Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti



Yüklə 229,05 Kb.
səhifə5/9
tarix18.04.2018
ölçüsü229,05 Kb.
#39321
1   2   3   4   5   6   7   8   9

Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti


Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.

Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri


Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

IV fəsil

Meşə təsərrüfatının təşkİlİ

Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər


Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.

Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır:

insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi;

oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və səmərəli istifadə;

meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, mühafizəsi və qorunması;

meşə fondu torpaqlarından səmərəli istifadə;

meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;

bioloji müxtəlifliyin saxlanılması;

tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması.

Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid edilməsi


Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.

İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:

qoruq meşələri;

kurort meşələri;

xüsusi qiymətli meşə massivləri;

şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;

yabanı meyvə meşələri;

dövlət qoruyucu meşə zolaqları;

sair meşələr.

Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.

Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir.

Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının müəyyən edilməsi


Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Xüsusi qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 33. Meşənin qırma yaşının təyini


Meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.

Meşələrin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır.

Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi qaydası


Hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir.

Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən edilmiş qaydada yenidən təsdiq edilir.

Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması


Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Bu halda meşə fondundan torpaq ayrılan fiziki və hüquqi şəxslər həmin torpaqların kadastr qiyməti əsasında hesablanmış dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər.

Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tam həcmdə ödənilir.


Yüklə 229,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə