Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,57 Mb.
səhifə7/8
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5938
1   2   3   4   5   6   7   8

Fitoekstraksiya Torpağı çirkləndirən ağır metalların bitkinin kökləri vasitəsilə alınması üsuludur. Bitkilər torpaqdakı zərərli maddələri mənimsəməkdə müxtəlif xüsusiyyətlərə malikdirlər. Bununla əlaqədar çirkləndiricilərin yüksək konsentrasiyasına dözümlülük göstərən bitkilərdən istifadə olunmalıdır. Bu üsul yüksək konsentrasiyada ağır metallarla çirklənmiş torpaqlarda mühüm əhəmiyyət kəsb edir. Yüksək miqdarda çirklənməyə məruz qalmış torpaqlarda hiperakkumlyator bitkilər eyni zamanda absorbsiya səviyyəsinin yüksək olması ilə əlaqədar istifadə olunur. Çirklənməni müəyyən səviyyəyə endirmək üçün bu üsul tez-tez təkrarlanmalıdır. Bəzi hallarda fitomininq adlandırılan üsulun köməyilə bəzi metalların yenidən işlənərək istifadəyə yararlılığı təmin olunur. [19]

Sink, mis və nikel kimi ağır metal tərkibli birləşmələr fitoekstraksiya metodu vasitəsilə təmizlənir. Bitkilər bu metalların yüksək konsentrasiyasını kökləri vasitəsilə torpaqdan alaraq, vegetativ orqanlarında depolayırlar. Bu səbəbdən, fitoekstrasiya üsulunun tətbiqinə yararlı hiperakkumlyator bitkilər istifadə olunur. Daha sonra bu bitkilər yığılaraq yandırılır və ya başqa metodlar vasitəsilə zərərsizləşdirilir.

Fitoekstraksiya metodunun effektivliyi bitkinin biokütlə hazırlama sürətinə və ağır metalları gövdə hissəsində absorbsiya edə bilməsinə əsaslanır. Bu metoda uyğun hiperakkumlyator bitkilərin seçilməsi, genetik tədqiqatar əsasında bitkilərin təkmilləşməsi fitoremediasiya texnologiyasının əsas istiqamətlərindəndir.

Rizofiltrasiya Bu üsulun tətbiqində bitkilərdə filtr funksiyası yerinə yetirən güclü kök sisteminin olması zəruridir. Bu üsuldan daha çox ağır metallarla çirklənmiş suların təmizlənməsində istifadə olunur. Çirkləndirici ya bitkinin kök səthində absorbsiya olunur ya da köklər vasitəsilə udularaq bitkinin digər orqanlarına nəql olunur. Rizofiltrasiya metodu üçün istifadə ediləcək hiperakkumlyator bitkilər əvvəlcədən başqa bir çirkəndirici mühitə adaptasiya olunur.

Fitostabilizasiya Bu metod adətən eroziya baş verən ərazilərdə eroziyanın yayılmasını və yeraltı sulara çirkləndiricilərin keçməsinin qarşısını almaq məqsədilə tətbiq olunur. Bu metodda bitkilər kökləri vasitəsilə çirkləndiriciləri fiziki və kimyəvi yolla immobilizə edir. Fitostabilizasiya texnologiyasının tətbiqi ağır metallarla çirklənmiş torpaqlarda böyüyə bilən və torpağın fiziki, kimyəvi, bioloji xüsusiyyətlərini daha az dəyişən bitkilərin istifadəsinə əsaslanır. Bu metod üçün istifadə olunacaq bitkilər güclü kök sisteminə malik olmalı, ağır metalların yüksək konsentrasiyası şəraitində yüksək miqdarda biokütlə hazırlaya bilməlidir.

Fitoremediasiya metodunun müxtəlif növlərinin tətbiqi üçün bir sıra bitki növləri mövcuddur ki, bu bitkilərin hər biri müxtəlif kimyəvi elementlərin udulmasına qarşı daha həssasdırlar.

Fitoremediasiya texnologiyası vasitəsilə hiperakkumlyator bitkilər tərəfindən mənimsənilən çirkləndiricilər təbiətinə görə bir neçə yerə bölünür: metallar (Ag, Cd, Co, Cr, Cu, Hg, Mn, Mo, Ni, Pb, Zn), metalloidlər (As, Se), radionukleidlər (90Sr, 137Cs, 239Pu, 238U, 234U) və digər üzvi çirkləndiricilər. Bitkilər tərəfindən təbii çirkləndiricilərin və ya ağır metalların mənimsənə bilməsi üçün ilkin olaraq, ekoloji şəraitin bitkilər üçün optimal səviyyədə olması lazımdır. Bununla yanaşı digər edafik və biotik faktorlar da uyğun olmalıdır. Torpaqdan ağır metalları mənimsəmə gücü yüksək olan bitkilərin lokal olaraq yayıladıqları və özlərinə xas yaşayış şəraitinin olduğu müəyyənləşmişdir. Lakin çox geniş ərazilərdə yayılan və fitoremediasiya metodunda istifadə edilən bitkilər də mövcuddur. [22]

Bitkinin kökləri vasitəsilə mənimsənilən ağır metalların bir qismi bitki orqanizmində fermentlərin köməyilə kimyəvi tərkibini dəyişir, digər bir qismi isə torpaqdan aldığı çirkləndiriciləri transpiasiya yolu ilə kənaslaşdırır. Mənimsənilən ağır metalların digər bir qismi isə heç bir kimyəvi dəyişikliyə uğramadan bitkinin yerüstü orqanlarında toplanır və yığım vaxtı torpaqdan kənarlaşdırılır.

Fitoremediasiya metodunun tətbiqində bir sıra müsbət və mənfi cəhətlər vardır.

Müsbət cəhətləri aşağıdakılardır:



  • Digər təmizləmə metodları ilə müqayisadə iqtisadi cəhətdən səmərəlidir.

  • Tullantıların kənarlaşdırılması üçün əlavə sahələrə ehtiyac yoxdur.

  • Digər metodlarla müqayisədə insanlar tərəfindən qəbul edilən estetik görüntüyə malikdir.

  • Yerindəcə təmizləmə xüsusiyyətinin olmasına görə çirklənmiş torpağın başqa bir yerə köçürülməsinə ehtiyac qalmır.

  • Bir növ çirkləndiriciylə yanaşı, bir neçə növ çirkləndiriciyə qarşı eyni zamanda mübarizə aparılır.

Mənfi cəhətləri aşağıdakılardır:

  • Metodun effektivliyi bitkilərin ərazinin edafik və biotik şəraitinə uyğunlaşması ilə yanaşı, çirkləndiriciyə qarşı müqavimətinə də bağlıdır.

  • Yarpaqda toplanan çirkləndiricilər xəzan vaxtı yenidən torpağa qarışa bilər.

  • Yanacaq odun olaraq istifadə edilən bitkilərin toxumalarında çirkləndirici toplanması ehtimalı var

  • Digər təmizləmə metodları ilə müqayisədə təmizləmə prosesi uzunmüddətlidir.

  • Çirkləndiricinin həll olaraq suyla qarışması nəticəsində torpağa qarışması ehtimalı arta bilər.

Fitoremediasiya metodu çirkləndiricilər içərisində ağır metallar və təbii çirkləndiricilərlə çirklənmiş torpaq və su ehtiyatlarının təmizlənməsi üçün nəzərdə tutulur. Hiperakkumlyator bitkilər çirklənmiş torpaqların bioloji təmizləyicisi kimi nəzərdə tutulduğundan son illər istifadə dairəsi daha da genişlənmişdir. Bu metodun üzləşdiyi neqativ hallar əsasən, hiperakkumlyator bitkilərin əksəriyyətinin aşağı biokütlə hazırlaya bilməsi, həm də ətraf mühitin mənfi təsirlərinə qarşı davamsız olması ilə əlaqədardır. Bununla əlaqədar, metodun tətbiqi zamanı metal ionlarının hərəkət mexanizmini ətraflı tədqiq etmək lazımdır.

Ağır metalların bitkilər tərəfindən absorbsiya edilməsi, nəql olunması və depolanması ilə əlaqədar aparılan tədqiqatlar transgenetik bitkilərin inkişafına təkan verir. Fitoremediasiya metodu üçün istifadə olunacaq bitkilərin gen və ya proteinlərinin quruluşunun araşdırılmasında əldə olunacaq nəticələr ağır metallar və təbii çirkləndiricilərlə çirklənmiş ərazilərin təmizlənməsi üçün alternativ bitkilərdən istifadəni sürətləndirəcəkdir.

Torpaq çirkləndiriciləri içində xüsusi yer tutan ağır metalların təmizlənməsində fiziki və kimyəvi təmizləmə metodlarının maliyyə cəhətdən bahalı proses olması, daha uzunmüddətli olması və prosesin sonunda çirkləndiricilərin qalması ehtimalından dolayı daha çox risklidir. Bu səbəbdən, ağır metalların və bir sıra təbii çirkləndiricilərin təmizlənməsində tətbiq edilən “yaşıl metod” fitoremediasiya həm iqtisadi cəhətdən səmərəli olması, həm də ekoloji təbii olması baxımından digər metodlarla müqayisədə üstünlüyə malikdir.

“Yaşıl metod”da istifadə olunacaq bitkilər növlərinin müəyyənləşdirilməsi, fitoremediasiya üsulunun istifadə imkanlarını daha da genişləndirir. Lakin, bu metoda çirkləndiricini ilkin mərhələdə zərərsizləşdirən üsul kimi yanaşmaq olmaz. Prosesin sonrakı mərhələsində ağır metallar toplanmış kök, gövdə, yarpaq torpaqdan kənarlaşdırılaraq yandırılır və ya müəyyən bir ərazidə depolanır. [23]



İzolyasiya və immobilizasiya texnologiyası Bu metod torpaqdakı çirkləndiricilərin hərəkətlərinin, tullantının torpaq içərisindəki keçiriciliyinin azalması üçün tətbiq olunur. Polad, sement, bentonit və divarlarıdan hazırlanan fiziki maneələrlə çirklənmiş bölgənin üzərini örtmək və çirkləndiricinin torpaq profilində üfüqi və şaquli istiqamətdəki hərəkətini məhdudlaşdırmaq üçün geniş şəkildə istifadə edilir. Bu maneələrin əsasında çirkləndiricinin daşınması proseslərinə maneə törətmək üzrə aşağı hidravlik keçiriciliyinin təmin edilməsi əsasdır.

Solidifikasiya / stabilizasiya (S / S) texnologiyaları isə fiziki bariyerlər kimi çirklənmiş ərazinin deyil çirkləndiricinin tutulmasını təmin edir. S / S texnologiyasında kimyəvi maddə əlavəsinə əsaslanan tətbiqlər və termiki əsaslı texnologiyalar olmaq üzrə iki cür yanaşma mövcuddur.

Kimyəvi maddə əlavəsinə söykənən S / S texnologiyaları çirkləndiricilərin torpağda hərəkətini və keçiriciliyini azaldan kimyəvi reaksiyaları özündə cəmləşdirir. S / S texnologiyası, qazılan torpağın üzvi və ya qeyri-üzvi bağlayıcı maddələrlə müəyyən nisbətlərdə qarışdırılması və ya çirklənmiş ərazidə açılan quyulara suda həll olmuş halda yüksək təzyiqlə nasosla vurulması şəklində həyata keçirilir. Torpağın yerində təmizlənməsi həm iqtisadi cəhətdən əlverişli olması ilə həm torpağın məcburi vəsaitlərlə qarışdırılması zamanı qarşılaşılan problemlər torpağın qazılaraq təmizlənməsi üsulunu daha məşhur hala gətirmişdir. [24]

Termiki enerjiyə əsaslanan S / S texnologiyası olan vitrifikasiya, çirklənmiş torpaqların isidilib əridilməsi üçün elektrik enerjisinin istifadə edildiyi bir üsuldur. Böyük elektrodların torpağa yerləşdirilməsiylə yandırılıb əridilən torpaq, soyuduğunda sərt, homogen, kimyəvi olaraq inert və şüşə bənzəri bir materiala çevrilir. Bu üsulla üzvi çirkləndiricilər tamamilə yox edilir. Yüksək istiliyə əsaslanan proses boyunca qaz halına keçən çirkləndirici isə filtrdə tutularaq toplanır. İstifadəsi çox da geniş olmayan vitrifikasiya metodu ilə bağlı təcrübələr onu göstərir ki, bu üsulun tətbiqi 10%-dən artıq üzvi maddə olmayan torpaqlarda əlverişli deyil. Eyni zamanda torpaqdakı metal konsentrasiyası 25%-i (ağırlıq) keçdiyi halda, qeyri-üzvi çirkləndirici miqdarı 20%-i keçdiyi ərazilərdə də bu üsul təklif edilmir.

Aparılan laboratoriya təcrübəsində xromla süni olaraq çirklənmiş torpağı təmizləmək üçün mikrodalğalı enerji istifadə edilmiş və 60 dəqiqəlik bir mikro dalğa tətbiqiylə çirkli torpaqların 90% -dən çoxunun şüşəyəbənzər materiala çevrildiyi müəyyən edilmişdir. Tədqiqatlar nəticəsində böyük miqyaslı bir ərazidə tətbiqindən müvəffəqiyyət əldə edilərsə bu texnologiyanın təhlükəli tullantılar və çirklənmiş torpaqlar üçün əhəmiyyətli bir təmizlənmə üsulu olacağı qənaətinə gəlinmişdir.

Torpağın təmizlənməsi və immobilizasiyası metodları içərisində fiziki bariyerlərin istifadəsi (ərazidə qalması prinsipinə əsasən) iqtisadi cəhətdən əlverişlidir. Lakin bu üsulun tətbiqi zamanı çirkləndirici tam olaraq təmizlənmir. Çirkləndiricilərin immobilizasiyasını təmin edən stabilizasiya və vitrifikasiya prosesi maliyyə cəhətdən yüksək olmasına baxmayaraq əraziyə birbaşa tətbiq olunduqda nisbətən ucuz başa gəlir. Stabilizasiya üsulunun maliyyə dəyəri çirkləndiricinin dərinliyi və torpağın homogenliyi ilə bağlıdır. Bu üsul çirklənmənin çox dərin olmadığı ərazilər üçün istifadə olunan texnologiyadır. Vitrifikasiya isə, yüksək maliyyə dəyərli olmasına baxmayaraq digər metodların çox da təsir etmədiyi qarışıq tərkibli tullantılarda daha yaxşı nəticələr verir. [25]



Mexaniki ayırma metodu Çirklənmiş torpaqların təmizlənməsində digər bir yanaşma, böyük və təmiz hissəciklərdən daha kiçik və çirkli olanlarından ayrıldığı böyüklük seçici proseslərin istifadəsidir. Prosesin uyğunluğunun müəyyən olunmasındakı ən əhəmiyyətli parametrlər hissəcik böyüklüyü və hər bir fraksiyadakı çirklilik səviyyəsi ilə xarakterizə olunur. Ayırma sentrifuqa gücünə söykənən hidrosiklonlar, gravimetrik çöktürməyə əsaslanan axıcı yataq ayırıcılar, çirkli hissəciklərin fərqli səth xüsusiyyətlərinə əsaslanan flotasiya ayırıcılar və metalların maqnetik xüsusiyyətlərinə əsaslanan maqnetik ayırıcılar ilə həyata keçirilir.

Fiziki ayırma texnikalarının müəyyən metal çirkliliyinin uzaqlaşdırılmasında təsirli bir şəkildə istifadə edilə bildiyi və təmizlənəcək torpağın həcmini azaltması səbəbiylə digər üsullarla birləşdirilərək gələcəkdə tətbiq olunması düşünülür.



Pirometallurgiya texnologiyası Pirometallurgik proseslərdə çirklənmiş torpaqdakı metalları buxarlandımaq üçün yüksək temperatur sobaları istifadə edilir. Çirkləndiricilərin buxarlanması üçün 200-700°C istilik tətbiq olunur və buxarlanmanın ardından metallar geri qazanlılr və ya immobilizə edilir. Bu metod xüsusilə, yüksək temperaturda metallik formasına asanlıqla çevrilən civə üçün uyğundur. Qurğuşun, arsen, kadmium və xrom kimi digər metallar üçün əriməni sürətləndirəcək maddələr ilə ilkin təmizləmə aparılmalıdır.

Çirkləndiricinin buxarlandırılmasına və geri qazanılmasına əsaslanan bu üsul xüsusilə çirkliliyin sıx olduğu (5-20%) və metal əldə olunmasının qazanclı olduğu yerlərdə istifadə olunur. Bəzi hallarda, pirometallurgiya metodundan əvvəl torpaq yuma və ya fiziki proseslərlə torpaqdakı çirkləndirici konsentrə edilir. Civə aşağı konsentrasiyada belə asanlıqla geri qazanıla bilər.



Elektokinetik metod Metallarla çirklənmiş torpaqların elektrokinetik yolla təmizlənməsi, zərərli maddələri yüklü ionlar olaraq mobilizə etmək üçün torpağa yerləşdirilən elektrodlarla həyata keçirilir. İonlar və kiçik yüklü hissəciklər elektrodlar arasında suyla birlikdə daşınarlar. Anionlar müsbət yüklü elektroda, kationlar isə mənfi yüklü elektroda doğru hərəkət edirlər. Tətbiq olunan axının torpaqdakı yüklü növləri, hissəciklər və ionları hərəkət etdirməsi elektromiqrasiya, elektroforez və elektroliz vasitəsilə həyata keçirilir.

Elektrokinetik metod incə dənəcikli və yüksək dərəcədə keçiriciliyi olan torpaqlardakı çirkləndiricilərin ekstraksiyasında olduqca təsirlidir. Çirkləndiricinin hərəkətinin istiqaməti və dərəcəsi; çirkləndiricinin tipi və konsentrasiyası, torpağın tipi və quruluşu kimi bir çox faktor tərəfindən müəyyənləşdirilir. Texnologiyanın səmərəsini artırmaq üçün su və ya bəzi uyğun duz məhlulları sistemə əlavə oluna bilər. [21]

Metodun ən böyük üstünlüyü, həm torpağın yerindəcə təmizlənməsində, həm də torpağın qazılmasından sonra həyata keçirilməsində aşağı xərcli bir proses olmasıdır. Lakin, torpaq kütləsi içində keçirici bir məsamə mayesinin olması zərurəti metoda ərazi xüsusiyyətlərinə bağlı məhdudiyyətlər gətirir.

Su-duru məhlulla təmizləmə Çirklənmiş ərazinin təmizlənməsində tətbiq olunan bir digər üsul torpaqdan fiziki yolla ayrılması və uzaqlaşdırılmasıdır. Fiziki ayırma çirkləndiriciləri torpaqdan ayıran duru məhlulla həyata keçirilir. Bu üsul vasitəsilə torpaqdakı çirkləndiricilər su il və ya duru məhlulla ekstraksiya olunur. İstifadə olunan su və ya digər həlledici çirkləndiricini həll edərək miqrasiyalarını artırır və ekstraksiya olmalarını asanlaşdırır. Məhlulun torpağın səthiylə yanaşı, ağır metallarla çirklənmiş torpağın daxili səthinə də tətbiq edilə bilər. Prosesin sonunda istifadə olunmuş su çirkli ərazinin altındakı yeraltı sulardan nasos vasitəsilə alınır. Xrom kimi suda asan həll ola bilən çirkləndiricinin kənarlaşdırılmasında təkcə suyun tətbiqi kifayət edirdisə, bir sıra çirkləndiricilərin həll olunmasını asanlaşdırmaq məqsədilə qatqı maddələrindən istifadə olunur. Bu maddələrin tətbiqi nəticəsində torpağın pH-ı tənzimlənir və toksik kationlarla toksik olmayan kationların yerdəyişməsi baş verir.

Bu metodun effektivliyi yüksək konsentrasiyalı çirkləndirici ilə həlledici arasındakı təmasa bağlıdır. Prosesin effektivliyinə təsir göstərən digər amillər təmizlənmə potensialının olması və torpağın keçiriciliyidir. Metdodun uğurlu şəkildə tətbiq oluna bilməsi üçün torpaq kimyası, hidrogeologiya və nisbi keçiriciliyi bilmək lazımdır. Duru məhlulla təmizləmə üsulu əsasən, qumlu torpaqlarda daha yaxşı nəticə verir. Metod üçün uyğun məhlul seçimində kapilyar prosesləri, suyun tərkibi və hidrolitik keçiricilik arasındakı əlaqəni bilmək lazımdır.



Torpaq yuyulması metodu Qazılmış torpağa tətbiq olunan və torpaqdakı bir çox çirkləndiricilərin üzvi, ağır metalların, radioaktiv çirkləndiricilərin kənarlaşdırılmasında fiziki-kimyəvi və ekstraksiya metodlarını özündə birləşdirə olduqca təsirli texnologiyadır. Suya əsaslanan bu metod torpaqdakı çirkləndiriciləri ayırmaq üçün mexaniki proseslər və ya çirkləndiricilərin həllolma xüsusiyyətinə əsaslanır. Prosesin sonunda çirkləndiricilər sərbəst hala gətirilərək torpağın 5-40%-ə qədəri həcmində konsentrə olunurlar və konsentrə olunmuş hissə digər təmizləmə metodları ilə təmizlənir.

Başqa bir sözlə ifadə etsək, proses çirkləndiriciləri yox edən bir proses deyil, onları konsantrə edərək, həcmini əhəmiyyətli dərəcədə azaldan və dolayı yolla digər metodların maliyyə dəyərini aşağı salan metoddur.

Torpağın yuyulması prosesi torpağın qazılması və nümünə torpağın hazırlanması ilə başlayır. Torpağın hazırlanma mərhələsi qaya, böyük hissəciklərin, daş qırıntılarının torpaqdan ayrılamsı üçün tətbiq olunan mexaniki süzmədən ibarətdir. Çirkləndirici hissəcikləri ayırmaq üçün duru ayırıcılar, mexaniki tutucular və süzgəclərdən istifadə olunur. Prosesdə ayrılan fraksiyaların tutulması üçün sistemlər mövcuddur. Qazma və hazırlıq mərhələsindən sonra nümunə torpaq çirkləndiricilərinin ayrılması üçün suyla və su əsaslı həllediciylə qarışdırılır. Daha sonra torpaq istifadə olunan həlledicidən ayrılır və nisbətən yüksək həcmli qaba qum və gil fraksiyası olaraq geri qazandırılır. Son mərhələdə geriyə qalan gil fraksiyası çökdürmə üsulu ilə təmizlənir.

Bəzi hallarda çirkləndiricini daha qısa zamanda təmizləmək üçün məhlula turşu və spirt kimi kimyəvi maddələr əlavə olunur. Bunların içərisində turş sularla yuyulmaya daha çox təsadüf edilir. Turş sular ağır metallarla qüvvətli kompleks birləşmə əmələ gətirməsinə və yeraltı sularda bioloji parçalanmaya daha az məruz qalmasıyla səciyyələnir.

Torpağın təmizlənməsi və immobilizasiyası metodları içərisində fiziki bariyerlərin istifadəsi (ərazidə qalması prinsipinə əsasən) iqtisadi cəhətdən əlverişlidir. Lakin bu üsulun tətbiqi zamanı çirkləndirici tam olaraq təmizlənmir. Çirkləndiricilərin immobilizasiyasını təmin edən stabilizasiya və vitrifikasiya prosesi maliyyə cəhətdən yüksək olmasına baxmayaraq əraziyə birbaşa tətbiq olunduqda nisbətən ucuz başa gəlir. Stabilizasiya üsulunun maliyyə dəyəri çirkləndiricinin dərinliyi və torpağın homogenliyi ilə bağlıdır. Bu üsul çirklənmənin çox dərin olmadığı ərazilər üçün istifadə olunan texnologiyadır. Vitrifikasiya isə, yüksək maliyyə dəyərli olmasına baxmayaraq digər metodların çox da təsir etmədiyi qarışıq tərkibli tullantılarda daha yaxşı nəticələr verir.

Təkmilləşdirmə mərhələsində olan elektrokinetik metod və ərazidə tətbiq olunan torpaq yuma metodu gələcək üçün olduqca perspektivli metodlardır. Elektrokinetik ayırma metodu xüsusilə orta dərinlikli gilli torpaqlar üçün səciyyəvidir. Torpağın ərazidə yuyulması metodu isə xüsusilə, homogen, keçirici və qumlu torpaqlar üçün xarakterikdir.Lakin, çirkləndiricinin istənməyən əraziyə doğru hərəkətinin qarşısını almaq üçün ərazinin hidrologiyasını düzgün tədqiq etmək lazımdır. Ərazidə və ərazidən kənar tətbiq olunan torpaq yuma metodunda toksiki olmayan qatqı maddələrinin təkmilləşdirilməsi üçün aparılan tədqiqatlarda bu metodun gələcəkdə istifadəsinin artacağı düşünülür. Bio- Səthi aktiv maddələrlə aparılan torpaq yuma işləri bu baxımdan olduqca perspektivlidir. Fitoremediasiya və bioloji üsulların tətbiqi uzun vaxt tələb etməsinə baxmayaraq, çirklənmənin aşağı səviyyədə olduğu ərazilər üçün məqsədəuyğun hesab edilir. [21]

Tədqiqat apardığımız ərazidə dağ-mədən sənayesinin, qara və əlvan metallurgiyanın inkişafının sürətli olmasını nəzərə alaraq torpaqların ağır metallardan təmizlənməsi və təmizlənmə işləri üçün düzgün üsul və texnologiyanın tətbiqi olduqca mühüm məsələdir. Şübhəsiz ki, ağır metallarla intensiv çirklənməyə məruz qalmış torpaqlarda çirklənmənin qarşısını almaq üçün ən yaxşı üsul əvvəlcədən düşünülmüş addımlar ataraq tullantılara nəzarət etmək və tullantıların təkrar istehsalını düzgün həyata keçirməkdir. Məhz bu yolla, torpağa ağır metalların daxil olmasına nəzarəti təmin etmək və gələcəkdə ağır metallarla bağlı torpaqda yarana biləcək neqativ proseslərinin qarşısını əvvəlcədən almaq olar.

Lakin təəssüf ki, tədqiq etdiyimiz ərazidə ağır metallarla çirklənməyə məruz qalmış torpaqlarda kifayət qədər tədbirlər görülmür və bu məsələ ilə bağlı lazımi addımlar qabaqcadan atılmır. Ərazinin ağır metalların yaratdığı çirklənmənin ilkin tədqiqində, çirkləndiricilik potensialına sahibi obyektlər sistemləşdirilməli və təmizlənməyə ehtiyac olan sahələr müəyyənləşdirilməlidir. Daha sonra ərazinin relyefi, çirkləndiricinin xüsusiyyətləri ,hidrogeoloji xassələri və iqtisadi səmərləlilik kimi bir sıra faktorlar nəzərə alınaraq lazımi labarator tədqiqatlar aparılmalı və nəticələrə uyğun metod bu parametrlər əsasında müəyyənləşdirilməlidir.

Tədqiqat apardığımız ərazidə dağ-mədən sənayesinin, qara və əlvan metallurgiyanın inkişafının sürətli olmasını nəzərə alaraq torpaqların ağır metallardan təmizlənməsi və təmizlənmə işləri üçün düzgün üsul və texnologiyanın tətbiqi olduqca mühüm məsələdir. Şübhəsiz ki, ağır metallarla intensiv çirklənməyə məruz qalmış torpaqlarda çirklənmənin qarşısını almaq üçün ən yaxşı üsul əvvəlcədən düşünülmüş addımlar ataraq tullantılara nəzarət etmək və tullantıların təkrar istehsalını düzgün həyata keçirməkdir. Məhz bu yolla, torpağa ağır metalların daxil olmasına nəzarəti təmin etmək və gələcəkdə ağır metallarla bağlı torpaqda yarana biləcək neqativ proseslərinin qarşısını əvvəlcədən almaq olar.

NƏTİCƏ VƏ TƏKLİFLƏR
Aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq aşağıdakı yekun təklif və nəticələr irəli sürülmüşdür:

-Kiçik Qafqazın şimal-şərqində torpaq ehtiyatları ətraflı təhlil edilmiş, bioekoloji xüsusiyyətləri, bitki örtüyünün yayılma arealları müəyyənləşdirilmişdir.

- Ərazinin torpaqlarında ağır metalların təhlükəlilik dərəcəsi qiymətləndirilmiş, xarakterik xüsusiyyətləri öyrənilmişdir

- Torpaqları ağır metallarla çirkləndirən başlıca mənbə və proseslər müəyyənləşdirilmiş, torpaqların ağır metallarla çirklənməsində metallurgiya sənayesinin, nəqliyyatın, kənd təsərrüfatının rolu təhlil edilmiş, müvafiq nəticələr əldə olunmuşdur.

- Dağ-mədən sənayesinin mərkəzi olan Daşkəsən ətrafı torpaqlarda dəmir filizinin çıxarılması ilə əlaqədar ağır metalların yol verilən konsentrasiyadan dəfələrlə artıq olduğu müəyyənləşdirilmişdir. Şaxta üsulu ilə dəmir filizi hasilatının aparılmasının torpaqların ekoloji vəziyyətinin sabit saxlanılmasındakı əlverişliliyi irəli sürülmüşdür

- Ərazinin torpaqlarında ağır metalların yaratdığı çirklənmənin ekoloji qiymətləndirilməsi aparılmış və Daşkəsən filizsaflaşdırma kombinatı sahəsində 600 hektardan çox sahənin texnogen relyef formaları ilə örtüldüyü müəyyənləşmişdir.

- Dağ-mədən tullantıları və ona yaxın ərazilərdən götürülmüş torpaq nümünələrinin analizi göstərir ki, torpağın tərkibində mikroelementlərin və ağır metalların miqdarı təbii landşaftlara nisbətən xeyli yüksəkdir. Tullantı süxurlarının səth suları ilə yuyulması, habelə filtrasiya nəticəsində aktiv kimyəvi elementlər miqrasiya edərək torpağa çökür və onu çirkləndirir. Təbii torpaqlara nisbətən tullantılarla təmasda olan torpaqlarda həmin elementlərin miqdarı 4-9 dəfə artıqdır. Dəmir mədən tullantılarında və onların təmas etdiyi torpaqlarda sink, mis, kobalt, manqan, bor və civənin miqdarı yol verilən konsentraiyadan 4-9dəfə artıqdır. Qurğuşunun miqdarı isə 40 dəfədən çoxdur.

-Tullantılar üzərində nəzarətin qeyri-düzgünlüyü nəticəsində dağ-mədən filizsaflaşdırma kombinatının tullantıları bilavasitə buradan keçən Qoşqarçay dərəsinə axıdılır. Bu tullantılar Qoşqarçay dərəsininin landşaftında ekoloji gərginliyi artırmış və landşaft reaksiya potensialını itirmişdir. Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır.

- Daşkəsən dəmir filizi mədənlərinin istismarı ilə əlaqədar olaraq 1,2 min hektar sahədə meşə və çəmən torpaqları yararsız hala düşmüşdür ki, bunun da 0,5 min hektarı süxur tullantıları altındadır.

- Daşkəsən və Zəylikdə açıq üsulla hasilatın davam etdirilməsi gələcəkdə burada ekoloji gərgin ocaqların artmasına, texnogen sürüşmələrin fəallaşmasına, məhsuldar torpaqların sıradan çıxmasına səbəb olacaqdır. Ərazinin mühüm rekreasiya rayonu olduğunu nəzərə alaraq dəmir filizi və alunit hasilatının şaxta üsulu ilə aparılması və yararsız vəziyyətə salınmış torpaqların rekultivasiyası vacibdir.

- Kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı. Daşkəsən filiz yatağından çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan tullantının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu məhsulda böyük miqdarda filiz atılırdı ki, inkişaf etmiş ölkələrdə yataqlardan çıxarılan filizin miqdarı bəzən bu tullantıların tərkibindən aşağı olurdu. Ona görə istər iqtisadi səmərəlilik baxımından istərsə də ətraf mühitə dəyə biləcək ziyanın aradan qaldırılması baxımından sənaye tullantıları üzərində nəzarətin düzgün təşkilinə nəzarət etmək lazımdır.

- Daşkəsən dağ-mədən kombinatının tullantılarından tikintidə,xüsusən yol çəkilişində döşəmə materialı kimi istifadə edilməsinin həm istehsalatın səmərəsinin yüksəldilməsi,həm də ətraf mühitin qorunması baxımından əhəmiyyəti böyükdür.Dəmir filizinin saflaşdırılması prosesində eyni vaxtda onun tərkibində olan digər metalların və qiymətli komponentlərin alınmasının təşkili xammaldan kompleksin istifadə edilməsi probleminin aktuallığını gücləndirir.

- Ərazidə dağ-mədən sənayesi tullantılarının idarə edilməsində və vəziyyətə nəzarət olunmasında 2 mühüm amil mövcuddur: dünya praktikasında uğurla tətbiq olunan texnologiyaların ölkəmizə gətirilməsi və tullantıların təkrar emalına və minimum xammal itkisinə nəzarət olunması.

- Torpaqda ağır metalların konsentrasiyası artdıqca bitkilər bu elementləri passiv şəkildə mənimsəyərək qida zəncirinə daxil edir. Bunun nəticəsində ağır metallar bitkilərə və bitki ilə qidalan insan və heyvanlara toksiki təsir göstərir. Bu onunla əlaqədardır ki, bitkilər yetişdikləri torpaqda özləri üçün lazım olan və ya olmayan elementləri az miqdar olsa belə öz orqanizmlərində depolaya bilirlər.

- Aparılan araşdırmalar nəticəsində Cu, Zn, Pb, Cr, Ni, Cd-un bitki metabolizmində yaratdığı dəyişikliklər , ağır metalların yüksək konsentrasiyasının bitkilərə təsir mexanizmləri ətraflı təhlil edilmişdir.

- Ağır metalların yüksək konsentrasiyasının ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzərində yaratdığı dəyişikliklər müqayisəli təhlil edilmişdir.

- Torpaqların ağır metallardan təmizlənməsində dünya praktikasında geniş tətbiq olunan metod və texnologiyalar, onların iqtisadi səmərəliliyi, mübət və mənfi cəhətləri ətraflı müəyyənləşdirilmişdir.

- İqtisadi və ekoloji cəhətədən əlverişli olan fitoremediasiya “ yaşıl metod”-un tətbiqi təklif edilmişdir. Xüsusilə aşağı və orta dərəcədə çirklənməyə məruz qalan torpaqlarda, ağır metalları özündə absorbsiya edən hipperakkumlyator bitkilərdən istifadə irəli sürülmüşdür.



- Torpaqların ağır metallardan təmizlənməsində tətbiq olunan müasir təmizləmə metod və texnologiyaları ənənəvi metodlar ilə müqayisə olunmuş, üstünlükəri və çatışmazlıqları ətraflı təhlil edilmişdir.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə