Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Təhsilin inkişafının maliyyə təminatında büdcənin rolunun artması



Yüklə 0,61 Mb.
səhifə2/7
tarix26.03.2018
ölçüsü0,61 Mb.
#34283
1   2   3   4   5   6   7

1.2.Təhsilin inkişafının maliyyə təminatında büdcənin rolunun artması.

Azərbaycanın müstəqillik yoluna qədəm qoyması və yeni iqtisadi münasibətlər sisteminə keçməsi təhsil və kadr hazırlığı qarşısında da yeni tələblər qoymuşdur. Elmi-texniki tərəqqinin tələblərinə cavab verə bilən kadrların hazırlanması təhsilin sürətli inkişafını zəruri edir. Ona görə də indiki şəraitdə təhsilin inkişaf etdirilməsi və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi müstəqil Azərbaycan dövlətinin ümdə vəzifələrindən birinə çevrilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra özünün müasir təhsil konsepsiyasının hazırlanması və həyata keçirilməsi dövlətin strateji vəzifələrində biri kimi müəyyən edilmişdir.

Ölkəmizdə təhsilin inkişafı və əhalinin təhsil hüququnun həyata keçirilməsi ali qanunvericiliklə təsbit edilir. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların təhsil hüququ müəyyən edilmişdir. Konstitusiyanın 42-ci maddəsində qeyd edildiyi kimi, hər bir vətəndaşın təhsil hüququ var və ölkədə icbari ümumorta təhsil dövlət tərəfindən təmin edilir və təhsilin minimum standartları dövlət tərəfindən müəyyən edilməklə, ona əməl olunmasına da dövlət nəzarət edir, eyni zamanda maddi vəziyyətindən asılı olmayaraq istedadlı uşaqların təhsili davam etdirməsini dövlət himayə edir.

Azərbaycanda təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, məktəblərin tikilməsi və əsaslı təmir olunmasına, yeni məktəb binalarının tikilməsinə son illərdə diqqət daha da gücləndirilmişdir.

Elmi-texniki tərəqqinin sürətləndirilməsi və onun əsasında istehsalın ictimai əmək məhsuldarlığının yüksəldilməsi və milli gəlirin artması işçilərin xüsusi ixtisas və peşə hazırlığının səviyyəsilə müəyyən edilir. Ona görə də təhsilin və peşə hazırlığının vahid sisteminin yaradılmasına dövlət xüsusi qayğı göstərir.

Son zamanlarda Azərbaycan Respublikasında təhsil yüksək inkişaf səviyyəsinə çatmışdır. Ölkədə təhsilin inkişaf konsepsiyası ümummilli liderimiz H.Ə.Əliyev tərəfindən imza edilmiş və ölkəmizdə yeni təhsil qanunu hazırlanıb qəbul edilmişdir. Ölkə prezidenti cənab Ilham Əliyev təhsilin inkişafına böyük əhəmiyyət verir və xüsusi qayğı göstərir. Ölkəmizdə təhsilin inkişafı sahəsində əldə edilmiş son nailiyyətlər bunu sübut edir.

Hazırda ölkədə fəaliyyət göstərən 4483 ümumtəhsil məktəblərində 1 322 182 şagird gündüz məktəblərində təhsil alır. Bununla bərabər ölkədə 20 qeyri-dövlət ümumtəhsil məktəbində 6508 şagird təhsil alır.

Qaçqın və məcburi köçkün şagirdlərin təhsil almaları üçün 609 məktəb vardır, onların bir hissəsi çadır şəhərciklərində və evlərdə, bəziləri isə fəaliyyət göstərən məktəb binalarında yerləşdirilmişdir. Bu məktəblərdə 79 min qaçqın şagird təhsil alır. Bir neçə ildir ki, onsuz da normadan artıq yüklənmiş məktəblər qaçqınlarla əlaqədar daha gərgin rejimdə işləyir.

Bundan başqa, ölkədə yerləşən 1706 məktəbəqədər təhsil müəssisəsində 116049 uşaq təhsil alır. Məktəbəqədər təhsil müəssisələrində 972-si şəhər 734-ü isə kənd yerlərində yerləşir.

Bütün məktəbəqədər müəssisələrin əsas hissəsini təşkil edən ümumi tipli müəssisələrlə yanaşı, ölkədə xüsusi təyinatlı 5 müəssisə və 6 sanatoriya müəssisəsi fəaliyyət göstərmişdir. Bundan başqa, məktəbəqədər müəssisələrdə sanatoriya və xüsusi təyinatlı qruplar yaradılmışdır.

Azərbaycanda orta peşə təhsilinə yiyələnmək üçün gənclərə kifayət qədər imkan yaradan çoxşaxəli təhsil müəssisələri şəbəkəsi fəaliyyət göstərir. Ölkədə ali peşə məktəblərin Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin geniş şəbəkəsi mövcuddur.

Respublikanın mədəni həyatı da inkişaf etməkdə davam edir. Bu gün 2729 klub müəssisəsi, 4090 kütləvi kitabxana, 28 peşəkar teatr, 4 filormoniya, 5 musiqi kollektivi, 5 konsert zalı, 233 muzey əhaliyə xidmət göstərir. Tamaşaçıları teatra cəlb etmək üçün repertuar hər gün təzələnməklə bərabər, tamaşalar azərbaycan dilindən başqa rus, ləzgi dillərində də göstərilir və teatr kollektivlərinə istedadlı gənclər qəbul edilir.

Ölkəmizdə təhsilin inkişaf səviyyəsini aşağıdakı göstəricilərlə xarakterizə etmək olar:

Cədvəl №1.1

Əhalinin təhsil səviyyəsi (ilin əvvəlinə)


Təhsil səviyyəsi

15 və yuxa yaşda əhalinin hər 1000 nəfərinə

2010

2011

2012

2013

2014

2015

Ali və orta (tam və natamam) təhsili olan 15 və yuxarı yaşda bütün əhali

909

910

910

911

911

912

O cümlədən:



















Tam ali

107

108

109

111

112

113

Natamam ali

9

9

9

9

9

9

Orta ixtisas

124

122

122

120

121

119

Ümumi orta

519

520

519

521

520

522

Natamam otla

150

151

151

150

149

149

Azərbaycanda son illərdə təhsilin inkişafına dövlət qayğısıdaha da artmış, xüsusilə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə dövlətin maliyyə yardımı ildən-ilə artır.

Təhsil xərcləri tərkibində uşaqların ümumi təhsili, tərbiyəsi əsas yer tutur. Burada məktəbəqədər uşaq tərbiyə müəssisələri ibtidai-əsas təhsil məktəbləri, ümumi orta təhsil məktəbləri, internat məktəbləri, növbəti (axşam) fəhlə-gənclər məktəbləri, uşaq evlərinin saxlanması xərcləri, uşaqları məktəbdənkənar tərbiyə işləri, metodiki işlər üzrə idarələrin saxlanmaması xərcləri, kadr hazırlığı xərcləri, o cümlədən orta ixtisas məktəbləri, ali məktəblərin, ixtisasartırma kursları və ixtisasartırma və yenidən hazırlanma institutlarının saxlanması xərcləri daxildir.

Ümumtəhsil məktəblərində xərc smetaları üzrə aşağıdakı xərc maddələri planlaşdırılır. Əmək haqqı, əmək haqqına üstəlik (sosial sığorta haqqı), təsərrüfat xərcləri, kitabxana üçün kitab alınması xərcləri, günü uzadılmış qruplarda yemək xərci, tədris-təsərrüfat inventarları alınması, əsaslı təmir xərcləri və s. Əmək haqqı təhsil xərclərində 75-80%-ə qədər təşkil edir.

Azərbaycan Respublikasında təhsil sistemi hazırda aşağıdakı quruluşda formalaşmışdır:

I – məktəbəqədər tərbiyə;

II – ümumi təhsil. Bura daxildir: ibtidai təhsil, əsas təhsil, orta təhsil;

III – peşə-ixtisas təhsili: yəni texniki-peşə təhsili, orta ixtisas təhsili. Ali təhsil (bakalavr).

IV – diplomdan sonrakı təhsil: magistratura (aspirantura), doktorantura, ixtisas artırma və kadrların yenidən hazırlanması.

Azərbaycan Respublikasının təhsil sistemi kadr potensialı, şəbəkə imkanları, həm də vətəndaşların təhsil səviyyələri və perspektiv inkişaf baxımından xeyli irəliləmiş və müsbət nəticələr əldə etmişdir.

Ölkəmizdə təhsil istehsalatdan ayrılmaq və ayrılmamaqla (qiyabi) aparılır. Bütün təhsil formaları uçün müvafiq təhsil proqramları çərçivəsində vahid dövlət standartları tətbiq edilir. Respublikada həm dövlət, həm də qeyri-dövlət təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil pulsuz, yəni dövlət vəsaiti hesabına və ödənişli, yəni vətəndaşların öz vəsaiti hesabına aparılır.

Təhsil üstün maliyyələşdirilən strateji fəaliyyət sahəsidir. Dövlət təhsili maliyyələşdirərkən onun maddi-texniki bazasını dünya standartlarına uyğunlaşdırmaq xətti yeridir. Təhsil müəssisələrinin maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir. Dövlət, təhsil sisteminin maliyyələşdirilməsini 1995-ci ildə qabaqcıl dövlətlərin səviyyəsinə çatdırmaq siyasəti yeridir və hər il təhsil sistemi üçün buna müvafiq olaraq büdcə vəsaiti və zəruri valyuta ayırır.



Diaqram№1. 1

Təhsil xərclərinin dövlət büdcəsində xüsusi çəkisi və onun digər funksional istiqamətlərlə müqayisəsi (milyon manatla)

Təhsilin maliyyələşdirilməsi üçün əlavə mənbələr: nazirliklər, müəssisələr, idarə və təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müqavilə əsasında kadr hazırlığı, ixtisasartırma və yenidən kadr hazırlığı üçün ayırdıqları vəsait; təlim-tərbiyə müəssisələrinin müxtəlif növ fəaliyyəti (tədris, elmi, istehsal və s.) və xidmətlər müqabilində əldə etdikləri gəlir; Azərbaycanın və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları, cəmiyyətləri, idarələrinin, habelə vətəndaşlarının könüllü ayırmaları hesabına əldə olunan vəsait. Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə müəssisələrinin maliyyələşdirilməsi müvafiq qaydada dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.

Ötən illər ərzində ölkənin maliyyə imkanlarının genişlənməsi sosial sferaya o cümlədən, təhsilə ayrılan vəsaitlərin həcminin artırılması üçün şərait yaradıb. Bununla belə 2010-cu ildə təhsilə ayrılan xərclərin ÜDM-də xüsusi çəkisi 2.8% olub. Xatırladaq ki, anoloji göstərici Avropa ölkələrində 5-8% arasında dəyişir. Məsələn, Almaniyada təhsil xərclərinin ÜDM-dəki payı 2011-ci ildə 5.1%, Norveçdə isə 2009-cu ildə 7.3%-ə bərabər olub.Halbuki, sadaladığımız ölkələrdə təhsil xərclərində dövlətin payı ölkəmizdəkindən təxminən iki dəfə azdır. Azərbaycan həmin il bu göstəriciyə görə dünya ölkələri arasında 148-ci yerdə qərarlaşıb. Digər maraqlı məqam ondan ibarətdir ki, ötən illərdə təhsil xərclərinin artım dinamikası ümumi iqtisadi inkişafın dinamikasına adekvat olmayıb. Bu tendensiya aşağıdakı cədvəldə daha aydın təsvir olunub.
Diaqram №1.2

Göründüyü kimi 1999-cu ildə təhsil xərclərinin ÜDM-də xüsusi çəkisi 4.2% olduğu halda bu göstərici 2013-2014-cü illər üçün 2.8%proqnozlaşdırılıb. Bu göstərici 2.4% olmaqla 2008-ci ildə ən aşağı səviyyəyə düşüb. Lakin, ötən illər ərzində təhsil sektoruna ayrılan büdcə vəsaitləri nominal olaraq artıb. 2014-cü il üçün bu istiqamətdə proqnozlaşdırılan büdcə xərcləri 2005-ci ilə nisbətən təxminən 4.4 dəfə artıb. Hazırda təhsil xərclərinin büdcə xərcləmələrindəki payı 8.0%- ni büdcənin sosial xərclərinin isə 31%-ni təşkil edir.

Dövət büdcəsindən təhsilə ayrılan xərclərin ötən illərlə müqayisədə artırılmasına baxmayaraq təhsil xərclərinin ümumi xərclərin tərkibindəki xüsusi çəkisi qabaqcıl dövlətlərlə müqayisədə çox aşağıdır.
1.3. Təhsilin inkişafına büdcə xərclərinin təsnifatı və əsas istiqamətləri

Büdcə xərcləri dövlətin öz vəzifə və funksiyalarını yerinə yetirməsi ilə bağlı olaraq yaranan məsrəflərdir. Bu məsrəflər dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının dövlət fəaliyyətinin müxtəlif istiqamətləri üzrə istifadəsi prosesində əmələ gələn iqtisadi münasibətləri əhatə edir.

Büdcə xərcləri iqtisadi funksiyası çoxlu növləri ilə xarakterikdir. Xərclərin hər bir növü keyfiyyət və kəmiyyət xarakteristikasına malikdir. Keyfiyyət xarakteristikası hər bir xərc növünün iqtisadi təbiətini və ictimai təyinatını, kəmiyyət xarakteristikasını isə onun həcmini müəyyən etməyə imkan verir.

Cəmiyyətin iqtisadi həyatında büdcə xərclərinin rolu və əhəmiyyətini aydınlaşdırmaq məqsədi ilə onları müəyyən əlamətlərinə görə təsnifləşdirilir.

Büdcə xərcləri aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir:

 funksional;

 inzibati;

 iqtisadi.

Büdcə təsnifatının vacibliyi məlumatlardan bacarıqla istifadəyə, büdcə elementləri üzrə xərclərin qruplaşdırılmasına, büdcə vəsaitlərinin real hərəkətinin vəziyyətini görməyə, sosial proseslərin və iqtisadiyyatın inkişafına aktiv təsir göstərməyə imkan yaratması ilə izah olunur. Hesabat və plan məlumatlarının tutuşdurulması, təhlil və müqayisə etməyə imkan verir. Büdcə fondlarından səmərəli istifadə etmək üçün əsaslı nəticə və təkliflərin əsaslandırılmağa, sosial-iqtisadi inkişafın istiqamətləri müəyyən etmək üçün əsas pul vəsaitlərinin istifadəsi əsas açarını cəmləşdirməyə imkan verir.

Təsnifat smeta və büdcələri ümumi icmal şəklində birləşdirməyi, iqtisadi təhlil aparmağı asanlaşdırır, büdcənin icrasına nəzarəti sadələşdirir, vəsaitlərdən məqsədli təyinatı üzrə istifadəsini, vaxtlı-vaxtında vəsaitlərin bir yerə cəmləşdirilməsinə şərait yaradır. Büdcənin icrasına dair hesabat üzrə xərclərin tutuşdurmağa, maliyyə intizamına əməl olunmasına, vəsaitlərdən qənaətlə xərclənməsinə və maliyyə planlarının yerinə yetirilməsində nəzarət imkanı yaradır.

“Büdcə sistemi haqqında” qanunun 10.1-ci maddəsinə əsasən dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir:

1. cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr;

2. əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması;

3. kreditlər üzrə borclar, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.

Azərbaycan Respublikası büdcə xərclərinin funksional təsnifatı büdcə sisteminə daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılmasından ibarətdir. O, büdcə vəsaitlərinin dövlətin əsas funksiyalarının yerinə yetirilməsinə, o cümlədən Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, təşkilatlarının və onun subyektlərinin hakimiyyət orqanlarının qəbul etdikləri normativ hüquqi aktlarının və digər səviyyəli hakimiyyət orqanlarına verilmiş ayrı-ayrı səlahiyyətlərin həyata keçirilməsinin maliyyələşdirilməsinə büdcə vəsaitlərinin istiqamətlərinin əks etdirir. Burada Azərbaycan Respublikası Prezident Administrasiyasının, Prezidentin, Milli Məclisin, Azərbaycan Respublikası Hökümətinin, prokurorluq və məhkəmə orqanlarının saxlanılması,elm xərcləri və s. ayrıca göstərilir.

Funksional təsnifat bölmə, köməkçi bölmə və paraqraf səviyyəsində nəzərdə tutulur. Funsional təsnifatın birinci səviyyəsinə dövlətin funksiyalarının yerinə yetirilməsinə büdcə vəsaitlərinin xərclənməsini müəyyən edən bölmə aiddir.

Təsnifatı birinci səviyyəsi aşağıdakı bölmələri əhatə edir:

 ümumi dövlət xidmətləri xərcləri;

müdafiə xərcləri;

 məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanılması xərcləri;

 təhsil xərcləri;

 səhiyyə xərcləri;

 sosial müdafiə və sosial təminat xərcləri;

 mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri;

 mənzil və kommunal təsərrüfatı xərcləri;

 yanacaq və enerji kompleksi xərcləri;

 kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq təsərrüfatı xərcləri;

 sənaye, tikinti və faydalı qazıntılar üzrə xərclər;

nəqliyyat və rabitə xərcləri;

 iqtisadi fəaliyyət xərcləri;

 əsas bölmələrə aid edilməyən xidmətlərə xərclər.

“Təhsil” bölməsi dövlət tərəfindən təhsilə, fərdi və kollektiv əsaslarla şagird və tələbələrə göstərilən xidmətlərə çəkilən xərcləri özündə birləşdirir. Təhsil sahəsində kollektiv xidmətlər, dövlət siyasətinin müəyyənləşdirilməsi və müvafiq proqramların işlənib hazırlanması, təhsil müəssisələrinin fəaliyyətlərinin tənzimlənməsi, təhsil sahəsində fəaliyyətlə və göstərilən xidmətlərlə əlaqədar təcrübə və əsaslı tədqiqatlarla bağlı görülən işlər bu bölmənin xərclərinə daxildir.

Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsnifatına əsasən aşağıdakı funksional istiqamətlər üzrə bölünür:

1. Məktəbəqədər uşaq müəssisələri– bu bölümə ölkə ərazisində məktəbəqədər uşaq müəssisələrinin təşkili və saxlanılması xərcləri aid edilir.

2. Məktəb- uşaq bağçaları, ibtidai, əsas və orta təhsil məktəbləri, gimnaziyalar, litseylər-bu bölümə bütün növ ibtidai və ümumi orta təhsil mətkəblərinin, o cümlədən məktəb-uşaq bağçaları, ibtidai, əsas və orta təhsil məktəbləri, gimnaziyalar, litsey və kolleclərin, günü uzadılmış qrupların və məktəblər nəzdindəki internatların saxlanılması xərcləri, eləcə də musiqi və rəssamlıq onillik məktəbləri və sanatoriya-peşə məktəbləri üçün xərclər aid edilir.

3. Axşam və qiyabi orta ümumtəhsil məktəbləri.

4. İnternat məktəbləri - bu bölümə xüsusi rejimli və idman təmayüllü internat məktəblərindən başqa bütün növ internat məktəblərinin saxlanılması xərcləri aid edilir.

5. Xüsusi rejimli internat məktəbləri-bu bölümə lal-kar, kor, poliomelit keçirmiş, zəif görmə qabiliyyəti olan, eləcə də zehni və fiziki inkişafında fiziki və başqa qüsurları olan uşaqlar üçün internat məktəblərinin saxlanılması xərcləri aid edilir.

6. Xüsusi məktəblər - bu bölümə xüsusi tərbiyə edilmə şəraitinə ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi məktəblərin saxlanılması xərcləri aid edilir.

7. Texniki - bu bölümə peşə məktəbləri,texniki-peşə məktəbləri və liseylərinin saxlanılması xərcləri aid edilir.

8. Xüsusi texniki - bu bölümə peşə məktəbləri və liseyləri-həddi-büluğa çatmamış uşaqlar üçün tərbiyə koloniyaları əsasında təşkil edilmiş və şagirdlərin maddi təminatı müəyyən olunmuş normalar üzrə aparılan xüsusi texniki- peşə məktəbləri və litseyləri, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin islah- əmək müəssisələrinin bazasında yaradılan texnikipeşə məktəbləri və litseylərinin inzibati və müəllim (ustaları daxil etməklə) heyətinin saxlanılması və başqa tədris xərcləri aid edilir.

9. Orta ixtisas təhsili müəssisələri - bu bölümə texnikum, pedaqoji, musiqi, xoreoqrafiya, rəssamlıq, tibb, olimpiya ehtiyatı və sair məktəblər üzrə xərclər aid edilir

10. Ali təhsil müəssisələri - bu bölümə ali məktəblərin nəzdində fəaliyyət göstərən aspirantura və doktorantura, eləcə də kafedraların elmi işləri ilə bağlı xərcləri daxil etməklə ali məktəblərin xərcləri aid edilir. Ali məktəblərin tabeliyində olan müstəqil elmi-tədqiqat müəssisələri üzrə xərclər 4-cü köməkçi bölmənin 1-ci paraqrafına aid edilir.

11. Kurs tədbirləri və ixtisasartırma institutları - bu bölümə bütün ixtisaslar üzrə kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırma kursları üzrə, eləcə də mütəxəssislərin təkmilləşdirmə institutlarının saxlanılması xərcləri aid edilir.

12. Kadrlar hazırlığı üzrə sair tədris müəssisələri- bu bölümə fəhlə və kütləvi peşələrdən olan başqa kadrların hazırlığı və yenidən hazırlığı üzrə nazirlik və baş idarələrin (Təhsil Nazirliyi sisteminə aid olmayanlar) məktəb (texniki- peşə məktəbləri və liseyləri), tədris-kurs kombinatlarının, tədris mərkəzlərinin saxlanılması xərcləri aid edilir.

13. Uşaqlar ilə məktəbdənkənar işlər üzrə müəssisələr və tədbirlər- bu bölümə uşaq saray və yaradıcılıq mərkəzlərinin, gənc təbiətçilər stansiyalarının, gənc texniklər stansiyalarının, idman məktəblərinin, gənc turistlər stansiyalarının, idman yeddiillik musiqi məktəblərinin, su stansiyalarının, uşaqların bədən tərbiyəsi evlərinin, uşaqlarla məktəbdənkənar işlər üzrə başqa idarələrin saxlanılması və bu cür tədbirlərin həyata keçirilməsi, idman yarışları və başqa bədən tərbiyəsi üzrə tədbirlərin, bədii olimpiadaları, məktəb yaşlı uşaqlar üçün məktəb meydançaları, uşaq bədii özfəaliyyəti və i.a. üçün xərclər aid edilir.

14. Metodiki iş, texniki təbliğat, təhsil üzrə sair müəssisələr və tədbirlər- bu bölümə metodiki kabinetlərin, filmotekaların, loqoped məntəqələrinin, şagirdlərin əmək təlimi və peşəyönümü üzrə məktəblərarası tədris-istehsalat kombinatlarının, təhsil işçiləri evlərinin saxlanılması, müəllimlərin və uşaq müəssisələri və məktəbdənkənar uşaq idarələri işçilərinin konfrans və müşavirələrinin keçirilməsi, hamilik və qəyyumluq edilən uşaqlara pul müavinətlərinin ödənilməsi xərcləri aid edilir. Bu paraqrafa aşağıdakı xərclər də aid edilir: məktəbə (iş yerinə) getmək üçün müəllimlərə yol xərclərinin ödənilməsi, müəllimlərin elmi ezamiyyələri, nümunəvi layihələşdirmə, məktəblərin inventarlaşdırılması və pasportlaşdırılması, eləcə də müəllimlərin əmək haqqının poçtla göndərilməsi xərcləri, texniki təbliğat və kadr hazırlığı üzrə kinofilmlərin çəkilişi və sair tədbirlər üzrə xərclər.

15. Uşaq evləri - bu bölümə məktəb yaşlı və məktəbəqədər uşaqlar üçün uşaq evləri, xüsusi və ailə tipli uşaq evləri üçün xərclər aid edilir. Bu paraqrafa uşaq evlərindən buraxılan şagirdlər üçün müavinətlərin verilməsi, uşaq evlərində tərbiyə alan şagirdlər üçün sağlamlıq tədbirlərinin aparılması xərcləri də daxil edilir.

16. Ümumi icbari təhsil fondu - bu bölümə ibtidai, əsas və orta təhsil məktəblərində ümumtəhsil fondu hesabına ödənilən xərclər daxil edilir.

17. Mərkəzləşdirilmiş mühasibatlıqların saxlanılması - bu bölümə təhsil şöbələri (idarələri), icra nümayəndəlikləri nəzdində fəaliyyət göstərən mərkəzləşdirilmiş mühasibatlıqların saxlanılması xərcləri aid edilir.

18. Mərkəzləşdirilmiş təsərrüfat xidməti qrupunun saxlanılması- bu bölümə təhsil şöbələri (idarələri) nəzdində fəaliyyət göstərən mərkəzləşdirilmiş təsərrüfat xidməti üzrə qrupların xərcləri aid edilir.

Göründüyü kimi təhsilin hər bir pilləsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkənin hər bir vətəndaşı təhsil almaq hüququna malikdir. Təhsil hüququnun reallaşmasının ən əsas forması da dövlət hesabına təhsil almaqdır, yəni ölkənin bütün vətəndaşları dövlət hesabına təhsil ala bilər. Yaşından, sosial vəziyyətindən, peşə-ixtisas xüsusiyyətlərindən asılı olaraq ölkənin müxtəlif təbəqələrinin fərqli təhsil xidmətlərinə ehtiyacı olur və onun da əsas hissəsi dövlət tərəfindən təmin olunur.

Hər il milyonlarla insan təhsil xidmətlərindən faydalanır, bu da böyük miqdarda xərc tələb edir ki, onun əsas hissəsi dövlət tərəfindən maliyyələşir. Ona görə də hər il dövlət büdcəsinin xərclərinin böyük hissəsi təhsilə yönəldilir. Təhsil dövlət büdcəsinin ən çox vəsait ayrılan istiqamətlərindəndir.

Təhsil xərcləri üçün 2016-cı ildə 1830,2 milyon manat vəsait ayrılmışdır. Həmin xərclərin dövlət büdcəsində xüsusi çəkisi 9,9 faiz təşkil edir ki, bu da 2015-ci il ilə müqayisədə 1,9 faiz-bənd çoxdur.

Hər il dövlət büdcəsindən təhsilə ayrılan xərclər miqdarı artırılır, xüsusilə 2007-ci ildə təhsilə ayrılan büdcə xərcləri 2006-cı illə müqayisədə 51% artırılıb ki bu ölkənin müstəqillik tarixində ilklərdən sayılır. Lakin, 2008-ci il dünya maliyyə böhranından sonra bu sahəyə ayrılan xərclərin artım tempi nisbətən azaldı. Lakin, bütün bunlara baxmayaraq bu illər ərzində təhsil xərclərinin artım tendensiyası davam etdirilib.

2006-ci ildən 2016-ci ilədək təhsil xərclərinin orta artım sürəti 19,7 faiz olub. Bunu aşağıdakı diaqramdan da görmək olar.


Diaqram №1.3

İllər üzrə dövlət büdcəsindən təhsilə ayrılmış xərclər.

Müstəqilliyin ilk illərində ölkənin ağır iqtisadi vəziyyəti 2003-cü ildə Azərbaycan neftinin dünya bazarlarına birbaşa çıxış əldə etməsi ilə ciddi divident əldə etmişdi. Dünya bazarlarında 2005-ci ildən etibarən neft və neft məhsullarının qiymətindəki fantastik bahalaşma ölkəmizə gözlənildiyindən də artıq vəsait axınına səbəb oldu. Bu vəsaitlərin böyük bir qismi infrastrukturun bərpasına yönəldilsə də sosial sferanın digər sahələri kimi təhsil də öz payını alırdı.



Yuxarıda da qeyd etdiyim kimi dövlət təhsil xidmətlərindən uşaqlardan tutmuş böyüklərə kimi müxtəlif sosial təbəqələrdən insanlar yararlanır. Və bu zaman ayrı-ayrı sosial və yaş qruplarının tələbatları çox müxtəlif olduğundan onlara göztərilən təhsil xidmətləri və formalarıda çox müxtəlif olur. Məsəslən kiçik uşaqlar məktəbəqədər uşaq müəssisələrinə gedir və burada onlara balacalar üçün ən vacib olan şeyləri öyrədir, davranışları aşılayırlar. Və ya 6 yaşından başlayaraq bütün uşaqlar icbari şəkildə ibtidai və əsas təhsilə cəlb olunur, orta məktəbdə oxuyurlar. Sağlamlığında məhdudiyyətlər olan uşaqlar üçün isə xüsusi məktələr və kurslar təşkil olunur. Texniki peşə məktəblərində müxtəlif peşələr öyrədilir, texnikumlarda, kolleclərdə tələbələrə orta ixtisas təhsili verilir, inistut və universitetlərə isə tələbələrə ixtisaslar daha dərindən tədris edilərək elmin əsasları daha dərindən öyrənilir. Müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisas səviyyəsini yüksəlmək və biliklərini artırmaq üçün ixtisasartırma kursları təşkil olunur. Buradan göründüyü kimi bütün bu təhsil növlərinin mahiyyəti, məzmunu, tədris üsulları və tədrisin təşkili formaları bir-birindən kifayət qədər fərqlənir. Buna görə də dövlət büdcəsindən təhsilə ayrılan xərclər bütün bu qeyd olunan və olunmayan istiqamətlərdə bölünür.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə