Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti m a g I straturam ə r k ə z I



Yüklə 435,66 Kb.
səhifə5/6
tarix22.07.2018
ölçüsü435,66 Kb.
#58426
1   2   3   4   5   6

Cədvəl 2.3. 2015-ci ilədək gəlir vergisinin hesablanması qaydası

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2000 manatadək

14 faiz

2000 manatdan çox olduqda

280 manat + 2000 manatdan çox olan məbləğin 30 faizi

2015-ci ildən isə muzdlu işlə əlaqədar fiziki şəxslərin gəlir vergisi 2.4 nömrəli cədvəldə göründüyü kimi hesablanmağa başladı.


Cədvəl 2.4. 2015-ci ildən gəlir vergisinin hesablanması qaydası

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Hər iki cədvələ nəzər saldıqda ev təsərrüfatı gəlirinin hesabat dövründə artması müşahidə olunur. Bundan əlavə 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən 2500-dək aylıq gəliri olan muzdlu işçilərin vergi tutulan aylıq gəlirinin məbləği ölkə üzrə yaşayış minimumu qədər azaldılır. Bu o deməkdir ki, qanunvericilik bazasında baş verən hər bir dəyişiklik əhalinin rifahına və ev təsərrüfatı gəlirlərinin artırılmasına yönəldilmişdir.

Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, ev təsərrüfatı gəlirləri siyasətinin mühüm istiqamətlərindən biri mütərəqqi vergi yolu ilə fiziki şəxslərin gəlirlərinin bir hissəsinin dövlət və yerli büdcələrə cəlb edilməsidir. Vergilər istənilən iqtisadi sistemdə ev təsərrüfatı gəlirlərinin tənzimlənməsinin ən mütərəqqi istiqamət və üsullarından biridir. Çünki vergilər öz təbiəti etibarilə bazis münasibətlərini əks etdirir, belə ki, vergi ödəyən də, vergi alan da qanun qarşısında bərabərdir.

Yuxarıdakıları ümumiləşdirərək deyə bilərik ki, respublikamızda ev təsərrüfatlarının maliyyəsinin tənzimlənməsində konkret qanuna ehtiyac yoxdur və qüvvədə olan qanunlar və hüquqi normativ aktlar kifayət qədər bu sahəni birbaşa və dolayısıyla tənzimləmək iqtidarındadır. Düzgün yaradılmış bu sistem əsasında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində daim işlər görülür və qanunların mütəmadi olaraq dəyişdirilməsi və yenilənməsi də buna misaldır.



§2.3 Müasir dövrdə Azərbaycan Respublikasında ev təsərrüfatı maliyyəsinin formalaşmasında meydana çıxan problemlər

Ev təsərrüfatları və onun hər bir üzvlərinin yaxşı sosial rifahının göstəricisi onların gəlirləridir. Bir qayda olaraq, ev təsərrüfatlarını gəliri nə qədər yüksək olarsa, bu bir o qədər yaxşı həyat səviyyəsinin təminatıdır. Buna görə də iqtisadiyyatı inkişaf etmiş, hüququn aliliyi prinsiplərini rəhbər tutan, vətəndaşlarına ən yaxşı şəkildə xidmət göstərməyi hədəfləyən ölkələrdə hökumət çalışır ki, ev təsərrüfatlarının Ümumi Milli Gəlir və ya Ümumi Daxili Məhsuldan paylarına düşən gəlirlər zaman keçdikcə daha da artırılsın və bu artım əhalinin zəruri istehlak mallarına, isirahətinə, sağlamlığına, təhsilinə və s. olan tələbatlarını dolğun şəkildə qarşılasın.

Yuxarıda sadalanan səbəblərdən dolayı ev təsərrüfatlarının sosial rifahının yaxşılaşdırılmasını təmin etmək və s. məqsədlər üçün bu təsərrüfatların inkişaf dinamikasını nəzarətdə saxlamaq və təhlillər, təhqiqatlar aparmaq zəruridir. Bu təhqiqatların aparılması üçün iqtisadiyyatının tipindən və iqitsadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə ev təsərrüfatı üzvlərinin aylıq nominal və real gəlirləri göstəricilərindən istifadə edilir. Bu da özü-özlüyündə təsadüfi olmayıb, müəyyən tarixi şəraitin tələbləri çərçivəsində zaman və coğrafi arealdan asılı olaraq ev təsərrüfatlarının say tərkibinin müxtəlifliyi ilə əlaqədardır. Məsələn, DSK-nın açıqladığı rəqəmlərə istinad etsək (Cədvəl 2.5), ölkədə nəsilvermə əmsalı 1985-ci ilə qədər 3-dən yuxarı olub, 2015-ci ilədək isə bu əmsal 2-3 arasında dəyişib və bu da onu deməyə əsas verir ki, göstərilən illər ərzində ev təsərrüfatlarının say tərkibi də müxtəlif olub.

Ev təsərrüfatı gəlirləri barədə təhqiqatların xülasələri belə bir nəticəyə gətirib çıxarır ki, qiymətlərin sabit olduğu bir iqtisadi şəraitdə ev təsərrüfatlarında hər bir üzvün aylıq nominal və real gəlirlərinin dinamikasının səviyyəsi iqtisadi resursların həcmindən və keyfiyyətindən, səmərəli təşkil olunmuş istehsal prosesindən, ev təsərrüfatı üzvlərinin maddi və ya xidmət sahələrində çalışmasından, mülkiyyətə sahiblikdən gəlirlərdən, sosial transfertlərdən və s. amillərdən asılı olur. O cümlədən, ayrı-ayrı ev təsərrüfatlarını müqayisə edərkən, onların gəlirlərinin səviyyəsi təsərrüfat daxilində əmək qabiliyyətli və iqtisadi məşğul üzvlərin sayından, onların qazanc səviyyəsindən, ümumiyyətlə, ev təsərrüfatı üzvlərinin, himayəsində olanların, əmək qabiliyyətli olmayanların sayından və başqa amillərdən də asılı olaraq dəyişir.



Cədvəl 2.5. Şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı

İllər

Cəmi

o cümlədən:

İllər

Cəmi

o cümlədən:

şəhər yerlərində

kənd yerlərində

şəhər yerlərində

kənd yerlərində

1970

4,7

3,4

6,4

1993

2,7

2,5

3,0

1971

4,6

3,4

6,2

1994

2,5

2,3

2,8

1972

4,1

3,2

5,3

1995

2,3

2,0

2,6

1973

4,1

3,2

5,3

1996

2,1

1,8

2,4

1974

4,0

3,2

5,1

1997

2,1

1,8

2,4

1975

3,7

3,1

5,0

1998

2,0

1,6

2,2

1976

3,9

3,1

5,0

1999

2,0

1,6

2,1

1977

3,8

3,1

4,9

2000

2,0

1,6

2,2

1978

3,6

3,0

4,5

2001

1,8

1,6

2,1

1979

3,5

2,7

4,7

2002

1,8

1,6

2,1

1980

3,3

2,5

4,5

2003

1,9

1,7

2,1

1981

3,2

2,6

4,2

2004

2,1

2,1

2,4

1982

3,1

2,5

4,0

2005

2,3

2,1

2,5

1983

3,0

2,5

3,8

2006

2,3

2,1

2,5

1984

3,0

2,5

3,7

2007

2,3

2,1

2,5

1985

2,9

2,5

3,5

2008

2,3

2,0

2,6

1986

2,9

2,5

3,4

2009

2,3

2,1

2,6

1987

2,9

2,6

3,3

2010

2,3

2,1

2,5

1988

2,8

2,6

3,1

2011

2,4

2,2

2,6

1989

2,8

2,5

3,3

2012

2,3

2,2

2,5

1990

2,8

2,7

2,7

2013

2,2

2,1

2,3

1991

2,9

2,5

3,3

2014

2,2

2,0

2,4

1992

2,7

2,4

3,1

2015

2,1

2,0

2,2

Ümumiyyətlə, ev təsərrüfatlarının gəlirlərinə ölkələr səviyyəsində nəzər saldıqda isə təhqiqatların nəticələri sübut edir ki, əgər bir ölkədə iqtisadi inkişafın artım tempi yüksəkdirsə, iqtisadi resurslardan istifadə səviyyəsi səmərəlidirsə həmin ölkədə ev təsərrüfatlarınının da rifah səviyyəsi daha yüksək olur. Məsələn, müasir dövrdə supergüc ölkə sayılan Amerika Birləşmiş Ştatları iqtisadiyyatına statistik rəqəmlərin gözü ilə baxsaq, nəhəng iqtisadi potensial, inkişaf dinamikası və peşəkar təşkil olunmuş iqtisadiyyat sahələrinin fonunda bir o qədər də üstün rifah səviyyəsinə malik ev təsərrüfatlarını görə bilərik. Bu deyilənlər iqtisadi inkişaf səviyyəsinə görə heç də ABŞ-dan geri qalmayan Avropa ölkələri və Yaponiya kimi güclü Asiya ölkələrinə də şamil edilməlidir. Ölkəmizdə isə iqtisadi resurs, iqtisadi potensial baxımından zəngin ehtiyatlarımız olsa da, yuxarıda sadalanan ölkələrlə müqayisədə əməyin keyfiyyəti və istehsalda istifadə edilən texnikaların müasir standartlara cavab verməsi səviyyəsi aşağı olduğuna görə, adambaşına düşən investisiyaların kifayət qədər olmaması və s. amillər səbəbindən həm ölkə olaraq iqtisadi inkişaf səviyyəsi, həm də ev təsərrüfatlarının rifah səviyyəsi İnkişaf Etmiş Ölkələrin uyğun göstəricilərindən geridə qalır. Bundan əlavə ölkəmizdə iqtisadiyyatın neft üzərində qurulması, neftdən asılılıq, köhnə texnikala malik sənaye müəssisələrinin sıradan çıxması və s. səbəblər də iqtisadiyyatın və eləcə də ev təsərrüfatlarının inkişaf etməsinin yubandıran səbəblər sırasına daxildir. Yuxarıda sadalanan ümumi amillərlə yanaşı, ölkədəki ev təsərrüfatlarının gəlirlərinin həcmi birbaşa olaraq Ümumi Milli Məhsul və ya Ümumi Daxili Məhsuldan asılıdır. Əgər bir ölkədə nə qədər çox, Ümumi Daxili Məhsul yaranarsa, buradan ev təsərrüfatlarına düşən pay onlar arasında nə qədər səmərəli bölüşdürülərsə, bir o qədər də ev təsərrüfatlarının rifah səviyyəsi yüksəlmiş olar. Bu nəzəriyyəni təsdiqləmək üçün yenə də İnkişaf Etmiş Ölkələrin statistik göstəricilərini ölkəmizin statistik göstəriciləri ilə müqayisə etmək kifayədir. Belə ki, Ümumi Milli Məhsulun həcminə görə ilk beşlikdə qərarlaşan ölkələrə nümunə olaraq İsveç, Norveç kimi Skandinaviya ölkələrini göstərə bilərik. Uyğun olaraq da son illər bu ölkələrin ev təsərrüfatlarının rifah səviyyəsi digər İnkişaf Etməkdə Olan Ölkələrdən dəfələrlə yüksəlmişdir.Çünki Ümumi Milli Məhsul və ya Ümumi Daxili Məhsulun həcmində baş verən artımlar birbaşa adambaşına düşən ÜMM və ya ÜDM-nin də artmasına səbəb olur və nəticə olaraq ev təsərrüfatı gəlirləri formalaşır. Bir sözlə, ÜMM və ya ÜDM ilə ev təsərrüfatının gəlirləri arasında düz asılılıq mövcuddur. 6

ÜMM və ya ÜDM ilə ev təsərrüfatının gəliləri arasında düz asılılığın olmasına baxmayaraq müxtəlif illərin statistik rəqəmlərinə, bu istiqamətdə təhqiqatların nəticələrinə istinad etdikdə, məlum olur ki, bu göstəricilər arasında nə qədər də düz asılılıq olsa da, məsələn, ölkəmizdə 1995-ci ildən bu yana Ümumi Daxili Məhsulla ev təsərrüfatlarında adambaşına düşən gəlir səviyyəsi arasındakı fərq müxtəlif olmuşdur. Yekun təhqiqatların nəticəsi göstərmişdir ki, bu, onunla əlaqədardır ki, Ümumi Daxili Məhsuldan ev təsərrüfatlarına daxil olan pulun kütləsi 40-70% arasında dəyişir. Yəni, əhalinin sərəncamında qalan gəlir Ümumi Daxili Məhsuldan az olur. Bu da ÜDM-nin ev təsərrüfatı subyektlərinin gəlirlərini nə dərəcədə dolğun ifadə etməsi barədə suallara səbəb oldu və yeni araşdırmalar üçün əsas verdi. Yeni araşdırmalar isə onu göstərdi ki, Ümumi Daxili Məhsuldan əhalinin sərəncamında qalan gəlirlərədək amortizasiya fondu kimi, vergilər və digər məcburi ödənişlər kimi iritutumlu xərclər ümumi gəlirlərdən çıxılır.

Öz növbəsində isə ev təsərrüfatlarının real gəlirlərinin həcmi və artım dinamikası onların sərəncamında qalan gəlirlərin səviyyəsindən və bu gəlirin birbaşa istehlaka sərf olunan hissəsinin həcmindən birbaşa olaraq asılıdır. Təhqiqatlar göstərir ki, 1995-ci ildən bu yana ölkəmizdə ev təsərrüfatlarının sərəncamında qalan və eləcə də istehlakına yönəldilən gəlirləri sürətlə artmışdır ki, bu da öz növbəsində sözü gedən dövrdə aylıq adambaşına düşən gəlirlərin dəfələrlə artımına səbəb olmuşdur. Bundan əlavə statistik hesabatlarda ifadə olunan və əhalinin gizli gəlirlərini də özündə birləşdirən ev təsərrüfatlarının nominal gəlirləri anlayışı var ki, bu istiqamətdə də müəyyən təhqiqatlar, araşdırmalara xüsusi yer verilir, çünki öz növbəsində nominal gəlirlərin də ev təsərrüfatlarında adambaşına düşən gəlir səviyyəsinin artıb və ya azalmasında xüsusi rolu var.

ÜDM, ÜMM, sərəncamda qalan gəlirlər, nominal və real gəlirlər və bu göstəricilərin hə birinin adambaşına düşən hissələrindən söz açıb əhalinin ümumi sayını unutmaq olmaz. Çünki bu da yekun nəticələrin əldə edilməsində rəqəmlərə ciddi surətdə təsir edən faktorlardan biridir. Məsələn, ÜDM həcminə görə ABŞ-ı 1,09 dəfə üstələyən Norveç, ÜMM həcminə görə 60 dəfə ABŞ-dan geri qalır. Deməli, ÜMM nə qədər çox, buna uyğun olaraq əhalinin sayı az olarsa, ev təsərrüfatlarında adambaşına düşən gəlir səviyyəsi yüksək, əks halda, ÜMM nə qədər az və uyğun olaraq da əhalinin sayı çox olarda, o halda ev təsərrüfatında adambaşına düşən gəlir səviyyəsi də aşağı olacaqdır. Bütün bu araşdırmaların nəticəsi kimi deyə bilərik ki, əhalinin adambaşına düşən gəlirləri ÜDM və ya ÜMM göstəriciləri ilə düz, əhalinin sayı ilə isə tərs mütənasibdir.

Ölkəmizdə isə bu istiqamətdə təhqiqatlar göstərir ki, ev təsərrüfatı gəlirlərində xüsusi çəkini əmək haqqılar təşkil edir. Son illər gəlirlərin strukturunda əməyin məzmunu kifayət qədər artmışdır və perspektivdə əmək gəlirlərinin daha da yüksəldilməsi qarşıda duran prioritet vəzifələrdəndir. Əhalinin ümumi gəlirlərində əmək haqqının çəkisinin artması isə onunla əlaqədardır ki, son illər ölkəmizdə iqtisadiyyatın bütün şaxələrində nəzərə çarpacaq dərəcədə inkişaf var və dövlətimiz hər bir sahədə əhalinin məşğulluğunu kifayət qədər təmin etməyə nail olub. Buna misal kimi ümumi makroiqtisadi tarazlığa nail olunması, əvvəllər qonşu ölkələrə işləmək üçün yollanmış vətəndaşların ölkədə yüksək gəlirli işlərlə təmin olunması, ev təsərrüfatı gəlirlərinin beynəlxalq hüquqa, norma və standartlara uyğunlaşdırlmasını misal göstərmək olar.

2016-cı ildə ölkə üzrə əhalinin gəlir mənbəyi, gəlirlərin strukturu 2.1 nömrəli diaqramda verilmişdir.


  1. dövlət sektorunda muzdlu iş–30,5%

  2. özəl sektorda muzdlu iş–11,3%

  3. sahibkarlıq, kommersiya–12,7%

  4. pensiya – 28,1%

  5. digər – 17,4%

Diaqram 2.1Əhalinin gəlir mənbəyi, gəlirlərin strukturu (2016-cı il)

Müqayisə üçün 2015-ci ildə əhalinin gəlirləri və əvvəlki illərlə müqayisəli şəkildə təhlili barədə göstəricilərlə ətraflı şəkildə 2.1 nömrəli şəkildə tanış olmaq olar.



Şəkil 2.12015-ci il və əvvəlki illərdə əhalinin sosial rifah göstəriciləri

http://www.iqtisadiyyat.com/uploads/meqaleler/01/ayten%20xanim%20cedvel.jpg

Əmək haqqıdan başqa ölkədə ev təsərrüfatı subyektlərinin gəlirlərinin tərkib hissəsi kimi sosial transfertlər çıxış edə bilər. Lakin son illərin rəqəmləri bizə bunu deməyə əsas verir ki, sosial transfertlər heç də əmək haqqı ilə paralel artım dinamikasına malik olmamışdır və hətta ildən-ilə artım dinamikasında əmək haqqılarından geridə qalmışdır. Doğrusu, son illər kənd yerlərində sosial transfertlərin səviyyəsi dəfələrlər artmışdır, nəinki şəhər yerlərində. Bundan başqa demək olar ki, hər il ölkə başçısının fərmanı ilə sosial transfertlərin baza hissələrində də artım olmuşdur, ancaq təəssüflər olsun ki, bu yenə də əmək haqqı gəlirlərinin artım tempi ilə müqayisədə müqayisə edilə bilməz. Dünya ölkələri ilə müqayisədə həqiqətən də əhalinin gəlirlərinin tərkibində sosial transfertlər əhəmiyyətli çəkiyə malikdir. Sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdə sosial məsələlərə xüsusi diqqət ayrılır və bu da ev təsərrüfatları arasında tarazlığı təmin etməyə köməklik göstərmiş olur. Bu vacib şərtdir, çünki ev təsərrüfatları bir-biri ilə qarşılıqlı münasibətlərdə olmaqla ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi hesab olunur, ona görə də onun hər hansı bir həlqəsinin zəifləməsinə və ümumi tarazlığın pozulmasına imkan vermək olmaz. Nəticə olaraq sosial transfertlərlə bağlı çatışmazlıqları ölkəmizdə bu sahənin problemi kimi qeyd etmək lazımdır və gələcəkdə bu problemin həlli də qarşımızda prioritet vəzifələrdən sayılmalıdır.

Ölkəmizdə ev təsərrüfatlarının adambaşına düşən gəlirlərində xüsusi yerlərdən birini də kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlirlər tutur. Müşahidələr göstərir ki, ölkəmizdə bazar iqtisadiyyatının təzəcə təşəkkül tapmağa başladığı dövrlərdə bu sahənin ümumi gəlirlərdə çəkisi yüksək olmuşdur. Lakin sonrakı illərdə satışdan gəlirlər artsa da, əhalinin gəlirlərində kən təsərrüfatının xüsusi çəkisi artmamışdır, hətta bəzi kateqoriyalarda azalmışdır. Bu əsasən onunla bağlıdır ki, son illərdə neft satışından daxil olan vəsaitlər hesabına şəhər yerlərində iri miqyasda tikinti işləri başlanılmışdır. Kənd yerlərindən əhəmiyyətli dərəcədə şəhərlərə işçi axını olmuşdur. Bundan əlavə kənd yerlərində də əhalinin yaşayış səviyyəsi yüksəlmişdir və tədricən kənd təsərrüfatı ilə məşğulluğun miqyası da azalmışdır. Get-gedə istifadəyə yararsız torpaqların sayı çoxalmış, hətta vəziyyət o yerə gəlib çatmışdır ki, ölkəmizdə yetişdirilməsi üçün əlverişli iqlim və münbit torpaq olsa da, bir sıra meyvə və tərəvəz məhsullarının qonşu ölkələrdən idxalı bir ənənə halına gəlib çıxmışdır. Ölkədə ət və ət məhsullarına tələbat çox olsa da, iqtisadiyyatımızxüsusi ilə də mal ətinin qıtlığı problemi ilə üz-üzə qalmışdır, son 1 il ərzində qiymətində 20-25% artım müşahidə edilmişdir. Bu sahədə olan problemlər kökündən araşdırılmalı və təklif edilmiş həll variantları üzrə dövlət və əhali müştərək şəkildə bu sahənin yenidən çiçəklənməsi üçün çalışmalıdırlar.

Bundan əlavə ev təsərrüfatı gəlirlərinin problemlərini araşdıran zaman bəzi maraqlı məqamlar da ortaya çıxır. Məsələn, kənd təsərrüfatı ilə özü birbaşa məşğul olan şəxs bu sahədə muzdla çalışan işçilərdən 1,1-1,2 dəfə artıq gəlir əldə edirlər. Yaxud da ailə başçısının yaşı ilə ev təsərrüfatının gəlirləri arasında əlaqəni nəzərdən keçirərkən məlum olur ki, yaş artdıqca buna uyğun olaraq gəlirlər də azalır. Başqa bir misal, təhsillə ev təsərrüfatı gəlirlərini müqayisə edərkən məlum olur ki, əgər ev təsərrüfatının başçısı ali təhsillidirsə, həmin təsərrüfatın ümumi gəlirləri digər ev təsərrüfatlarına nisbətən adətən yüksək olur. Buna uyğun olaraq ailə başçısının təhsilinin dərəcəsindən və səviyyəsindən asılı olaraq, digər ev təsərrüfatları uyğun olaraq ali təhsilli başçısı olan ev təsərrüfatının ümumi gəlirlərindən 11,5-21% daha az gəlir əldə edirlər. Bu, onu göstərir ki, təhsillə ev təsərrüfatlarının və eləcə də, ölkə iqtisadiyyatının inkişaf etməsi arasında birbaşa asılılıq var. Əgər ailə təsərrüfatının ayrı-ayrı üzvləri daha təhsilli olarlarsa, bu zaman istehsal vasitələrinin, idarəetmənin və s. səmərəliliyi, keyfiyyəti artar və ümumi gəlirlər də çoxalar. Təhsil sahəsində isə hal-hazırda ölkəmizdə durğunluq var. Məsələn, Gənclərin Xaricdə Təhsil üzrə Dövlət Proqramının sayəsində neçə-neçə gənc xaricdə dünyaca məşhur universitetlərdə müxtəlif texniki və ya humanitar ixtisaslarda peşəkar səviyyədə təlim-təcrübə qazanmaqla ölkəyə qayıdıb biliklərini, bacarıqlarını ölkə iqtisadiyyatın çiçəklənməsi üçün sərf edirdilər. İndi maliyyə imkanlarının qıtlığı səbəbi ilə bu proqram müvəqqəti olaraq dayandırılmışdır. Lakin bir neçə istisnaları çıxmaq şərti ilə ölkədəki təhsil də hələ tam peşəkar kadrları yetişdirəcək səviyyədə deyil və bu sahədə güclü islahatların aparılması zəruridir. Keçmiş ölkə prezidenti, ulu öndər Heydər Əliyev məhz bu səbəbdən xüsusilə vurğulayırdı ki, “Təhsil millətin gələcəyidir”.

Gəlirlərin struktur elementlərini müzakirə etdikdən sonra qeyd etməliyik ki, ümumiyyətlə, iqtisadiyyatın bütün inkişaf dövrlərində ev təsərrüfatlarının real gəlirlərinə digər amillər də təsir göstərir. Bunlardan başlıcası qiymət amilidir. Normalda iqtisadiyyat inkişaf etdikcə, onun artım tempi yüksəldikcə qiymətlərdə yüksəlmə müşahidə olunmalıdır. Lakin əhaliyə xidmət edən dövlət bu artımdan ev təsərrüfatlarının ziyan çəkməməsi üçün tədbirlər görməlidir. Bu zaman əhalinin nominal gəlirlərini artırmaq yeganə çıxış yolu olmamaqla yanaşı, bu həmçinin təhlükəli qərardır, çünki öz növbəsində inflyasiyanın artmasına səbəb ola bilər və nəticədə əhalinin real gəlirlərində artım, demək olar ki, hiss edilməyəcək. Bunun üçün dövlət bir sıra strateji məhsulların qiymətlərini müəyyən müddət ərzində sabit saxlamalıdır ki, əhalinin bütün təbəqələri arasında iqitsadi rifahın yüksəldilməsi təmin edilsin. Bura misal olaraq qaz, işıq, su və kanalizasiya kimi kommunal xidmətləri, yanacaq, rabitə, nəqliyyat və s. kimi məhsul və xidmətlərin qiymətlərinin tənzimlənməsini misal göstərmək olar. Ölkəmizdə bu sahədə də vəziyyət heç də ürək açan deyil. Çünki neftin dünya bazarında qiymətinin uzun müddətə dəfələrlə aşağı düşməsi neftdən asılı iqtisadiyyatımız üçün çox ağır zərbə oldu. Ölkədə xarici valyutaya olan tələbatı ödəmək üçün Mərkəzi Bankın ehtiyatları sürətlə əriməyə başladı. Bu zaman bazarın digər iştirakçısı kimi Neft Fondu hərraclarda dollara olan tələbatın müəyyən hissəsini qarşıladı. Lakin bu da yetərli deyildi. Belə ki, Mərkəzi Bank 2015-ci ildə 2 dəfə milli valyuta manatın kəskin devalvasiyasına getməyə məruz qaldı. Fevral ayında 34% və dekabr ayında 49%-ə yaxın devalvasiya baş verdi. Bu yəni, milli valyutanın dollara nəzərən bu dərəcədə dəyər itirməsi, təbii ki, əsasən idxaldan asılı olan bir ölkənin ev təsərrüfatları üçün ürəkaçıcı bir proses olmadı. Sürətlə istehlak məhsullarının qiyməti yeni məzənnəyə uyğunlaşdı. Bundan başqa ölkədə inflyasiyanın da səviyyəsi artmağa başladı. Belə bir çətin durumda ölkə rəhbərliyi strateji məhsulların qiymətinin sabit qalmasına nail oldu. Yalnız 2016-cı ilin dekabrın 1-dən işığın və 2017-ci il yanvarın 1-dən isə qazın qiymətlərində diferensiallaşmış siyasət tətbiq edildi. Bu isə əhalinin aztəminatlı təbəqəsinə təsir etməməklə yanaşı, yüksəktəminatlı hissəsinin gəlirlərindən müəyyən ayırmalar hesabına dövlət büdcəsinə daxil olacaq pulun bir hissəsini təmin edəcək. Lakin bu sahədə əvvəlki kimi ciddi problemlər qalmaqdadır və köklü islahatlar tələb olunur, əks halda ev təsərrüfatları qiymət artımını öz real gəlirlərində get-gedə daha da əhəmiyyətli şəkildə hiss edəcəklər və bu heç də ümumi ölkə iqtisadiyyatına fayda gətirməyəcəkdir.

Ölkəmizdə qiymətlərin artımını təmin edən digər amillərə idxal və ixrac sahələrində olan inhisarlar da daxildir. Bu inhisarlar ölkədə olan kiçik və orta sahibkarlığı sıradan çıxarmaqla qiymətlərin bazarda yox, inzibati formada təsbit olunmasına nail olurlar. Buna misal olaraq 2016-cı ilin əvvəlində valyutadəyişmə məntəqələrinin lisenziyalarının ləğv olunmasını göstərmək olar. Bu yolla valyuta bazarlarına böyük zərbə vuruldu. Məqsəd milli valyutanın məzənnəsini qoruyub saxlamaq idisə də, bu da bir o qədər effektiv nəticə doğurmadı. Digər tərəfdən baxanda isə bu məntəqələrin bağlanması ilə 6 min iş yeri bağlandı, hansı ki, bu, özünü ən azı 6 min ev təsərrüfatının məcmu gəlirlərində qeyri-müəyyən müddətə azalma ilə göstərdi.

Valyuta bazarlarından daha geniş anlamda baxsaq, ümumiyyətlə, ölkədə maliyyə bazarlarındakı vəziyyət stabil deyil. Milli valyutanın məzənnəsi sabit olmadığına görə, investorlar və əhali iqtisadiyyata və manata tam olaraq “bel bağlamırlar”, bu isə güvən indeksi göstəricilərini əhəmiyyətli dərəcədə aşağı sürükləyir. 2016-cı il ərzində ona yaxın bank bağlandı, devalvasiyalardan sonra banklardan xarici valyutalarla kredit məhsulu sifariş etmiş, lakin gəliri milli valyuta ilə olan ev təsərrüfatı üzvlərinə hər hansı güzəştdən söhbət getmədi, hansı ki, bütün bunlar da əhalidə banklara, milli valyutaya olan meyili bir qədər də sarsıtdı. Banklar və digər bank olmayan kredit təşkilatları da bu proseslərdə itirdilər, mənfəətə çıxa bilmədilər. Bu səbəbdən əhali daha çox əlində olan vəsaiti passiv şəkildə evlərdə saxlamağa meyil göstərirlər. Əhəmiyyətli dərəcədə pul kütləsi iqtisadiyyatdan çıxarılıb “yastıq altı”na yönləndirilir, banklara, iqtisadiyyata investisiya azalır ki, bu da sonda maliyyə bazarlarının tamamilə çökməsi ilə nəticələnə bilər.

İnvestorların iqtisadiyyatımıza etimad göstərmələrinin digər səbəbləri də var. Xarici investorlar bir ölkəyə kapital qoyuluşu etməzdən qabaq orada iqtisadiyyatın tarazlığından, milli valyutanın dayanıqlılığından da əlavə həmin ölkədə mülkiyyətçiliyin qorunması, qanun və hüququn alilik səviyyəsinin, icra mexanizmlərinin yüksək səviyyədə olmasını, məhkəmələrin və mətbuatın azad olması faktlarını və ən əsası, beynəlxalq təşkilatların hesabatlarını nəzərdən keçirirlər. Təəssüflər olsun ki, “Fitch”, “Standard and Poor`s”, “Bloomberg” və s. kimi beynəlxalq agentliklər son illərdə ölkəmizin müxtəlif iqtisadi sahələrdə reytinqini negativ olaraq qiymətləndirmişlər. Bundan əlavə, ölkədə məhkəmələrin də fəaliyyət mexanizmləri heç də qənaətbəxş səviyyədə deyil. Bu isə kənardan kapital qoyuluşu etməyə hazır olan investorları ehtiyat etməyə, bu barədə bir daha düşünməyə vadar edir. 7

Ümumiyyətlə, problemlər hakimiyyətin tək məhkəmə qolunun fəaliyyətindəki nöqsanlarla bitmir, həmçinin ölkədə digər büdcədən maliyyəşən strukturların fəaliyyətində problemlər var. Belə ki, əksər dövlət qurumlarında vəzifənin tələblərinə uyğun ixtisaslı kadrlar çalışmırlar. İdarəetmənin effektivliyi çox aşağı səviyyədədir. Dövlət qurumları və əhali arasında kommunikasiya səviyyəsi qənaətbəxş deyildir. Digər tərəfdən isə dövlət təşkilatlarında əmək haqqının səviyyəsi özəl təşkilatlarla müqayisədə xeyli aşağıdır. Bu səbəbdən ixtisaslı kadrlar öz bacarıqlarını daha çox özəl şirkətlər üçün istifadə etməyə və şirkətə qazandırdıqları mənfəətdən özlərinə daha yüksək payın çatmasına səy göstərirlər. Sadaladığımız bütün bu nöqsanlar isə özünü dövlət büdcəsindən ayrılan vəsaitlərin bu strukturlar tərəfindən qeyri-təyinatı üzrə, effektiv olmayan şəkildə xərclənməsinə və layihənin ya yarımçıq qalmasına, ya da daha keyfiyyətsiz formada tamamlanmasına gətirib çıxarır. Struktur təşkilatlarının əksəriyyətində nəzarət mexanizmləri zəifdir, əgər yeyinti, korrupsiya və s. kimi neqativ hallar yaşanarsa, bunu müəyyən etmək qəlizləşir.

Yuxarıda sadalanan problemlərlə dolayısı ilə bağlı olan ən əsas amil ölkə iqtisadiyyatının dövlət sektorunda kifayət qədər çox muzdlu işçinin çalışmasıdır. Dövlət Statistika Komitəsinin 2016-cı ilin ilk 3 rübünə dair açıqladığı statistik rəqəmlər göstərir ki, 2016-cı il sentyabrın 1-i tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 520,2 min nəfərə çatıb. Onlardan 887,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, digər 632,4 min nəfər hissəsi isə özəl sektorda çalışır. Bu kifayət qədər ciddi və neqativ rəqəmlərdir. Çünki dövlət üzərinə bu qədər yük götürməməlidir. Belə ki, bu muzdluların çox az bir hissəsi iqtisadiyyat üçün yeni bir dəyər yaratmaqla məşğuldurlar, digərləri, əsasən də dövlət strukturlarında çalışanlar sadəcə büdcə üçün yük sayılırlar. İqtisadçıların məşhur fikirləri ilə desək, dövlət ən pis sahibkardır, elə isə “meydanı boşaltmalı” və özəlləşməyə açıq olmalıdır.

O cümlədən, özəlləşməyə nə qədər üstünlük verilsə də, dövlət nəzarəti daim həmin subyektlərin üzərində olmalıdır. Buna misal olaraq turizm sektorunu göstərə bilərik. Ölkəmizdə turizm sektorunun inkişafı üçün əla perspektivlər var. Turizmin müxtəlif sahələrini ölkəmizdə inkişaf etdirmək olar. Məsələn, dünyanın ən böyük gölü kimi Xəzər dənizinin çimərlikləri yayda istirahət üçün əlverişli seçimlərdəndir, qış turizmi üçün Qubada Şahdağ, Qəbələdə Tufandağ kompleksləri, eləcə də Böyük Qafqaz dağlarının ətəyindəki digər iqtisadi rayonlarda əlverişli iqlim və relyef, müalicə üçün Naftalan, İstisu, Duzlu göl və s. kimi təbii iqtisadi resurslarımız, tarixi abidələrlə zəngin ölkəmiz, eləcə də tarixi və müasirliyi özündə birləşdirən paytaxt Bakımız vardır. Turizm sektoru əsasən özəl şəxslərə məxsus olsa da, lakin burda da inhisarçılıq, idarəetmənin effektsizliyi, xidmətin keyfiyyətsizliyi, eləcə də viza, rüsum, otel və təyyarə biletlərinin qiymətinin baha olması kimi amillər bu sahənin də inkişafında ciddi şəkildə maneələrə səbəb olmaqla yanaşı ev təsərrüfatlarının üzvlərinin istirahət və müalicə imkanlarını məhdudlaşdırır. Belə ki, əhalinin nisbətən aztəminatlı hissəsi milli valyutanın kursunun kəskin aşağı düşməsi səbəbi ilə xaricdə istirahət edə bilməsə də, ölkədə də bu imkanlardan istifadə edə bilmir. İkinci bir tərəfdən bu əngəllər, bu bahaçılıq, iqtisadiyyatımıza xaricdən əlavə vəsaitlərin daxil olmasını qarşısını alır və iqtisadiyyatımız, o cümlədən onun əsas sütunlarını təşkil edən ev təsərrüfatları subyektləri əlavə gəlirlərdən məhrum olurlar. Tək turizm deyil, yuxarıda sadalanan problemlərin hər biri ev təsərrüfatlarına ikiqat iqtisadi zərərə başa gəlir.

III FƏSİL. Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin problemləri və onların aradan qaldırılması yolları

§3.1 Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin rolunun artırılması və bu yöndə qarşıya çıxan problemlərin həlli yolları.

Elmi-texniki tərəqqi nəticəsində son illərdə ev təsərrüfatlarının qayğıları, problemləri və funksiyaları xeyli çoxalmışdır. Bazar iqtisadiyyatı münasibətləri şəraitində istənilən ölkənin iqtisadi və sоsial inkişafının əsas ölçü meyarı kimi həmin ölkənin ev təsərrüfatlarının sosial rifah halının yaxşılaşması çıxış edir. Ev təsərrüfatları kiçik bir iqtisadi vahidlər olmaqla yanaşı, onlarınözlərinə xasstruktur və tərkibləri, məqsəd və vəzifələri mövcuddur. Ev təsərrüfatının üzvlərinin ayrı-ayrılıqda dünyagörüşləri və təcrübələri, onların təsərrüfatdaxili və təsərrüfat xaricində digər subyektlərlə kommunikasiya səviyyəsi, təsərrüfat daxilində intizamlı davranışları, ümumi qaydalara riayət etmələri və s. həmin ev təsərrüfatının sosial-iqtisadi rifah halına təsir edən amillər kimi çıxış edir. Qərbin inkişaf etmiş iqtisadiyyatına sahib lider ölkələrin iqtisadiyyatının struktur tərkibini öyrənərkən, aydın olur ki, iqtisadiyyat inkişaf etdikcə, məhsuldar qüvvələr fəallaşdıqca sosial problemlər də artmağa, sosial bərabərsizliklər, ədalətsizliklər və s. kimi problemlər baş qaldırmağa başlayır. Məhz bu səbəbdən ev təsərrüfatı büdcəsinin planlaşdırılması, yaradılması və ona nəzarət funksiyaları daim təsərrüfatın başçısı və üzvləri tərəfindən həyata keçirilməlidir.

Bu gün ölkəmizdə əhalinin ev təsərrüfatının maliyyəsi sahəsində nəzəri və praktiki bilikləri, əminliklə demək olar ki, on il əvvəlki biliklərdən qat-qat cilalanmış və təkmilləşmiş halda və daha da əhatəli şəkildə təşəkkül tapmışdır. Bu daha çox ölkəmizin müstəqillik əldə edəndən sonra öz müstəqil inkişaf yolunun olması, qısa müddətdə hər bir sahədə quruculuq işlərinin aparılması, müxtəlif iqtisadi və siyasi mürəkkəb vəziyyətlərən üzüağ çıxması və s. səbəblərdən dolayı, əhalinin də bütün bu proseslərdə yaxından iştirak etməsi ev təsərrüfatlarının daha çox nəzəri və praktiki biliklər qazanılmasına gətirib çıxarıb. Odur ki, yoxsulluğun aradan qaldırılması, ümumi sosial-iqtisadi rifah halının yaxşılaşdırılması və s. kimi ölkə əhəmiyyətli məsələlərdə dövlət siyasəti, dövlətin dəstəyi ilə yanaşı, əhali həm də özü müştərək fəaliyyətə maraq göstərmiş, eyni zamanda dövləti və dövlət rəhbərliyini dəstəkləməklə, uğurlu inkişaf modelinə yiyələnmişlər. Müstəqillik əldə edəndən sonra 20 ildən artıq müddətin keçməsinə baxmayaraq, millət və dövlət olaraq müxtəlif sahələrdə, o cümlədən də iqtisadi və ev təsərrüfatının maliyyəsi sahəsində də kifayət qədər ciddi uğurlara imza atmışıq. Lakin hər bir sahədə olduğu kimi burada da bir sıra obyektiv və subyektiv problemlərlə qarşılaşmışıq. O problemlərdən bəziləri həll olunub, bəziləri isə müəyyən amillərə görə müəyyən müddət üçün təxirə salınıbdır.

Sadalanan problemlərdən məzmunca ən böyüyü Ümumi Daxili Məhsulun azalması problemidir. Artıq bizə məlumdur ki, ev təsərrüfatlarının gəlirlərinin bir hissəsi ÜDM-də bir pay şəklindədir. 2016-cı il üzrə ilkin, bu artım ABŞ-da 2,9 faiz, Avropa birliyi ölkələrində 1,6 faiz, Hindistanda 6 faiz, Çində isə 6,8 faiz olmuşdur. Azərbaycanda isə ilin əvvəlində proqnozlar mənfi 0,7 faiz olsa da, ilin sonu üçün rəsmi 4 faiz ÜDM azalması ilə üzləşdik (Diaqram 3.1). Bu il eyni hal iqtisadiyyatı neftdən asılı olan ölkələrin hər birində müşahidə edilmişdir. Ölkəmizdə bu daha çox hiss olunmuşdur. Əlbəttə ki, bu azalmanı ən çox hiss edən, yükün ağırlığını üzərinə götürən ev təsərrüfatları olmuşdur, xüsusilə də, onların aztəminatlı hissəsi. Çünki rəsmi açıqlanan statistik rəqəmlərə əsasən ölkədə inflyasiyanın 12 faiz həddinə çatması, milli valyutanın 15 faiz civarında dəyərdən düşməsi və s. kimi iqtisadi hadisələrin fonunda ÜDM-nin ötən ilə nisbətən azalması əhali üçün ikiqat ağır iqtisadi nəticələrə gətirib çıxarmışdır.



Diaqram 3.1.2016-cı il müxtəlif ölkələrdə ÜDM göstəriciləri (faizlə)
Buna görə də ölkə səviyyəsində yenidən aparılan iqtisadi siyasətə baxılmalı, təhlil edilməli və yol verilmiş səhvlər üzərində işlənilməlidir. Yekun nəticə olaraq növbəti illər üçün ÜDM-nin azalma tempinin qarşısını almaq və onun artım tempini təmin etməkdən ötrü millət və dövlət olaraq səylərimizi birləşdirib daha çox çalışmalıyıq. Belə ki, bu problemin əsas yaranma səbəbi bizə aydındır, bu neft sənayesindən asılı olan ölkəmizdə son illərdə neftin qiymətlərində qlobal səviyyədə müşahidə edilən enişlərlə bağlıdır. Neftin qiyməti aşağı olduqca, ölkədə durum bir qədər də ağırlaşır, hökumət təcili tədbirlərə əl atmağa başlayır, büdcəyə neftdən daxil olmalı olan vəsaitlərin əvəzinə cərimələr, vergilər, ödənişlər və s. haqqların qiymətinin qaldırılması ilə bağlı göstərişlər verir, bu isə öz növbəsində iqtisadi perspektiv vəd etmir, qısa müddətə hesablanmış addımlardır, əhalinin sosial vəziyyətini daha da ağırlaşdırmaqla, ölkədə biznes və iqtisadi mühitin korlanmasına da gətirib çıxarır.

Bu vəziyyətdən çıxış yolları olsa da, vaxt da əleyhimizə işləməklə çox məhduddur. Əlbəttə, dövlətin iqtisadi blokunda qərar tutmuş rəhbər vəzifəli şəxslər bu problemi qabaqcadan görməli, məlumat verməli və problemin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməli idi. Buna qədər neftin qiymətinin maksimum həddə olduğu illərdə ölkəmizə axan vəsaitlərin korrupsiyaya bulaşmasına imkan verməməli və aidiyyatı üzrə iqtisadiyyata investisiya edilməli idi. Lakin bu edilmədi. İndi vaxt məhdud olsa da, gec də olsa belə, yalnız islahatlar yolu ilə bu problemin həllinə yaxınlaşmaq olar. Belə ki, ölkə rəhbərliyi tək iqtisadi islahatlara kifayətlənməməli, əvvəlcə siyasi islahatlara yer verməlidir. Belə ki, illərlə vəzifələrindən sui-istifadə edərək korrpusiya bataqlığına bulaşmış, iş adamlarını incidən, sonunda ölkədən çıxmağa məcbur edən və ölkədə iri monopoliyaların qurucusu kimi xırda və orta sahibkarları sıxışdıran, əhalini rəqabətli məhsulların alıcısı olmaq imkanından məhrum edən məmurlar vəzifələrindən dərhal azad olunmalı, cəzalandırılmalıdır. Maliyyə amnistiyası, daha sonra isə vergi amnistiyası elan edilib həmin məmurların illərlə oğurladıqları vəsaitlərin, həmin vəsaitlərə alınan mülklərin əsas hissəsi müsadirə edilərək dövlətə qaytarılmalı, daha sonra ədalətli və şəffaf yolla növbədənkənar seçkilər elan edilməli, parlament demokratik qaydada müxtəlif maraqları təmsil edən son məqsədi xalq, millət və dövlət üçün çalışmaq olan deputatlardan təşkil edilməlidir. Yeni tərkibdə təsdiqlənmiş parlamentin Nazirlər Kabinetinə təsir etmək imkanı olmalıdır. Bu qayda ilə islahatların davamı məhkəmə orqanlarında davam etdirilməlidir. Məhkəmələrin fəaliyyət planları beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bütün bu sadalananlar təmin ediləndən sonra iqtisadi islahatlar aparmaqda fayda olacaq və bu islahatların nəticəsi özünü bir neçə ilə göstərəcəkdir. Yenidən neftdən asılı olmamaq, dünya ölkələrinin vəziyyəti yaxşılaşanda bizdə əks prosesin müşahidə olunmaması üçün indidən tədbirlər görmək lazımdır. Söhbət gözləmə mövqeyinə keçib neftin qiymətinin qlobal səviyyəsində yenidən bahalaşmağına ümid etmək yox, praktiki tədbirlər görməkdən gedir. Belə ki, tətbiq ediləcək maliyyə və vergi amnistiyalarından əldə edilmiş vəsaitlər və ölkənin digər gəlirləri hesabına ölkədə iqtisadi-sosial quruculuq sahələrinə yenidən nəzər salmaq və lazım olan sahələri investisiya ilə təmin etmək dövlətin və əhalinin qarşısında prioritet vəzifə olmalıdır. Neftdən və qaz sahələrinə alternativ digər sənayə sahələrinə kapital qoyuluşu etmək, bu sahələrin ölkəmizdə inkişafına zəmin yarada və müəyyən müddət sonra ölkəmizin istehsal vasitələri hesabına əldə olunmuş məhsulu xarici bazarlara çıxarmaqla müsbət ticarət saldosuna çıxmaqla ölkə səviyyəsində iqtisadiyyatın və ev təsərrüfatlarının yenidən dirçəlməsinə nail olmaq mümkündür.

Yuxarıda göstərilən əsas problemin həlli ilə paralel digər əlaqəli problemlərin həllinə də nəzər yetirməli və kompleks şəkildə problemlərin həlli variantına yaxınlaşmaya nail olunmalıdır. Əvvəlki fəsillərdə müzakirə etdiyimiz kimi, ölkəmizdə ev təsərrüfatlarının əsas gəlir mənbəyini əmək haqqılar təşkil edir, yəni iqtisadi məşğul əhalinin əksəriyyəti muzdla çalışanlardır. Bu problemin həllini mürəkkəbləşdirən digər arqumentlər isə bu muzdla çalışanların əksəriyyətinin büdcə hesabına maliyyələşmələridir. Başqa sözlə, ölkədəki dəyər yaradan sahələrdə çalışanların sayı ümumi muzdluların sayında kiçik bir qismi təşkil edir. Dəyər yaratmayan böyük bir qism isə büdcədən maliyyələşməklə həm ölkə iqtisadiyyatı üçün az fayda gətirir, həm də dövlətin maliyyə yükünü çoxaldırlar. Qeyd olunan siyasi və istisadi islahatlar gerçəkləşəndən sonra zaman-zaman yerli və xarici iş adamlarının ölkənin iqtisadi stabilliyinə inamı yüksələcək, bir sözlə ölkənin güvən indeksi artacaq və bu da özünü iqtisadiyyatın müxtəlif sahələrində artım, inkişaf və dayanıqlılıq şəklində göstərəcək. Hansı ki, ev təsərrüfatlarının gəlirlərinin formalaşmasında əmək haqqından başqa digər kateqoriyaların da yaranması, formalaşması üçün şərait yaranacaq. Bir sözlə, Smitin “gözəgörünməz əllər”i iqtisadiyyatı bərqərar edəcək, cari problemlər aradan qalxacaq, yetər ki, dövlət rəsmiləri də bunda eyni dərəcədə maraqlı olsunlar. Belə olan halda dövlətin və büdcə təşkilatlarının yükü də azalmış olar və həm ev təsərrüfatları, həm də dövlət bu prosesdən fayda götürə bilərlər. Bundan əlavə ölkəmiz Ümumdünya Ticarət Təşkilatına qoşulmalı, Avropa Birliyinin və digər ölkələrin güzəştli şərtlərindən yararlanmalı, beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq ölkədə monopoliya kimi iqtisadi inkişafı ləngidən bütün amilləri əngəlləməli, sağlam rəqabət şəkildə xarici satıcıların ölkə bazarında iştirakı asanlaşdırılmalı və eyni zamanda bu sahədəki beynəlxalq təcrübə öyrənilib tətbiq edilməlidir.

Əvvəlki fəsillərdə öyrəndiyimiz kimi ev təsərrüfatının başçısının, eləcə də digər üzvlərinin təhsil, dünyagörüşü, təcrübə, davranış və digər şəxsi xüsusiyyətləri ilə ev təsərrüfatının gəlirləri arasında güclü asılılıq vardır. Belə ki, əgər ev təsərrüfatlarını müqayisə etsək, üzvləri yuxarıda qeyd olunan keyfiyyətlərə daha çox sahib olan ev təsərrüfatının gəlirləri normal şərtlər daxilində daha çox olur, nəinki üzvləri bu keyfiyyətlərə malik olmayan və ya az malik olan ev təsərrüfatları. Çünki elmi-texniki tərəqqi şəraitində iqtisadi və istehsal amillərin sürətlə inkişaf etməsi, bir-birini əvəz etməsi, biznesin daha da genişlənməsi və s. kimi gedən iqtisadi proseslər vadar edir ki, bu gün kadrlar işləməklə yanaşı, həmçinin özlərini təkmilləşdirməklə, təhsillərini artırmaqla və s. məşğul olsunlar. Artıq təkcə öz ixtisasını bilmək kifayət deyil, digər ixtisaslardan da məlumatlı olan şəxslər öz ixtisasları ilə digər bilikləri arasında bağlar yaradaraq biznesdə, iş kollektivində daha uğurlu ola bilirlər, daha da inkişaf edirlər və bu inkişafdan özləri ilə yanaşı, həm işəgötürən, həm də dövlət fayda götürür. Elə isə dövlətimiz əhalinin, əsasən də ixtisaslı mütəxəssislərin təhsili siyasətini daim maraqda saxlamalı, onlara stimul verməlidir.

1995-ci ildən dövlətimizin dövlət büdcəsinin təhsil xərclərini analiz etsək, onu illər üzrə ümumi büdcə xərclərində və Ümumi Daxili Məhsulda faizlə payına görə üç on illiyə bölmək olar (Diaqram 3.2). Belə ki:


  1. 1995-2000-cı illərdə təhsil xərclərinin ümumi büdcədə payı təqribən 20 faiz, ÜDM-də isə 4 faizə yaxın olmuşdur;

  2. 2000-ci illərdən sonra bu faizlər 2010-cu ilədək müvafiq olaraq azalan templə 10 və 3 faizə yaxınlaşmışdır;

  3. Nəhayət, 2010-cu ildən sonra daha da azalaraq 10 və 3 faizdən aşağıda qərar almışdır.

Diaqram 3.2Təhsil xərclərinin ümumi dövlət büdcəsi və ÜDM-də çəkisi (illər üzrə)
Göründüyü kimi təhsil xərclərinin ümumi büdcə xərclərində və Ümumi Daxili Məhsulda payının artırılması prioritet olmalı olduğu halda, əksini görürük, tendensiya azalan xarakter almışdır. Halbuki təhsilinə və iqtisadiyyatına görə dünya səviyyəsində tanınmış böyük ölkələr belə bu xərcləri azaltmır, əksinə olaraq ildən-ilə təhsilə, təhqiqat və təcrübə işlərinə daha da çox sərmayə yatırırlar və müəyyən müddətdən sonra ölkə səviyyəsində hər kəs bu investisiyadan faydalanmış olur. Ümummilli lider Heydər Əliyev çıxışlarda hər zaman bildirdiyi kimi təhsilə edilən investisiyalar heç zaman itmir, bu mövcud investisiyalardan ən effektlisi və ən uzağahesablanmışıdır. Ona görə də müstəqilliyimizin ilk illərindən bu məsələ dövlət qarşısında prioritet olaraq seçilmişdi, H. Əliyev gənclərdən ibarət birinci qrupu bir araya gətirərək dövlət hesabına onları xaricdə təhsil almaq üçün göndərən zaman çox gözəl bir ənənənin əsasını qoymuş oldu və bu ənənənə sonralar da davam elədi. Lakin son illərdə strateji valyuta ehtiyatlarımızın azalması, sosial problemlərin çoxluğu ilə əlaqədar olaraq xaricdə təhsil üzrə dövlət proqramına qeyri-müəyyən müddətə xitam verilmişdir. Lakin hesab olunur ki, bu proses dayandırılsa da, ümumi təhsil xərcləri azaldılmamalıdır. Ən ucqar bölgələrdə təhsilin olması üçün Ümummilli liderin başladığı, cənab prezident İlham Əliyevin davam elətdirdiyi siyasət əvvəlkitək dəstəklənməli, orta, peşə və ali məktəblərdə təhsilin və tədrisin keyfiyyəti daha yaxşılaşdırılmalı və xaricdə təhsil üzrə dövlət proqramının formatında dəyişiklik edilməlidir. Məsələn, fərz etsək ki müəyyən bir vəsait 5 nəfər tələbənin xaricdə təhsil almaq üçün bütün xərclərini qarşılamaq üçün nəzərdə tutulursa, eyni vəsaitə xaricdən ixtisaslı pedaqoq və mütəxəssiləri ölkəyə dəvət etməklə 50-100 nəfərin təhsil almasına şərait yaradıla bilər.

Təhsil bir qədər uzun müddətə hesablanmış investisiya olduğuna görə digər investisiya tələb edən sahələrdəki problemləri də paralel olaraq araşdırmalı və həllinə nail olmalıyıq. Çünki idxaldan asılı olduğumuz, valyuta ehtiyatlarının tükəndiyi, qiymətlərin bahalaşdığı, işsizliyin çoxaldığı və s. kimi hadisələrin fonunda vaxtımız çox məhduddur və investisiyaya daha tez reaksiya verə bilən iqtisadiyyat sahələrinin araşdırılıb tapılması və dövlət səviyyəsində dəstəklənməsi məqsədəuyğundur. Ona görə ki, həm elmin, texnologiyanın müasir inkişaf şərtlərinə uyğunlaşmaq, həm sənayedə, kənd təsərrüfatında, istehsalatda, xidmət sahələrində və s. tətbiq olunan müasir texnika və avtomatların tətbiqini genişləndirmək, daha da səmərəli iqtisadiyyat sahələrini təşkil etmək üçün ölkəmizdə kifayət qədər kadrlara ehtiyac duyulur. Adətən bu kadrlar ölkə xaricindən cəlb olunurlar, maliyyə, iqtisadiyyat sahələrində qərb ölkələrindən, informasiya texnologiyaları sahələrində şimal qonşumuz Rusiyadan, mühəndis bilikləri tələb edən sahələrdə cənub qonşumuz İrandan və s. ölkələrdən müxtəlif sahələrə mütəxəssislər dəvət olunur və onlara ölkə səviyyəsindən qat-qat yuxarı olan, fantastik məvacib ödənilir. İqtisadçı kimi yanaşdıqda bu həm Ümumi Daxili Məhsulun bir hissəsinin ölkədən xaricə çıxmasına səbəb olur və ya Ümumi Milli Məhsulu azaldır, həm də ölkəmizdə xeyli sayda genişlənən işsizliyin fonunda həmyerlilərimizin vakant iş yerləri uğrunda rəqabətdə uduzmasına şərait yaradır. Buna görə də həm dövlət, həm dövlət və özəl müəssisələr, həm də ev təsərrüfatı üzvləri özləri daim təhsil, ixtisasartırmada maraqlı olmalıdırlar, çünki bütövlükdə iqtisadiyyatımızın inkişafını şərtləndirən əsas amillərdən biri budur.



Ümumiyyətlə, təhsil bir-biri ilə qarşılıqlı əlaqəli olan bir çox problemlərin həll edilməsində mühüm rol oynayır, bu danılmaz faktdır. Lakin təhsilə investisiya özünü bir neçə il sonra göstərdiyinə görə ölkəmizdə ev təsərrüfatı subyektlərinin sosial rifah halını yaxşılaşdırmaq üçünparalel olaraq digər sahələrdə də islahatlar aparılmalıdır. Geniş islahatlara ehtiyac olan sahələrdən biri də dövlətin sosial siyasəti sahəsidir. Növbəti paraqrafda bu sahədəki problemin həlli yolları və beynəlxalq praktikadan nümunələrə istinad edəcəyik, lakin məlumat üçün onu qeyd etməliyik ki, bu sahə açıq-aşkar uzun illər nəzarətsiz qalıb və hazırki sosial siyasət, sosial transfertlər, rəqəmlər və s. ölkə və dünya standartlarından xeyli uzaqdır. Bu problemlərin əsas səbəbi kimi neftin dünya qiymətinin baha olduğu dönəmdə ölkəmizə neft satışından daxil olan vəsaitlərin hesabına süni, müvəqqəti məşğulluq yaradılması olmuşdur. Nəticədə sosial siyasət sahəsi həm hökumət, həm də ev təsərrüfatları üçün ikinci plana keçmişdi. Bu uzun illər davam etdi. Hər il baxılmalı olan rəqəmlərə, demək olar ki, ya baxılmır, ya da simvolik olaraq cüzi artımlar edilirdi. Halbuki bu rəqəmlər ciddi araşdırma mövzusu olmalı, yerli sosial həyat araşdırılmalı, eləcə də dünya praktikasında aparılan sosial siyasət öyrənilməli və yekun nəticədə həm yerli, həm də beynəlxalq amillər nəzərə alınmalı idi. Məsələn, 2016-cı il üçün bir sıra sosial anlayışların həddi aşağıdakı kimidir: ölkə üzrə ehtiyac ümumi ehtiyac meyarı 136 manat, pensiyaların baza hissəsi 110 manat, minimum əmək haqqı 105 manat və s. Əslində isə hal-hazırki iqtisadi durum, reallıq bu rəqəmlərin absurd olması fikrini deməyə əsas verir. Rəsmi olaraq 2016-cı ildə ÜDM 4 faiz azalıb, milli valyuta 15 faiz dəyərdən düşüb, 12 faiz inflyasiya qeydə alınıb və s. İstər dosial sorğular, istərsə də, rəsmi rəqəmlərlə təhlillər aparanda yekdil olaraq bir nəticəyə gəlmək olur ki, sosial hədlər iqtisadiyyatdakı ümumi tempdən xeyli geri qalır.

Sosial hədlərin təkmilləşdirilməməsinin digər problemlərinə gəlincə isə ölkədə rəsmi, əmək müqaviləsi ilə işləyən işçilərin sayının az olması (ümumi əhalinin təqribən 16 faizi) və sosial transfert bazasının formalaşmasında məcburi sosial sığorta ödənişləri ilə yanaşı dövlət büdcəsinin də yaxından iştirak etməsidir. Başqa sözlə, dövlət onsuz da ağır bir yükün altındadır, hədlərə yenidən baxıb onların artırılmasını təmin etmək dövlətin cari yükünü daha da ağırlaşdıracaq. Ona görə ki, ölkəmizdə məcburi dövlət sosial sığorta ödənişləri edən vətəndaşlardan da çox sosial müavinət alan vətəndaşlar vardır. Məsələn, Dövlət Statistika Komitəsinin 2016-cı il üçün açıqladığı rəqəmlərə istinad etsək, hal-hazırda ölkədə uyğun olaraq 1300 min pensioner, 351 min sosial müavinət və kompensasiya alan şəxs, 55 minə yaxın təqaüdçü, 105 min ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı və s. kimi sosial transfert alan vətəndaşlarımız var ki, bu da cəmdə 2 milyona yaxın sosial transfert alan vətəndaşlarımız var (Diaqram 3.3). Bu o deməkdir ki, ölkədə orta əmək haqqı göstəricilərini nəzərə alsaq, təqribən bir məcburi dövlət sosial sığorta ödənişi edən vətəndaşın payına bir sosial transfert alan vətəndaş düşür. Bu problemin həllinə nail olmaq, yəni sosial transfertlərin həcmini təkmilləşdirmək və dövlətin bu sahədə yükünü azaltmaq üçün bir sıra sosial islahatlar aparmaq lazımdır. İlk növbədə ölkədə rəsmi, əmək müqaviləsi ilə işləyən vətəndaşların sayını çoxaltmaq lazımdır. Məlumdur ki, ölkədə rəsmi işləyənlərdən təqribən 2 dəfə çox sayda vətəndaş müxtəlif sahələrdə məşğuldur, hansı ki, əmək və ya xidmət müqaviləsi olmadan çalışırlar. Buraya əsasən tikinti, xidmət, ictimai iaşə, fərdi sahibkarlıq və s. kimi iqtisadiyyat sahələrini misal göstərmək olar. Əgər həmin vətəndaşları qeydiyyata alıb, onların əməyini rəsmiləşdirmək mümkün olsa, məcburi dövlət sosial sığorta ödənişlərinin də həcmi ən azı iki dəfə artmış olar. Belə olan halda paralel olaraq dövlət büdcəsinə ödənilən vergilərin də həcmi artar və büdcəyə daxil olan vəsaitlərdə artım müşahidə edilər. Digər bir tərəfdən isə sosial transfert alan vətəndaşların peridoik olaraq ciddi surətdə attestasiyası keçirilməlidir. Düzdür, belə yoxlamalar var və müntəzəm olaraq keçirilir, lakin mətbuatda, sosial sorğularda qeydə alınan göstəricilərə əsasən bu yoxlamalar formal xarakter daşıyır və əsasən də əyalətlərdə, rayon və kənd yerlərində, ümumiyyətlə, sosial transfert almalı olan vətəndaş kriteriyalarına uyğun gəlməyən xeyli sayda vətəndaş bu gün sosial transfertlərdən faydalanırlar. Əgər bu sahədə ciddi attestasiyalar keçirilsə, saxtakarlığa yol verən dövlət məmurları və vətəndaşlar cəzalandırılsa, sosial transfert alan vətəndaşların sayı əhəmiyyətli dərəcədə azalar, yalnız kriteriyalara uyğun gələn vətəndaşlar həmin sosial transfertlərdən faydalana bilərlə və beləcə həm sosial fondun vəsaitləri artar, həm də büdcədən sosial fonda transferlərin həcmi azalmaqla effektiv nəticəyə nail olmaq olar. Hal-hazırda bu sahədə islahatlar gündəmdədir, lakin problemin bu üsulla həlli variantından yayınaraq pensiya yaşlarının qaldırılması məsələsi müzakirə olunur ki, bu da qətiyyən yolverilməzdir. Ölkəmizdə onsuzda pensiya yaşı kifayət qədər yüksəskdir, hansı ki, ölkədə həyat, səhiyyə, təhsil, əmək şəraiti və s. uyğun gəlmir. Bu barədə növbəti paraqrafda dünya praktikası ilə müqayisəli şəkildə təhlillər aparacağıq.

Diaqram 3.3. Sosial transfert alan vətəndaşların tənsifləşdirilməsi (2016-cı il)

Sosial siyasət sahəsindən başqa ev təsərrüfatlarının gəlirlərinə təsir edən digər makroiqtisadi siyasət sahələri vardır. Bu sahələri təhlil etmək üçün biz Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı ilin ilk 3 rübündəki vəziyyəti əks etdirən makroiqtisadi göstəricilərə istinad edəcəyik. Ümumi olaraq onu deməliyik ki, 2015-ci ildə iki dəfə kəskin devalvasiya olmasını nəzərə alaraq, 2016-cı ildə tədiyyə balansında vəziyyət daha qənaətbəxşdir, lakin ümumi olaraq yenə də mənfi olaraq qalır. Ötən ilin ilk 3 rübü il müqayisə etsək Mərkəzi Bankın bu ilin ilk 3 rübü ilə bağlı makroiqtisadi göstəricilər barəsində bəyənatından aşağıdakı meyilləri sezmək mümkündür:

— Ölkənin xarici ticarət balansında olan müsbət saldo 5,3 milyard ABŞ dollarından 2,9 milyardABŞ dollarına düşüb. Bu o deməkdir ki, ölkəmizin xarici ölkələrlə qarşılıqlı ticarət əməliyyatlarından fərq kimi ölkəyə daxil olan valyuta kütləsinin həcmi 2,4 milyard ABŞ dolları həcmində azalmışdır.

—Ölkənin xarici xidmətlər balansında olan mənfi saldo 3,4 milyard ABŞ dollarından təqribən 2,3 milyard ABŞ dollarına düşüb. Bu onu göstərir ki, ölkəmizin xarici ölkələrlə qarşılıqlı xidmət əməliyyatlarından fərqin nəticəsi kimi ölkədən kənara çıxan xarici valyutanın həcmində 1,1 milyard ABŞ dolları azalma baş vermişdir. Özü-özlüyündə bu azalma müsbət tendensiyaya işarədir, lakin ümumi götürəndə xarici ticart balansında fərq mənfi olaraq qalmaqdadır. Bu rəqəmlərin formalaşması detallarına nəzər yetirdikdə isə öz növbəsində ayrı-ayrı müsbət və mənfi tendensiyalar müşahidə etmək mümkündür. Məsələn, ev təsərrüfatları və hüquqi şəxslər tərəfindən qeyri-rezident şəxslərə göstərilən nəqliyyat xidmətlərinin həcminin 1124 milyon ABŞ dollarından 824 milyon ABŞ dollarınadək (təqribən 300 milyon ABŞ dolları) azalmasını mənfi tendensiyaya, əksinə ev təsərrüfatları və hüquqi şəxslər tərəfindənqeyri-rezident şəxslərə göstərilən turizm xidmətlərinin həcminin 1672 milyon ABŞ dollarından 2055 milyon ABŞ dollarınadək (təqribən 383 milyon ABŞ dolları) artmasını isə müsbət tendensiyaya aid etmək olar.

—Ölkənin xarici tikinti xidmətləri balansında olan mənfi saldo 2817 milyon ABŞ dollarından 2162 milyon ABŞ dollarınadək (təqribən 655 milyon ABŞ dolları) azalmışdır.Ölkəmizin tikinti xidmətləri ixracı onun idxalı ilə müqayisəyə gəlməyəcək dərəcədə çox cüzidir. Buna görə də bu sahədəki mənfi saldonun azalmasını yaxşı müsbət hal kimi dəyərləndirmək yersiz olardı. Problemin kökünə baxsaq, ev təsərrüfatlarının real gəlirləri azalıb deyə, tikinti xidmətlərinə tələbatın səviyyəsində də azalma olduğunu görə bilərik.

Mərkəzi Bankın makroiqtisadi göstəricilər barədə bəyanatından əsas məqamlarla tanış olduq. Statistik göstəriciləri açıqlanan dövrün ötən ilin eyni dövrü ilə müqayisəli təhlilini apardıq. Məlum oldu ki, ev təsərrüfatlarının və nəticədə də ölkənin tədiyyə balanslarında əsasən mənfi tendensiyalar baş vermişdir. Bu problemlərin həllinə nail olmaq üçün dövlət təcili təxirəsalınmaz iqtisadi tədbirlərə əl atmalıdır. İlk növbədə ixrac üçün imkanlar yaradılmalıdır. Yalnız ixrac üçün azad rəqabətli bazar formalaşandan sonra tədiyyə balansının strukturlarında müxtəlif iqtisadiyyat sahələrindəki saldonu mənfidən müsbətə doğru dəyişmək mümkün olacaqdır. Bunun üçün də bir sıra iqtisadi şərtlərə əməl edilməlidir. Məsələn, milli valyutanın ədalətli məzənnəsini tapması və dayanıqlı olmasıdır. Düzdür, 2 il əvvəlki dövr ilə müqayisədə manat xeyli ucuzlaşaraq ədalətli məzənnəsinə daha yaxınlaşıb, lakin bu tədbirlər də kifayət deyil. Həm ona görə ki, ucuzlaşma kifayət qədər olmayıb, proses davam etməlidir, həm də bu məsələlər inzibati yolla tənzimlənməməlidir. Banklara valyuta mübadiləsində marja tətbiq olunmamalıdır, yenidən şəhərin müxtəlif yerlərində valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə şərait yaradılmalıdır və s. Yalnız bu halda ev təsərrüfatları və hüquqi şəxslər milli valyutaya, onun dayanıqlığına güvənərək hər hansı biznes plan üzərində düşünə bilərlər. Digər bir tərəfdən ixrac yönümlü sahələrin inkişafının qarşısını ala biləcək istənilən bürokratik ənəllər təmizlənməlidir, iqtisadi məhkəmələrin şəffaflığı təmin edilməlidir, sahibkarların incidilməsinin qarşısı alınmalıdır, müxtəlif cür dövlət orqanlarına ödənişlər edilməsi, hesabatlar təqdim olunması formaları sadələşdirilməlidir və s. Bütün bunlara nail olunduqdan sonra isə bu sahədə olan qanunvericilik, hüquq və normalara yenidən baxılmalıdır, məsələn, ƏDV-ə sıfır dərəcə ilə cəlb olunan və ya ƏDV-dən azad olunan ixrac sahələrinin siyahısı genişləndirilməlidir, digər məcburi ödənişlər, rüsumlar, haqlar və s.-nin dərəcələrinə yenidən baxılmalı və istər bu sahələrdə, istərsə də digər əməliyyatlarda ixracatçı olmaq istəyən ev təsərrüfatlarına əlavə güzəştlər, imtiyazlar imkanı yaratmaqla onlara stimullar vermək lazımdır. Bu sahə ölkə başçısının daim diqqətindədir. Nümunə kimi son dövrlərdə Azərbaycan Respublikasının qanunvericiliyində öz əksini tapmış “İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu”, “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, “Azərbaycan Respublikasında bəzi fəaliyyət növləri üzrə ixracın stimullaşdırılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”nı və s. hüquqi-normativ aktları misal göstərmək olar.


Yüklə 435,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə