Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,59 Mb.
səhifə1/6
tarix27.10.2017
ölçüsü0,59 Mb.
#7004
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MAGİSTRATURA MƏRKƏZİ”
Əlyazması hüququnda

Quluzadə Mətanət Balay qızının

Dünya iqtisadiyyatının investisiya problemləri”

mövzusunda


MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı: 060403 – Maliyyə
İxtisaslaşma: Bank işi

Elmi rəhbər Magistr proqramının rəhbəri

Dos. Babayev A.A. Dos. Rzayev R.M.

____________________ ____________________

“Bank işi”

kafedrasının müdiri

Prof. Məmmədov Z.F.

____________________

Bakı – 2015

MÜNDƏRİCAT

Giriş ............................................................................................................................. 3

Fəsil 1. Dünya iqtisadiyyatı və investisiyanın nəzəri-metodoloji əsasları ................... 6

1.1. Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri ..................................... 6

1.2. İnvestisiyanın sosial-iqtisadi səciyyələndirilməsi .............................................. 19

Fəsil 2. Dünya iqtisadiyyatında investisiya prosesləri ............................................... 41

2.1. Kapitalın beynəlxalq hərəkəti ............................................................................. 41

2.2. Dünya iqtisadiyyatında birbaşa xarici investisiyaların müasir meylləri ............. 54

Fəsil 3. Qloballaşan dünya iqtisadiyyatındakı investisiya proseslərin yeni

xüsusiyyətləri ............................................................................................................. 65

3.1. Beynəlxalq iqtisadi münasibətlərdəki qloballaşmanın dünya investisiya proseslərinə təsiri..............................................................................................................................................65

3.2. Portfel investisiyalarının və dünya borc kapitalı bazarının müasir

xüsusiyyətləri...............................................................................................................72

Nəticə ......................................................................................................................... 81

İstifadə edilmiş ədəbiyyat .......................................................................................... 83
GİRİŞ

Mövzunun aktuallığı ilk növbədə 2008-2009-ci illərin qlobal iqtisadi böhranın və onu əvəzləmiş ləng artım dövrünün təsiri ilə dünya iqtisadiyyatında baş vermiş ciddi dəyi-şikliklərlə müəyyən olunur. Bütün bu illər ərzində büdcə kəsiri və dövlət borcu prob-lemlərinin kəskinləşməsi, Avropa İttifaqının bir sıra ölkələrində isə borc böhranına çevril-məsi, qlobal valyuta sisteminin sabitsizliyinin güclənməsi müşahidə olunurdu. Qeyd etmək vacibdir ki, bütün qlobal böran prosesləri qloballaşmanın daha da vüsət alması şəraitində baş vermişdir.

Belə ki, ayrı-ayrı milli iqtisadiyatların qarşılıqılı əlaqəsi və asılılıqı daha da güclənir, bütün dünya miqyasında iqtisadi subyektlərin tədricən artan beynəlxalq sayı ticarət və iq-tisadi, istehsal-texnoloji və b. təsərrüfat əlaqələrinə cəlb olunur. Eyni zamanda o da aydındır ki, qloballaşma sistemli proses olmaqla beynəlxalq iqüisadi mynasibətlərin keyfiyyət və kə-miyyət durumunun ciddi yenidən qurulmasına aparır. Qloballaşmanın və onu müşaiyət edən dəyişikliklərin başlıca aparıcı qüvvələrindən biri kimi beynəlxalq investisiya prosesləri, axınları, fəaliyyəti çıxış edir.

Məhz investisiya prosesləri müasir dünya iqtisadiyyatının XXI əsrdəki inkişafının sə-ciyyəsini müəyyən etmiş olur. BMT-nin ticarət və inkişaf üzrə konfransının (UNCTAD) məlumatlarına görə, vaxtaşırı milli, regional və qlobal səviyyələrdə baş verən maliyyə-iqti-sadi böhranılarına rəğmən xarici investisiyaların həcmi daima artır. Belə ki, 1970-1980-ci il-lərdə birbaşa xarici investisiyaların dünya həcmi 4 dəfə artmışdırsa, 1990-2000-ci illərdə bu göstərici 7 dəfə, son 10 ildə isə 2000-ci ilin səviyyəsi ətrafında tərəddüd etmiş, 2007-ci ildə isə bu səviyyəni 1,5 dəfə aşaraq maksimum həddə çatmışdır [75, s. 6].

Müasir dünya iqtisadiyyatının investisiya proseslərinin və problemlərinin öyrənilməsi təkcə indiyə kimi tam aradan qaldırılmamış qlobal maliyyə-iqtisadi böhran şəraitində deyil, həm də böhrandan sonrakı dövr üçün də xüsusi aktuallığı ilə seçilir. Belə ki, dünya iqti-sadiyyatının əsas subyektləri arasındakı ziddiyyətlər dərinləşir və investisiya resurslarından istifadə imkanları uğrundakı rəqabət kəskinləşir. Məsələn, xarici investisiya həcmində inki-şaf etmiş ölkələrin payının azalmasının əksinə olaraq bazarları sürətlə artan inkişaf etməkdə olan ölkələrin xüsusi çəkisinin artmasını dünya investisiya proseslərinin başlıda meyllərin-dən biri kimi göstərmək olar.

Qloballaşama şəraitində xarici investisiyaların milli təsərrüfatlara təsiri də güclənir və bu təsir heç də həmişə müsbət olmur. İstənilən ölkənin dayanıqlı iqtisadi inkişafı onun bey-nəlxalq iqtisadi proseslərdə fəal və səmərəli iştirakı olmadan mümükün deyil. Dünya təc-rübəsindən məlumdur ki, iqtisadi inkişafın digər amilləri ilə müqayisədə xarici investisi-yaların bir sıra üstünlükləri var:

- onlar əmtəə istehsalına kapital qoyuluşlarının əlavə mənbəyini müəyyən etmiş olur və bu kapital qoyuluşlarının bir hissəsi müasir texnologiyaların, mütərəqqi menecment me-tod və üsullarının investisiyaları qəbul edən ölkələrə ötürülməsi ilə müşaiyət olunur;

- onlar dövlət büdcəsinə əlavə yük yaratmır və investisiyaları qəbul edən ölkələrin xarici borcun artması ilə nəticələnmir.

Yuxarıda deyilənlər müasir dünya iqtisadiyatının investisiya problemlərinin öyrənil-məsinin aktuallığını aydın şəkildə göstərir.



Magistr dissertasiyasının məqsədi dünya iqtisadiyyatının investisiya problemlərinin araşdırılmasından ibarətdir.

Bundan irəli gələrək aşağıdakı vəzifələr qoyulmuşdur:

- təkamülünün müxtəlif mərhələlərində dünya iqtisadiyyatının xüsusiyyətlərinin açıq-lanması;

- investisiyanın nəzəri-metodoloji əsaslarının işıqlandırılması, onların mahiyyətinin və strukturunun, funksiya və növlərinin dəqiqləşdirilməsi;

- dünya təsərrüfatı çərçivəsində baş verən kapital axınlarının xüsusiyyətlərinin öyrə-nilməsi;

- dünya iqtisadiyyatında baş verən birbaşa xarici investisiyaların və portfel investisi-yalarının başlıca meyl və xüsusiyyətlərinin tədqiq edilməsi;

- qlobal iqtisadi inkişafın investisiya problemlərinin öyrənilməsi.

Tədqiqatın predmetini dünya iqtisadiyyatının investisiya problemlərinə dair iqtisadi münasibətlərin öyrənilməsi təşkil edir.

Tədqiqatın obyektini dünya iqtisadiyyatındakı investisiya prosesləri təşkil edir.

Tədqiqatın metodoloji əsasını dialektik məntiq, sistemli və kompleks yanaşma müd-dəaları təşkil edir. İşdə elmi abstraksiya, təhlil və sintez, qruplaşdırma və müqayisə metod-larından istifadə edimişdir.

Tədqiqatın nəzəri əsasını müasir iqtisadi nəzəriyyənin, makroiqtisad elminin müddəa-ları, tanınmış iqtisadçı-alimlərin dünya iqtisadiyyatı və beynəlxalq investisiya problemləri üzrə əsər və tədqiqatları təşkil edir.

Tədqiqatın informasiya bazasını beynəlxalq təşkilatların statistik və analıtık materialları, monoqrafiyalarda və dövrü elmi nəşrlərdəki faktiki məlumatlar təşkil edir. Dissertasiya işində həm yerli, həm də xarici ədəbiyyatlardan, elektron resurslardan, dövri mətbuat mən-bələrindən istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi dünya iqtisadiyyatının investisiya problemlərinin konkret istiqamətlərinin məzmun və xüsusiyyətlərinin nəzəri hissəsinin açıqlanmasından, nəzəri his-sənin praktikada gerçəkləşməsinin xüsusiyyətlərinin göstərilməsindən, dünya iqtisadiyya-tındakı investisiya proseslərinin konkret istiqamətlərinin formalaşmasının müasir durumu-nun üzə çıxarılmasından, onların mümkün inkişaf perspektivlərinin müəyyən edilməsindən ibarətdir.

Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, dünya iqtisadiyyatının müasir mər-hələsinə xas olan investisiya problemlərinin təşəkkül tapması, inkişafı, kəmiyyət və key-fiyyət parametrləri təhlil olunur, öyrənilir və işıqlandırılır.

Tədqiqatın həcmi və quruluşu. Dissertasiya 88 səhifədən ibarətdir və aşağıdakı struk-tura malikdir: giriş, üç fəsil, 6 paraqraf, nəticə və ədəbiyyat siyahısı.

Fəsil 1. Dünya iqtisadiyyatı və investisiyanın nəzəri-metodoloji əsasları
1.1. Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri

Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının bey-nəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya tə-sərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif öl-kələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli struk-turların inkişafdan qalma-sına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstər-mək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqti-sadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər.

Təbii ki, bu proses birmənalı deyil. İqtisadiyyatın beynəlmiləlləşməsi ilə yanaşı milli iqtisadiyyatın da inkişafı vacibdir. Bu isə ayrı-ayrı ölkələrin maraqları arasında arasıkəsil-məz ziddiyyətlərin meydana gəlməsinə gətirib çıxarır.

Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “dünya iqtisadiy-yatı” və ya “dünya təsərrüfatı” məfhumlarının mahiyyətinin dərk olunmasını, onun təşək-kül tarixinə və inkişaf mərhələlərinə nəzər yetiril-məsini tələb edir.

Dünya təsərrüfatı – qarşılıqlı əlaqə və asılılıqda olan, BƏB və BİM sisteminə qoşul-muş milli iqtisadiyyatların məcmusudur. Burada söhbət milli iqtisadiyyatların sadəcə me-xaniki cəmindən getmir. Məhz beynəlxalq əmək bölgüsü və kooperasiyası və BİM siste-minə qoşularaq qarşılıqlı əlaqə və asılılıqda olan milli təsərrüfatların vəhdəti dünya iqtisa-diyyatını təşkil edir. Dünya təsərrüfatı çox sürətlə dəyişən dinamik bir sistemdir və bu qlo-bal sistem iki alt sistemin vəhdətini təşkil edir: milli iqtisadiyyatlar və onları bütöv sistemlə əlaqələndirən BİM. Beləliklə, dünya təsərrüfatı daim hərəkdə olan, inkişaf edən beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik, bazar iqtisadiyyatının obyektiv qanunları əsasında fəaliyyət göstərən milli iqtisadiyyatların məcmusudur. Bu məcmu əsasında həd-dən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır.

Dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi beynəlxalq əmək bölgüsü və bey-nəlxalq valyuta-kredit və maliyyə münasibətləri əsasında təşəkkül tapan dünya bazarı çıxış edir. Mal və xidmətlərin mübadiləsi sistemini təşkil edən dünya bazarı XVIII əsrin sonlarında ölkələr arasında ticarətin artması və beynəlxalq ticarət dövriyyəsinə bütün yeni dövlət və ərazilərin qoşulması nəticəsində formalaşmışdır.

Özünün formalaşması və inkişafında dünya təsərrüfatı uzun və mürəkkəb yol keçmiş-dir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatının formalaşması və inkişafı prosesi BİM-in təkamülü ilə sıx əlaqədardır. BİM dünya təsərrüfatının təşəkkülündən xeyli əvvəl meydana gəlmiş və onun formalaşmasında mühüm rol oynamışdır. Burada dünya təsərrüfatının formalaşması dedikdə, yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının sadəcə cəmindən ibarət olan dünya təsərrüfatı deyil, dünya bazarının yaranması və inkişafı nəticəsində meydana gə-lən yeni iqtisadi reallığa uyğun dünya təsərrüfatı nəzərdə tutulur. Tədricən dünya ölkələri arasında BİM-in genişlənməsi və inkişafı dünya təsərrüfatını formalaşdırır və inkişaf etdi-rir. Beləliklə, dünya təsərrüfatının mövcudluq və inkişaf forması kimi BİM, onun reallaşma mexanizmi çıxış edir. Dünya iqtisadiyyatının inkişafı prosesində bu kifayət qədər əsaslı əks olunur.

Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma döv-rünə aid edirlər. Onlar hesab edirlər ki, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təşkil etmişdir. Roma imperiyası dövründə beynəlxalq bazarların fəaliyyətini tən-zimləyən qanunların mövcudluğu quldarlıq cəmiyyətində beynəlxalq ticarətin mövcud ol-duğunu deməyə əsas verir. Ümumiyyətlə, beynəlxalq ticarət milli iqtisadiyyatın beynəlmi-ləlləşməsinin tarixi və məntiqi baxımdan ilkin formasıdır. Feodalizm dövründə də əmtə-ələrin beynəlxalq mübadiləsi həyata keçirilmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəa-liyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşflərlə əlaqələndirirlər. Naməlum ölkə və qitə-lərin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qu-rulması ölkələr arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkəçiliyin mey-dana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsərrüfat periferiyalarına (əyalət) çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəniz yolunun kəşfi dünya bazarının formalaşması üçün şərait yaratdı.

Beləliklə, dünya təsərrüfatının meydana gəlməsinin birinci mərhələsi (XVI-XIX əsr-lər) əsasən müstəmləkə malları ilə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Ancaq bu mərhələdə dünya təsərrüfatı ölkələr arasında xarici ticarət münasibətlərinin məcmusu kimi başa düşülür və beynəlxalq əmtəə dövriyyəsi və ticarət kapitalının tətbiqi sferası ilə məhdudlaşırdı.

Ümumiyyətlə, kapitalizmə qədərki ictimai-iqtisadi sistemdə natural təsərrüfat şərai-tində istehsal olunmuş malların az hissəsi (qiymətli parçalar, qızıl və gümüşdən zinyət əşyaları, ədviyyələr, bəzi mineral xammal növləri və s.) beynəlxalq mübadilədə iştirak edirdi.

Feodalizmin dağılması, natural təsərrüfatdan əmtəə istehsalına keçid əsasında kapita-list münasibətlərinin meydana gəlməsi beynəlxalq ticarətin inkişafına təkan verdi.

Müasir dünya təsərrüfatı inhisarçı kapitalizm mərhələsində kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar sənaye çevrilişindən sonra meydana gəlmişdir.

Dünya təsərrüfatının inkişafının ikinci mərhələsi (1870-1913-cü illər) hər şeydən əvvəl Qərbi Avropada sənaye çevrilişinin baş verməsi, istehsal vasitələrinin inkişafı nəticəsində istehsalın beynəlmiləlləşməsi ilə xarakterizə olunur. Ancaq ticarət dövriyyəsinin artım templəri əvvəlki 50 ilə nisbətən daha zəif idi. Ölkələrin zəifləmiş ticarət inteqrasiyası bir çox digər beynəlmiləlləşmə tendensiyaları ilə konpensasiya edilirdi.

Bu mərhələdə əmək bazarlarının beynəlmiləlləşməsi yüksək ölçülərə çatmışdı. 1870-ci ildən 1913-cü ilə kimi 36 milyon insan Avropanı tərk etmiş, onlardan 2/3-si ABŞ-a köç-müşdür. Asiyada regionun digər ölkələrinə hərəkət edən çinli və hindistanlı emiqrantların sayı Avropadakı emiqrasiya pro-sesinin miqyaslarını ötüb keçmişdir.

Həmçinin kapitalın beynəlxalq hərəkəti də bu dövrlərdə artmışdı. 1914-cü ildə uzunmüddətli xarici investisiyaların ümumi həcmi 44 milyard dollara çatdı. Bu prosesdə Böyük Britaniya, Fransa və Almaniya daha aktiv iştirak edirdi. Demək olar ki, kapitalın hərəkətinə formal məhdudiyyətlər yox idi. Qiymətli kağızların (istiqrazlar və səhmlər) millətlərarası mülkiyyət dərəcəsi (dövlət və xüsusi istiqraz və səhmlər daxil olmaqla) olduqca yüksək səviyyəyə çatdı. 1913-cü ildə Londonda satılan qiymətli kağızlardan 59%-ni xarici qiymətli kağızlar təşkil etmişdir.

Bu mərhələ həmçinin birbaşa xarici investisiyalar (BXİ) vasitəsilə beynəlxalq istehsa-lın artımı mərhələsidir. 1914-cü ildə dünyada xarici investisiyaların 1/3-nü təşkil edən BXİ-ın həcmi 14 milyard dollara çatdı. BXİ-ın əsas ixracatçıları Böyük Britaniya (45%), ABŞ (20%), əsas idxalatçıları ABŞ, Latın Amerikasının inkişaf etməkdə olan ölkələri (İEOÖ), Çin və Avropanın daha az inkişaf etmiş ölkələri idi. 1914-cü ildə BXİ-ın əsas axını inkişaf etmiş ölkələrdə (İEÖ) cəmləşmişdir.

Bu mərhələdə dünya təsərrüfatının kapitalist istehsal üsulu əsasında təkamülü inkişaf etmiş sənaye ölkələri arasında və İEÖ-lə müstəmləkələr arasında beynəlxalq iqtisadi münasibətlərinin məcmunu təşki edir.

Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir. 1920-ci ildən sonra əksər ölkələrin sürətli inkişafına baxmayaraq, beynəlxalq maliyyə sistemindəki qeyri-sabitlik, dünyada geniş vüsət alan iqtisadi böhran əmtəə və kapital ixracının artım templərini aşağı saldı və dünya iqtisadiyyatının inkişafında böhran dövrü kimi xarakterizə olundu.

1917-ci ildə baş verən çevriliş Rusiyanı dünya təsərrüfat sferasından çıxartdı. Belə-liklə, dünya təsərrüfatı dünya kapitalist təsərrüfatı və dünya sosialist təsərrüfatı olaraq iki hissəyə bölündü. Bu proses nəticəsində elmi ədəbiyyata “Ümumdünya təsərrüfatı” anlayışı daxil oldu.

Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsi ilə 1990-cı illərə qədər olan mərhələnin əhatə edir. Bu mərhələ BİM-in yenidən qu-rulması və ya xarici iqtisadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bər-pa olunması, malların, xidmətlərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artma-sı mərhələsi kimi xaraktertizə edilə bilər.

Dünya iqtisadiyyatının bu mərhələdə inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir:


  • yüksək və sabit iqtisadi artım;

- iqtisadi fəaliyyət və əmək məhsuldarlığının artırılması sahəsində ölkələrin yaxınlaş-ması və birləşməsində güclü meyl;

- xarici ticarət siyasətinin liberallaşdırılması;

- intensiv elmi-texniki tərəqqi;

- imperializmin müstəmləkə sisteminin dağılması.

İnkişaf etməkdə olan ölkələrin (İEOÖ) dünya təsərrüfatına cəlb olunur, onu əmələ gə-tirən bloklar – dünya kapitalist və dünya sosialist təsərrüfatları arasında beynəlxalq iqtisadi münasibətlər fəallaşır, onlar arasında dünya təsərrüfat əlaqələri qaydaya salınır. Milli iqtisa-diyyatlar dünya təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir və ondan daha çox asılı olur, xüsusən də, inteqrasiya birlikləri çərçivəsində. Dünya təsərrüfat əlaqələrini tənzimləyən beynəlxalq təşkilatlar sistemi yaradılır, beynəlxalq korporasiyaların fəaliyyəti genişlənir.

Dünya iqtisadiyyatı öz inkişafının bu mərhələsində beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq əmək bölgüsünə cəlb olunmuş, beynəlxalq mübadilədə iştirak edən və ondan asılı olan milli təsərrüfatların məcmusunu təşkil edir. Beynəlxalq iqtisadi münasibətlər sistemində dünya kapitalist təsərrüfatı ölkələri əsas rol oynayır.

Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı 1990-cı illərin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiyyətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır. Onun inkişafının əsas amilləri kimi SSRİ-nin dağılması və Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı əsasında inkişafa keçməsi, dünyada inteqrasiya proseslərinin inkişafı, həmçinin dünya təsərrüfatının subyekti kimi beynəlxalq korporasiyaların rolunun artması çıxış edir.

Dünya təsərrüfatı XXI əsrin əvvəllərində öz miqyasına görə qlobaldır, bütünlükdə ba-zar iqtisadiyyatının prinsiplərinə, beynəlxalq əmək bölgüsünün obyektiv qanunauyğunluq-larına, istehsalın beynəlmiləlləşməsinə əsaslanır və bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan, beynəlxalq iqtisadi münasibətlərdə və beynəlxalq əmək bölgüsündə iştirak edən milli iqtisadiyyatların məcmusunu təşkil edir. Müasir dünya təsərrüfat münasibətlərinin öyrənil-məsində dünya iqtisadiyyatının inkişafındakı əsas meyllər və qanunauyğunluqlara diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda dünya iqtisadiyyatının inkişafında bir sıra meyllər müşahidə edilməkdədir.



Şəkil 1. Dünya iqtisadiyyatının inkişaf meylləri

Hər şeydən əvvəl təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesi qeyd edilməlidir. Bu proses praktiki olaraq təkrar istehsal prosesinin bütün mərhələlərində milli iqtisadiyyatların yaxınlaşması və qarşılıqlı nüfuz etməsi şəklində təzahür edir. Əgər dünya təsərrüfatının in-kişafının ilkin mərhələlərində dünya təsərrüfat əlaqələrinin obyekti kimi yalnız ölkədəki daxili tələbdən artıq istehsal edilmiş, həmçinin ölkədə istehsal edilməyən və ya mövcud ol-mayan əmtəələr çıxış edirdisə, müasir dövrdə dünya təsərrüfat münasibətlərinə milli isteh-salın nəticələri ilə yanaşı istehsal amilləri – kapital, texnologiyalar, işçi qüvvəsi, həmçinin is-tehsal prosesinin özü də cəlb olunur. Müasir dünya iqtisadiyyatında beynəlxalq ixtisaslaşma və istehsal kooperasiyası, texnologiyaların mübadiləsi intensiv sürətdə artır, kapitalın və işçi qüvvəsinin beynəlxalq hərəkəti fəallaşır. Ölkələr arasındakı kommersiya fəaliyyəti sahəsin-dəki iqtisadi münasibətlər milli təkrar istehsal prosesini müəyyən edən əsas və vacib şərtə çevrilmişdir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesini dünya iqtisadiyyatı çərçivəsində öl-kələr arasında xarici iqtisadi münasibətlərin liberallaşdırılması müşayiət edir. Dünya iqtisa-diyyatının inkişaf tendensiyası kimi xarici iqtisadi münasibətlərin liberallaşdırılması dünya təsərrüfat münasibətlərində milli iqtisadiyyatın açıqlıq dərəcəsinin artması ilə ifadə olunur. Dünya iqtisadiyyatında liberallaşma malların beynəlxalq hərəkətində olan maneələrin – gö-mrük rüsumlarının, kəmiyyət məhdudiyyətlərinin, texniki əngəllərin və s. azaldılması, ka-pitalın, işçi qüvvəsinin ölkələr arasında daha sərbəst hərəkətinin təmin edilməsi, xarici in-vestisiyaların cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılması şəklində təza-hür edir.

XX əsrin 50-ci illərindən başlayaraq dünya iqtisadiyyatının inkişaf meyli kimi bey-nəlxalq və regional iqtisadi inteqrasiya prosesi güclənmişdir. Beynəlxalq iqtisadi inteqra-siya milli təsərrüfat mexanizmlərinin yaxınlaşmasına, qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını qəbul edən və razılaşdırılmış şəkildə dövlətlərarası orqanlar tərəfindən tənzimlənən obyektiv iqtisadi qarşılıqlı təsir prosesidir. İqtisadi inteqra-siyanın əsasında müstəqil fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və beynəlxalq əmək bölgüsü durur. Daha əvvəllər inteqrasiya prosesləri məhdud sayda regionları əhatə edirdisə, hazırda bu hadisə demək olar ki bütün qitələrdə baş verir və çoxsaylı regional və subregional ticarət-iqtisadi qruplar yaranır. Ümumdünya Ticarət Təşkilatının göstəricilərinə görə, hazırda dünya üzrə real olaraq fəaliyyətdə olan 250-dən çox ticarət-iqtisadi saziş möv-cuddur və onlardan 130-dan çoxu 1995-ci ildən sonra yaradılıb. Bir çox tədqiqatçılar 1990-cı illərdə “inteqrasiya bumu” yaşandığını qeyd edirlər. İnteqrasiya bumu özünü iki formada göstərir: kəmiyyət (yeni regional sazişlər, mövcud sazişlərin yeni şərtlər əlavə edilməklə ye-nidən imzalanması və s.) və keyfiyyət (qarşılqılı regional təsərrüfat fəaliyyətinin dərinləş-məsi, inteqrasiyanın daha inkişaf etmiş kompleks formalarından istifadə və s.).

Müasir dünya iqtisadiyyatının daha mühüm inteqrasiya birlikləri kimi 25 Avropa ölkə-sini birləşdirən Avropa Birliyi (AB); Kanada, ABŞ və Meksikanın daxil olduğu Şimali Amerika Azad Ticarət Zonası (NAFTA); Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyası (ASEAN) və s. çıxış edir. Qeyd edilməlidir ki, regional inteqrasiya proseslərinin BİM-in in-kişafına təsiri baxımından ziddiyyət təşkil edir. Belə ki, bir tərəfdən BİM inte-qrasiya birliyi daxilində dərinləşir və fəallaşır, digər tərəfdən isə üçüncü ölkələrə münasibətdə dünya tə-sərrüfat münasibətlərinin inkişafı məhdudlaşdırılır.

Dünya iqtisadiyyatının inkişafında növbəti meyl istehsalın və kapitalın transmilliləş-məsi prosesidir. Dünyanın inkişaf təcrübəsi göstərir ki, istehsalın beynəlmiləlləşməsi prosesi beynəlxalq şirkətlərin yaranmasına təkan verən əsas amil olmuşdur. Bu prosesin əsasında ardıcıl beynəlmiləlləşmə modeli dayanır. Xaricdə satışın genişləndirilməsinə və istehsalın təşkilinə yönəlmiş bu model beynəlmiləlləşmənin tarixən və məntiqi olaraq birinci forması – əmtəə ixracının beynəlxalq sahibkarlıq fəaliyyətinin yeni formaları – lisenziyaların, ticarət markasının ixracı, birbaşa xarici investisiyalar ilə ardıcıl tamamlanmasını əks etdirir. Dünya təsərrüfatında istehsalın transmilliləşməsi beynəlxalq bank, maliyyə, sığorta, informasiya xidmətlərinin beynəlmiləlləşməsi prosesi ilə eyni zamanda baş verir və nəticədə transmilli biznes təkcə istehsalı deyil, həmçinin xidmətlər sferasını da əhatə edir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsi, milli iqtisadiyyatların qarşılıqlı yaxınlaşması dünya iqtisadiyyatında qaydaların unifikasiyası və BİM-in dövlətlərarası tənzimlənməsi sis-teminin yaradılması meyllərini şərtləndirir. Müasir dünyada iqtisadi qaydalar beynəlxalq valyuta, hesablaşma, kredit, ticarət münasibətlərinin tənzimlənməsini əhatə edir və belə qay-daların yaradılmasında Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Ümumdünya Ti-carət Təşkilatı kimi beynəlxalq təşkilatlar mühüm rol oynayır.

XX əsrin 80-90-cı illərində dünya iqtisadiyyatının inkişafında elmi ədəbiyyatda “qlo-ballaşma” termini ilə ifadə edililən yeni tendensiya meydana gəldi. Dünya iqtisadiyyatının qloballaşması müasir inkişafı şərtləndirən və səciyyələndirən ən mühüm meyl hesab edilir. Müxtəlif mənbələrdə onun izahına fərqli yanaşmalar mövcuddur. Lakin ümumilikdə qlo-ballaşma dünya təsərrüfatının formalaşmasının müasir mərhələsini xarakterizə edir. Dünya iqtisadiyyatında qloballaşma prosesi istehsalın və kapitalın beynəlmiləlləşməsinin qanuna-uyğun nəticəsi kimi çıxış edir. Qloballaşma müəyyən dərəcədə dünya təsərrüfat əlaqələrinin çərçivəsinin genişlənməsi, onun artımının kəmiyyət prosesi kimi çıxış etməklə yanaşı, mü-asir dünya iqtisadiyyatına yeni keyfiyyət verir, onun konsolidasiyası və inteqrasiyası prose-sini gücləndirir.

Şəkil 2. Dünya iqtisadiyyatının qloballaşçasının tərkib hissələri

Qloballaşma prosesinə iki tərəfdən yanaşmaq olar. Makroiqtisadi səviyyədə qloballa-şma ölkələrin və ayrı-ayrı regionların öz sərhədlərindən kənarda iqtisadi fəaliyyətə səy gös-tərmələridir. Bu cür səylərə təkan verən amillər kimi isə liberallaşmanı, ticarət və investisiya maneələrinin aradan qaldırılmasını, azad iqtisadi zonaların yaradılmasını və s. göstərmək olar.

Mikroiqtisadi səviyyədə qloballaşma dedikdə, müəssisənin fəaliyyətinin daxili bazar çərçivəsindən kənara genişlənməsi başa düşülür. Sahibkarlıq fəaliyyətinin çoxmilli istiqa-mətlənməsindən fərqli olaraq qloballaşma dünya bazarının mənimsənilməsinə vahid yanaş-ma tələb edir.

Beynəlxalq bərabərsizliyi və kapitalın regionlarası hrəkətini nəzərə alan L.A.Yunusov özünün diisertasiyasında qloballaşmanın təşəkkülünün aşağıdakı mərhələlərini müəyyən et-mişdir [64]:

- birinci mərhələ (1944-1976-cı illər) Bretton-Vudsda yeni dünya valyuta sisteminin və Beynəlxalq Valyuta Fondunun yaranması ilə səciyyələnir. Gəlirlərdəki beynəlxalq bərabər-sizliyin ümumi əmsalı 0,2794 təşkil edir və bunun 50%-i regionlararası fərqlərlə, digər 50%-i isə regionlardaxili fərqlərlə izah olunur;

ikinci mərhələdə (1976-1991-ci illər) Bretton-Vuds sisteminin əvəzinə Yamayka sistemi gəlmiş, «qloballaşma» məfhumu geniş yayılmış, ikiqütblü dünya sistemi süqut etmişdir. Gəlirlərdəki beynəlxalq bərabərsizliyin ümumi əmsalı 0,619 səviyyəsinə qalxmış və bunun 73%-i regionlararası fərqlərlə, digər 27%-i isə regionlardaxili fərqlərlə izah olunur;

- 1991-ci ildən başlayaraq bizim günlərə qədər. Dünyanı yeganə fövqəlqüvvəsi kimi ABŞ çıxış edir, transmilli korporasiya və banklar mövqelərini möhkəmlədir, kapitalın bey-nəlxalq axınları sürətlə genişlənir, qlobal problemlər üzə çıxır, antiqlobalizm hərəkatı baş qaldırır və inkişaf edir, əhalinin gəlirləri və iqtisadi inkişaf sürəti göstəriciləri üzrə ölkələrarası təbəqələşmə artır. Gəlirlərdəki beynəlxalq bərabərsizliyin ümumi əmsalı 0,81 səviyyəsinə çatmış və bunun 70%-i regionlararası fərqlərlə, digər 30%-i isə regionlardaxili fərqlərlə izah olunur.

Qloballaşmanın ən sürətli inkişaf dairəsi maliyyə sferası hesab olunur. Maliyyə bazar-larında kapitalın sərbəst hərəkəti üçün maneələrin aradan qaldırılması və tənzimləmə qay-dalarının unifikasiyası daha sürətlə gedir. Maliyyə sektorunun dünya iqtisadiyyatının qlo-ballaşmasında rolunu qiymətləndirərkən qeyd etmək lazımdır ki, müasir dövrdə maliyyə axınları əmtəə dövriyyəsini 20-30 dəfə üstələyir. Ekspertlərin qiymətləndirməsinə görə dünya iqtisadiyyatının real sektorunda $1 gəlir gətirən kapital maliyyə sektorunda $50 gəlir gətirir.

Dünya iqtisadiyyatının qloballaşması prosesi heç də problemsiz ötüşmür. Qloballaş-ma ilk növbədə sənayecə inkişaf etmiş ölkələrin mövqelərini gücləndirir, onlara əlavə üstünlüklər verir.



- faktiki; - proqnoz



Şəkil 3. Dünyanın aparıcı iqtisadiyyatlarının qloballaşmasının inkişaf dinamikası [26]

Əlbəttə ki, qloballaşma geridə qalmış ölkələrə də öz iqtisadiyyatlarını inkişaf etdirmək, dünya iqtisadiyyatının layiqli yer tutmaq üçün müəyyən şərait yaradır. Lakin qloballaşma prosesi mənfi nəticələrlə də müşaiyət olunur. Qlobal problemlərin həlli üçün ölkələrin səy-lərinin birləşdirilməsi müxtəlif yollarla baş verə bilər: ikitərəfli və çoxtərəfli sazişlər, bey-nəlxalq təşkilatların yaradılması və fəaliyyəti, iqtisadiyyatın və texnologiyanın müxtəlif sa-hələrində layihələrin birgə maliyyələşdirilməsi və həyata keçirilməsi, beynəlxalq xeyriyyə-çilik və s.

Qloballaşma dövlətlər tərəfindən düşünülmüş iqtisadi siyasətin həyata keçirilməsini tələb edir. Bu cür iqtisadi siyasət daxili və xarici iqtisadi siyasətin dialektik vəhdətini və qarşılıqlı əlaqəsini nəzərə almalıdır. Səmərəli dövlət siyasəti iqtisadi çiçəklənmə, təhsilin və səhiyyənin inkişafı, sosial qeyri-bərabərliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir. Dövlət ətraf mühitin mühafizəsinin, siyasi və makroiqtisadi sabitliyin, qanunçuluğun əsas-larının, sosial təminatın və təhsilin qarantı kimi çıxış etməlidir.



Şəkil 4. İEOÖ-rin xaricdən kapital axınlarının qəflətən dayanmasından asılılığı


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə