Azərbaycan respublikasinin konstitusiyasi


Şərəf və ləyaqətin müdafiəsi hüququ



Yüklə 413,99 Kb.
səhifə2/4
tarix01.11.2017
ölçüsü413,99 Kb.
#8117
1   2   3   4
Şərəf və ləyaqətin müdafiəsi hüququ

I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

Maddə 47. Fikir və söz azadlığı

I. Hər kəsin öz fikir və söz azadlığı vardır.

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

Maddə 48. Vicdan azadlığı [10]

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Maddə 49. Sərbəst toplaşmaq azadlığı  

I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. KM1

Maddə 50. Məlumat azadlığı [11]

I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Maddə 51. Yaradıcılıq azadlığı

I. Hər kəsin yaradıcılıq azadlığı vardır.

II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir.

Maddə 52. Vətəndaşlıq hüququ

Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Maddə 53. Vətəndaşlıq hüququnun təminatı

I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.

II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.

II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.

Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.

II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.

Maddə 56. Seçki hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.

II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Maddə 57. Müraciət etmək hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

Maddə 58. Birləşmək hüququ

I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.

II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

III. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Maddə 59. Azad sahibkarlıq hüququ

Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Maddə 60. Hüquq və azadlıqların məhkəmə təminatı

I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

Maddə 61. Hüquqi yardım almaq hüququ

I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi

Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Maddə 63. Təqsirsizlik prezumpsiyası

I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi

Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ

Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi

Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

 

M a d d ə 6 7. Tutulanların, həbsə alınanların və cinayət törədilməsində



                         təqsirləndirilən şəxslərin hüquqları  [12]

 

I. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.



II. Cinayət törədilməsində təqsirləndirilən hər şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.

Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ

I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

II. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları

I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

Maddə 70. Siyasi sığınacaq hüququ

I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.

II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.

Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı [13]

I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.

IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

IV fəsil


VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ

Maddə 72. Vətəndaşların vəzifələrinin əsası

I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. [14]

II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri

I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Maddə 74. Vətənə sədaqət

I. Vətənə sədaqət müqəddəsdir.

II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.

III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.

Maddə 75. Dövlət rəmzlərinə hörmət

I. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. [15]

Maddə 76. Vətəni müdafiə

I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur.

Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması

Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.

Maddə 78. Ətraf mühitin qorunması

Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi

Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.

Maddə 80. Məsuliyyət

Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

ÜÇÜNCÜ BÖLMƏ.



DÖVLƏT HAKİMİYYƏTİ

V fəsil


QANUNVERİCİLİK HAKİMİYYƏTİ

Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

Maddə 82. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

Maddə 83. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları

Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti

I. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. [16]

II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

IV. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

Maddə 85. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər

I. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi

Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi

I. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.

III. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları

I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.

II. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.

III. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Mili Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər. [17]

Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi

I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5) özü imtina etdikdə.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

Maddə 90. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Maddə 92. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili

Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır.


Yüklə 413,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə