Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki avrasiya universiteti



Yüklə 276,53 Kb.
səhifə4/4
tarix13.11.2017
ölçüsü276,53 Kb.
#9840
1   2   3   4

Digər tərəfdən, sözün daxili formasında və bir sıra başqa hadisələrdə dillər arasındakı yalnız ayrılan cəhətlərin deyil, həm də uyğun gələn cəhətlərin frazeologizmlərdə mövcüd olmasını görməmək olmaz. Belə ki, frazeologimzlərin leksik vahidlərinin mənalarını hər iki dilə məxsus lüğətlərlə tutuşdursaq, onlar arasında müəyyən məna yaxınlığı tapmaq olar. Müxtəlif dillərə məxsus frazeoloji birləşmələrin məna və formaca bəzən bir-birlərinə uyğun olması insan təfəkkürünün eyni istiqamətdə, eyni qanunlar üzrə inkişaf və təkamül etməsini göstərən əlamətlərdən biridir. Burada həm də oxşar tarixi şəraitin, mənəvi yaxınlığın rolu böyükdür. Buna görə də müxtəlif dillərdə həm semantik-üslubi, həm də formaca bir-birinə uyğun gələn frazeologizmlərin tərcüməsi o qədər də çətinlik törətmir. Belə tərcümədə yazıçının demək istədiyi fikir dəqiq çatdırılır, əsərin bədii emosionallığı qorunub saxlanılır.

Frazeologizmlərin yanlış tərcüməsinin əsas və ilkin səbəblərindən biri onların verilmiş mətndən düzgün seçilməməsi, sərbəst söz birləşmələri ilə qarışdırılmasıdır. Digər bir səbəb isə tərcüməçinin seçilmiş bu frazeologizmləri yalnış dərk etməsidir ki, bu da çox zaman mətnin təhrifinə gətirib çıxarır. Buna görə də frazeologizmlərin tərcüməsində səhvə yol verməmək üçün tərcüməçi ilk növbədə onları verilmiş mətndən düzgün seçməli, onları düzgün dərk etməli və orijinaldakı fikri təhrif etmədən ifadə edə bilməlidir. Onun orijinalda təsvir olunan xalqın həyatını və milli varlığını təşkil edən xüsusiyyətlərini bilməsi vacibdir. Frazeologizmlərin tərcüməsi zamanı lüğətdən düzgün istifadə olunmalı, dil və üslubi məsələlərinə dərindən diqqət yetirilməlidir. Frazeologizmlərin tərcüməsi dedikdə hər şeydən əvvəl aşağıdakı iki başlıca moment nəzərdə tutulur:

a) tərcümə olunacaq frazeologizmi tam başa düşmək, b) başa düşülmüş frazeologizmin adekvat şəkildə ana dilində ifadə olunması.

Bu iki momentin vəhdətindən ibarət olan tərcümə prossesində ingilis dilində söylənilmiş frazeologizm semantik, stilistik və qrammatik nöqteyi-nəzərdən təhlil olunur, həmin birləşmənin leksik mənası və üslubi xüsusiyyəti ilə yanaşı, onun qrammatik məna və vəzifəsi müəyyən edilir. Bütün bunlar ana dilinin normaları ilə tutuşdurulur və nəticədə ingilis dilində söylənilmiş frazeologizm ana dilindəki ifadə vasitələri ilə müəyəynləşdirilir. Bütün tərcümə prossesi tutuşdurma və müqayisə əsasında gedir.

Frazeologizmlərin dəqiq və mükəmməl formada tərcüməsi ingilis dilinin frazeologizmləri ilə azərbaycan dilinə frazeologizmləri arasındakı əlaqədən, uyğunluq dərəcəsindən asılıdır. Frazeologizmlər tərcümə nöqteyi-nəzərdən iki qrupa bölünürlər: 1) ekvivalent frazeologizmlər, 2) ekvivalantsiz frazeologizmlər.

I. Ekvivalent frazeologizmlər.

Tərcümə olunduğu dildə ekvivalenti olan frazeologizmlərə ekvivalent frazeologizmlər deyilir. Bu frazeologizmlərin iki növü var: 1) tam frazeoloji ekvivalentlər, 2) natamam frazeoloji ekvivalentlər.

1. Tam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə məna, leksik tərkib, bədiilik, qrammatik quruluş və üslubi çalarlıq baxımından tərcümə olunduğu dilin frazeologizmləri ilə uyğun gələn və yaxud üst-üstə düşən, dildə hazır şəkildə olan frazeologizmlər daxildir. Bunlara aşağıdakı frazeologizmləri misal göstərmək olar:

Achilles’ heel “axilles dabanı”; Augean stables “avgin tövlələri”; to show somebody the door “bir kəsə qapını göstərmək” (bir kəsi qovmaq); as cold as ice “buz kimi soyuq”; the iron heel “dəmir daban”(imperializm); in the sweat of one’s brow “alının təri ilə”; a labour of Sisyphus “sizif əməyi”; in the seventh heaven “göyün yeddinci qatında”; to frown one’s eyebrows “qaşlarını çatmaq”; Lares and Penates “larlar və penatlar”; a labor of Hercules “herkules əməyi”; to stick like a leech “zəli kimi yapışmaq”; to dig a pit for somebody “bir kəsə quyu qazmaq”; to gnash the teeth “dişlərini qıcırdatmaq” (Кунин А. В. Фразеология современного английского языка).

2.Natamam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə isə tərcümə olunduğu dilin frazeologizmləri ilə bədiilik və məna baxımından nisbətən uyğun gəlməyən frazeologizmlər daxildir. Tərcüməçi bu cür frazeologizmləri tərcümə edərkən onun ifadəliliyini, emosionallığını da nəzərə almalıdır. Natamam frazeoloji ekvivalentlərə aşağıdakı frazeologizmləri misal göstərə bilərik:

To be in black book “qara siyahıda olmaq”; golden opportunity “gözəl fürsət”; to be in pins and needles “tikan üstündə oturmaq”; to fall on stony ground “boşa çıxmaq”; to have pity on (smb.) “bir kəsə ürəyi yanmaq”; to catch somebody red-handed “bir kəsi cinayət üstündə yaxalamaq”; to call a spade a spade “necə var, elə demək”; one swallow does not make a summer “bir güllə bahar olmaz”; to burn the candle at both ends “ömrünü puç etmək”; between hammer and anvil “od ilə su arasında”; to make a monkey out of somebody “bir kəsi ələ salmaq”; fly off the handle “özündən çıxmaq”; small talk “boş söhbət”. (Кунин А. В. Фразеология современного английского языка).

Natamam frazeoloji ekvivalentlər özləri də üç qrupa bölünür. Birinci qrup natamam frazeoloji ekvivalentlərin tərkibinə tərcümə olunduğu dilin frazeologizmləri ilə mənaca uyğun gələn, bədiilik və üslubi çalarlılıq baxımından yaxın olan, lakin leksik tərkibinə görə fərqlənən frazeologizmlər daxildir. Məsələn: a wolf in sheep’s clothing “qoyun dərisi geymiş canavar”; the game is not worth the candle “əl bulamağa dəyməz”; the talk of the town “dillərə dastan”; don’t count your chickens before they are hatched “cücəni payızda sayarlar”; the first portent “müjdəçi”, “ilk əlamət”.

İkinci qrup natamam frazeoloji ekvivalentlərin tərkibinə isə tərcümə olunduğu dilin frazeologizmləri ilə məna, leksik tərkib, bədiilik, üslubi çalarlılıq baxımından uyğun gələn, lakin bəzi formal əlamətlərinə görə fərqlənən frazeologizmlər daxildir. Onlar tərkibindəki sözlərin sırasına və sayına görə tərcümə olunduğu dilin frazeologizmlərindən fərqlənirlər. Məsələn: all is not gold that glitters “hər parıldayan qızıl deyildir”; strike while the iron is hot “dəmiri isti-isti döyərlər”.

There is no rose without a thrown “tikansız qızılgül olmaz”; fish in trebled water “bulanıq suda balıq tutmaq” frazeologizmlərində isə sözlərin sayı fərqlidir.

“Üçüncü qrup natamam frazeoloji ekvivalentlər tərcümə olunduğu dilin frazeologizmləri ilə bütün xüsusiyyətlərinə görə uyğun gələn, lakin bədiilik baxımından fərqlənən frazeologizmlərdir. Məsələn: to spread before the eye “elə bil ovucumun içindədir”; as old as hills “dünya qədər qoca”; “be born with a silver spoon in one’s mouth “xoşbəxt ulduz altında doğulmaq” .

II. Ekvivalentsiz frazeologizmlər.

Ekvivalentsiz frazeologizmlər dildə sayca ən çox olan frazeologizmlərdir. Belə frazeologizmlərin sırasına tərcümə olunduğu dildə ekvivalenti olmayan frazeologizmlər daxildir. Onları tərcümə edərkən tərcüməçi tərcümənin qeyri-frazeoloji üsullarından istifadə edir. Onların tərcüməsi frazeoloji deyil, leksik vasitələrin köməyi ilə verilir. Ekvivalentsiz frazeologizmlərin tərcüməsini heç bir zaman dəqiq tərcümə adlandırmaq olmaz. Bu cür frazaologizmlərin tərcüməsində həmişə bəzi çatışmamazlıqlar olur. (bədiilik, ekspressivlik, məna çalarları və.s.) Məsələn: What will Mrs Crundy say? “camaat bizə nə deyər?”; Paul Pry “Paul Pray”, “burnunu hər yerə soxan insan”; Cordelia’s gift “sakit,incə qadın səsi”(King lear əsərinin qəhrəmanı Kordeliyanın səsi kimi);Jack Sprat “cırtdan”, “çox kiçik boylu”; Tom Tiddler’s ground “xəzinə”(bu frazeologizm qədim uşaq oyununun adı ilə əlaqədar olaraq yaranmışdı. Bu oyunda kim Tom Tiddler olarsa, O, öz dayandığı yerə heç kəsi qoymamalıdır.) (Кунин А. В. Фразеология современного английского языка). Ekvivalentsiz frazeologizlərin tərcüməsində kalka tərcümə növündən geniş istifadə olunur.

İngilis dilində verilmiş frazeologizmin azərbaycan dilində maksimal adekvat tərcüməsini əldə etmək üçün tərcüməçi tərcümənin müxtəlif növlərindən istifadə edir. Bunların sırasına ekvivalent, analoq, təsviri, kalka və ya hərfi, antonim, müştərək, parallel tərcümə növləri daxildir.

Ekvivalent tərcümə – bu tərcümə növü ingilis dilində verilmiş frazeologizmlərin mənasını, bədiilik xüsusiyyətlərini ana dilimizdə tam olaraq əks etdirir. Ekvivalent tərcüməyən aşağıdakıları misal göstərmək olar:

As cold as ice “buz kimi soyuq”; red as blood “qan kimi qırmızı”; black as coal “kömür kimi qara”; to play with fire “odla oynamaq”; the golden age “qızıl əsr”; Platonic love “platonik sevgi”; winged words “qanadlı sözlər”; as cunning as fox “tülkü kimi hiyləgər (bic)”; to take counsel “məsləhət almaq”.

Analoq tərcümə – tərcümənin bu növü isə ingilis dilində verilmiş frazeologizmlərin mənasını azərbaycan dilində ifadə edə bilsə də, onların bədiilik xüsusiyyətlərini ya tam, ya da qismən fərqli əks etdirir. Məsələn: It is raining cats and dogs.: Şiravaran yağış yağır; a drop in the bucket “dənizdə bir damla”; to fall upon one “bir kəsin davamçısı olmaq”; have a good time “yaxşı vaxt keçirmək”; that’s flat “qısa və konkret”; pop the question “evlənmə təklifi etmək”; the observed of all observers “diqqət mərkəzi”.

Təsviri tərcümə – ingilis dilində verilmiş frazeologizmin azərbaycan dilində adekvat və ya analoq tərcüməsi mümkün olmadığı zaman təsviri tərcümə növündən istifadə olunur. Tərcümənin bu növü verilmiş frazeologizmi azərbaycan dilinə sərbəst söz birləşmələri vasitəsilə tərcümə edir. Bu zaman orijinaldakı frazeologizm bədiilik və ifadəlilik xüsusiyyətlərini itirir. Məsələn: to burn the candle on both ends “səhərdən axşama kimi işləmək”; a black eye “gözünün altı göyərmiş”; the dark ages “orta əsrlər”; for a long “havayı”, “müftə”; straw in the wind “ümumi fikir”; have a yellow streak “cəsarətsiz adam”, “qorxaq”; be in pink “sağlam görünmək”, “gümrah olmaq”; in the black “cahcəlallı”. (Кунин А.В. Большой англо-русский фразеологический словарь).

Antonim tərcümə – orijinaldakı fikrin adekvat və ya təbii yolla tərcüməsinə deyilir. İngilis dilində verilmiş frazeologizmlərin azərbaycan dilinə antonim tərcüməsində inkar kostruksiyası təsdiqlə əvəz edilir və yaxud da əksinə. Buna aşağıdakı tərcümələri misal göstərmək olar:

Don’t count your chickens before they are hatched “cücəni payızda sayarlar”; to keep one’s head “başını itirməmək”; to keep one`s head above water “borca girməmək”; to keep one`s pecker up “ruhdan düşməmək”; to keep one`s hair on “əsəbləşməmək”.

Kalka və ya hərfi tərcümə – bu tərcümə növü ekvivalentsiz frazeologizmlərin milli-etnik xüsusiyyətlərini saxlayaraq onların maksimal tərcüməsini verir. Frazeologizmlərin bədiiliyini vurğulamaq üçün kalka və ya hərfi tərcümədən istifadə olunur. Tərcümənin bu növünə orijinaldakı frazeologizmin azərbaycan dilinə başqa yolla tərcüməsi mümkün olmadıqda müraciət edilir. Kalka tərcümə növündən əsasən Bibliyadan götürülmüş frazeologizmlərin, antik və mifik dövrün frazeologizmlərinin tərcüməsi zamanı geniş istifadə olunur. Məsələn: Bibliyadan götürülmüş frazeologizmə baxaq: David and Jonathan “Devid və Conatan”, “ayrılmaz dostlar” (Кунин А. В. Фразеология современного английского языка).

Bir çox əsərlərdəki frazeologizmlərin böyük bir qismi dilimizə hərfi tərcümə olunur. Hərfi tərcümə bədii dil baxımından səmərəli olmasa da, tərcümə praktikasında geniş yayılıb. Tərcüməçi orijinaldakı frazeoloji birləşmələrin semantik xüsusiyyətlərinə dərindən yiyələnmədikdə, onların mənasını fərqləndirmədikdə sözləri sadəcə olaraq tərcümə elədiyi dilin sisteminə uyğun düzür, nəticədə hərfi tərcümə alınır. Məsələn: to put the cart before the horse atı arabaya qoşmaq (hər şeyi tərsinə etmək).

Tərcüməçi müəyyən ifadələri hərfi tərcümə edərkən ümumxalq ingilis dilində geniş yayılmış frazeoloji birləşmələrin leksik-qrammatik quruluşunu saxlamağa, onların mənasını azərbaycan oxucusuna aydın şəkildə çatdırmağa cəhd göstərir. Tərcüməçi hərfi tərcümədən imtina edərkən də son dərəcə diqqətli olmalıdır. Əks halda bəzən orijinaldakı fikir təhrif olunur. Onlar forma cəhətdən uyğunluq təşkil etsə də, məna təhrifinə gətirib çıxarır.

Müştərək tərcümə – verilmiş frazeologizmin analoq tərcüməsi onun mənasını tam olaraq ifadə etmirsə, o zaman bu frazeologizmin öncə kalka, sonra təsviri tərcüməsi verilir və onun analoq tərcüməsi ilə müqayisə edilir. Məsələn: tocarry coals to Newcastle –Nyukasla kömür daşımaq. Bu frazeologizm “bir şeyin çox olduğu yerə həmin şeydən daşımaq” mənasını verir. Bunu “dənizə su tökmək” kimi tərcümə etmək olar.

Paralell tərcümə – tarixi mətnlərin tərcüməsi zamanı kalka tərcümə növü ilə yanaşı parallel tərcümə növündən də istifadə olunur. Tərcümənin bu növü ingilis dilindəki verilmiş frazeologizmin qısa tarixi şərhini verir. Məsələn: “white elephant”– İngiltərədə insanlar çoxlu xərc tələb edən, lakin heç bir xeyri olmayan əşyaya “white elephant” deyirlər. Bu frazeologizm bir əfsanədən götürülmüşdür. O əfsanəyə görə şahzadə Siama öz düşmənlərini var-yoxdan çıxartmaq üçün onlara fil bağışlayır. Çünki fil Hindistan və Seylonda müqəddəs heyvan sayılır. Onu öz işlərində istifadə etmirlər. Bundan əlavə bu ölkələrdə fillərə qulluq böyük xərc tələb edir. (Кунин А.В. Большой англо-русский фразеологический словарь).

Bəzən frazeologizmlər müəlliflər tərəfindən dəyişdirilir. Bu cür frazeologizmlərin tərcüməsinin effektli alınması üçün tərcüməçi onu əvvəlki vəziyyətinə qaytararaq tərcümə edir. Frazeologizmlər aşağıdakı yollarla dəyişdirilir:

1. Frazeologizmlərə yeni komponentlər daxil etməklə.

Məsələn: let`s not put the cart too far ahead the horse “hər şeyi tərsinə etmək” (atı arabaya qoşmaq -hərfi tərcümə), bu frazeologizmin dəyişikliyə uğramış forması belədir: “to put the cart before the horse”.

2. Frazeologizmin komponentlərini başqa sözlərlə əvəz edərək onun leksik və qrammatik tərkibini dəyişmək yolu ilə.

Məsələn: Bibliyadan götürülmüş “to have a millstone about one`s neck” (ürəyində daş gəzdirmək) frazeologizmi, “Qoca dənizçi” (The ancient Marines) poemasında “have an albatros about one`s neck” kimi işlədilmişdir. Bu cür dəyişikliklərə uğramış frazeologizmləri asanlıqla əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

3.Frazeologizmi hissələrə ayıraraq, onun komponentlərini sərbəst söz birləşmələrinin tərkibində işlətməklə.

Məsələn: to get cold feet “qorxaq” frazeologizmini hissələrə ayıraraq, onun komponentlərini sərbəst söz birləşmələrinin tərkibində işlədilmiş bir misala baxaq:

“I have got a cold.”

“It is in your feet.”

Bu dialoqda birinci şəxs xəstəliyindən şikayət edir, digəri isə bunun xəstəlik deyil, qorxaqlıq olduğunu söyləyir. Bu cür frazeologizmləri əvvəlki vəziyyətinə qaytarmadan tərcümə etmək qeyri-mümkündür.

4. Frazeologizmin bəzi komponentlərini saxlamaqla

Məsələn: He complained to Fleur that the book dealt with nothing but birds in the bush. (J. Galsworthy). Bu cümlədə“a bird in the hand is worth two in the bush” (soğan olsun, nağd olsun) atalar sözünün bir hissəsi işlədilmişdir. Verilmiş misalda “a bird in the bush” frazeologizmi “boş vədlər” kimi tərcümə olunur.

İngilis dilinin frzeologizmləri azərbaycan dilinə tərcümə edilərkən onların çoxmənalı və omonim olduğunu da nəzərə almaq lazımdır. Verilmiş frazeologizmin mənalarından biri frazeoloji, digəri omonim ola bilər. Bunlara aşağidaki frazeologizmləri misal göstərmək olar:

Don’t mention it 1) bu haqda mənə xatırlatmayın, 2) dəyməz (frazeoloji m.).

To be narrow in the shoulders 1) dar çiyinli olmaq, 2) yumor hissi olmayan (frazeoloji m.).

To pin back smb`s ears 1) bir kəsin qulağını çəkmək, 2) bir kəs üzərində qələbə qazanmaq. (frazeoloji m.).

The girl next door 1) qonşu otaqda yaşayan qız, 2) belə qızlar çoxdur (frazeoloji m).

To see eye to eye 1) göz-gözə gəlmək, 2) bir kəslə tam razı olmaq (frazeoloji m.).

To strentch one`s legs 1) ayaqlarını uzatmaq, 2) gəzişmək (frazeoloji m.).

Eyni bir söz birləşməsinin həm sərbəst, həm də sabit olması tərcümə prossesində tərcüməçilər üçün böyük çətinliklər yaradır. Ingilis dilinin frazeologiyasını dərindən bilməyən tərcüməçilər bu cür frazeologizmlərin düzgün tərcüməsini vermək üçün külli miqdarda frazeologizm ehtiyatına malik olmalıdır. O, verilmiş söz birləşməsinin sabit və ya sərbəst olduğunu müəyyən etməyi bacarmalıdır. Tərcüməçi bu cür frazeologizmlərin məhz hansı mənada işləndiyini mətnin tələbləri baxımından da müəyyənləşdirə bilər.

İngilis dilində elə frazeologizmlər də var ki, onlar bir-birindən artikl ilə fərqlənirlər və müxtəlif məna ifadə edirlər. Məsələn: to go to sea “dənizçi”; to go to the sea “dənizə getmək”

Tərcümə prossesinə təsir göstərən əsas səbəblərdən biri də ingilis dilində zahirən oxşar, lakin semantik cəhətdən fərqlənən frazeologizmlərin olmasıdır. İngilis dilini kifayət qədər bilməmək, tərcümə prossesində diqqətsizlik belə frazeologizmlərin birinin digəri ilə qarışdırılmasına gətirib çıxarır. Məsələn: “to make good time” frazeologizmi “to have a good time” frazeologizmi ilə qarışdırılır. Əslində isə bunlar tam fərqli mənalar ifadə edirlər. “To make a good time” frazeologizmi “sürətlə keçib getmək”, “tez çatmaq” mənasını, “to have a good time” isə yaxşı vaxt keçirmək mənasını ifadə edir. “To make good time” frazeologizmi işlədilən cümləyə nəzər salaq: We made very good time on our trip to Florida – Biz Floridaya çox tez çatdıq.

“To put one`s nose in” – “peyda olmaq” frazeologizmi isə “to put one`s nose into smb`s affair” – “başqasının işinə burun soxmaq” frazeologizmi ilə qarşılaşdırılır.

“Backward(s) and forward(s)” – “eninə-uzununa”, “başdan-başa” frazeologizmi “back and forth” – “irəli geri”, “gah o yana, gah bu yana” frazeologizmi ilə qarşılaşdırılır.

İngilis dilindəki frazeologizmlərin bir hissəsi çoxmənalı səciyyə daşıyır. Məsələn: to pass the time of the day 1) söhbət etmək, 2) salamlaşmaq; on the side 1) gizli, 2) qatılmış, qarışdırılmış (su və s. ilə); to let one’s hear down 1) ürəyini açmaq, 2) özünü sərbəst aparmaq. (С. П. Романов, A. Л. Коралов. Пособие по переводу с английского на русский)

Jane is very nice girl. I’am sorry I’ve never seen her let her hair down. – Ceyn çox yaxşı qızdır. Çox təəssüf edirəm ki, o mənimlə həmişə ehtiyatlı danışır.

Belə frazeologizmlərin malik olduqları mənalardan məhz hansını ifadə etdiyini mətinin kontekstindən müəyyən etmək olar. Buna aşağıdakı cümlələri misal göstərə bilərik:

To kill time, my brother and I counted all the red automobils that passed us on the highway. Bu cümlənin tərcüməsi belə olacaq: Vaxtı öldürmək üçün mən və qardaşım şosedən keçən bütün qırmızı maşınları saydıq. Bu cümlədə “to kill time” frazeologizmi “vaxt öldürmək” mənasında işlədilmişdir. Lakin bu frazeologizmi heç də həmişə bu cür tərcümə etmək olmaz. Bunu aşağıdakı cümlədə görə bilərik:

What is your favourite way of killing time? Bu cümlənin tərcüməsi isə belə olacaq: Sən boş vaxtını necə keçirtməyi xoşlayırsan? Burada isə “to kill time” frazeologizmi mənaca “try to fill otherwise empty time in as intresting a manner as possible” ifadəsinə uyğun gəlir.

The children got out of hand while their parents were away. – Valideynlərinin olmadığı müddətdə uşaqlar tamamilə sözə qulaq asmırdılar. Bu cümlədə “to get out of hand” frazeologizmi “sözə qulaq asmamaq” mənasında işlədilmişdir.

What caused the meeting to get out of hand yesterday? – Dünənki iclas nə üçün belə qeyri-mütəşəkkil keçdi? Bu cümlədə isə “to get out of hand” frazeologizmi “qeyri-mütəşəkkil keçmək (olmaq)” mənasını ifadə edir.

To understand that columinist you have to read between the lines, otherwise his words mean nothing. – Jurnalistin nə demək istədiyini başa düşmək üçün onun yazdığı məqaləni sətirbəsətir oxumaq lazımdır, əks halda bu məqalə öz mənasını itirər. Burada “to read between the lines” frazeologizmi “sətirbəsətir oxumaq” mənasındadır.

Professor Elton was a good speaker but you had to be able to read between the lines what he said. – Professor Elton çox gözəl natiqdir, lakin onun nə dediyini anlamaq üçün, onun söylədiklərinin altında hansı mənanın gizləndiyini bilmək lazımdır. Bu cümlədə isə “söylədiklərinin altında hansı mənanın gizləndiyini bilmək” mənasını ifadə edir.

He aroused contempt because he read turned informer to save his skin. – Ona qarşı nifrət hissi oyanmışdır, çünki O, öz canını qurtarmaq üçün xəbərçilik etmişdi. Burada “to save smb`s skin” frazeologizmi “canını qurtarmaq” mənasında işlədilmişdir.

Betty saved Tim`s skin by typing his report for him, without her help he could not have finished in time. – Betti Timə məruzəni çap etməyə kömək etdi, əks halda o bu işi vaxtında qurtara bilməzdi. Bu cümlədə “to save smb`s skin” frazeologizmi kömək etmək mənasındadır. (С. П. Романов, A. Л. Коралов. Пособие по переводу с английского на русский).

İngilis dilini bəzi frazeologizmləri bir deyil, bir neçə varianta malik olur. Məsələn: to go (row, strive, swim) against the stream frazeologizmləri azərbaycan dilinə yalnız bir cür, “axının əksinə getmək” kimi tərcümə olunur.

Beləliklə hər bir dil bu və ya digər frazeologizmi özünəməxsus şəkildə dərk edir. Buna görə də tərcüməçi dillər arasındakı fərqi dəqiq şəkildə öyrənməyə borcludur. Tərcüməçi tərcümə prossesi zamanı orijinaldakı frazeologizmin xüsusiyyətlərini saxlamaq üçün hər iki dilə məxsus müxtəlif ifadə vasitələrindən istifadə edir, frazeoloji birləşmələrin ekvivalentini verir, ifadələri bir-birinə yaxın şəkildə (komponentlərinin dəyişdirilib başqa leksimlərlə əvəz edilməsi) tərcümə edir, ingilis dilindəki frazeologizmi azərbaycan dilinə tərcüməsində onların sinonimlərindən, hərfi tərcümə və.s. vasitələrdən geniş istifadə edir.

Bir sözlə frazeologizmlər bir dildən başqa bir dilə tərcümə edilərkən həm təmsil elədiyi milli düşüncələrindən, eləcə də bədii əsərin kontekstindən uzaqlaşdırmamalı, həm də tərcümə olunduğu dilin tələblərinə cavab verməli, başqa bir xalqın düşüncəsinə yol tapmalıdır.

Nəticə


Frazeologimlərin öyrənilmə tarixi, onların mahiyyəti, ingilis dilinin alınma frazeologizmləri və bu dildəki frazeologizmlərin azərbaycan dilinə tərcüməsi haqqında danışdıqlarımızı yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlmək mümkündür:

Dilçilik ədəbiyyatında frazeologiyanın tədqiqat obyektindən bəhs edən müəlliflərin bir qismi onu geniş mənada, bir qismi isə dar mənada nəzərdə tutmuşlar. Birinci qrupa ümumiyyətlə hər hansı bir dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını frazeologiya hesab edənlər daxildir. İkinci qrupa isə dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını deyil, onlardan nitq və ya dil vahidlərinə ekvivalent olub, komponentləri məna və quruluşca parçalanmayan qismini frazeologiya adlandıran müəlliflər daxildir. Bütün bu dilçilərin əsərlərində irəli sürülən bir sıra fikirlər və göstərilən dil faktları dilçiliyin frazeologiyaya sahəsinin tədqiqində müəyyən əhəmiyyətə malikdir. İstər dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını frazeologiya hesab edən, istərsə də dildəki söz birləşmələrinin hamısını deyil bir qismini frazeologiya hesab edən dilçilərin çoxu frazeologiyanı üslubiyyatın tədqiqat obyekti kimi nəzərdə tuturlar.

Son illərdə bir tərəfdən frazeologiya üzərində daha mükəmməl tədqiqat aparan mütəxəssislərin dəlilləri, digər tərəfdən, türk dilləri faktlarının dərindən öyrənilməsi tədqiqatçıları bu qənaətə gətirmişdir ki, dilçilik fənlərindən biri kimi frazeologiyanın dar mənada götürülməsi tamamilə məqsədə uyğundur.

Biz də frazeologiyanı dar mənada götürərək, dilçilik fənlərindən biri kimi onun tədqiqat obyektinə hər cür sabit birləşmələri deyil, yalnız dil strukturasının tərkib hissəsi kimi işlənənləri aid edirik.

Dilçilikdə frazeolji vahidlərin təsnifi müxtəlif istiqamətlərdə aparılmışdır. Bunlardan Ş. Ballinin, V. V. Vinoqradovun, N. N. Amosovanın təsnifatı müxtəlif dillərin frazeologiyasının tədqiq olmunmasında böyük rol oynamışdı. Ş. Balli və V.V.Vinoqradovun təsnifatı bir müddət bir sıra başqa dillərin frazeologiyasından bəhs edən əsərlərdə tamamilə məqsədə uyğun sayılmış və olduğu kimi saxlanılmışdır. Lakin son illərdə bir sıra dillərin frazeologiyası ilə daha dərindən məşğul olan tədqiqatçılar müəyyənləşdirmişlər ki, bu dilçilərin təsnifatı özünü doğrultmur. N. N. Amosova V. V. Vinoqradovun təsnifatı ilə razılaşmamışdı. O, frazeologizmləri “frazeoloji birikmələr”, “frazeoloji bitişmələr” və “frazeoloji birləşmələr” adı ilə üç semantik qrupa bölür. Bunların hər birinin özünəməxsus əlamətini göstərir. N. M. Şanski isə bu təsnifatı daha da genişləndirərək sabit söz birləşmələrini üç deyil, dörd semantik qrupa bölür. O, sabit söz birləşmələrinin frazeoloji ifadələr qrupunu da qeyd edir. Dilçilikdə N. N. Amosovanın təsnifatı daha məqsədə uyğun hesab edilmişdi.

Digər dillərdə olduğu kimi, ingilis dilinin də frazeologiya dünyası çox böyük və müxtəlifdir. Bu dilin frazeologizmlərlə zənginləşməsində Bibliyanın , roma, yunan əfsanlərinin, bədii ədəbiyyatın və başqa dillərin rolu olmuşdu. Qədim dövrlərdən indiyədək Bibliya insanlar tərəfindən ən çox oxunan kitab olmuduğu üçün ingilis dilindəki frazeologizmlərin əksəriyyəti Bibliyadan götürülmüşdür. Bibliyadan götürülmüş frazeologizmlər bibleizmlər adlandırlır. İngilis dilinin lüğət tərkibi bibleizmlərlə yanaşı şekspirizmlər və ingilis ədəbiyyatından götürülmüş frazeologizmlərlə zəngindir. Bu dildəki frazeologizmlərin müəyyən bir qismi İngiltərəyə ABŞ-dan gətirilmişdir. Amerika mənşəli bu frazeologizmlərin əksəriyyəti amerika bədii ədəbiyyatından alınmış frazeologizmlərdir. Bunlardan əlavə ingilis dilinin frazeologizmləri sırasına fransız, ispan, italyan, alman, ərəb, çin dillərəndən alınmış frazeologizmlər də daxildir. Alınma frazeologizmlərinın bir qismi nisbətən dəyişdirilərək müasir formada ingilis dilinin lüğət tərkibinə daxil edilmişdi. Bütün bu frazeologizmlər ingilis dilinin zənginləşməsinə xidmət edir.

İngilis dili frazeologizmlərin azərbaycan dilinə tərcüməsi çox çətin və məsuliyyətli işdir. Bu çətinliklər ingilis dili ilə azərbaycan dilininin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqdən irəli gəlir.

İngilis dilində verilmiş frazeologizmin azərbaycan dilində maksimal adekvat tərcüməsini əldə etmək üçün tərcüməçi tərcümənin müxtəlif növlərindən istifadə edir. Bunların sırasına ekvivalent, analoq, təsviri, kalka və ya hərfi, antonim, müştərək, parallel tərcümə növləri daxildir.

Frazeoloji birləşmələr hər bir xalqın milli kaloritini, adət-ənənəsini, nəhayət dil sistemindəki özünəməxsus leksik-qrammatik formalarını əks etdirdiyindən belə ifadələr azərbaycan dilinə çox zaman yanlış tərcümə edilir. Onların yanlış tərcüməsinin əsas və ilkin səbəblərindən biri onların verilmiş mətndən düzgün seçilməməsi, sərbəst söz birləşmələri ilə qarışdırılmasıdır. Digər bir səbəb isə tərcüməçinin seçilmiş bu frazeologizmləri yalnış dərk etməsidir ki, bu da çox zaman mətnin təhrifinə gətirib çıxarır. Buna görə də tərcüməçi ingilis dilində verilmiş frazeologizmi azərbaycan dilinə düzgün, səhvə yol vermədən, orijinaldakı xüsusiyyətlərini saxlayaraq tərcümə etmək üçün aşağıdakı qaydalara riayət etməlidir:

1. Tərcümə olunacaq frazeologizmi tam başa düşməli

2. Orijinalda təsvir olunan xalqın həyatını və milli varlığını təşkil edən xüsusiyyətlərini bilməli

3. Tərcümə prosesində lüğətdən düzgün istifadə etməli, dil və üslubi məsələlərinə dərindən diqqət yetirməli

4. Hər iki dilə məxsus müxtəlif ifadə vasitələrindən istifadə etməli

5.Verilmiş frazeologizmin azərbaycan dilinə tərcüməsində onların sinonimlərindən istifadə etməyi bacarmalı

6. Tərcümə metodlarından düzgüz istifadə etmək bacarığına malik olmalıdır.

7. Bədii əsərin kontekstindən uzaqlaşdırmamalı

8. tərcümə olunduğu dilin tələblərinə cavab verməli

Beləliklə hər bir dil bu və ya digər frazeologizmi özünəməxsus şəkildə dərk edir. Buna görə də tərcüməçi dillər arasındakı fərqi dəqiq şəkildə öyrənməyə borcludur. Bir sözlə tərcümə olunan ayrı-ayrı frazeoloji ifadələr həm orijinal zəmindən qoparılmamalı, həm də bu ifadə ilə azərbaycan dilinin oxucusu arasında nəzərə çarpacaq ögeylik olmamalıdır.


İstifadə edilmiş ədəbiyyat siyahısı

1. Амосова Н. Н. Основы английской фразеологии. Л.,1963 səh 8-10.


2. Arnold İ. V. The engilish word. M-L., 1966 səh 165-179;199.
3. Babayev A. Dilçiliyə giriş. Bakı, 1992 səh 262.
4. Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978. səh 4-67.
5. Cəfərov S. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1970. səh 95-100.
6. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962. səh 59-62.
7. Hacıyeva Ə. H., Hacıyeva A. K. İngiliscə-azərbaycanca frazeoloji lüğət Bakı, 2006.

8. Həsənəv H. Azərbaycan dilinin frazeologiyası. Bakı,1979 səh 2-9


9. Hüseyzadə M. Müasir Azərbaycan dili. Bakı, 1954. səh 32-36.
10. Комиссаров В. Н. Теория перевода. М., 1960. səh 69-71.
11. Комиссаров В. Н. Лингвистик перевод. М.,1980 səh 125-141.
12. Кунин А. В. Английская фразеология. М., 1970. səh 7-12; səh 190-206.
13. Кунин А.В. Большой англо- русский фразеологический словарь, М., 2005.
14. Кунин А. В. Фразеология современного английского языка, М.,1972. səh 34-

67.


15. 19. Qurbanov A. Müasir Azərbaycan dilinin frazeologiyası, Bakı,1963 səh 3-5
16. Qurbanov A. Ümumi dilçilik I hissə, Bakı, 1989. səh 220-223.
17. Qurbanov. A Müasir Azərbayacan ədəbi dili, Bakı,1967. səh 126-130
18. Романов С. П., Коралов A. Л. Пособие по переводу с английского на
русский. М.,2006. səh 111-125.
19. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri, Bakı, 1966 səh 139-142.

20. Vəliyeva N. Azərbaycanca-ingiliscə- rusca frazeoloji lüğət. Bakı, 2006.
Yüklə 276,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə