliyyətinə ciddi təsir göstərir.

Ağır metallarla çirklənmə zamanı torpaqda toplanan yüksək konsentrasiya bitkilər vasitəsilə qida zəncirinə keçir və nəticədə heyvan və insan orqanizmində müxtəlif pataloji halların yaranmasına səbəb olur. Bu baxımdan ağır metalların yaratdığı çirklənməni qiymətləndirməli olsaq heç bir iqtisadi göstərici ilə bu ziyanı ifadə etmək olmaz və son nəticədə vəziyyətin belə davam etməsi torpağın üzvi aləminin məhv olmasına gətirib çıxara bilər.

Bəzi sistemlərdə ağır metalların təsir mexanizmi konsentrasiyaya bağlı olaraq da dəyişir. Bu cür orqanizmlərdə metalların konsentrasiyası nəzərə alınmalıdır. Ağır metalların yol verilən həddən artıq konsentrasiyası toksiki təsir göstərir. Bu ümumi prosesin əksinə ağır metallar yalnız konsentrasiyadan asılı olaraq təsir göstərmirlər, təsir eyni zamanda canlının növünə və metal ionunun quruluşuna da bağlıdır (kimyəvi quruluşu, redoks və kompleks yaratması qabiliyyəti, bədənə alınış şəkli, ətraf mühitdə çoxluq ehtimalı, lokal pH dəyəri və s.). Bununla əlaqədar, içməli sularda və qida məhsullarında ağır metalların konsentrasiya həddi müəyyən olunmuşdur və bu normalara lazımi qurumlar tərəfindən nəzarətin təşkili zəruridir.

Ağır metallar qlobal çirklilik faktoru olaraq insanın və bütün canlıların həyatında təhlükə və risk meydana gətirir. Məruz qalınan doza, genetik quruluş, insanın immunitet sistemi, sağlamlığı, yaş, qidalanma səviyyəsi kimi faktorlara bağlı olaraq insanlarda ən başda xərçəng olmaq üzrə müxtəlif xəstəliklərə səbəb olur. Ağır metalların insan orqanizminə daxil olması qida zəncirindən başqa, tənəffüs və dəri yolu ilə də baş verir.

Ölkəmizdə, xüsusilə tədqiq etdiyimiz ərazinin torpaqlarında təhlükə meydana gətirən ağır metalların səbəb olduğu torpaq çirkliliyini minimuma endirmək üçün təcili tədbirlər görülməlidir. Bunun üçün mədən və digər sənaye istehsalı, digər torpaq çirkləndirici fəaliyyətlər və istehsal üsulları torpağın ekoloji strukturuna ən az zərər verəcək, hətta heç zərər verməyəcək şərtlərdə edilməlidir.

Ağır metallar bioloji proseslərdə iştirak dərəcələrinə görə həyati və qeyri-həyati olaraq təsnif olunur. Həyati olaraq qeyd olunan ağır metalların orqanizmdə müəyyən bir konsentrasiyada olması tələb olunur və bu metallar bioloji reaksiyalarda iştirak etdiklərinə görə nizamlı olaraq qida vasitəsilə qəbulu məcburidir. Məsələn, mis heyvanlarda və insanlarda qırmızı qan hüceyrələrinin və bir çox oksidləşmə və reduksiya prosesinin ayrılmaz parçasıdır. Bununla müqayisədə qeyri-həyati ağır metallar çox aşağı konsentrasiyada belə, orqanizmə ciddi təhlükə törədərək sağlamlıq problemlərinə gətirib çıxarır.

Ağır metalları əsasən bir sıra göstəricilərinə xüsusilə, təhlükəlilik miqyasına görə təsnifləşdirirlər.

Təhlükəlilik dərəcəsinə görə ağır metallar 3 sinifə bölünür:


  1. Yüksək təhlükəli

  2. Mülayim təhlükəli

  3. Zəif təhlükəli

Cədvəl 2


Sıra




Sinif


Ağır metallar

1.


Yüksək təhlükəli



Civə, qurğuşun, arsen, kadmium, sink, selen

2.

Mülayim təhlükəli


Mis, kobalt, nikel, bor, antimon, xrom, molibden

3.

Az təhlükəli


Barium, vanadium, volfram, manqan, stronsium

Qurğuşun (Pb) Ən toksik metallardan biri olub bir sıra beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin toksik maddələr və xəstəliklər üzrə Amerika agentliyi və digər ölkələrin analoji dövlət təşkilatlarının prioritet çirkləndirici maddələri siyahısına daxil edilmişdir. Qurğuşun ətraf mühitə etilləşdirilmiş benzinlə işləyən avtomobillərin tullantıları ilə, metallurgiya müəssisələri, poliqrafiya müəssisələri, maşınqayırma istehsalı, akkumulyator istehsalı və digər qurğuşun tərkibli məhsullar istehsal edən müəssisələrin tullantıları ilə daxil olur. Etilləşdirilmiş benzindən bir çox ölkələrdə istifadə edilməsinin qadağan olunması ilə əlaqədar son illər atmosfer havasında qurğuşunun konsentrasiyası xeyli azalmışdır. Qurğuşunun yol verilən konsentrasiyası (YVK) atmosfer havasında 0,3 mkq/m³, su mənbələri suyunda 30 mk/m³ (ÜST-nin tövsiyəsinə əsasən – 10 mk/l) müəyyən edilmişdir. Torpaqda qurğuşunun təxmini YVK-sı qumlu və qumluca torpaqlarda – 32 mq/kq, turş (gillicə və gilli) torpaqlarda – 65 mq/kq və neytral turşuluğa yaxın torpaqlarda – 130 mq/kq təşkil edir. [8]

Hazırda praktiki olaraq ətraf mühitin bütün komponentləri qurğuşunla çirklənməyə məruz qalmışdır. Atmosfer havasından başqa qurğuşuna içməli sularda, torpaqda və qida məhsullarında da rast gəlinir.

Qurğuşun içməli suya polivinilxlorid məmulatlarından istifadə etməklə əlaqədar daxil ola bilər, bura tərkibində iki və üç əsaslı qurğuşun-sulfat, ikiəsaslı qruğuşun-stearat və birəsaslı qurğuşun-karbonat olan stabilizatorlar aiddir. İzafi miqdarda qurğuşun içməli suya metallurgiya və digər istehsalat müəssisələrinə yaxın yerləşən yaşayış məntəqələrindən də daxil ola bilər.

Əlvan metallar istehsal edən şəhərlərdə torpağın tərkibində qurğuşunun miqdarı 1000-2000 mq/kq-a çata bilər. Torpağın qurğuşunla yüksək səviyyədə çirklənməsi, xüsusilə, qurğuşun əridilməsi və qurğuşun tərkibli akkumulyatorlar istehsal edən müəssisələr yerləşən şəhərlərdə müşahidə olunur. Torpağı yüksək səviyyədə qurğuşunla çirklənən şəhərlərdə sahə kənd təsərrüfatı məhsulları üçün istifadə olunduqda təbii ki, qurğuşun qida məhsuluna keçir. Belə torpaqda becərilən tərəvəzin tərkibində qurğuşunun miqdarı 1,5-2,5 mq/kq təşkil edir (YVK isə 0,5 mq/kq-dır).

Qurğuşun zəhərlənmələri içməli sudan (su qurğuşun borudan keçirsə), tütündən, ərzaq məhsullarının qurğuşun lövhəyə bükülməsi zamanı və qurğuşun gübrələrindən istifadə zamanı baş verə bilər.

Qurğuşun protoplazmatik zəhər olub, əsasən sinir sisteminə, qana və sümüklərə təsir edir. Qurğuşun və birləşmələri mədə şirəsində həll olduğuna görə çox təhlükəlidir. Uşaqlarda zəhərlənmə hadisəsi tez baş verir. Hətta qurğuşun istehsalı ilə məşğul olmayan insanlar orta hesabla 0,5 mq qurğuşun qəbul edirlər.

Qurğuşunun yüksək konsentrasiyası reproduktiv, əsəb (sinir), ürək-damar, immunitet və endokrin sistemlərinin dəyişməsinə səbəb olur. Onun toksiki təsiri böyrəklərin funksional vəziyyətinin dəyişməsində, hemoqlobinin sintezində, oksidləşmə metabolizmi proseslərində və mübadilə enerjisində təzahür edir.

Civə (Hg) Ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito - zooplankton), balıqla qidalanan balıqlar və quşlar.

Civə sərbəst metal halında və birləşmələr şəklində xalq təsərrüfatında geniş tətbiq edilir. Ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, sulfid filizlərindən əridib əlvan metalların alınması, filizdən qızıl əldə edildiyi, sellülozun ağardılması, xlor, kaustik, vinilxlorid, elektrik avadanlıqlarının (lampa, müxtəlif cərəyan mənbələri), ölçü və nəzarət cihazlarının (termometr, monometr), civə tərkibli tibb preparatlarının, sementin istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür və mazutun yandırılması zamanı daxil olur. Tullantıların yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil olur. [6]

Civə atmosfer havasında əksərən qazşəkilli formada olur. Civənin torpaqda toplanması üzvi karbon və kükürdün miqdar səviyyəsinə görə təyin edilir. Civənin torpaqla ana süxurdan irsən keçmiş təbii halda miqdarı 0,02-dən 03 mq/kq arasında tərəddüd edir, orta hesabla 0,06 mq/kq təşkil edib torpaq tipindən asılıdır. Şəhərlərdə torpaqda civənin miqdarı çoxlu miqdarda müxtəlif tullantıların olması ilə əlaqədar bir qədər çox olur.

Civə suda üzvi və qeyri-üzvi vəziyyətdə ola bilər. İçməli suda civənin əsas mənbəyi çirkab suları ilə çirklənmiş su mənbələri (məsələn, xlor-qələvi istehsalı), atmosfer və su hazırlığında istifadə edilən reagentlər hesab olunur. Quyu suları bilavasitə quyu nasosları vasitəsilə də çirklənə bilər. Su mənbələrinin sularında civənin YVK səhiyyə-toksikoloji göstəricilərinə görə 0,5 mkq/l təşkil edir. Ətraf mühitdə qeyri-üzvi civə metal üzvi birləşmələrə, o cümlədən yüksək zəhərli metilləşmiş civəyə çevrilir. O, su mühitində bioloji proseslər nəticəsində əmələ gəlir və trofik zəncirə daxil olaraq yırtıcı balıqların (akula, tuns, durnabalığı) və dəniz məməlilərinin (suiti, balina) orqanizmində toplanır. İnsan orqanizminə metil civənin daxil olması əsasən bu məhsullardan isttifadə edildikdə baş verir.

Civənin birləşmələrindən civə nitrat, civə sulfid, civə amidoxlor, sulema, civə yodid və civənin üzvi birləşmələri tibbdə və başqa sahələrdə geniş tətbiq edilir.

Odur ki, insanların civə və civə birləşmələri ilə təması qaçılmaz olub, onunla zəhərlənmə hadisələri tez-tez baş verir. Metal civə adi şəraitdə tez buxarlandığından civə termometrləri sınarkən onun buxarları tənəffüs yolu ilə orqanizmə daxil ola bilir. Bu zaman sinir sistemini, ilk növbədə beyin yarımkürələrini zədələyir.

Civə 2-xlorid sulema ilə zəhərlənmə zamanı aminturşularda gedən reaksiyalar zamanı həll olmayan birləşmələr əmələ gəlir. Sulemanın ölüm dozası 0,2-0,3 qram olub, müalicəsi mümkün olmayan hadisələr törədir.

Orqanizmdən civə birləşmələri çətin ixrac olunur və əsas böyrəkdə, qaraciyərdə və dalaqda toplanır. Onun təbii yolla oranizmə daxil olması da mümkün olub, 0,0001 mq təşkil edir.



Kadmium (Cd) Kadmiumun ətraf mühitdə yayılması lokal xarakter daşıyır. O, ətraf mühitə metallurgiya istehsalının tullantıları ilə, qalvanik istehsalının çirkab suları ilə (kadmiumlamadan sonra), kadmium tərkibli stabilizatorlar, piqmentlər, boyalar istifadə olunan istehsal sahələrindən və fosfat gübrələrindən istifadə edilməsi nəticəsində daxil olur. İnsan fəaliyyəti nəticəsində torpağa daxil olan kadmiumun 54-58%-i fosforlu gübrələr, 39-41%-i atmosfer, 2-5%-i isə kənd təsərrüfatı fəaliyyəti təşkil edir. Fosforlu gübrə istehsalında istifadə olunan xam fosfat qayalarındakı kadmiumun 70-80%-i gübrə istehsalı zamanı sərf olunan məhsullara keçir. Bu məhsulların istifadəsi zamanı kadmium birbaşa fosfor tərkibli gübrələrlə torpağa daxil olur. Bundan başqa, kadmium iri şəhərlərin havasında, təkərlərin sürtülməsi, bəzi plastik məmulatların, boyaların və yapışdırıcı materialların eroziyası nəticəsində mövcudur.

İçməli suya kadmium istehsalat tullantıları ilə çirklənmiş su mənbələrindən, suhazırlığı mərhələsində reagentlərdən, həmçinin su kəməri konstruksiyalarının miqrasiyası nəticəsində daxil olur. Su ilə orqanizmə daxil olan kadmiumun payı ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir.

Atmosfer havasında kadmiumun normativi 0,3 mkq/m³, su mənbələri suyunda 0,001 mq/l, torpaqda –qumlu və qumluca, turş və neytral torpaqlarda uyğun olaraq 0,5, 1,0 və 2 mq/kq təşkil edir. Torpaqda 3 mq/kq-dan çox miqdarı toksiki təsirə malikdir. [4]

Kadmium ətraf mühitin toksiki çirkləndiricilərindən biri olub, aşağı konsentrasiyası su canlıları üçün olduqca zərərli təsirə malikdir. Əsasən ekoloji cəhətdən problemli olan dənizlərdə qida zəncirinin mühüm hissəsi olan balıqlar tərəfindən toplanması və müxtəlif səviyyələrdə zərərli toksiki təsirlər meydana gətirdiyi müəyyən olunub. Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik, sperma, boruvari sümüklər və qismən dalaq hesab olunur. Kadmium əsasən qaraciyərdə toplanır, onun orqanizmdə olan ümumi miqdarının 30%-ni təşkil edir. Kadmiumun kanserogen effekti bu metalın istehsalı ilə məşğul olan fəhlələrdə xərçəng xəstəliyinin əmələ gəlməsində təzahür olunur.



Arsen (As) Bu metal şərti olaraq esensial mikroelementi sayılır. Təbii halda onun bioloji transformasiyasının nəticəsi metilləşmiş birləşmələri halında mövcuddur. Arsen ətraf mühitə atıntılar, çirkab suları və metallurgiya istehsalı tullantıları (xüsusilə mis və qızıl ərintilərindən), dəri və azot gübrələri zavodlarından, həmçinin arsentərkibli kömürün yandırılmasından, pestisidlərin, insektofunqisidlərin istehsalı və istifadəsi zamanı atılır. Müəyyən şəraitlərdə o, dib çöküntülərindən maye fazaya miqrasiya edərək, səthi su mənbələrini çirkləndirir.

Atmosfer havasında arsenin miqdarı kənd rayonlarında 0,001-0,01 mkq/m-3, şəhərlərdə 0,003-0,01 mkq/m-3-ə çatır. Yüksək konsentrasiyalı arsen tərkibli kömürün yandırılması zamanı atmosferdə onun miqdarı xeyli yüksəkdir. [4]

Əksər su hövzələrinin suyunda arsenin konsentrasiyası YVK-nin səviyyəsindən çox olmur, lakin bəzi regionların yeraltı sularında o, xeyli artıq ola bilər. Bu, suların arsen ilə zəngin təbii xam mədənlərdən keçməsi ilə əlaqədardır. Orqanizmə əsasən çirkli sudan istifadə zaman daxil olur.

Arsen birləşmələrinin toksikliyi, onun orqanizmdən ayrılması sürəti və orqan və toxumalarda toplanma dərəcəsindən asılıdır. İşçilərdə xroniki arsen intoksasiyası aşağıdakı simptomların kombinasiyası ilə səciyyələnir: əsəb, mədə-bağırsaq, kardiovaskulyar və respirator pozuntuları, hemolit kənarlaşma, dəri zədələnməsi, qaraciyər və böyrəklərin funksional pozulması.

Arsen birinci, ən təhlükəli kanserogen maddələr qrupuna aiddir. Arsenin 10-100 mkq/m-3 dərəcəsində xroniki təsiri (1 ildən artıq) ağciyərdə xərçəng xəstəliyinin baş vermə tezliyini artırır. Bu hala metallurgiya zavodları və arsentərkibli pestisidlər istehsal edən müəssisələrin işçilərində daha çox rast gəlinir. Siqaret çəkmək arsenin kanserogen effektini dərinləşdirir.

Nikel (Ni) Atmosfer havasına metallurgiya zavodlarının, mədənçıxarma müəssisələrinin, daş kömür və mazutla işləyən energetik qurğuları tullantıları ilə daxil olur. Onun YVK-sı 1 mkq/m-3 təşkil edir.

Nikel kanserogen maddə (I qrup) sayılır. ÜST-nin Avropa Bürosunun tövsiyəsinə uyğun olaraq nikelin ömürlük kanserogen riski 3,8•10-4 bərabərdir. Nikelin və onun birləşmələrinin suda YVK-ı 100 mkq/l; torpaqda təxmini yol verilən konsentrasiyası (TYK) torpağın tipindən asılı olaraq 20-60 mq/kq arasında dəyişir.

Orqanizmdə nikel zəruri elementlərdən biridir. Heyvanların qaraciyəri, dərisi və endokrin vəzilərində olur. Müəyyən edilmişdir ki, o, fermentləri aktivləşdirir və oksidləşdirmə proseslərinə müsbət təsir göstərir. Lakin normadan artıq olduqda insanda müxtəlif xəstəliklərə səbəb olur.

Nikelə xroniki intoksikasiya burun-udlaq və ağciyər peşə xəstəliklərinin baş verməsinə səbəb olur, bədxassəli yeni törəmələrin əmələ gəlməsinə risk yaranır, dərinin allergiya zədələnməsi (dermatit və ekzema) müşahidə edilir. [6]



Mis (Cu) Misin birləşmələri sənayedə və kənd təsərrüfatında geniş tətbiq edilir. Parçaların rənglənməsində, inşaat rənglərinin alınmasında mis birləşmələrindən geniş istifadə olunur. Mis 2-sulfat duzundan qalvanoplastikada, yazı rənglərinin hazırlanmasında, ağac materiallarının uzun müddət çürüməsinin qarşısını almaq üçün hopdurucu maddə kimi istifadə edilir.

Bir sıra birləşmələri zəhərli olduğundan kənd təsərrüfatında insektofunksid kimi tətbiq edilir. Mis duzlarının əksəriyyətinin 10 qramı insanlarda ölümlə nəticələnən zəhərlənməyə səbəb ola bilər.

Mis atomları zəhərli olduğundan məişət qablarında xörək bişirilərkən mütəmadi zəhərlənmə hadisələri baş veriridi. Bunun qarşısını almaq üçün mis qabları qalay örtüklə örtməyə başladılar.

Mis birləşmələri sintez olunan zavodlarda zəhərlənmə hadisələri çox olur. Məs: insektofunksid kimi tətbiq edilən mis duzları çox zəhərli olduğundan ( 1-1,5 qramı ölümlə nəticələnə bilər) onun istifadəsi və saxlanması zamanı təhlükəsizlik texnikasına əməl olunmadıqda ekoloji çirklənmələr baş verir. Suda asan həll olunduğundan su hövzələrində toplanaraq təhlükə yaradır. Torpaqda isə uzun müddət qalaraq qida zənciri vasitəsilə insanlara keçə bilir ki, bu da kanserogen xassəyə malik olur. Çirklənməmiş torpaqlarda orta hesabla misin konsentrasiyası 30 mq/kg təşkil edir.

Misin bitki fiziologiyasındakı rolu ilə bağlı bir sıra tədqiqatlar aparılmışdır. Bunlar aşağıdakılardır:


  1. Mis əsasən, molekul çəkisi aşağı olan orqanik maddələrlə və vitaminlərlə birləşmə əmələ gətirir.

  2. Misə funksiyası tam olaraq müəyyən edilməmiş bir sıra birləşmələrdə və həyati əhəmiyyət daşıyan fermentlərin tərkibində rast gəlinmişdir.

  3. Mis fotosintez, tənəffüs, maddələr mübadiləsi kimi fiziolojik proseslərdə mühüm rol oynayır.

  4. Mis xəstəliklərə qarşı dözümlülük yaradır.

Misin az miqdarda konsentrasiyası ilə yanaşı yüksək miqdarda konsentrasiyası da bitkilərdə ciddi təhlükə doğurur. Bir sıra fiziolojik proseslərdə müəyyən rolu olduğunu nəzərə alaraq bitkilər üçün lazımı olan miqdarının dəqiqləşdirilməsində çətinlikər törədir.

Orqanizmdə mis çatışmazlığı heyvan və insanlarda böyümənin ləngiməsinə, tənəffüs sistemində infeksiyalara, sümük əriməsinə səbəb olur.



Sink (Zn) Sinkin bir sıra birləşmələri sənayedə, kənd təsərrüfatında, məişətdə və tibbdə geniş istifadə olunur.

Onun suda həll olan duzları olduqca zəhərlidir. Sink xloriddən dəmiryol şpallarının çürüməsinin qarşısını almaq üçün hopdurucu maddə kimi istifadə edilir. Lehimləmə prosesində də sink xloriddən istifadə edilir. Sink fosfiddən gəmiriciləri məhv etmək üçün, sink sulfatdan isə parçaların rənglənməsi zamanı istifadə olunur.

Odur ki, sink birləşmələri ekoloji çirklənmə yarada bilər. Dəmir əşyaları korroziyadan qorumaq üçün üzəri sink təbəqəsi ilə örtülür. Sinklənmiş məişət qablarında yemək bişirilərkən sink birləşmələri ilə zəhərlənmə hadisələri baş verir.

Sinkin az miqdarı mikroelement kimi orqanizm üçün vacib elementlərdən olub, onun çatışmaması zamanı xərçəng xəstəliyi əmələ gəlir. Yüksək konsentrasiyası isə güclü zəhər olub, mədəaltı vəzdə toplanaraq onun fəaliyyətini məhdudlaşdıraraq hormonların sintezini dayandırır.

Sink duzları ilə zəhərlənmə zamanı güclü qusma hadisəsi baş verir ki, bu da müdafiə refleksi olaraq sinkin orqanizmən xaric olmasını təmin edir.

Sink filizlərinin çıxarılması zamanı fəhlələrdə tez-tez zəhərlənmə hallarına rast gəlinir. Bu zaman bədən temperaturu kəskin qalxır.

Sink birləşmələri sintez edilən zavod tullantıları təbiətə yayıldıqda ekoloji çirklənmə yaradır.

Manqan (Mn) Son illərdə manqanın birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilir. Manqan elementinin orqanizmdə mikroelement kimi əhəmiyyəti ilə yanaşı, onun çox miqdarı güclü zəhər olub, hüceyrənin protoplazmasının dağıdaraq, ağır fəsadlar əmələ gətirir. [6]

Manqan birləşmələri mərkəzi sinir sisteminin, böyrəklərin, ağciyər və qan-damar sisteminin fəaliyyətinə güclü təsir göstərir.

Manqan birləşmələri şüşə istehsalında (rəngli şüşələrin alınması), metallurgiyada (ərintilərin alınması), tekstil sənayesində (parçalar üzərində rəngli şəkillər və naxışların alınması), məişət qablarına emal örtüklərin çəkilməsində istifadə olunur.

Kalium permanqanat duzundan isə tibbdə istifadə olunur. Onun istifadəsi zamanı tətbiq dozasına əməl olunmadıqda güclü zəhərlənmələr baş verir. Ölüm dozası 15-20 qram olaraq müəyyənləşdirilmişdir.

Kalium permanqanat güclü oksidləşdirici olduğundan mədə-bağırsaq qişasını dağıdaraq qanaxmaya səbəb olur.

Orqanizmdə manqan qaraciyərdə və böyrəkərdə birləşmələr şəklində toplanır. Orqanizmdə 1,8 mq manqan element şəklində vardır. Bu miqdar çox olduqda mənfi təsir göstərməyə başlayır. Belə ki, qanın hemoqlobinində dəmirin antoqonistinə çevrilərək qan dövranının normal funksiyasını pozur.

Manqan filizlərindən manqan 4-oksid alınarkən texnoloji prosesə düzgün əməl olunmadıqda manqan birləşmələri toz halında atmosferə yayılır. Bu cür hava ilə tənəffüs etdikdə sinir sisteminin pozulması halları müşahidə edilir.

Xrom (Cr) Xrom birləşmələri xalq təsərrüfatında geniş istifadə olunur. Dəmiri korroziyadan qorumaq üçün üzərinə xrom təbəqəsi çökdürülür. Dəri-gön məmulatlarının aşılanması və rənglənməsi zamanı xrom birləşmələrindən istifadə olunur.

Orqanizmdə insulin hərəkətini təmin edərək, karbohidrat, su və zülal mübadiləsini tənzimləyən xrom təbiətdə geniş yayılmışdır. Atmosferdə > 0,1 mq/m³ və çirklənməmiş suda təqribən 1mq/l-dir. Bir çox torpaqlarda xromun miqdarı 2-60 mq/kq, çirklənməmiş bəzi torpaqlarda 4 q/kq olur. [4]

Gündə orta hesabla xrom qəbulu 30-200 mq-dır ki, bu miqdarda alınan xromun toksiki təsiri yoxdur. Gün ərzində 250 mq-a qədər alınan xromun sağlamlığa ziyanı yoxdur. Günlük qəbul edilən xrom müəyyən miqdarda qida maddələrində mövcuddur.Ət, ədviyyat kimi qidalar əsas xrom mənbəyidir, süd məhsulları, bir sıra meyvə və tərəvəzlərdə xromun miqdarı azdır. Orqanizmdə xrom azlığı şəkər xəstəliyi olaraq özünü biruzə verir.

Xromatlar ən geniş yayılan alergik maddələrdir. Aparılan tədqiqatlar nəticəsində tənəffüs və dəri təması nəticəsində xroma məruz qalan insanlarda müxtəlif sağlamlıq problemləri aşkar edilmişdir.

Əvvəllər xrom birləşmələrindən (xromat və bixromatlar) kənd təsərrüfatında insektsid kimi istifadə olunurdu. Qüvvətli zəhər hesab edildiyindən onların tətbiqi dayandırılmışdır.

Xrom birləşmələrinin istehsalı, xromlu məişət əşyalarının hazırlanması zamanı tullantıların su hövzələrinə axıdılması baş verir ki, bu da ətraf mühitə ciddi təsir göstərir.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə