Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması



Yüklə 229,05 Kb.
səhifə6/9
tarix18.04.2018
ölçüsü229,05 Kb.
#39321
1   2   3   4   5   6   7   8   9

Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması


Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerləri dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan işlərin görülməsi qaydası


Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir.

Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır.

Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.


Maddə 38. Meşə fondunun dövlət uçotu


Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun mühafizəsini, qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun kəmiyyət və keyfiyyət dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki və hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədilə aparılır.

Meşə fondunun dövlət uçotunun məlumatları dövlət meşə kadastrının aparılmasında istifadə edilir.

Meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin formalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Meşə fondunun dövlət uçotunun aparılma qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilir.


Maddə 39. Dövlət meşə kadastrı


Dövlət meşə kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyəti və keyfiyyət cəhətdən qiymətləndirilməsidir.

Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində istifadə olunur. Dövlət meşə kadastrının aparılmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət meşə kadastrının aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 40. Meşələrin monitorinqi


Meşələrin monitorinqi meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların ekoloji funksiyalarının aparılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.

Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları


Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət proqramları hazırlanır.

Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilir.


Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları


Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır. Göstərilən ehtiyatların məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Maddə 43. Meşə quruluşu işləri və onun aparılması


Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli aparılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş tədbirlər sistemindən ibarətdir.

Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir:

müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının, digər meşə təsərrüfatı müəssisələrinin, meşə fondu sahələrinin və ərazilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;

topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması;

meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;

relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan meşə sahələrinin aşkara çıxarılması;

meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi;

meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi;

hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən edilməsi;

meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi;

meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, meşə fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi;

meşə-bioloji və digər xüsusi müayinələrin aparılması;

meşə quruculuğu layihələrinin həyata keçirilməsinə nəzarət;

digər meşə qoruyucu işləri.

Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir. Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatlarının aparılması və meşə fondundan istifadə qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin layihələr, ona əlavələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir və meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır.

Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vahid sistem üzrə aparılır.

Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata keçirilməsi qadağandır.


Yüklə 229,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə