Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSİ


Meşə təsərrüfatının təşkili



Yüklə 249,29 Kb.
səhifə2/3
tarix03.05.2018
ölçüsü249,29 Kb.
#41281
1   2   3

Meşə təsərrüfatının təşkili

 

Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər



 

Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.

Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır:

insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi;

oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və səmərəli istifadə;

meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, mühafizəsi və qorunması;

eşə fondu torpaqlarından səmərəli istifadə;

meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;

bioloji müxtəlifliyin saxlanılması;

tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması.

 

Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid edilməsi



 

Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.

İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:

qoruq meşələri;

kurort meşələri;

xüsusi qiymətli meşə massivləri;

şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;

yabanı meyvə meşələri;

dövlət qoruyucu meşə zolaqları;

sair meşələr.

Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.

Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir.

 

Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının müəyyən edilməsi



 

Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Xüsusi qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 33. Meşənin qırma yaşının təyini



 

Meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.

Meşələrin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır.

Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi qaydası



 

Hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir.

Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən edilmiş qaydada yenidən təsdiq edilir.

 

Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması



 

Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Bu halda meşə fondundan torpaq ayrılan fiziki və hüquqi şəxslər həmin torpaqların kadastr qiyməti əsasında hesablanmış dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər.

Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tam həcmdə ödənilir.

 

Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması



 

Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerləri dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

 

Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan işlərin görülməsi qaydası



 

Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir.

Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır.

Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.

 

Maddə 38. Meşə fondunun dövlət uçotu



 

Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun mühafizəsini, qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun kəmiyyət və keyfiyyət dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki və hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədilə aparılır.

Meşə fondunun dövlət uçotunun məlumatları dövlət meşə kadastrının aparılmasında istifadə edilir.

Meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin formalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Meşə fondunun dövlət uçotunun aparılma qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilir.

 

Maddə 39. Dövlət meşə kadastrı



 

Dövlət meşə kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyəti və keyfiyyət cəhətdən qiymətləndirilməsidir.

Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində istifadə olunur. Dövlət meşə kadastrının aparılmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət meşə kadastrının aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 40. Meşələrin monitorinqi



 

Meşələrin monitorinqi meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların ekoloji funksiyalarının aparılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.

Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları



 

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət proqramları hazırlanır.

Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilir.

 

Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları



 

Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır. Göstərilən ehtiyatların məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

 

Maddə 43. Meşə quruluşu işləri və onun aparılması



 

Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli aparılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş tədbirlər sistemindən ibarətdir.

Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir:

müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının, digər meşə təsərrüfatı müəssisələrinin, meşə fondu sahələrinin və ərazilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;

topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması;

meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;

relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan meşə sahələrinin aşkara çıxarılması;

meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi;

meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi;

hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən edilməsi;

meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi;

meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, meşə fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi;

meşə-bioloji və digər xüsusi müayinələrin aparılması;

meşə quruculuğu layihələrinin həyata keçirilməsinə nəzarət;

digər meşə qoruyucu işləri.

Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir. Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatlarının aparılması və meşə fondundan istifadə qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin layihələr, ona əlavələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir və meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır.

Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vahid sistem üzrə aparılır.

Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata keçirilməsi qadağandır.

 

Maddə 44. Meşə fondu haqqında məlumat



 

Meşə fondu haqqında məlumat, meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairədən ibarətdir.

Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamında olmaqla, onun müəyyən etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir.

 

Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarəti



 

Meşə fondunun vəziyyətinə, istifadəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadənin, köküstəoduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.

Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində həyata keçirirlər.

Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər



 

Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.

Bu məqsədlə aşağıdakı tədbirlər görülür:

meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına nəzarətin təşkili;

meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;

təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;

meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.

Meşə fondunun mühafizəsinin təşkili Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 



V fəsil

Meşələrin və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası

 

Maddə 47. Meşədən istifadəyə qoyulan əsas tələblər



 

Meşədən istifadəyə qoyulan tələblər aşağıdakılardır:

meşələrdən fasiləsiz və səmərəli istifadə;

əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması və gücləndirilməsi;

meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri funksiyalarından, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi;

meşələrin bərpası üçün şəraitin yaradılması;

meşədən istifadənin ödənişli olması;

meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi.

 

Maddə 48. Meşə fondundan istifadə növləri



 

Meşə fondundan istifadə növləri aşağıdakılardır:

oduncaq tədarükü;

ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);

meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə);

elmi-tədqiqat məqsədləri üçün;

mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;

ovçuluq təsərrüfatı.

Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata keçirə bilər.

Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəsinə bir və ya bir neçə növ əlavə istifadə üçün verilə bilər.

 

Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin hüquqları



 

Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:

onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq;

müəyyən edilmiş həddə meşə fondundan istifadə;

meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək;

Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlar.

 

Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələri



 

Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar:

meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək;

meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etmək;

əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq;

meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək;

istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etmək və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir görmək, meşə yanğını baş verdikdə onun söndürülməsini təmin etmək;

qırılma üçün ayrılmış ağacları tam kəsib götürmək, oduncağın tədarükü və daşınmasını müəyyən edilmiş müddətdə başa çatdırmaq;

oduncaq tədarükü ilə bir vaxtda sahələri qırma qalıqlarından təmizləmək;

meşə fondu sahələrinin (torpaqlarının) icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş müddətdə və şərtlərlə meşəbərpa tədbirlərini həyata keçirmək;

istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə gətirmək;

meşə fondu sahələrində işlər başa çatdıqdan sonra onları müvafiq meşə təsərrüfatı müəssisələrinə təhvil vermək;

meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək;

meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək;

meşələrdə sanitariya qaydalarına riayət etmək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər rəsmi tələbləri yerinə yetirmək;

başqa meşə istifadəçilərinin hüquqlarını pozmamaq;

meşə fondundan istifadə barədə, habelə meşə fondundan istifadəyə görə ödəmələrin miqdarını müəyyən etmək üçün lazımi məlumatları müəyyən edilmiş qaydada meşə təsərrüfatı müəssisələrinə, dövlət statistika orqanlarına vermək;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 51. Meşə fondu istifadəçilərinin hüquqlarının müdafiəsi



 

Meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Dövlət ehtiyacları üçün meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda torpaqların dövlət ehtiyacları üçün alınması haqqında nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.

 

Maddə 52. Meşə təsərrüfatına dəyən zərər və itkinin ödənilməsi



 

Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.

 

Maddə 53. Fiziki şəxslərin meşələrdə olması



 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır.

Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar.

Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər.

 

 

VI fəsil



Meşələrin bərpası və meşəsalma

 

Maddə 54. Meşələrin bərpasının və meşəsalmanın məqsədi



 

Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir.

Meşəsalmanın məqsədi qeyri-meşə torpaqlarında meşələr salmaqdan, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirməkdən, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir.

 

Maddə 55. Meşəbərpa qaydası



 

Meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən yerinə yetirilir.

 

Maddə 56. Meşələrin məhsuldarlığının artırılmasına qoyulan əsas tələblər



 

Meşələrin məhsuldarlığının artırılması, meşə fondu sahələrindən səmərəli istifadə və meşə təsərrüfatı işlərinin məqsədyönlü aparılması yolu ilə təmin edilir.

Meşələrin məhsuldarlığının artırılması elmi cəhətdən əsaslandırılmış qırma sisteminin tətbiqi, meşələrin bərpası, onların cins tərkibinin yaxşılaşdırılması, seleksiya-genetika əsasında daimi meşə toxumçuluğu bazasının yaradılması və ondan səmərəli istifadə, hidromeşəmeliorasiya tədbirləri, meşələrə qulluq, digər meşə təsərrüfatı işləri aparmaq yolu ilə həyata keçirilir.

Meşələrin məhsuldarlığının artırılması tədbirləri meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən görülür.

 

Maddə 57. Meşələrin məhsuldarlığının artırılması



 

Meşələrin məhsuldarlığının artırılması məqsədilə aşağıdakılar həyata keçirilməlidir:

meşələrə qulluq, seleksiya, meşə toxumçuluğu, qiymətli ağac cinslərinin sort-sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə meşələrin cins tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını və qoruyucu xüsusiyyətlərini artırmaq (bu zaman palıd, fıstıq, qoz, şam və başqa qiymətli ağac cinslərinin saxlanması və onların vaxtında bərpası təmin olunmalıdır);

aralıq istifadə üçün qırmalar aparmaq;

meşələrin bərpası, yeni meşələr salınması, çox rütubətləşmiş torpaqların hidromeşəmeliorasiyası sahəsində tədbirlər görmək;

meşə təsərrüfatı təmayüllü yollar çəkmək.

 

 

VII fəsil



Yüklə 249,29 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə