Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata keçirilməsi qaydası



Yüklə 229,05 Kb.
səhifə9/9
tarix18.04.2018
ölçüsü229,05 Kb.
#39321
1   2   3   4   5   6   7   8   9

Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata keçirilməsi qaydası


Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri meşələrin mühafizəsi və qorunması, zərərvericilər, xəstəliklər və yanğınlarla mübarizə tədbirləri həyata keçirirlər.

Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri zəruri hallarda, yüksək yanğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vəsitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırır və ya qadağan edir.

Meşə zonalarında istehsalat və məişət tullantılarının basdırılması qadağandır.5

Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 60. Meşələrin yanğından mühafizəsində meşə istifadəçilərinin vəzifələri


Meşə istifadəçiləri meşə yanğınlarına qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə razılaşdırılmış tədbirlər planı hazırlayıb təsdiq etməli və nəzərdə tutulmuş müddətdə yerinə yetirməlidir. Meşə yanğınlarına qarşı tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Fiziki və hüquqi şəxslərin meşə fondu ərazisində iş apardıqları, mədəni-kütləvi və sair tədbirlər keçirdikləri yerlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normalara uyğun və yanğın təhlükəsi dövründə istifadə etməyə yararlı yanğınsöndürən vasitələr olmalıdır.


Maddə 61. Meşə fondunda yanğın nəzarəti


Meşə fondunda yanğına nəzarət fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə riayət etmələri, onların pozulmasının qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.6

Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş aparan digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair tədbirlər keçirilməsinə cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və sair məsuliyyət daşıyırlar.


Maddə 62. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi


Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik tədbirlər aparmaq, bu halların yayılmasının qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir.

Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən ibarətdir:

cari, ekspedisiya aviavizual və sair meşəpatologiya müşahidələri;

zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması;

zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə tədbirlərinin hazırlanması;

meşə xəstəliklərinə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili;

bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət.

Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitariya qaydaları ilə nizamlanır.


Maddə 63. Meşə fondunun səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpasının təmin olunmasında fiziki və hüquqi şəxslərin, ictimai birliklərin iştirakı


Meşə fondunun mühafizə olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, ictimai birliklər meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin olunmasında iştirak edə bilərlər.

VIII fəsil

Meşə fondundan İstİfadənİn, onun mühafİzəsİ, qorunması və bərpasının İqtİsadİ tənzİmlənməsİ

Maddə 64. Meşə fondundan istifadəyə görə ödəmə


Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş hallardan başqa meşə fondundan və meşə sərvətlərindən istifadənin bütün növləri ödənişlidir.

Meşə təsərrüfatının ümumi gəliri meşə gəlirlərindən və meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirdən ibarətdir.

Meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır.

Meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə meşə təsərrüfatı istehsalından, meşə sənayesi və qeyri-sənaye meşə istehsalından daxil olan vəsaitlər aid edilir.


Maddə 65. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu


Meşələrin bərpasının mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu yaradılır.

Fondun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan və digər vəsaitlərdən ibarətdir.

Meşə təsərrüfatı istehsalı meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, eləcə də büdcə vəsaiti hesabına maliyyələşdirilir.

Sənaye və qeyri-sənaye istehsalı özünümaliyyələşdirmə (təsərrüfat hesabı) prinsipi əsasında həyata keçirilir.


Maddə 66. Meşə təsərrüfatı sahəsində həvəsləndirmə və güzəştlər


Meşə təsərrüfatı işçilərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həvəsləndirmə və güzəştlər (otlaq, biçənək sahələri təhkim etmək, meşədən mal-qara üçün ot biçmək, yanacaq kimi istifadə üçün güzəştli qiymətlərlə odun, xüsusi geyim və s.) nəzərdə tutulur.

IX fəsil

Meşə fondundan və ağac-kol bİtkİlərİndən İstİfadənİn xüsusİyyətlərİ

Maddə 67. Oduncaq tədarükü


Oduncaq tədarükü meşəbərpa və aralıq istifadə üçün qırma, habelə başqa qırmalar (başdan-başa sanitariya qırmaları, su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi, habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar) qaydasında aparılır.

Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələrin qırma üsulları


Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir.

Kurort meşələrində, xüsusi qiymətli meşə massivlərində, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, yabanı meyvə meşələrində və dövlət qoruyucu meşə zolaqlarında aralıq istifadə üçün qırmalar və başqa qırmalar aparılır.

Xüsusi qoruyucu meşə sahələrindən istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan edilə bilər.

Meşəbərpa və aralıq istifadə üçün qırmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qırma qaydaları (əsasnamə) üzrə aparılır.


Maddə 69. Qırma zamanı oduncaq tədarükünün təşkili və qaydası


Meşəqırma sahələrinin ayrılması, onların meşə istifadəçilərinə verilməsi, habelə meşəqırma tələblərinin pozulmasına görə cərimənin miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı qaydaları ilə müəyyən edilir.

Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən edilməsi


Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üzrə hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq tədarükü qadağandır.

Meşəbərpa və aralıq istifadə üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Başqa qırma qaydaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun ağac-koldan təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası


Meşə fondu sahələri ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə üçün fiziki və hüquqi şəxslərin istifadəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilir.

Meşə fondundan ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.


Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları


Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir.

Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər.

Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.7

Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 73. Sərhəd zonalarında meşə fondu sahələrindən istifadə qaydası


Sərhəd zonalarında meşə fondu sahələrindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada istifadə edilir.

Sərhəd zonalarında meşə fondu sahələrindən istifadənin xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.


Maddə 74. Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli parklar və təbiət parkları


Meşə fondu sahələri meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhkim edilir və onlar bu sahələrdə dövlət idarəetmə funksiyasını həyata keçirir.

Dövlət təbiət qoruqlarının, milli parkların və təbiət parklarının ərazilərindəki meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası bu Məcəlləyə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.


Maddə 75. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri


Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri torpaqqoruyucu, sutənzimləyici və meşə bitkilərinə xas olan digər xüsusiyyətləri ilə torpaqları mənfi təbii, antropogen və texnogen hadisələrin təsirindən qorumaq üçündür.

Bu torpaqlarda yerləşən ağac-kol bitkilərində aparılan qırmalar bu bitkilərin vəziyyətinin yaxşılaşdırılmasını və funksiyalarının yerinə yetirilməsini təmin etməlidir. Ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə qırmaların, habelə başqa qırmaların aparılmasına yol verilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlardan meşə salınması, ağac-kol bitkilərinə qulluq edilməsi, onların istifadəsi, mühafizəsi, qorunması, habelə bunlarla bağlı dövlət nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 76. Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri


Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir yolu magistralını mənfi təbii hadisələrdən qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, dəmir yolu nəqliyyatının səsinin təsirini azaltmaq üçündür.

Müvafiq icra hakimiyyəti orqanı göstərilən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində dövlət idarəetməsini həyata keçirir.

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə xüsusi təyinatlı və başqa qırmaların aparılmasına yol verilir. Bu qırmaların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərinin vəziyyəti, istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.


Maddə 77. Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkiləri


Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında (avtomobil yollarını və kanalları ayıran zolaqlarda) yerləşən ağac-kol bitkiləri avtomobil yollarını və kanalları mənfi təbii, antropogen və texnogen hallardan mühafizə etmək üçündür.

Avtomobil yollarını və kanalları ayıran zolaqlardakı ağac-kol bitkilərində sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların və başqa qırmaların aparılmasına yol verilir.

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

X fəsil

Meşələrİn İstİfadəsİ, mühafİzəsİ, qorunması və bərpası sahəsİndə mübahİsələrİn həllİ, meşə qanunverİcİlİyİnİn pozulmasına görə məsulİyyət

Maddə 78. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli qaydası


Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 79. Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət


Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.

Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.


Maddə 80. Meşə qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin etibarsızlığı


Meşə qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


30 dekabr 1997-ci il tarixli N 424-IQ nömrəli “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 139)
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar:

  1. 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476)

  2. 29 oktyabr 2004-cü il 785-IIQD nömrəli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 902)

  3. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)

  4. 1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)

  5. 5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274)

  6. 20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496)

1MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 30 dekabr 1997-ci il tarixli N 424-IQ nömrəli “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 139) ilə təsdiq edilmişdir.


2 5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274) ilə 20-ci maddənin ikinci hissəsinin altıncı abzasında “qaydalarına” sözü “sahəsində normaların, standartların və qaydaların tələblərinə” sözləri ilə əvəz edilmişdir.


3 20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496) ilə 20-ci maddənin ikinci hissəsinin yeddinci abzasından “geri” sözü çıxarılmışdır.


4 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 51-ci maddəsinin 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Dövlət ehtiyacları və digər ehtiyaclar üçün meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilməlidir.

1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 51-ci maddəsinin ikinci hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır.

20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496) ilə 51-ci maddənin ikinci hissəsində “Mülki Məcəlləsində” sözlərindən sonra “və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilmişdir.


5 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476) ilə 59-cu maddəsinə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilmiş və köhnə redaksiyadaki üçüncü hissə müvafiq olaraq dördüncü hissə hesab edilmişdir:

"Meşə zonalarında istehsalat və məişət tullantılarının basdırılması qadağandır"




6 5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274) ilə 61-ci maddənin birinci hissəsində “tələblərinə və qaydalarına” sözləri və ikinci hissəsində “tələblərinin və qaydalarının” sözləri müvafiq olaraq “sahəsində normaların, standartların və qaydaların tələblərinə” və “sahəsində normaların, standartların və qaydaların tələblərinin” sözləri ilə əvəz edilmişdir.


7 29 oktyabr 2004-cü il 785-IIQD nömrəli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 902) ilə 72-ci maddəsinin üçüncü hissəsində “sahələri” sözündən sonra “ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada” sözləri və “istifadəsinə” sözündən sonra “və ya icarəsinə” sözləri əlavə edilmişdir.

Yüklə 229,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə