Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 436,54 Kb.
səhifə2/7
tarix23.09.2017
ölçüsü436,54 Kb.
#1220
1   2   3   4   5   6   7

1.2 Azərbaycanın neft sektorunun iqtisadiyyatın inkişafında rolu

Neft insanların istifadə elədikləri ən əhəmiyyətli təbii sərvətlərdən biridir. O, aşkar olunduğu ərazilərdə yaşayan xalqların talehində böyük rol oynamışdır. Məhz buna görədir ki, nefti “qara qızıl” adlandırmış, onun bəşəriyyət üçün əhəmiyyətini yüksək dəyərləndirmişlər. Neftin tərkibində başlıca olaraq təbii karbohidrogen qarışığı ilə yanaşı, kükürd, azot və oksigen birləşmələri də müşahidə olunur. O digər təbii yanacaq növlərindən (daş kömür, yanar şistlər və sairədən) tərkibində hidrogenin bol olması ilə fərqlənir. Onun mənşəyi lap qədim dövrlərdən insanları maraqlandırmışdır. Hələ əlkimya dövründən başlayaraq müasir kompüterlərin dövrünə qədər bu problemlə bağlı xeyli iş aparılsa da, neftin mənşəyi haqda hələ də birmənalı cavab tapılmayıb. Müasir dövrdə bu problemin aktuallığı yalnız bizi əhatə edən dünyanın dərk edilməsi ilə bitmir. Neftin yaranmasının elmi izahı ilk növbədə onun yataqların yayılması qanunauyğunluqlarını müəyyən etməyə imkan verir. Neftin mənşəyinin izahı, eyni zamanda, bizim planetimizin yaranması və Yerdə həyatın yayılması ilə bağlı bir çox suallara da cavab verə bilər.

İnkişafın ümumi gedişi göstərir ki, XXI əsrin energetikası neft energetikası olmayacaqdır. Çünki müasir dünyada hasil edilən enerjinin əsas hissəsi neftlə bağlı deyil və gələcəkdə də vəziyyətin dəyişəcəyi gözlənilmir. Lakin mobil güc qurğularında, kimya sənayesində və bir sıra başqa sahələrdə neft məhsulları praktiki olaraq hələ hakim rol oynamaqdadır. Doğrudur, müasir texnoloji potensial elə bir inkişaf səviyyəsinə çatmışdır ki, nüvə enerjisi də daxil olmaqla, bütün ilkin enerji resurslarını mühərrik yanacağına çevirmək texniki cəhətdən həll edilə biləndir. Lakin, elektrikləşdirilmiş dəmiryolu istisna olunmaqla, bu yolla alınan yanacaq növləri ənənəvi neft məhsulları ilə rəqabətə dözə bilmir. Buna görə də neft məhsullarını əvəz etmək texniki cəhətdən mümkün olsa da, bu əvəzetmə yalnız neftçıxarma sahəsində istehsal çətinlikləri həddən artıq gücləndikdə səmərəli ola bilər.

Neft və qaz hasilatının mümkün və məqsədəuyğun həcmlərinin əldə edilməsi ölkə iqtisadiyyatının bir sıra sahələrinin dinamik və dayanıqlı inkişafını, xüsusilə, nəqliyyatın, tikinti və kənd təsərrüfatı texnikasının işini, polimer materialların istehsalını və s. təmin edir. Neft get-gedə daha çox kimya sənayesi üçün xammala çevrilməkdədir. Çünki, neft xammalına əsaslanan kimyəvi məhsullar istehsalı olduqca yüksək inkişaf tempi ilə xarakterizə olunur. Beləliklə neftdən istifadə istiqamətlərindəki struktur dəyişiklikləri nə qədər köklü və dərin olursa olsun, ona tələbatın azalması praktiki olaraq qeyri-mümkündür.

Burası da danılmazdır ki, bütövlükdə dünyada enerji daşıyıcılarının istehsalında dönməz ümumi artım meyli mövcuddur. Bununla belə, enerji daşıyıcılarının dünya bazar qiymətləri məlum tələb-təklif qanununun təsirindən daha çox siyasi hadisələr və silahlı konfliktlərlə bağlı olaraq sıçrayışlı dəyişmələrə məruz qalandır. Qiymətlərin dəyişməsi həmçinin ekoloji amillərlə, o cümlədən, ətraf mühitin çirklənməsi ilə də bağlıdır. Məsələn, 1997-ci ildə Kiotoda keçirilən Beynəlxalq Konfransda 160 ölkə iştirak edərək neft və neft məhsullarının ekoloji çirklənməyə səbəb olmasını xüsusi qeyd etmiş və onlardan istifadə edilməsinin azaldılmasını, əvəzində isə təbii qazdan istifadənin məqsədəuyğunluğunu qərara almışlar. Buna baxmayaraq, dünya bazarındakı faktiki vəziyyətin təhlili göstərir ki, enerji daşıyıcılarına tələb artmaqda davam etməkdədir. Enerji daşıyıcılarının əsas istehlakçıları olan ölkələr üzrə bütövlükdə tələbatın orta illik tempi 3%, o cümlədən, neft üzrə 3,1%, qaz üzrə 3,8% təşkil etmişdir.

Vacib olan budur ki, artıq qeyd etdiyimiz kimi, digər alternativ enerji daşıyıcılarının kəşfi və intensiv istehsalı ilə bağlı misilsiz qüvvə və vəsait sərfinə baxmayaraq, neft istehsalı durmadan artır. Belə ki, dünyada 1901-ci ildə 20 milyon tondan bir qədər çox(bunun isə yarıdan çoxu Abşeron yarımadasında) çıxarılmışdı. 1978-ci ildə isə dünyada neft istehsalı 3 milyard tondan çox olmuşdur.

Neft qaz-sektorunun makroekonomik göstəricidə vacibliyi bu sahənin ÜDM-in strukturunda, dövlət büdcəsi gəlirlərində və xarici ticarət dövriyyəsində olan pay nisbətiylə ölçülür. Bu pay bölgüsündən ölkə iqtisadiyyatında əlverişli korrelyasiyası inkişaf üçün olduqca mühümdür. Əksi olan halda bu vəziyyət müdhiş “Holland sindromu” deyilən iqtisadi fenomenlə müşayiət oluna bilər. Hekşer-Olinin elmi nəzəriyyəsinə əsaslanan bu fenomen praktiki müstəvidə böyük neft industriyası yaradan bir neçə ölkədə (İngiltərə, Meksika, Norveç və d.) müxtəlif səviyyələrdə və başqa-başqa illərdə özünü göstərmişdir. Hadisənin kökündə 1960-1970-ci illərin Şimal dənizində Hollandiyanın təbii qaz hasilatı ilə bağlı həyata keçirtdiyi iqtisadi strategiyanın acı nəticələri durur. Belə ki, adı gedən respublikada təbii qazın bolluğu yeni iqtisadi durum yaradaraq onun geniş ixracına təkan vermiş, nəticədə ölkənin büdcəsi və iqtisadiyyatı əsaslı dərəcədə təbii qazın kapitalı inhisarına keçmişdir. Yerdəyişməyə məruz qalan gəlir artımının nəticəsində ənənəvi ixracat yönlü emal sənayesi sahələrində istehsalın məhdudlaşması baş vermiş və ölkədə çatışmayan əmtəələrin idxalını yüksəltmişdir. Xarici bazarlardan isə asılılıq şəraitində dəyişən qiymətlər ölkəni çətin staqnasiya durumuna salmış, əhalinin sosial vəziyyətini çətinləşmiş, gəlirlərinin isə aşağı düşməsi ilə müşayiət olunmuşdur.

Neft-qaz sektorunun ÜDM-in strukturunda payı bu sahədə ən mühüm makroekonomik göstərici olaraq çıxış etməkdədir. Neft-qaz istehsalçıları olub inkişaf etmiş ölkələrdə neft qaz-sektorunun ÜDM-in strukturunda payı 20-30%-dən də çoxdur. Ümumilikdə isə neft-qaz sənayesinin ənənəviləşdiyi belə ölkələr üçün uyğun standartın 20-25% olması məqsədəuyğun hesab edilir. Burda həmçinin ÜDM-un adambaşına düşən həcmi 20-25 min $-dan yuxarı olması da şərtdir. Azərbaycanda bu göstəricilər hazırda 48,5 % , 6008 $ təşkil edir.

Statistikaya əsasən 2014-cü ildə qeyri-neft sektorunun artımı 7,9% olmaqla, neft-qaz sektorunun artım tempini bir neçə göstəricidə üstələyibdir. Lakin nəzərə alandakı, neft-qaz-sektorunun həcmi olduqca genişmiqyaslı və rəqabətədavamlıdır, onda bu artımı o qədər də qənaətbəxş hesab eləmək olmaz. Nəzəri hesablamalara görə buradakı artım deflyatorun yaxın 20 ilə nəzərən hər il 2-3 olması təminatı daha effektli nəticələrə gətirib çıxaracaqdır.

Atom enerjisindən istifadə olunduğu müasir dövrdə neft yenə də əsas enerji mənbəyi olaraq qalır. Dünya energetika balansında onun xüsusi çəkisi getdikcə artır.

Məlum olduğu kimi, ən mühüm yanar maye və ən geniş istifadə edilən faydalı qazıntı olan neft Yer səthinə yaxın laylarda və ya çatlarda yerləşərkən oksidləşib qatı maltaya, yarımbərk asfalta və başqa epinaftidə çevrilir. Neftin özünəməxsus qoxusu var. Rəngi açıq-qəhvəyidən tünd-qonur, qarayadək dəyişir. Neft müxtəlif karbohidrogenlərdən (sikloalkanlar, alkanlar, arenlər, aromatik karbohidrogenlər və onların hibridləri) və təkibində karbon (C) və hidrogendən (H) əlavə oksigen (O), kükürd (S) və azot (N) olan birləşmələrdən ibarətdir. Neftin element tərkibi 82,5-87% karbondan, 11,5-14,5% hidrogendən, 0,05-0,35% (nadir hallarda 0,7%) oksigendən, 0,001-5,3% kükürddən və 0,001-1,8% azotdan ibarətdir.

Azərbaycan nefti dünyada ən yüksək keyfiyyətli neftlərdən biridir. Azərbaycanın 2/3 hissəsi (70%-i) neftli-qazlıdır. Əsas yataqları Abşeron-Qobustanda, Xəzərin şelf bölgəsində, Cənub-Şərqi Şirvanda, Acınohur-Ceyrançöldədir. Azərbaycan nefti Kaynozoy yaşlı çökmə süxurlarda yayılıb. Lakin Muradxanlı (Kür-Arazda) yatağındakı neft Mezozoy erasının vulkanik süxurlarında aşkar edilib. Naftalanda - dünyada yeganə müalicəvi və yanmayan neft var. Son illərdə Xəzərdə Azəri, Çıraq, Günəşli və s. yeni neft yataqları tapılıb. Əsas qaz yataqları Qaradağ, Zirə, Gürgan, Xəzərin şelf zonası, Bakı və Abşeron arxipelağındadır. Naftalan neft yatağından dünyada yeganə olan müalicə nefti də çıxarılır. Respublikamızda həm quruda (Abşeron yarımadası və aşağı Kür çökəkliyi), həm Xəzər dənizi akvatoriyasında (Bakı və Abşeron arxipelaqları) neft və qaz-kondensatı çıxarılır. Dünyada məlum olan təxminən 350 neft-qazlı hövzələrin 140-ında neft və qaz çıxarılır, qalanlarıysa perspektivli hövzələrdir. Neftli-qazlı hövzələrin sahəsi bir neçə min kv. km-dən bir neçə milyon kv. km-dək olur. Neft əsasən çökmə süxurlarla (qum, qumdaşı, əhəngdaşı və s.), nadir hallarda maqmatik süxurlarla əlaqədardır. Məsələn, Azərbaycan Respublikasında Muradxanlı nefti yatağı bu tiplidir.

Neftin böyük iqtisadi əhəmiyyəti var. O, sürtkü yağları, maye yanacaq və müxtəlif neft məhsulları və kimya sənayesi üçün xammaldır.

Neftlə birlikdə yerdən müxtəlif karbohidrogen qazlarının qarışığından ibarət neft qazları (səmt qazı) da çıxır. Normal şəraitdə 1 ton neftlə çıxan qazın kub metrlə həcminə qaz faktoru deyilir.

Azərbaycan Respublikasında qaz faktoru orta hesabla 40-200 kub.m/ton təşkil edir. Nadir hallarda 2000-4000 kub.m/ton ola bilir.

Neft qazları kimya sənayesi üçün qiymətli xammal olmaqla yanaşı, qismən də yanacaq kimi istifadə olunur. Neft qazlarında maye spirt, üzvi həlledici, plastik kütlə, süni kauçuk, süni lif, gübrə, partlayıcı maddə və s. alınır. Neft məhsullarının 63%-i daxiliyanma mühərriklərində motor yanacağı kimi istifadə olunur.



1.3 Yeni neft strategiyası və onun tarixi əhəmiyyəti

Azərbaycanda uğurlu, yeni neft strategiyası həyata keçirilməkdədir. Bu ulu öndərin yaradıcısı olduğu, müasir qlobal enerji təhlükəsizliyi sistemində önəmli əhəmiyyəti olan “Əsrin müqaviləsi”ndən başlayır. Bu müqaviləyə gedən yol və şərtlər və onun imzalanmasıyla əlaqəli olan tarix yaddaşlarda böyük iz qoymuşdur. Belə ki, ötən əsrin 90-cı illərin əvvəllərində ölkəmizdə, bütünlükdə aid olduğumuz coğrafiyada mürəkkəb geo-siyasi vəziyyət mövcud idi. Müstəqilliyini yenicə əldə edən Azərbaycana riskli bir dövlət kimi baxılırdı. Bu baxımdan da Xəzərin Azərbaycan sektoruna aid olan yataqların işlənməsi üzrə iri kapitalqoyluşlu müqavilələrin bağlanmasına ehtiyatlı yanaşmalar var idi. Lakin ümummilli liderin qətiyyəti, apardığı uğurlu neft siyasətinin nəticəsi kimi 20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” yatağının dünyanın iri dövlətlərinin, ən iri neft şirkətlərinin birgə işlətməsi əsasında bu böyük, tarixi saziş imzalandı və o, iyirminci yüzilliyin tarixi müqavilələri arasında qabaqcıl bir mövqeni tutdu. “Əsrin müqaviləsi” ölkənin neft sənayesinin yeni mərhələsinin lokomotivi olmaqla öz ardınca çoxsaylı müqavilələr çəkib gətirmiş, Azərbaycana heyrət doğuracaq dərəcədə investisiya axınını təmin etmişdir. Bununla əlaqədar olaraq neft sənayesinin inkişafını sürətləndirmək üçün əsaslı infrastruktur yaranmaları və dəyişiklikləri aparılmışdır. “Əsrin müqaviləsi” Bakıda - “Gülüstan” sarayında imzalanmışdır. Dənizin dərinliklərində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqda 400 səhifəlik müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Azərbaycan, Böyük Britaniya, Norveç, Səudiyyə Ərəbistan) 13 şirkət (Amoko, BP, Mak-Dermott, Yunokal, ARDNŞ, Lukoil, Stat-oil, Exxon, Türkiyə petrolları, Penzoil, İtoçu, Remko və Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 respublikanı təmsil edən 41 neft şirkətilə daha 27 sazişin imzalanmasına yol açdı.

“Əsrin müqaviləsi»nin imzalanması və həyata keçməsi müstəqil Azərbaycanın iqtisadi-inkişaf konsepsiyasını təşkil edən doğru neft strategiyasının həyata keçməsinin parlaq təzahürü idi. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatın inkişafında yeni eranın əsasını qoyan “Əsrin Müqaviləsi”nin imzalanmasıyla başlamış iş XXI əsrdə respublikamızın dinamik, geniş inkişaf yolunu müəyyən etdi.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra onun iştirakçıları, işçi strukturları – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Məsləhət Şurasını yaratdılar. Bu strukturlar hüquqi səlahiyyət qazanandan, yəni 1994-cü ilin dekabrın 2-də ölkə prezidenti xüsusi Fərman imzaladıqdan sonra fəaliyyətə başladılar.

1994-cü ilin dekabr ayında “Əsrin müqaviləsi” ölkə parlamentində təsdiq edildi. Prezidenti müvafiq fərman imzalayandan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu olaraq qüvvəyə mindi. 1995-də layihəyə 100 milyona qədər, 1996-cı ildə 600 mln $ vəsait qoyuldu. Bu vaxta kimi bu layihəyə 2,5 mlrd$ sərmayə qoyulmuşdur. Bununla da, “Əsrin müqaviləsi”nə uğurla başlayan Azərbaycan, bir çox Qərb dövlətlərinin, 1-ci növbədə isə ABŞ-ın Azərbaycanda iqtisadi maraqlarını yaratmaqla onların diqqətini öz probleminə cəlb etməyi bacardı. Qərb dövlətləri arasında ən mühüm pay “Əsrin müqaviləsində” ABŞ-ın şirkətlərinə ayrılmışdır. ABŞ-ın “Yunocal”, “Amoco”, “Mc Dermott”, “Exxon” kimi 5 şirkətinə üst-üstə 50% investisiya payı ayrılmışdı ki, bu da təqribən 5 mlrd. ABŞ $-na bərabər idi.

“Azəri Light” markalı yüksək keyfiyyətli Azərbaycan neftinin dünya bazarlarına çıxa bilməsi üçün ilk lojistik layihələr həyata keçirilmiş, daxili (Sanqaçal, Dübəndi) və xarici (Novorossiysk-Rusiya və Supsa-Gürcüstan) neft terminalları təzədən qurularaq, Bakı-Supsa, Bakı-Novorassiysk neft kəmərləri işə salınmışdır. O ərəfədə neft tariximizdə daha bir önəmli hadisə, 1999-cu ilin noyabr ayın 18-də İstanbulda “Çırağan” sarayda “Ankara bəyannaməsi”nə uyğun olan Bakı-Ceyhan marşrutu üzrə “Xam neftin Azərbaycanın, Gürcüstan və Türkiyənin ərazisindən keçməklə nəql olunmasına dair saziş”in imzalanması oldu.

“Əsrin müqaviləsi”nə müvafiq olaraq hasil olunacaq böyük neft həcmləriylə müqayisədə bu kəmərin ötürmə qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının vacibliyi məsələsi ortaya çıxmış oldu və əvəzedici variantlar üzərində ciddi iş aparılmasına başlanıldı. Ulu öndərin qurduğu neft strategiyasının tərkib hissələrindən digəri də neft marşrutlarının alternativliyinə nail olmasıydı. Neft marşrutlarının alternativliyi ölkəmizin hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı dövlətin milli mənafeyinə cavab verirdi. Bütün bu amilləri diqqətə alan ulu öndər davamlı təzyiqlərə baxmayaraq uzaqgörən bir qərar qəbul etdi. 1996-cı ildə mart ayın 8-də Azərbaycan Prezidenti H. Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze Tbilisidə Bakı-Supsa kəmərinin çəkilişi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan dövləti arasında bağlanmış üçtərəfli müqavilələrdə Azərbaycan Azəri, Çıraq və Günəşli yataqlarından çıxan ilkin Azərbaycan neftinin nəqlini Bakı-Supsa neft kəməri vasitəsi ilə nəzərdə tuturdu. Bakı-Supsa neft kəməriylə ilkin Azərbaycan nefti 1999-cu il aprel ayın 17-də ixrac olunmağa başlandı. Bu marşrutun əsas üstünlüyü Azərbaycan neftinin təmiz halda «Azəri layt» markası ilə dünya bazarına çıxarılması idi. Həmçinin kəmərin digər bir üstünlüyü də neftin Supsaya Novorossiyskiyə nisbətdə daha ucuz nəql olunması idi. Qərb istiqamətində yol alan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir.

Bakı-Supsa və Bakı-Novorosiysk neft-boru kəmərləri respublikamızın getdikcə artmaqda olan iri neft həcmlərini dünya bazarlarına ixrac etmək qabiliyyətində deyildi. Elə buna görə də əsas ixrac neft boru kəmərinin qısa vaxtda inşası məsələsi meydana gəldi. Belə olan halda Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft-boru kəmərinin ideyasını gündəmə gətirdi. Respublikamızdan həm xaricdəki həm də daxilindəki bədxahları müxtəlif bəhanələr gətirməklə, beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün yetəri qədər nefti olmayacağı haqqında fikir yaratmağa çalışır, bu ideyanın uğursuz olacağını hesab edirdilər. Lakin zaman ulu öndərin bu konsepsiyasının tamamən real, həmçinin iqtisadi cəhətdən səmərəli olduğunu göstərmiş oldu. Nəhayət, 2006-cı ilin may ayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Və bugün bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı olaraq etiraf olunmaqdadır.



Heydər Əliyevin adına olan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) «Əsrin müqaviləsi» çərçivəsində Xəzər dənizinin Azərbaycan hissəsində hasil olunacaq xam neftin dünya bazarına çımasını təmin etmək üçün inşa edilmiş boru-nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 km-dir. Onun 443 km-i Azərbaycanın, 248 km Gürcüstanın, 1076 km isə Türkiyə ərazisindən nəql olur. Kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə günd 1 mln barel olması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti BTC layihəsində iştirak etmək məqsədiylə «AzBTC Co.» törəmə şirkətini yaratdı. Şirkət layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılam «BTC Company» şirkətində 25%-lik paya sahibdir. «AzBTC Co.» şirkəti də daxil olmaqla, layihənin bütün iştirakçıları layihə dəyərinin 30%-lik payı öz vəsaitləri hesabına, qalan 70%-lik hissəni isə beynəlxalq maliyyə institutlarından, kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kreditlər hesabına maliyyələşdirirlər. Azərbaycan dövləti adından Azərbaycan «BTC Co.» şirkətindəki 80%-lik payın təmsilçisi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi çıxış etmişdi. Bu payın maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilmişdir. BTC layihəsində ölkəmizin iştirakının təmin edilməsiylə bağlı öhdəliklərin yerinə yetirilməsi, həmçinin ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər «Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2002-ci il tarixli Fərmanı ilə tənzimlənir. Həmin ildən 1 fevral 2007-ci il tarixədək olan müddət ərzində ümumilikdə 298 mln manat məbləğdə pul vəsaiti Heydər Əliyev adına Bakı- Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmər layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə yönləndirilmişdir. Bununla yanaşı neft strategiyasının gerçəkləşməsi istiqamətində ölkəmizdə digər iri həcmli layihələr də həyata keçirilmişdir. Belə ki, Xəzər dənizinin ən dərində olan qatlarını fəth edən modernləşdirilmiş “İstiqlal”, “Dədə Qorqud”, “Qurtuluş” və “Lider” adlı üzən dərin qazma qurğuları istifadəyə verilmiş, Bakı-Tbilisi - Ərzurum qaz kəməri qurulmuş, ARDNŞ-in strukturu yeni mobil düzəndə formalaşdırılmış və sosial-iqtisadi yüksəlişə əlavə stimullar verən yüksək investisiya təminat olan müvafiq milli neft fondu - ARDNF yaradılmışdır. Bunlar hamısı “Əsrin müqaviləsi” və sonrakı neft kontraktlarının həyata keçməsi ilə bağlı milli neft strategiyasına çevrilən neft siyasətinin məqsədlərinin və vəzifələrinin bünövrəsini təşkil etmişdir.

Diaqram1. BTC layihəsində iştirak edən şirkətlər. (mənbə: Neft Fondunun hesabatları)

Beləliklə bu strategiya həyata keçirilərkən yalnız yerli məzmunda deyil, həmçinin regional və qlobal miqyasları da hədəfə almışdır. Bu konteksdən də milli neft strategiyası yaxın və orta müddətdə inkişafın konturlarını 4 aspektdə - siyasi, iqtisadi, sosial, texniki kontekstdə cizgiləndirilmişdir.

Ötən dövrdə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtlarından olan - Vaşinqtonda, Moskvada, Londonda və Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 27 saziş imzalanmışdır. Bugün həmin sazişlərin həyata keçməsində dünyanın 14 ölkəsindən 30-a qədər iri neft şirkətləri iştirak edir.

Bağlanmış bu müqavilələrdə respublikamızın neft-qaz sənayesinə təqribən 60 mlrd ABŞ $-ı həcmində yatırım edilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin 4,5 mlrd-ı artıq ölkəmizə invesstisiya şəklində yatırılmışdır.

Hazırda respublikada bütün kateqoriyalar üzrə karbohidrogen ehtiyatı 4 mlrd tondan çoxdur ki, bu ölkəni dünyanın iri neft regionlarının sırasına çıxarır.

Neft strategiyamızın əsas istiqamətlərindən biri də respublikamızın sahib olduğu neftinin dünya bazarına nəqli edilməsidir. Bu istiqamətdə ölkəmizin mənafeyinin uzun müddətli formda qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilinin artmasıyla əlaqədar neftin dünya bazarlarına nəql olunmasının təmin edilməsi məqsədiylə strateji əhəmiyyəti olan Bakı- Tbilisi -Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması üçün iri miqyaslı işlər həyata keçirilmiş, aparılmış danışıqlar uğurlu nəticələnmişdir. Beləliklə, Azərbaycan nefti Türkiyəyə nəql edilməsi haqqında əhəmiyyətli hökumətlərarası sazişlər imzalanmışdır.

Neft strategiyasının nəticəsi olaraq Azərbaycan Xəzərin nəhəng enerji potensialını mənimsəyən və regionun inkişafında keyfiyyətli, yeni iqtisadi model gerçəkləşdirən, Avropa ilə Asiya arasında siyasi və ticarət əlaqələrinin genişlənməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOGEİT, TRASECA və başqa mühüm layihələrin həyata keçirilməsində Qafqaz regionunda və Xəzəryanı bölgədə əsaslı rol oynayan dövlətə, dünyanın nəhəng neft hövzələrindən birinə çevrilmişdir.

Yeni neft strategiyasının reallaşması ilə respublikanın neft yataqlarının istismarına iri məbləğlərdə xarici investisiyalar cəlb olundu. Təkcə bunu vurğulamaq kifayət edər ki, Dövlət Neft Şirkəti 15 ölkədən 25 şirkətlə imzalamış hasilatın pay bölgüsü sazişində (HPBS) Azərbaycan Respublikasını uğurla təmsil edir. HPBS-ləri çevrəsində 1995-2013-cü illərdə Azərbaycan neft-qaz sektoruna təxminən 51,6 milyard ABŞ dollar məbləğində sərmayə qoyuldu. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bugün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, respublikadan xaricdə iri layihələr həyata keçirən modern şirkətdir. Bugün Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.

Neft strategiyasının son illər ərzində respublikaya gətirdiyi böyük dividendlərdən biri də ölkənin beynəlxalq səviyyədə böyük ümidlər bəsləndiyi təbii qazın ixracatçısına çevrilməsidir. 1999-cu ilin iyununa ehtiyatları 1,2 trln kubmetr qazın və 240 mln ton kondensatın iri «Şahdəniz» yatağının kəşf olunması və «Şahdəniz» qaz layihəsinin uğurla həyata keçirilməsi respublikanı dünyaya nəhəng qaz ixracatçısı kimi tanıtdı.

Azərbaycanı Avropada əsas enerji təminatçısına çevirən ən önəmli amil, şübhəsiz ki, ölkənin zəngin karbohidrogen ehtiyatının səmərəli istifadəsi ilə bağlıdır. Hələ 2006-cı ilə qədər Rusiyadan mavi yanacaq idxal edən Azərbaycan

2007-ci ildən etibarən asılılığı aradan götürməyə nail olması və qaz ixrac edən ölkəyə dönüşməsi enerji diplomatiyamızın uğuru kimi qiymətləndirilməlidir.

Diqqətləri çəkən nüanslardan biri də yetərincə neft və qaz ehtiyatlarına malik strateji əhəmiyyəti olan yataqların məhz öz neftçilərimiz tərəfindən kəşf olunması və istismara verilməsidir. Bu yöndə ilk uğurlu addımlardan biri də 1999-cu ildə kəşf olunan “Şahdəniz-1” qaz yatağında ilk qazın hasil olunması olmuşdur.

2006-cı ildən etibarən yatağın istismarı respublikanın qaza olan daxili tələbatın tam ödənməsinə və ilk dəfə olmaqla ixracına təkan vermişdir. Yataq 2006-cı ildən başlayaraq Azərbaycanın, Gürcüstan və Türkiyənin mavi yanacaqla təmin olunmasında mühüm rol oynayır. 200 mlrd kubmetr qaz ehtiyatının olması proqnozlaşdırılan “Ümid” yatağının istismarı dövlət büdcəsinə təxminən 30-40 mlrd $ gəlir gətirməsi proqnozlaşdırılır.

“Ümid” yatağı “Şahdəniz”dən sonra ölkəmizin müstəqillik tarixində kəşf edilən 2-ci ən böyük qaz yatağı idi. Bu yatağın geniş ehtiyatı sayəsində respublikamız yaxın 100 il müddətdə təbii qaza olan ehtiyacını ödəmək imkanı əldə etmişdir. Onu da qeyd edək ki, 2012-ci il sentyabr ayın 20-dən “Ümid” qaz yatağın istismarına başlanmışdır.

2011-ci il sentyabr ayın 9-da “Abşeron” blokunda 250 mlrd kubmetr ehtiyatı olan yeni qaz yatağı kəşf edilmiş, bununla, respublikanın enerji potensialı dəfələrlə artmışdır. Azərbaycan Avropa enerji təhlükəsizliyi təminatında əhəmiyyətli bir ölkəyə çevrilmişdir.

Ümumiyyətlə götürsək, Azərbaycanın enerji siyasəti son dövrdə yeni fazaya ayaq basması (“Abşeron” və “Ümid” yataqlarının kəşf olunması, trans-enerji layihələrinin reallaşması) həm də karbohidrogen ehtiyatlarının nəqli coğrafiyasının artmasıyla xarakterizə olunur. Milli enerji siyasətində qaz amilinin önə keçməsi ölkəmizin xarici siyasəti və iqtisadi həyatına da təsir göstərir. Qaz ehtiyatların həcminin çoxalması, yeni yataqların kəşfi, hasilatla bağlı olan işlərin sürətlənməsi və onların nəqlinin diversifikasiyası məsələsini olduqca aktuallaşdırır.

2012-ci ildə «Şahdəniz-2» layihəsinə müvafiq olaraq Türkiyə ilə Azərbaycanın dövlət rəhbərlərinin fəaliyyəti nəticəsində Trans-Anadolu qaz-boru kəmərinin (TANAP) tikintisiylə bağlı razılaşma əldə olundu. Layihəyə uyğun olaraq hasil olunmalı qazın uzunmüddətli müqavilələr əsasında Avropa İttifaqı ölkələrinə ixrac olunması üçün önəmli addımlar atıldı, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz-boru kəmərlərinin inşa olunmasına uyğun sazişlər bağlanıldı. 2018-ci ildə istifadəyə verilməsi gözlənilən TANAP-ın ilkin ötürücülük qabiliyyətinin ildə 16 mlrd kubmetr olacaq. Kəmərin qabiliyyətinin 2023-cü ildə 23 mlrd kubmetrə, 2026-cı ildə isə 31 mlrd kubmetrə çatdırılması planlaşdırılır.

2013-cü ilin iyun ayın 28-də «Şahdəniz» konsorsiumu tərəfindən «Şahdəniz-2» layihəsi zamanı hasil olunası qazın Yunanıstan, İtaliya və Cənubi-Şərqi Avropadakı istehlakçılara çatdırılmasından ötrü Trans-Adriatik qaz-boru kəmərinin seçildiyi elan olundu. Uzunluğu 870 km olan və ilkin olaraq 5,2 mlrd ABŞ $-ı həcmində qiymətləndirilən TAP layihəsi Cənubi-Qafqaz qaz kəmərinin (Bakı- Tbilisi- Ərzurum) və Trans - Anadolu qaz kəmərinin davamı idi. Bu kəmər «Şahdəniz-2» yatağından çıxan qazın Yunanıstan və Albaniyadan keçməklə, Adriatik dənizi vasitəsilə İtalyanın cənubuna, oradan isə Qərbi Avropaya nəql edilməsi planlaşdırılır. TAP boru-kəmər layihəsi Avropa Komissiyasının birgə maraqlarına xidmət göstərən 33 prioritet enerji təhlükəsizliyi layihəsinin siyahısına salınıb.

2014-cü ilin sentyabr ayının 20-də Bakı şəhərində «Əsrin müqaviləsi»nin 20 illik yubileyinə və «Cənub» qaz dəhlizinin təməlinin atılmasına həsr olunan təntənəli mərasim keçirildi. Mərasimdən başa çatdıqdan sonra prezident İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Tanər Yıldız, Yunanıstan hökumətinin Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rozen Plevneliyev, Albaniyanın Energetika naziri Damiyan Giqnuri, İtalyanın İqtisadi-inkişaf nazirinin müavini Claudio di Vincenti, Montenegronun Baş naziri Milo Kukanovic, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və investisiyalar naziri Lord Livingston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, Bp-nin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın Energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev «Cənub» qaz dəhlizinin təməlinə atılacaq ilk boruya imza atdılar. Beləliklə də dünyada inkişaf etmiş, ən universal təbii qaz boru kəmərləri zənciri kimi dəyərləndirilən «Cənub» qaz dəhlizinin təməli atıldı.

2015-ci il mart ayın 17-də Türkiyənin Kars vilayətinin Selim rayonunda AR Prezidenti İlham Əliyev, TC Prezidenti Rəcəb Tayyip Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakıyla TANAP layihəsinin təməli atıldı. TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardaxan vilayətinin Posof rayonundan başlayaraq 21 vilayətdən keçərək TC-nin Yunanıstanla sərhəddindəki Ədirnə şəhərinin İpsala qəsəbəsinə qədər uzanacaq.

Beləliklə, mənbəyini «Əsrin müqaviləsi»ndən alan bu zəngin potensial ölkəmizi regionun neft-qaz dövlətinə çevirib.



Yüklə 436,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə